Plan-konspekt



Yüklə 163.9 Kb.
tarix25.01.2017
ölçüsü163.9 Kb.
PLAN-KONSPEKT

Mövzu-11: Fərdi mühafizə vasitələri.
Tədrisin məqsədi: Tələbələri Mülki Müdafiə sistemində istifadə edilən fərdi mühafizə vasitələri və onlardan istifadə etmək qaydaları ilə tanış etmək.
Məşğələnin keçirildiyi yer: BDU-nun auditoriyası.
Vaxt: 2 saat.
Tədris sualları və təxmini vaxt bölgüsü:
Tələbələrin davamiyyətinin və məşğələyə hazırlığının yoxlanılması – 10 dəq.
1-ci tədris sualı: Tənəffüs orqanlarının mühafizə vasitələri-35 dəq.;
2-ci tədris sualı: Dəri səthinin mühafizə vasitələri-20 dəq;
3-cü tədris sualı: Fərdi tibbi mühafizə vasitələri-20 dəq.
Məşğələyə yekün vurulması 5 dəq.
Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunu
2) Mülki Müdafiə üzrə normativ sənədlər
Əyani vəsait: Videoproyektor, prezentasiyalar, plakatlar.
Kütləvi qırğın silahlarından istifadə edilərkən əhali və mülki müdafiə qüvvələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM) və ya bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə qalmalı və burada xilasetmə işləri aparmalı olacaqlar. Kütləvi qırğın silahlarının təsirindən mühafizə məqsədilə əhalinin mühafizə qurğularında yerləşdirilməsi və təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir.

Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:

1.Tənəffüs orqanlarının mühafizə vasitələri;

2.Dəri səthinin mühafizə vasitələri;

3.Fərdi tibbi mühafizə vasitələri.

Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.

Əleyhqazlar. İnsanların tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici və radioaktiv maddələrin təsirindən, aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün əlehqazlar kifayət dərəcədə yüksək qoryuycu xassələrə və istismar göstəricilərinə malikdir.

Əleyhqazların süzücütəcridedici növləri olur. Süzücü əlehqazlar – ümumqoşun əlehqazları, mülki əlehqazlar və uşaq əlehqazları növlərinə ayrılır. Onların quruluşu – içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.

Hazırda respublikamızın MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5m və QP-7 əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6, DP-6m, PDF-7, PDF-D və PDF-Ş süzücü əleyhqazlarindan istifadə oluna bilər. Bunlardan əlavə 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 uşağı mühafizə kamerası vardır.

Tabeldən kənar əleyhqazlara kimya müəssisələrində işlədilən sənaye əleyhqazları aiddir. Bu əleyhqazların süzücü-uducu qutuları müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də həmin qutunun tərkibində xüsusi uducular və aerozol süzgəcləri ola bilər.

Süzücü əleyhqazlar süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın dəstinə onun çantası və tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi karandaş da daxildir.

QP-5m əleyhqazının şlem-maskasında membranlı qutu (danışıq tərtibatı) var. QP-5 və QP-5m əleyhqazlarında birləşdirəci boru olmur, onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlem-maskalar beş ölçüdə (membranlı şlem-maskalar – 4 ölçüdə) buraxılır və onların ölçüləri çənəaltı hissədə rəqəmlərlə göstərilir.

QP-5 tipli əleyhqazın üzlük hissəsini seçərkən başı: kəllə-yanaqlar-çənəaltı hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan kəmiyyət 63 sm-ə qədər olarsa – «0» ölçülü, 65 sm-ə qədər 1-ci, 68 sm-ə qədər 2-ci, 70 sm-ə qədər 3-cü, 71 sm-dən artıq olarsa 4-cü ölçülü şlem-maska lazımdır.

QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7v, bunlar bir-birindən üzlük hissələri ilə fərqlənirlər. QP-7 əleyhqazı danışıq və suiçmə tərtibatları olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7v əleyhqazı isə, danışıq tərtibatı və əsgərin su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir hansı ki, zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan yaradır.

QP-7 (QP-7v) əleyhqazının üzlük hissələrini santimetr bölgülü lent vasitəsilə başın üfüqi və şaquli çevrələrini ölçüb təyin etməklə seçirlər. Üfüqi çevrənin ölçüsünü tapmaq üçün başı, qabaqdan qaşların üstündən, yanlarda – qulaq seyvanlarından 2-3 sm yuxarıdan, arxada isə, kəllinin ən çox çıxıntılı hissəsindən keçən qapalı xətt üzrə ölçürlər.

Şaquli çevrənin ölçüsünü tapmaq üçün başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən dairəvi xətt ilə ölçməklə müəyyən edirlər. Məsələn, əgər başın şaquli və üfüqi çevrələrinin ölçmə nəticələrinin cəmi 118.5 sm-ə bərabərdirsə, bu maskanın 1-ci ölçüsünə, 121.5-126 sm-ə bərabərdirsə – 2-ci ölçüsünə, 126.5 sm-dən artıqdırsa – 3-cü ölçüsünə bərabərdir.

Uşaq əleyhqazlarının quruluşca özünə məxsus xüsusiyyətləri var. Məsələn DP-6m əleyhqazı 1.5 yaşdan yuxarı məktəbəqədər uşaqlar üçündür. Bu əleyhqaz yüngülləşdirilmiş süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-1 uşaq maskasından ibarət olur.

DP-6 əleyhqazı nisbətən böyük uşaqlar üçün nəzərdə tutulmuşdur, iri ölçülü süzücü-uducu qutu və üzlük hissə ilə komplektləşdirilmişdir.

PDF-D əleyhqazları da məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur. QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3 maskalarından ibarətdir.

PDF-Ş əleyhqazı 6 yaşdan 17 yaşa qədər olan məktəbli uşaqlar üçün nəzərdə tutulmuşdur, QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3 maskalarından ibarətdir.

Uşaq əleyhqazlarının quruluşu və iş prinsipi yuxarıda göstərilən xüsusiyyətlər istisna edilməklə yaşlı adamlar üçün olan əleyhqazlarda olduğu kimidir.

Əleyhqazı istifadəyə hazırlayarkən əvvəlcə şlem-maskanın lazımi ölçüsünü seçirlər. Uşaq əleyhqazları beş ölçüdə buraxılır, 1-ci və 2-ci ölçülər – məktəbə qədər, 3-cü, 4-cü və 5-ci ölçülər isə məktəbli uşaqlar üçündür.

Uşaq əleyhqazı maskasının ölçüsünü tapmaq üçün üzün uzunluğunu, millimetr bölgülü xətkeşlə ölçürlər. Məsələn, PDF-D əleyhqazının maskasını seçərkən, üzün uzunluğu 88-95 mm olduqda 3-cü, 96-103 mm olduqda 4-cü, 104-111 mm olduqda 5-ci ölçülü maska lazımdır. PDF-Ş əleyhqazlarda şlem-maskanın lazımi ölçüsünü isə başın çevrəsini kəllə-yanaqlar-çənəaltı hissədən keçən qapalı xətt üzrə santimetr bölgülü lentlə ölçüb tə’yin edirlər. Əleyhqazın lazımi ölçüsünü seçdikdən sonra onun kipliyini yoxlayırlar. Bu məqsədlə maskanı (şlem-maskanı) başa taxır, süzücü-uducu qutunun dibindəki deşiyi tıxacla, ya da əlin ovucu ilə bağlayıb nəfəs alırlar, bu zaman maskanın altına hava keçməməlidir.

Əleyhqazın gözlük şüşələri tərləməsin deyə, içəri tərəfdən onların səthinə xüsusi karandaş vasitəsilə şəbəkə şəklində 5-6 yüngül xətt çəkir, sonra bu xətləri şüşə şəffaflanana qədər barmaqla sürtürlər. Bəzi əleyhqazlarında bu məqsədlə tərləməyən plyonkalardan istifadə olunur.



Təcriedici əleyhqazlar. İP-4, İP-5 tipli təcridedici əleyhqazlar və ya KİP-5, KİP-7, KİP-8 tipli təcridedici oksigen cihazları insanın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir. Nəfəs almaq üçün hopkalit (bərpaedici) patrondan alınan, yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur. Belə əleyhqaz və cihazlar, havada zəhərləyici maddələrin o cümlədən karbon 1-oksidin konsentrasiyası çox yüksək olan hallarda istifadə edilir.

Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 1-oksidi (dəm qazını) udub saxlaya bilmir, buna görə də tənəffüs üzvlərinin karbon 1-oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi hopkalit patrondan istifadə olunur ki, bu patron əleyhqazın üzlük hissəsi ilə süzücü-uducu qutusu arasında qutuya burulub birləşdirilir.

Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyqaz və cihazlar iki qrupa bölünür: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa İP-4, İP-5 əleyhqazları, ikinci qrupa KİP-5, KİP-7, KİP-8 cihazları aiddir.

Respiratorlar. Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından) mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.

Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2d növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarım maskadan ibarətdir, ondan dəfələrlə istifadə etmək və 12 saatdək mühafizə olunmaq mümkündür.

R-2d respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir.

Respiratorlar nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan vasitədir. Məsələn, havasında çoxlu zəhərli toz olan zavodların işçiləri, eləcə də bitkilərin mühafizəsi üçün kimyəvi maddələr tətbiq elən tarlalarda mexanizatorlar üzlərinə respirator taxırlar.

R-2 və R-2d respiratorları süzücü yarımmaskadan və onu üzdə bərkitmək üçün qaytanlardan ibarətdir. Maskada 2 nəfəsalma klapanı, bir nəfəsvermə klapanı və burun sıxıcı var. Bərkidici qaytanlar maskanın kənarlarına bənd edilib. Respiratorun çəkisi 50-60 qram olur və polietilen kisədə saxlanılır.

Respirator iki qatdan ibarətdir. Xarici qat məsaməli sintetik materialdandır və bu material havanı yaxşı keçirir. İçəri qat isə hava keçirməyən nazik plyonkadandır. Bu iki qat arasında xüsusi süzücü material yerləşdirilib. Nəfəsalma klapanları respiratorun içəri qatına sağ və sol tərəflərdən bənd edilib. Nəfəsvermə klapanı isə orta hissədədir.

Respirator taxmış adam nəfəs alarkən hava maskanın üst qatından və süzücü materiallardan keçib təmizlənir, sonra da nəfəsalma klapanlarından keçərək tənəffüs orqanlarına daxil olur. Nəfəs verərkən isə hava maskanın nəfəsvermə klapanından keçib bayıra çıxır.

R-2d respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun ölçüsünü elə seçmək lazımdır ki, o, üzə kip yatsın, yoxsa zəhərli hava maskanın altına keçib adamı zəhərləyə bilər.

Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni burunun yuxarı hissəsinin ən çökək yerindəki nöqtə ilə çənənin ən aşağı nöqtəsi arasındakı məsəfəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 mm olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq olduqda – üçüncü ölçülü respirator lazımdır.

Respiratoru geyməyə hazırlamaq və geymək üçün onu paketdən çıxarmaq (paketin yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər respiratordan bundan əvvəl istifadə edilmişsə, onu geyməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra isə quru tamponla (əski ilə) silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə çevirmək olmaz.

Respiratoru geymək üçün onu paketdən çıxarmalı, qaytanları yuxarı tərəfdə saxlamaqla yarımmaskanı üzə keçirməli (çənə və burun bütünlüklə maskanın içərisində yerləşməlidir), sonra bərkidici qaytanların birini başın əmgək (təpə) hissəsində, o birisini isə peysər hissəsindən keçirib bərkidirlər. Yarımmaskanın üzə kip yatması üçün bərkidici hissənin qaytanlarının uzunluğunu toqqanın köməyi ilə tənzimləmək olar (bu zaman respiratoru çıxarmaq lazımdır). Yarımmaskanın üzə kip yatdığına əmin olduqdan sonra burun sıxıcının uclarını buruna sıxırlar.

R-2d respiratorunun düzgün geyildiyini və üzə kip yatdığını yoxlamaq üçün sol əlin ovucu ilə nəfəsvermə klapanını tutur və nəfəs verirlər. Əgər bu zaman hava yarımmaskanın üzə yatan kənarlarından çölə çətinliklə çıxarsa respirator düzgün seçilmiş və geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə klapanından tutub yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra onun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını xüsusi halqa ilə bağlayırlar.



Tənəffüs üzvlərini mühafizə edən sadə vasitələr. Əhali sadə vasitələrdən respirator kimi sitifadə edə bilər. Onlar quruluşca çox sadədir, bu səbəbdən də əhalinin özü tərəfindən hazırlanan kütləvi mühafizə vasitəsi olaraq işlədilməsi tövsiyə edilir. Tənəffüs üzvlərinin sadə mühafizə vasitələrinə toz əleyhinə parça maska (PTM-1) və pambıqlı tənzif sarğı aiddir. Hər bir adamın iş və yaşayış yerində belə mühafizə vasitələri olmalıdır.

Toz əleyhinə parça maskası (PTM-1) iki əsas hissədən – maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, oraya şüşə lövhəcikləri və ya hər hansı şəffaf material salınır. Maska, onun yan kənarları boyu tikilmiş bərkidici hissə vasitəsilə başa geyilir. Bərkidici hissənin yuxarı tikiş yerindəki rezin və aşağı tikiş yerindəki bağlar vasitəsilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd edilmiş rezin vasitəsilə maskanın üzə kip yatması təmin edilir ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava maskada süzülüb təmizlənir.

Maskanı geymək üçün onu iki əllə bərkidici hissənin aşağı hissəsindən elə tutmaq lazımdır ki, baş barmaqlar maskanın içərisinə doğru yönəldilmiş olsun. Sonra maskanın aşağı hissəsini çənənin altına keçirib başa doğru çəkməklə maskanı üzə keçirir, bərkidici hissəni başda sahmanlayırlar. Daha sonra maskanı üzdə əl ilə elə düzəltmək lazımdır ki, o alına və gicgahlara kip yatsın.

Pambıqlı tənzif sarğı ölçüləri 80x40 sm olan tənzif parçasından hazırlanır. Onun orta hissəsinin üzərinə 20x15 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır və uclarını kəsirlər. Bu zaman iki bağ alınır, sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxarı bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır və mümkündür. Gözləri radioaktiv tozdan qorumaq üçün tozdanqoruyan eynək taxmaq olar.



Dəri səthinin mühafizə vasitələri. Dəri səthinin mühafizə vasitələri – bədənin açıq sahələrini, paltarları və ayaqqabıları onların səthinə ZM damçıları, yoluxucu xəstəlik törədiciləri və radioaktiv toz düşməsindən, həmçinin qismən də olsa işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə, yəni yüngül mühafizə kostyumu L-1, ümumqoşun mühafizə komplekti OZK və ZFO-58 markalı süzücü mühafizə paltarına, həmçinin əlaltı vasitələrə yəni məişət paltarlarının ünsürlərinə ayrılır.

Mühafizə prinsipinə görə tabel vasitələrinin də süzücü və təcridedici növləri olur. Süzücü növə ZFO-58 markalı süzücü mühafizə paltarı, təcridedici növə isə yüngül mühafizə kostyumu L-1 və ümumqoşun mühafizə komplekti OZK aiddir.

Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimlərdən ibarətdir. ZFO-58 markalı süzücü mühafizə paltarı xüsusi kimyəvi maddə-pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdan və iki cüt ayağa sarınan portyankadan ibarətdir. Hopdurucu pasta məhlulu, zəhərləyici maddə buxarlarını tutub saxlayan adsorbsiya tipli, ya da bu buxarları neytrallaşdıran hemosorbiya tipli kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və hopdurulmamış bir cüt portyanka, kombinezonun bədənə sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür.

Fərdi tibbi mühafizə vasitələri (FTMV)

FTMV – fövqəladə hallar zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların həyatını xilas etmək, zədələnmənin qarşısını almaq yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zəhərləyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür.

Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi apteçka Aİ-2, kimya əleyhinə fərdi paket (İPP-8) və fərdi sarğı paketi (İPP) aid edilir.

-2 fərdi apteçkasında insan orqanizminə ionlaşdırıcı şüalanmaların, zəhərləyici maddələrin və bakterial vasitələrin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar olur. Apteçka narıncı rəngli plastik kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, onun içərisində şpris-tübik və dərman penalları yerləşdirilmişdir.

Sümüklər sınarkən, ağır yaralanma və ya güclü yanıqlar baş verərkən zədə şokunun qarşısını almaq üçün apteçkanın 1-ci yuvasındakı ağrıkəsən dərman – 1 ml 2%-li promedol məhlulu şpris-tübik vasitəsilə əzələyə yeridilir.

Fosforlu üzvü maddələrlə zəhərlənməyə qarşı apteçkada afin, taren, atropin həbləri, sianidlərə qarşı amilnitrit və ya propilnitrit ampulları və lyuizitə qarşı – unitol adlı antidotlar vardır. Tarenin bir həbini «Kimya həyəcanı» xəbərdarlığı verilərkən qəbul edirlər, zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır. Antidotlar – zəhərləyici maddələrin təsirinin qarşısını alan və ya zəiflədən maddədir. Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi yardım vasitəsi kimi istifadə etmək mümkündür.

Apteçkanın 3-cü yuvasındakı ağ rəngli penalda bakteriya əleyhinə dərman-sulfadimetoksin yerləşir, onu zəhərlənmədən sonra mədə-bağırsaq pozğunluğu baş verərkən qəbul edirlər.

5-ci yuvadakı penalda bakteriya əleyhinə dərman tetrosiklin olur. Bu dərmanı bakterioloji zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür.

Bakteriya əleyhinə maddələr – spesifik və qeyri spesifik profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aiddir.

İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya əleyhinə radioprotektorlar işlədirir. Bu sistamin həbləri 4-cü yuvadakı 2 çəhrayı penalın hər birində 6 ədəd miqdarında olur. Penallardakı dərmanı şüalanma təhlükəsi yaranan zaman bilavasitə şüalanmadan 30-40 dəqiqə əvvəl 6 həb dozasında qəbul edib üstündən su içir, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər.

6-cı yuvadakı penalda radioaktiv çirklənmə əleyhinə dərmanlar yerləşir. Kalium-yodid və ya absorbentlər, radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir. Bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez çıxarılmasına imkan yaradır.

Orqanizmin nüfuzedici radiasiyaya, adətən ürək bulantısı və qusma ilə meydana çıxan ilk reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu dərman qutunun 7-ci yuvasındakı göy rəngli penalda yerləşir.

Kimya əleyhinə fərdi paket (İPP-8) – dəri səthinin ZM damcıları və ya dumanı ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini və bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək üçündür. Bu paket içərisində hər cür ZM-i zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir.

Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr dəri örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi, zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlanması müddətindən bilavasitə asılı olur. Qismən sanitiriya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə düşdüyü vaxtdan sonrakı 5 dəqiqə müddətində keçirilsə, onda təmizlənmə son dərəcə səmərəli olacaqdır.



Fərdi sarğı paketi (İPP) yaralara və yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi qanaxmaları dayandırmaq üçün istifadə edilir.
Radiasiya, kimya kəşfiyyatı və dozimetrik nəzarət cihazları.

Mülki Müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya şəraitində əhalinin və MM qoşunlarının fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.

Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:


  • əhalinin həyat fəaliyyətini və zədələnmə ocaqlarında xilasetmə və təcili qəza-bərpa işlərinin müvəffəqiyyətlə icra edilməsini təmin etmək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;

  • dezaktivasiya və sanitariya təmizlənməsinin keçirilməsi zərurətini, habelə zəhərlənmiş ərzaq məhsullarından istifadə etmək normalarını təyin etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;

  • radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş və həyat qabiliyyətini təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi.

- ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə zəhərlənmə dərəcələrinin laboratoriyalarda ölçülməsi.

Dozimetriya cihazları – onların təyinatına, ölçülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar.

Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:

İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazdır, bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək olur. Bu cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını təyin etmək mümkündür. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı tətbiq edilir. Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64 indikatorları aid edilir.

Rentgenmetrlər – rentgen şüalarının və ya γ-şüalanma dozalarının gücünü ölçmək üçündür.

Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/s) qədərdir.

Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları tətbiq edilir. DP-3B, Kaktus, İMD-1, İMD-21, DP-5A rentgenmetrləri belə cihazlardır.

Radiometrlər – müxtəlif səthlərin, avadanlığın, texnikanın, paltarların, havanın, əsasən alfa və betta hissəcikklərlə radioaktiv zəhərlənməsini aşkar etmək və bu zəhərlənmənin dərəcəsini təyin etmək üçün nəzərdə tutulmuşdur.

Radiometr vasitəsilə az səviyyəli γ-şüalanmanı da ölçmək mümkündür. KRK, KRBP cihazı, «Luç-A» beta-qamma radiometri, «Tiss» radiometri DP-100M, DP-100ADM radiometrik qurğuları və s. belə cihazlardır.



Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin aldığı ümumi şüalanma dozalarını təyin etmək üçündür.

Fərdi dozimetrlər kiçik ölçülü ionlaşma kamerasından və plyonkalı fotokasetdən ibarətdir.

Kameralar komplektindən və doldurma-ölçmə tərtibatından ibarət cihaz dəstinə, fərdi dozimetrik nəzarət komplekti deyilir. Onların DK-02, DP-22V, DP-24, İD-1, İD-11 və s. kimi növləri olur.

Ölçülən şüalanmanın növünə görə, cihazları qamma şüalanmanı ölçən, alfa və betta hissəciklərini ölçən cihazlara ayırmaq mümkündür.

Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə, dozimetrik qurğular iki qrupa ayrıla bilər.Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndirici rolunu oynayır.

İkinci qrup dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndirici və çevirici rolunu oynayır.

Müasir dozimetrik cihazların hamısı ionlaşdırma metodu əsasında işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir:

Kimyəvi kəşfiyyat cihazları. Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki, zəhərləyici maddələri (ZM) adətən kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında analizdən keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə aşkar etmək çox çətindir. Çünki onların bir çoxunun nə iyi, nə rəngi, nədə qıcıqlandırıcı xassələri yoxdur, başlıcası isə, bir sıra ZM-nin zəhərliliyi o dərəcədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aşkar edilməsi cəhdi, ciddi zəhərlənmələrlə nəticələnə bilər.

Zəhərləyici maddələri çöl şəraitində təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edilir. Bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi maddənin qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək, ZM konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə gəlmək mümkündür.

İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə ampula yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni və müvafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə borucuqlar indikator borucuğu adlanır.

İndikator borucuğunu işlədərkən onun uclarını kəsir, daxilindəki ampulu sındırmaqla zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirirlər. Bu zaman havanın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya qoşularaq məsaməli maddənin rəngini müvafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.

Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının qoşun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSA-12 və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur.

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə