3. Ali təhsil müəssisəsinin tədris fəaliyyəti
3.1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Təlim ali təhsil müəssisələrinin imkanları nəzərə alınmaqla, xarici dillərdə də aparıla bilər.
3.2. Ali təhsil müəssisələri ali təhsilin səviyyələri üzrə aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirirlər:
- bakalavriat;
- magistratura;
- doktorantura;
- əlavə təhsil.
Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı dövlətlərarası müqavilələrə, müvafiq qanunvericiliyə və ali təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.
3.3. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı" (bundan sonra - dövlət təhsil standartı) ilə müəyyənləşdirilir.
3.4. Ali təhsilin səviyyələrində ixtisaslar üzrə təhsil proqramlarında aşağıdakı fənn bölmələri nəzərdə tutulur:
bakalavriat səviyyəsində:
- humanitar fənlər;
- ixtisasın peşə hazırlığı fənləri;
Humanitar fənn bölməsi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı təmin etməlidir.
İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməlidir.
Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.
Humanitar fənn bölməsinə məcburi fənlər kimi "Azərbaycan tarixi", "Azərbaycan dili" (xarici dildə təhsil alanlar üçün), "Xarici dil" fənləri daxildir.
Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır;
magistratura səviyyəsində:
ixtisaslar üzrə təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 faiz təşkil edir.
Təhsil hissəsində aşağıdakı fənn bölmələri nəzərdə tutulur:
- humanitar fənlər;
- ixtisaslaşma fənləri.
Bu bölmələrə daxil olan fənlərin tədrisi zamanı magistrlara müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır.
Bu təhsil proqramları üzrə humanitar fənlər bölməsinə ümumi auditoriya saatlarının 25-30 faizi, ixtisaslaşma fənlərinə 70 faizi ayrılır.
Humanitar fənn bölməsinə məcburi fənlər kimi "Xarici dil", "Ali məktəb pedaqogikası" və "Psixologiya" fənləri daxildir.
İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölmələrinə seçmə fənlər daxildir.Hər iki proqramda seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat həcminin 25-30 faizini təşkil edir.Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.5. Ali təhsil pilləsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir.
Bu sənədlərin formaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
Ali təhsil müəssisəsi dövlət təhsil standartı çərçivəsində ali təhsil proqramlarında müvafiq dəqiqləşdirmələr apara bilər və bu, təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapmalıdır.
3.6. İxtisaslar üzrə təhsil proqramlarında normativ təhsil müddətləri dövlət təhsil standartı ilə müəyyən edilir.
3.7. Ali təhsil müəssisələrində ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartına uyğun hazırlanmış və ali təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.
Ali təhsil müəssisəsinin bakalavr pilləsində tələbələrin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).
Auditoriya dərsləri həftədə bakalavriat səviyyəsində 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir.Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada həyata keçirilir.
Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.
Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə bakalavriat səviyyəsində 180-240 saata, magistraturada isə 120-160 saata qədər nəzərdə tutulur.
Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.
Tədris ilinin müddəti 40 həftədir.Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir.
Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.
Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən, qış tətili müddəti 2 həftədən az olmayaraq).
Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və s. daxildir.
Akademik saat - 45 dəqiqədir.Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata keçirilir.Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.Aralıq attestasiya imtahan formasında həyata keçirilir, hər semestr üzrə imtahanların siyahısı təhsilalanların nəzərinə çatdırılır.
Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C (yaxşı), D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri müəyyənləşdirilir. Balların göstərilən qiymətlər üzrə bölgüsü Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdirilir.
3.8. Dövlət ali təhsil müəssisələrində əyani forma üzrə dövlət hesabına təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər (o cümlədən, adlı təqaüdlər) və yardımlar verilir.
3.9. Təhsilalanların bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və ali təhsil müəssisəsinə bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.
3.10. Ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə ali təhsil müəssisəsini bitirməsi barədə dövlət nümunəli sənəd (diplom) verilir. Həmin diploma əlavədə təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.
Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"na əsasən həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir. Ali təhsil müəssisələrində rezidenturanı müvəffəqiyyətlə bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir.
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin məzunlarına onların arzusu ilə Avropa Komissiyası, Avropa Şurası və YUNESCO/CEPES-in və ona müvafiq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümunəsinə uyğun təhsil müəssisəsi tərəfindən hazırlanmış diploma əlavə də verilə bilər.
Ali təhsilin müvafiq səviyyələrini bu və ya digər səbəbdən başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na uyğun olaraq arayış verilir.
Dostları ilə paylaş: |