Amid Səlimoğlu
Ə
Ə
Bakı-2020
Dəhlizə çıxaraq çölə doğru addımlayırdı ki, arxadan gələn səs onu dayanmağa
vadar etdi. Astaca geriyə dönərək yenidən addımlamağa başladı.
– Buyurun, rəis. Nəsə lazım idi?
– Polis leytenantı Sevda Ağayeva, – rəis yanında dayanan xanımı göstərərək
dedi. – Bundan sonra sənə işlərində o kömək edəcək. İnanıram ki, səndən çox şey
öyrənəcək, – deyə gülümsəyərək otağının qapısını açdı.
– Nədənsə, mən buna heç inanmıram. – O da gülümsəyərək qarşılıq verdi. –
Bağışlayın. Adım Rafaeldir, Rafael Muradov. – Sevdaya özünü təqdim etdi.
– Sizi şəhərdə tanımayan yoxdur, cənab mayor. Sizinlə işləmək mənim üçün
fəxrdir. – Sevda məmnunluğunu bildirdi.
– Sənə bu qoca bilmirəm nə deyib, – əli ilə kolidorun sonundakı qapını
göstərdi. Birgə çölə doğru addımlamağa başladılar, – ancaq, əslində, mən tək
işləməyi üstün tuturam. Rəis də pensiya yaşına çatıb, işdən də çıxmaq istəmir. Elə
gündə bir şey çıxarır başıma. – Gülərək sözünə əlavə etdi.
– Mən sizə mane olmaram.
– Yox. Xətrinə dəyməsin. Sənə görə demirəm. Ümumiyyətlə deyirəm. –
Ağarmış saçlarını ovuşduraraq nə deyəcəyini fikirləşdi. – Hara gedəcəyimizi
bilirsən?
– Bəli. Sizdən əvvəl cənab polkovnik hadisə haqqında mənə danışıb.
– Gözəl. O zaman yola düşsək yaxşı olar. Maşının var?
– Xeyr.
– Onda taksiylə gedək. Mənim də yoxdu.
– Yaxşı.
Yola çıxaraq taksi saxlayıb hadisə baş verən yerə üz tutdular. Yol boyu heç
biri bir söz belə danışmırdı. Ancaq susur və yolu izləyirdilər. Arabir sürücü söhbət
etməyə çalışsa da, istəyi alınmır, söhbət yarıda kəsilirdi.
Taksi beş mərtəbəli binanın qarşısında dayananda artıq saat üç olmuşdu.
Rafael taksidən enərək binaya göz gəzdirdi. Sevda onun hərəkətlərini izləyir, ondan
nəsə öyrənməyə çalışırdı.
– Hadisə nə zaman baş verib?
– İki gün bundan öncə. – Sevda dərhal sualına cavab verdi.
– Saat neçədə?
– Təxminən gecə, saat iki radələrində.
– Yaxşı. Gedək mənzilə baxaq.
Binanın birinci mərtəbəsində üç mənzil vardı. Sağda yerləşən qapı xüsusi
lentlərlə əhatələnmiş, girilməsinə qadağa qoyulmuşdu. Rafael ilk öncə əlcək
geyindi, sonra qapını açarla açaraq içəri daxil oldu. Sevda da onun arxasıyca hərəkət
edirdi.
İçəri daxil olduqlarında qəribə qoxunu dərhal hiss etdilər. Rafael üçün bu o
qədər də yad olmasa da, Sevda üçün çox yeni idi. Ona görə də cibindən yaylıq
çıxararaq burnunu tutmağa çalışdı. Bundan xoşu gəlmədiyi üzünü turşutmağından
hiss olunurdu.
Astaca yataq otağına keçərək tavandan asılmış kəndirə baxdılar.
– Mərhum haqqında nə bilirsən? – Rafael gözünü kəndirdən çəkmədən dedi.
– Ölən qadındır. Adı Fəridə, soyadı Mamedova. Tələbə
olub. Bakı Dövlət Universitətinin ikinci kurs tələbəsi imiş.
– Lap yaxşı. Dərsinə pis hazırlaşmamısan. – Bir qədər
susduqdan sonra anidən Sevdaya baxaraq dedi. – Səncə bu
intihardır?
– İlk baxışdan intihar kimi görünür. Ancaq bəzi şübhəli
məqamlar da var. Ona görə də tam olaraq, qəti qərara gəlmək
mümkün deyil.
– İşə hardan başlamağı məsləhət görürsən?
– Mən? – təəccüblə Rafaelə baxdı.
– Hə. Sən. Öyrənməyə bir yerdən başlamalısan ya yox?
– Düzdür. – Çaşqınlıqla cavab verdi.
– Onda de. İşə hardan başlayaq?
– Evi axtarmaqla ola bilər.
– O zaman hərəmiz bir otağa baxaq. Sonra ümumiləşdirib müzakirə edərik. –
Rafael sözünü bitirərək qonaq otağına keçdi.
Ev elə də böyük deyildi. Bir qonaq otağı, bir yataq otağı, bir də mətbəxdən
ibarət idi. Rafael qonaq otağını gəzir, gözünə sataşan əşyalara bir neçə saniyə
baxmaqla kifayətlənirdi. Sevda isə yataq otağını diqqətlə araşdırmağa səy göstərirdi.
Tapacağı hər bir yeni məlumat onun üçün çox böyük əhəmiyyətə malik idi. Ona görə
də bütün kitablara baxır, bütün rəflərə tək-tək göz gəzdirirdi. Bir müddət fikrini
lazımi materialın axtarışına verdiyindən qapının yanında dayanaraq onun
hərəkətlərini izləyən Rafaeli görməmişdi. Rafael isə susaraq bu gənc qızın maraqla
nəsə axtarmasını izləməkdə davam edirdi. Bir neçə dəqiqə də belə keçdikdən sonra
anidən səssizliyi pozdu.
– Nəsə tapa bildin?
Səsə diksinərək yerində dikələn Sevda geriyə çevrilərək ona baxdı.
– Siz burda idiniz?
– Biraz olar. – Soyuq baxışlarla həmkarına baxdı. – Heç nə tapa bilmədin?
– Xeyr. – Pərt olmuşdu. Başını aşağı əyərək dedi.
– Heç nə olmaz. Getmək vaxtıdır. Hələlik burada işimiz bitdi.
– Yaxşı.
Qapıdan çıxdıqdan sonra Rafael qapını bağladı. Oradan da pilləkənlə aşağı
düşərək binanın qarşısına çıxdılar. Taksi danışıldığı kimi onları gözləyirdi. Taksiyə
oturaraq yola düzəldilər. Yol boyu davam edən səssizliyi Sevda pozdu.
– Sizcə mən səhv etmişəm?
– Nədə?
– Siz məndən soruşdunuz. Hardan başlayaq dediniz. Məncə mən fikrimdə
yanıldım. Başlayacağımız ilk iş bu olmamalı idi.
Rafael onu dinlədikdən sonra sakit tərzdə dedi:
– Əgər fikrinin yanlış olduğunu fikirləşirsənsə, deməli düz yoldasan. Sən
yanlış etməmişdin. Biz buraya evə baxmaq üçün gəlmişdik. Sadəcə ətraflı deyil.
Sadəcə baxacaqdıq, izləyəcəkdik. Beynimizdə hadisə ilə bağlı fikirlər yaranması
üçün. Buna görə. Başa düşürsən?
– Bəli. Mən biraz həyəcanlandım. Sübut,dəlil tapmaq üçün... – sözünün ardını
gətirmədi. Üzünü çevirərək yola baxmağa başladı.
Bu dialoqdan sonra yenidən taksidə sükut yarandı. Sürücü belə onların sözünə
qarışmamış,sadəcə arabir güzgüdən onlara baxaraq nə danışdıqlarını anlamağa
çalışmışdı.
***
Cinayətin səbəbini araşdırmaq üçün mayor Rafael Muradov iclas otağında
polkovnik Hüseynovu gözləyirdi. Leytenant Ağayeva isə bu arada sübut və dəlilləri
sıra ilə masanın üzərinə yığır, arabir kənara çəkilərək hər şeyin yolunda getdiyinə
əmin olmağa çalışırdı. Onun bu qədər səliqə ilə işlədiyi mayorunda diqqətini
çəkmişdi. Pəncərənin önündə dayanaraq çölə baxsa da, gözucu leytenantı da
süzürdü.
– Hər şey hazırdır? – Polkovnik içəri keçərək masanın üzərindəkilərə işarə
etdi.
– Bəli, cənab polkovnik.
– Lap yaxşı, Muradov. O zaman baş-leytenant Şükürov da gəlsin, başlayaq.
– Necə istəyirsiniz.
– Ağayeva, cənab mayorla necə, anlaşa bilirsiniz? – Gülərək mayora baxdı.
– Bəli.
– Biraz qəribə adamdır, ancaq yaxşıdır. İşində də,insanlıqda da. Qoca olsa da.
– Sənin özündən deyəsən, heç xəbərin yoxdu. – Rafael onun sözünü kəsərək
dedi.
– Mən səndən cavan görünürəm. Bir özünə bax. Saçların indidən ağarıb.
Babama oxşayırsan.
– Baban bu qədər yaraşıqlı idi?
– Heç aidiyyatı yox idi?
– Kimə oxşadığın bəlli oldu ki. – Gülərək arxasını polkovnikə çevirdi, sonra
qısa addımlarla pəncərəyə doğru addımladı.
Onların aralarında danışdığı söhbət Leytenant Ağayevanı çaşdırmışdı.
Susaraq onların uşaq kimi bir-birinə söz çatdırmağa çalışmaları onun üçün çox ani
olmuşdu.
– Noldu, qızım? Deyəsən, bunu gözləmirdin.
– Xeyr... Bağışlayın... – Utancından üzü qızarmışdı.
– Rafaellə iyirmi ildəndir ki, bir yerdə işləyirik. Ona görə də bu qədər bir-
birimizlə rahat rəftar edə bilirik. İki qocayıq, başqa nə gözləyirdin ki?
– Bir qoca. Mənim heç əlli yaşım olmayıb.
– İki ay sonra olacaq da. – Üzünü mayora tərəf çevirdi.
– Şükürov harda qaldı? – Rafael sözü dəyişdirərək dedi.
– Gələcək indi. Biraz səbrli ol, qoca. – Ağayeva göz vuraraq dedi.
Sevda yenidən sənədlərlə məşğul olmağa başladı. Polkovnik kresloya
söykənərək boş lövhəyə tamaşa edir, nəsə fikirləşirdi. Mayor isə ayaq üstə dayanaraq
əvvəlki kimi pəncərədən çölü izləyirdi.
Bir dəqiqə keçməmişdi ki, qapı açılaraq içəri biri daxil oldu. Polkovnik yerini
rahatlayaraq qapıdan girənə asta səslə dedi.
– Həll edə bildin?
– Bəli, cənab polkovnik. Dediyiniz kimi, sənədləri göndərdim.
– Lap yaxşı. O zaman işə başlaya bilərik. Ancaq əvvəla səni yeni
əməkdaşımızla tanış edim. – Ağayevanı göstərərək dedi. – Leytenant Ağayeva
Sevda. Bundan sonra bizimlə olacaq.
– Salam. – Şükürov gülümsəyərək dedi.
– Salam, cənab baş Leytenant. – Ağayeva da qarşılıq verdi.
Hərkəs yerini aldıqdan sonra Leytenant Ağayeva lövhənin qarşısına keçdi.
Qələmlə Lövhənin ortasına Fəridə yazıb rəsmini adının qarşısına sancdı.
– Mamedova Fəridə Həsən qızı. İki gün bundan qabaq, səhər evə gələn
rəfiqəsi tərəfindən evdə ölü tapılıb. Yerdə uzanıq vəziyyətdə. Araşdırmaya görə,
hadisə gecə radələrində baş verib.
– Şübhəli var? – Şükürov müdaxilə etdi.
Leytenant masanın üzərindən yeni bir şəkil götürərək lövhənin aşağısına
sancdı. İki şəkil arasında xətt çəkərək sözünə əlavə etdi.
– Hacıyev Ayaz Rəsul oğlu. Dindirmələrə əsasən, qızın sevgilisi olduğu
ortaya çıxıb. Kamera görüntülərindən həmin gecə Fəridənin yanında olduğu
müəyyənləşdirilib. Hal-hazırda polis nəzarətindədir.
– Onun öldürdüyünə dair sübut?
– Hələki yoxdur, cənab polkovnik. Ancaq cinayətdən daha çox intihara
bənzəyir.
– Bunu əvvəlcədən demək olmaz. Dərindən araşdırmaq lazımdır. Fəridə
valideynləri ilə qalmırdı? – Şükürov dedi.
– Xeyr. Fəridə iki il bundan qabaq rayondan gəlib. Universitetdə oxumaq
üçün. Əvvəllər evdə üç qız qalırdılar, ancaq sonralar iki qız evi tərk etdiyindən
Fəridə evdə yalnız qalırdı.
– O zaman hər şeyi yenidən başlamaq lazımdır.
– Nədən, Rafael? – Polkovnik mayora baxdı.
– İlk öncə ona yaxın olan insanları bir-bir dinləmək lazımdır. Fəridənin evində
qalan iki rəqifəsini, sevgilisi olan Ayazı,valideynlərini,qonşularını... bir sözlə,
hamını.
– Yaxşı. Siz işə başlayın. Sonra mənə məruzə edərsiniz. – Polkovnik ayağa
qalxaraq qapıya yaxınlaşıdı.
– Ən çətin iş sənə düşüb.
– Bu qədər adamı idarə etmək elə ən böyük işdi. – Polkovnik qapını açaraq
Rafaelə baxdı. – Bəlkə yalan deyirəm? – gülə-gülə çölə çıxdı.
– Axx qoca. Düzəlməyəcəksən. – Kinayə ilə onun arxasıyca deyindi. Sonra
yenidən üzünü Şükürovla Ağayevə tutaraq əlavə etdi. – İşə Fəridənin sevgilisindən
başlayaq. Onsuzda buradadır. Ona qədər də Şükürov, sən Fəridənin valideynlərini
və iki rəfiqəsini bura çağır. Qonşularını isə onsuzda evinə gedəndə görəcəyik.
– Oldu, cənab mayor. – Şükürov geriyə dönərək otağı tərk etdi.
– Gedək sorğu otağına, – deyə Ağayevaya qapını göstərdi.
İkisi də asta addımlarla dəhlizə çıxaraq sorğu otağına doğru addımlamağa
başladılar. Sorğu otağı çoxdan hazır edilmişdi. İçəridə əli qandallı bir gənc oturaraq
çaşqınlıqla içəri girənləri izləyirdi.
– Məni burda nə vaxta kimi saxlayacaqsınız?
– Biraz sakit ol. Biz sənin burada qalmağın üçün deyil, buradan çıxmağın üçün
çalışırıq. – mayor Muradov onu sakitləşdirməyə çalışdı. – Bizə kömək et.
– Necə? Mənim axı heç nədən xəbərim yoxdur.
Rafael onun qarşısında əyləşərək əlində tutduğu qovluğu onun qarşısına
qoydu. Sevda isə ayaq üstə onları izləyirdi.
– İki gün bundan qabaq evində ölü halda bir qız tapılıb, Fəridə. Onu
tanıyırdın?
– Tanıyırdım. Tələbə yoldaşım olub. – Oğlanın dili topuq vururdu.
– Bundan artığı da olub. Siz sevgili idiniz.
– Xeyr. Daha doğrusu, əvvəl hə. Ancaq biz çoxdan ayrılmışıq.O mənim
sevgilim deyil.
– Nə vaxt ayrılmısız?
– Dəqiq deyə bilmərəm. Deyəsən, dekabr ayı idi. Bunun axı nə mənası var?
– Sən ondan ayrılmışdın ya o səndən?
– İkimiz danışıb ayrılmışdıq. Bu bizim aramızda olan şəxsi məsələdir.
– Burada şəxsi məsələ deyə bir şey qalmayıb, cavan oğlan. Sənin şəxsi məsələ
dediyin qız indi həyatda yoxdu. Zəhmət olmasa, bunu dərk elə və bizə yardım et!
Oğlan həyəcandan tərləmişdi. Əllərini qıvrım saçlarında gəzdirir, gözlərini
qarşısında oturmuş Rafaeldən qaçırmağa çalışırdı.
– Mən ona heç nə etməmişəm!
– Kimsə sənin etdiyini deməyib. Biz sadəcə suallar veririk. Bunu da təkcə
sənə deyil, onu tanıyan hərkəsə edəcəyik.
– Yaxşı. – Oğlan mayorun bu sözlərindən sonra biraz sakitləşmişdi. – Nə
istəyirsinizsə, soruşa bilərsiniz.
– Fəridənin öldüyü gecə onun yanında nə işin var idi?
– O çağırmışdı.
– Niyə?
– Bilmirəm. Zəng etmişdi. Kömək istəyirdi.
– Kimdənsə qorxurdu?
Bu arada Ağayeva sakitcə onları dinləyir, danışılanları qeyd dəftərinə yazırdı.
– Bilmirəm. Sadəcə bunu dedi. Kömək istəyirdi.
– Yanına getdiyində sənə qəribə gələn bir şey olmadı ki?
– Mən tanıdığım Fəridə deyildi. Sanki bir başqası idi. Biraz mübahisə etdik.
Mənə elə gəldi, o mənimlə yenidən sevgili olmaq istəyir. Buna görə məni
çağırıb.
– Başqa?
– Başqa heç nə. Onsuzda oradan tez ayrıldım. Dəli kimi idi. Onunla danışanda
qorxurdum.
– Yaxşı. – Rafael ayağa qalxaraq dedi.
– Mən burdan nə vaxt çıxacam? – Ayaz üzündəki qorxuyla mayora baxdı.
– Hələki bu real görünmür. Çalış başqa şeylər xatırla! Səninlə yenə görüşəcəyik. –
Ağayevaya çölə çıxmaq vaxtı çatdığını işarə etdi.
– Mən hər şeyi danışdım. Başqa heç nə yoxdu. Buraxın məni! – Onların
arxasıyca qışqırır, günahsız olduğunu sübut etməyə çalışırdı.
Rafaellə Sevda isə sorğu otağını çoxdan tərk etmiş, dəhlizlə çölə doğru
addımlamağa başlamışdılar.
– Sizcə düz deyir?
– Bilmirəm, qızım. Bunu demək hələ çox tezdir. Bəs sənə görə?
– Məncə günahsızdır. Onun cinayət edəcək biri olduğuna inanmıram.
– Bizim işdə hisslər o qədər də rol oynamır. Gözləmədiyin anda gözləmədiyin
yerdən gələ bilər əsl həqiqət. İnsan övladı çiy süd əmib. Nə zaman nə edəcəyini
bilmək olmur axı.
–Düzdür. Ancaq sübut tapılmasa, oğlanı burada saxlaya bilməyəcəyik.
– Bəli. Ona görə də, işi tez bitirmək lazımdır. Şükürov yəqin Fəridənin
valideynlərini və iki rəfiqəsini gətirmiş olar. Gedək baxaq.
İkisi də yenidən binaya daxil oldular.
***
– Firuzə xanım, qızınızla sonuncu dəfə nə vaxt danışmışdınız? – Leytenant
Ağayeva qadına sual verdi.
– Ölümündən iki gün qabaq. – Qadın boynunu bükərək dedi.
– Bəs siz, Həsən bəy? – Üzünü Fəridənin atasına doğru çevirdi.
– Mən onunla demək olar hər gün danışırdım, qızım. – Həsənin gözləri
dolmuşdu.
– Onunla münasibətiniz necə idi? Ya da onun sizinlə?
– Pis deyildi. – Qızın anası qabağa atılaraq dilləndi.
– Bakıya tez-tez gəlirsiz?
– Xeyr. Ara-sıra. – Yenidən qadın danışdı.
– Telefonda danışanda uzun danışırdınız? Ümumiyyətlə onda qəribəlik hiss
etmişdiniz?
– Xeyr. Biz vaxtı-vaxtında ona lazım olanları rayondan göndərirdik. Pul da.
– Hər şey pul deyil,xanım. – Ağayeva dərindən nəfəs aldı. – Bəs onun
ətrafında şübhələndiyiniz biri olub? Rəfiqəsi, qonşusu,qohumu və bir başqası.
– Xeyr. Bilmirik.
– Yaxşı. Sorğu bitdi. Bir şey tapsaq sizə xəbər verəcəyik. – Sevda ayağa
qalxaraq qapıya doğru addımladı.
Otaqdan çıxaraq yan otağa keçdi. Yan otaqda onu mayor Muradov gözləyirdi.
– Cənab mayor, valideynlərin sorğusu bitdi.
– Çox qəribə insanlardır. – Rafael əli ilə güzgünün digər tərəfini göstərdi.
– Bəli. Ata biraz kədərlidir, ancaq ana... Sanki qızının ölümündən çox başqa
şey onu narahat edir.
– Ətrafının onun haqqında deyəcəkləri?
– Bəlkə də.
– Valideynlər hər şeyi fikirləşməlidir. Lakin biz hələ yolun başındayıq.
Onlar danışdığı vaxtda polis nəfərləri valideynləri sorğu otağından
çıxartmışdı. İndi isə otaqda Fəridənin rəfiqələrindən biri vardı.
– Rəfiqəsindən bir şeylər öyrənməyə çalış.
– Oldu, – deyə Leytenant qapını açaraq çölə çıxdı. Sonra asta addımlarla sorğu
otağının qapısını açıb içəri girdi.
– Salam.
– Salam. – Qız narahat halda cavab verdi.
– Bura niyə çağırıldığını yəqin bilirsən! – Sevda qovluğu çıxararaq qarşısında
dayanmış qızın şəxsi məlumatlarına göz gəzdirdi. – Xədicə, Fəridəni nə vaxtdan
tanıyırsan?
– Universitetə qəbul olduqdan sonra. Biz kirayə qaldığımız evə bir otaq
yoldaşı da axtarırdıq. O vəsilə ilə.
– Eyni fakültədə oxuyurdunuz?
– Bəli. İkimizdə ikinci kursdaydıq.
– Fəridə necə qız idi?
– Yaxşı biri idi. Çox da qaynıyıb qarışmağı sevən biri deyildi. Sakit qız idi.
– Sən evi nə vaxt tərk etdin?
– Üç ay bundan qabaq. Valideynlərim Bakıda ev aldıqdan sonra orda
yaşamağa başladım.
– Lap yaxşı. Onun ətrafından başqa kimi tanıyırsan?
– Bizim evdə qaldığımız başqa qız var, Günay. Onu tanıyıram.
– Başqa?
– Heç kimi. Bir də qrup yoldaşlarımızı... qarşılıqlı münasibətdə olduğumuz...
– Səncə Fəridə intihar edib ya onu kimsə öldürüb?
– Mən bunu dəqiq deyə bilmərəm. O içinə qapanan qız idi. İntihar da ola bilər.
– Onunla bir evdə qaldığın müddətdə qəribə nəsə hadisə olub?
– Xeyr. Heç nə.
– Bəs evdən ayrıldıqdan sonra görüşmüsünüz?
– Xeyr. Biz yaxın rəfiqə deyildik.
– Başa düşdüm. – Leytenant Ağayeva ayağa qalxdı. – Gəldiyin üçün çox sağ
ol. Ola bilsin, hər hansı məlumat üçün yenidən çağırılasan.
– Oldu.
Sevda yenidən otağı tərk edərək yan otağa keçdi. Onu orada mayor Muradovla
birgə Şükürov da gözləyirdi.
– Onun sorğusu da bitdi.
– Yaxşı iş idi, Ağayeva. – Rafael üzünü Şükürova tutdu. – Sən nə fikirləşirsən,
Şükürov?
– Qadınları o qədər də anlamıram. Ona görə də bu xanımın günahının olub
olmadığını deyə bilmərəm.
– Onun iyirmi yaşı var. Ancaq danışığı, hərəkətləri onu daha yaşlı göstərir.
– Bu tip qızlar indi daha çoxdur, cənab Mayor.
– Mən evliyəm, Ağayeva. İki uşağım da var. Sən onu Şükürova de. O bunları
daha yaxşı bilər. Düz demirəm, Şükürov? – Kinayə ilə Şükürova baxdı.
– Bəli...yəni yox... bilmirəm, cənab mayor. – Şükürov utancından qızarmışdı.
Ağayeva da bunu hiss etmişdi ki, başını aşağı salaraq sakitcə gülümsədi.
– Yaxşı. Qızım, Fəridənin digər rəfiqəsi də artıq içəridədir. Onu da dindir.
Sonra çıxaq gedək evimizə.
– Oldu, cənab mayor.
Ağayeva sözünü bitirib yenidən sorğu otağının yolunu tutdu.
***
– Günay, elə deyilmi?
– Bəli.
– Fəridə haqqında sənə bir neçə sual verəcəm.
– Buyurun.
– Onu nə vaxtdan tanıyırsan?
– Universitetdə tanış olmuşuq. Bir evdə qalırdıq.
– Necə biri idi?
– Sakit biri idi. Axşamdan-axşama görüşürdük. Dərslərə görə. İstirahət
günləri də evdə olmazdım mən.
– Hara getdiyinizi öyrənə bilərəm?
– Xalamgilə gedirdim.
– Evdən nə vaxt çıxmısan?
– Üç ay bundan qabaq.
– Niyə?
– Xalamgildə qalmaq üçün.
– Bəs niyə əvvəldən orada qalmırdın?
– Xalamgilin evləri balacadır. Xalam oğlu yanvar ayında hərbi xidmətə
gedirdi. Otağı il yarım boş olacaqdı. Ona görə ailəm elə məsləhət gördü.
– Yaxşı. Digər ev yoldaşınız, Xədicə də üç ay bundan qabaq evi tərk edib.
İkinizin eyni anda evi tərk etməsi təsadüfdür?
– Mən ondan əvvəl çıxmışam evdən. Sonra o çıxıb.
– Təxmini nə qədər müddət sonra?
– Bir həftə olar.
– Yaxşı. Fəridəni evində ölü halda sən tapmısan. Evə niyə gəlmişdin?
– Mənim bəzi əşyalarım evdə qalmışdı. Ona görə. Başqa bir səbəbi yoxdu. –
Qız həyəcanlanmağa başladı.
– Sakit ol! Səni günahlandıran yoxdur. Sadəcə biz hər şeyi bilmək istəyirik. –
Ağayeva onun əlindən tutaraq sakitləşdirməyə çalışdı. – Bizə inan!
– Mənim heç nədən xəbərim yoxdur. Heç nə bilmirəm!
– Bilirəm. Sorğu bitdi. Gedə bilərsən.
– Baş üstə.
Qız ayağa qalxaraq cəld otaqdan çıxdı. Sevda da qovluqları götürərək onun
arxası ilə otağı tərk etdi. Otağın qarşısında Muradovla Şükürov onu gözləyirdi.
– Günay çox həyəcanlandı.
– Bəli, cənab mayor. Onu günahlandırdığımı zənn etdi.
– İş get-gedə qəlizləşir. Görək yumurtadan nə çıxacaq. – Şükürov ağzını
büzərək dedi.
– Deyəsən, əhatəni genişləndirmək lazım olacaq. Qızın universiteti ilə də
danışmaq lazımdır.
– Universitetlər hal-hazırda bağlıdır, cənab mayor. Virusa görə.
– Düzdür, Ağayeva. Bir şeylər fikirləşərik. İndi isə evə getmək lazımdır.
Xanımım məni gözləyir.
– Evə getmək üçün bəhanəniz var.
– Bəhanənin olması üçün evlən Şükürov. – Mayor Muradov əlini Şükürovun
qoluna vuraraq dedi. Şükürov isə sadəcə başını tərpətməklə qarşılıq verdi. – Sabah
görüşərik.
– Sağ olun. – İkisi də mayorun arxasıyca dedilər.
– Siz hara gedəcəksiniz? Gedəcəyiniz yerə qədər apara bilərəm.
– Yox, sağ olun. Özüm gedərəm. – Ağayeva nəzakətlə onun xahişini geri
çevirdi.
– Necə istəyirsiniz. – Şükürov da çox təkid etmədi. – O zaman sabah
görüşərik.
– Sağ olun. – Ağayeva dəhlizin sonuna, çöl qapıya doğru addımlamağa
başladı.
Şükürov isə bir qədər onun arxasıyca baxdıqdan sonra o da astaca qapının yolunu
tutdu.
***
Səhərin közərən işıqlarının altında avtomobil yenicə oyanmış şəhərin boş
yollarını keçərək təyin olunmuş yerə doğru şütüyürdü. Mayor Muradov dünəndən
harada görüşəcəklərini demiş, vaxtında orada olmaları üçün onları tənbehləmişdi.
Ona görə də Şükürov gecikməmək üçün qaza basdı. Vaxt gedirdi. Mayorun
xasiyyətini çox gözəl bildiyindən, gecikəcəyi üçün cəzalanacağını da çox gözəl
bilirdi. Muradov dəqiq insan idi.
Ağayeva danışılan yerə çoxdan çatmış, binanın qarşısında dayanaraq mayorla
baş leytenantı gözləyirdi. Gah sağa, gah da sola baxır, daxilində yaranmış qəribə
hissləri cilovlamağa çalışırdı. “Bu iş onun üçün idi mi?” – deyə dünəndən elə hey
fikirləşmiş, bir qərara gəlib çıxa bilməmişdi. İllərdir arzusunda olan peşənin sahibi
olmuşdu, ancaq bu ya onun istədiyi kimi olmamışdı, ya da istədiyindən artığı ilə
üzləşmişdi. Elə buna görə də qərarsız idi.
Muradov isə avtobusdan enərək Fəridənin yaşadığı binaya doğru yola
qoyulmuşdu. Hava biraz küləkli idi. Ağarmış saçlarını dağıdır, boğazından asılmış
tünd-qara kalstukunu sol çiyninə doğru sovururdu. Bugünlərdə əlli yaşı tamam
olacaqdı. Özündən çox sevdiyi işdə artıq iyirmi səkkiz ili adlamışdı. Bu neçə il ona
çox şeyi öyrətmişdi. Çox insan görmüş, çox üz tanımışdı. Üzündə yaranmış qırışlar
vəzifəsinin ağırlığından bəhs edirdi. Ancaq yenə də bezmir, hər gün eyni həyəcanla
yerindən dururdu. Gələcəkdə işini dürüst yerinə yetirən kimi tanıyırsan desələr,
bəlkə də elə ilk ağıla gələn adam o olacaqdı. Bu səbəbdən idi ki, qazancı ancaq
insanların hörməti olmuşdu. İnsana başqa nə lazımdır axı?!
Dedikləri vaxtda üçü də binanın qarşısında görüşdülər. Saat doqquz tamam
idi.
– Sabahınız xeyir, uşaqlar.
– Salam, cənab mayor. – İkisi də bir ağızdan dedilər.
– İlk əvvəl qonşularla danışaq. Onlar görək Fəridə haqqında nə deyəcəklər.
– Cənab mayor, Fəridənin müəllimlərindən biri ilə də əlaqə saxlamışıq.
Günortadan sonra şöbəyə gələcək.
– Lap yaxşı, Şükürov. O zaman işə başlayaq.
Üçü də binaya daxil oldular. Birinci mərtəbənin kiçik dəhlizində üç qapı vardı.
Muradov qapılardan birinin zəngini basaraq içəridə kiminsə olub-olmamasını
yoxladı. Bir dəqiqə keçməmişdi ki, qapı açıldı.
– Buyurun. – Bəstəboy, kilolu bir adam çıxaraq tərs-tərs gələnlərin üzünə
baxdı. Adamın əynindəki maykası, yuxudan təzə oyandığını göstərirdi.
– Salam. Biz polisdənik. Sizə bir neçə sualımız olacaq. – Muradov vəsiqəsini
göstərdi.
– Nə ilə bağlı?
– Qonşuluğunuzda yaşayan Fəridənin ölümü haqqında.
– Hə... Yaxşı... Keçin içəri.
Evə daxil olaraq ayaqqabılarını çıxardılar. Ev sahibi qonaq otağına aparıb
oturmaları üçün yer göstərdi. Elə bu anda yan otaqdan qadın səsi gəldi. “Sahib?” –
deyə çağırırdı. Deyəsən, qapını açanın həyat yoldaşı idi. Adamın yan otağa keçməsi
ilə geri qayıtması beş dəqiqəyə yaxın çəkdi. Geri gəldiyində artıq üstünə köynək
geyinmişdi.
– Üzr istəyirəm. Sizin gələcəyinizi bilmirdim. Yuxudan da elə indicə
durmuşdum.
– Problem deyil. Biz üzr istəyirik. Sizi narahat etdik. – Muradov üzrxahlıq
etdi. – Dediyim kimi, bura Fəridəyə görə gəlmişik. Bir neçə sualımız olacaq.
– Buyurun. Nə istəsəniz soruşa bilərsiniz.
Elə bu anda otağa ortayaşlı bir qadın daxil oldu. Qadının gözləri hələ
açılmamışdı. Üzündəki yastıq izi aydın göründüyündən bu biraz gülünc hal almışdı.
Ancaq əlində tutduğu sini qab hər şeyi unutdurmağa qadir idi. Hərkəslə
salamlaşdıqdan sonra çayları masanın üzərinə düzdü.
– Çox sağ olun. Sizi də səhər tezdən narahat etdik.
– Yox, bacı. O nə deməkdir. – Təbəssümlə Ağayeva baxdı. Sonra o da
yoldaşının yanına əyləşdi.
Muradov çaydan bir qurtum alaraq yenidən sözə başladı.
– Qonşunuz olan Fəridəni yaxından tanıyırdınız?
– Düzünü desəm xeyr. Tələbə idi. Ona görə də çox da münasibətimiz olmayıb.
Mən səhər gedib axşam gəlirdim. Onu həftəsonları görərdim. Onda da ya
salamlaşardıq ya da yox.
– Bəs siz? – Ağayeva qadına baxaraq dedi.
– Mən bəzən qapıda görüşəndə söhbət etməyə çalışardım. Amma nə yalan
deyim, o qədər də danışmağa həvəsli biri deyildi. Qonşu arvadlarla da bir yerə
yığılanda gəlib yanımızdan keçib gedərdi.
– Onunla qalan qızlar, necə?
– Bacı, bunlar tələbə qızlardır. Mənimlə nə danışacaqlar axı? Mən onların
bildiklərini bilmirəm, mənim də bildiklərimi onlar. Ancaq salam-sağ ol. Bu qədər.
– Fəridənin qaldığı evə kimlər gəlib gedərdi? – Şükürov qadından daha çox
şey öyrənəcəyini hiss etmişdi ki, ona baxaraq soruşdu.
– Elə çox adam gəlmirdi. Üç qız idilər. Ara-sıra valideynləri, o da gec-gec.
Birdə ki, bir oğlan gəlirdi. Əvvəl dedilər Fəridənin xalasıoğludur, sonra dedilər
Xədicənin xalasıoğludur. Gündə birinin xalasıoğlu olurdu o da. Nə bilim Vallah.
Babalı öz boyunlarına, amma məncə bu işdə bir fırıldaq var idi.
– Az, sakit dur. Ağzına gələni danışma! – Əri əsəbləşərək arvadın qolundan
yavaşca vurdu.
– Xeyr, cənab. Zəhmət olmasa, danışmağına icazə verin. – Rafael kişini
susdurmağa çalışdı. – Buyurun, xanım. Nə bilirsinizsə, danışın.
– Oğlanı burada çox görürdük. Fəridəni gətirib ötürür, sonra çıxıb gedirdi.
Sonra bir müddət gəlmədi. Fəridə də o vaxtlar biraz qəribə idi. Soyuq kimi. Birtəhər
yəni.
– Bu nə vaxt olmuşdu?
– Bacı, yalan demiş olmayıb, dekabrı ayının axırı idi. Sonra eşitdim ki, qızlar
arasında nəsə dava olub. Yanvar ayında da iki qız evdən çıxdı.
–Davanın olduğunu hardan bildiniz?
– Bacı burda nə baş versə, iki dəqiqəyə bütün binanın xəbəri olur. Səsləri
binanı başına almışdı.
– Hər şey haqqında iki dəqiqəyə xəbər tutan insanlar onun ölümündən niyə
xəbərdar olmadılar? – Şükürov sual dolu baxışlarını qadına zillədi.
– Nə bilim, qardaş. Allah belə məsləhət bilibmiş demək.
– Yaxşı. Bir daha deyirəm, sizi narahat etdiyimiz üçün üzr istəyirik. Ancaq
ola bilsin, yenə görüşdük. – Rafael ayağa qalxaraq dedi.
– Nə zaman istəsəniz biz hazır. – Adam da ayağa qalxdı.
Qonaq otağını bir-bir tərk edərək çıxış qapısının yanına gəldilər.
Ayaqqabılarını geyinib evdən çıxmağa hazırlaşırdılar ki, qadın yenidən dilləndi.
– Qardaş, bağışlayın. Sizdən bir söz soruşum. Biz yardım üçün müraciət
göndərmişik, ancaq hələ də cavab gəlməyib. Siz bilməzsiniz ki, niyə gəlməyib?
– Xeyr xanım. Bu bizim səlahiyyətlərimiz daxilində deyil. Ancaq narahat
olmayın. Müraciəti düzgün etmisinizsə, mütləq cavab gələcək. İndi isə hələlik.
– Xoş getdiz. – Adam qapını bağladı.
Şükürov ikinci qapıya yaxınlaşıb zəngi basdı. Bir neçə dəqiqə gözlədikdən
sonra əvvəlkii qapı yenidən açıldı.
– Buyurun, rəis. Nəsə yaddan çıxıb?
– Xeyr. Mən bu qapının zəngini basmışdım. Sən niyə çıxdın? – Mayor
Muradov şübhəli baxışlarla adama baxdı.
– Rəis, o evdə bizimdir. Daha doğrusu, rəhmətlik atamın idi. O öldükdən sonra
evləri birləşdirmək qərarına gəldim. Ancaq imkan olmadı. Ona görə də heç olmasa,
zəngləri birləşdirib dedim. Kimsə onu axtarsa, bilək deyə.
– Fəridənin qaldığı ev bəs? O da sizindir?
– Bəli rəis. Atamdan qalmadır hamısı.
– Lap yaxşı. Fəridənin ev sahibini axtarmağa ehtiyac qalmadı o zaman. Nəsə
lazım olsa, gələcəyimiz adam sənsən deməli.
– Nə zaman istəsəniz, rəis.
– Yaxşı, gir içəri. Biz gedirik.
Adam yenidən qapını bağladı. Rafael isə işarə ilə binanı tərk etmələrini dedi.
– Sizcə, qadın Ayazı deyirdi?
– Hə, Ağayeva. – Muradov köks ötürdü. – Ayaz ilə Xədicəni yenidən
dindirməli olacağıq. – Şükürov zəng elə de ki, Xədicəni şöbəyə gətirsinlər.
– Oldu, cənab mayor. – Şükürov telefonunu çıxarıb onlardan biraz uzaqlaşdı.
Rafaellə Sevda isə Şükürovun avtomobilinə doğru getməyə başladılar. Onlar
avtomobilin yanına çatdıqları zaman mayor Muradov onlardan bir qədər aralıda iki
uşağın bir qocanı ələ salaraq güldüklərini gördü. Uşaqlardan biri “Dəli, oyna”, –
deyir, qoca isə onun bu sözünə eşidən kimi oynayırdı. Uşaqlar gülməyə başlayanda
isə əlindəki çubuqla onları qovalayıb söyüş söyürdü. Rafael uşaqlardan birini yanına
çağırdı. Uşaq onun yanına çatıb iri gözlərini açaraq dedi:
– Nədir, əmi?
– O adamı niyə ələ salırsınız? Ayıb deyil. Yaşlı adamdır.
– Məhəllənin dəlisidi. Biz oyun oynayırıq. – Uşaq onun sözlərini başa
düşməmişdi.
– Get onu gətir bura.
– Yaxşı.
Uşaq qocanın yanına qaçaraq qolundan tutub gətirməyə çalışdı. Ancaq nə
qədər elədisə də, qoca yerindən tərpənmədi. Sonda Muradov Ağayevla birgə onun
yanına getməyə məcbur oldu. Qocaya çatıb salam verdilər. Qoca qorxa-qorxa onlara
baxdıqdan sonra salamı alaraq qaçmaq istədi.
– Dayan. Qorxma! Sənə heç nə etməyəcəyik. – Muradov onun qolundan
ehmalca tutdu.
Qocanın üst-başı toz içində idi. Üzü qırxılmış, saçları kəsildiyindən,
baxımının yaxşı olduğu aydın görünürdü.
– Mən heç nə bilmirəm! Mən heç nə bilmirəm!
– Biz səndən heç nə soruşmadıq. Sən kimisə görmüsən? – Ağayeva
təəccübləndi.
– Hər gün birini görürəm.
– Kimi?
– Gündə biri keçir burdan. Mən hardan bilim. – Qoca əsəbi halda dedi.
– Bəs demədin, hər gün birini görürəm? – Şükürov telefon danışığını bitirib
telefonu cibinə qoydu.
– Görürəm dedim, tanıyıram demədim ki. – Əlindəki çubuğu havaya qaldırdı.
– Düz deyirsən. Biz səhv etdik. – Rafael geriyə çevrilib avtomobilə doğru
addımladı. – Artıq başımızı itirmişik. Kimdən kömək istəyirik. Gedək uşaqlar
vaxtımız azdır.
Avtomobil sürətlə binanın qarşısından uzaqlaşaraq yola qoyuldu.
***
– Hansı fənni deyirdiniz? – Muradov sakitcə müəllimədən soruşdu.
– Şərq fəlsəfəsi fənnindən.
– Dərslərində necə idi?
– Pis deyildi. Çalışqan qız idi.
– Onunla heç söhbət etmisiniz?
– Bir dəfə. Dərslərini münasibəti zəifləmişdi. Ona görə.
– Bu nə vaxt olub?
– Fevralın sonlarında. Tətildən gəldikdən sonra.
– Səbəbini sizə demişdi?
– Xeyr. Hər şeyin yolunda olduğunu dedi. Mən də çox uzatmadım. Özünüz də
bilərsiniz, bu yaşlar biraz təhlükəli dövlərdir. Uşaqlar hər şeyi fikirləşə bilərlər. –
Qadın bir qədər susduqdan sonra danışmağa davam etdi. – Əslində, dekabr ayında
bir hadisə baş verdi. Ondan sonra Fəridə dəyişdi, məncə.
– Hansı hadisə?
– Onun istədiyi biri vardı. Elə tələbə yoldaşı, Ayazı deyirəm. Onun üstündə
fakültədən bir qızla dava etmişdi. Deyəsən, qızla eyni evdə qalırdılar. Ancaq həmin
qız Fəridə kimi deyildi. Daha müasir idi. Özünüz başa düşərsiniz. Həmin qızın adı
Xədicə olmalıydı. Biraz səs-küylü olmuşdu aralarında dava. Hətta rektora kimi
qalxmışdı məsələ. Ancaq sonra yoluna qoya bilmişdik.
– Siz kimdən şübhələnirsiniz?
– Heç kimdən. Mən yalnız gördüklərimi, bildiklərimi dedim. Bəlkə
köməyinizə çatar deyə.
– Başa düşdüm. Bəs Fəridənin istədiyi oğlan necə biri idi?
– Ayaz yaxşı uşaq idi. Hərkəslə arası da yaxşı olub həmişə.
– Lap yaxşı. – Sözünü bitirib ayağa qalxdı. – Gəldiyinizə görə təşəkkür
edirəm.
– Çox sağ olun.
Mayor Muradov otaqdan çıxaraq yan otağa keçdi.
– Müəllimənin dedikləri ilə Fəridənin qonşusunun dediyi üst-üstə düşür.
– Düzdür, Şükürov. Ancaq bu sübut deyil. Adi münaqişə də ola bilər.
– İndi nə edəcəyik, cənab mayor? – Ağayeva sual verdi.
– Xəstəxanaya gedəcəyik. Tibbi-ekspertizanın qərarını öyrənmək üçün. Həm
də mərhumun cəsədinə özümüzdə yaxından baxmalıyıq.
Otaqdan çıxaraq dəhlizə addımlamağa başladılar.
***
– Zəhmət olmasa, mənimlə gəlin. – Tibb bacısı onlara səsləndi.
Üçü də onun arxası ilə xəstəxanın morq şöbəsinə endilər.
– Cəsədin yoxlanışı artıq bitmişdir. – tibb bacısı qapını açaraq dedi. –
Mənimlə gəlin. – İkinci masaya yaxınlaşaraq cəsədin üzərindən örtüyü qaldırdı.
– Çox sağ olun. Gerisini biz həll edərik. – Muradov tibb bacısına təşəkkürünü
bildirdi.
– Mən qapının arxasında sizi gözləyəcəm, – deyə tibb bacısı qapıya doğru
getdi.
Tibb bacısı getdikdən sonra bir qədər sükut yarandı. Ağayeva üzünü
turşudaraq Fəridənin ölü bədəninə baxdı. Şükürov onun ətrafında dövr edərək sübut
axtarmağa çalışırdı. Muradov isə tibbi ekspertizanın verdiyi qovluğu açaraq oxuyur,
ara-sıra Fəridənin cəsədinə baxırdı.
– Burada yazılana görə Fəridənin sol qolunda və sol ayağında zərbə yerləri
var. Bu da elə ciddi yaralar deyil. Ancaq təcavüz və ya işgəncə edilməyib. Bircə baş
nahiyəsindən zərbə alıb. Buna görə də beyin qanaması keçirərək ölüb.
– Sizcə kimsə onu vurub? – Ağayeva araya girərək dedi.
– İtələyərək də yıxa bilərlər. Ya da bəlkə özü yıxılıb başını yerə vurub. Bu ola
bilməzmi? – Şükürov da söhbətə qoşuldu.
– Hər birinizin fikri maraqlıdır. Başının arxasından alıb zərbəni.
– Mən onun otağına baxarkən pəncərənin önündəki stulun ayağı sınmışdı. Ola
bilsin, ona ilişib yerə yıxılıb.
– Bəlkə də arxadan kimsə başından vurub. O da yerə yıxılarkən stula ilişib. –
Şükürov Ağayevaya dedi.
– Bəs qolu? Qolu harda yara alıb? – Muradov bir qədər cəsədə baxdıqdan
sonra yadına Fəridənin qaldığı binanın qarşısında gördüyü qoca düşdü. Onun əlində
tutduğu çubuq anidən gözünün önündən gəlib keçdi və dərhal üzünü Şükürova
çevirdi. – Zəng elə denən ki, Fəridənin məhəlləsində qalan yaşlı adamı şöbəyə
gətirsinlər. Ağlını itirsə də, məncə o nəsə bilir.
– Oldu, cənab mayor.
– Nəsə tapdınız?
– Hələki, xeyr,qızım. Ancaq mütləq bu işin sonuna gedib çıxacağıq. –
Fəridənin üstünü örtdü. – Burada işimiz bitdi. Gedə bilərik.
***
Polkovnik iclas otağında kresloya söykənərək tavanın çartlamış yerlərinə
baxırdı. Ara-sıra pəncərəyə tərəf çevrilir, çölə, səmaya tərəf boylanırdı. Bugünlərdə
onun işi də artmışdı. Virusa görə bütün şöbə səfərbər edilmişdi. Bu onu həqiqətən
narahat edirdi. Hərkəslə tək-tək danışmalı, bütün olub-bitənlərə nəzarət etməli idi.
Yaşı əllini çoxdan adlamışdı. Buna baxmayaraq, saçları yenicə ağarmağa
başlamışdı. Dostları buna görə onu arsız da adlandırmışdılar. Ancaq hərkəs onun
işində necə olduğunu çox gözəl bilirdi. Çalışdığı əməkdaşların demək olar ki, hamısı
seçilmiş şəxslər idi. Ölkə də ən hörmətli idarə onlarınki idi. Polkovnik pensiya
yaşına çatsa da, işindən qopa bilmirdi. Amma sona çatdığını özü də görürdü. Buna
görə kədərlənməsə də, arabir heyfslənirdi. Bilirdi ki, ondan sonra gələn onun kimi
düzgün işləməyəcəkdi. İllərdir qurub düzəltdiyi sistem bir anda yerlə yeksan ola
bilərdi. Bu isə onu çox narahat edirdi.
Polkovnik fikirdən ayrılıb ayağa yenicə qalxmışdı ki, Muradov Şükürov və
Ağayevayla biryerdə iclas otağına daxil oldular. Elə otağa daxil olan kimi də
Muradov Polkovnikə sataşmağa başladı.
– Deyəsən, yatmışdın. Səni narahat etdik.
– İmkan vermirsən də istirahətimizi edək. – Polkovnikdə onun zarafatına
qarşılıq verdi.
– Yaxşı, pis olma. Biraz tez qurtararıq işimizi. Sən də rahat-rahat yatıb
dincələrsən.
– Onda tez başlayın, vaxt getməsin.
Polkovnikin bu sözünə otaqdakı hərkəs gülməyə başladı. Sonra Ağayeva
lövhənin önünə keçərək Fəridənin şəklini yenidən lövhənin ortasına sancdı.
– Qızım, başlamadan öncə sizə deyim ki, – Ayağa qalxaraq, masanın üzərinə
qoyulmuş bağlamanı göstərdi. – Burda Fəridəyə aid əşyalar var. Fəridə evində ölü
tapıldıqdan sonra götürülmüşdür. Üzərində əl izi olub-olmaması üçün ekpertizaya
göndərmişdim. Bayaq gətiriblər. Əvvəlcə ona bax istərsən.
– Oldu, cənab polkovnik. – Ağayeva bağlamanı açaraq içindəkiləri çıxardı.
Bağlamanın içində cürbəcür kitablar, dəftərlər vardı. İçlərində seçilən çəhrayı
rəngli dəftər idi.
– Deyəsən, bu Fəridənin gündəliyidir. Digərləri isə romanlar, fəlsəfi
kitablardır. – Ağayeva onları digərlərinə də göstərdi.
– Ağayeva, sən bunların hamsını götür. Əsas da gündəliyi. Mütləq onun içində
bizim işimizə yarayacaq nəsə olacaq.
– Oldu, cənab mayor.
– İndi isə başlaya bilərsən. – Polkovnik dedi.
– Bildiyimiz kimi, Fəridə üç gün öncə evində ölü tapılıb. Fəridəni tapan ev
yoldaşı Günay olub. – Günayın şəklini lövhənin yuxarı hissəsinə sancdı. – Qonşusu
və ev sahibi olan ailə ilə görüşümüzdə ev sahibinin həyat yoldaşı bizə Fəridəni çox
zaman evə bir oğlanın ötürdüyünü dedi. Ancaq bu oğlan gah Fəridənin, gah da
Xədicənin xalasıoğlu imiş və onların təxmininə görə evdə çıxan dava da o oğlana
görə olub. Fəridənin müəlliminin dediyinə görə Fəridə Xədicə ilə bir oğlana görə
universitetdə dava edibmiş. Bu dava rektora qədər gedib çıxıbmış. Bu oğlanda, –
Şəkili götürərək Fəridənin rəsminin yuxarısına sancdı. – Ayaz imiş. Ən son da,
cənab mayor Fəridənin nəşinə baxdıqdan sonra onun qaldığı binanın qarşısında
gördüyü əqli qüsurlu qocanı şöbəyə gətirilməsini dedi. – Ağayeva danışılmalı nə
varsa, danışmışdı.
– Afərin, qızım. İşini uğurla davam etdirirsən. – Polkovnikin qürurlandığı hiss
olunurdu. – O zaman bizim əlimizdə birdən çox şübhəli var deməkdir.
– Bəli, cənab polkovnik. Xədicə, Ayaz, əqli qüsurlu qoca və ya da intihar. –
Ağayeva dedi.
– Sizcə bunlardan hansıdır? – Şükürov hərkəsə baxaraq sual verdi.
– Püşk ataq. Hansı olsa odur.
– Muradov, indiyə kimi belə işləmisənsə, heyf, özü də çox heyf.
– Əsas odur, həmişə düz olub. – Rafael polkovnikin sözünə əlavə etdi.
– Bəlkə də yeganə insansan ki, həm qumarda, həm də eşqdə qazanıbsan.
– Bəli, cənab polkovnik. Bu möhtəşəm bir şeydir. Ancaq paxıllıq etməyin. Bir
gün şans sizin üzünüzə də gülər.
– Mənim üzümə gülsə-gülsə bundan sonra Əzrail gülər. Onu da heç o qədər
inanmıram.
Polkovnikin bu sözü də hərkəsi güldürmüşdü. Onlar işi unudaraq bir qədər
əylənmiş, rahatlamışdılar. Ağayeva da getdikcə onlara öyrəşirdi. Artıq içində baş
qaldıran narahatlıq demək olar ki, yox olmuşdu.
Dostları ilə paylaş: |