Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec
Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022A Kurs: II Fənn: Azərbaycan dili Tələbə: Günel Məmmədova Müəllim: Şəkər Abbasova
Sərbəst iş № Bakı 2023 Kommunikasiya prosesində ədəbi dil normalarından düzgün istifadə.
Nitq mədəniyyətini əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. “Norma” sözü latın dilindən alınmış termin olub mənasıq ayda, əsas, nümunə deməkdir. Norma cəmiyyətdə müəyyən dövrdə mövcud olan dil vərdişlərinin məcmuyu, cəmiyyət üzvlərinin dildən istifadə qaydalarının məcmuyudur. Norma konkret tarixi dövrdə kollektiv tərəfindən qəbulu etiraf olunan, üslublar arasında nüvafiq şəkildə paylanan və onları təmin edən dil faktlarının müəyyən qanun dairəsində cəmləşən təzahürüdür. Norma tarixi kateqoriyadır. Nitq mədəniyyətinin elm və tədris fənni kimi mövcudluğu dilimizin strujturunun bütün səviyyələrdəki normalarının formalaşması ilə əlaqədardır.
Nitq mədəniyyətinin nəzəri əsaslarından danışılarkən, adətən, ədəbi dilin normaları öz plana çıxır. Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə, yeniləşməyə sübutdur.
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. “Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur”.
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik normalar, leksik normalar, qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları. Bu normalardan, xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni nitqə nail olmaq mümkündür.
Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun ifadə edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, təsirli, zəngin,düzgün olacaqdır. Nitq fəaliyyətində dil normalarının və məqsədəuyğunluq normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük, dəqiqlik, aydınlıq, məntiqilik, ardıcıllıq, ifadəlilik, məqamlıq, ahəngdarlıq. Məhz bu keyfiyyətlərə malik olmaqla dil öz funksiyasını (anlaşma, məlumat vermək və təsir göstərmək) lazımi səviyyədə, üslubi meyarlara uyğun şəkildə yerinə yetirə bilər.