Dünyanın fəlsəfi mənzərəsi çox rəngarəngdir, fəqət bütün bunlar dünya-insan münasibətləri ətrafında qurulur. Bu əsasda fəlsəfi bilikdə şərti olaraq obyektivist və subyektivist adlandırılan iki aparıcı xətt yaranmışdır.
Obyektivist konsepsiyalar materialist və yaxud idealist olmalarından asılı olmayaraq dünyaya üstünlük verir və hesab edir ki, о bütün hallarda obyektivdir, yəni öz mövcudluğunda və keyfiyyətlərində subyektin istəyindən asılı deyil. Həqiqət hamı üçün eynidir. Obyektivist konsepsiyanın ən parlaq misalı
Hegelin və Marksın fəlsəfəsidir. Bu təlim insan həyatında idrakın rolunu çox yüksək qiymətləndirir, çünki hesab edir ki, rasional bilik bizi həqiqət ilə bilavasitə birləşdirir və dünyanı necə varsa elə də göstərir.
Subyektivizm obyektivizmin əksidir. Bütün yaşayan subyektlər üçün ümumi olan dünya çoxlu xırda «dünyalar» ilə əvəz edilir. Mən özüm üçün Kainatam və hədsiz dərəcədə tənhayam, çünki heç kim həbsxanaya çevrilən fərdi dünyamı mənimlə bölüşdürə bilməz. J.P.Sartrın fəlsəfəsi bu tip subyektivizm üçün parlaq misal ola bilər. O, hesab edirdi ki, öz iradəsindən asılı olmayaraq «varlığa atılmış» insan tamamilə azaddır. Ümumi həqiqət və ümumi qaydalar yoxdur. Hər bir insan özünəməxsus qorxu və risk ilə öz həyatını yaşayır, nə istəyirsə onu da edir və yalnız öz qarşısında cavab verir. Ümumi həqiqətlərə və görüşlərə tabe olmaq özünə xəyanətdir.
Yaspers üçün (Toynbinin dediyi kimi) tarix şəxsiyyət yaradıcılığının nəticəsidir, şəxsiyyətdən kənarda heç bir tarix ola bilməz. O, yazırdı: «Tarix arın-ayrı adamların daim və təkidlə irəliyə doğru hərəkətidir. Onlar başqalarını da öz arxalarınca getməyə çağırır. Onları eşidənlər və başa düşənlər bu hərəkata qoşulurlar».
Şəxsiyyət problemini öyrənmək üçün ilk lazım olan «fərd» anlayışıdır. Hərfi olaraq bu söz hər hansı bir bütövün daha bölünməyən hissəciyidir, özünəməxsus «sosial atom»dur. Ayrı bir insan nəinki insan nəslinin tək nümayəndəsidir, həm də hər hansı sosial qrupun üzvüdür. Bu insanın ən sadə və mücərrəd xarakteristikasıdır.
«Fərdiyyət» termini isə daha zəngin məzmun kəsb edir, insanın bütün şəxsi keyfıyyət və xassələri ilə birlikdə unikal və təkrarolunmaz varlıq olduğunu ifadə edir.
Fərd konkret insandır və anadangəlmə Homo sapiens xüsusiyyətləri ilə yanaşı həm də sırf fərdi keyfiyyətlərə də malikdir. Bu onun həm təbii qabiliyyətinə, həm psixi xassələrinə (yaddaş, təxəyyül, temperament, xarakter) və təfəkkür qabiliyyətinə (mühakimə, fıkir), tələb və ehtiyaclarına aiddir. Bu mənada biz insanın fərdiliyi haqqında danışırıq. «..Fərdiliyə həmin fərdi başqa kütlədən fərqləndirən xassə və qabiliyyətin cəmi kimi tərif vermək olar».
Z.Freyd insan yığını deyəndə bir qrup adamın təşkilatlanmış toplusunu, kütlə deyəndə xüsusi təşkil olunmuş insan toplusunu nəzərdə tuturdu. Burada fərdlər arasında bəzi ümumi cəhətlər yaranır: müəyyən situasiyada ümumi maraq, bir-birinə təsir etmək qabiliyyəti və s.
Subyektin fəaliyyət, şüur və idrak daşıyıcısı kimi başa düşülməsi Yeni dövr fəlsəfəsindən başlayır. Bu da həmin fəlsəfə üçün xarakterik olan subyektivizm ilə əlaqədardır. Müasir fəlsəfə üçün subyekt hər şeydən əvvəl elə konkret cismani fərddir ki, məkan və zamanda yaşayır, müəyyən mədəniyyətə daxildir, özünün tərcümeyi-halı var, başqa insanlar ilə müxtəlif əlaqələrdə olur.
İnsan haqqında bəzi elmlərdə həm də kollektiv subyekt anlayışı var. Belə subyekt müəyyən fəaliyyət, idrak və kollektiv şüur normalarının daşıyıcısı, onlara daxil olan fərdlər arasındakı qarşılıqlı əlaqə sistemi kimi başa düşülür.
Cəmiyyətə münasibətdə insanın rolunu mütləqləşdirmək hiperindividualizm adlanır. İnkişaf etmiş Qərb ölkələrində indiki zamanda sinif və yaxud hər hansı sosial təbəqə deyil, məhz fərd (individ) diqqət mərkəzində durur. Qərb cəmiyyətində bir fərdin tələbatının onun qabiliyyətinə uyğun şəkildə ödənilməsi müşahidə edilir. Bir neçə şəxsiyyətin bir mənəvi bütöv halında birləşməsi hiperşəxsiyyət adlanır. Bu halda şəxsiyyətin siması onun şəxsiyyətlərarası münasibətlər sistemi ilə əlaqəsindən asılı olur.
İlk növbədə fiziki-bioloji şəxsiyyət və yaxud Mən adlanan insan anlayışı irəli sürülür. Bu insanın bədəni və yaxud cismani cəhətdən təşkil olunması, şəxsiyyətin ən dayanıqlı cismani xassələrə və özünü hiss etməyə əsaslanan komponentdir.