AġLƏ HÜququnun əsaslari


AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ



Yüklə 197,5 Kb.
səhifə15/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

6. AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 5-ci bölməsi Ailə üzvlərinin aliment öhdəliklərinə həsr olunmuşdur. Məcəllənin 13-cü fəsli «Valideynlərin və uşaqların aliment öhdəlikləri»ni nizama salır.

Valideynlər yetkinlik yaşına çatmayan, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinik yaşına çatmış uşaqlarını saxlamağa borcludurlar. Ailə hüququna əsasən uşaqlara aliment vermək vəzifəsi valideynlərin hər ikisinin üzərinə düşür.

Aliment hüququ münasibətində hüququn subyekti uşaqdır. Uşağın xeyrinə alimentin tutulması haqqında iddia verən valideyn isə onun qanuni nümayəndəsidir. Bu qayda uşağın həm atasına, həm də anasına aiddir. Məsələn, ana uşağın saxlanması üçün iddia irəli sürərkən o, şəxsən öz adından deyil, uşağın adından onun qanuni nümayəndəsi kimi çıxış edir. Bu zaman ana alimentin tutulması barədə özünün hüququnu yox, uşağın öz atasından aliment almaq hüququnu həyata keçirir.

Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edilər. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

Valideynlər öz uşaqlarının saxlanması üçün könüllü surətdə vəsait verməkdən boyun qaçırdıqda, vəsait məhkəmə qaydasında tutula bilər. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə Yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayə orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Aliment ödənilməsi barədə razılıq almadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1. Bir uşağa görə– qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2. İki uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3. Üç və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Valideyn himayəsindən məhrum olunmuş və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.

Ailə Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində deyilir ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 18 yaşına çatmış uşaqlar aşağıdakı şərtlərlə aliment almaq hüququna malikdirlər:

a) Uşaqların əmək qabiliyyəti olmadıqda;

b) Maddi yardıma ehtiyacı olduqda.

Yetkinlik yaşına çatmış uşaqların öz valideynlərindən aliment almaq hüququ iki şərt eyni zamanda mövcud olduqda əmələ gəlir. Deməli, aliment tələb etmək üçün əmək qabiliyyətinin olmaması ilə yanaşı həm də maddi yardıma ehtiyacı olmalıdır. Maddi yardıma ehtiyac o deməkdir ki, həmin uşağın yaşamaq üçün şəxsi vəsaiti yoxdur, ya da kifayət deyildir.

Ailə Məcəlləsinin 82-ci maddəsinin 1-ci bəndində deyilir ki, «əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar». Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

Aşağıdakı iki şərt mövcud olduqda valideynlərin öz 18 yaşına çatmış uşaqlarından aliment almağa ixtiyarı vardır:

1. Valideynlərin əmək qabiliyyəti olmadıqda;

2. Onların maddi yardıma ehtiyacı olduqda.

Vətəndaşların əmək qabiliyyətinin olmaması pensiya haqqında Azərbaycan Respublikası Qanununa görə, onların yaşından asılı olmayaraq səhhətinə əsasən müəyyən edilir. Yetkinlik yaşına çatmış uşaqlarından nəinki 1-ci və 2-ci qrup əlil valideynlərin, habelə 3-cü qrup əlil valideynlərin də aliment almağa ixtiyarı vardır.

Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maaşları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Yuxarıda deyildiyi kimi, valideynlər öz uşaqlarını tərbiyə etmək və saxlamaq vəzifələrini yerinə yetirməkdən qəsdən boyun qaçırdıqda, onlar uşaqlardan aliment tələb edə bilməzlər. Lakin valideyn üzürlü səbəbə görə (xəstəlik və i.a) uşaqların tərbiyəsi ilə məşğul ola bilməmiş və onların saxlanması üçün vəsait verməmişdirsə, o, yetkinlik yaşına çatmış uşaqlarından aliment tələb edə bilər. Beləliklə, ailə qanunvericiliyi valideynlərin uşaqlarından aliment almaq hüququnu onların öz valideynlik vəzifələrini yerinə yetirmələrindən asılı edir.




Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin