Söz birləşmələri və cümlə Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.
Söz birləşmələri və cümlənin Oxşar cəhətləri
İstər söz birləşmələri, istərsə də cümlələr sözlərin birləşməsi yolu ilə yaranır. Məsələn: Yazın gəlişi – Yaz gəldi. Gözəl vətən – Vətən gözəldir və s.
İstər söz birləşmələrində, istərsə də cümlələrdə sözlərin müəyyən sıralanma qaydası var. Məsələn: Sular durulanda – Sular duruldu. Maraqlı kitab – Maraqlı kitabdır. Fəhlələrin iş günü – Fəhlələrin iş günüdür və s.
Söz birləşmələri bitmiş fikir ifadə etmir və onda intonasiya bitkinliyi olmur. Məsələn: uşaqların səsi, qarlı dağlar, şagirdlərin oxuması və s. Cümlələrdə isə hökmən bitmiş fikir və intonasiya bitkinliyi olur. Məsələn: Uşaqlar gəlirlər. Dağlar qarlıdır. Şagirdlər oxuyurlar və s.
Söz birləşməsi bir sözdən ibarət ola bilmir. Dilimizdə bir sözdən ibarət olan cümlələr isə vardır. Məsələn: Axşamdır. Sakitlikdir. İstidir və s.
Ümumiyyətlə, cümlə söz birləşməsindən daha böyük dil vahididir. Belə ki, söz birləşmələri cümlənin tərkibinə daxil olur.
Söz birləşmələrində əsas və asılı tərəflər Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir. Dilimizdə, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. Məsələn: çalışqan şagird, məktəb həyəti, vətənini sevən birləşmələrindəki birinci tərəflər asılı tərəflərdir. Həmin tərəflər ikinci tərəfə tabe olaraq onları müxtəlif cəhətdən izah edir. Bu xüsusiyyətinə görə asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir. Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir.
Söz birləşmələrinin növləri Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.