Mütləqiyyətin qanunvericilik aktlarının növ müxtəlifliyi. Qanun sənədlərinin formalaşmasının əsas mərhələləri. Qanunvericilik sənədlərinin əsas nəşrləri
Mütləqiyyətin qanunvericilik aktlarının növ müxtəlifliyi. Qanun sənədlərinin formalaşmasının əsas mərhələləri. Qanunvericilik sənədlərinin əsas nəşrləri. XIX əsrin əvvəlləri üçün Rusiyada mütləq monarxiya formalaşmışdı. Mərkəzləşdirilmiş məmur-bürokratik hakimiyyət aparatı, idarəçiliyi, məhkəməsi, polis nəzarəti və axtarışı yaranmışdı. Bütün bunlar qanunvericilik materiallarının xarakterində, məzmununda və formasında dəyişikliklər etmişdi. XIX əsrin I yarısında qanunvericilikdə həyata keçirilən başlıca prinsip ondan ibarət idi ki, yeni qanunlar vermək hüququ yalnız çara məxsus idi. Senat, Sinod, kollegiyalar və digər dövlət idarələrinə gəlincə, bunlar çara yalnız məruzə və təkliflərlə müraciət etmək hüququna malik idi.
Qanunvericilik aktlarının təsnifatı məsələsi bir çox çətinliklərlə əlaqədardır. Bu sənədlər ən müxtəlif adlar altında nəşr olunurdu: məsələn, manifestlər, fərmanlar, reqlamentlər, təsisatlar, tapşırıqlar, təlimatlar, əsasanamələr, buyuruqlar, imtiyaz fərmanları və s. Həm də çox hallarda aktın adı və onun məzmunu arasında uyğunsuzluq olurdu.
Qanunvericilik sənədləri içərisində ən mühümü manifestlər sayılır. Manifestlər ölkənin siyasi həyatındakı ən mühüm hadisələrlə əlaqədar verilirdi: məsələn, müharibə və sülhün elan olunması, yeni çarın hakimiyyət başına gəlməsi, hakimiyyət orqanlarının və idarəçiliyin strukturunda dəyişikliklər edilməsi, antifeodal və hökumət əleyhinə çıxışlarla əlaqədar və s. Manifestlər “böyük imperator titulları”nın sadalanması ilə başlanırdı. Bunlar bir qayda olaraq təmtəraqlı və qəliz dildə yazılırdı. Manifestlər kütləvi tirajla nəşr olunurdu. Manifestlər XIX və XX əsrlərdə qəzetlərdə dərc edilirdi, təntənəli kilsə mərasimlərindən sonra xalqa elan olunurdu və hökumət buna xalq kütlələrinə ideoloji təsir vasitəsi kimi baxırdı. Manifestlərdə çar mütləqiyyəti özünü ümumxalqın rifahı qayğısına qalan bir şəxs kimi qələmə verirdi. Məsələn, 17 oktyabr 1905-ci il manifesti demokratik azadlıqların – söz, mətbuat, yığıncaqlar, ittifaqlar və s. verildiyini elan edirdi, həmçinin Dövlət Dumasının seçkilərin keçirilməsi, həmkarlar ittifaqları haqqında qanunun verilməsi üçün şərait yaradırdı. Bu manifest əsasında Azərbaycanda «İttifaq», «Difayi», «Neft sənayesi fəhlələri ittifaqı» və s. yaradıldı, həmçinin Nijni-Novqorodda Rusiya müsəlmanlarının I qurultayı çağırıldı. Həmin qurultayda Ümumrusiya Müsəlman İttifaqı təşkil edildi və onun Nizamnaməsi qəbul edildi. Nizamnaməni Ə.Topçubaşov tərtib etmişdi. Gülüstan və Türkmənçay müqavilələri də manifestlərlə qüvvəyə mindirildi.
Qanunveriçilik sənədlərinin bir qrupunu da fərmanlar təşkil edir. Fərmanları 3 qrupa bölmək olar: 1. Adlı fərmanlar; 2. Senatdan elan olunmuş fərmanlar və; 3. Senat fərmanları. Adlı fərmanlar imperatorun göstərişi ilə olurdu ki, bunlar da icra olunmaq üçün Senata göndərilirdi. Senatdan elan olunmuş fərman da çarın göstərişi ilə hazırlanırdı, yəni çarın göstərişi əsasında Senat elan olunacaq fərmanın mətnini hazırlayırdı. Nəhayət, Senat fərmanları ümumi və ya konkret məsələ üzrə Senatın adından fərman formasında hazırlanan qərarlar idi. Öz məzmununa və əhəmiyyətinə görə fərmanlar çox müxtəlifdir. Onların bir qismi normativ xarakter daşıyır, yəni hansına yeni hüquqi normaları təsbit edir və ya köhnələrini qüvvədən salırdı. Bu halda onlar öz əhəmiyyətinə görə manifestlərə bərabər olur, bəzən daha böyük əhəmiyyət kəsb edirdilər. Fərmanların böyük bir qrupu milli ucqarlarda çarizmin siyasətinin həyata keçirilməsi və bunun yerlərdə ümumrus qanunvericiliyinin, ümumrus təsisatlarının və vəzifələrinin yayılması ilə əlaqədardır.