Məlum olduğu kimi, insan cəmiyyətinin keçmişi və bu günkü tarixi müxtəlif mənbələrdə qeyd olunmuş faktlar və məlumatlar əsasında öyrənilir. Yalnız mənbələrin hərtərəfli və dərindən öyrənilməsi nəticəsində bütövlükdə tarixi prosesi açıb göstərmək, bu və ya digər hadisələri və faktları şərh etmək, onlara müəyyən qiymət vermək olar.
Mənbəşünaslıq kompleks xüsusi tarix fənni, tarixi mənbələr, onların aşkara çıxarılmasının nəzəriyyə və təcrübəsi, öyrənilməsi və istifadə edilməsi haqqında elmdir. Mənbəşünaslığın nəzəri və tətbiqi sahələri var. Nəzəri Mənbəşünaslıq tarixi mənbələrin yaranması qanunauyğunluqlarını, onlarda real tarixi prosesin əks olunmasını öyrənir, mənbələri təsnif edir və mənbələr üzərində tarixi tədqiqatların metodikasını işləyib hazırlayır. Tətbiqi (konkret) Mənbəşünaslıq tarixin ayrı-ayrı sahələri, bölmələri, dövrləri və problemlərinin Mənbəşünaslığından yaranır. Tarixi mənbələrin tənqidi təhlili hələ antik tarixçilərə də məlum idi. Yazılı mənbələrin əsas öyrənilmə metodu məxəzşünaslıq tədqiqatıdır (təhlil və sintez).
Mənbəşünaslığın predmeti tarixi mənbələrin meydana çıxması və onlarda tarixi prosesin obyektiv əks olunması qanunauyğunluqlarıdır. Mənbəşünaslığın vəzifələri mənbənin tərkibinin müəyyənləşdirilməsi, təhlil edilməsi, mənbələrdən istifadə olunması metodikasının işlənib hazırlanmasıdır.
Tarix elminin müasir inkişaf səviyyəsi mənbəşünaslıq problemlərinin işlənməsi və tarixi tədqiqatların metodlarının təkmilləşdirilməsində getdikcə diqqətin artması ilə səciyyələnir. Bu onunla izah olunur ki, elmi dövriyyəyə yeni tarixi mənbələr cəlb edilib. Onların tənqidi təhlili dərinləşdirilməsə, konkret tarixi məlumatların dairəsi genişləndirilib onların işlənməsi metodları təkmilləşdirilməsə tarixi əsərlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, fundamental tədqiqatların yaradılması mümkün deyil. Bu isə bu gün Azərbaycan tarixçilərinin qarşısında duran ən başlıca məsələlərdən biridir.
Tarixi mənbə keçmiş haqqında biliklərimizin əsası və eyni zamanda mənbəşünaslıq elmində əsas anlayışdır. Mənbələr tipinə və növünə görə təsnif edilir. Mənbələr tipinə görə yazılı, maddi, fono, foto-kino tiplərinə ayrılır. Yazılı mənbələrin təsnifatı növünə görə həyata keçirilir. Qədim və orta əsr mənbələri içərisində salnamələr, dastanlar, narrativ mənbələr üstünlük təşkil edir. Azərbaycanın ən qədim dövr tarixi əsasən arxeoloji materiallar əsasında öyrənilir. Ən qədim dövrə aid məlumatları Assur və Urartu mixi yazıları verir. XVII-XVIII əsrlərdə ilk dəfə mixi yazıların oxunmasına başlanılmışdı. Fars mixi yazılarınn oxunmasında Raulinsonun böyük rolu omuşdur.
Azərbaycanda Mənbəşünaslığın köklərinə alban tarixçisi M.Kalankatlının “Alban tarixi” əsərində rast gəlirik. A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində tarixi mənbələrdən istifadə etmiş, M.F.Axundov məxəzşünaslıq haqqında qiymətli fikirlər söyləmişdir.
Tarixi mənbələrin daha dərindən öyrənilməsinə kömək edən təlim informasiya haqqında təlimdir. Aktual və potensiallıq mənbədə əks olunan informasiyanın aspektləridir.
Nəzəri metodoloji və konkret-tətbiqi istiqamətlər tarixi mənbənin öyrənilməsinə yönəldilən mənbəşünaslıq tədqiqatlarının əsas istiqamətləridir.
Tarixi mənbələrin öyrənilməsinə kömək edən fənlər sırasına arxeologiya, etnoqrafiya,xronologiya, paleoqrafiya, heraldika, diplomatika, numizmatika və s. aid etmək olar. XIX –XX yüzillikdə meydana çıxan mənbələrə statistik və kino-foto sənədlərini aid etmək olar.
Mənbəşünaslıq, bir tərəfdən, xüsusi və dar tarixi ixtisaslarının işləyib hazırladığı biliklərə və üsullara söykənir. Digər tərəfdən, mənbəşünaslığın işləyib hazırladığı ümumi üsullar xüsusi köməkçi tarix fənlərinin hamısının əsasını təşkil edir. Beləliklə, mənbəşünaslıq yalnız yazılı abidələrin və ya ayrı-ayrı növlərin öyrənilməsini deyil, tarixi mənbələrin bütün kompleksini əhatə edir və digər köməkçi tarix fənlərinin əldə etdiyi nəticələrə söykənir.
Müasir mənbəşünaslıqda informasiya-kommunikasiya texnologiyalarından istifadə olunur, nəzəri problemlər işlənib hazırlanır, tədqiqatçıların məxəzşünaslıq bazası genişlənir. Mənbəşünaslığın müasir inkişaf xüsusiyyətlərindən biri onun ümumi problemlərinin, o cümlədən mənbələrdə olan məlumatların daha mükəmməl işlənməsi və təhlil edilməsi prinsiplərinin, yollarının və metodlarının, həmçinin riyazi metodların və EHM-nin tətbiqinin genişləndirilməsidir. Son 20-25 ildə bu sahədə xeyli nailiyyətlər qazanılmışdır.
Müasir dövrdə tarixi mövzuların və süjetlərin elmi tədqiqi tarixçiləri təkcə tarixi materialın toplanmasını və şərhini tələb etmir. Faktları bilmək və şərh etmək hələ elm demək deyil. Faktların mahiyyətini və əhəmiyyətini anlamaq, onların mənşəyini müəyyənləşdirmək və başqa tarixi hadisələrlə və gerçəkliyin təzahürləri ilə əlaqədə onların rolunu, yəni tarixi qanunauyğunluqları dərk etmək vacibdir.
Tarixi hadisədən müəyyən bir vaxt keçdikdən sonra yaranan mənbələrdə əvvəlki dövrdə yaranan mənbələrə nisbətən yeni təhriflərə yol verilir. Odur ki, tarixçi nəinki mənbələri bilməli, həm də onları tənqidi nöqteyi-nəzərdən təhlil etməlidir. Tarixi mənbələrin daha dərindən və hərtərəfli öyrənilməsi məqsədilə bir sıra köməkçi tarix fənləri yaranmışdır. Bunların içərisində paleoqrafiyanı (yazının təkamülünü öyrənən elmdir, əlyazmaların meydana çıxması vaxtını və yerini müəyyənləşdirir), numizmatikanı (pul sikkələrinin öyrənilməsi ilə məşğul olur), diplomatikanı (xarici əlamətlərinə görə akt sənədlərinin xüsusiyyətlərini öyrənir), epiqrafikanı (möhkəm əşyalar – daş, metal, ağac üzərində yazıları öyrənir), heraldika və sfragistikanı (gerbləri, ordenləri və digər emblem və möhürləri öyrənir), metrologiyanı (ölçü və çəki vahidlərini öyrənir), diplomatikanı, xronologiyanı və b. qeyd etmək olar. Bu fənlər içərisində mənbəşünaslıq xüsusi yer tutur və bir növ, onları birləşdirir. Bu fənlərdən hər biri ayrı-ayrı mənbə qrupları və onların əlamətlərinin öyrənilməsi ilə məşğul olduğu halda, mənbəşünaslıq tədqiqatçıların bütün tarixi mənbələri elmi təhlil və tədqiq etməsi üçün daha ümumi üsullar və metodlar işləyib hazırlayır.