A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 38 

 

 

 

 

 

 

 

İLK HEKAYƏLƏR 

 39 

 

 



 

 

*** 

İlk yazılarımı 14 yaşında yazmışam. 1952-ci ilin yayında, 

Şuşada. "Sənin nəğmən yaxşıdır" adlı Amerika həyatından bir 

pyes və  "İki dəniz" adlı kiçik yazı. Pyesin mövzusu ciddi 

musiqiyələ  məşğul olan namuslu, istedadlı  bəstəkarın 

məcburiyyət qarşısında yüngül populyar estrada janrlarına 

keçməsi və bununla bağlı baş verən ailə faciəsi idi. Əlbəttə, çox 

vaxt maddi təminat verməyən ciddi sənətlə  gəlirli ucuz sənət 

yolu arasındakı konflikt bir problem olaraq onda da vardı (özü 

də  tək Amerikada yox), indi də var. Amma bu problemi 

yazanda mənim Amerika həyatı haqqında təbii ki, səthi 

təsəvvürlərim və kasad biliklərim ancaq sovet mətbuatındakı 

təbliğat xarakterli yazılara əsaslanırdı. "İki dəniz" yazısında isə 

(onu bu kitaba daxil edirəm) Böyük dənizdən – Böyük azad 

dünyadan ayrılmış, təcrid olunmuş Kiçik dənizin – 

Azərbaycanın tənhalığının, mütiliyinin rəmzini yaratmağa 

çalışmışdım. 

Bu vaxtdan etibarən daha bir pyes (artıq öz həyatımızdan) 

və xeyli hekayə yazdım. 1960-cı ilin may ayından on hekayəmi 

makinada çap etdim, onlara müqəddiməsayağı bir şey yazaraq 

sonralar faciəvi  şəkildə avtomabil qəzasında həlak olmuş 

gənclik dostum, istedadlı memar və rəssam Fuad Seyidzadədən 

xahiş etdim ki, bunlara illüstrasiyalar çəksin və bütün bunları 

"Yağışlı gecə" adlı kitab şəklində cildlətdim. Bu mənim tək bir 

nüsxədən ibarət olan ilk "kitabım" idi. 

60-cı ilə  qədər hekayələrimi heç bir mətbuat orqanına 

təqdim etməmişdim. Atam da məsləhət görmürdü. Yalnız 60-cı 

ildə iki hekayəmi jurnala təqdim etməyə razılıq verdi. 

"Azərbaycan" jurnalının 60-cı il dekabr nömrəsində jurnalın 

o vaxtkı redaktoru Əbülhəsən iki hekayəmi dərc etdi: "Keçən 


 40 

ilin son gecəsi" və "Bayram həsrətində" hekayələrimi. Sonra 

"Azərbaycan" jurnalında daha iki hekayəm - "Asqılıqda işləyən 

qadının söhbəti" və "Taksi və vaxt" dərc olundu. "Keçən ilin 

son gecəsi" və "Asqılıqda işləyən qadının söhbəti" 1961-ci ildə 

"Drujba narodov" jurnalında da çap edildi. 

İlk "kitabıma" daxil etdiyim qalan beş hekayəni isə 

indiyəcən çap etməmişəm. 18-20 yaşlı  gəncin ilk qələm 

təcrübələrini indi ilk dəfə bu kitabda oxuculara təqdim 

etməyimin səbəbi yalnız nostalji, uzaq illər üçün qəribsəmə 

hissi deyil. Əlbəttə, bu da var. Bu hekayələrin hər biri 

ömrümün müəyyən xatirələriylə bağlıdır. Amma məsələ  tək 

bunda deyil. Demək olar qırx illik fasilədən sonra bu yazıları 

yenidən gözdən keçirəndə gördüm ki, naşı  qələmin məhsulu 

olan bu hekayələrdə ifadə olunmuş bir çox fikirlər, motivlər, 

duyğular müxtəlif  şəkildə  mənim sonrakı  əsərlərimdə  də öz 

əksini tapıb. Bəlkə elə bu sarıdan maraq doğura bilərlər. 

Həm də ki, ömrün ahıl çağında ilk qələm təşəbbüslərini, 

yazı-pozu aləmində birinci addımlarını xatırlamaq elə duyğular 

oyadır ki, bu duyğular haqqında  ən dəqiq sözləri bir şerində 

böyük rus şairi Boris Pasternak deyib. Vaxtilə Pasternakın 

həmin  şerini dilimizə çevirmişdim. Sözümü də bu şerdən 

gətirmək istədiyim üç bəndlə bitirirəm: 

 

Başladığım zaman bilirdim məgər 



Bu işin axırı belə olacaq? 

Adamın qanını tökür sətirlər, 

Boğazın tutulub qanla dolacaq. 

 

Mən belə peşədən olardım iraq 

Bu cür zarafatı neynirdim axı? 

Amma nə kövrəkdi, xoşdu ilk maraq 

Ömrümün o erkən, o uzaq çağı. 

 

Romasayağıdır fəqət qocalıq 

Nə nitq tələb edir, nə fənd, nə kələk. 

 41 

Bədii qiraət istəmir artıq, 

Doğrudan doğruya öləsən gərək. 

 

27 iyun 2003 



 

 

 42 

YAĞIŞLI GECƏ  

 

…Gecədir. Yağış yağır… 



Bir qədər qüssəliyəm.  

Adi bir gecədir. Hər gecə olan gecələrdəndir. 

Bayram hər gün olmur. İnsanların ömrünün çox qismi 

bayram həsrətində keçir. 

…14-15 yaşlarında  bir  qız dərsdən qayıdır. O, hər gün bax 

beləcə məktəbdən evə gəlir.  Həftədə altı dəfə. Ayda 6x4 dəfə. 

İldə  nə bilim neçə yüz neçə  kərə, hər gün. Xəstələndiyi 

günlərdən başqa. 

Günlərin bir günündə 24-25 yaşlarında bir gənc – onların 

həyət qonşusu (o, gözəl və yaraşıqlıdır) – qızın qədəmləri 

qabağına əlvan çiçəklər səpələyir. 

Bu gün qızın bayramıdır. Bu hələ məhəbbət bayramı deyil. 

Axı məktəbli qızın vur-tut 15 yaşı var. 14-15. Lakin bu başqa 

bir bayramdır. Bu qadın qəlbində  məhəbbətdən çox erkən 

oyanan və    məhəbbətdən çox sonra sönən  bir hissin, 

riqqətləndirici  və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş, 

səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramıdır. Bu 

istəyə çatmaq məktəbli qızın ulu sevinci, xarüqəvi bayramıdır. 

Elə ona görə  də bu bayramın baş tutmaması onun üçün ağır 

faciədir. 

Qızı çox sərt mühakimə etməyək. O hələ uşaqdır. O biçarə 

nə bilsin ki, baş tutmuş bayramlar belə  səadət ilğımlarından 

qeyri bir şey deyildilər.  

İnsan bayramı gözləməkdən, onun həsrətilə yaşamaqdan 

həzz alır.  

…"İnsana səadət verilməmişdir. Bəlkə ona yalnız səadət 

arzulamaq, xoşbəxtlik ümidiylə, bəxtiyarlıq gümanıyla 

yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. 

Səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək 

həsrətində yaşamaq və  nə isə hey gözləmək, gözləmək, 

gözləməkdir…" 


 43 

İnsan yalqızdır. O, insanlıq dənizinin içində böyük 

fırtınalarda iştirak edə bilər. Lakin həyatın əsas müşküllərini o 

özü tək, kimsəsiz həll etməlidir, açmalıdır. 

Ömür. Tale. Məhəbbət. Yaradıcılıq. İztirab. Ölüm. 

Bu  əzəli və  əbədi qüvvələr qarşısında insan təpə-tənha 

dayanmışdır. Quyu təkin. 

İnsan quyu kimidir. Quyunun suyunu içirlər. Lakin onun 

dibinə düşənlər çoxmudur? Həyat insanın güzgüsündə – 

quyunun suyunda əks olunur. Lakin günəşi, ağacları, otları, 

bütün ona baxanları üzünə yapışdıran bu suyun altında nələr 

vardır? Quyunun dibindən xəbərdar olanların çox qismi onun 

suyundan ikrah etmir? 

İnsan təkdir. Həyat, ölüm, eşq, yaradıcılıq problemlərini o 

tək etməlidir. 

O Robinzondur. Həyat – Cümə. O – Robinzondur. Ölüm – 

Cümə. O – Robinzondur. Sevgi – Cümə. 

O heç yerdən kömək diləmir, heç kəsdən yardım istəmir. Nə 

atadan, nə anadan, nə arvaddan, nə bacıdan, nə qardaşdan, nə 

övladdan, nə də dostdan. 

İnsan kiçik dənizdir. O böyük dənizdən – İnsanlıqdan su 

sızmaz, ün keçməz qayalarla – öz "mən"iylə, fərdiylə, taleiylə 

ayrılmışdır. O, heç vaxt böyük dənizlə qovuşa bilməyəcəkdir. 

İnsan  əkiz doğulduqda belə dünyaya tək gəlir. Sevdiyilə, 

sevdikləriylə, necə deyərlər "can bir qəlb" olsa da, hərfi 

mənada "can bir qəlb" ola bilmir. Yüz min adamla birlikdə bir 

bombadan, bir minadan bir partlayışdan ölsə belə tək ölür. 

İnsanlıq – insanlardan ibarətdir, fəqət insan insanlığın 

ayrılmaz bir hissəsi deyil. Ayrılan, hər an ayrıla bilən bir 

hissəsidir. Məsələ bundadır. Hər kəs insanlığın səadəti və ya 

bədbəxtliyi barəsində düşünür. Lakin insanlıq hər kəsin səadəti 

və ya bədbəxtliyi haqqında düşünmür. İnsanlığın nə borcuna? 

İnsanlığın dərdlərini çiynindən atan adam özü haqqında 

düşünməyə başlayır. O, mərəzlərin  ən dəhşətlisi olan 

özünüanaliz mərəzinə  tutulur. Quyunun dibinə, qəlbinin 


 44 

quyusuna, könlünün gecəsinə düşür. O, öz daxilində  həqiqət 

axtarır ki, həyatın həqiqətini də anlaya bilsin. O həyatın 

inkaredilməz həqiqətlərini" öz daxili varlığının təcrübəsiylə 

yoxlamaq istəyir. Ona elə gəlir ki, əsl həqiqət – insanın özünün 

şəxsən tapdığı  həqiqətdir. O, bu həqiqəti axtarır, tapır, bəli, 

tapır, amma dalına qulaq asın, tapır, …tapır və  şübhələnir, 

tərəddüd edir, bir də, on da, yüz də yoxlayır və …itirir. 

Yenidən axtarır, yenidən tapır və yenidən itirir. Təzədən 

axtarır, tapır, itirir və s və i.a. Axır ki, o qəribə bir həqiqət icad 

eləyir: yeganə  həqiqi həqiqət yeganə  həqiqi həqiqətin 

olmamasıdır. Bütün qalan həqiqətlər nisbidir. Hər şey. Varlığın 

dərk olunub olunmaması haqqında mübahisə edən filosoflardan 

tutmuş bir kilo almanın qiyməti haqqında mübahisə edən 

alıcıyla satıcıya qədər bütün insanların rəyləri, fikirləri, 

əqidələri nisbidir. 

Bu böyük  həqiqəti tapan insan, onu tapdığı gün insanların 

əksəriyyətinin gözündə öz insanlığını itirir. 

Doğrudan da artıq o meyitdir. Canlı meyit. O Xeyir və Şəri 

dərk  etməkdən acizdir, deməli yaşamır,  çünki insanların 

çoxunun fikrincə yaşamaq – bu iki qüvvədən birinin tərəfinə 

durmaq deməkdir. Həqiqətin nisbiliyini anlayan insan heç bir 

tərəfə keçə bilmir. Çünki hər iki tərəf özünü Xeyir – müqabilini 

Şər sayır. Belə insan tərəfləri ayırmır. Onunçün hər tərəf 

eynidir. Şimal qütbündə dayanan adamçün hər tərəf cənub olan 

kimi.  Şimal qütbündə dayanan adam özünün Şimal qütbündə 

dayanıb dayanmadığından da şübhəlidir. Bəlkə  də o Cənub 

qütbündə dayanmışdır və  hər tərəf onunçün Şimaldır. Axı 

qütblərin adı da nisbidir. 

Qütbdə durub-durub üşüyürük. Darıxırıq. Donuruq. 

Hisslərimiz donur. Beynimiz buz bağlayır. Ürəyimizdə altı ay 

gecə olur. 

Boz, nimdaş, rəngi getmiş taksilər sevdiklərimizi bizdən 

aparırlar. Onları saxlamağa cəhd etmirik. Laqeydliyimizin 

buzunu əridə bilmirik. 


 45 

Çünki yaxşı bilirik, taksini saxlamaq mümkündür. Vaxtı 

saxlamaq olmaz. Qadını qaytarmaq mümkündür. Keçib gedən 

dəqiqələri qaytarmaq olmaz. 

İztirab çəkirik. Amma bilirik, yaxşı bilirik ki, bu iztirab belə 

keçəri, gedəridir, "gəlimli-gedimlidir. Son ucu ölümlüdür". 

Ağrıyırıq, amma bilirik, yaxşı bilirik ki, ağrı da dönükdür, 

vəfasızdır. Vaxt onu bizdən döndərəcək, başqasına yar 

edəcəkdir. Ağlayırıq. Amma bilirik ki, göz yaşlarımız hərcayi 

muncuqlar kimidir. Vaxt sabah onu bizdən alıb başqasının 

gözünü bəzəyəcəkdir. 

Yarəb! Bəlayi – eşq ilə… 

Olmaz! Elə ona görə  ağrıdır. Uzun zaman iztirab çəkirsən, 

həqiqətən ağrıya bilmədiyinçün ağrıyırsan, hönkür-hönkür 

ağlaya bilmədiyinçün hönkür-hönkür ağlayırsan. 

Bəzən də aldanırsan. Könlün gecəsində  məhəbbət 

ümidlərinə inanırsan, Təskinat, Təsəlli axtarırsan. 

Bəzən məhəbbətin və onun işgəncələrinin ağrısı elə güclü 

olur ki, könlündəki diş ağrısını müalicə etməkçün Vaxt-təbibə 

yox, Ölüm-təbiətə müraciət edirsən. Lakin bu az-az olur. 

Yalnız hekayə 

qəhrəmanları sevgilisinin paltosunun 

vəfasızlığına dözməyib intihar edirlər. Bir də  həyatda bu 

qəhrəmanları yamsılayanlar. Qalan adamlar yaşamaqçün 

qalırlar. Çox yaşayırlar. Uzun yaşayırlar. Qocalanda isə onlara 

yalnız cihazların sabit ünsiyyəti qalır. Radionun, televizorun, 

maqnitafonun. Bir də telefonun. 

Bəzən içirəm. Amma bu bir yol deyil. Onsuz da axşam 

içəndə sabah ayıq olursan. Elə bil yuxudan ayılırsan. Yuxu – 

içkisiz sərxoşluqdur. Sərxoşluq-yatmaqsız yuxu, həmişə 

yuxularla keçinmək olmaz. Səhərlər sərt, mütləq və 

amansızdırlar. 

Daha bizə nə qalır? 

Yazmaq. Yazmaq. Mümkün olmayan şeylər haqqında 

yazırıq. Qəhrəmanlıramızı  bəxtiyar edirik. Qəhrəmanlarımızın 

sevdikləri taksilərdə  əbədi getmirlər. Getsələr də qayıdırlar. 



 46 

Mütləq qayıdırlar. 

Yazıçı allahların  ən rəhimdilidir. O yaratdıqlarını 

öldürdükdə belə onlara əbədi bir həyat bəxş edir. Bəlkə də bu 

eqoizmdən doğur. Biz özümüz qəhrəmanlarımızın varlığında 

əbədiyyətə qovuşmaq istəyirik.  Əbədiyyətə  və insanlığa. 

Qayaların arasından qələmlə ovub yol açaraq Fərdimizi, 

"Mən"imizi, Kədərimizi  İnsanlığın böyük dənizinə qatmaq 

istəyirik. 

Vaxt bizi məğlub edir. Biz vaxta qalib gəlirik. Vaxt 

müəyyən bir vaxtdan sonra bizi torpağa qatıb vətənimizin 

ərazisini bir adam cismi qədər böyüdəcəkdir. Əməlimiz, işimiz, 

yaradıcılığımız necə əhəmiyyətsiz olsa da hər halda bir sözdür, 

bir qəlbin döyüntüsüdür, təkraredilməz bir səs, bir nəfəs, bir 

qorxudur. Axı iki eyni adam yoxdur, deməli iki eyni 

yaradıcılıq, iş, əməl də yoxdur. Hər kəs  öz sözünü, öz fikrini 

deməli, öz səsini qoruyub getməlidir. Səslərimiz havada əriyib 

gedəcək. Yazıçı xoşbəxtdir; Onun səsi kağıza yapışır. Vaxt 

bizə neyləyəcək? Vaxta qalib gəlmək üçün nə isə bir iş 

görməlisən. Bu gün sonsuz ölən bir adam yüz ildən sonra 

bəşəriyyətin yüz nəfər az olmasının günahkarıdır. Heç bir iş 

qoyub getməmiş adam insanlığı bir addım geri çəkir. Yazıçı 

yazmalıdır.  İnsanlığı düşünməyib öz fərdini təsdiq edən, 

"mən"ini ifadə edən, daxilini təsvir edən yazıçı insanlara ən 

böyük xidmət göstərir. Özü haqqında kəşf etdiyin hər  şey 

insanşünaslıq elminin bir cümləsidir. Nə isə… 

Hekayə yazırıq. Hekayələr yazırıq. Qüssələnəndə, 

sevinəndə. Yay. Qış. Payız. Yaz. 

Gecədir, yağış yağır. Pəncərəmdən boylanan ağac hərdən bir 

dərindən ah çəkib köksünü ötürür. 

22 yaşım var. "Gündə bir kərpic düşür, ömrümün 

sarayından…" Radio məhzun melodilər verir. Həmişə elə 

bilirdim ki, 21 yaşında öləcəm. 22 yaş tamam oldu. 23-ün 

içindəyəm. Yaşamaq yaxşıdır. Çox gözəldir. Xatirələrin solğun 

kədəriylə, ümidlərin aldadıcı sevinciylə yaşamaq, gözləmək, 


 47 

gözləmək, gözləmək. Bir də yazmaq. 

Gecədir. Yağış yağır. 

Füzuli deyib: 

Ey Füzuli şami-qəm əncaminə  yoxdur ümid 

Bir təsəllidir sənə ol söz ki, derlər var sübh! 

Yəqin ki, bir bu "derlər" sözü mənim bütün yaradıcılığıma 

dəyər. "Derlər". Elədir, ustad, "derlər". 

Gecədir. Yağış yağır. 

Hekayə yazırıq. Hekayələr yazırıq. 

Hekayə yazıram. Hekayələr yazıram. 

Gecədir. Yağışlı gecə… 

Bu hekayələri oxuyun. 

 

Bakı  

26 may, 1960


 48 

 

 



İKİ DƏNİZ 

 

Bir dəfə mən qayalara gəzməyə çıxmışdım. 



Mən  əzilib parçalanmış, eybəcər və qorxunc hala düşmüş 

qayalara baxaraq, onları bu şəkilə  gətirən qüvvənin sirri 

haqqında düşünürdüm; gör dənizdə nə böyük qüvvə var ki, belə 

sərt daşları bu kökə sala bilmişdir. 

Bu qayalar Dənizin sahilə yolunu kəsmişdilər, ona görə  də  

Dəniz bu qayaları əzişdirirdi. O, qayaları gah çeynəyir, gah da 

zalımcasına sillələyirdi. 

Dəniz bu qayaları aram, istirahət bilmədən təmkinlə    və 

qüvvətlə döyürdü. O, döyürdü, çünki döyə bilmirdi, onun 

döyməyə haqqı    vardı: o, azad idi və öz azadlığına mane ola 

biləcək hər şeyi döyməyə, əzməyə, parçalamağa hazır idi. 

Dəniz ta məhv edənəcən döyür, yox edənəcən  əzir, 

dağıdanacan parçalayırdı. 

Mən fikirli–fikirli qayaları gəzirdim. 

Birdən mən başqa bir dəniz gördüm. Bu dəniz böyük 

dənizin bir hissəsi idi. Amma bu dəniz azad deyildi. Bu dəniz 

hər tərəfdən qayalarla əhatə olunmuşdu. 

Orada, azad dənizdə dəli fırtınalar qopurdu. 

Bura isə sakitlik idi. Qayalar kiçik dənizi tufanlarından 

gizlədirdilər. 

Orada dalğalar bir-birinə sarmaşıb qayaların üstünə dağ 

boyda gəlirdilər. 

Burada dalğalar parça-parça, qırış-qırış… 

Əzgin, 


yoğrulmuş, çeynənmiş…. 

Orada külək dənizi qamçılayıb yerindən oynadırdı. 

Burada külək dənizi yuxa təkin oxloylayır, paltar təkin 

ütüləyirdi. 

Orada dəniz cilovsuz at kimi idi. 

Burda dalğalar örüşdən qayıdan qoyunlar kimi yavaş-yavaş, 



 49 

yorğun-yorğun, tənbəl-tənbəl gəlirdilər. 

Orada Dənizin qıvrıcıq saçlarını oynadan külək, burda xəbis 

bir hiyləgərlikqlə onun başını sığallayırdı. Bəlkə də onun başını 

mütiliyi üçün sığallayırdı. 

Orada dəniz gur tüklü, burada daz keçəl idi. 

Orada dəniz dəli bir ehtirasla qışqırırdı. 

Bura sükuta qərq olmuşdu. 

Orada dəniz qayaları cinnətməkçün onlara ləpə-dilini 

göstərirdi. 

Burada dənizin heç dili çıxmırdı, dili elə bil qarnına 

girmişdi, elə bil dili yoxdu. 

Deyirlər ki, çox əvvəllər bu qayalar yox imiş. Kiçik dəniz 

böyük azad dənizin bir hissəciyimiş. O da fırtınaların səsinə səs 

verərmiş. 

Lakin bir gün dəhşətli zəlzələ oldu. Qayalar tökülüb 

yığılaraq kiçik dənizin yolunu qaladılar; kiçik dəniz öz 

qismətiylə razılaşdı. 

O, susurdu. Uzun illərdən bəri susurdu. Çoxdan susurdu.  

Bu sükutda nə isə qorxunc bir şey var idi. Bu sükut deyir ki, 

günlərin bir günündə… Bəli, ay keçər, il dolanar, bir gün gələr 

və bu gün nə isə olar. Zəlzələmi, tufanmı, ya da bəlkə vulkan 

püskürtüsümü? Bəlkə  də heç bizim ağlımıza gətirmədiyimiz, 

təsəvvür etmədiyimiz bir şey. Kim bilir?  

Ancaq hər halda bir gün, günlərin bir günündə nə isə bir şey 

olacaq və o gün kiçik dəniz üsyan edəcək, böyük dənizlə 

birləşəcəkdir.  

Bəli, birləşəcəkdir! Mütləq birləşəcəkdir! 

 

Şuşa  

17 avqust, 1952 


 50 

 

 

TAKSİ VƏ VAXT 

 

Küçənin tinində dayanmışdıq. İstiydi. 

O, maşın gözləyirdi. 

Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. 

Maşınlar bir–bir ötürdu. Hər dəfə evin yanından maşın 

burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama 

naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar 

içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər 

gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. 

Mən tərəddüd içindəydim: deyim, deməyim? 

O, bu gün başqa  şəhərə gedirdi. Qatar bir saatdan sonra 

hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız 

küçəyə, taksiyə  qədər ötürməyə icazə verdi. Bəlkə elə belə 

yaxşıdır. 

Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən 

sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu 

məndən aparacaqdı. 

Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq – yaşıl işığını qara 

görəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon 

altında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan 

ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi? 

Yaşıl işıqlı bir taksi döngəni buruldu. Əlimizi qaldırdıq. 

Saxlamadı. Görünür, qoca dindar anam dualarının hansındasa 

bu sürücünü yad etmişdir.  

Deyimmi? Etirafım bomba partlayışı  təsirini buraxacaqdı. 

Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə 

təşbeh haqqında düşünməyə dəyərmi?  

Deyimmi? Cavab əvvəlcədən məlumdur.  İki, bəlkə üç, 

bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına, 

donub qalacağına ayırıram. Bəs altıncı  dəqiqə? Qəzəb? 



 51 

İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə  ağır bir 

təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, 

incidəçək, kədərləndirəcək bir cavab. Amma məni bu 

qorxutmurdu. 

Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ən 

çoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. 

Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar 

yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hiss-

həyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı. 

Bəs birdən... Birdən... Bəlkə bu beş  dəqiqəlik heyrətdən 

sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: – 

Mən sənsiz hara gedə bilərəm, – deyəcək, – ayrılıqda da 

yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. 

Bəs onda? 

Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə  rəngli 

gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər 

rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar 

olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. 

Bəs sonra? 

Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər 

boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı. 

Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə 

gəlirdi ki, insana səadət verilməmişdir; ona yalnız səadət 

arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında 

yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. 

Səadətə çatdığın an o öz təravətini,  ətrini, gözəlliyini

cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz, 

yaxınlaşdıqca uzaqlaşan. 

Ya da bəlkə səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, 

gələcək həsrətində yaşamaq və  nəyisə hey gözləmək, 

gözləmək, gözləməkdir. 

Eh!  İndi ki, belədir, onda qoy dama-dama naxışlı, qabağı 

yaşıl işıqlı taksi tez gəlsin. Deyilməmiş sözlərin yarası həmişə 

qəlbimizdə qövr eləsin. 


 52 

Bir an mən bütün qəlbimlə taksinin tez gəlməsini arzuladım. 

Elə bil bu istəyimi yerinə yetirmək üçün döngədən taksi 

buruldu. Elə  həmin an bu istəyin də dadı qaçdığını duydum. 

Taksinin gəlib-gəlmədiyinin, bu tində bu qadınla durub-

durmadığımın, ona deyib-deməməyimin, onun cavabının 

mənimçün tam bir laqeydliyini duydum... 

...Bu yazımı dostuma oxuyanda dedi ki, əgər sən belə 

düşünürsənsə yaşamağa dəyməz. Doğrudur. Amma məsələ 

ondadır ki, ölməyə də dəyməz. Dostum dedi: 

–Sən dəli olacaqsan. 

Ola bilər. Bəlkə  də... Bilmirəm. Yalnız bilirəm ki, o vaxt 

mənim iyirmi yaşım vardı və o vaxt mən belə düşünürdüm. O 

vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda qadın nazik, zərif, 

aylı gecədə kaman iniltisinə oxşayan əlini qaldırdı. 

O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda, boz, nimdaş, 

rəngi getmiş taksi dayandı. Sürücüsü də lap qəssaba oxşayırdı. 

Maşının nömrəsinə baxdım. 20-24. Mən balaca çamadanı 

yük yerinə qoydum. 

–Çox sağ ol! 

–Dəyməz. 

O, əlini uzatdı. 

Əlimi uzatdım. 

Daldan başqa maşınların səsi gəldi. Taksi küçənin işlək 

yerində dayanıb yolu kəsmişdi. Sürücü ayağını qaza basdı. 

Taksi tərpəndi. Qapı bağlandı. 

Əlini tuta bilmədim. 

Əlimdə barmaqlarının təri belə qalmadı, 

Bir neçə saniyədən sonra maşın döngəni burularaq gözdən 

itdi. Ağrıdım. Nədənsə anam yadıma düşdü, qardaşım öləndə 

mənə elə  gəlirdi ki, anam da dərddən öləcək. O, dəli kimi 

olmuşdu. O gündən on il keçir. İndi anam gülür, danışır, zarafat 

eləyir... Nə isə... 

Hər şeydən – qardaşım ölərkən anamın göz yaşlarından belə 

mənə əziz olan qadın, bu beş dəqiqədə heç kəsi, heç vaxt, heç 


 53 

yerdə sevmədiyim qədər sevdiyim insan, ilk eşqim, son eşqim, 

dama–dama naxışlı, qabağı bayaq yaşıl, indi isə  qırmızı  işıqlı 

taksidə  əbədi getdi. Qol saatıma baxdım. Vaxt hey axır, axır, 

axırdı. 

Vaxt hər yaranı sağaldır. Vaxt hər gecə yarısı on iki 

zərbəylə günləri güllələdikcə  mənim də  ağrılarımı ovudacaq, 

həsrətimi aparacaqdır. Vaxt bizi məğlub edir – vaxt bizi xilas 

edir. Mən hər şeyi, bu tini, bu qadını, bu taksini unudacağam. 

Unudacam, unudacam... 

O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda... 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin