Əsasnamələr. Bu sənədlər dövlət həyatının və ya hər hansı bir təbəqənin həyatının müəyyən bir tərəfini və ya hər hansı bir orqanın funksiyalarını və ya strukturunu müəyyən edən, tənzimləyən, uzun dövr üçün nəzərdə tutulan qanun sənədləridir. Ən məhşur «Əsasnamə» 1861-ci il 19 fevral əsasnaməsi, Azərbaycanla əlaqədar 14 may 1870-ci il «Əsasnaməsi», 1847-ci il «kəndli Əsasnamələri” və sairədir.
Nizamnamələr.Nizamnamələrin bir neçə kateqoriyaları var idi. Bunların əksəriyyəti qanunvericilik aktları idi və idarəçiliyin hər hansı bir sahəsinə aid olurdu – hərbi nizamnamələr, ticarət nizamnaməsi və s.
Qanunvericilik sənədləri üzərində işlərkən mütləq həmin mənbənin formalaşmasının əsas mərhələlərini bilmək lazımdır. Bu növ mənbələrin formalaşması üç mərhələdən keçir: 1. Qanunvericilik təşəbbüsü mərhələsi; 2. Qanun layihəsinin işlənməsi və müzakirəsi; 3. Ali qanunun təsdiq edilməsi və elan olunması və ya dərc olunması (ratifikasiyası).
Çar Rusiyasında qanunvericilik təşəbbüsünün həyata keçirilməsi hüququ çara məxsus idi. Heç bir başqa şəxs, idarə, təşkilat və ya orqan qanun təşəbbüsü ilə çıxış edə bilməzdi. Bəzən Rusiyada elə olurdu ki, müxalifətçi dairələr hər hansı bir qanunun təşəbbüsü ilə çıxış etmək istəyirdilər, buna cəhd edirdilər, bu halda çar dərhal belə cəhdlərin qarşısını alırdı. XIX əsrdə reskript (Reskript – Qədim Romada təsdiq edilmiş məsələ üzrə imperatorun qanun qüvvəsində olan cavabına deyilirdi) buyuruq, fərman, göstəriş mənasında işlənirdi. Çarın verdiyi reskript qanun gücündə olan rəsmi dövlət sənədi idi. Xüsusi olaraq qeyd olunurdu ki, dövlət quruculuğu məsələlərinə dair qanunvericilik təşəbbüsü hüququ ancaq və ancaq çara məxsusdur. Qanun layihələrinin işlənməsinin də bir sıra xüsusiyyətləri nəzərə alınmalıdır. Layihələrin müzakirə edilməsinin heç bir ciddi prosedurası yox idi. Yeni qanun müddəalarının işlənməsi ayrı-ayrı idarələr tərəfindən həyata keçirildə bilərdi. Bəzi hallarda həm qanun layihələrinin tərtibi, həm də onların müzakirəsi xüsusi olaraq bu məqsədlər üçün yaradılmış xüsusi müşavirələrə, komissiyalara, komitələrə həvalə edilirdi. Ayrı-ayrı hallarda layihələrin tərtibi yeril idarələrə tapşırılırdı. Məsələn, 1861-ci il qanunvericilik aktlarını buna misal göstərmək olar.
Qanun layihələrinin müzakirəsi və təsdiqi müəyyən siyasi mülahizələr nəzərə alınaraq bəzən illərlə yubadılırdı. Bir çox hallarda bu iş onilliklərlə süründürülürdü. Məsələn, 1893-cü ildə qəbul edilmiş “Sürgündə olan qadınlar üçün cismani cəzanın ləğv edilməsinə dair” 1863-cü ildən müzakirə edilirdi və yalnız 30 ildən sonra qəbul edilmişdi. 1897-ci il iyulun 2-də qəbul edilmiş “Fabriklərdə və zavodlarda iş gününün qısaldılması və bayram istirahətinin müəyyən edilməsi haqqında” qanun 15 il müzakirə edilmişdi. Qanun qəbul edildikdən sonra da onun qüvvəyə mindirilməsi, həyata keçirilməsinə dair qaydalar 4 aydan sonra meydana gəlmişdi. Bu qaydalar və təlimatlarda müxtəlif qeyd-şərtlər qoyulurdu ki, bu da sahibkarlara qanunda nəzərdə tutulan hüquq normalarını pozmaq imkanı verirdi.
Qanun layihələrinin işlənməsi və müzakirəsi prosesinin tədqiqatçı tərəfindən öyrənilməsi bu və ya digər qanunun qəbul edilməsinin konkret şəraitini və əsl məqsədlərini açmağa kömək edir. Layihənin hazırlanması prosesini öyrənmək üçün dövlət idarələrinin kargüzarlıq sənədlərinə (layihənin hazırlandığı idarələrdə), dövri mətbuat materiallarına, müasirlərin gündəliklərinə və memuarlara, bir sözlə aidiyyəti olan materiallara müraciət etmək lazımdır.
Doğrudur, bütün qanun layihələrinin preampula hissəsində onların qəbul edilməsi səbəbləri göstərilir. Lakin bu bir qayda olaraq həqiqətə uyğun gəlmirdi, çünki səbəblər bilərəkdən təhrif olunmuş şəkildə verilirdi.
Ümumiyyətlə, qanunvericilik sənədlərinin mənbə kimi öyrənilməsi çox ciddi iş tələb edir. Bu növ mənbələrin elmi təhlili və tənqidi zamanı müxtəlif üsul və metodlardan istifadə olunur: 1.Mənbələrin tam halında öyrənilməsi; 2.Mənbələrin ədəbi-hüquqi təhlili; 3.Mənbələrin statistik təhlili; 4.Müqayisəli təhlil.
Mənbələrin tam halında öyrənilməsi xüsusi əhəmiyyətə malikdir, çünki qanunvericilik materiallarının tərkibinə formaca, mənşəcə və məzmunca müxtəlif sənədlər daxildir. Bunların cəm halında öyrənilməsi qanun aktının meydana gəlməsi səbəblərini, onun sinfi xarakterini, qanunvericilik sistemində bu aktın tutduğu yeri və onun əhəmiyyətini müəyyən etməyə imkan verir.
Mənbələrin ədəbi-hüquqi təhlili dedikdə, hər şeydən əvvəl qanunların qrammatik şərhinə diqqət yetirilməlidir. Bu halda qanunda işlənən hər sözün, hər anlamın mənası, məhz bu sənəddə işlədildiyi mənası müəyyən edilməlidir. Tədqiqatçı bilməlidir ki, bu söz və anlam real həyatın hansı predmetlərini və hadisələrini əhatə edir. Məsələn, çarizm dövründə qanun sənədlərində «cinayət» dedikdə, bu anlam elə geniş başa düşülürdü ki, «cinayət» sözünün mənasına hakim sinfin mənafeyinə zidd olan hər bir hadisənin, ictimai təşkilatın və ya ayrı-ayrı şəxslərin fəaliyyətini salmaq olardı. Qrammatik təhlil məhkəmələrin konkret fəaliyyətində, dövlət orqanlarının rəsmi izahlarında bu və ya digər sözün nə mənada işlənməsi ilə də uzlaşdırılmalıdır. Bir çox hallarda bu münasibətlərdə hüquq məsələlərinə dair nəzəri məqalələrin, əsərlərin də öyrənilməsi lazım gəlir.
Tarixçi qanunvericilik abidəsindən istifadə edərkən onun ədəbi hüquqi izah formaları təhlil edilməlidir ki, qanunda çox zaman mövcud olan pərdələnmiş fikirlər, məqsədlər aşkar oluna bilsin. Bunun üçün təkcə qüvvəyə minmiş qanun sənədinin özü yox, onun bu və ya başqa formada qəbul edilməsi uğrunda gedən mübarizəni, bu mübarizə gedişində meydana çıxan mənbələri öyrənmək lazım gəlir.
Məsələn, məlumdur ki, 1846-cı il dekabrın 6-da çar hökuməti Azərbaycan feodallarının hüquq və imtiyazlarını tanımaq haqqında torpaq qanunu vermişdi. Bu qanun sənədinə düzgün elmi qiymət vermək üçün əvvəlki dövrlərdə çar hökumətinin verdiyi qanunvericilik sənədləri və bütövlükdə onun milli siyasətləri öyrənilməlidir. XIX əsrin 30-cu illərinin sonuna kimi Azərbaycan feodallarının silki imtiyaz və hüquqları həll olunmamış qalırdı. 1840-cı il aprelin 10-da keçirilmiş inzibati məhkəmə islahatına qədər Azərbaycan feodalları dövlətin xidmət məmurları hesab olunurdular. Rus çarizmi çalışırdı ki, buraya gətirilmiş rus zadəganlarının timsalında özünə Cənubi Qafqazda dayaq yaratsın və bu yolla ruslaşdırma siyasəti həyata keçirilsin. Buna görə də Azərbaycan ağalarının və tiyuldar bəylərinin feodallıqdan salınıb torpaqdan məhrum edilməsi nəzərdə tutulurdu. 10 aprel 1840-cı il tarixli inzibati-məhkəmə islahatı Azərbaycanda milli idarə sistemini rus idarə və məhkəmə sistemi ilə əvəz etməklə bu vaxta qədər dövlət və məhkəmə aparatında müxtəlif gəlirli vəzifələr tutan bəylərin və ruhani dairələrinin silki imtiyazlarına ciddi zərbə vurdu və təbiidir ki, bu onların böyük narazılığına səbəb oldu. Bunun ardınca, 1841-ci il aprelin 25-də çar hökuməti yeni bir fərman verərək Azərbaycan ağalarını torpaqdan məhrum edir, onların əlində olan həm torpaqlar, həm də kəndlilər əlindən alınır, əvəzində isə onlara «ömürlük ödənc» təyin olunurdu. Belə bir fərmanı çar hökuməti tiyuldar bəylər haqqında da həyata keçirmək fikrində idi. Hətta fərmanın mətni də hazırlanmışdı. Lakin Qafqazda, o cümlədən Azərbaycanda kəndli iğtişaşlarının artması, əhali içərisində narazılığın durmadan artması, çarı bu fərmana qol çəkməkdən çəkindirdi. Beləliklə, çar hökumətinin 1840-1841-ci illərdə həyata keçirdiyi islahatlara bağladığı ümid özünü doğrultmadı. Çar hökuməti açıq-aşkar başa düşdü ki, yerli feodalların köməyi olmadan çarizmin bu ərazilərdə möhkəmlənməsi qeyri-mümkündür. Ona görə də əvvəlki səhvlərini aradan qaldırmaq, Azərbaycan feodallarının imtiyaz və hüquqlarını tanımaq və rəsmiləşdirmək üçün 6 dekabr 1846-cı ildə yeni bir fərman verdi. Əgər biz bu gün həmin fərman haqqında bir fikir söyləmək istəyiriksə, mütləq ondan əvvəlki fərmanları diqqətlə təhlil etməli, onların doğurduğu vəziyyəti öyrənməli, sonra isə bu fərmanı qiymətləndirməliyik. Hətta fərmanın verilməsindən sonra onun həyata keçirilməsi ilə bağlı olan sənədlər də bu fərmanla həmahəng öyrənilməlidir. Yalnız bu halda qanun sənədinin dolğun, düzgün, obyektiv öyrənilməsindən söhbət gedə bilər.
Azərbaycanla bağlı çar hökumətinin qanunvericilik mənbələri bir sıra nəşrlərdə öz əksini tapıb. Bunların içərisində birinci yerdə Rusiya imperiyası qanunlarının tam külliyyatı (RİQTK) durur. I Nikolay 1825-ci ildə hakimiyyət başına gələndən sonra qüvvədə olan qanunvericiliyi bir növ sahmana salmaq, onları sistemləşdirmək üçün qraf Speranskinin başçılığı ilə xüsusi kodifikasiya komissiyası təşkil etmişdi. Speranskinin komissiyası öz işinin nəticəsi kimi 1830-cu ildə «Rusiya imperiyası qanunlarının tam külliyatını» nəşr etdirdi. 45 cilddən ibarət olan bu birinci nəşrə 1649-cu ildən 1825-ci il dekabrın 12-nə qədər verilmiş aktlar daxil edilmişdir. Nəşrdə aktlar xronoloji ardıcıllıqla verilmişdir. Lakin bir sıra qanun aktları həmin nəşrə daxil edilməyib. Bunlardan bəziləri Speranskiyə bəlli deyildi, bir qismini o diqqətəlayiq olan qanunlar hesab etmədiyi üçün, bir qismini isə siyasi mülahizələrə görə külliyyata salmamışdı. Bu nəşr üçün nəzərdə tutulan adlar və predmet göstəricisində də həmin çatışmazlıqlar var.
I Nikolayın taxta çıxmasından sonra verilmiş qanunlar II nəşrə daxil edilmişdir. 55 cilddən ibarət olan II nəşrə 12 dekabr 1825-ci ildən 1 mart1881-ci ilə qədər verilmiş qanunlar daxil edilib. Nəşr 1884-cü ildə başa çatdırılıb. III Aleksandr taxta çıxandan sonra RİQTK-nin III nəşrini həyata keçirilməyə başlayıb. Bu nəşr 33 cilddən ibarət olub, 1881-ci il martın 1-dən 1913-cü ilə qədər (1913-cü il də daxil olmaqla) verilmiş qanunları əhatə etmişdir. Nəşr başa çatdırılmamışdır. Lakin nəzərdə tutulan bütün dövrü əhatə etmədiyindən, 1917-ci ildə III nəşrin çapı sona çatdırılıb.
«Rusiya imperiyası qanunlarının tam külliyatı» bütövlükdə 133 cilddən ibarət olub, 1649-cu ildən 1913-cü ilə qədərki 264 illik tarixin qanun sənədlərini özündə əks etdirir. Lakin bu külliyyat heç də Rusiya imperiyasında qəbul edilmiş bütün fərmanları və digər aktları əhatə etmir. I nəşr kimi, eynilə II və III nəşrlərin tərtibi zamanı bəzi qanunlar əhəmiyyətsiz sayıldığından, bir sıra qanunların gizli saxlanması zərurətindən bir çox qanun sənədləri bunlara daxil edilməmişdi. Bundan başqa bir sıra səhmdar cəmiyyət, birlik və şirkətlərin nizamnamələri, səhər, zemstvo və kredit idarələrinin sərəncamları, ayrı-ayrı nazirliklər tərəfindən qüvvəyə mindirilmiş qanunlar burada öz əksini tapmayıb. Odur ki, onları burada axtarmaq əbəsdir. Bütün nöqsan cəhətləri ilə bərabər bu külliyyat bu gün də Cənubi Qafqazın Rusiya imperiyasının tərkibində olduğu dövrdə onun tarixini öyrənmək üçün qiymətli mənbələrdən biri sayılır.
Qanun sənədlərinin böyük bir qismi, qüvvədə olan qanunlar yenə də Speranskinin komissiyası tərəfindən 1832-ci ildə 2-ci nəşr olunmuş 15 cildlik «Rusiya imperiyası qanunları külliyyatı»na (Свод законов Российской империи) daxil edilib. Qanunlar külliyyatı 1835-ci ildə qüvvəyə mindirilib. Əgər Rusiya imperiyası qanunlarının tam külliyyatında xronoloji ardıcıllıq əsas götürülübsə, Qanunlar külliyyatında tematik prinsip, yəni sahələr üzrə prinsip əsas götürülüb. Bundan başqa qeyri-məsələdən bəhs edən bir sıra qanun aktlarının ümumiləşdirilmiş şərhi verilir. Speranskinin komissiyası nəşri hazırlayanda və onun nəşri ilə əlaqədar mətbuatda gedən məlumatda nəzərdə tutulurdu ki, bu nəşr sonrakı illərdə təkrar çap olunacaq. Lakin 1832-ci və 1857-ci ildən başqa XIX əsrdə onun yeni nəşri həyata keçirilmədi, yalnız ona əlavələr dərc olunur və ayrı-ayrı hissələri təkrar nəşr edilirdi. Qanunlar külliyyatı qüvvədə olan qanunvericiliyi əhatə etdiyi üçün onun qeyri–rəsmi nəşrləri həyata keçirilirdi.
İslahatdan sonrakı dövrdə ilbəil «Svod»a əlavələr dərc olunurdu. Bu əlavələrdə fərmanlar, əsasnamələr, qaydalar və s. qanunvericilik aktları «Svod»un ayrı-ayrı qanunlarına əlavə kimi nəşr olunurdu. «Svod» islahatdan sonrakı dövrdə yenidən nəşr olunmayıb, yalnız onun ayrı-ayrı cildləri yeni qanunvericilik aktlarına uyğun şəkildə yenidən işlənmiş halda nəşr edilib. 1892-ci ildə «Svod»un XVI cildi çapdan çıxıb. Onun bir I hissəsinə 1864-cü il Məhkəmə fərmanları daxil idi.
Qanunvericilik aktlarının külliyyatda sahələr üzrə qruplaşdırılması ayrı-ayrı məsələlər üzrə qanunvericiliyin öyrənilməsini asanlaşdırır. Məsələn, külliyyatın IV cildi «Mükəlləfiyyətlər haqqında nizamnamələrdər», X cild «Mülki və mərz» qanunlarından bəhs edir. Lakin nəzərdə tutmaq lazımdır ki, qanunvericilik aktları maddələr şəklində yazılarkən onların mətninin bir-birinə uyğun olan hissələri atılır, mətnin özü isə izah şəklində verilirdi. Odur ki, «Qanunlar külliyyatın»dakı qanunlar öyrənilərkən onların qanunvericilik aktlarının əsli ilə tutuşdurulması vacibdir.
1862-ci ildən etibarən qüvvədə olan qanun sənədləri «Hökumət əmrləri və sərəncamları külliyyatı» adı altında nəşr edilməyə başladı. Bu nəşri Senat həyata keçirirdi və bu dövrü nəşr idi. Əvvəllər həftədə iki dəfə, sonralar gündəlik, XX əsrin əvvəllərində isə bəzən gündə 2-3 nömrəsi sapdan çıxırdı. Bu külliyyatda nəşrinə icazə verilən bütün aktlar çap olunurdu. Bu nəşrdə olan bütün sənədlərin ümumi sayı 200 minə yaxındır. Lakin bunların heç də hamısı qanunvericilik aktları deyil.
Qanunvericilik sənədlərinin böyük bir qismi, xüsusən də bu sadaladığımız nəşrlərə daxil edilməyən qismi «Russkiy arxiv», «Russkaə starina», «Russkoe istoriçeskoe obhestvo», «Russkoe qeoqrafiçeskoe obhestvo» və s. jurnallarda dərc olunub.
Bunlardan başqa bir sıra idarələr də sahələr üzrə qanunvericilik sənədləri külliyyatları nəşr etdirirdilər. Məsələn, «Hərbi qərarlar külliyyatı», «Dəniz qərarları külliyyatı» və s.
Qafqazla bağlı qərarların böyük bir qismi bu adını çəkdiyimiz külliyyatlarda dərc olunub.
Qafqazla bağlı daxili və xarici siyasət aktlarının böyük bir hissəsi «Qafqaz Arxeoqrafik Komissiyasının Aktları» adlanan külliyyatda toplanıb. Bu külliyyatda toplanmış sənədlər bütövlükdə Cənubi və Qafqaz xalqlarının tarixini öyrənmək üçün son dərəcədə qiymətlidir. Külliyyatda Qafqaz canişinliyinin Tiflis şəhərindəki arxivində mühafizə olunan sənədlərin bir hissəsi daxil edilib. Bu nəşr məşhur şərqşünas Adolf Petroviç Berjenin adı ilə bağlıdır.
XIX əsrin əvvəllərində Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra Rus hökuməti XIX əsrin 40-50-ci illərindən etibarən ona tanış olmayan bu diyarın hərtərəfli və elmi cəhətdən tədqiqinə başlayır. Bu ərazi artıq Rusiya imperiyasının tərkibinə qatılmışdı, onun siyasi, iqtisadi, ictimai, mədəni həyatına qovuşmuşdu. Şəhərlərdə ruslaşdırma məqsədilə yeni tədris müəssisələri açılır, Rusiya elmi cəmiyyətlərinin filialları yaradılırdı – coğrafiya, arxeologiya cəmiyyətləri, Qafqaz arxeologiyasını sevənlər cəmiyyəti, Qafqaz statistika komitəsi, Qafqaz arxeoqrafiya komissiyası və s. yaradılır. Bu sonuncu 1864-cü ildə aprel ayında əlahəzrətin göstərişi ilə Tiflisdə yaradılmışdı və məşhur şərqşünas A.Berje onun sədri təyin edilmişdi. Həmin komissiya AKAK-ın nəşrini həyata keçirmişdi. Bu nəşr haqqında məlumat daha dolğun olsun deyə, Berje və onun fəaliyyəti haqqında:
Adolf Berje Peterburqda fransız ailəsində anadan olmuşdu. Peterburq universitetinin Şərqşünaslıq fakültəsinin (ərəb, fars, türk dərəcəsi üzrə) şərq dilçiliyi şöbəsini 1851-ci ildə bitirmişdi. Bir müddət İranda işləmiş, 1859-cu ildən isə Qafqaz canişinliyində xüsusi məsələlər üzrə məmur kimi fəaliyət göstərmişdir. Berje Qafqaz xalqlarının tarixini, adət-ənənələrini, poeziyasını etnoqrafiyasını yaxşı bilirdi. Onun elmi maraq dairəsi olduqca geniş idi. Məsələn, 1855-ci ildə o, «Qarabağlı Camal Cavanşirin əsəri»ni (farscadan tərcümə) çap etdirmişdi. 60-cı illərdə şərq poeziyasına yüksək qiymət verən Berje Azərbaycan şairlərinin yaradıcılığını öyrənir, onların şerlərinin tərcüməsi üzərində işləyir. 1868-ci ildə «Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz» adlı məqalə yazır. Bir ildən sonra həmin mövzuda Leypsikdə onun monoqrafiyası çapdan çıxır ki, burada alman dilində Vaqifin, Qasım bəy Zakirin, Məhsətinin, Aşıq Pərinin, Mirzə Fətəli Axundovun və başqalarının şerlərinin tərcüməsi verilmişdi. Bir ildən sonra 1870-ci ildə yenə onun Almaniyada «Mirzə Şəfi» adlı məqaləsi çap olunur. Azərbaycan poeziyasına belə maraq onun Mirzə Fətəli Axundovla üniyyəti nəticəsində yaranmışdı, o Mirzə Fətəli Axundovla həm xidməti, həm də şəxsi dostluq telləri ilə bağlı idi. Axundov da Qafqaz canişininin dəftərxanasında şərq dilləri üzrə dilmanc kimi xidmət edirdi. Bu əlaqə onları daha da yaxınlaşdırmışdı.
1864-cü ildə Qafqaz arxeoqrafiya komissiyası yaradılandan ta 1886-cı ildə ölümünə qədər Berjenin fəaliyyəti bu komissiya ilə bağlı olub və o Qafqaz arxivindəki sənədləri nəşr etdirməklə məşğul olub. Berje həm Qafqazda çoxillik iş təcrübəsi olan məmur kimi, həm sənədlərin tarixi əhəmiyyətini qiymətləndirməyə qabil olan bir şərqşünas kimi, eyni zamanda həddindən artıq işgüzar bir şəxs kimi bu komissiyanın sədri vəzifəsinə tamamilə uyğun gəlirdi.
Komissiyanın qarşısında mühüm vəzifələr qoyulurdu. Qafqazın Rusiyaya birləşdirilməsindən yarım əsr keçirdi. Bu dövr mühüm hadisələrlə zəngin idi. Həmin vaxt ərzində Rus çarizmi Qafqazı öz müstəmləkəsinə çevirmək üçün hücum siyasətini daha da fəallaşdırmışdı, burada o Britaniya diplomatiyasının səylərinə qarşı durmağa məcbur idi. Həmin vaxt ərzində iki rus-İran, iki rus-türk müharibəsi baş vermişdi. Rusiya bir çox illər əzrində Qafqaz dağlılarının mübarizəsi ilə üz-üzə gəlmişdi. Rus diplomatları ardı-arası kəsilmədən İrandan və Türkiyədən bu ölkələrdəki daxili vəziyyət haqqında məlumatlar göndərirdilər, Rusiyanın inzibati dairələri Qafqaz xalqlarının inzibati idarəçiliyini rus inzibati idarəçiliyinə tabe etmək tədbirləri həyata keçirirdilər. Bu və başqa hadisələr Qafqaz arxivlərindəki sənədlərdə öz əksini tapmışdı.
Komissiya bu arxivlərdəki sənədləri nəzərdən keçirməli, onları oxumalı, sistemləşdirməli, ən mühümlərini seçib onları nəşr etdirməli idi. Materialların əsas hissəsini Qafqaz canişinləri dəftərxanası Baş arxivinin sənədləri təşkil edirdi. Komissiya işə başlayanda, 1864-cü ildə bu arxivdə 128 min iş və minlərlə oxunmamış sənədlər var idi ki, bunlar da 877 qalın cilddə toplanaraq XVIII əsrin II yarısından 1855-ci ilə qədərki dövrü əks etdirirdi. Materialların nəzərdən keçirilib seçilməsi işini bilavasitə Berje özü yerinə yetirmişdi. O, ömrünün düz 21 ilini «Aktlar»ın nəşrinə həsr etmişdi. Onun sağlığında XI cild çapdan çıxmışdı, XII cildi isə hazırlamağa başlamışdı, lakin nəşr edə bilməmişdi. XII cild onun ölümündən sonra çapdan çıxıb.
«Aktlar»ın I cildi 1866-cı ildə, yəni komissiya işə başlayandan il yarım sonra, sonuncu 12-ci cild – 1887-ci ildə. Bu nəşrdə sənədlər xronoloji – sistemativ prinsip əsasında yerləşdirilib: hər cild Qafqazda növbəti baş hakimin (40-cı illərdən etibarən isə canişinin) idarəçiliyi dövrünü əhatə edir. Burada materiallar iki hissəyə bölünür: 1. diplomatik və hərbi-siyasi sənədlər; 2. Qafqazda mülki idarəçilik sahəsinə dair sənədlər (burada səhiyyənin, təhsilin, sənayenin, maliyyənin və ruhanilərin fəaliyyəti haqqında hesablar verilir). Hər cilddə 1000-1200 səhifə var, mətn iki sütun şəklində çap olunub. Şərq dillərində olan sənədlərin rusca tərcüməsi verilib. Ərəb və Fars dillərində olan sənədləri Berje özü, türk dilində olanları – diplomatik dəftərxananın ştatda olan dilmançı M.F.Axundov tərcümə etmişdilər. Qafqaz dillərindən tərcümə etmək üçün etnoqraf və tarixçi «Qafqaz» qəzetinin köhnə əməkdaşı N.Q.Berzenov dəvət olunmuşdu, nəsr çox düşünülmüş şəkildə və diqqətlə hazırlanmışdı. Bütün Şərq sənədlərinin yenidən tərcüməsi həyata keçirilmişdi (orijinalı saxlanmamış mətnlərdən başqa), bunların haqqında xüsusi redaktor qeydləri edilmişdi. Bütün 12 cildin hamısı redaktorun – Berjenin qeydləri ilə təchiz olunmuşdur. Xüsusi və coğrafi adların göstəricisi verilib. VI cilddən başlayaq hər dövrün görkəmli Qafqaz xadimlərinin bioqrafik lüğəti verilmişdir. Keçən əsrdə tərtib olunmuş çox az nəşrlərin belə göstəriciləri olmuşdur.
«Aktlar»ın nəşri II Aleksandrın kiçik qardaşı, Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçin nəzarəti və himayəsi altında həyətə keçirilirdi. Polioqrafik cəhətdən nəşr çox gözəl işlənib, qızıl haşiyəli kağız da, illüstrasiyalarla və portretlərlə təchiz olunub. «Aktlar»ın belə tərtibi onunla əlaqədar idi ki, çap hökuməti bu nəşri nümayiş nəşri (paradnoe izdanie), Rusiyanın əzəmətini şöhrətləndirən bir nəşr kimi, rus silahının qüdrətini əbədiləşdirən bir nəşr kimi nəzərdə tuturdu. Nəşr çox sahəli idi və bu onun tirajını müəyyənlişmişdi – cəmi 250 nüsxə buraxılmışdı və hər cildin qiyməti 25 manat idi.
«Aktlar»da verilmiş sənədlər Qafqaz tarixinin XVIII əsrin ikinci yarısından 1862-ci ilə qədər olan dövrü əhatə edir. Sənədlər sahələr və ölkələr üzrə qruplaşdırılmışdır. Burada Qafqazın Rusiya tərəfindən işğalına, Qafqazın kənd təsərrüfatı və sənətkarlığına, daxili və xarici ticarətinə, gəmiçiliyin inkişafına, bu regionda yolların bərpa edilməsinə ölkədə səhiyyənin vəziyyətinə, Qafqaz canişinliyinin fəaliyyətinə, Rusiyanın İran və Türkiyə ilə müharibələrinə, Şamil hərəkatına dair sənədlər çap edilmişdir. «Aktlar» onların tərtib olunmasından I əsrdən artıq vaxt keçməsinə baxmayaraq bu gün də Qafqazın tarixinin öyrənilməsi üçün çox qiymətli mənbə hesab olunur. Lakin qiymətli mənbə olmaq etibarilə «Aktlar» nöqsansız da deyildir. Başlıca nöqsan ondan ibarətdir ki, burada rus çarizmi tərəfindən Qafqazda yeridilən müstəmləkəçilik siyasətini birbaşa açıqlayan heç bir sənəd yoxdur, burada olan sənədlərin əksəriyyəti birtərəflidir.
Rus çarizminin Qafqazla bağlı qəbul etdiyi qanun sənədlərinin bir hissəsi «Kolonialnaya politika rossiyskoqo çarizma v Azerbaydjane v 20-60-x qq. XIX v.» adlı II hissəli sənədlər toplusunda nəşr olunub. Külliyyat M.L., 1936-cı ildə çapdan çıxıb. Məsələn, 1870-ci il 14 may Əsasnaməsinin mətni həmin külliyyatda çap olunub.
Xarici siyasət aktları.XIX əsrin əvvəllərinin xarici siyasət aktlarından bəhs edərkən ilk növbədə 1802-ci il dekabr ayının 26-da imzalanmış Georgiyevsk müqaviləsini qeyd etmək lazımdır. Müqavilə imzalamazdan əvvəl Şimali Qafqazda rus komandanlığı ilə Azərbaycan və Dağıstanın bəzi feodal hakimləri arasında danışıqlar olmuşdu. Georgiyevsk müqaviləsinə görə müqaviləni imzalayan Quba və Talış xanları, həmçinin Dağıstanın bəzi feodal hakimləri öz xahişlərinə əsasən Rusiyanın «Ali himayəsi altına» qəbul olunurdular. İran tərəfdən basqın olacağı təqdirdə onlar Rusiya ilə birgə hərəkət etməyi, tacir karvanları hərəkətinin təhlükəsizliyini təmin etməyi və öz hakimiyyət dairələrində eyni kömrük qoymağı öhdələrinə götürürdülər. 1803-cü ildə Rusiya tabeçiliyini qəbul etmək haqqında təəhhüdə Bakı xanlığının nümayəndəsi də imza etdi. Yeni bu təəhlüdə görə Bakıya rus qoşunları daxil olmalı idi.
1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə rus qoşunları tərəfindən alındıqdan və Cavad xan və oğlu döyüş meydanında qəhrəmancasına həlak olduqdan sonra qonşu Türkiyə və İran narahat olmağa başladılar. Nəticədə 1804-cu il iyunun 16-da Rusiya-İran müharibəsi başlandı. İran qoşunlarının Qarabağ xanlığına soxulacağından ehtiyat edən İbrahimxəlil xan Kürəkçay sahilində düşərgə salmış rus qoşunlarının Qafqazda baş komandanı Sisyanovun yanına gəldi və 1805-ci il mayın 14-də onların arasında tarixi ədəbiyyatda Kürəkçay müqaviləsi adı altında tanınan müqavilə imzalandı. Müqavilə «Andlı öhdəlik», adlanır. Müqavilənin mətni «AKAK»ın II cildində, səh.702-705-də, Sisyanovun çar I Aleksandra 22 may 1805-ci il tarixli rapontunun mətnində çap edilmişdir. Kürəkçay müqaviləsi XI maddədən ibarətdir. Müqaviləyə görə Qarabağ xanı Rusiyanın vassalı olmasını qəbul edir, hər hansı bir digər dövlətlə müstəqil münasibətlər saxlamaq hüququndan rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürür, Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşunlarını yerləşdirirdi. İbrahim xan öz nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlamaq üçün göndərməli idi. İbrahim xan çar qoşunları general-leytenant rütbəsi alaraq birbaşa çap baş komandanına tabe edilirdi. Bununla yanaşı müqavilənin V maddəsində çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək hüquqlarına heç vaxt toxunmayacağını öhdəsinə götürürdü. IX maddədə imperator əlahəzrətləri İbrahimxəlil xanın Tiflisdə girov saxlanılacaq nəvəsinin dolanışığı üçün gündə 10 gümüş manat bəxş edəcəyini bildirirdi. X maddədə qeyd edilirdi ki, müqavilə əbədi müddətdə bağlanır və heç bir dəyişikliyə uğramamalıdır. XI maddədə imperator tərəfindən bu müqavilənin təsdiqinin 6 ay müddətində və ya mümkün olsa, daha tez olmasını nəzərdə tuturdu.
Kürəkçay müqaviləsi Rusiya ilə Qarabağ xanlığı arasında münasibətləri siyasi yolla həll etmiş bir sənəd kimi mühüm əhəmiyyətə malikdir. Müqavilə 1822-də, yəni 17 il keçəndən sonra Qarabağ xanlığının çap hökuməti tərəfindən ləğv edilməsi ilə rəsmi qüvvəsini itirmiş oldu.
Buna oxşar ikitərəfli müqavilə 1805-ci il mayın 21-də Kürəkçay sahilindəki düşərgədə Şisyanovla şəki xanı Səlim xan arasında imzalanıb. Burada əsasən Kürəkçay müqaviləsinin şərtləri təkrar olunurdu, yalnız xəracın miqdarı 7 min çervonla müəyyən edilir, rus qoşunları isə xanlığın baş şəhərində deyil, gələcəkdə tikiləcək qalada yerləşdirilməli idi.
1805-ci il dekabrın 27-də Şirvan xanlığının Rusiyanın hakimiyyəti altına köçməsi haqqında sazişi Mustafa xan imzaladı. Bü muqavilə də yuxarıdakı müqavilələrə oxşayırdı. Lakin burada rus qoşunlarının mütləq Şamaxıda yerləşdirilməsi haqqında heç bir söz deyilmirdi. Rusiya komandanlığı Kür çayının aşağı axarlarında Cavad qəzasında istehkamlar tikmək hüququ aldı. Şirvan xanlığının hər il verəcəyi xəracın miqdarı 8 min çervon müəyyən edildi. Mustafa xan Şirvandan köçən karvanların təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürürdü.
XIX yüzilliyin xarici siyasət aktları içərisində Azərbaycanın Rusiya tərəfindən işğalının I mərhələsini başa çatdıran və Azərbaycan xalqının tarixi taleyində çox ağır izlər qoymuş Gülüstan müqaviləsi xüsusi yer tutur. Bu müqavilə birinci Rus-İran müharibəsinin, 1804-1813-cü illərdə olmuş müharibənin nəticəsi kimi imzalanmışdı. Artıq 1812-ci ildə ağır məğlubiyyətlərə düçar olan İran müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşdü. Sülh danışıqları hələ 1812-ci ilin sentyabrında başlanmışdı, Aslan düzdə gedirdi. Həmin ilin sonunda danışıqları Qarabağın Gülüstan kəndində aparmaq qərara alındı. Bu danışıqların getməsinə İngiltərə hökuməti hər vasitə ilə mane olmağa çalışırdı. Buna baxmayaraq, 1813-cü il oktyabrın 1-də arada barışıq imzalanmış, bundan sonra Rtişşev və Mirzə Əbdül Həsən müqavilənin maddələrini razılaşdırmağa başlamış, oktyabrın 12-də isə sülh bağlanmışdı. Müqavilə «Əbədi sülh haqqında traktat» adlanırdı. I Aleksandr İranla sülh bağlanması haqqında manifestin layihəsini 1813-cü il dekabrın 12-də Friburda imzaladı, lakin Rumyantsev Peterburqda manifesti alanda orada səhv tapdı (Rusiyaya keçən Qarabağ və Gəncə xanlıqlarının adı yox idi. (Buna görə də 1814-cü il sentyabrın 14-də ratifikasiya olunmuş sülh haqqında çap manifesti yalnız 1818-ci il iyulun 16-da, müqavilənin mətni isə 1818-ci il avqustun 7-də elan edilmişdi.
Gülüstan müqaviləsinin mətni T.Yuzefoviçin «Doqovorı Rossii s Vostokom (politiçeskie i torqovıe), Spb., 1869; «AKAK»ın V cildində (səh.734-747) nəşr olunub.
Gülüstan traktatı XI maddədən ibarətdir. Gülüstan traktatına əsasən İran Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarından, Şərqi Gürcüstana və Dağıstana olan iddiasından əl çəkir və onların Rusiyaya birləşdirilməsini təsdiq edirdi. Müqavilə Rusiyaya Xəzər dənizində hərbi donanma saxlamaq və hər iki ölkə tacirlərinə sərbəst ticarət etmək hüququ verir, rus tacirləri İranın daxilində kömrük vergilərindən azad olunurdular. İndi isə maddələrin qısa məzmununa diqqət yetirək:
1. düşmənçiliyin və narazılığın aradan qaldırılması və əbədi sülhün, dostluğun və tarazlılığın yaradılması;
sərhədlərin müəyyən edilməsi;
3. Rusiyaya keçən xanlıqların sadalanması;
4. Şahın varislərinə rus çarizmi tərəfindən kömək göstərilməsi haqqında;
5. Rusiya və İran hərbi və ticarət gəmilərinin Xəzərdə sərbəst üzməsi və Rusiyanın Xəzərdə hərbi gəmilər saxlamaq hüququnu təsdiq edirdi;
6. Əsirlərin geri qaytarılması;
7. Səfirlər və konsullar;
8. Rus tacirlərinin və İran tacirlərinin bu ölkələrdə azad, sərbəst ticarət haqqında;
9. Rusiya-İran ticarəti üçün 5%-li kömrük pulu haqqında;
10. Hər iki ölkə tacirlərinin sərhəd kömrüklərindən azad edilməsi haqqında;
11. müqavilənin təsdiqi və ratifikasiyası haqqında;
Müqaviləni Rusiya tərəfindən Rtişşev, İran tərəfindən Mirzə Əbdül Həsən imzalamışdı. «Əbədi sülh haqqında traktatın» nəşri ilə əlaqədar olaraq 1818-ci il iyulun 16-da verilmiş çap manifestini I Aleksandr özü imzalamışdı.
Gülüstan müqaviləsi Türkmənçay müqaviləsinin XI maddəsi ilə qüvvədən düşmüş elan edilirdi.
Məlumdur ki, İran Rusiya ilə Gülüstan sülhünü imzaladıqdan sonra Qafqazın əldən verilməsi ilə heç cür razılaşmaq istəmirdi və 1826-cı il iyulun 16-da 60 minlik İran ordusu Abbas Mirzənin komandanlığı altında Azərbaycanın şimal torpaqlarına soxuldu. Rusiya ilə İran arasında yeni müharibə başlandı.
1826-1928-ci illərdə ikinci Rus-İran müharibəsi nəticəsində İran məğlubiyyəti uğradı və 1828-ci il fevralın 10-da Cənubi Azərbaycanda, Təbriz yaxınlığında Türkmənçay kəndində bu iki dövlət arasında yeni müqavilə imzalandı. Bu müqavilə vahid Azərbaycan xalqını iki yerə parçaladı və onun torpaqlarının şimal hissəsi Rusiyaya, cənub hissəsi isə İranla birləşdirildi. Bu zamandan etibarən Azərbaycanın şimal torpaqları Rusiyanın müstəmləkəsinə çevrildi.
Türkmənçay müqaviləsi 16 maddədən ibarətdir. Müqavilənin maddələri haqqında danışmazdan əvvəl qeyd etmək lazımdır ki, hələ 1826-cı ildə, yəni İranın Rusiyaya müharibə elan etməsi ilə bağlı olaraq sentyabrın 16-da Rusiyanın verdiyi «Bəyannamə»də gələcək sülh müqaviləsinin başlıca müddəaları qabaqcadan bildirilmişdi. Burada A.P.Yermolovun və A.S.Menşikovun 1826-cı il noyabrın 17-də Xarici İşlər Naziri qraf.Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmışdı. Layihə 1827-ci ilin mart-aprel aylarında müzakirə edildikdən sonra sülh traktaktını və xüsusi ticarət aktını əsaslandıran təlimat da hazırlanmışdı. Yeni müqavilənin şərtləri haqda çar reskripti artıq 1827-ci mayın 24-də Cəlaloğlu yaxınlığındakı rus hərbi düşərgəsinə göndərilmişdi.
Barışıq danışıqları ilk dəfə 1827-ci ilin fevralında başlamış, noyabrın 6-da Dehqarqanda davam etdirilmişdi. Rusiya nümayəndə heyətinə Paskeviç, Qriboyedov, Obrezkov, Amburger, Kiselyov və dilmanclar Bakıxanov və Vlaqali, İran nümayəndə heyətinə isə Abbas Mirzə, qaıməqan Fərrahani, bəylərbəyi Fətəli xan, stats-katib Mirzə Məhəmməd Əli və fransızca bilən dilmanc Mirzə Məsud daxil idi. Təzminat məsələsi üzrə meydana çıxan ciddi narazılıqlar nəticəsində danışıqlar kəsilmiş və 1828-ci il fevralın 6-da yenidən bərpa olunmuşdu. Qriboyedov Türkmənçay traktaktının ayrı-ayrı maddələrinin irəli sürülməsində mühüm rol oynamışdı. Paskeviç qeyd etmişdi ki, 4 və 13-cü maddələr Qriboyedov tərəfindən «yaxşılaşdırılmış», 14-cü maddə isə genişləndirilmişdir. Ermənistana və təzminata aid maddələr dəyişikliyin əsas hissəsini təşkil edirdi. Tarixi ədəbiyyatda 12, 14 və 15-ci maddələrin müəllifi Qriboyedov sayılır. (AKAK, VII cild, səh. 644-645).
Müqavilə qeyd etdiyimiz kimi, 1828-ci il fevralın 10-da imzalandı. Rusiya üçün bu müqavilənin imzalanmasının necə böyük əhəmiyyət kəsb etməsini sübuta yetirməyə ehtiyac yoxdur. Bircə onu demək kifayətdir ki, hökumət elə şadyanalıq edirdi ki, hətta müqavilinin imzalanması şərəfinə həmin gün rus torpaqlarından 101 yaylım atəşi açılmışdı.
Müqavilə 1828-ci il martın 20-də Rusiya, iyulun 3-də İran tərəfindən ratifikasiya edilmişdir.
Müqavilənin şərtlərinə görə, Naxçıvan xanlığı, Ordubad dairəsi, İrəvan xanlığı Rusiyanın tərkibinə daxil oldular. Bununla da bütün Cənubi Qafqaz qəti şəkildə Rusiyaya birləşdirildi. Xəzər dənizində yalnız Rusiyanın hərbi dəniz donanma saxlamaq hüququ haqqında Gülüstan müqaviləsinin 5-ci maddəsi bir daha təsdiq olunurdu. İran Rusiyaya 20 milyon manat təzminat verməli idi (gümüş pulla). (Əvvəl bu 30 milyon manat kimi müəyyənləşdirildi, lakin mübahisə doğurdu) Rusiya Abbas Mirzəni İran taxt-tacının vəliəhdi kimi tanıyırdı. Hər iki dövlətin qarşılıqlı şəkildə səfarətxana açması nəzərdə tutulurdu.
Müqavilənin mətni «Azərbaycan tarixi üzrə qaynaqlar»da dərc olunub. XV maddənin bir parçasından İranda yaşayan ermənilərin Zaqafqaziyaya köçürülməsi üçün istifadə edilmişdi. Bu maddəyə əsasən, İrandan, sonra isə Türkiyədən İrəvan xanlığının ərazisinə, Qarabağa və Azərbaycanın başqa əyalətlərinə erməni əhalisinin kütləvi köçürülməsi və yerləşdirilməsi başlanmışdı. Nəticədə, yerlərdə demoqrafiya nisbəti dəyişikləyə məruz qalmışdı. Məs; Əgər İrəvan xanlığının yerində yaranan qondarma «Erməni vilayətində» azərbaycanlıların xüsusi çəkisi 1828-də 73,8% idisi, 1834-35-də 46,2%-ə enmişdi. Əgər Qarabağ ərazisində 1823-də 8,4% erməni yaşayırdısa, 1832-də kameral sayına görə Qarabağ əyalətində 32,4 min (64,8%) azərbaycanlı və 17,4 min (34,8%) erməni qeydə alınmışdı.
XIX əsrin Azərbaycanla əlaqədar olan xarici siyasət aktlarından bəhs edərkən 1806-1812-ci illərdə Rusiya ilə Türkiyə arasında olmuş müharibəni başa çatdırmış Buxarest sülh müqaviləsi də qeyd olunmalıdır. Müharibə Türkiyənin məğlubiyyəti ilə nəticəlindiyindən Qafqazda Türkiyəyə mənsub olan torpaqların sərhəddində heç bir dəyişiklik olmadı və Türkiyə Qafqazın böyük hissəsinin Rusiya tərəfindən işğal edilməsini tanımalı oldu.
1828-29-cu illərin Rusiya Türikiyə müharibəsindən sonra imzalanan Ədirnə sülhü və Rusiyanın bu müharibədə qələbəsi Azərbaycanın və bütün Qafqazın Rusiyaya birləşdirilməsini bir daha təsdiq etdi.
Xarici siyasət aktlarının tarixi mənbə kimi çox böyük əhəmiyyəti var. Bütövlükdə qanunvericilik sənədlərinin öyrənilməsinə tətbiq edilən üsul və metodlar bu aktlara da tətbiq olunur. Mənbələrin tam halında öyrənilməsi, onların əbədi-hüquqi və müqayisəli təhlili zəruri şərtlərdir. Onların tam halınıda öyrənilməsi ilk əvvəl bu aktların hazırlanması mərhələsində meydana çıxan sənədlərin, müqavilə layihələrinin, imzalanmış müqavilələrin, onların təsdiqi və nəşri ilə əlaqədar olaraq verilmiş manifestlərin və s. öyrənilməsini, daha sonra isə imzalanmış və qüvvəyə mindirilmiş qanunvericilik sənədlərinin həyata keçirilməsi ilə bağlı materialların öyrənilməsini, bu məsələ ilə əlaqədar sonrakı dövrlərdə verilmiş aktların qarşılıqlı əlaqədə öyrənilməsini tələb edir.
Məs; Gülüstan sülhündə, onun 8,9 və 10 maddələri 2 ölkə arasında ticarət münasibətlərinə həsr olunmuşdur. Bu maddələrin tətbiqi ilə əlaqədar hökmən 8 oktyabr 1821-ci il imtiyazlı ticarət tarifli (Cənubi Qafqaza gətirilən Avropa mallarının da 5%-li gömrük pulu aid etmişdi), 1831-ci il 3 iyun tarixli «Qadağan tarifi» (yasaqlı tarif – Xarici malların Cənubi Qafqaza gətirilməsinə çox yüksək kömrük qoyulduğundan, onların axını dayandırıldı və Qafqaz Rusiyanın qapalı sənaye malları bazarına və xammal istehsalçısına çevrildi) öyrənilməlidir.