~ 1 ~
Mühazirə-I
Ə. Mirzəzadə
Azərbaycan tarixi fənninin predmeti,
mənbəşünaslığı və tarixşünaslığı
Plan:
1. “
Azərbaycan tarixi” fənninin predmeti, metodları, vəzifələri, tarixi biliklər sistemində yeri və
öyrənilməsinin əhəmiyyəti.
2. Azərbaycan adının mənşəyi haqqında.
3. Azərbaycanın ərazisi, əhalisi və təbii və coğrafi şəraiti haqqında
4. Azərbaycan tarixinin qaynaqları.
Ədəbiyyat:
1. Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək). (Z.M.Bünyadov və
Y.B.Yusifovun red. Ilə) I c., B., 1994.
2. Azərbaycan tarixi. Yeddi cilddə. I c., (Ən qədimdən – b.e.III əsrləri). B., 1998
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Seminar və təcrübə məşğələləri üçün müntəxəbat.
S.S.Əliyarlı və Y.M.Mahmudovun red. Ilə. B., 1989, 2007.
4. Bakıxanov A.A. Gülüstani-İrəm. B., 2001.
5. Fazili A. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. B., 1984.
6. Hüseynzadə Ə. XIX əsrin II yarısı Azərbaycan tarixşünaslığı. B., 1967.
7. Qəniyev H. Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk
onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı, 2019, “Elm və Təhsil” nəşriyyatı,
8. Azərbaycan tarixi. 7 cildlik. II cild. Bakı, 1998, III cild. Bakı, 1999 50. Azərbaycan
tarixi. Z.Bünyadov və Y.Yusifovun redaktəsi ilə. Bakı, 1994.
9. Azərbaycan tarixi. BDU-nun nəşri. Bakı, 1996.
10. Azərbaycan tarixi. B.,1961.
1. “Azərbaycan tarixi” fənninin predmeti, metodları, vəzifələri, tarixi biliklər sistemində yeri
və öyrənilməsinin əhəmiyyəti
Tarix elminin məzmununu tarixi proses təşkil edir. Tarix elminin bünövrəsində faktların
toplanması, sistemləşdirilməsi və ümumiləşdirilməsi durur. Azərbaycan tarixi dünya tarixinin
ayrılmaz hissəsidir. “Azərbaycan tarixi” fənninin predmeti Azərbaycan tarixinə dair bilikləri
ümumiləşdirərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət, iqtisadiyyat və mədəniyyət
məzmun xətləri üzrə qruplaşdırıb gənc nəslə çatdırmaqdan ibarətdir.
Azərbaycan tarixinin tədrisinin ən ümdə vəzifələri tələbə-gənclərə Vətənimizin tarixi
keçmişi haqqında dərin biliklər vermək, onlara tariximizin mürəkkəb və ziddiyyətli dövrlərindən
baş açmağı öyrətmək, onlarda tarixi təfəkkürü formalaşdırmaq, cəmiyyətdə baş verən hadisələri
obyektiv qiymətləndirmək bacarığı aşılamaqdan ibarətdir.
Azərbaycan tarixinin öyrənilməsinin əhəmiyyəti ondan ibarətdir ki, tələbə gənclərə
Vətənimizin tarixinin ən qədim zamanlardan bu günədək keçdiyi tarixi yolu izləməyə imkan
verir, tariximizdəki qaranlıq səhifələrin işıqlandırılmasında, onlarda dövlətçilik məfkurəsinin,
keçmişə hörmət, gələcəyə inam hisslərinin formalaşmasında, gənclərdə vətənpərvərlik ruhunun
tərbiyə edilməsində, onlarda analitik düşüncə qabiliyyətinin inkişafında böyük rol oynayır.
Bu gün Azərbaycanın iqtisadi-siyasi, mədəni təsir diapazonunun daha da genişləndiyi bir
şəraitdə ölkəmizin tarixinin tədrisinin daha da təkmilləşdirilməsi və milli-mənəvi dəyərlərimizin
gənc nəslə daha dərindən aşılanması tələb olunur.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr
düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda
canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Vətənin bütövlüyü uğrunda ölüm-
dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə
~ 2 ~
böyük ehtiyacı var. Buna görə də “Azərbaycan tarixi” fənninin tədrisində əsas vəzifələrdən biri
yeniyetmə və gəncləri Vətənimizin qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış etmək,
gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli
inkişafına nail olmaq, onlarda vətənpərvərik və vətəndaşlıq hisslərinin daha da
gücləndirilməsidir.
Dostları ilə paylaş: |