“ 28.12.2019
İkisini də görmək istəmirəm. Mənə yalan danışıblar. Axı hər şey çox gözəl gedirdi.
Hər şey Xədicənin işləridi. Əvvəldən bunu hiss etməli idim. Necə də axmaq
olmuşam...”
Sevda yenidən gündəliyi vərəqləməyə başlamışdı. Oxuduqları dindirilmələri
əks etdirirdi.
“17.01.2020
Bugün evdən rədd oldu, getdi. Onun üzünü artıq görmək istəmirəm. Elə ikisinin də.
Başımı itirəcək kimiyəm. Dərmanlar da kömək etmir. Ürəyim sıxılır. Dayana
bilmirəm.”
Gündəliyin bu səhifəsi Sevdanın marağını cəlb etmişdi. “Fəridə, görəsən nə
dərman qəbul edirdi?” – deyə öz-özünə düşündü. Tibbi ekspertiza qovluğundan bu
haqqda heç nə yazılmamışdı. Narkotik maddə istifadəçisi də deyildi.
“ 21.02.2020
Axı niyə hər şey belə oldu? Mən belə olsun istəmirdim. Bugün Ayaz gəlmişdi. Yenə
boş-boş danışıb getdi. Məni inandırmağa çalışırdı. Bəlkə düz deyir? Nə bilim. Artıq
nəsə fikirləşməyə taqətim qalmayıb. Yorulmuşam. Sona doğru gedirəm bəlkə də...”
Sevda insan həyatının necə də yavaş-yavaş əriyərək yox olduğunun şahidi
olurdu. Onun həyatı da elə rahat olmamışdı. Ancaq bu həyat tamam başqa idi.
Fəridəni istəmədən günahkar bilirdi. Ona görə o, zəif qadın idi.
Gündəliyi oxuyur, sonunu maraqla gözləyirdi. Elə yenicə vərəqi çevirib
oxumağa başlamışdı ki, gözlərinə inana bilmədi. Bu, neçə gündür axtardıqları şey
ola bilərdi.
***
– Görəsən, həkim onu xatırlayacaq?
– İnanaq ki, xatırlasın. – Şükürov orta güzgüdən arxada oturmuş Ağayeva
baxdı.
– Fəridənin gündəlik yazması bizim işimizi çox rahatlaşdırdı. Sona çatırıq
deyəsən. – Muradov sevincini gizlətməyə çalışsa da, üzünə baxdıqda bunu aydın
şəkildə görmək mümkün idi.
Ağayeva gecə gec saatlarında mayor Muradovu yerindən qaldırmış,
öyrəndiklərini ona danışmışdı. Səhərin erkən saatlarında axtarışa başlamış, bir neçə
saat çəksə də, sonunda Fəridənin həkimini öyrənə bilmişdilər. İndi isə onunla
danışmağa tələsirdilər.
Şükürov həkimin işlədiyi xəstəxanaya çatdıqda avtomobili yolun kənarında
saxladı. Üçü də tələsik avtomobildən enib binaya doğru getdilər. Həkim də onları
gözləyirdi. Muradov qapını iki dəfə döydükdən sonra dəstəyi buraraq açdı.
– Salam, həkim. Gələ bilərik?
– Buyurun. Zəhmət olmasa, içəri keçin.
Muradov içəri daxil olaraq o birilərə də arxasıyca gəlməyi işarə etdi. Üçü də
içəri keçib divanda əyləşdilər.
– Sizi narahat etdiyimiz üçün bağışlayın. Ancaq görüşməmiz çox vacib idi. –
Muradov üzrxahlıq istədi.
– Əsla narahat etmədiniz. Sizə kömək edə bilsəm şad olaram.
– Çox sağ olun. – Təbəssümlə qarşılıq verdi. – Amalya xanım, Biz Fəridə
haqqında sizinlə danışmaq istəyirdik. Yadınızdadırsa, telefonda demişdim.
– Bəli. Xəstələrim çox olduğundan hamısını yadımda saxlaya bilmirəm. –
Özündən qurur duyurmuş kimi sözünə başladı. – Buna baxmayaraq, kompyuterimdə
hamısı haqqında məlumatları saxlayıram. Sizlə danışdıqdan sonra bir daha onun
haqqında araşdırma apardım. Düzdür, təxmini kimi soruşduğunuzu bilirdim, ancaq
dəqiqləşdirmək üçün bunu etdim. Bəli. O, mənim xəstəm olub. Üç dəfə buraya gəlib.
– Onun barəsində bizə nə deyə bilərsiniz?
– Fəridə, sakit biri idi. Nə fikirləşdiyi haqqında çox danışmaq istəməzdi.
Psixoloji gərginliyi açıq-aydın hiss olunurdu.
– O, sizə nə haqqında danışırdı?
– Cənab, Mən xəstələrimlə hər şey haqqında danışmağa çalışıram. Onunla da
elə. Uşaqlığından bu yana demək olar ki, danışmadığımız mövzu qalmamışdı.
Düzdür, yenə də deyirəm ki, içinə qapanıq biri olduğundan ondan söz almaq çox
çətin idi. Dərdləşməyi sevmirdi. Ailəsi ilə problemləri vardı. Qarşılıqlı
anlaşılmamazlıq... Uşaqlıqdan gələn travma. Bəzi insanlar bunu yüngül keçirir.
Ailədə övladlar arasında ayrı-seçicilik olduqda uşaqların gələcəyinə də bu çox
hallarda yansıyır. Fəridə də belə idi. Amma onun sevdiyi oğlan onu həyata az da
olsa, döndürə bilmişdi. Yaşamağa marağını artırmışdı.
– O, hansısa dərmanlar qəbul edirdi? – Ağayeva saul verdi.
– Mənə sakitləşdirici qəbul etdiyini deyirdi. İkinci dəfə buraya gəldiyində,
təxminən mart ayının sonu olardı, daha çox söhbət edə bilmişdik. Fəridə şübhəci
xarakterli qız idi. Hər şeydən şübhələnə bilirdi. Bəlkə də sevgilisi ilə yaranan
problemləri də bununla əlaqədar idi. Şübhə insanı öldürür.
– Bəs ölüm haqqında onunla heç danışmısınızmı? – Şükürov onun sözünü
bitirməsini gözləmədən dedi.
– Bilmirəm, sizə bunun yardımı olar ya yox, ancaq o aqnostist idi. Dediyim
kimi şübhəci. Bəzən inancının olduğuna inandırar, bəzən də inkar etməkdən
çəkinməzdi. Ölüm onun üçün günahdan daha çox axmaq bir qurtuluş yolu idi.
– Bu haqda çox danışmısınız?
– Xeyr, cənab. – Muradovun sualına cavab olaraq dedi. – Biz daha çox
sevgilisi haqqında danışardıq. Hətta ikinci görüşə gəldiyində sevgilisinin onu
izlədiyini demişdi. Amma sonra... – Bir qədər düşündükdən sonra sözünə əlavə etdi.
– bu üçüncü görüşümüzə təsadüf edir. Mənə sevgilisinin deyildə bir başqasının onu
izlədiyini demişdi. Gecələr pəncərədən onu görürmüş. Ancaq bir neçə saniyə. Buna
inanmaq istəmirdi. Tək qaldığı üçün ona yaxınında qalmasını, ya da ailəsini
çağırmasını demişdim. – Qadının son dediyi cümlələr onları təəccübləndirmişdi.
Bir-birlərinə baxır, suallar içində itib batırdılar. – Pandemiya dövründə belə ailəsinin
yanına getməmişdi.
– Sizcə onun ölümü intihardır, ya cinayət? – Muradov son sualını verdi.
– Bu haqda danışmaq mənim üçün qeyri-mümkündür. Amma bir ehtimal,
intihar edəcək gücə sahib qız deyildi Fəridə. Yaşamaq istəyirdi, ancaq şübhələri ona
aman vermirdi. Hər şeyə ani reaksiya verirdi. Panik atak deyə bilərik buna.
– Çox sağ olun. Sizi də narahat etdik. İşinizdə uğurlar. – Muradov ayağa
qalxaraq təşəkkürünü bildirdi.
– Xoşdur. Bir köməyim dəydisə, şad olaram.
Sağollaşaraq həkimin otağından çıxdılar. Pilləkənlərlə aşağı enərək binanı tərk
etdilər. Avtomobilə əyləşdiklərində Muradov Şükürova Fəridənin qaldığı evə
sürməyi tapşırdı.
***
Fəridənin başına gələn hadisənin səbəbi hələ də bilinmədiyindən evi
yığışdırılmamışdı. Elə olduğu kimi qalırdı. Polis kiminsə ora daxil olmasını
istəmirdi. Muradov Fəridənin otağına girərək onun yıxıldığı yerə baxdı. Təbaşir
izləri olduğu kimi qalırdı. Sağ tərəflə addımlayaraq stulun sınmış ayağını əlinə alıb
bir daha yoxladı. Sanki onun başına gələn hadisəni gözündə canlandırmağa çalışırdı.
Bir qədər gözlərini bir nöqtəyə zilləyib düşündükdən sonra siyirməyə yaxınlaşıb
tinini əli ilə yoxladı.
– Nəsə tapdınız, cənab mayor? – Ağayeva maraqla ona baxdı.
– Yadındadır, biz Fəridənin cansız bədəninə baxarkən əlinin üstündə yara
görmüşdük. Göyərmiş halda.
– Bəli, cənab mayor.
– Ağayeva, Fəridə arxaya doğru yıxılanda sol əli siyirmənin tininə dəyib. Üzü
pəncərəyə doğru olub. – Geriyə çevrilərək pəncərəyə baxdı. – Anidən hərəkət
edibmiş ki, ilk öncə ayağı stula ilişib. – Döşəmədəki çıxıntıya baxdı. – Stulun ayağı
bura ilişdiyindən həm sınmış, həm də Fəridəni daha sürətlə yerə yıxılmağa vadar
etmişdir. Yıxılanda isə əli siyirmənin tininə dəymişdir. Başı arxa tərəfdən yerə zərblə
çırpılıb və daxili qanaxma. Əgər yanında kimsə olsa idi, bəlkə də həyatını qurtarmaq
olardı.
– Bəs kəndir?
– Şükürov, intihar etmək istəyirmiş. Buradan belə nəticəyə gəlmək olar.
Ancaq həkimin də dediyi kimi o intihar edəcək biri deyildi.
– Dediyiniz kimi, o anidən arxaya doğru hərəkət edib. Bəs niyə?
– Ağayeva, özün dedin axı, o, gündəliyində də bu haqda danışıb. Kimsə onu
izləyirmiş. Nə yazdığını bir daha de, zəhmət olmasa. – Səbrli olmağa çalışırdı.
– Fəridə onu kiminsə izlədiyini deyirdi. Əvvəlcə bunu Ayaz zənn edib. Sonra
isə başqa adam olduğunu fikirləşib. Pəncərədən görürmüş. Yazdığına görə, adamı
bir neçə saniyəlik görürdü.
– Bu hadisə hər gün baş verirdi?
– Xeyr, cənab baş leytenant. – Ağayeva Şükürova baxdı. – Bəzən hər gün,
bəzənsə bir neçə gün fasilə ilə. Amma gündəliyin son səhifələrində bu haqda yazılıb.
Uzağı beş ya altı dəfə Fəridəyə belə bir hadisə üz verib
– Onun ölüm saatı tam dəqiq olmasa da, bəllidir. Bu gecə buradayıq. –
Muradov anidən dedi. – Görək biz nə görəcəyik.
– Onun gələcəyinə inanırsınız? – Şükürov təəccüblə dedi.
– Şansımızı sınayaq. Burada kamera yoxdur. Əgər olsaydı, daha tez öyrənmiş
olardıq.
– Düz deyirsiniz, cənab mayor. – Ağayeva təəssüfləndiyin bildirdi.
Gecəyə hələki vardı. Onlar hadisənin sonuna çatmağa çalışırdılar. Fəridənin
başına gələn bədbəxt hadisənin səbəbkarını öyrənmək istədiklərindən neçə gün olsa,
orada qalmağa razi idilər.
***
Gecə saat ikinin yarısı olardı. Mayor Muradov pəncərənin yan küncündə
dayanaraq çölü izləyir, gözə dəyəcək kiçik bir şeyə belə diqqətlə baxırdı. Evin işığını
yandırmamışdılar. Üçü də otağın bir küncünə qısılaraq ətrafı seyr edirdilər.
– Hələ bir səs-səmir yoxdur. – Şükürov dərindən nəfəs alaraq dedi.
– Səbrli olmaq lazımdır. – Muradov onu sakitləşdirməyə çalışdı.
– Fəridənin öldüyünü bilibsə, inanmıram ki, yenə bura gələ. – Ağayeva ayaq
barmaqlarının üzərində pəncərədən çölə doğru boylandı.
– Dua eliyin. Gələcək. – Muradov zarafatla dedi.
– Yeganə peşə sahibləriyik ki, cinayətkarın gəlməsi üçün dua edirik. –
Şükürov onun sözünə qarşılıq verdi. Onun bu sözü Ağayevlə Muradovu
güldürmüşdü.
– İşimiz budur.
– Hə, Ağayeva. Arada bunu Şükürovun yadına da sal. Bilirsən, əvvəl bu
aktyor olmaq istəyib.
– Cənab mayor! – Şükürov onu susdurmağa çalışdı.
– Bilmirdim. Bəs niyə olmadınız? – Ağayeva maraqla soruşdu.
– Nə bilim. Qismət belə imiş.
– Uşaq vaxtı bir qız buna polislərdən xoşum gəlir, böyüyəndə mən də polislə
evlənəcəm deyibmiş. Bu da ona görə aktyorluğun daşını atıb, polis olub. – Muradov
gülməyə başladı. – Ən gülməlisi də qız sonra müğənni olub, özü də aktyorla evlənib.
– Rafael əmi, sən axı niyə hər şeyi danışırsan? – Şükürov pərt olmuşdu.
– İş vaxtı “əmi” sözü olmaz. Cənab mayor deməlisən. – Zarafatla Ağayevaya
göz vurdu.
– Bu saatda iş olar? Bayaqdan da bütün şəxsi həyatımı danışırsan.
– Narahat olmayın. Uşaq vaxtı belə şeylər çox olur. – Ağayeva gülümsəyərək
ona baxdı.
– Görürsən, əmi? O da mənlə zarafat edir artıq.
– Əsas odur, indi elə fikirləşmirsiniz.
– Hə... Elədir. – Şükürov Ağayevaya baxdı. Utanaraq dedi.
– Tez çölə çıxın, – deyə Muradov qapıya doğru qaçmağa başladı. Bunu görən
Şükürovla Ağayeva da onun arxasıyca getdilər.
Binadan çıxaraq döngəyə doğru Muradovun arxasıyca qaçırdılar. Muradov
döngəyə çatıb dayandı. Ətrafa göz gəzdirsə də, şübhəli heç nə görmədi.
– Nə gördünüz, cənab mayor? – Şükürov onun həyəcanını hiss edib dedi.
– Məncə biri mənə baxırdı. Ya da mənə elə gəldi. Ani oldu.
– Necə biri idi? – Ağayeva soruşdu.
– Hündür boy idi. Qaranlıq olduğundan tam olaraq anlamaq çətin idi. –
Şükürova baxdı. – Şöbəyə zəng et! Bütün günü burada polis olacaq. Ancaq mülki
geyimdə. Hərəsi bir binada gözləyəcək. Sabah biz də yenə burada olacağıq.
Yenidən ətrafa boylandı. “Sən axı kimsən?!” – deyə dodaqaltı mızıldandı.
Şükürovla Ağayeva ondaki narahatlığı başa düşə bilmirdilər. Hər şey anidən, bir göz
qırpımında baş vermişdi. Qəribə hadisələr baş verirdi.
***
Səhəri gün bütün idarə Muradovun gördüyü adamı axtarmaq üçün səfərbər
olmuşdu. Səhərin erkən saatlarından artıq hər tərəfdə mülki geyimli polis işçiləri
qaynayırdı. Havanın yağışlı olması işi çətinləşdirsə də, buna məhəl qoyan yox idi.
Hər kəs gecənin gəlməsini səbrsizliklə gözləyirdi.
Gecə saat həmin vaxtı göstərdiyində Muradov Fəridənin otağında hazır vəziyyətdə
dayanmışdı. İndi onun yanında heç kəs yox idi. Şükürovla Ağayeva küçənin digər
başında, binanın girişində dayanıb Muradovun işarəsini gözləyəcəkdilər. Muradov
səbrli adam olsa da, bu onun əsəblərinə təsir edirdi. İndi az da olsa, Fəridəni anlaya
bilirdi.
Yağış isə heç aman vermirdi. Havanı qara buludlar örtmüşdü. Hər tərəfə
yayılmış polislər şübhəli şəxsi axtarırdılar. Binanın girişində dayanan Şükürov
Ağayevanın əllərini qollarına sürtdüyünü görüb əynindəki gödəçkəni çıxarıb onun
çiynindən aşırdı.
– Çox sağ ol. – Ağayeva minnətdarlığını bildirdi. – Bəs, sən? Soyuq olacaq.
– Narahat olma! Mənə öyrəşmişəm. – Təbəssümlə cavab verdi.
– Səncə o kimdir? – Ağayeva Muradovun adamı gördüyü yerə baxaraq dedi.
– İnan ki, təsəvvür belə etmirəm. Mənə də çox maraqlıdır.
– Qəribə bir varlıq olmalıdır. Ancaq artıq onun gəliş vaxtı keçib. İndiyə kimi
gəlməli idi.
– Hə, düzdür. Əmidən də xəbər yoxdur.
Saat üç olduğu zaman Fəridənin qaldığı binanın qarşısında qaraltı göründü.
Bu mayor Muradov idi. Şükürovla Ağayeva cəld olduqları yerdən çıxaraq onun
yanına doğru qaçdılar. Yanına çatdığında Muradov başını qaldırmış, səmaya baxırdı.
– Nə oldu, cənab mayor? – Şükürov səsi qısıq halda dedi.
– Hər şey bitdi. Bu iş demək olar ki, son canını vermək üzərədir.
– Siz adamı tapdınız?
– Xeyr, Ağayeva.
– Bəs, işi necə çözə bildiniz? – Ağayeva təəccüblə soruşdu.
– Bunu sabah, elə bu saatlarda sizə izah edəcəm. İndi isə məndən heç nə
soruşmayın. Xahiş edirəm.
– Yaxşı. – Şükürov astaca dedi.
– Bütün polislərə də xəbər verin. Boş yerə burada durmasınlar. Hamı dağılışsın.
Şükürov telefonu cibindən çıxararaq zəng etdi. Bir neçə dəqiqə danışdıqdan
sonra yenidən telefonu cibinə qoydu.
– Danışdım, cənab mayor.
– Lap yaxşı. Gedək. Bugünlük bu qədər.
Muradov sözünü bitirdikdən sonra səmaya yenidən baxdı. Ondan başqa heç
kim nə baş verdiyini anlaya bilməmişdi. Yağış isə sürətini get-gedə artırırdı.
***
Muradova görə işin sonuna gəlmişdilər. Polkovnik belə işin sonunun necə
olacağını maraq etmiş və hadisə yerinə gəlmişdi. Şükürov, Ağayeva, Polkovnik
Muradovun səbəbsiz düşüncələrini bütün günü izləmiş, ancaq heç biri bir kəlmə belə
soruşmamışdı. Muradov belə xahiş etmişdi. İdarədə hərkəs ondan danışırdı.
Fəridənin qətlini maraqlanmayan insan qalmamışdı. Baş vermiş hadisə bir çox
sualları üzə çıxarmışdı. Bununla bərabər, bir çox cavabları açıb göstərmişdi. Sadəcə
doğru anda doğru sözləri bir-birinin ardınca düzgün formada düzmək lazım idi.
Muradov bunu bacarmışdı. Şifrələrlə əhatələnmiş otağın qapısını sonunda aça
bilmişdi. Buna özü də sevinirdi. Onun hərəkətlərində bu açıq-aşkar hiss olunurdu.
Bu hadisə eləcə sadə, sıradan bir hadisə deyildi.
– Sən sona çatdığımıza həqiqətən inanırsan?
– Bəli, cənab qoca.
– Muradov, mən zarafat etmirəm. İş çox uzanır. Biz çoxdan bu hadisəni
bağlamalı idik.
– Mən zarafat etmirəm. Çox ciddiyəm. Bir qədər gözlə, hər şeyi özün başa
düşəcəksən. – Muradov avtomobildən endi.
O biriləri də onun arxasıyca avtomobildən enərək Fəridənin qaldığı binanın
qarşısında dayandılar.
– Danış, Muradov. Artıq mənim gözləyəcək səbrim qalmayıb.
– Yaxşı, qoca. İndi sizə hər şeyi bir-bir izah edərəm. – Dərindən nəfəs aldı. –
Yadınızdadırsa, Ayaz ikinci dəfə dindirələrkən “Fəridə onu izlədiyimi zənn edir”
demişdi. Ağayeva, sən buna sonradan onun gündəliyində də rast gəldin. Hətta
həkimi də bunu təsdiq etdi.
– Bəli, cənab mayor. – Ağayeva onun sözünü təsdiqlədi.
– Lakin Fəridə Ayazın deyil də, bir başqasının izləyə biləcəyini də demişdi.
O, gördüyü adamı bir neçə saniyə içində görürdü. Onu qorxudan da elə bu idi. Mən
sonralar Tamerlanla danışmışdım. Onun dediklərini sonralar düşündükdə Fəridə ilə
bir əlaqəsinin olduğunu başa düşdüm.
– Tamerlan edib bunu? – Şükürov maraqla
soruşdu.
– Xeyr, Şükürov. Tamerlanın danışdıqları ilə
baş verən hadisələr arasında yaxınlıq vardı.
Belə ki, Tamerlan məhəlləyə yeni küçə
lampalarının qoyulduğunu demişdi. – Binaya
doğru çevildi. – Mənimlə gəlin.
Onlar bir söz demədən Muradovun arxasıyla
binaya daxil oldular. Fəridənin yaşadığı evə
daxil olub, onun yatdığı otağa keçdilər.
– Fəridə bu otaqda can vermişdi. – Rafael
yenidən sözə başladı. – Hər şeyi təsəvvürünüzə
gətirin. Fəridə pəncərənin önündə dururmuş.
Stulun orada olmasından düşünmək olar ki, o,
əvvəlcə otururmuş. Sonra ayağa qalxır və
anidən arxaya doğru atılır. Bu anda ayağı stula
ilişir, stulun ayağını sındırır, yerə yıxılarkən
sol əli siyirmənin tininə dəyir. Başının yerə
dəyməsi ilə də daxili qanaxmadan elə yıxıldığı yerdə can verir. – Bir neçə saniyə
Fəridənin yıxıldığı yerə baxdıqdan yenidən danışmağa başladı. – Bizə maraqlı olan,
onun nədən bu qədər qorxduğu idi. İndi isə hamınız pəncərənin önünə gəlin. –
Polkovnik, Şükürov və Ağayeva pəncərəyə yaxınlaşdılar. Muradov saatına
baxdıqdan sonra əlavə etdi. – Diqqətlə küçə lampasından sonraki döngəyə baxın.
– Orada kimsə var! – Ağayeva diksinərək cavab verdi.
– Bəli, Ağayeva düz deyir. – Polkovnik onun sözünü təsdiqlədi.
– Cənab mayor, bu nə deməkdir? – Şükürov təəccübünü gizlədə bilmədi.
– Mənimlə gəlin. – Muradov dedi.
Yenidən binanın qarşısına enərək küçə lampasından sonraki döngəyə doğru
addımladılar. Döngədə heç kəs yox idi.
– Burada axı heç kim yoxdur. – Polkovnik əllərini yana açaraq dedi.
– Elə də olmalı idi. Çünki bizim axtardığımız insan deyildi. Heç canlı da
deyildi. – Elektrik dirəyinə yaxınlaşdı. – Bizim axtardığımız budur. – Küçə
lampasının işığı bura hər daim vurduğundan bunu hiss etmək mümkün olmur. Yalnız
ay işığı gecənin müəyyən vaxtında öz axarını dəyişdirdiyi zaman bu dirək bir neçə
saniyəlik qorxulu varlıq kimi görünə bilir. Buna onun yaxınlığındakı ağacın budaq
və yarpaqlarını da əlavə etsək, alın sizə şübhəli şəxs. – Gülərək rəisinin və
əməkdaşlarının üzünə baxdı.
– Mən eşitdiklərimə inanmaq istəmirəm. Neçə gündür ki, biz dirək
axtarırmışıq. – Polkovnik təəssüfünü bildirdi.
– Düzdür. Fəridə bunu hər gün görsə idi, bəlkə də başa düşə bilərdi. Yalnız
havanın dəyişkən olması, onun fikirlərini də qarışdırmışdı. Yaşadıqları da əlbəttəki.
Mən öz otağımda bunun bu cür olacağını təsəvvür etmişdim. Qonşuların da heç nə
eşitməməsi məni bunu fikirləşməyə vadar etmişdi, ancaq dəqiqləşdirmək üçün bir
iki gün ard-arda burada olub araşdırmaq qərarına gəldim. Birinci gün gördüyüm
mənzərə məni düşündürsə də, ikinci gün havanın yağışlı olması fikrimin doğru
olduğunun sübutu idi. Fəridənin ölümü sənədlərə cinayət ya da intihar deyil də,
bədbəxt hadisə kimi keçəcək. Bu təsəllidirmi? Heç onu da bilmirəm. – Muradov
Fəridənin qaldığı evə doğru baxdı.
– İş burada da bağlanmış oldu.
– Bəli, Ağayeva. – Şükürov onun sözünü təsdiqləyərək dedi.
***
Bir neçə gün sonra artıq iş bağlı elan edilmişdi. Ayaz sərbəst buraxılmış,
Fəridənin atası qızının nəşini xəstəxanadan alaraq rayona aparmışdı. Polkovnik bu
işdən sonra pensiyaya çıxmaq üçün ərizəsini təqdim etmiş, Muradov xidmətlərinə
görə, polkovnik-leytenant rütbəsi ilə tərtif edilmişdi. Şükürovla Ağayeva isə bir-
birinə daha da yaxınlaşmışdılar. Bəzi həyatlar sona çatsa da, bəzi həyatlar hələ də
yoluna davam edirdi.
Dostları ilə paylaş: |