“15.09.2018
Bugün ilk dəfə idi ki, universitetə getdim. Elə də maraqlı deyildi. Tanımadığım
adamlar, müəllimlər. Sinif yoldaşlarım üçün darıxdım. Biraz mənə çətin idi. Elə
hamıya. Hər dəqiqə biri gəlirdi. Sinif rəhbərini axtarmışam neçə saat. Sən demə heç
sinif rəhbəri olmurmuşki. Hahahaha.....”
Sevda Fəridənin gündəliyini oxumağa başlamışdı. Öz otağına çəkilmiş, yeni
kitab almağın sevinci ilə onun gündəliyini vərəqləmişdi. Fəridə üçün kədərlənsə də,
bu onun üçün maraqlı idi. Tez-tez, ancaq diqqətlə gündəliyin içindəkiləri oxumağa
çalışır, gərəkli məlumatları tapmağa səy göstərirdi.
“27.12.2018
Hava çox soyuqdur. Dərsə heç getmək istəmirəm. Yorğanın altından çıxmamaq üçün
nə istəsələr verərdim. Dünən yeni kitab aldım. Dinlər haqqındadır. Biraz oxudum.
Pis deyil. Maraqlıdır...“
Hər vərəqi oxuduqda Sevda Fəridə haqqında yeni bir şeylər öyrənirdi. Sankı
onunla çoxdan tanış imiş.
“09.01.2019
Bugün evdəkilərlə danışdım. Çox sağ olsunlar, heç yadlarına da düşmürəm. Başları
qardaşıma qarışıb. Atam xaric. Bircə o mənimlə maraqlanır. Bilmirəm necə olacaq
bu işlərin sonu...”
Şübhələrində yanılmadığını anlamışdı. Leytenant Ağayeva yavaş-yavaş işini
qavrayırdı.
“14.03.2019
Bugün bir oğlanla üzbəüz gəldim. Onu heç görməmişdim unidə. Biraz qəribə tipi
var. Arıq, uzun oğlan idi.Saçları qıvrım. Mənə baxırdı. Mən də otlamağa gedən
qoyun kimi başımı aşağı salıb keçdim yanından. Görəsən, niyə baxırdı?...”
Fəridə içinə qapanıq biri olsa da, bütün ürəyini bu gündəliyə açıb tökmüşdü.
Sevda özünü ona yaxın hiss etmişdi. Bəlkə də özü də elə biri idi.
“07.05.2019
Onunla ikinci dəfə görüşdüm. Ancaq çox pis bir şey oldu. Təzə köynək almışdı. Ona
köynəyinin nə qəşəng olduğunu deyəndə o da təzə almışam dedi. Məndə çaşıb
obaaaaaa dedim. Çox utanmışdım. İldə bir dəfə oğlanla görüşürsən, onda da qatıq-
qatıq danışırsan.eeeh...”
Sevda gündəliyin bu yerini oxuyanda gülməkdən özünü güclə saxladı.
Həyatda olsaydı, onunla həqiqətən tanış olmağı çox istərdi.
“28.06.2019
İmtahanlar qurtardıııııııııııııııııııı. Hamsından keçdim. Yessss. Ancaq rayona getmək
istəmirəm. Onda onu görməyəcəm(((İşə düzələcəm. Bəhanəm hazırdı. Çox
ağıllıyam...”
Gündəlik vərəqləndikdə daha həyəcanlı, daha maraqlı hal alırdı. Üniversitetin
başlanğıcında soyuq, sakit qız yavaş-yavaş əyləncəli birinə çevrilirdi. Bunun tək
səbəbi Ayaz idi. Onun sevgisi...
“ 16.08.2019
İşlər pis deyil. Təkcə şanapipiyə oxşayan kassir olmasa. Qız bütün əsəbimi korlayır.
Elə bil müdirimdi. İşdən qovulmağa görə qorxmasam saçını yolardım onun.
Ehh((Ayaza deyəcəm sabahdan gəlməsin məni götürməyə. Uşağa elə baxır ki, elə bil
bu dünyaya gətirib...”
Qısqanclıq... Bütün bəlaların başında gəlmirmi? İnsanların uçuruma
sürükləyən, bir çox ayrılıqların səbəbkarı o deyilmi?
Sevda gündəliyi bitirmək istəsə də, yorğun olduğundan artıq gözləri qapanır,
oxuduqlarını da başa düşə bilmirdi. Ona görə də onu bir kənara qoyaraq yerinə
uzandı. Sabah erkən qaxmalı idi.
***
Səhər Şükürov növbəni təhvil verdikdən sonra evə getmiş, geyimini
dəyişdikdən sonra yenidən şöbəyə qayıtmışdı. Qapının önündə avtomobilindən
enmiş, içəriyə girmək üçün üzərini səliqəyə salırdı. Avtomobilin qapını örtüb
şöbənin həyət qapısına doğru getməyə başlamışdı ki, leytenant Ağayevanın
avtobusdan enərək ona tərəf gəldiyini gördü.
– Salam. Sabahın xeyir, – deyə ona yaxınlaşdı.
– Sabahınız xeyir, cənab baş leytenant.
İkisi bir yerdə qapıdan içəri daxil oldular. Bir neçə addım getmişdilər ki,
Şükürov soruşdu:
– Gündəliyi oxuya bildiniz?
– Hamısını oxuya bilmədim. Nə yalan deyim, yorğunluq imkan vermədi.
Bugün bitirərəm.
– Başa düşürəm. İşin sonuna az qalıb məncə. Rafael əmiyə inanıram. –
Arxayınlıqla dedi.
– Hmm. Cənab mayorla deyəsən, aranız yaxşıdır.
– Hə... Mənim bu yerə gəlməyimdə onunla cənab polkovnikin əməyi çox olub.
Mən yetimxanada olarkən başlayıb tanışlığımız. Onlara çox şey borcluyam.
– Lap yaxşı.
– Siz də mənə adımla müraciət edə bilərsiniz. Eləcə Sabir deyə bilərsiniz. –
Həyəcanla əlavə etdi.
– Çox sağ olun. Ancaq siz məndən vəzifəcə böyüksünüz. Bu uyğun olmaz.
– Necə istəyirsiniz. – Şükürov bundan artıq bir kəlmə belə demədi. Deyə
bilmədi.
***
– Qızınızla münasibətiniz necə idi? – Sevda oxuduqlarını Rafaelə
danışdığından bir çox şeydən onun xəbəri vardı.
– Yaxşı idi. Tez-tez onunla əlaqə saxlayardım.
– Bəs yoldaşınızın?
– O da həmçinin.
– Həsən bəy, qızınızın gündəliyi ancaq belə demir. Düzdür, sizlə arası yaxşı
olub, amma anası ilə tam tərsi.
– O, biraz oğlunu ondan çox istəyirdi. Ancaq onu da çox istəyirdi. – Adam
başını aşağı əymiş, sözlərini qırıq-qırıq ağzından çıxarırdı.
– Sizcə qızınız bu həddə çatmasında ailəsinin günahı varmı ? – Muradov
istəməsə də bu sualı verdi.
– Mən onu çox istəyirdim. – Adam hönkür-hönkür ağlamağa başladı. – O
mənim yeganə qızım idi. Mən atayam. Əlimdən ancaq bu gəlirdi. Neyləyim axı?
– Su için, zəhmət olmasa. Səbrli olun.
– Onun özünü öldürməsinə inanmıram. Onu kimsə də öldürməz. Burda qəribə
nəsə var. Yalvarıram, bu işin axırına kimi gedin.
– Sizə söz verirəm. Bu işin yaxasını buraxmayacam.
Muradov son sözünü deyib otaqdan çıxmaq üçün ayağa qalxdı. Həsən bəyin
isə taqəti olmadığından eləcə oturduğu yerdə donub qalmışdı. Gözlərini yerə dikərək
fikrə dalmışdı.
Otağın qarşısında yenə Muradovu iş yoldaşıları gözləyirdi.
– Danışa bildiniz?
– Hə, Şükürov. Ailə içi münasibətlər biraz soyuq olub. Fəridənin yazdığı kimi.
– İndi növbədə kimdir? – Ağayeva sual verdi.
– Məhəllədəki adam. Ondan nəsə öyrənmək olar.
Bu arada Fəridənin atasını polis nəfərləri otaqdan çıxarmışdılar. Adam
Muradovu görüb başıyla minnətdarlığını bildirib dəhlizlə çölə doğru getdi.
– Yazıq adam. Qızının ölümü onun belini büküb.
– Həm qızı, həm öz ailəsi, hərkəsin qınağı, dedi-qodular. Hamısı... – Muradov
Ağayevanın sözünə əlavə etdi.
Rafael sözünü bitirməmişdi ki, polis nəfərlərinin məhəllədəki adamı
gətirdiyini gördü.
– Həh... Gəldi bizimki. İndi gəl bunla əlləş.
– İşiniz avand olsun, cənab mayor.
– Gəl, sənə olsun, Şükürov!
– Çox sağ olun.
– Yaxşı! Çənəniz birazda düşməmiş mən gedim. – Gülməsəyərək sorğu
otağına girdi.
Muradov sorğu otağının qapısını açıb içəri girmişdi ki, adamın əllərini arxada
birləşdirib tavana baxdığını gördü. Bir neçə saniyə onu izlədikdən sonra anidən dedi:
– Neynirsən?
– Rəngi niyə tündləşib?
– Nəyin?
– Tavanın. Soba yandırırsız?
– Sən canı nə danışırsan? Otur aşağı. Səndən bir-iki şey soruşacam. – Stula
oturub onun da oturmasını istədi.
– Nə sual verəcəksən? Triqonometriyadısa, kömək eliyərəm. – Gözlərini
oynadır, gülə-gülə çənəsini qabağa edərək əcaib hal alırdı.
– Yox! Çox sağ ol. Başqa bir şey sual verəcəm. – Rafael əvvəlcədən bu qoca
adam haqqında hər şeyi öyrənməyə çalışmışdı. Qovluğu açaraq ucadan dedi. –
Qasımov Tamerlan Qalib oğlu.
– Mən! – Adam ayağa qalxaraq əllərini yanında birləşdirdi.
– Otur yerinə.
– Oldu!
– Azərbaycan Dövlət Pedaqogiya Universitetini fərqlənməylə bitirmisən.
Otuz beş yaşına kimi Universitetdə müəllim işləmisən.
– Hə. Düzdür. Müəlliməm demişdim. Nəsə kömək olsa, de öyrədim.
– İstəyərəm. – Muradov təbəssümlə dedi.
Tamerlanın həyatı da bir başqa insana görə dəhşətli idi. İyirmi səkkiz yaşında elə
universitetdən tanıdığı xanımla ailə həyatı qurur. Bir-birlərini çox sevsələr də neçə
il övladları olmur. Hardan biləydi ki, həyat öz sürprizini hələ ondan gizlədirdi.
Günlərin bir günü, Tamerlan iş çıxışında, universitetin qarşısında qəza olduğunu
görür. Yaralıya kömək etmək üçün hadisə baş verən yerə qaçdıqda gözlərinə inana
bilmir. Avtomobil həyat yoldaşını vurmuşdu. Elə ordaca özünü itirir və ürəyi gedir.
İnsanlar ikisini də təcili olaraq xəstəxanaya çatdırır. Həyat yoldaşını xilas etmək
mümkün olmur. Özü isə səhəri gün özünə gəlir. Həkim həyat yoldaşının vəfat
etdiyini və bətnindəki körpəni də itirdiyini ona deyir. Yalnız bundan Tamerlanın
xəbəri yox imiş. Sən demə, həyat yoldaşı elə bunu demək üçün universitetə
tələsirmiş. Sevincindən avtomobilin gəlməsinə belə fikir verməyibmiş. Bunu
eşitdiyi zaman Tamerlan elə ordaca ağlını itirir.
Muradov qırx iki yaşlı Tamerlana diqqətlə baxdı. Üzü tamamilə qırışmışdı.
Sankı altmışı çoxdan adlamışdı.
– Tamerlan?
– Həə.
– Fəridəni tanıyırdın?
– Hansı Fəridəni? – Barmaqlarını bir-birinə keçirərək diqqətlə mayorun üzünə
baxdı.
– Evində ölü tapılmışdı.
– Hə, tanıyırdım. Mənə şokolad alırdı. – Üzündə yaranan ani təbəssüm dərhal
da söndü. – Yaxşılar tez ölür.
– Səncə o necə ölüb?
– Kim?
– Fəridəni deyirəm. O, gecə vaxtı ölüb.
– Bilirəm.
– Hardan bilirsən? – Muradov təəccüblə soruşdu.
– Qonşular danışanda mən də eşitdim. – Qulaqlarını tutaraq yana dartdı.
– Gecələr məhəlləyə düşürsən?
– Arada. Ağacın kölgəsi onda daha qəşəng olur. – Əllərini bir-birinə vuraraq
gülməyə başladı.
Muradov onun günahsız olduğunu onsuzda bilirdi. Ancaq ondan bir şeylər
öyrənməyə ümidi vardı.
– Ayın işığındandır.
– Yox, yox! Məhəlləyə təzə lampa qoyublar.Onun işığıdı. – Gecə lampasını
deyirdi.
– Başa düşdüm. – Təbəssümlə ona baxdı. – Tamerlan, səncə yaşamaq üçün nə
etmək lazımdır? – Söhbəti dəyişmək qərarına gəldi.
– Gülmək! Mən elə edirəm. – Əllərini yenidən bir-birinə vurdu.
– Bunu sən çox gözəl bacarırsan.
– Bilirəm. – Qəhqəhə ilə gülməyə başladı.
– Gedə bilərsən. Sorğu qurtardı.
– Bəs riyaziyyat? Müəlliməm. Sənə kömək edə bilərəm. – Məsumca
Muradova baxdı.
– Gələn dəfə mütləq. Söz verirəm.
– Sənə inanıram, – deyə üzündəki kədər yenidən yox olub yerini sevincə verdi.
Rafael ayağa qalxaraq onu yerindən qaldırdı. İkisi birgə sorğu otağını tərk
etdilər. Polis nəfərləri yaxınlaşaraq Tamerlanı onun yanından aldılar. O isə əlini
havaya qaldıraraq onunla sağollaşdı.
– O, çox təmiz adamdır.
– Hə, Ağayeva. Məncə ağıllı olan odur, dəli olan biz. Sadəcə biz çoxuq, o isə
bir nəfər. Çoxluq onu təkləyib.
– İnsanları başa düşmək olmur, cənab mayor.
– Nəysə... Qaldı Fəridənin digər ev yoldaşı. Nahardan sonra onunla da
danışarıq.
– Oldu, cənab mayor. – Şükürov dedi.
– Gedək! – Muradov nahar vaxtının çatdığını bildirdi.
***
– Günay, çox uzatmayacam. Biz artıq hər şeyi bilirik. Xədicə ilə Fəridənin
münaqişəsini. Onlar arasındakı münasibət. Bunlardan xəbərimiz var. Bunları sənin
də bildiyini bilirik. Bizə nə bildiyini tam olaraq danış Nə artıq, nə əksik!
– Mən nə bildimsə, danışdım. – Gözlərini qaçıraraq dedi.
– Sənin olanları gizlətməyin də cinayətdir. Bu iş sənin üzərinə də qala bilər.
Ona görə də məni yorma. Danış!
– Nə danışmağımı istəyirsiniz? – Qorxduğu açıq-aşkar bəlli idi.
– Xədicə ilə Ayazıın münasibəti vardı?
– Xeyr. Xədicə bəlli etməsə də, ondan xoşlanırdı. Ancaq Ayaz elə oğlan
deyildi.
– Aldatma olmayıb yəni?
– Xeyr, əsla! Fəridə qısqanc olduğundan aləmi qatmışdı bir-birinə.
– Bu onun psixologiyasına necə təsir etmişdi?
– O özünə qapanmışdı. Demək olar ki, mənimlə də çox az danışırdı.
– Yaxşı. Səncə nə bilirdinsə, danışdın?
– Bəli. Sizə söz verirəm ki, bundan artıq heç nə olmayıb. Olubsa da mən
bilmirəm.
– Sakitləş. Sənə inanıram. Gedə bilərsən. – Muradov qapını göstərdi.
Kiminsə günahkar olduğunu, ya da həqiqətən “intihar hadisədir” demək
olmurdu. Heç bir sübut tapılmırdı. Muradov buna görə kədərlənsə də bəlli etməməyə
çalışırdı. Ağayeva ilə Şükürov da bir çarə qıla bilmirdilər.
– Bundan da bir şey çıxmadı.
– Gec-tez hər şey ortaya çıxacaq, cənab mayor. – Şükürov onu rahatlatmağa
etməyə çalışdı.
– İş uzanır. Ağayeva, bugün gündəliyi mütləq bitir. Vaxt itirmək olmaz.
– Oldu, cənab mayor.
Onlar aralarında danışdıqları zaman Polkovnik onlara yaxınlaşaraq dedi:
– Məsələ nə yerdədir?
– Hələki heç bir yerdə.
– Yuxarıdan durmadan zəng gəlir. Xədicənin atası aləmi qatıb bir-birinə.
Adam adının ləkələndiyini bildirir.
– Qızını həbs etməmişik. İki dəfə sorğuda olub. Bu da normal haldır. Fəridə
onun ev yoldaşı olub. – Muradov əsəbi halda dedi.
– Elə mən də onu dedim. Ancaq bu işi tez bitirmək lazımdır.
– Qorxma, qoca! Biz qoymarıq ki, kimsə sənin xətrinə dəyə.
– Sən elə zarafatnda ol! Məsələ ciddidir.
– Mən də ciddiyəm. Bizə möhlət ver. Bu işi bitirəcəyik.
– Sənə inanıram.
– Çox sağ ol.
Polkovnik onlarla sağollaşıb öz otağına getdi.
– Ağayeva, sən bugün evə tez get. Hətta səni Şükürov aparsın. Gündəlik
bugün bitməlidir.
– Narahat olmasın. Mən özüm gedərəm. – Ağayeva dedi.
– Bu əmrdir. İşimizə görə.
– Oldu, cənab mayor.
– Buyurun, gedək. – Şükürov dərhal dedi.
***
– Mənim sizi aparmağıma görə narahat deyilsiniz ki? – Şükürov gözünü
yoldan ayırmayaraq dedi.
– Xeyr. Mən sadəcə sizə əziyyət vermək istəmədim.
– Nə əziyyət! Xoşdur.
– Çox sağ olun.
– Demək olar, hər birimiz haqqında təsəvvürünüz var. Amma sizin haqqında
heç nə bilmirik. Bəlkə də təkcə mən bilmirəm. – Şükürov söhbəti uzatmağa çalışdı.
– Xeyr. Bircə polkovnik mənim haqqımda məlumatlıdır.
– Çox gözəl. Bu işi öz istəyinizlə seçmisiniz? Çünki çox zaman valideynlər
qızlarının müəllim, həkim olmağını istəyir.
– Ola bilər. Valideynləri olanlar üçün bu belədir.
– Bağışlayın! Mən vəfat etdiklərini bilmirdim. Allah rəhmət etsin. – Şükürov
peşmanlığını bildirmək istədi.
– Elə deməyin. Bilmək olmaz. Bəlkə də yaşayırlar. – Sevda kinayə ilə dedi.
– Başa düşmədim.
– Mən də sizin kimi böyümüşəm. Kimsəsizlər evində.
– Aaaa! Anladım. O zaman sizi ən yaxşı mən anlaya bilərəm. – Şükürov içində
yaranan sevinci biruzə vermək istəmirdi.
– Yəqin ki.
– Polkovnik çox yaxşı insandır. Sizə demişdim.
– Elədir ki, var. – Sevda təbəssümlə qarşılıq verdi.
Artıq onlar bir qədər də bir-birlərinə yaxınlaşmışdılar. Bu onların qisməti idi
bəlkə də. Nə bilmək olar?!
***
Bu arada Muradov öz otağında o baş bu başa gedir, hadisə haqqında
düşünürdü. Bir çox hadisə ilə qarşılaşmışdı. Ancaq bu o birilərindən fərqlənirdi.
Şübhəli varla yoxun arasında idi. Amma sübut yox idi. Cinayət adlandırmaq
mümkün deyil, intiharda qeyri-mümkün. Hər şey qarışmışdı.
Lövhənin önünə keçərək, bir neçə cızma qara etdi. Dindirmələri xatırlamağa
çalışdı. Onların qarşılaşdırıb nəticəyə gəlməyə başladı. Fəridə gecə gec saatlarında
vəfat etmişdi. Otağının tavanından kəndir asılmışdı, ancaq Fəridənin boğazında heç
bir iz yox idi. Stulun ayağı qırılmışdı. Lakin başından aldığı zədə nəticəsində
beyindaxili qanaxma baş vermiş və dünyasını dəyişmişdi. Muradov elə hey
fikirləşir. Ancaq bir nəticəyə gələ bilmirdi. Otağı dəli kimi o baş, bu baş gəzirdi ki,
qəfildən yerində dayandı. Ağlına bir şey gəlmişdi.
***
Dostları ilə paylaş: |