Ядябиййат сийащысы
Dr.Gustav Kruger History of Early Christian Literature. New York, 1969.
Harry Y.Gamble Books and Readers in the early Church. A History of Early Christian Texts. Yale University Press. New Haven-London, 1995.
Erkən orta əsr şərq mənbələri
Erkən orta əsrlər dünya tarixində yeni bir mərhələnin, feodalizmin, başlanması və iki yeni dinin, xristianlığın və islamın, yayılması ilə xarakterizə olunur. Bu iki faktor dünya xalqlarının nəinki iqtisadi və mənəvi, eyni zamanda siyasi və sosial həyatında iniqilabi dəyişikliklərə səbəb oldu. Dünyanın siyasi xəritəsində yeni dövlətlər, dövlətlərin ərazisində yeni etnoslar və bu etnosların mənəvi-etik, mədəni normativlərini və sosial təfəkkürünü formalaşdıran kriteriyalar yaranmağa başlandı. Dünya tarixinin ziddiyyətli, rəngarəng və mürəkkəb hadisələri ilə zəngin olan bu mərhələsinin bərpası bilavasitə şərq mənbələrinə söykənir. Qədim tarixi ənənələrə malik farslar, albanlar, ermənilər, gürcülər, suriyalılar və sairələrinin yaratdıqları əsərlər erkən feodalizm dövrü reallıqlarının bərpasında mühüm əhəmiyyət kəsb edirlər. Erkən orta əsr şərq mənbələrinin özünəməxsus xüsusiyyətləri ilk növbədə onların yarandığı tarixi şərait, onları yaradanların siyasi baxışları, maraq və məqsədləri prizmasından izah və təhlil olunmalıdır.
Alban mənbələri
Erkən orta əsr alban tarixi təfəkkürünün formalaşması alban dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi, alban yazısının tərtibi və Qafqaz Albaniyası ərazisində xristianlığın yayılması ilə bir dövrə təsadüf edir. Məhz bu dövrdə alban tarixi ənənələrinin dirçəldilməsi, alban çarlığı və alban kilsəsində irsilik və vərəsəlik prinsipinin qorunması fikrinin möhəmləndirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi fundamental tarixi əsərlərin yaradılmasını zəruri edir. Bu məqsədlə Mehrani sülaləsinin ən nüfuzlu hökmdarı Cavanşir ölkəsinin ümumi tarixinin yazılmasını sifariş edir. Bütövlükdə Albaniyada yaradılmış tarixi mənbələri tarixi-təsviri, dini, və qanunvericilik olmaq şərtilə üç qrupa bölmək olar. Birinci qrupa Moisey Kalankaytuklunun «Alban tarixi», Mxitar Qoşun «Alban salnaməsi», Kirakos Qanzakesinin «Tarix» adlı əsərlərini daxil etmək olar.
M.Kalankaytuklunun «Alban tarixi» əsəri VII əsr Azərbaycan tarixi üzrə yerli orijinal yazılı mənbədir. Mənbə dövrümüzə qrabar dilində gəlib çatmışdır. Əsər haqqında ilk məlumatı X əsr erməni katolikosu Anani Monasi verir. «Alban tarixi»nin müəllifi haqqında ilk məlumata isə XII-XIII əsr müəllifi Mxitar Ayrivansinin əsərində rast gəlinir. M.Kalankaytuklunun əsərindən hissələr ilk dəfə olaraq, 1848-ci ildə fransız tədqiqatçısı E.Borenin fransız dilinə tərcüməsində nəşr olunmuşdur. 1860-cı ildə əsər bütünlüklə qədim erməni dilində N.O.Emin tərəfindən Moskvada işıq üzü görmüşdü. Əsərin rus dilində ilk nəşri 1861-ci ildə K.Patkanyan tərəfindən həyata keçirilmişdir. XX əsrin 60-cı illərində əsər ingilis dilində Ç.Dovset tərəfindən Londonda nəşr etdirilmişdir. İndiyə qədər M.Kalankaytuklunun «Alban tarixi» əsərinin üç siyahısı müəyyənləşdirilmişdir: 1) Eçmiadzin siyahısı iki redaksiyadan (1279-1311-ci illər redaksiyası və tarixi müəyyən edilməmiş bir redaksiya) ibarətdir; 2) Peterburq siyahısı 1829-cu il redaksiyasından ibarətdir; 3) Matenadaran siyahısı isə səkkiz, 1289, 1829, 1664, XVIII əsr, 1761, 1839, 1848, 1858-ci illər, redaksiyasından ibarətdir. M.Kalankaytuklunun tarixi əsərinin tədqiqi erməni alimi T.İ.Ter-Qriqoryana və azərbaycanlı albanşünas F.C.Məmmədovaya məxsusdur. T.Ter-Qriqoryan belə hesab edir ki, «Alban tarixi» əsəri iki müəllif tərəfindən yazılmışdır. Əsərin qədim dövrdən VII əsrə qədər olan dövrünü əhatə edən birinci iki kitabı Moisey Kalankaytkulunun, VII-X əsrləri əhatə edən üçüncü kitabı isə Moisey Dasxuransinin əməyinin məhsuludur. Bu fikirlə Azərbaycan tarixşünaslığı da (Z.M.Bünyadov, F.C.Məmmədova) razılaşır.
«Alban tarixi» əsərinin dövrümüzə qrabar dilində gəlib çatmasına baxmayaraq, onun orijinalının alban dilində yazılması ehtimal olunur. Tədqiqatçıların fikrincə əsərin tərcüməsi ya alban, ya da erməni dilini yaxşı bilməyən şəxs tərəfindən həyata keçirilmişdir. Əsərin qrabar dilinə tərcüməsi isə çox güman ki, siyasi-sosial faktorlarla, yəni Albaniya əhalisinin bir qisminin erməniləşməsi və alban kilsəsinin qriqorianlaşması və erməni katolikosatlığının siyasəti ilə izah olunmalıdır.
M.Kalankaytuklunun «Alban tarixi» əsərinin mənbəşünaslıq bazası olduqca geniş olmuş və əsər yerli yazılı və şifahi alban mənbələrindən başqa, erməni, gürcü, yunan, roma, bizans və suryani mənbələr əsasında tərtib edilmişdir. Əsərdə kompilyativ (köçürülmə) hissələrə rast gəlinsə də, bu hal kütləvi xarakter daşımır. Bundan başqa müəllif köçürülən faktlara özünəməxsus şərh və düzəlişlər etməklə onlara tamam başqa rakursdan yanaşır. «Alban tarixi» əsərinin müəllifinin ilkin informasiya mənbəsi erməni tarixi məktəbi nümunələri, xüsusən də F.Buzandın «Tarix» əsəri olmuşdur. Lakin erməni mənbələrindən fərqli olaraq, M.Kalankaytkulu əsərində Albaniya tarixinə aid olmayan hadisə və faktların şərhindən qaçır, ölkəsinin tarixini daha dərindən və hərtərəfli təhlil edir, erməni kilsəsi və erməni naxararlarının mövqeyini müdafiə edən informasiyaya tənqidi yanaşır. Əsərin quruluşu onun tərtibi zamanı iki xronoloji sistemdən istifadə edildiyini söyləməyə əsas verir. Əsərdə daxili hadisələr Alban çarları və katolikoslarının hakimiyyət illəri üzrə, xarici hadisələr isə İran və Bizans şahlarının hakimiyyət illəri üzrə şərh olunur.
Qafqaz Albaniyası tarixi məktəbinin ikinci böyük siması XII-XIII əsr müəllifi Mxitar Qoş olmuşdur. Tovuzlu Vardapet Yoxanesin şagirdi olmuş Mxitar Qoş 1130-cu ildə Gəncədə anadan olmuşdur. M.Kalankaytukludan fərqli olaraq, M.Qoşun milliyyəti mübahisə doğurur və bir qrup alim onun alban olduğunu qəbul etmir. Ənənəvi olaraq, erməni tarixşünaslığı M.Qoşun erməni müəllifi olduğunu iddia edir. Lakin bu məsələdə Azərbaycan tarixşünaslığında da mübahisə var. Məs., Albaniya tarixinin tədqiqatçılarından biri T.M.Məmmədov M.Qoşun erməni olduğunu qəbul edir. Təhsilini Kilikiyada tamamlamış M.Qoş 1184-cü ildə alban katolikosu III Stepannosla münaqişədən sonra Xaçenə köçür və yerli knyaz Vaxtanqın köməyi ilə Yeni Qetik monastrını inşa edərək, ömrünün axırınadək orada yaşayır. Dövrünün görkəmli alimlərindən sayılan M.Qoş ensiklopedik biliyə malik olmuşdur. Onun «Alban salnaməsi» əsəri XII əsrin sonlarında qələmə alınmış və əsasən səlcuq dövrü tarixini, yəni 1130-1162-ci illərin tarixini, əhatə edir. Əsərin indiyə qədər iki redaksiyası: 1) Venesiyadakı mxitarçı San-Lassaro monastrında yerləşən 1237 saylı nüsxə və 2) unitar monastrında yerləşən 8 saylı nüsxə, müəyyən edilmişdir. Əsər ilk dəfə 1901-ci ildə erməni dilində F.Əlişanyan tərəfindən çap olunmuşdur. 1958-ci ildə əsərin ingilis variantı Ç.Dovset tərəfindən həyata keçirilib. Qələmə aldığı tarixi hadisələrin bilavasitə şahidi və müşahidəçisi olmuş alim tədqiqatçıların fikrincə M.Dasxuransinin əsərini davam etdirmək istəmiş, lakin ölkədə başlayan siyasi gərginlik üzündən bu işi başa çatdıra bilməmişdir.
Alban tarixi məktəbinin üçüncü tarixi-təsviri nümunəsi Kirakos Qanzakesi tərəfindən yaradılmışdır. K.Qanzakesi, XIII əsrin müəllifi, M.Qoşun şagirdi Vanakan Vardapetin tələbəsi olmuşdur. M.Qoş K.Qanzakesinin xaç atası olmuşdur. Olduqca maraqlı və ziddiyyətli bir dövrün müasiri olmuş K.Qanzakesinin tarixi salnaməsi dini xarakterli mənbələrə (Qeysəriyyəli Yevseviy, Sokrat Sxolast və s.), müqəddəs kitab, alban, erməni mənbələrinə söykənir. Əsər ilk dəfə rus dilində Bakıda 1946-cı ildə T.İ.Ter-Qriqoryanın redaktəsi altında «Tarix» adı ilə nəşr olunmuşdu. Maraqlıdır ki, 1976-cı ildə həyata keçrilən Moskva nəşrində kitab «Erməni tarixi» adı ilə çap olunmuşdu. Əsərdə Cənubi Qafqazın üç dövlətinin tamamlanmış tarixi verilir. Erməni tarixi 22, alban tarixi 18, gürcü tarixi isə 7 fəsildən ibarətdir. Əsərin maraqlı xüsusiyyətlərindən biri Qafqaz xalqlarının siyasi tarixinin qarşılıqlı əlaqəli şəikldə təsvir edilməsidir. K.Qanzakesi «Tarix» əsərində Cənubi Qafqaz xalqlarının siyasi tarixindən başqa, dini məsələlər, beynəlxalq münasibətlər, Hülaki işğalları və bu işğalların adı çəkilən ərazidə doğurduğu əks-sədanı təsvir edir. Albaniyanın tarixi ta qədim, əfsanəsi dövrdən, monqol işğallarına qədər təsvir edilir. Qeyd etmək lazımdır ki, K.Qanzakesinin əsərinin bu hissəsi kompilyativ xarakter daşıyır, erməni mənbələri və M.Kalankaytuklunun əsəri əsasında tərtib edilmişdir.
Alban mənbələrinin ikinci qrupunu qeyd edildiyi kimi dini mövzuda yazılmış əsərlər təşkil edir. Ermənistandan fərqli olaraq, Albaniyada Sasani nüfuzunun uzun müddət saxlanılması, atəşpərəstliyin böyük sosial bazası, xristianlığın isə əksinə, geniş yayılmaması tarixi-dini əsərlərin və aqioqrafik (müqəddəslərin həyatı) nümunələrin Cənubi Qafqazın digər regionları ilə müqayisədə nisbətən zəif formalaşmasına səbəb olmuşdur. Digər tərəfdən albanların yazılı mənbələrə loyal münasibəti də yazılı abidələrin qorunub saxlanılmasına mane olmuşdur. Nəticədə dövrümüzə alban dini ədəbiyyatından yalnız iki nümunə gəlib çatmışdır. Onlardan birincisi Mehrani Cavanşirin ölümünə şair Davdəkin həsr etdiyi elegiyadır. Mənbə VII əsr abidəsi hesab edilir. Əsərdə müəllif Cavanşirin ölümünün Albaniya üçün ağır itki olduğunu vurğulayır. İkinci mənbənin müəllifi artıq qeyd olunmuş Mxitar Qoşun «Xosrov Qanzaklının həyat və əzabları» adlı əsəridir. Əsər XII əsr nümunəsidir və iki hissədən ibarətdir. Əsərin giriş hissəsində səlcuq işğalları dövrü baş vermiş ara müharibələri və feodal toqquşmalarının nəticəsində alban xalqının düşdüyü ağır və acınacaqlı vəziyyət təsvir olunur. Əsərin ikinci hissəsində isə müəllif bilavasitə qəhrəmanın, yəni Xosrov Qanzaklının, faciəsindən bəhs edir.
Alban yazılı abidələrinin üçüncü qrupu qanunvericilik sənədlərini təşkil edir. Bu qrup bir neçə mənbə ilə təmsil olunmuşdur. Onlardan birincisini III Vaçaqanın hakimiyət dövrünə təsadüf edən Aquen kilsə məclisinin qəbul etdiyi qanunlar məcəlləsi təşkil edir. Mənbə V əsrin sonlarında yaradılmışdı və xristian albanların ictimai-siyasi və sosail-iqtisadi həyatının tənzimlənməsi məqsədi daşıyırdı. Mənbə 21 maddədən ibarətdir ki, bunlar da şərti olaraq, dörd qrupa bölünürlər. Birinci qrupa din xadimlərinin status, vəzifə, hüquq və səlahiyyətlərini müəyyənləşdirən maddələr daxil edilmişdir. İkinci qrup din xadimləri ilə ali təbəqənin münasibətlərini nizamlayan maddələrdən ibarətdir. Üçüncü qrupa isə dini institutlarla sadə xalqın əlaqələrini nizamlayan maddələr aiddir. Nəhayət, dördüncü qrup hüquqi xarakterli maddələrdən təşkil olunmuşdur. Alban qanunvericilik abidəsinin ikinci nümunəsini isə Partav kilsə məclisi qanunları təşkil edir. VIII əsrə təsadüf edən bu mənbə haqqında çox təəssüf ki, olduqca səthi təsəvvürümüz var.
Nəhayət, alban qanunvericilik abidəsi nümunəsi kimi Mxitar Qoşun «Datastanaqirk» (Qanunnamə) əsərini göstərmək olar. Mənbə 1954-cü ildə İrəvanda «Erməni qanunnaməsi» adı ilə nəşr olunsa da, onun məhz alban xalqına aid olduğunu göstərən bir neçə fakt mövcuddur. Albanşünas alim F.Məmmədovanın fikrincə Mxitar Qoşun «Qanunnamə»sinin yaranmasının bir neçə səbəbi olmuşdu: 1) ərəb işğallarından sonra yaranmış tarixi şərait xristian albanların ictimai həyatını nizamlamaq üçün xüsusi hüquqi sənədə ehtiyacı olduğunu göstərdi. Xristian ermənilərin bu dövrə qədər istifadə etdikləri Odznesinin «Kanonaqirk»i albanların tələbatını ödəmədiyi üçün onlar öz qanunnamələrini yaratmalı idilər; 2) müxtəlif din və təriqətlərin gücləndiyi bir vaxtda yad dini-siyasi təzyiqlərdən qorunmaq üçün belə bir sənədin yaradılması zəruri idi; 3) qonşu xristian kilsələrin təzyiqindən qorunmaq üçün albanlar öz qanunnamələrini yaratmalı idilər. Mxitar Qoşun qanunnaməsi erməni xalqı üçün yazılsaydı, bu qanunnamənin yaranmasından 100 il sonra yeni bir erməni qanunnaməsinə, yəni Smbat Sparpetin «Qanunnamə»sinə, heç bir ehtiyac olmazdı. Belə ki, tarixən ermənilər uzun əsrlər stabil olaraq, bir qanunnamənin müddəaları altında yaşamağa üstünlük vermişlər. VIII əsrdən XII əsrədək ermənilər Odznesinin «Kanonaqirk»indən istifadə etmişlər. Mxitar Qoş öz qanunnaməsini yaradarkən Odznesinin qanunnaməsinə müraciət etmişdir. Bütün bu faktlar sübut edir ki, digər alban mənbələrinin acı taleyi, yəni süni şəkildə erməniləşdirilməsi, Mxitar Qoşun qanunnaməsindən də yan keçməmişdir.
Beləliklə, tarixi şərait və məlum səbəblər üzündən Qafqaz Albaniyası ərazisində yaradılmış alban dilli yazılı mənbələrin hamısı dövrümüzə qədim erməni dilində (qrabarda) gəlib çıxmışdır. Bu mənbələrin təhlili və informasiya mənbəsinə çevrilməsi onlara tənqidi yanaşmanı tələb edir. Belə ki, alban mənbələrinin böyük əksəriyyəti erməni tarixi məktəbinin nümunələrin əsasında yaradılmışdır. Bu səbəbdən mənbələrdə qeyd olunan informasiya və şərhlərin yoxlanılması və parallel, yəni sinxron mənbələrlə tutuşdurulması zəruridir. Digər tərəfdən alban mənəbələrinin yaradıcılarının özləri də alban kilsəsinin apologeti kiimi çıxış edərək, bəzən informasiyanın obyektivliyi prinsipini pozmuşlar. Erkən orta əsr tarixi təfəkkürünün formalaşması dövrü üçün normal sayılan bu xüsusiyyətlər həmin dövrün mənbələrindən istifadə edilərkən nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |