Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir



Yüklə 1,65 Mb.
səhifə42/48
tarix10.12.2022
ölçüsü1,65 Mb.
#73688
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

18.2. Quba xanlığının xarici siyasəti
Quba şəhəri öz tarixi kecmişi ilə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Zəngin tarixə malik olan bu şəhər Azərbaycan tarixində mühüm rol oynamış bir çox tarixi simalar, görkəmli alimlər və bacarıqlı dövlət xadimləri yetişdirmişdir.
Qubanın XVIII əsrdə yetişdirdiyi tarixi şəxsiyyətlərdən biri də məşhur dövlət xadimi Fətəli xandır. Quba xanlığının qüdrətli dövrü Fətəli xanın hakimiyyəti illərinə təsadüf edir.Onun babaları uzun illər qanlı çarpışmalarda iştirak edərək Qubada xanlıq etmişdilər.
Fətəli xanın babası Hüseyn xan Qubaya tabe olan Məclis kəndində yaşamış və şah sarayında böyük hörmət sahibi olmuşdu. Tarixi mənbələr göstərir ki, Süleyman Səfəvinin (1667-1694) şahlığının sonuncu illərində Yenikənd feodalları Məclis kəndinin torpaq və sərvətinə sahib olmaq üçün oraya basqın edib kəndi talan edir və əhalisinə divan tuturlar. Kiçik Hüseyn özünü xilas edib Salyana qaçır, oradan da İsfahana gedərək şəxsən şahla görüşmək üçün vasitələr axtarmağa başlayır. Həmin vaxtlar İsfahan feodal­larından birinin qızı Zəhra xanım Hüseyn xanın cəsarət və mərdliyini görüb ona məhəbbət bağlayır. Bu yolla şah sarayına yol tapan Hüseyn xan bir müddət sarayda qaldıqdan sonra doğma vətənə qayıdır və rəsmi fərmanla Qubaya xan təyin olunur. Hüseyn xanın ölümündən sonra hakimiyyətə onun oğlu Hüseynəli xan keçir.
Həmin vaxtdan etibarən Xudat qalası Quba xanlığının mərkəzi elan olunaraq möhkəm bir istinadgaha cevrilmişdi. Hüseyn xan ölənə qədər Quba xanlığının siyasi azadlığı uğrunda mübarizə aparmış və onu feodal basqınlarından qorumuşdu. Fətəli xan onun üçüncü nəvəsi idi.
1758-ci ildə atası Hüseynəli xanın vəfatından sonra Quba xanlığına oğlu 23 yaşlı Fətəli xan keçdi. Fətəli xan (1735-1789) Quba xanlığının ilk növbədə öz ərazisini və sərhədlərini möhkəmləndirmək, qonşu xanlıqları özünə tabe etmək uğrunda mübarizəyə başlamışdı.
Fətəli xan öz əsrinin bacarıqlı və tədbirli dövlət xadimi, istedadlı sərkərdəsi və diplomatı idi. Tarixiçi A.Bakıxanov (o özü də Fətəli xanın nəslindən idi ki, bu ona sonralar bir sıra məsələləri düzgün işıqlandırmağa imkan vermişdi) onun haqqında yazırdı: «Fətəli xan Qafqaz tarixində diqqətə layiq bir şəxsiyyətdir. O, öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərmişdi. Bütün ətrafındakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətlərdən çıxa bildi».
Qafqaz tarixindən bəhs edən rus tarixçilərindən İ.Butkov isə Fətəli xanı aşağıdakı kimi xarakterizə edirdi: «Fətəli xan ağıllı, igid, tədbirli idi, yorulmaq nə olduğunu bilməzdi, hər vasitə ilə Quba xanlığını möhkəmləndirməyə çalışırdı». Quba xanlığının iqtisadi vəziyyətini qaydaya salmaq, feodal özbaşınalığına son qoymaq və ölkədə əmin-amanlıq yaratmaq üçün Fətəli xan mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi yığılmasını nizama saldı, xəzinənin gəlirinin artmasını təmin etdi, muzdlu qoşunun sayı artırıldı. S.Qmelinin verdiyi məlumata görə, Quba xanlığının xeyli qoşunu və topları var idi. Kiçik topların bir hissəsi arabalarda yerləşdirilmişdi və xanlığın paytaxtı Quba qala halına salınmışdı».
Fətəli xan öz sərhədlərini möhkəm­ləndirmək məqsədilə Muğandan döyüşkən şahsevən tayfalarının bir hissəsini xanlığın ərazisinə köcürmüş və onları hərbi qulluğa cəlb etmişdı.
Fətəli xan Azərbaycanın qonşu xanlıqlarını ilhaq etmək yolu ilə də öz torpaqlarını genişləndirməyə calışırdı. Salyan və Dərbəndin ardınca birinci növbədə ona müqavimət göstərən Şəki və Şirvan xanlıqlarını özünə tabe etməyi qərara almışdı. Şirvan feodalları onun cavanlığından istifadə edərək tez-tez Qubaya talancı basqınlar edirdilər.
1758-ci ildə Fətəli xan Şamaxı yaxınlığındakı ilk vuruşmada Şirvan xanlarına qalib gələrək öz gücünü onlara göstərdi. Lakin bu qalibiyyət onu arxayın edə bilməzdi. Çünki qonşu xanlar Fətəli xanın arzularının əksinə olaraq Quba xanlığının ərazisini bölüşdürməyə çalışırdılar. Dağıstan hakimləri Dərbəndi tutmaqla Xəzər dənizində güclü liman əldə etməyi planlaşdırırdılar. Bu planların pozulması üçün güclü ordu və etibarlı müttəfiqlər əldə etmək lazım idi.
XVIII əsrin 50-ci illərinin sonunda Fətəli xanı Şəki xanlığının taleyi xüsusilə ciddi şəkildə maraqlandırırdı. Çünki 1759-cu ildə Şəki xanı Ağakişi bəy öz qaynatası olan Qazıqumuqlu Məhəmməd xan tərəfindən xaincəsinə öldürülmüşdü. Məhəmməd xan Şəki xanlığının sərvətini Ərəş sultanı ilə bölüşdürərək özünü Şəkidə hakim elan etmişdi. Lakin Məhəmməd xanın Şəkidə ağalığı 40 gün davam edə bildi.
Şəki əhalisinin qırx gün ərzində hədsiz vergilər və qanunsuz cərimələrlə yüklənməsi açıq xalq hərəkatını şərtləndirməklə Məhəmməd xanın Şəkini Dağıstana birləşdirmək planlarını pozdu. Hüseyn ağa (Hacı Çələbinin nəvəsi) Ağakişi bəy öldürüləndən sonra Fətəli xana pənah aparıb ondan kömək istədi. Əlverişli şəraitin yaranmasını görən Fətəli xan Şəki üzərinə hərəkət etdi.
Qazıqumux talanlarından təngə gələn əhali bu xəbəri eşidən kimi Quba xanını böyük təntənə ilə qarşıladı.Məhəmməd xan tələsik Şəki ərazisini tərk edərək Dağıstana çəkildi. Fətəli xan Hüseyn ağanı Şəkiyə xan təyin etdi və Şəki xanlığı həmin vaxtdan Fətəli xanın vassalı oldu və Şəki xanlığının qüvvələri Şamaxını istila etmək üçün Fətəli xan tərəfindən istifadə edildi.
Quba xanlığının şimal sərhədlərini möhkəmləndirmək üçün Fətəli xan Dərbənd sultanlığının istila olunmasını planlaşdırırdı. Dərbənd qalasının böyük siyasi və strateji əhəmiyyəti var idi. Hələ ilk orta əsrlərdə Dərbənd Qafqaz tarixində mühüm rol oynayırdı. Cənubi Rusiyaya və Ön Asiyaya gedən ticarət karvanları «Dəmir qapı» Dərbənddən keçirdi. XVII əsrdə və XVIII əsrin birinci yarısında Dərbənd sultanlıq idi. Dərbənd o qədər də böyük olmayan bir şəhər idi və onun əhalisi əsasən əkinciliklə, bağçılıqla, ticarət və sənətkarlıqla məşğud olurdu. Böyük strateji əhəmiyyət kəsb edən Dərbənd Rusiyanın, Türkiyənin və İranın diqqət mərkəzində idi.
Azərbaycanın başqa xanlıqları kimi, Dərbənd də XVIII əsrdə İran zülmündən azad olur və Dərbənd sultanlığı müstəqil xanlığa çevrilir. Xanlığın mərkəzi olan Dərbənd qalası uzunluğu 6 verst 400 sajen olan qalın daş divarla əhatələnmişdi. Həmin dövr üçün xarakterik üslubda müdafiə olunan Dərbənd möhkəm dəmir qapılara malik idi.
XVII əsr səyyahlarının verdiyi məlumatdan aydın olur ki, Dərbənd hərbi nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Dərbənd xanı istədiyi zaman 5-6 min nəfərədək piyada və süvari qoşun toplaya bilərdi. Şəhərin Narın qala guşəsində xan sarayı yerləşmişdi.
XVIII əsrin 50-ci illərində Dərbənd hakimi Məhəmməd Hüseyn xan idi. Onun dövründə xanlığın daxili və xarici vəziyyəti möhkəm deyildi. Əhalinin cox hissəsi ağır vergilərə tab gətirə bilmirdilər, buna görə də Məhəmməd Hüseyn xanın zülmündən qurtarmaq üçün yollar axtarırdılar. Mənbələrdə şəhər əhalisinin Məhəmməd Hüseyn xandan gizli Quba xanı Fətəli xana müraciət etdiyi göstərilir. Əhali Fətəli xanın simasında ədalətli və yaxşı hakim arzulayırdı.
Dərbəndin xalq kütlələrindən başqa, feodalları və varlı təbəqənin nümayəndələri də Quba xanlığı ilə birləşmək fikrində idilər. Bəhs etdiyimiz dövrdə Dərbənddə iki qrup yaranmışdı. Birinci qrupa iri feodallar daxil idilər və Məhəmməd Hüseyn xan tərəfindən müdafiə olunurdular. Onlar Quba xanlığı ilə birləşməyin əleyhinə idilər. Quba xanlığına rəğbət bəsləyən ikinci qrupa sənətkarlar, tacirlər, əhalinin yoxsul təbəqəsi və xırda feodallar daxil idilər ki, bunlar Məhəmməd Hüseyn xanın zülmündən xilas olmaq istəyirdilər.
Dərbənd xanlığında əmələ gəlmiş belə bir vəziyyətdən Fətəli xan məharətlə istifadə etdi. Fətəli xan birdən-birə Dərbəndə hücum edə blməzdi. Çünki, bu Dağıstanın cənubundakı feodalların narazılığına səbəb olacaqdı, onlar Quba xanlğının Dərbəndi tutmasına razı olmazdılar. Belə ki, Dərbəndi ələ keçirən Quba xanlığına sonradan gücləri çatmayacaqdı.
Fətəli xanın qarşısında duran çətin məsələlərdən biri də Dərbəndə hakim olmağın düzgün yolunu axtarmaq idi.Quba xanlığı Dərbəndə hucum etməklə özunə qarşı Cənubi Dağıstan feodallarının blokunun meydana çıxmasına yol vermək istəmirdi. Digər tərəfdən, Quba xanlığının bu məsələdə çətin vəziyyətə düşməsi Şamaxı xanı ilə düşmən münasibətdə olmasından irəli gəlirdi. 1758-ci ildə Şamaxı xanın Beşbarmaq yaxınlığıandakı məğlu­biyyətindən sonra Quba xanlığına qarşı mübarizə ücun özünə sərfəli imkan axtarırdı.
Yaranmış vəziyyətdən qələbə ilə çıxmaq üçün xüsusi məharət, bacarıq və siyasətçi olmaq lazım idi. Məhz bu yolla antiquba blokunun yaranmasının qarşısı alına bilərdi. Quba xanı Cənubi Dağıstan feodalları arasındakı narazılıqdan məharətlə istifadə edərək Tarku Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə əlaqəyə girdi və 1759-ci ildə Dərbəndə yürüş etdi.
Fətəli xan əvvəl dağlarla Xəzər dənizi arasında Samur çayının sağ sahilindəki Müşkürü, Niyazabadı, Şabranı, Rustovu və Beşbarmağı tabe etdi. Sonra öz müttəfiqlərinin köməyi ilə Dərbəndi mühasirəyə aldı və iki aydan sonra 1759-cu ilin noyabrında onu ələ kecirdi. Belə ki, xüsusi hazırlıqdan sonra müttəfiqlərin orduları təyin olunmuş vaxtdan tez hücuma keçir və şəhərin əhalisi Dərbənd darvazalarını müttəfiqlərin üzünə açır.
Dərbənd alındıqdan sonra müttəfiqlər Fətəli xana göstərdikləri yardım müqabilində Quba və Dərbənd xanlıqlarının bir sıra kəndlərindən vergi toplamaq hüququnu aldılar. Dərbənd xanlığının var-dövləti isə Quba xanlığının ixtiyarına keçdi.
Dərbəndin Quba xanlığına birləşdirilməsində silah gücündən çox aşağı və orta əhali təbəqəsinin Quba xanlığına olan rəqbəti mühüm rol oynamışdı. Əsas amillərdən biri də Quba xanlığının Cənubi Dağıstan feodalları ilə bağlı yeritdiyi incə və bacarıqlı siyasəti olmuşdu.
Dərbəndi birləşdirəndən sonra Quba xanlığının Azərbaycanın siyasi həyatında tutduğu mövqeyi daha da gücləndi. Fətəli xan danışıqlar aparmaq bəhanəsi ilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə çağırdı, onu həbsə aldı, gözlərini çıxartdı, əvvəl Qubaya, oradan isə ömürün sonuna kimi saxlandığı Bakıya göndərdi. Şəhər Fətəli xanın naiblərləri tərəfindən idarə olunmağa başlandı. Beləliklə, Dərbənd Quba xanlığının ikinci siyasi və hərbi əhəmiyyətli mərkəzinə çevrildi.
Dərbənd xanlığının ilhaqı ilə Quba xanlığının ərazisi xeyli genişləndi və o qüvvətli bir xanlıq kimi şöhrət qazanmağa başladı. Şəhər əhalisinin Fətəli xana xüsusi hüsni-rəğbəti var idi. Bu münasibəti hiss edən və şəxsən Fətəli xanı görən rus alimi S.Qmelin yazırdı: «Dərbənd əhalisi onu sevirdi...Şamaxı təbəələri də Fətəli xandan razı idilər». Fətəli xanın qüvvətlənməsindən qorxuya düşən irticaçı xanlar birləşmək və onu məğlub etmək üçün müxtəlif vasitələrə əl atırdılar. Daha çox şirvanlı Ağası xan və Məhəmməd Səid xan fürsət axtarırdılar.
Dərbənd Quba xanlığı ilə birləşdirildikdən sonra Quba xanlığı Bakı xanlığı haqqında fikirləşməyə başladı. Bakı xanlığı iqtisadi cəhətcə varlı, onun mərkəzi Bakı şəhəri isə Xəzər dənizinin möhkəm­ləndirilmiş ticarət limanlarından biri idi. İingilis səyyahı C.Xanvey Bakının ətrafında hündür yerlərdə nəzarət etmə qüllələrinin olduğunu qeyd edirdi.
XVIII əsrin ikinci yarısında Bakı xanlığı Abşeron yarımadasının Maştağa və Binəqədi naibliklərini əhatə edirdi. Bakı xanlığını başqa xanlıqlarla müqayisədə həm ərazi, həm də əhali cəhətcə kiçik idi. Bundan istifadə edən qonşu feodallar Bakı xanlığına tez-tez basqınlar edirdilər. Belə yürüşlər təsərrüfatın əsas sahələrinə, xüsusilə neft, duz istehsalına, zəfəran becərilməsinə böyük zərər vururdu. Bakı xanlığında olan tacir və feodallar böyük zərər çəkdiklərindən xana öz narazılıqlarını acıq-aydın bildirirdilər. Belə şəraitdə Bakı xanlığının onu qonşu feodalların basqınlarından qoruyan güclü müttəfiqlərə ehtiyacı var idi ki, Fətəli xan bu amildən məharətlə istifadə etdi.
Fətəli xan Bakı xanlığını iqtisadi cəhətcə sıxmaqla yanaşı, feodalizm dövrünə xas olan «nigah diplomatiyasından» istifadə edərək Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd edilmiş bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi ki, bununla da Əmir Həmzə Fətəli xanın barışmaz düşməninə çevrildi. Möhkəm və amiranə xarakterə malik olan Xədicə Bikənin vasitəsi ilə Fətəli xan zəif iradəli Bakı xanını özünə tabe etdi. Xədicə Bikə qardaşının məsləhətilə Bakı xanlığının daxili işlərinə qarışır və məsələləri Quba xanlığının xeyrinə yönəldirdi. Səyyahların yazdığına görə, «Bakı xanı bütün ömrü boyu Fətəli xana sadiq olacağını bildirmişdi».
Məlik Məhəmməd xan olmadıqda xanlığı Xadicənin özü idarə edirdi. Bakı xanlığı Quba xanlığının vassalı olmuş və onun hərbi səfərlərində də iştirak etmişdi. Əhməd bəy Cavanşir yazırdı ki, «Quba xanı Dərbəndin, Qubanın və Bakının hakimidir». Qeyd etdiyimiz faktlar göstərir ki, Bakı xanlığı formal olaraq özünün idarə üsulunu saxlamasına baxmayaraq, faktiki olaraq vassal hüququna malik idi. Fətəli xan Bakını silah güçünə deyil, diplomatik yolla özünə tabe edə bilmişdi.
Birləşmə siyasəti nəticəsində Quba xanı iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik olan Xəzər sahillərinin bir hissəsini - Dərbənddən Kürün mənsəbinə qədər olan yerləri öz hakimiyyəti altına almışdı. Fətəli xan Dərbəndi ələ keçirdikdən və mövqeyini möhkəmləndirdikdən sonra Şirvan xanlığı ilə hesablaşmaq haqqında tədbirlər görməyə başladı.
Şamaxı xanlığı iqtisadi cəhətcə gəlirli sahələrə və təbii sərvətləri olan əraziyə malik idi.O, şimal-şərqdən Quba, şərqdən Bakı, şimal-qərbdən Şəki, cənub-qərbdən isə Qarabağ xanlıqları ilə həmsərhəd idi. Müharibə vaxtı Şamaxı xanı 10-12 minə qədər əsgər toplaya bilərdi. Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Şamaxı Azərbaycan xanlıqları sırasında hərbi cəhətdən mühüm yerlərdən birini tuturdu.
Şamaxı xanlığı uzun müddət Quba xanlığına qarş müharibələr aparmış və güclü müqavimət göstərmişdi. Dərbənd və Bakı xanlıqlarını özunə tabe etdikdən sonra Quba xanlığının hərbi qüvvəsi daha da artmışdı. Belə bir şəraitdə Şamaxı xanlığına qarşı nəzərdə tutulmuş geniş planların həyata kecirilməsi işinə başlamaq olardı.
Quba xanlığı Şamaxı xanlığına böyük əhəmiyyət verirdi. Fətəli xana görə, Şamaxı xanlığı gələcəkdə Şəki və Qarabağ xanlıqlarına qarşı mübarizə üçün hərbi meydan olmalı idi. XVIII əsrin 60-cı illərində Şamaxı xanlığı iki tərəfdən Quba xanlığı ilə əhatə olunmuş və dənizlə əlaqəsi tamamilə kəsilmişdi. Buna görə də, Quba xanlığına qarşı mübarizəyə hazırlaşmaq məqsədilə 1763-cü ildə köhnə və yeni Şamaxı birləşdirilir. Lakin bu Şamaxı xanlığının müdafiəsi üçün kifayət deyildi. Fətəli xan Şirvanda baş verən hadisələri diqqətlə izləyirdi və Ağası xandan onun torpaqlarını Dağıstan feodallarının basqınlarından müdafiə etmək əvəzinə bac istəmişdi. Lakin Ağası xan bundan imtina etmişdi ki, bu da tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirmişdi. 1765-ci ildən etibarən Quba xanlığı ilə Şamaxı xanlığı arasında dörd il müddətinə kəskin mübarizə getmişdi.
Uzun müddət davam etməsinə baxmayaraq Quba xanlığı müvəffəqiyyət qazana bilmirdi. Bunun əsas səbəbi isə Şəki xanı Hüseyn xanın Şamaxı xanına köməklik etməsi idi. S.Qmelinin məlumatına görə, «Hüseyn xanın köməyi ilə Şamaxının müdafiəsi elə möhkəmləndirilmişdi ki, Quba xanı bundan dəhşətə gəlirdi».
Lakin Fətəli xan tezliklə onların arasına nifaq sala bildi və mübarizə meydanında qüvvələr nisbəti Quba xanlığının xeyrinə dəyişdi. Şəki xanı Şamaxı xanının məğlubiyyətindən sonra ona Şamaxının gəlirlərindən bir hissəsinin ayrılacağına ümid bəsləyirdi.
Yaranmış şəraitdə Şamaxı xanı Məhəmməd Səid xan köhnə Şamaxıya güclü ordu toplayaraq Quba xanlığı tərəfindən olacaq təhlükənin qarşısını almağa hazırlaşmağa başladı.
Şamaxının özündə də iki tirəlik əmələ gəlmişdi. Məhəmməd Səid mübarizəsiz Quba xanlığı ilə birləşmək fikrini irəli sürmüş qüvvələrə qarşı mübarizə aparsa da, tədricən vəziyyət Fətəli xanın xeyrinə dəyişməyə başlamışdı. 1767-ci ildə vəziyyət tamamilə gərginləşir və Şamaxı xanlığının birləşdirilməsi üçün real imkanlar yaranır.
Yaranmış vəziyyətdə vasitəçilik edən xanların təklifini qəbul edən Fətəli xan Şamaxı xanı ilə mübarizəni dayandırmağa, sülh danışıqları aparmağa razı olduğunu bildirir. Şamaxı xanı da mübarizə aparmağa cürət etmirdi. Cünki, Şamaxı hakimlərinin çox hissəsi ona sadiq deyildilər. Fətəli xan fasilədən istifadə edərək müttəfiqlərinin sayını artırdı.
Şirvan xanlığını təkbaşına məğlub edə bilməyəcəyini yaxşı bilən Fətəli xan vassalı olan şəkili Hüseyn xanı öz tərəfinə çəkdi.1767-ci ildə birləşmiş qüvvələr Şamaxını mühasirəyə aldı. Bir tərəfdən də Quba xanlığının köhnə müttəfiqləri olan Qazıqumux və Qaraqaytaq muzdlu dəstələri də Şamaxı üzərinə hərəkət etdilər. Beləliklə, çox çətin vəziyyətə düşən Şirvan xanı təslim oldu ərazisi qaliblər arasında bölüşdürüldü. Şirvan xanlığının az bir hissəsi - Saadan və Kassan mahalları Şəki xanlığına, xanlığın iqamətgahı daxil olmaqla Şirvanın böyük bir hissəsi Quba xanlığına keçdi. Fətəli xan əsir düşmüş Şamaxı hakimlərinin boyük sərvətini də ələ keçirdi.
Qələbədən sonra Fətəli xanın nüfuzu nəinki bütün Azərbaycanda və Qafqazda, habelə İranda da artdı. Lakin Fətəli xanla Hüseyn xan arasındakı ittifaq çox çəkmədi ki pozuldu. Vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq niyyətində olan Fətəli xan Hüseyn xanın Şirvandakı naibini oradan qovdu və onun da hissəsini öz hakimiyyəti altında birdəşdirdi.
1763-cü ilin avqustundan etibarən Şamaxı xanlığı bütün mahalları ilə birlikdə Quba xanlığının tabeliyinə keçdi. Cavad xanı da Qubanın vassal asılılığını qəbul etdi.
Cavad xanlığı kicik bir tarixi dövrü əhatə etməsinə baxmayaraq, o XVIII əsr Azərbaycan xanlıqları ilə birlikdə Quba xanlığının tərkibinə daxil olmuş və şimal-şərqi Azərbaycan torpaqlarına birləşdirilmişdi. Mənbələrdə Cavad xanlığı haqqında çox az məlumat vardır. Şamaxıdan aşağıda, Kürlə Araz arasında yerləşən Cavad hələ XVI əsrdən də əvvəl mövcud idi. Onun əhalisi maldarlıqla və əkinçiliklə məşğul olurdu. XVI əsrdə Cavadda yaxşı tikilmiş evlərin və bağların olduğu göstərilir. Cavad Şamaxı xanlığına tabe idi.
XVIII əsrin ortalarında Nadir şah dövlətinin zəifliyindən istifadə edən Cavad yarı asılı xanlığa çevrildi. Xanlığın mərkəzi olan Cavad isə ətrafı möhkəm hasarlarla əhatə olunmuş qala idi. Mənbələrdən aydın olur ki, Cavad xanlığı hazırkı Azərbaycanın Sabirabad, Şirvan (köhnə Əli –Bayramlı) kimi rayonlarının ərazisini əhatə edirdi Bununla belə, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçərilərinə, nə də Qaradağ, Ərdəbil köçərilərinə qarşı mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cavad xanlığının möhkəm bir müttəfiqə ehtiyacı var idi. Xanliq belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü.
Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini Fətəli xanın II Yekaterinaya göndərdiyi məktubdan da aydın görmək olar. Quba xanlığına birləşdiriləndən sonra Cavad xanlığı Fətəli xanın hərbi yürüşlərində fəal iştirak edirdi. O, hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış sui-qəsdin ləğv edilməsində xüsusi xidmət göstərmişdi. Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri olub Quba xanlığının gizli məclislərində də iştirak etmək hüququnu qazanmışdı.
Şamaxı, Cavad xanlıqlarının və Muğanın Quba xanlığına birləşdirilməsinin Fətəli xanın gələcək planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdu. Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı dayaq nöqtəsi təşkil etməli idi.
Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah güçünə tabe edildiyi halda, Cavad xanlığının birləşməsi tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi.
XVIII əsrin 60-80-ci illərində Quba xanlığı Azərbaycanın ən qüvvətli dövlət birləşmələrindən birinə çevrilmişdi. Dərbənd şəhərini öz dövlətinin paytaxtına çevirən Fətəli xan ciddi mərkəzləşmə siyasəti yeridirdi. Belə ki, xanlığın ərazisində feodal ara müharibələrinə son verilmiş, siyasi sabitlik yaradılmış, iqtisadi həyat canlanmağa başlanmış, ticarət əlaqələri bərpa olunmuşdu. Rus qarnizonlarından birinin komendantının tapşırığı ilə Dərbənddə olmuş Bulat xəbər vermişdi ki, o, Fətəli xanın sarayında Gilan, Ərdəbil, Təbriz və Gəncə xanlıqlarından gəlmiş nümayəndələri görümüşdü ki, onlar xandan öz hakimləri adından himayədarlıq xahiş edirdilər.
Fətəli xan xarici siyasət fəaliyyətində bir neçə istiqamətə xüsusi fikir verirdi ki, bunlara aşağıdakıları aid etmək olar:

  • separatçı qüvvələrin qarşısının alınması və xanlığın ərazisinin parçalanmasına imkan verilməməsi;

  • xanlığın ərazisindən keçən ticarət yollarının bərpası və Azərbaycan şəhərlərinin vasitəsilik ticarətindəki ənənələrinin dirçəldilməsi;

  • köçürmə siyasəti, bu yolla xanlığın sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi və hərbi qüvvələrin sayının artırılması;

  • xarici dövlətlərlə, ilk növbədə Türkiyə və Rusiya ilə münasibətlərin normal vəziyyətdə saxlanılmasına diqqət vermək;

  • nəhayət, qonşu ölkələrlə, xüsusilə Gürcüstan və Dağıstan hakimləri ilə münasibətləri sahmana salmaq. Fətəli xan bu məqsədlə «nigah diplomatiyasından» məharətlə istifadə edirdi.

Cənubi Qafqazda baş verməkdə olan hadisələrə hərbi yolla qarışmaq imkanlarına malik olmayan Osmanlı Türkiyəsi daha çox diplomatik danışıqlara üstünlük verir və Azərbaycan xanlıqlarının iştirakı ilə antirus koalisiyası yaratmağa çalışırdı. Bununla belə, 1785-ci ildə Quba, Qarabağ və Şəki xanlarının İstanbula göndərdiyi nümayəndə heyətləri bir sıra hadisələrin təsiri ilə konkret heç bir nəticəyə nail olmamışdılar. Türkiyə Kiçik Qaynarca sülhündən (1774) sonra Rusiya ilə münasibətləri təkrar kəskinləşdirməkdən ehtiyat edirdi və əslində bununla da özünü Azərbaycan xanlarının yardımından məhrum etmişdi.
Fətəli xanın Rusiyaya xüsusi münasibəti təsadüfi deyildi, çünki xan 1773-1774-cü illərdə Şəki, Qarabağ və Şamaxı xanlarının, Gürcüstan çarı, Avar hakimi və Qaraqaytaq usmisinin birləşmiş qüvvələrinə qarşı mübarizədən məhz Rusiyanın köməyi ilə qalib kimi çıxmışdı. Yaranmış şəraitdə obyektiv olaraq nicat yolunu Türkiyə və İranda yox, Rusiyada görən Fətəli xan 1775-ci ildə Dərbənd hakimi Mirzəbəy Fətəlibəylinin, 1787-ci ildə isə görkəmli diplomat Mirzə Sadıq Məhəmmədvəliyevin başçılığı altında Rusiyaya nümayəndə heyətləri göndərmiş və çoxtərəfli diplomatik danışıqlar aparmışdı.
Beləliklə, XVIII əsrin ikinci yarısında Quba xanlığı Dərbənddən Cavada qədər Azərbaycanın şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirmişdi. Fətəli xan öz torpaqlarını genişləndirmək uğrunda mübarizədə əsas etibari ilə xırda və orta feodallara arxalanırdı. Onun siyasəti həm də fеodal ara müharibə­lərinə nifrət edən oturaq əkinçi əhali tərəfindən müdafiə olunurdu. Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin qüvvətli bir hökmdar hakimiyyəti altında birləşdirilməsi həm daxili, həm də xarici ticarətin inkişafı üçün geniş imkanlar yaradardı.
XVIII əsrin ikinci yarısında feodal müharibələrinin qızğın dövründə və xarici siyasi vəziyyətin gərgin vaxtında heç kəs Fətəli xan kimi hakimiyyəti belə möhkəmləndirə və uğurlu birləşmə siyasəti apara bilməzdi. Fətəli xan bu müvəffəqiyyətlərə öz bacarığı, zəkası və cəsarəti sayəsində nail ola bilmişdi. Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə Şah İsmayıldan sonra ikinci böyük addımı atmış, 20-yə qədər irili-xırdalı xanlığı öz ətrafında birləşdirmiş, lakin başladığı işi uğurla axıra çatdıra bilməmişdi.
Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şamaxı kimi xanlıqlarını Qubanın ətrafında birləşdirməklə şimal-şərqi Azərbaycan torpaqlarını vahid dövlətin tərkibinə qatdı. Bundan başqa vaxtilə Dərbəndə tabe olan Müşkür, Şabran, Beşbarmaq, Qazıqumux və Tabasaran hökmdarları, Talış və Gilan xanları, Avar və Şamaxı feodalları Fətəli xana tabe oldular. Cənubi Azərbaycanın Təbriz, Qaradağ və Ərdəbil kimi qüvvətli xanlıqları Fətəli xanla hesablaşmalı oldular ki, bu Fətəli xanın apardığı otuz illik mübarizənin nəticəsi idi.
Fətəli xan dövrünün bir sıra feodal hakimlərindən fərqli olaraq dini məsələlərə xüsusilə incə şəkildə yanaşırdı. O, yəhudi, sünni və şiə məzhəblərinə mənsub olanların hamısına eyni münasibət bəsləyir və S.Qmelinin yazdığı kimi «sünniləri də şiələri sevdiyi qədər sevir, hər ikisinə də meyl edirdi. Fətəli xanın rəftarına görə, yaxın tanışlar onun bu məzhəblərə aid olan qanunları qəbul etmədiyini təsdiq edirlər».
Istedadlı diplomat, bacarıqlı sərkərdə və uzaqgörən dövlət xadimi kimi, Fətəli xan zamanın nəbzini tutmağı, region uğrunda gedən mübarizədə Rusiya, Türkiyə və İran arasında manevr etməyi bacarır, Rusiyanın strateji niyyətlərindən xəbərdar olduğu üçün onun gücündən istifadə etməklə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəni başa çatdırmağa çalışırdı. Təsadüfi deyildi ki, Şimal-Şərqi Azərbaycan torpaqları qısa müddətə olsa da, vahid dövlətdə birləşdirilmişdi. Fətəli xanın simasında görkəmli dövlət xadimlərinə məxsus iki amil: güc və diplomatiya birləşmişdi. Lakin onun başladığı Azərbaycanın vahid dövlətdə birləşdirilməsi uğrunda mübarizə xarici amillərin, ilk növbədə Rusiyanın müdaxiləsi üzündən həyata keçirilə bilmədi.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin