nazirlər»ə və « canişinlər»ə - həvalə edir. Bununla da hökmdar öz üzərinə düşən hakimiyyət yükünü əhəmiyyətli dərəcədə azaldır, müəyyən mənada hakimiyyəti digər insanlarla bölüşdürmək yolu ilə olmuş olsa belə.
Lakin bu hakimiyyət qazanılmış hakimiyyət deyildir, pay verilmiş hakimiyyətdir. Pay verilmiş bu yeni hakimiyyət strukturlarının öncə mövcud olan hakimiyyət strukturları üzərində nəzarəti həyata keçirə bilmələri üçün isə onların yeni qüvvələrlə gücləndirilməsinə, deməli ki, daha çox adamın idarəetməyə cəlb edilməsinə ehtiyac yaranır və bu ehtiyacın ödənilməsi ilə, idarəetməyə cəlb edilən insanların sayının çoxalması ilə dövlətin ümumi xəzinəsindən pay alanların, bir qədər müasir, və buna görə də həm də bir qədər kobud deyilərsə, dövlətin büdcəsindən əmək haqqı alanların sayı da artır və bu say bütün əhalinin olmasa da, paytaxtın və canişin iqamətgahının yerləşdiyi şəhərlərin əhalisinin sayı ilə müqayisə oluna biləcək bir həddə çatdıqda dövlət tədricən əksəriyyətin idarəetmədə təmsil olunduğu formanı, əksəriyyətin müəyyən hakimiyyət payına malik olduğu formanı, politiya formasını alır.
PAY VERİLƏN HAKİMİYYƏT:
POLİTİYA
Politiya əksəriyyətin idarəetmədə təmsil olunduğu, əksəriyyətin müəyyən hakimiyyət payına malik olduğu dövlət forması olaraq öz başlanğıcını o tarixi məqamdan götürür ki, hökmdar burjualaşmağa doğru istiqamət götürən şəhər üzərində hakimiyyətini möhkəmlətmək üçün nazir institutunu, əyalət rəhbərlərinin separatizminin qarşısını almaq üçün isə canişin institutunu təsis edir, mövcud hakimiyyət strukturlarının fəaliyyətinə nəzarət etmək üçün nazirin və canişinin sərəncamında yeni hakimiyyət strukturlarını yaradır və hökmdar bununla da həm öz üzərinə düşən hakimiyyət yükünü əhəmiyyətli dərəcədə azaldır, həm də digər insanlara da hakimiyyət payı vermiş olur. Beləliklə, bir tərəfdən nazirlərin, digər tərəfdən isə canişinlərin hökmdardan bir pay olaraq aldıqları althakimiyyət strukturları yaranır.
Bu məqamın bir qədər təfərrüatlarına varsaq yuxarıda diqqətə çatdırılan həmin tezis özünün konkret ifadəsini həm də onda tapmış olur ki, hökmdar bir tərəfdən özünün xüsusi fərmanla təyin etdiyi və böyük səlahiyyətlər verdiyi nazirə müəyyən bir sahənin idarə olunmasını həvalə edir, onun sərəncamında yeni hakimiyyət strukturlarını yaratmaqla yanaşı, həm də eyni zamanda indi onun tabeçiliyinə verilən sahənin öncə idarə olunmasında iştirak edən məmurları onların bütün məiyyətləri ilə birgə «nazir»in nəzarətinə1 və əslində həm də hakimiyyətinə verir2 və bu hakimiyyətin real və effektiv olması üçün nazirin özünə də althakimiyyət strukturları yaratmaq hüququnu verir. Nazirin statusu ənənənin vəzirə və vəkilə aid etdiyi statusların yaradıcı sintezi nəticəsində formalaşır. Lakin nazir statusu əlbəttə ki vəzirin də, vəkilin də statuslarından fərqlidir. Belə ki, nazir vəzirdən fərqli olaraq yalnız məsləhətçi, müşavir deyildir, o, həm də real və birbaşa hakimiyyət sahibidir. Amma bununla yanaşı vəzirin statusunda nazirin statusundan daha geniş olan bir məqam da vardır. Nazir hökmdarın yalnız ona həvalə etdiyi sahə üzrə məsləhətçisi ola bilir, vəzirin müşavirliyində isə belə bir sahə məhdudiyyəti yoxdur. Nazirin statusunun hüquqi varisi olduğu vəkilin statusundan, yəni öncə hökmdar sarayından kənarda dövlət başçısının bilavasitə nümayəndəsi olaraq maliyyə və iqtisadi işlərə başçılıq edən, rütbəsi və ənənəvi statusu o zaman üçün yüksək hesab edilən məmurun statusundan fərqliliyi isə ondadır ki, nazir dövlət başçısının yalnız sadəcə olaraq nümayəndəsi deyildir, o, həm də nəzarətində olan sahə üzrə müstəqil surətdə qərar qəbul edə bilən və təsisatlar yarada bilən, hətta hüquqi-normativ aktlar belə qəbul edə bilən hakimiyyət sahibidir.
Hökmdar digər tərəfdən, bir-birinin qonşuluğunda yerləşən bir sıra əyalətləri vahid bir canişinlikdə birləşdirir, bu canişinliyin idarə olunmasını özünün xüsusi fərmanla təyin etdiyi və böyük səlahiyyətlər verdiyi canişinə həvalə edir, onun sərəncamında yeni hakimiyyət strukturlarını yaratmaqla yanaşı, həm də eyni zamanda indi onun tabeçiliyinə verilən əyalətlərin öncə idarə olunmasında iştirak edən məmurları, bütün əyalət rəhbərlərini, yerli idarə başçılarını onların bütün məiyyətləri ilə birgə canişinin nəzarətinə və əslində həm də hakimiyyətinə verir. Əyalətlərin canişinliklərdə birləşdirilməsi, daha doğrusu onların canişinliyə daxil edilməsi, canişinin tabeçiliyinə verilməsi əyalətlərin siyasi statusunu azaldır, əvvəlki əyalətlər indi qəza inzibati-ərazi statusunu, əvvəlki əyalət rəhbərləri isə qəza rəisi statusunu alırlar. Hökmdar bununla da həm inzibati-ərazi vahidlərinin siyasi əhəmiyyətini, həm də əyalət rəhbərlərinin, yerli idarə başçılarının siyasi çəkisini azaldır və bu əsasda da inzibati-ərazi vahidlərinin daha effektiv, daha yaxından idarə olunmasına nail olur. Bununla razılaşmayan və buna hər hansı bir formada müqavimət göstərən yerli rəhbərlərin müqavimətini isə canişin səlahiyyətinə verilmiş qoşun hissələrinin köməyi ilə çox asanlıqla qırır və onları özünün təyin etdiyi yeniləri ilə əvəzləyir.
Canişin də nazir kimi vəkil institutunun bir davamıdır, əgər vəkil hökmdarın hər hansı bir məsələ ilə bağlı saray xaricində səlahiyyətli nümayəndəsi kimi çıxış edirsə, nazir kimi elə canişin də hökmdarın hökmdar sarayı xaricində səlahiyyətli nümayəndəsi kimi çıxış edir, amma onların hər ikisinin vəkildən fərqi ondan ibarətdir ki, canişinin və nazirin özləri də hökmdar sarayı xaricində bir saray sahibləridirlər.
Sabir Rüstəmxanlının obrazlı şəkildə “balaca padşahlar” adlandırdığı althökmdarların – nazirlərin və canişinlərin1 vəziyyəti ikimənalıdır. Althökmdar, bir tərəfdən hakimiyyət sahibidir, iradəsini öz məmurlarına və məiyyətinə diktə etdirmək səlahiyyətinə malikdir. Amma, digər tərəfdən nazir də, canişin də althökmdar olmaqla yanaşı, həm də məmurdur, hökmdarın xidmətindədir və hökmdara qulluq edir. Nazir də, canişin də yarıhökmdar, yarıməmurdır.
Bu səbəbdən də, nə nazir, nə də canişin özünü heç zaman sözün tam mənasında rahat, azad hiss edə bilmir, əksinə özünü həmişə gərginlik altında hiss edir. Güclü hakimiyyətə malik olduqları üçün tabeliklərində olanları həmişə gərginlik altında saxlaya bilsələr də, onların özləri də öz başları üzərində onlardan qat-qat güclü olan hökmdarın durduğunu bütün ağırlığı ilə hiss edirlər, özlərini hökmdarın zəhmi altında hiss etdiklərindən, mənəvi rahatlıq, könül pərvazlanması, poeziya onlara əslində yaddır. Məiyyətlərinə göstəriş vermək hüquqları böyük olsa da, hökmdara hesabat vermək məsuliyyətləri daha böyükdür. Althökmdar hər bir hərəkətinin hökmdar tərəfindən necə qarşılanacağını daimi olaraq ölçüb-biçir, hər bir addımını hökmdar qarşısında hesabat vermə məqamını zehnində tutaraq atır, əməllərini bir çox hallarda bu əməllər barədə xəyalən hesabat hazırlaya-hazırlaya yerinə yetirir. Görünür elə bu səbəbdəndir ki, tiraniya dövrü həm də poeziyanın gur inkişafı ilə səciyyəvi olduğu halda, monarxiya dövrü isə həm də cəmiyyətin ümumi həyatında dramaturgiyanın gur inkişafı ilə səciyyəvi olduğu halda, politiya dövrü dövlətə xidmətin dövlətdən hakimiyyət payı alınması ilə yanaşı həm də prozanın gur inkişafı ilə səciyyəvidir. Poeziya göstəriş verənin, dram göstərişin yerinə yetirilməsinə müqavimət göstərənin, proza isə göstərişin yerinə yetirilməsi barədə hesabat verənin üslubudur. Althökmdar tərəfindən göstərişlərin verilməsi dərinliklərdən gələn həqiqət yaşantısının ifadəçisi deyil, xidmətinin xüsusiyyətlərindən irəli gələn vəzifə borcunun ifadəçisi olduğundan bir elə ilhamla, vəcdlə, şövqlə müşayiət olunmadan baş verir. Althökmdar çox böyük səlahiyyətlərə, çox böyük hakimiyyətə malik olduğundan onun verdiyi göstərişlər də bir elə müqavimətlə rastlaşmadan yerinə yetirilir, deməli ki, dramatizm durumunu da doğurmur. Lakin politiyada althökmdarın özündən tutmuş onun ən kiçik əməkdaşına kimi, bütün bu məiyyət kütləsinə belə bir xüsusiyyət xasdır ki, onlardan hər biri rəhbərinə daha yaxşı görünmək, özünü onun qarşısında bəraətləndirmək, özünü və öz əməllərini rəhbəri qarşısında müsbət tərəfdən göstərmək, deməli ki, özünü daimi olaraq hesabata hazırlamaq meyilləri güclü inkişaf etmişdir. Buna görə də politiyada göstəriş verənin deyil, göstərişə müqavimət göstərənin də deyil, göstərişin yerinə yetirilməsi barədə hesabat verənin üslubu, yəni proza aparıcı mövqe tutur.
Rəhbərinə daha yaxşı görünmək, özünü onun qarşısında bəraətləndirmək və özünü daimi olaraq hesabata hazırlamaq meyillərinin məhz politiyada güclü inkişaf etməsi həm də onunla izah oluna bilir ki, althakimiyyət qazanılmış hakimiyyət olmadığı üçün, onun mənbəyi kimi əsasən təyin etmə, vəkalətləndirmə, vəkil etmə, səlahiyyətləndirmə, ixtiyar vermə çıxış etdiyi üçün, yuxarıda göstərilən müəyyən mənada pay olduğu üçün, pay verilən hakimiyyət olduğu üçün əksər hallarda müvəqqəti istifadəyə verilən sərvət mənasındadır. Bu sərvəti althökmdara və onun əməkdaşlarına verən rəhbər bunu onlardan geri ala da bilir.
Maraqlıdır ki, politiya şəraitində oxşar proza hissiyyatını hətta monarxın özü də müəyyən dərəcədə yaşayır. Çünki politiyanın siyasi təkamülü axınında dövlət aparatı iradə icraçısı olmaqdan iradənin subyektinə çevrilməyə başlayır və bu da hətta monarxın özünün statusunu da tədricən məmur statusuna yaxınlaşdırır və əslində bununla da monarxiyanın bir dövlət forması olaraq əsasları sarsılmış olur.
Təbii ki, belə bir sual yarana bilər ki, dövlət aparatının iradə icraçısı olmaqdan iradə subyektinə çevrilməsi nə deməkdir və bu necə baş verir? Yarana bilən bu sualın cavabı isə bir qədər mürəkkəb olduğundan diqqətin daha əhəmiyyətli dərəcədə ona yönəldilməsini tələb edir.
Belə ki, politiyanın tarixi təkamülü prosesində nazirlər və canişinlər özləri də artıq qeyd olunduğu kimi althakimiyyət strukturlarını yaratmaq hüququna malikdirlər və yaradırlar, hakimiyyətin icraçı ilə bölüşdürülmə prinsipi isə özü-özlüyündə politiyanın siyasi həyat normasına çevrilir, pay verilən hakimiyyətin obyektinə də bu paydan pay düşür. Politiyada hakimiyyət səviyyələri və hakimiyyətin iyerarxiyası yaranır, məmurluq bürokratiya xarakterini kəsb edir. Amma bu verilən pay hakimiyyətlər təbii ki hökmdarın hakimiyyətinin azalması hesabına baş verir, bu pay hakimiyyətlər təbii ki hökmdarın hakimiyyətindən verilən paylardır. Hökmdar malik olduğu hakimiyyəti payladıqdan sonra dövlət aparatının özü suveren rolunda çıxış etmiş olur. Dövlət aparatının iradə icraçısı olmaqdan iradə subyektinə çevrilməsi də elə budur. Monarx da bu halda əslində həmin bu suverenin məmuru olur, həmin bu iradə subyektinin icraçısı olur, öz fəaliyyətini də onun fəaliyyət ritmi əsasında qurmalı olur1.
Politiyada monarx əsasən təsisatçı və direktivverən, nazir və canişin isə əsasən idarəedən, təşkilatçı və sərəncamverəndir.
Politiyanın sonrakı təbii inkişafında monarx lazımi təsisatları yaratmağa və öz nazirlərinə və canişinlərinə siyasi problemləri həll edə biləcək lazımı direktivləri verməyə çətinlik çəkdiyini hiss edir və elə buna görə də onlarla daha çox məsləhətləşməyə, elə bil onlardan göstəriş almağa ehtiyac duyur. Bu isə monarxın sosial statusu ilə onun real vəziyyəti arasındakı ziddiyyəti bir qədər də kəskinləşdirir və üstəlik həm onun daxili gərginliyini, həm də cəmiyyətdə sosial-siyasi gərginliyi bir qədər də artırır.
Dövlət aparatı iradənin icraçısı olmaqdan iradənin subyekti olmaq məcrasına düşdüyü məqamdan başlayaraq idarəolunma lingləri də tədricən itirilməyə başlayır.
Belə olduğu halda idarəetmənin öncə mövcud olan linglərinin bərpası meyilləri baş qaldırır.
Əgər politiyanın geriyə, monarxiyaya doğru qayıdışı öz ifadəsini hökmdarın althökmdarlara göstərdiyi təzyiqin yenidən güclənməsində tapırsa, politiyanın daha əvvələ, aristokratiyaya doğru qayıdışı artıq canişinlərin hökmdara göstərdiyi təzyiqin güclənməsi ilə ifadə olunur, monarxiyanın politiya məcrasında təbii təkamülü isə təbəə kütləsinin, ilk növbədə isə nazirlərin simasında dövlət aparatının hökmdara göstərdiyi təzyiqin güclənməsi ilə şərtlənir.
Politiya tarixən formal olaraq monarxiya kimi qiymətləndirilsə də, əslində təkhakimiyyətlilik mənasında başa düşülən monarxiya deyildir, bu mənada başa düşülən monarxiya ilə respublika arasında aralıq mövqe tutur. Bu isə həm də o deməkdir ki, althakimiyyət strukturlarının yaranması ilə monarxiya – təkhakimiyyətlilik öz mənasını bir qədər digər tarixi formada olsa da, yenidən itirməyə başlayır.
Siyasi problemlərin mürəkkəbləşmə dinamikası ilə hökmdarın bu problemləri həll edə bilmə imkanlarının təbii hədləri arasındakı ziddiyyət dərinləşdikcə althakimiyyət strukturlarının əhəmiyyəti və muxtariyyatı artır. Hökmdar althakimiyyət strukturlarının əslində şərikli idarə olunmasında öz üstünlüyünü tədricən itirməyə başlayır. Hakimiyyət yenə də tədricən idarəetmədən ayrılmağa doğru üz qoyur. Hökmdar dövlət hakimiyyəti tərəfindən həll olunmalı olan problemlərə mahiyyət etibarı ilə yadlaşır.
Hökmdarın dövlət hakimiyyəti vasitəsi ilə həll etməli olduğu problemlərə yadlaşdığı şəraitdə hökmdarın iradəsinin yerinə yetirilməsi və ya yerinə yetirilməməsi onun avtoritetindən daha çox, tabeolmanın nə dərəcədə faydalı olub-olmamasından asılı olur. Nazir bu məqamda hökmdarın iradəsini özünə faydalı olduğu üçün və bəzən da özünə faydalı olduğu halda yerinə yetirdiyindən hökmdarın hətta onun özü üçün də tutqun olan iradəsi əksər hallarda yerinə yetirilməmiş qalır. Nazir hökmdara onun iradəsinin artıq yerinə yetirilməsi barədə deyil, digər nazirlərin «günahı ucbatından» yerinə yetirilməməsi barədə hesabat verir.
Öncə althakimiyyət strukturları idarəetmənin effektliliyinin artırılması üçün yaradılmışdı. İndi isə althakimiyyət strukturları sanki dövlət aparatının parçalanması üçün bir zəmin yaradır.
Dövlət aparatının vahid bir mexanizmə çevrilməsi məqsədi ilə nazirlərin müntəzəm olaraq üzləşdirilməsinə və birgə fəaliyyətinə ehtiyac yaranır. Bu ehtiyac nazirlərdən ibarət əvvəlcə məşvərətçi nazirlər şurasının, sonra isə həlledici hüquqa malik nazirlər komitəsinin, yəni hökumətin yaradılması ilə ödənilir.
Lakin hökmdar daha çox hərbçi olduğu üçün, cəngavər mənşəli olduğu üçün nazirlər tərəfindən həll olunmalı olan mülki işlərin təfərrüatına varmır, bu işləri öz ruhuna yad bilir və əməldə də getdikcə daha çox yadlaşdırır, həmin səbəbdən də mülki işlərə ümumi rəhbərlik fəaliyyətini həyata keçirməkdən ötrü hökumətin başçısı statusunda baş nazir institutunu təsis edir və mülki işləri bütövlükdə baş nazirə həvalə edir.
Baş nazir institutunu təsis etməklə, monarx özünün dövlət aparatı qarşısındakı məğlubiyyətini təhtəlşüur səviyyəsində artıq etiraf etmiş olur. Sonradan, kontrasiqnatura aktı ilə isə monarx bu məğlubiyyəti həm şüur səviyyəsində etiraf etmiş olur, həm də onu qanuniləşdirmiş olur.
Baş nazirin siyasi çəkisinin artması ilə isə hətta qoşun başçısı (sərkərdə, sərdar) statusu belə hərbi nazir, və ya müdafiə naziri statusu ilə əvəz edilir və baş nazir bununla da özünü hökmdarla ordu arasına salmış olur və ordu üzərində nəzarət hüququnu əldə etmiş olur.
Hökumətin idarə edilməsini baş nazir statuslu başqa birisinə həvalə etmiş monarxın özü isə əslində hökmdarlıq səlahiyyətlərinin çox böyük hissəsini itirmiş olur. Baş nazirin özü bir qayda olaraq öz sosial mövqeyi etibarı ilə təbəə, bir qədər konkret deyilərsə məmur mənşəli olduğu üçün, təbəə-məmur instinktlərini daha yaxşı başa düşdüyü üçün dövləti də təbəəliyin siyasi instinktlərinə uyğun şəkildə yenidən qurur, təbəəni və ondan daha çox təbəəliyi himayə edir. Zadəganlığı başa düşmədiyi üçün zadəganlığa düşmən kəsilir, zadəganın azad ruhunu qıraraq onu hökmdarın himayəsinə sığınmalı olan təbəəyə çevirmək istəyir, zadəganın öz şərəf və ləyaqətini müstəqil olaraq qoruma əzmini başa düşmür1, zadəganı əksinə olaraq dövlətdən sığınacaq ummağa, məhkəməyə müraciət etməyə çağırır və məcbur edir, feodal qəsrlərini darmadağın edir, zadəganlığın sirrini qanın nəcibliyində və əsl-nəcabətdə deyil, xidmət-mükafat münasibətlərində görür, zadəgan mənşəli yerli idarə rəhbərlərini təbəə mənşəlilərlə əvəz edir, ordunu onun cəngavər mənşəyindən ayırır, orduya muzdlu xarakter verir.
Baş nazirin siyasi instinktləri, idealları və həyat tərzi bir sıra siyasi traktatlarda özünün parlaq ifadəsini tapmışdır. Qədim Hindistanda Arthaşastra, Qədim Çində Şan vilayətinin idarəolunma kitabı, Səlcuqilər imperiyasında Siyasətnamə, İtaliyada Hökmdar və Fransada Siyasi vəsiyyət. Burada sadalanan traktatların demək olar ki, hamısı vaxtilə baş nazir kimi fəaliyyət göstərən insanlar tərəfindən yaradılmışlar. Bu insanlar həmin traktatlarda baş nazir fenomeninin rasionallaşdırılmasına, bu və ya digər şəkildə əsaslandırılmasına və bəraətləndirilməsinə səy göstərmişlər. Tarix Arthaşastranın müəllifinin adını saxlamasa da, onun hansı əsrdə yaşadığını və hansı imperatorun naziri olduğu haqqında məlumatı saxlamışdır. Şan vilayətinin idarəolunma kitabının müəllifi Şan Yan baş nazir institutunun tipik nümayəndəsi idi. Onun tərəfindən irəli sürülən və qismən gerçəkləşdirilən ideyalar öz ifadəsini əslində onun həyata keçirdiyi islahatlardan daha çox, onun qələmə aldığı kitabda tapmışdır. Bu kitab Qədim Çində baş nazir institutunun və bu institutla birgə doğulan və bəlkə də ondan daha mühüm olan bir hadisənin - mərkəzləşdirilmiş dövlətin inkişafına güclü təkan vermişdir. Səlcuqilər imperiyasında baş nazir və ya o vaxtın dili ilə deyilərsə, baş vəzir1 olan Nizam-ül-mülkün Siyasətnaməsi və Fransanı baş nazir institutunun bütün incəlikləri ilə üz-üzə qoyan Rişelyenin Siyasi vəsiyyəti də öz mahiyyəti etibarı ilə Şan vilayətinin idarəolunma kitabı ilə eyni qəbildəndir. Şan Yanın Qədim Çində oynadığı rol Səlcuqilər imperiyasında Nizam-ül-mülkün və Fransada isə Rişelyenin oynadığı rola son dərəcə bənzəyir. Onların hər üçü mərkəzləşdirilmiş dövlət ideyasının həm bir siyasi doktrina kimi nəzəriyyəçisi və həm də müəyyən qədər gerçəkləşdiricisi idilər.
Bununla yanaşı, baş nazir fenomeninə və mərkəzləşdirilmiş dövlət ideyasına aristokratik reaksiya da son dərəcə maraqlıdır. Rişelyenin simasında baş nazir fenomeninə aristokratik reaksiya və nifrət isə öz parlaq ifadəsini dahi fransız yazıçıları Düma, Vinyi və Hüqo tərəfindən yaradılmış obrazlarda tapmışdır. Dümanın Üç müşketyoru Rişelyeni iblis qiyafətində, Vinyinin Sen-Marı – azad zadəgan ruhunun qatili qiyafətində və Hüqonun Marion Delormu isə xalq əleyhinə olan despotik hakimiyyətin simvolu kimi təqdim edir.
Əsasən utilitarist təbəə ruhunun daşıyıcısı olan baş nazirlə əsasən personalist zadəgan ruhunun daşıyıcısı olan hökmdar arasındakı münasibətlər bir qayda olaraq həmişə gərgin və qeyri-müəyyəndir. Bu da görünür elə ondan irəli gəlir ki, baş nazir hökmdarın iradəsinin icraçısı olmalı halda, əslində hökmdar baş nazirin iradəsinin icraçısı olur. Baş nazirin hökmdara olan münasibətləri ikiüzlülük və hiylə üzərində qurulduğu halda, hökmdarın baş nazirə olan münasibətləri kütlük şüuru və təhqir olunmuş ləyaqət hissi üzərində qurulur. Baş nazir siyasi problemləri hökmdara elə izah etməlidir ki, onların həlli üçün özünün nəzərdə tutduğu ideyalar və qərarlar hökmdar tərəfindən söylənilmiş olsun. Hökmdar da öz növbəsində özünü elə göstərməlidir ki, baş nazir guya onun ideyalarını həyata keçirir və guya onun iradəsini yerinə yetirir. Hökmdarın baş nazirə olan münasibəti həm də ona görə ziddiyyətlidir ki, hökmdar baş nazirin özü üzərindəki hakimiyyətini hiss edir və ondakı hökmdarlıq instinkti baş naziri kənarlaşdırmaq istəyini yaradır, lakin hökmdar hiss edir ki, baş nazirin məsləhətlərinə həyati ehtiyacı vardır, onun özü üzərində intellektual hakimiyyəti olmadan keçinə bilmir. Personalist zadəgan ruhunun daşıyıcısı olan hökmdar obyektivist təbəə ruhunun daşıyıcısı olan baş nazirin özü üzərində hökmranlıq zərurətindən xilas olmaq üçün yollar axtarır.
Qeyri-cəngavər ruhlu və qeyri-zadəgan mənşəli insanlara xidmətindən asılı olaraq zadəgan rütbələrinin verilməsi isə aristokratizmin daha dərindən deqradasiyasına gətirib çıxardı.
Aristokratizmə olan tarixi ehtiyacın irsi aristokratizmin imkanlarını üstələməsi yalançı aristokratiyanı törədir. Politiyada elə bu səbəbdən də aristokratiya ilə təbəə arasındakı kəskin sərhəd getdikcə əriməyə başlayır.
Politiyada hətta monarxın özü də tədricən yüksək imtiyazlara malik məmura çevrildiyindən, monarxın hüquqi vəziyyəti dövlət vəzifəsi statusunu kəsb edir və praqmatik əhəmiyyət daşıyır.
Politiyada dövləti xidmət sferaları və səviyyələri mürəkkəbləşdiyi üçün xidmətə uyğun mükafatlandırma sistemi də mürəkkəbləşir. Təbəəni xidmətinə müvafiq şəkildə mükafatlandırma işini uğurla həyata keçirmək üçün pul meydana çıxır.
Pulun meydana gəlməsi ilə bağlı əmtəə istehsalı da özünə geniş meydan tapır.
Bu vaxta qədər başlıca olaraq öncə hökmdar iqamətgahının yerləşdiyi məkan olan, sonra vətəndaş cəmiyyətinin daşıyıcısı mənasında şəhərlinin məskunlaşdığı məkan durumuna gələn şəhər, indi tədricən həm də obrazlı şəkildə deyilərsə sənaye məhsullarını istehsal edən sosial maşına çevrilir.
Xammal təminatı və satış bazarının əldə edilməsi bu maşının fəaliyyətinin başlıca müqəddəm şərtləri olur. Şəhər öz hikkəsini dövlətə qəbul etdirdikcə dövlət bu müqəddəm şərtlərin təqdimatçısına çevrilir.
Dövlət tərəfindən həyata keçirilən istilalar həmin bu hikkənin coğrafi məkanını genişləndirir. İstila xilaskarlıq xarakterini deyil, daha çox işğal xarakterini alır. İşğal olunmuş ərazilər üzərində qoyulmuş canişinlər əslində bu hikkənin gerçəkləşdirilmə aləti rolunda çıxış edirlər.
İqtisadiyyatın siyasəti müəyyən etməsi barədə marksist müddəa siyasi inkişafın məhz politiya mərhələsində özünü müəyyən dərəcədə olsa da doğrultmağa başlayır. Görünür, siyasət zəiflədikcə iqtisadiyyatın şıltaqlığı ilə oynamağa başlayır.
Maraqlıdır ki, marksizmin Lenin və Stalin kimi görkəmli praktikləri iqtisadiyyatın siyasəti müəyyən etməsi barədə marksist müddəanın əksinə fəaliyyət göstərirdilər. Bu müddəa öz praktik təsdiqini əslində Stalinin ölümündən sonra tapdı.
Stalindən sonrakı sovet dövləti əslində politiya xarakterli idi. 1953-cü ildə Stalinin ölümündən sonra birinci şəxsin təşəbbüskarlıq qüdrəti zəiflədi. Xruşşovun «volyuntarizm»i şəxsi təşəbbüskarlıq deyildi, əcnəbi ideyaların zorla sovet gerçəkliyinə yeridilməsi idi. Sosializm özünün real mövcudluğundan, problemlərindən, öz inkişaf təmayüllərindən irəli gələn ideyalarla qüdrətlənə bilərdi, əcnəbi dövlətlərin problemlərinin həlli üçün yaradılan ideyalarla zəiflədi. Təşəbbüskarlıq və icraçılıq, aktiv və passiv determinizm arasındakı kəskin sərhəd əridi. Bu isə son nəticədə həyatın həm də məntiqi prinsiplərini dəyişdirdi. İcraçının qismən müstəqilləşməsi onun vəziyyətinə ikili məna verdi. Əslində Stalin tərəfindən total olaraq təbəəyə çevrilmiş kütlənin icraçılıq instinktləri tədricən korşalmağa başladı və bu kütlədə təşəbbüskarlıq meyilləri yarandı. Onun diqqət mərkəzində artıq vəzifəsindən irəli gələn öhdəliklərdən daha çox vəzifəsinin verdiyi səlahiyyətlər və sui-istifadə imkanları dayandı, sovet gerçəkliyinin belə bir ikimənalı vəziyyəti sovet adamının düşüncə tərzini dəyişdirdi və bu düşüncə tərzi öz nəzəri ifadəsini nə qədər qəribə görünsə də, dialektik məntiqdə tapdı. Eyni zamanda, məmur kütləsinin aktiv determinizmin daşıyıcısına çevrilməsi onu öz həqiqi təbiətinə yadlaşdırdı, sovet gerçəkliyi daxilində burjualaşma meyilləri cücərdi. Stalinin xalqda formalaşdırdığı kölə psixologiyası Xruşşovun hakimiyyəti illərində nökər psixologiyasına transformasiya etdi. Burjua, öz sosial mənşəyi etibarı ilə nökər təbiətli olduğundan, Xruşşov dövrü sovet gerçəkliyinin burjualaşmasının başlanğıcı oldu. Heç də təsadüfi deyildir ki, bu dövrdə sovet gerçəkliyinə qərb – burjua dəyərlərinin güclü axını başladı. Demokratikləşmə, hakimiyyət bölgüsü, qanun qarşısında bərabərlik, hakimiyyət bölgüsü, parlamentarizm kimi prinsiplər sosializm prinsipi ilə uzlaşdırılarkən əslində bütün cəmiyyətdən ibarət olan dövlət aparatı total korrupsiyaya uğradı, sovet həyat və düşüncə tərzinin ikili xarakteri dərinləşdi, ikiüzlülük yaşayış normasına çevrildi. Stalinçi sovet adamının vəziyyəti birmənalı idi. O, dövlət sistemində onun üçün nəzərdə tutulmuş funksiyanın mütləq icraçısı idi. Dövlət sistemi isə total xarakterli idi, bütün cəmiyyəti sarmışdı. Bu sistemin təsviri üçün qərb politologiyasının yaratdığı totalitarizm sözü ən uğurlu ifadədir. Xruşşov dövründə isə dövlətə sədaqətlilik özünün aparıcı və müəyyənedici mövqeyini praqmatizmə verməyə başladı. Sovet adamı sədaqətlilik və praqmatizm arasında tərəddüd keçirdikcə onun vəziyyəti ikimənalılaşdı. Birmənalı düşüncə tərzinin nəzəri ifadəsi olan formal məntiq ikimənalı təfəkkür üsulunun nəzəri ifadəsi olan dialektik məntiq tərəfindən sıxışdırıldı. Heç də təsadüfi deyildi ki, dialektik məntiqin təbiəti ilə bağlı tədqiqatlar məhz Xruşşovun hakimiyyəti illərində genişləndirildi. Səciyyəvidir ki, insan təfəkkürünün ikimənalı və ziddiyyətli xarakteri ilə bağlı mülahizələrin nəzəri olaraq əsaslandırılmasına yönələn bu tədqiqatlarda Stalinə qarşı təkcə tənqidi münasibət və etinasızlıq göstərilmədi, həm də Leninə, hətta Xruşşova qarşı bir ehtiram və heyranlıq nümayiş etdirildi. Bu heç də yalnız siyasi aksentlərin dəyişilməsi ilə bağlı deyildi, siyasi aksentlərin dəyişilməsindən daha fundamental idi və bəlkə də onun əsasını təşkil edirdi. Stalinin təfəkkürü dialektik təbiətli deyildi, analitik təbiətli idi. Leninin və Xruşşovun düşüncə tərzi isə dialektik xarakterli idi, ikimənalı səciyyə daşıyırdı. Bu dövrdə bütün marksizmə, xüsusən onun yaradıcısına, Karl Marksa dialektik təfəkkürün şamil edilməsi meyli vardı1. Lakin, sovet gerçəkliyinin ikiləşməsi, ikimənalılaşdırılması, dialektikləşdirilməsi prosesi sosialist gerçəkliyi tərəfindən dayandırılmalı idi və Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması ilə dayandırıldı. Çünki həqiqi sosialist təfəkkürü dialektik təbiətli deyildir, analitik təbiətlidir. Dialektik təfəkkürün yenidən dirçəldilməsi və ön plana çıxarılması ikimənalı təfəkkürü özündə daşıyan digər baş katibin – Qorbaçovun hakimiyyəti ilə bağlı həyata keçirildi. Qorbaçovun hakimiyyətinin sona çatması ilə dialektik məntiq də arxa plana atıldı. Dialektik məntiq yalnız ikimənalı dövrlərdə diqqət mərkəzində ola bilir. O, xalis sosializmə yad olduğu kimi xalis kapitalizmə də yaddır. Xruşşovun hakimiyyəti politiyanın ən bariz nümunələrindən biri olmaqla xalis sosializmlə xalis kapitalizm arasında aralıq mövqe tutur.
Politiya monarx statusunu saxladığına baxmayaraq həqiqi monarxiya olmadığı kimi, əksəriyyəti idarəetməyə cəlb etməsinə baxmayaraq həqiqi demokratiya da deyildir.
Xalq içərisindən çıxan adamların hakimiyyətə cəlb olunmasına əsaslanan politiyanın mümkünlüyü həmin cəlbolunma mexanizmlərinin imkanları ilə müəyyən olunur. Bu imkanlar xaricində politiyanın süqutu başlayır.
Politiyanın süqutu dövründə dövlətin başlıca siyasi problemləri həll edilməmiş qalır, yəni hakimiyyət bir tərəfdən öz ordusunu, daxili təyinatlı qoşun hissələrini və məmur kütləsini lazımi səviyyədə saxlamaq qüdrətinə malik olmur, digər tərəfdən isə xalqın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilmir.
Nəticədə xalq özünün təhlükəsizliyi üçün, ordu, daxili təyinatlı qoşun hissələri və məmur kütləsi isə özünün maddi təminatı üçün digər yollar axtarmağa başlayır. Ordunun, daxili təyinatlı qoşun hissələrinin və məmur kütləsinin müstəqilləşməsi və bununla da öz ilkin mahiyyətinə yadlaşması isə politiyanın sonunu yaxınlaşdırır.
Xalq özünün bütövlükdə bir xalq olaraq təhlükəsizliyi üçün dövlətə, dövlətə məxsus silahlı dəstələrə tam səmimiyyətlə etibar etmədiyindən, sədaqətinə və gücünə inandığı insanlardan ibarət xüsusi mühafizə dəstələrini yaradır və öz təhlükəsizliyi daha çox onlara etibar edir.
Ordu, daxili təyinatlı qoşun hissələri öz maddi durumlarını lazımi vəziyyətə gətirmək üçün təbii ki, hər şeydən öncə zorakılıq metodlarına əl atırlar. Orduda və daxili təyinatlı qoşun hissələrində qarətçilik instinkti oyanır və bu instinkt bir tərəfdən hakimiyyəti işğalçılıq müharibələri aparmağa sövq edir, digər tərəfdən isə həm ordunu, həm də daxili təyinatlı qoşun hissələrini tədricən reket dəstələrinə çevirir.
Məmur özünün maddi təminatı üçün isə dövlət aparatında tutduğu vəzifədən daha əlverişli bir qaydada istifadə etməyə çalışır. Dövlət aparatında məmurlar tərəfindən tutulan vəzifələr xüsusi bir sərvət əhəmiyyətini kəsb edir, bir sərvət kimi də istifadə olunur və alınıb-satılır. Vəzifə sözü özünün ilkin və həqiqi mənasını itirməyə başlayır, sözün ilkin və həqiqi mənasında olduğu kimi vəzifə kimi deyil, əksinə hüquq, imtiyaz, hakimiyyət kimi qavranılır və bu qavrama getdikcə daha geniş miqyas alır. Hakimiyyət bütövlükdə cəmiyyətin deyil, ayrı-ayrı sosial qrupların iradəsinin ifadəçisi kimi çıxış edir. Dövləti xidmət sui-istifadə ilə çuğlaşır, məmurluq artıq sözün pis mənasında bürokratiya formasını alır. Qanunlar məmur üçün faydalı olduğu halda və faydalı olduğu qaydada yerinə yetirilir.
Bu, məmurun öz vəzifə öhdəliklərini yerinə yetirməməsi olaraq korrupsiyadır, amma korrupsiyanın nisbətən yumşaq tərəfidir. Korrupsiyanın sərt tərəfi isə dövlətdə xidməti vəzifələrin satılıb-alınmasıdır.
Korrupsiyanın burada xatırlanan hər iki tərəfi açıq rüşvətxorluq formasını ala da bilər, almaya da bilər. Məsələn, XVII-XVIII əsr Fransasında vəzifə və rütbə həm bir hakimiyyət ifadəsi olaraq qavranılırdı, həm də onlar, xüsusən vəzifə dövlət tərəfindən sanki bir mülkiyyət olaraq hətta açıq və rəsmi şəkildə satılırdı. Əgər öncə məmur vəzifəyə malik olduğu məxsusi qabiliyyətlər əsasında təyin olunurdusa və muzdlu işçi statusunda idisə, vəzifəni pulla alan adamın statusu mahiyyət etibarı ilə kapitalist (indiki dillə deyilərsə - investor) statusudur. Onun vəzifəyə təyin olunmaq üçün verdiyi haqq kapital (investisiya) xarakterli, xəzinədən aldığı məvacib və yan gəlirlər mənfəət xarakterli olur.
Vəzifəni pulla alan kəsin məmurluq instinkti, yəni hökmdarın iradəsinin icraçısı kimi özünüdərki son dərəcə zəifdir. Burada hökmdar məmurlar üzərində öz hakimiyyətini tədricən itirir. Bundan başqa vəzifəsini pulla alan məmurların maraqları və bacarıqları bu vəzifədən irəli gələn öhdəliklərə heç də həmişə uyğun gəlmədiyindən vəzifələrin satılması monarxın real hakimiyyətini getdikcə daha çox zəiflədir.
Təbəə artıq özünü hökmdarın iradəsini yerinə yetirməli olan bir alət kimi deyil, müstəqil bir şəxs kimi qavramağa başlayır. Politiya şəraitində müstəqilləşmə öz başlanğıcını ticarətdən götürür, sənətkarlıqla davam edir, dövlət strukturlarının korrupsiyaya uğramasında isə başa çatır.
Politiyanın süqutu dövründə korrupsiya özünü başlıca olaraq iki formada göstərir: xəzinədən təyinat üzrə istifadə olunmaması yolu ilə xəzinədən oğurlama formasında və xəzinəyə daxil olmalı olan sərvətin xəzinəyə daxil olmadan mənimsənilməsi, yəni verginin rüşvətlə əvəzlənməsi formasında.
Politiyada
Dostları ilə paylaş: |