Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkənin bütün regionlarının həyatında köklü dəyişikliklər baş vermiş, bir sıra sosial əhəmiyyətli problemlərin aradan qaldırılması, o cümlədən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaranmışdır. Əhalinin keyfiyyətcə yüksələn yaşayış səviyyəsi və həyat tərzinin tələblərinə uyğun olaraq müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilmiş, bütövlükdə səhiyyə sahəsinin maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilmişdir.
Əhalinin müraciətlərini nəzərə alaraq “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi və təmiri məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi və təmiri məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 5 milyon (beş milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2010-cu il
№ 821
Dostları ilə paylaş: |