A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   2   3   4   5   6   7   8   9   10   ...   31

HEKAYƏ 

 

Axşam! Vüsal onu qəfilcən duydu. 



Nizami muzeyinin yanında 3 nömrəli trolleybusu 

gözləyəndə şəhərə hələ durğun və bürkü bir gündüz hakim idi. 

Trolleybusun içində – nəfəsi od püskürən adamların basa–

basında – isti daha artıq  əziyyət verirdi. Üç dayanacaq 

arasındakı yol Vüsala sonsuz və yorucu bir səfər kimi 

görünürdü. 

Neft meydanında – Dəniz bağının yanında trolleybusdan 

düşəndə Vüsala elə  gəldi ki, o Gündüzdən Axşama səyahət 

eləmişdir; tünlük, havası  ağır trolleybusdan sonra daha saf və 

geniş görünən Neft meydanının açıqlığındanmı, yoxsa yapalaq 

kölgəli ağacların günəşdən gizlətdiyi dəniz bağının 

yaxınlığındanmı Vüsal birdən–birə bütün günü bədəninə yaş 

paltar kimi yapışan çiriş–istinin xoş bir axşamla əvəzləndiyini 

duydu. 


Axşam dənizdən gəlirdi… 

O, bütün günü narın ləpələrin arasında yırğalanmış, 

nazlanmış, uymuşdu. İndi isə nəhəng yanar kos kimi bütün fəza 

boyu hərlənib dənizə  dığarlanan odlu günəş onu ürküdüb 

oyatmış, axşam salxım-salxım dəniz yellərinin qanadlarında 

şəhərə uçurdu. 

Gündüz cəhənnəm hərarətində çabalayan qızdırmalı  şəhər 

susuzluqdan dodaqları cadar–cadar olmuş adam bulağa 

döşənən kimi Axşamı içirdi. 

Axşam şəhəri aram və əzəmətlə öz himayəsinə alırdı. Onun 

rəngi, təravəti istidən cana gəlmiş adamları sakitləşdirir, 

tərlərini soyudur, xəfif meh onların saçlarını ana barmaqları 

kimi mehriban sığallayır, üzlərini,  əllərini tükənməz bir 

nəvazişlə oxşayırdı. 

Bəlkə heç kim yayda, illah da iyulun cırcıramasında qızmar 


 91 

günəşi dənizə atıb batıran, harın gündüzlərin yanğınına buzlu 

su təkin sərinlik çiləyən axşamların ləzzətini bakılılar qədər 

çəkmir. 


Adamlar evlərindən, idarələrindən, məktəblərindən bulaq-

bulaq axışaraq küçələrin insan selinə qovuşur, dolu, rəngarəng, 

gurultulu bir çay kimi Dənizə, Axşama, Sərinliyə  tərəf 

axırdılar. 

Vüsal işdən çıxmışdı. Evlərinə tələsirdi. 

O, Azərneft binasının yanından burulub yaşadıqları evə tərəf 

addımladıqca sol yanda qalan dəniz bağının kölgələri Vüsalı 

cəzb edir, sərin yellərlə pıç–pıç pıçıldaşan, xısın–xısın danışan 

ağaclar elə bil onu bu kölgəliklərin altında bir qədər 

dincəlməyə, təmiz hava udmağa çağırır. 

Amma Vüsal indi dəniz bağına tərəf dönmür. O bura axşam 

tərəfi ailəsiylə birlikdə gələcək. Həmişə olduğu kimi bu axşam 

da onlar ta gecəyə  qədər bu bağda gəzəcək, dənizin saf 

havasıyla nəfəs alacaqlar. Vüsal. Arvadı Pərişan. Bir də balaca 

qızları  Xəyal. Vüsalla Pərişan balaca Xəyalın  əllərindən 

tutacaqlar. Yumşaq, tumbul əllərindən. Yəqin ki,Xəyal yenə də 

həmişəki təki dondurma istəyəcəkdir. 

–Ata, mənə dondurma al. Sən allah ata. Mənim yaxşı atam, 

mənim göyçək atam, mənim gözəl atam. 

Köpəyin qızı elə qurd dillidir ki. 

Bəlkə  də onlar kinoya gedəcəklər. Görəsən bu axşam 

"Bahar"da nə gedir. Seans yəqin ki 8.30–dadır. Hava 

qaralanda. 

Vüsal dayandı. O, maşın axınının qurtarmasını gözləyirdi. 

İşıq göstərəndə yaşıl rəng sarıyla, o da qırmızıyla əvəz olundu. 

Axın dayandı. 

Vüsalgilin evlərinin tinində  sıx, zil qara, topa bığlı Musa 

kişi çiçək satırdı. Musa bir dəstə Pərişanın sevdiyi çiçəklərdən, 

bir dəstə balaca Xəyalın çiçəklərindən, bir dəstə  də özünün 

xoşladığı çiçəklərdən aldı. Bu ailədə hərənin öz sevimli çiçəyi 

vardı. 


 92 

Onların balaca eyvanında gül-çiçək  əlindən tərpənmək 

olmurdu. 

…8 il bundan əvvəl soyuq bir mart axşamı Vüsal Pərişanla 

ilk dəfə görüşə  gələndə üç tər bənövşə  gətirmişdi. Vüsalın 

etirafına ehtiyac qalmamışdı. Bənövşələr onun yerinə hər şeyi 

Pərişana dedilər. Soyuq martın ilk günlərində bir gəncin bir 

qıza bağışladığı  ilk bahar müjdəçiləri – tər bənövşələr, toy ya 

da matəm çiçəkləri təkin heç bir izah tələb etmirdilər; onlar 

özləri izah idilər. Sonra Vüsal Pərişanı öpdü, sonralar onlar 

evləndilər və Vüsal tez–tez nişanlısına, arvadına cürbəcür 

çiçəklər,  güllər gətirirdi. Hər çiçək onlar üçün bir xatirə, bir 

tarix idi. Elə tarix ki,  o yalnız ikicə nəfərə aiddir və onu heç 

kəsə nə izah etmək olar, nə də onu heç kəslə bölüşmək olar. Elə 

çiçəklər də vardı ki, onlar yalnız Vüsalçün əziz idi, Pərişançün 

yox. Nədənsə Vüsal zanbağı bütün çiçəklərdən artıq sevirdi. 

Çiçəklərdən başqa hər şeydə onların zövqləri, fikirləri, istəkləri 

bir-birinə uyğun idi. 

Vüsal  şalvarının balaca cibciyindən açarı  çıxarıb qapını 

açdı. 


Qapı layları marçıltıyla öpüşüb ayrıldılar. Bu səs nə  qədər 

tanış idi. Həmçinin yarım qaranlıq dəhliz. Bu dəhlizdəki 

mixəyi asqılıq. Onun sınıq güzgüsü. Asqılıqdan asılmış yaşıl 

alınlıq. Onu Xəyal başına örtərdi. Qara şərf. Pərişanın  şərfi. 

İndi asqılığın bu iki sakininin yanına üçüncü əlavə olunacaqdı. 

Vüsalın həsir şlyapası. Qışda həmin bu asqılıqda axşamlar yan-

yana üç palto asılardı. Göy, mavi, qırmızı. Vüsal, Pərişan, 

Xəyal. Yayda asqılıq çılpaq olurdu. Yalnız bir alınlıq, bir şarf, 

bir şlyapa. 

Vüsal bu saat balaca Xəyalın "Atam gəldi, atam gəldi" – 

deyə çığıraraq ona tərəf qaçacağını bilirdi. Amma onu heç kəs 

qarşılamadı. O asqılığa baxdı. Asqılıq lüt-anadangəlmə idi. 

Vüsal otağa keçdi. Pərişanla Xəyal evdə yox idilər. O 

təəccübləndi. Onun işdən gəldiyi vaxt idi. Nahar vaxtı… 

Birdən yadına düşdü. Axı bu gün Xəyalın rəfiqəsinin ad 


 93 

günüdür. Pərişanla Xəyal ora gediblər. Deyəsən gündüz saat 

ikiyə çağırmışlar. İndilərdə qayıdarlar. 

Vüsal bərk acımışdı. Amma nahar eləmədi. "İndi gələrlər bir 

yerdə yeyərik". Onlar həmişə bir yerdə nahar eləyirdilər.  İndi 

yarım saat–bir saat üstündə ailənin bu gözəl ənənəsini pozmağa 

dəyərdimi? Vüsal bir stəkan çay süzdü, yumşaq kürsüdə 

rahatlanaraq qəzetlərə baxdı. Sonra yadına düşdü ki, bu gün 

idarədə baxmışdır. O radionu qurdu. Onların radiosu yaman 

gec qızırdı. Yəqin harasısa xarabdır. 

Vüsal mühəndis idi. Arvadı  Pərişan uşaq həkmi idi. Qızı 

Xəyal ikinci sinfə keçmişdi. Onlar xoşbəxt idilər. 

Bu kiçik ailədə elə bir ahəng, elə bir həmrəylik vardı,  ərlə 

arvad bir-birlərinə qarşı o qədər həssas idilər ki, heç nə, heç 

kim bu evin sakitliyini poza bilməzdi. Heç nə, heç kim. Vüsal 

düşündü:  əlbəttə, heç kəs. Onların özlərindən savayi. Onların 

özlərindən? Yəni kimdən? 

Balaca Xəyaldan? Vüsal gülümsündü. Əlbəttə yox. 

Pərişandan? Yox. Vüsal bilirdi ki, Pərişan heç bir vaxt 

onların səadətinə, dincliyinə  xələl gətirə biləcək bir iş etməz. 

Bəs onda kimdən? Vüsalın özündənmi? 

Elədir. Vüsalın özündən. Onun qəlbinin heç bir vaxt 

yuxlamayan xatirələrindən… 

Pərişana qədər olmuşlardan… 

Yox, daha doğrusu bir nəfərdən… Bircə  nəfərdən… Bir 

qadından… 

Radio nəhayət qızdı. Səs bərkiyib bütün otağı tutdu. Konsert 

idi. 


Kimsə, bir qadın müğənni həzin səslə "humayun" 

oxuyurdu… Pəsdən. Aramla. Bir qədər yorğun. 

Tutuşdu qəm oduna şad gördüyün könlüm 

Müqayyəd oldu ol azad gördüyün könlüm… 

Qəmdən, qüssədən  ələmdən yoğrulmuş musiqi… Qərib 

payız axşamları kimi məhzun, qış gecələri kimi uzandıqca-

uzanan… 


 94 

Elə bil şərqin bütün dərdləri bu musiqi, bu ölümsüz sözlərdə 

yavaş–yavaş, bəm səslə axıb gedirdi. Lakin birdən–birə hər şey 

dəyişdi. Rəng başladı. Muğamatın dahiyanə musiqi 

dramaturjisi: əzəmətli bir matəm, sonra qayğısız şənlik. 

Adamı  əzən incidən, qəlbini sıxıb–sıxıb ağrıdan kədər, 

həsrət gecələrindən sonra sevinc səhərləri, bahar oyanışı, şadlıq 

şəlaləsi… Könülləri kövrəldən ağıları əvəzləyən şux,  şıltaq kef 

nəğmələri… Yenidən bu şənliyin,  şuxluğun yerinə qayıdan 

möhtəşəm müsibət, qəmginlik, fəryad, zarıltı və yenə də şadlıq, 

sevinc – yeni rənglər, diringlər, oyun havaları… 

Bir-birini əvəz edən təzadlı hisslər, həyat kimi. Axı həyatda 

da kədər bəzən ona görə daimi olur ki, onun sevinc tənəffüsləri 

var. Həmişə  qəmgin olmaq olmaz. Həmişə  şad olmaq da 

mümkün deyil. Muğamatın bizə verdiyi ən böyük dərs bu 

deyilmi? Kədər də sevinc kimi keçəridir – əsrarəngiz 

musiqimizin ulu fəlsəfəsi bu köhnə  həqiqəti bizə yenidən 

xatırlatmırmı? 

Vüsal musiqi haqqında, yalnız tək bir musiqi haqqında 

düşünmək istəyirdi və düşünə bilmirdi. Musiqi sevdiyin qadın 

kimidir. Bəlkə  də  şəxsən onun özü haqqında düşünmürsən, 

amma bütün fikirlərin – bam-başqa, müxtəlif, özgə fikirlərin, 

bütün hisslərin, həyəcanların, bir sözlə bütün varlığın həmişə 

onunla dolu olur. Ayrı  şeydən danışırsan onu eşidirisən. 

Başqasına baxırsan – onu görürsən. 

Vüsal özünə yaxşı  bələd idi. O, bilirdi ki, ailəsinin sabit 

xoşbəxtliyinin pozulması haqqındakı fikirlər və musiqinin 

yorğun, qılığagirici ahəngi – onun, Vüsalın fikirləri, 

duyğularını müəyyən bir yerə – haradasa, şüur, yaddaş, hiss 

yorğanının altında bir gözü açıq mürgüləyən bir şeyə, bir 

obraza, bir xatirəyə, mehriban bir gülüşün uzaqlardan eşidilən 

son  əks–sədasına gətirib çıxaracaqdır. Səhər oyanışlarını 

acılaşdıran  əbədi itirilmiş  şirin bir yuxu, keçmişin get-gedə 

dumanlanan, unudulmağa başlanan və heç bir vaxt büs-bütün 

unudulmayacaq bir səhifəsi… Bir qoxu… Qırıq bir səs. Heç 


 95 

vədə yaddaşa qayıtmayacaq, amma onun harasındasa dolaşan 

bir melodiya… Solub pozulmayacaq, əriyib itməyəcək 

təəssüratlar… 

Qadın yenə axırsız bir hüzünlə bəmdən oxuyurdu: 

 

…Diyari hicrdə seyli-sitəmdən oldu xərab 



Fəzayi-eşqdə abad gördüyün könlüm… 

 

O, son hecanı uzadır, sonra səsini yavaşıdıb susurdu. Elə bil 

musiqi tüstü kimi uzaqlara uçub aramla havada əriyirdi. 

…Nə gördü badədə bilməm ki, oldu badəpərəst 

Mürid məşrəbü zöhhad gördüyün könlüm… 

Alkoqolla mübarizə aparırlar. Amma musiqiylə heç kəsin işi 

yoxdur. Adamları yalnız alkaqolmu məst edir? Bəs musiqi? 

Şer? Gecə? Dəniz? Bir də ümid? Məhəbbət. Ayrılıq. İntizar. 

Bir də yaddaşın zalım əyləncələri. 

…Gətirdi əcz görüb eşq müşkil olduğunu 

Qamu hünərlərə ustad gördüyün könlüm… 

Musiqi Vüsalın yaddaşında vurnuxurdu. 

…Göm-göy don… Durna boylu düm ağ vaz…. Bir də bu 

vaza al qırmızı gülləri nəvazişlə, aralı–aralı, seyrək-seyrək 

düzən əllər… Arıq, nazik, zərif əllər… 

Onların zərifliyini, incəliyini nəyə bənzətməli? 

Aylı gecədə kaman iniltisinəmi? Dənizin xəfif xışıltısınamı? 

Ya qaranquşların ilk civiltisinəmi? Bəlkə  də  hələ  əriməmiş 

qarın altından pöhrələyib baş qaldıran ilk yaz güllərinə, narın 

qum üzərində körpə ləpirlərinə, daha nə bilim nəyə? 

Görəsən dünyada elə bir şey varmıdı ki, ona bu əllərin 

şairanəliyini, incəliyini, lətifliyini bənzətmək olsun? Bu əllər… 

Nəvaziş  və  təsəlli  əlləri… Məhəbbətin ilk tərcümanları… 

Saçlarımızın darağı… Üzümüzün dəsmalı…  Əllərimizin 

əlcəyi… Öpülməkdən nazilmiş, adamın tüklərini ürpədən 

əllər… Utancaq və  şıltaq, yumşaq və ürkək  əllər… Bir də 

saçlar. Onun saçları. Vüsalın bu günə  qədər sevdiyinin 

saçları… Dənizənin saçları… Dənizə. Vüsalın unutmadığı, 



 96 

unuda bilmədiyi Dənizə. 

Bir qadın ki, saçları  şəlalə  təkin çiyninin astanalarından 

tökülür. Bir qadın ki, güləndə, gülüb sakitləşəndə bütün üzü 

sakitləşir, amma gülüşü hələ  xəyali vaxt gözlərinin içində 

əriyir, bu gülüş gözlərinə qarışaraq, gözləri daha da mülayim 

edir. Bir qadın ki, gözləri iki zil qara gilədir – gecədən dammış 

kimi. 


Şəfqət dolu gözlər. Təəssüf dolu gözlər. Təsəllili gözlər. 

Məlul gözlər… 

Sənin gözlərin kimi Qərənfilim. 

Gülüşü gülüşün kimi gözlərinin içində əriyir. 

Saçların saçların təkin çiyninə axır. 

Saçlarından saçlarının ətri gəlir. 

Səsi də səsi kimidir, Qərənfil. 

Qapımın zəngi çalındı. Mən qələmi kənara qoydum. 

Radionu söndürdüm və qapıya getdim. 

Gələn Sürəyya və balaca Solmaz idi. Solmaz boynuma atılıb 

çığırdı: 

–Atam gəlib, atam gəlib! 

Mən onun üzündən öpdüm. 

–Şeytan bəs hardaydın? 

Sürəyya dedi: 

–Bıy  İlyas yadından çıxıb. Axı  sənə demişdim. Bu gün 

Solmazın rəfiqəsinin ad günüdür. Ora getmişdik. 

Asqılıq bəzəndi. Sürəyyanın yaşıl sumkası, balaca Solmazın 

yun jaketi mənim həsir şlyapamın qonşusu oldular. 

–Yoldaşına nə aparmışdın Solmaz? 

–Kukla aldıq. "Ana" deyən kukladan. 

O ağzını büzüb kukla kimi zırıldadı. 

–Bəs "ata" demir? 

–Yox – deyə o şıltaq-şıltaq güldü – "Ata" mən deyirəm. 

O yenə kukla sayağı zırıldadı. Amma "ana" yox, "ata" deyə. 

Mən Solmazın yanağından çimdiklədim. 

–Oy – deyə o  ədayla çığırdı. 


 97 

Mən onu bərk-bərk öpdüm. 

Sürəyyə dedi: 

–Nahar eləmisən hə? 

–Yox sizi gözlədim. 

Biz otağa keçdik. 

–Çoxdan gəlmisən? 

–Yarım saat olar. 

–Bəs neyləyirdin? 

–Heç bir balaca hekayə var onu başlamışdım. 

–Hə. 

Solmazla mən masanın arxasında oturduq. 



Sürəyyə ev paltarını geyindi. Lopa-lopa sarı güllü xalat… 

O mətbəxə keçib bir azdan bizə xörək gətirdi. Bozbaşın 

noxudu çox idi. Biz üçümüz də noxudu çox olanda xoşlayırıq. 

Mən dedim: 

–Dadlı bozbaşdır. 

Solmaz dedi: 

–Ana bu gün niyə belə dadlıdır? 

Sürəyya dedi: 

–Hekayən nə haqqındadır? 

Mən dedim: 

–Qəhrəmanım neft mühəndisidir. Bir də onun arvadı, həkim. 

Uşaq həkimi. 

Solmaz dedi: 

–Mənim anam kimi. Mənim anam da uşaq həkimidir. 

Sürəyya mənə baxdı. 

Mən dedim: 

–Yox. Anan qadın həkimidir. 

Solmaz təslim olmaq istəmirdi. 

–Yox, yox. Mən bilirəm. Bütün uşaqlar anam işləyən 

xəstəxanada olur. Anam lap-lap balaca uşaqların həkimidir. 

Qadın həkimiylə  uşaq həkiminin arasındakı  fərqi balaca 

Solmaza başa salmaq çox mürəkkəb məsələ idi. Mən 

hekayəmin qəhrəmanının peşəsini dəyişəcəyimi qərara aldım 


 98 

və söhbəti dəyişmək məqsədilə dedim: 

–Hekayədə bir balaca şeytan qız da olacaq. Özü də lap sənin 

kimi höcət. 

Solmaz sevinclə attanıb düşdü. Xörək masanın üstünə 

dağıldı. Sürəyya məzəmmətlə dedi: 

–Ay qız bir sakit çörəyini ye, sonra danış də. 

O masanın üstünü silməyə başladı. 

Solmaz əl çəkmirdi: 

–Ata o qızın adı nədir, hə, adı nədir? 

Mən dedim: 

–Vallah yadımdan çıxıb. Qoy kağızlarıma baxım.  

Mən yazı masama yanaşdım. 

–Əşi otur çörəyini ye, sonra baxarsan. 

–Bu saat, gəlirəm. Adı… Amma Vüsal… seans… arvadı… 

Xəyal, hə, adı Xəyaldır. 

Mən yerimə qayıtdım. 

Solmaz dedi: 

–Bıy sən bir teatr yazmışdın e, yadındadır orada da qızın adı 

Xəyaldır. Yadında hə? 

Mən təəccüləndim. 

–Qızda yaddaşa bax e. 

Sürəyya dedi: 

–İdarədə  nə var, nə yox? Deyirlər bu gün sizin qəzetdə 

maraqlı bir felyeton çıxıb. 

–Taksilər haqqında. Onu deyirsən? 

–Hə taksilər haqında. 

–Hə. Sizin işdə nə var, nə yox? 

–Bir elə  şey yoxdur. Bu gün bir arvadı lap ölümdən 

qurtardıq. Nəfəsi kəsilmişdi. 

–Halı indi necədir? 

–İndi pis deyil. Böhran keçdi. 

Biz yeyib qurtardıq və  hərəmiz öz boşqabımızı  mətbəxə 

apardıq. 

Sürəyya dedi: 


 99 

–İndi də çay içək. 

Solmaz ağlamsındı. 

–Mən çay istəmirəm. Dondurma istəyirəm. 

Mən dedim: 

–Mən də bayaq içdim. İstəmirəm. Sürəyya sən çayını iç. 

Sonra çıxaq bir az gəzək. 

Sürəyya dedi: 

–İlyas, bu gün sən bizsiz çıx. Solmazla mən yaman 

yorulmuşuq. Bir az dincələk. 

–Yaxşı. 

Mən həsir papağımı qoyub küçəyə  çıxdım. Dəniz bağına 

girdim. Bağ adamla dolu idi. Bağın otrasında təzə düzəldilmiş 

fəvvarələr rəngbərəng və çox incə idilər. Külək onları 

sındırmaq, yıxmaq istəyirdi, amma yalnız  əyə bilirdi. Sonra 

mən bağdan çıxdım və uzun zaman şəhəri dolaşdım. Bir də 

əlimi cibimə atıb "Kazbek" qutusunu açanda gördüm ki, 

axırıncı papiros qalıb. Evdən çıxanda qutunun yarısı doluydu. 

Nəhayət mən qərara gəldim. 

Nizami küçəsindən burulub "Bahar" meydanına çıxdım. 

Mən telefon avtomat butkasına yanaşdım.  İçəridə iki qız 

danışırdı. Qızlar bərkdən  şaqqıldayıb gülürdülər. Eynəkli bir 

kişi budkaya yanaşdı.  Əvvəl içəridəki qızlara, sonra mənə 

baxdı və təəccüb içində çıxıb getdi. Küçənin o biri tərəfindəki 

boş telefon butkasına girdi. 

Trolleybus gəlib dayanacağında durdu. Qarşı  tərəfdən 

adamlar  düşməyə başladı. Qadınlardan biri büdrədi. Kişi onun 

qolundan tutub kömək elədi. Trolleybusun dal  qapısı açıldı. 

Adamlar növbəylə minməyə başladı. Uzaqdan radio səsi 

gəlirdi. Qarayevin "Leyli Məcnun"  əsərinin axırı  eşidilirdi. 

Sonra son xəbərlər verməyə başladılar. Ayrı–ayrı sözləri 

seçmək olurdu. "Buzovnaneft… Fərhad Məmmədov…  İllik 

plan…" 

Mən qol saatıma baxdım. Saat 9-a beş  dəqiqə  işləyirdi. 



Budkanın pəncərəsini döydüm. "Beş  dəqiqədir danışırsınız" – 

 100 

dedim və yazını göstərdim: "üç dəqiqədən artıq danışmaq 

qadağandır".  Qızlar başlarını yellədilər və işarəylə "bu saat, bu 

saat qurtardıq" – deyə izah edirlər. Sonra yenidən 

şaqqıldamağa başladılar. Əslinə qalsa mən istəyirdim ki, onlar 

elə hey danışsınlar, danışsınlar ki, telefon azad olmasın. Lakin 

onlar telefonun dəstəyini asdılar və gülə-gülə çıxdılar. Qızların 

birinin uzun hörükləri vardı. O birisinin çənəsinin üstündə 

balaca xalı vardı. Xallı  qız dedi: "Bağışlayın" onlar mənə 

baxanda xoş bir təbəssümlə gülümsündülər. Bu təbəssüm mənə 

aid deyildi. Kiməsə, başqasına aid olan bir gülüşün hələ 

üzlərindən silinib atılmamış qalıqları idi. 

Mən budkaya keçdim və  əlimi ciblərimə salıb çoxlu xırda 

pul çıxartdım. Mən istəyirdim ki, bu pulların içində 15 

köpüklük olmasın. Ovcumun içindəki pullara baxdım. 20 

köpük, 10 köpük, 5 köpük… Üç dənə də 15 köpük vardı. Biri 

bir qədər  əyilmişdi, avtomata yaramazdı.  İkisi düz idi. 

Hardansa yadıma düşdü: Tbiri əyri, biri düz". Mən üç şahılığı 

telefonun yarağına saldım. Dəstəyi götürdüm. Səs gəldi: 

"Duuuu…" Mən üç nömrəsini çəkdim. Sonra 2. Sonra 5… 

Aparat qeyri–müəyyən bir sükuta qərq oldu. Başıma qəribə 

axmaq fikirlər gəlirdi. "Görəsən məhkəmə salonunda hökm 

oxunma ərəfəsində də belə qeyri-müəyyən bir sükut olurmu?" 

Mən bilirdim ki, indi O çəksəm və sonra da bir nömrəni 

çəksəm telefondan səslər eşidiləcəkdir.  Əvvəl: "Duuuu… 

Pauza. Duuuu… Pauza. Duuuuu…" Sonra bir çıqqıltı. Elə bil 

tum çırtlayırlar. Sonra da bir səs. Həyatda mənə  hər  şeydən 

əziz olan bir səs: "Bəli". 

Görəsən o yenə də "Bəlimi" deyir? Yoxsa "allo". Bəlkə də 

"dinləyirəm". Ya da başqa bir söz. Kim bilir? 

Mən telefonu asdım. Üç şahılıq telefonun cibciyinə düşdü. 

Mən onu götürdüm. Şalvar cibimə qoydum və evimizə 

qayıtdım. 

Kağızları vərəqləyib yazdığım axırıncı cümləni oxudum: 

"Şəfqət dolu gözlər. Təəssüf dolu gözlər. Məlul gözlər…" 


 101 

Mən yazmağa başladım: 

"Birdən Vüsal hiss elədi ki, heç bir vaxt Dənizəni unuda 

bilməyəcəkdir. Başa düşdü ki, o qadını  hələ  də sevir və 

sonacan sevəcəkdir. Başa düşdü ki, bütün bu şeylərlə – bu 

ahənglə, bu dinclik, sakitliklə – nə qədər özünü aldatsa da onun 

qəlbində bir yara qövr eləməkdədir və bu yara da nə Pərişanın 

nəvazişləriylə, nə  də balaca Xəyalın  şirin ləhcəsiylə sağalan 

deyil. Bu yaranın sağalması Dənizə gələnə qalıb. Ya da Vüsal 

Dənizənin yanına gedənə. Vüsal bilirdi ki, getsə  məxfi 

getməyəcək. Getsə açıq-aşkar gedəcək. Onda ailəsindən 

keçməliydi. Ailə! Bu mücərrəd məvhum deyildi. Bu Pərişanın 

doluxsunmuş gözləriydi… Pərişan… Dənizə… məhəbbəti 

daşdan-daşa dəyəndən sonra Təsəllisiylə, Nəvazişiylə, 

Mehriylə, Şəfqətiylə ona sığnaq olmuş Pərişan… Bir də balaca 

Xəyal…Qurd dilli, qıvırcıq saçlı Xəyal… Ciyər parası… 

Bu ayrılmaz üçlük dağılmalı, ailə əbədi pozulmalı idi… 

Bütün məsuliyyət ancaq və ancaq Vüsalın üstünə düşürdü. 

O qərar verməli idi. Bir tərəfdən Dənizə… Yuxularının 

bayramı… Sevdiyi insan… hamıdan, hər  şeydən artıq sevdiyi 

qadın… O biri tərəfdən borc… məsuliyyət… və bu sözlərin 

dalında duran bir cüt doluxsunmuş göz… qıvrıcaq saçlar… 

gülüşü qarət olunmuş uşaq dodaqları. 

Bəlkə adamlar elə ona görə tam xoşbəxt ola bilmirlər ki, 

həmişə kiminsə ya nəyinsə qarşısında məsuliyyət duyurlar

borclarını ödəməyə çalışırlar. Elə bir insan həyata haradasa, 

başqa bir dünyada düşdüyü borclarını qaytarmaqçün, heç bir 

zaman boyundan atılmayacaq,  əbədi və  əzəli bir məsuliyyət 

duymaqçün gəlirlər. Elə bil, bu həyatda hər şeydən, hər şeydən, 

hətta insanın bəxtiyarlığından belə yüksəkdir.  Əlbəttə, hamı 

bunu inkaredilməz bir həqiqət sayır. Hamı bir ağızdan deyir: 

"Özün haqqında düşünmə"… Elə bil mən əvvəl də yaşamışam 

və o biri həyatda öz xoşbəxtliyimi artıqlamasıyla almışam, bu 

həyatda vəzifəm isə başqasının qeydinə qalmaqdır.  Ya  da  elə 

bil bu həyatda elədiyim yaxşılıqların,fədakarlıqların  əvəzi 


 102 

haçansa, gələcəkdə, başqa bir aləmdə  mənə qaytarılacaqdır. 

"Özün haqqında düşünmə"…  Əlbəttə, dünyanın dərdləri 

haqqında düşün, ailən haqqında düşün. Yaxşı  mən 

təqsirkarammı ki, ömrümün baharı,  ən gözəl dəqiqələri 

Dənizəylə keçirdiklərimdir. Bəli, mən unuda bilmərəm ki, 

arvadım var, qızım var. Lakin axı  mən o anları da unuda 

bilmərəm. Dənizə… Göz işlədikcə  işləyən  əngin. Sahilin 

yumşaq qumları, sahili oxşayan qıvırcıq dalğalar. Dənizənin 

ipək saçları. Dənizin dən düşmüş köpüklənən qıvrım 

dalğaları…  əlbəttə, bu mənzərələr heç kəsin ürəyində heç bir 

teli tərpətməz… Lakin onlar mənim qəlbimin  ən incə 

musiqisidir. Axı siz yalnız sözləri görürsünüz. Mən rəngləri, 

işığı, kölgələri, balıqqulaqlarını, dənizin köynəyində ağ düymə 

kimi ağaran yelkənli qayıqları… Dənizin, sahilin, Dənizənin 

saçlarının qarışıq qoxusunu duyuram. Bəlkə  də bu xırda 

hisslərdir. Ama mən Dənizəylə olanda özümü xoşbəxt sayıram. 

Mən  ən adi bir insanam və  ən adi insani səadətə  mənim də 

haqqım vardır. 

Deməli belə. Mən mütləq Dənizənin yanına getməliyəm… 

Deməli, bütün məsələlər həll olundu. Yaxşı, bəs Pərişan? 

Pərişan. Nə olsun? Mən ki, onu sevmirəm: özümü də, onu da 

aldatmağın nə  mənası var? Həqiqət bir dəfəlik aşkar olsa 

onunçün də, mənimçün də daha yaxşı olmazmı? Acı  həqiqət 

şirin yalandan yaxşı deyilmi? 

Yaxşı bəs balaca Xəyal? 

Mən qələmi bir kənara qoyub otağımda var-gəl etməyə 

başladım. Mən qəhrəmanımın qarşısına çıxan axırıncı suala 

tutarlı cavab axtarırdım. Yataq otağından Solmazın səsi gəldi: 

–Ata bura gəl. 

Mən onun yanına keçdim. 

–Qurtardın? 

–Nəyi? 

–Hekayəni də. Gəzişirsən mən elə bildim qurtarmısan. 



Mən gülümsündüm. 

 103 

–Yox, qurtarmamışam. Yat şeytan, gecdir. 

Sürəyya dedi: 

–Yat ay qız. Atana mane olma. 

Mən Solmazın üstündəki yorğanı düzəltdim. Solmaz dedi: 

–Ata hekayən acıdır, ya şirin. 

Onun dilində "yaxşı, pis" məvhumları yox idi. Hər  şey, o 

cümlədən mənim əsərlərim də ya "acı" ya "şirin" idilər. 

Mən dedim: 

–Acıdır, qızım, çox acıdır. 

O bic-bic güldü. Güləndə onun yanaqlarında dairəvi 

çuxurlar əmələ gəlirdi. 

–Ata məni öp, onda hekayən şirin olar.  

Mən bərk-bərk onun yanaqlarındakı dairəvi çuxurlardan 

öpdüm, iş otağıma keçdim və hekayəmin hər yerində Xəyalın 

adını, eləcə  də onunla əlaqədar olan bütün yerləri pozdum. 

Hekayənin əvvəlində bir cümlə əlavə etdim: 

"Vüsalla Pərişanın uşaqları yox idi". 

Mən mətbəxə keçdim. Özümə bir stəkan çay töküb içdim və 

hekayənin dalını yazmağa başladım: 

"Bəli, Vüsal qərara gəldi ki, acı  həqiqət  şirin yalandan 

yaxşıdır. O, uzun illərdən bəri gizlətdiyi həqiqəti Pərişana 

açmağı  qərara gəldi. O, Pərişana uzun bir məktub yazdı. O, 

özünə bəraət qazandırmırdı, o, məsələni izah etməyə çalışırdı. 

Vüsal kağızı yemək masasının üstünə duz qabının altına qoydu.  

O bilirdi ki, Pərişan həmişə xörəyin dadına baxmazdan 

əvvəl ona duz tökür. Pərişan xörəyi duzlu yeməyi sevirdi. 

Amma bu gün yəqin nə duzsuz, nə  də duzlu xörək yeyə 

bilməyəcəkdi. Biçarə! 

Amma bəlkə  də o kağızı xeyli müddət sonra görəcəkdi. 

Onda xörəyini yeyə də bilərdi. Bəlkə də…  

Vüsal bu barədə düşünmək, bu mənzərələri gözü qarşısına 

gətirmək istəmirdi. 

O həsir papağını geyinib küçəyə  çıxdı.  İki saat şəhəri 

veyilləndi. Sonra Bahar meydanındakı telefon-avtomat 


 104 

budkasına yanaşdı. O, telefonun yarığından 15 köpüyü atıb 

dəstəyi qaldırdı. Telefondan səs eşidildi: Duuuuu…" O 3 

nömrəsini çəkdi. Sonra 2. Sonra 5. bir an tərəddüd etdi. Aparat 

qeyri–müəyyən bir sükuta qərq oldu. Məhkəmə salonunda 

hökm oxumaqdan əvvəl qeyri–müəyyən bir sükut olur. Sonra 

Vüsal nömrənin dalını  çəkdi. 0. Sonra da bir nömrə. 

Telefondan səs eşidildi: "Duuu… Pauza. Duuu…. Pauza. 

Duuuuu…." Sonra bir çıqqıltı: elə bil tum çırtlayırdılar. Sonra 

insanı dəli eləməyə qadir olan axıcı bir səs. 

–Bəli. 

–Dənizə  sənsənmi? 



–Mənəm. 

–Vüsaldır. 

–Tanıdım. 

Sükut çökdü. Telefonda Vüsal onun sıx–sıx nəfəs aldığını 

eşidirdi. Onun özünün də səsi əsirdi.  

–Dənizə, mən səni görməliyəm. Xahiş edirəm… çox xahiş 

edirəm… bu çox vacibdir… Mütləq, mütləq…  Beşcə 

dəqiqəliyə. 

Uzun sükut: bir ömür qədər uzun, ölüm kimi amansız… 

Sonra axıcılığı həyəcana ilişib büdrəyən bir səs: 

–Yaxşı… Gəl… 

Vüsal telefonun dəstəyini asdı. Qəribədir ki, 15 köpüklük 

çıqqıltıyla yenidən cibciyə düşdü. Vüsal pulu cibinə qoydu, 

küçədə futbol oynayan uşaqların kənara çıxmış toplarına 

möhkəm bir təpik vurdu və Nizami küçəsinə  tərəf – 

Dənizəgilin evləri səmtinə addımladı.  

 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin