Анализ современной социально-экономической ситуации в Азербайджане объективно обуславливает необходимость разработки новой, от



Yüklə 119,5 Kb.
səhifə1/3
tarix14.05.2022
ölçüsü119,5 Kb.
#57901
  1   2   3






F.P. RƏHMANOV,

Azərbaycan Dövlət İqtisad Universiteti,

i.e.n., dosent
GÜCLÜ SOSİAL SİYASƏT, SOSİAL DÖVLƏTİN İNKİŞAFININ

AMİLİ KİMİ
Bəşər sivilizasiyasının inkişafı - bu, arası heç vaxt kəsilməyən, tərəqqinin nailiyyətlərini artıran, heç də sadə olmayan problemlər yaradan, olduqca mürəkkəb, çoxşaxəli bir prosesdir.

Bu prosesin çoxsaylı tərkib hissələri arasında, sosial tərkib hissəsi özünün müəyyənedici əhəmiyyəti ilə seçilir. Sosial kompleksdə baş verən hər hansı əngəl, insanların taleyində ağrılı iz buraxır.

XXI əsrə xas olan sosial inkişafın meyl və qanunauyğunluqlarını biz keçmişdə tapa bilmərik. Yeni dövr cəmiyyət qarşısında meydan oxuyur, öz prioritetlərini yaradır, bunlara adekvat olan nəzəri ümumiləşdirmələri və proqnozları tələb edir. Lakin, məhz sosial kompleksdə bir çox hallar baş verir ki, istənilən dövrdə - həm orta əsrlərdə, həm də XXI-ci əsrdə və gələcəkdə - əhəmiyyətli dərəcədə inkişafın xarakteri və templərini, o cümlədən, insanlar arasında münasibətləri, ümumiyyətlə həyat keyfiyyətini müəyyən edirlər. Bu - hüquqları eyni dərəcədə müdafiə olunmuş müxtəlif mülkiyyət formalarının uzlaşması, xüsusi rifahların seçim azadlığı, ictimai rifahlardan eyni dərəcədə istifadə imkanı və b. Bu səbəbdən, göstərilən halları təhlil etmədən, ictimai inkişafa nəzər salmaq - iqtisadi təhlili məzmunsuzlaşdırmaq, zaman və məkandan kənar abstrakt konstruksiyalar qurmaq deməkdir.

Azərbaycan iqtisadiyyatı, islahatların yeni, bazaryönümlü mərhələsindədir. Ancaq bu islahatlar, öz-özündə, respublikanın inkişafının məqsədi deyil. Onların əsas vəzifəsi - vətəndaşların rifahının yüksəldilməsidir. Buna görə də, ölkədəki vəziyyət, islahatlar vektorunun sosial istiqamətə doğru operativ şəkildə döndərilməsini tələb edir.

Demokratikləşmə və iqtisadiyyatda bazar əsaslarının inkişafı kursunun qorunub saxlanılması, Azərbaycan cəmiyyətini birləşdirməyə, ölkəni sabit inkişaf trayektoriyasına çıxarmağa qadir olan sosial strategiyanın həyata keçiriləcəyindən həlledici dərəcədə asılıdır.

Ölkənin müstəqillik əldə etməsinin ilk illərində hökumətin fəaliyyə-tində, praktiki olaraq, fəal sosial siyasət elementləri yox idi, iqtisadiyyat sahəsində görülən tədbirlərin sosial nəticələri nəzərə alınmırdı. Nəticədə, respublika əhalisi, əvvəllər əldə edilmiş həyat səviyyəsinin bir çox əhəmiyyətli parametrlərindən məhrum oldu, inkişaf etmədən, ancaq «öz canını saxlamaq» məsələsinin həllinə doğru geriyə atılmış qaldı.

Yalnız H. Əliyev hakimiyyətə gəldikdən sonra, tədricən, həyat uğrunda mübarizə dövründən çıxaraq, ölkəni sabit inkişaf strategiyasına doğru keçirmək mümkün oldu. 1995-ci ildən başlayaraq, ölkə iqtisadiyyatı sabit artım nümayiş etdirir. İqtisadiyyatda müşahidə edilən əlverişli tendensiyalar əhalinin rifahının makroiqtisadi göstəricilərinə də müsbət təsir etdi, ölkə əhalisinin işgüzar fəallığını canlandırdı.

Azərbaycan vətəndaşları, əsas etibarı ilə, dövlətin apardığı siyasətin iqtisadi cəhətdən passiv obyekti olmaqdan get-gedə əl çəkir. Qapalı iqtisadiyyat üçün səciyyəvi hal olan ələbaxımlıq və paternalist illüziyaları artıq keçmişdə qalır.

Bununla belə, makroiqtisadi göstəricilərin müsbət dinamikasına baxmayaraq, iqtisadi inkişafda faydalı sosial səmərə əmsalı gözlənildiyindən aşağı oldu. Bir çox sosial problemlər, o cümlədən, gəlirlərə görə əhalinin yüksək differensiallaşması, iqtisadiyyatın bir sıra sahələrində əmək haqqının aşağı olması, yoxsulluğun kifayət qədər yüksək səviyyəsi, sosial infrastruktur müəssisələrinin səmərəliliyinin zəifliyi və, bu səbəbdən onların göstərdiyi xidmətlərin keyfiyyətinin və həcminin aşağı olması, hələ ki, aktuallığını saxlayır.

Son illərdə Azərbaycanda iki olduqca mühüm proqram sənədi - «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proqramı» və «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramı (2004-2008 illər)» qəbul edilmiş və ardıcıl şəkildə həyata keçirilir. Bu sənədlərin ümumi istiqaməti - sosial problemlərin prioritetliyi, əhalinin həyat səviyyəsinin sabit artımının təmin edilməsi, dinamik inkişaf edən bazar iqtisadiyyatının qurulması yolu ilə, əhalimizin rifah halı səviyyəsi ilə aparıcı ölkələrdəki səviyyə arasında kəskin fərqin azaldılmasıdır. Bu məsələnin həllində, əlverişli sahibkarlıq və investisiya iqli-minin yaradılmasına, makroiqtisadi və struktur siyasətinə istinad edilir.

Bu proqramlara müvafiq olaraq, pesrpektivdə aşağıdakı olduqca mühüm sosial məsələlərin həlli nəzərdə tutulur:

- əmək haqqının artırılması hesabına əhalinin pul gəlirlərinin artımını təmin etmək və onların differensiallaşmasını azaltmaq;

- sosial və iqtisadi yoxsulluğu xeyli azaltmaq, ilk növbədə, son həddə çatmış yoxsulluğun daha çox təmərküzləşdiyi regionlarda onu minimallaşdırmaq, vətəndaşların sosial təhlükəsizliyini möhkəmləndirmək;

- əmək qabiliyyəti olan əhali üçün elə iqtisadi şərait yaratmaq ki, vətəndaşlar öz gəlirləri hesabına daha yüksək istehlak səviyyəsini, yaşlaşdıqda isə layiqli həyat səviyyəsini təmin edə bilsin;

- əhalinin səmərəli məşğulluğu üçün şərait yaratmaq, respublika əmək bazarında tələbat və təklifin tarazlığını təmin etmək.

İslahatların müvəffəqiyyətli davamının zəruri şərti - burada sosial siyasətin rolunun və yerinin dəqiq və obyektiv surətdə müəyyən edilməsidir. Sosial siyasətin əsas komponentləri - bu, sosial siyasətə dair dövlət strategiyasının işlənib həyata keçirilməsi, sosial siyasətin dövlət prioritetlərinin müəyyənləşdirilməsi və bütün sosial siyasət prosesinin strategiya və prioritetlər məcrasına istiqamətləndiril­məsidir.

Ölkəmizin son on ildə keçdiyi yol, yenidən, artıq tarixi inkişafın yeni mərhələsində, sosial siyasətin bazar modelinin müasir konsepsiyasına istinad edən sosial strategiya barədə məsələnin qaldırılması zərurətini yaradır.

Belə sosial strategiyanın irəli sürülməsi, meydan oxuyan yeni sosial tələblərin dərk edilməsi ilə də şərtləndirilir. Belə ki, Prezident İ.Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramında» əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məsələsi kəskin şəkildə qoyulmuşdur. Bu kontekstdə, 2008-ci ilədək respublika ÜDM-nun ikiqat artımı artıq sərt imperativə çevrilir. Respublikanın inkişafının intensivləşdiril­məsini tələb edən bu imperativə, müvafiq makrososial strategiya cavab verməlidir.

Proqramda irəli sürülmüş milli sosial inkişaf oriyentirlərinin konkretləş­dirilməyə ehtiyacı var.

Bu gün, sosial problemlərin həlli üzərinə yeni proyeksiya məqsədəuyğundur. Yeni proyeksiyanın zəruriliyi, respublikada ictimai inkişafın xarakterində əsaslı dəyişikliklərdən, bugünkü sosial-iqtisadi vəziyyətin xüsusiyyətlərindən və onun yaxın perspektivlərindən irəli gəlir. Bizim fikrimizcə, Azərbaycanın keçid dövrü üçün, aşağıdakıları özündə cəmləşdirən Sosial doktrinanın işlənib hazırlanması, bu istiqamətdə atılacaq mühüm addım ola bilər:

- bugünkü sosial vəziyyətin obyektiv təhlili;

- islahatın sosial aspektlərinin mərkəzi problemləri;

- keçid dövrü sosial siyasətinin prinsipləri;

- dövlət sosial proqramının nəzəri-metodoloji əsaslandırılması;

- respublikanın bu proqramda qoyulmuş sosial inkişafı vəzifələrinin xarakteristikası və həll etmə metodları (bax Şək. 1):


KEÇİD DÖVRÜNÜN SOSİAL DOKTRİNASI

Respublikada bugünkü sosial vəziyyətin təhlili

İslahatın sosial aspektlərinin mərkəzi problemlərinin üzə çıxarılması

Keçid dövrünün sosial siyasətinin səmərəliliyini müəyyən edən prinsiplər

Dövlət sosial proqramının konseptual əsaslandırması

Proqramda qoyulmuş vəzifələrin xarakteristikası və həlli texnologiyaları

Şəkil 1. Azərbaycanın keçid dövrü Sosial doktrinasının


təklif edilən strukturu
Sosial doktrina, keçid dövrü üçün respublikanın sosial siyasəti barədə ən ümumi, konseptual təsəvvürləri təcəssüm etdirir.

Bu dövlət-ictimai sənəddə, insanın həyatı və cəmiyyətdə mövqeyi ilə bağlı məsələlər əks etdirilməlidir - əmək şəraiti və əmək haqqı, maddi rifah və xidmətlərin istehlakı, sosial müdafiə, sağlamlığın qorunması, təhsil, ailə münasibətləri, istirahət, şəxsiyyətin mənəvi inkişafı. Azərbaycanın ayrı-ayrı qanunvericilik aktlarında təsbit edilmiş, həmçinin, respublikanın, onun vətəndaşlarının, müxtəlif ictimai təbəqələrin qarşısında duran köklü sosial problemlərin həllinə yönəlmiş uzunmüddətli Dövlət proqramlarının təməli ola bilən müddəalar kompleksi, bu sənədin tərkibinə daxil edilməlidir.

Sosial doktrina, respublikanın sosial problemlərinin və onların mümkün həlli yollarının aydın, məntiqli sxemini verməlidir. Xarici, iqtisadi, ekoloji və b. siyasətlərə dair analoji doktrinal sənədlərlə uzlaşan bu sənəd, ölkə regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramında açıqlanmış Azərbaycanın inkişafı strategiyasının tamamlanmasına yardım edəcək.

Sosial siyasət daha sıx şəkildə iqtisadi islahatlar strategiyası ilə bağlıdır. Bir tərəfdən, islahatlar, insanların həyatını yaxşılaşdırmalı, sosial siyasət üçün daha geniş meydan yaratmalıdır, digər tərəfdən isə, dinamik sosial siyasətin nailiyyətlərinə, «insan kapitalı»nda ciddi keyfiyyət irəliləyişinə istinad etmədən, iqtisadiyyatda əsaslı dəyişiklikləri gözləmək çətindir.

Gələcək nəsillər qarşısında öz məsulliyyətini dərk etmiş və sabit inkişaf strategiyasının yaradılmasına dair müvafiq beynəlxalq öhdəliklər qəbul etmiş ölkəmiz, bu tələbləri, ilk növbədə, insanların ehtiyacları ilə birbaşa təmasda olan sosial kompleksdə nəzərə almalıdır.

Sosial Doktrina kimi başlıca sənəd hazırlanarkən, subyekt problemindən, yəni, bu doktrinanı reallaşdırmalı olan sosial institut problemindən yan keçmək olmaz. Aydındır ki, sosial sahədə qüvvələrin inteqrasiyası vəzifəsini öz üzərinə götürməyə qadir olan yeganə belə institut - yalnız dövlət, öz hakimiyyət orqanları simasında, ola bilər.

Dövlət haqqında, bütün vətəndaşların sosial həmrəyliyinin və əmin-amanlığının məsuliyyətini öz üzərinə götürmüş əsas sosial institut kimi və, deməli, sosial siyasətin geniş mənada anlanılan əsas subyekti kimi danışarkən, biz, sosial dövlət məfhumuna sıx şəkildə yaxınlaşırıq.

İlk növbədə, aşağıdakıları qeyd edək. Elmin metodologiyasında, elmi biliklərin məntiqi cəhətdən ziddiyyətsizliyinin və doğruluğunun təcrübəyə müraciət etmədən qiymətləndirilməsinin bir çox üsulları mövcuddur. Bu üsullardan başlıcası - ümumi doğru nəzərriyənin olmasıdır ki, ayrı-ayrı konsepsiyaların həqiqiliyi barədə nəticələr bu nəzərriyə movqeyindən əldə edilir. Sosial siyasət üçün belə ümumi nəzəriyyə, şübhəsiz ki, sosial dövlət barədə təsəvvürlərdir. Qloballaşma və hər bir ölkənin mədəni-tarixi özünəməxsusluğunun anlanılması şəraitində, bəşəri sivilizasiyalı inkişafın həm ümumi qanunauyğunluq-larını, həm də, hər bir ölkənin xüsusiyyətlərini nəzərə alan sosial dövlət nəzəriyyəsi, sosial konsepsiyaların mövcud olduğu və yoxlamadan keçirildiyi həmin o nəzəri fəza kimi çıxış edir.

Lakin, bu anlayışın əsryarıma yaxın tarixinə və çoxlu sayda elmi tədqiqatların, nəşrlərin və elmi məktəblərin olmasına baxmayaraq, dünya elmində sosial dövlətin mahiyyəti və real məzmunu bir çox cəhətdən qeyri-müəyyən qalmaqda davam edir. Bu qeyri-müəyyənlik, dövlətin bu keyfiyyətinin ifadə olunması üçün kifayət qədər differensialaşdırılmamış sinonimik sıradan - sosial dövlət, sosial hüquqi dövlət, rifah dövləti, «ümumi firavanlıq cəmiyyəti»1 və s. ifadələrindən başlayaraq, sosial dövlətin funksiyaları, bu funksiyaların reallaşdırma mexanizmləri, sosial dövlətin xüsusiləşdirilmiş institutları, onun formalaşması və dinamikası barədə hamı tərəfindən qəbul edilmiş təsəvvürlərin olmaması ilə bitir. Bundan əlavə, belə bir kifayət qədər geniş yayılmış fikir mövcuddur ki, bu fikir, xüsusi tip dövlət olan sosial dövlət fenomeninin özünü inkar edir - «hər bir dövlət təbiətən sosialdır, necə ki, hər bir siyasət öz istiqamətlənməsinə görə sosial yönümlüdür. Bu səbəbdən də, formal məntiq mövqeyindən çıxış edilərsə, belə bir nəticə qanunauyğundur: müasir dünya - sosial siyasət aparan sosial dövlətlər toplumudur». Lakin, ədəbiyyatdan məlumdur ki, belə yanaşma «… bizi sosial dövlətin mahiyyətinin anlanılmasına yaxınlaşdırmır» [6].

Müəlliflərin əksəriyyəti belə hesab edir ki, sosial dövlət, cəmiyyətin təkamülünün müəyyən tarixi mərhələsində, müvafiq siyasi və sosial-iqtisadi şərait yarandıqda və müəyyən şərtlər ödənildikdə, formalaşır. Lakin, bu şərtlərin hamı tərəfindən tanınmış, konkret siyahısı yoxdur, hətta, onlar heç təhlil edilməmişdir.

Sosial dövlət ideyaları bir çox ölkələrdə geniş tanınmış və fundamental elmi əsaslandırmaya malikdir (C..Keyns, V..Beveric, L..Erhard, A..Piqu, D..Mordal, K..Bouldinq və b.). Bununla belə, sosial dövlətin əsasını təşkil edən nəzəri məsələləri diskussiya mövzusu kimi qalmaqdadır. Bu mövzu ətrafında elmi nəşrlərin çoxsaylılığına baxmayaraq, sosial dövlətin spesifik funksiyaları, onun fəaliyyət mexanizmləri və bu mexanizmlərin təbiəti barədə hamı tərəfindən qəbul edilmiş təsəvvürlər mövcud deyil.

Müxtəlif ölkələrdə sosial dövlətin müxtəlif modelləri yaranmışdır. Ümumi qanunauyğunluqlarla yanaşı, sosial dövlətlərin hər biri özünün elə spesifik xüsusiyyətlərinə malikdir ki, onların təhlili, sosial dövlətin bir neçə növünü (modelini) ayrıca göstərməyə imkan verir. Hər bir müəllif, öz tədqiqatçı mövqeyindən çıxış edərək, təsnifat üçün müxtəlif əsaslandırma seçdiyindən, elmi ədəbiyyatda sosial dövlətlərin müxtəlif tipologiyası təqdim olunmuşdur - iqtisadi, siyasi, hüquqi, tarixi və s. [1; 2; 3; 4; 5]

Sosial dövlət nəzəriyyəsi, dövlətçiliyin mahiyyəti barədə elitalar nə-zəriyyəsi, plüralistik demokratiya nəzəriyyəsi, tarixi-materialist dövlətçi-lik konsepsiyası və digər dayanıqlı nəzəriyyələrlə bir sırada duraraq, digər nəzərriyələrdən fərqli, mühüm bir keyfiyyətə malikdir. O, hər bir dövlət qurumunun milli-tarixi xüsu­siy­­yətlərini ümumi nəzəri şablona, qəlibə salaraq, onları bir tərəziyə qoymur. Əksinə, bu nəzəriyyə sosial dövlətin ümumi təbiəti çərçivəsində hər bir milli qurumun özünəməxsus xüsusiyyətlərinin üzə çıxarılmasına imkan verir, milli modellərin mövcudluğunu mümkün edir. Sosial dövlət nəzəriyyəsinin həmin bu nəzəri potensialı, nəzəriyyənin evristik imkanlarının artırılması ilə yanaşı, onun praktiki əhəmiyyətini də təyin edir.

Sosial dövlət, ictimai münasibətlərin təkamül edərək inkişafı gedişatında istehsalın strukturunda insan rolunun dəyişməsinə, bunun ardınca da, bir nəticə kimi, şəxsiyyət-cəmiyyət, şəxsiyyət-dövlət münasibətlərinin dəyişməsinə cavab kimi yaranaraq, dünyada ümumi humanizmləşmənin təsiri altında, dünyanın siyasi inkişafının mühüm determinantına çevrilmişdir. Sosial dövlətin təbiətinin nəzəri anlamından, cəmiyyətin inkişafının tərəqqisi meyaralarının müəyyən edilməsi, şəxsiy­yətin taleyində dövlətin rolunun müəyyən edilməsi, hakimiyyət strukturları daxilində demokratiyanın və vətəndaş cəmiyyəti institutlarının vəziyyəti, iqtisadi və sosial inkişaf mexanizmlərinin anlanılması kimi mühüm siyasi praktiki sualların cavabları asılıdır.

Sosial dövlətin təbiətinin tədqiq edilməsinin aktuallığını, təkcə bunlardan irəli gələn mühüm siyasi nəticələr yox, həm də, iqtisadi nəzəriyyə və təcrübə üçün onların əhəmiyyəti müəyyən edir.

Sosial dövlətin tədqiq edilməsinin elmi aktuallığı nəinki evristik dəyərə, həm də, praktiki əhəmiyyətə malikdir. Konkret dövlət sosial siyasətinin işlənməsi, dövlət sosial büdcələrinin strukturu barədə qərarların qəbul edilməsi, pensiya sis­temlərinin, sosial müdafiə və sosial yardım mexanizmlərinin inkişafı dinami­ka­sının müəyyənləşdirilməsi, əmək haqqı səviyyəsinin dinamikası, sosial proqramlara inves­tisiyalar, səhiyyə və təhsil sisteminin inkişafı - bütün bunlar obyektiv elmi biliklərlə dəstəklənməlidir. Sosial dövlət nəzəriyyəsi, sosiallılıq anlayışının təbiəti, dövlətin sosial funksiyaları və onların reallaşdırılması mexanizmləri barədə təsəv­vürlərimizi ümumiləşdirir, cəmiyyətin və dövlətin inkişaf vektorunu təyin edir.

Azərbaycanda əməyin və sağlamlığın qorunduğu, əmək haqqının zəmanətli minimal həddinin təyin edilməsi, ailəyə, analara, atalara və uşaqlara, əlillərə və yaşlı­lara dövlət dəstəyinin təmin edilməsi, sosial xidmətlər sisteminin inkişaf etdirilməsi, dövlət tərəfindən pensiyaların, müavinətlərin təyin edilməsi barədə müddəaların Konstitusiyada təsbit olunması, və sosial müdafiə zəmanəti ideyasının təşəkkül tapması - bütün bunlar, o deməkdir ki, müasir sosial bazar iqtisadiyyatlı ölkələr - Almaniya, Fransa, Avstriya, İsveçrə, bütün Avropa Birliyi (AB) ölkələri və Beynəlxalq Əmək Təşkilatı (BƏT) üçün səciyyəvi olan müasir dövlət fəlsəfəsi artıq Azərbaycanda da qəbul edilmişdir. Bu fəlsəfənin əsasını sosial dövlət ideyası təşkil edir.

Sosial dövlət - bu, insanı ən ali dəyər bəyan edən, şəxsiyyətin layiqli həyatını təmin etmək üçün, onun azad inkişaf və yaradıcı (əmək) potensialının açılması üçün şərait yaradan hüquqi demokratik dövlətdir. Layiqli həyat dedikdə, inkişaf etmiş cəmiyyətin standartları səviyyəsində insanın maddi təminatı, mədəni dəyərlərdən istifadə imkanı və şəxsi təhlükəsizlik hüquqlarına zəmanət anlanılır, insanın azad inkişafı dedikdə isə - onun fiziki, əqli və mənəvi təkamülü başa düşülür.

Sosial dövlət - şəxsiyyətin rifahı və cəmiyyətin firavanlığı naminə, sosial ədalətin və əməyin məhsulunun bölüşdürülməsində həmrəyliyin təmin edilməsi məqsədi ilə, azadlıq və hakimiyyət məfhumlarının birləşməsinin ən məqsədəuyğun üsuludur. Sosial ədalət və sosial həmrəylik aşağıdakı müddəaların təcrübədə reallaşdırılmasını nəzərdə tutur: nəsillərin və zümrələrin həmrəy məsuliyyəti - sağlamlar xəstələrin əvəzinə ödəyir; varlılar yoxsulların əvəzinə ödəyir; əmək qabiliyyətlinə malik olanlar əmək qabiliyyəti olmayanların əvəziniə ödəyirlər; kişilərin və qadınların bərabər hüquq və imkanları təmin edilməlidir.

Konstitusiyalarında sosial dövlət elan olunmuş bir çox Avropa ölkələrinin təcrübəsi göstərdi ki, onlar, öz sosial-iqtisadi siyasətini qurarkən, aşağıda adları çəkilən prinsiplərə istinad edirlər (bax Şək. 2):

- insanın iqtisadi azadlığı, muzdlu əmək və sahibkarlıq sferasında istənilən fəaliyyət növünün azad seçim hüququ;

- bazarın tənzimləyici roluna etimad, zərurət yarandıqda isə, iqtisadi üsullar vasitəsilə onun tənzimlənməsi;

- sosial bazar təsərrüfatının iqtisadi səmərəliliyi;

- işçilərin səhmdar mülkiyyətinin inkişafı əsasında, həmçinin, vergi vasitə-silə varlıların gəliri hesabına yoxsullara, cəmiyyətin əmək qabiliyyətli üzv-lərinin daha artıq işləməsi hesabına, məhdud əmək qabiliyyəti olanlara kö-mək etməklə təmin olunmuş, cəmiyyətdə sosial ədalət və sosial həmrəylik;

- kişi və qadının gender bərabərliyi;

- dövlət və ictimai işlərin idarə olunmasında bütün vətəndaşların iştirakı, istehsalatın idarə olunmasında işçilərin iştirakı, sosial tərəfdaşlıq sisteminin inkişafı.







SOSİAL DÖVLƏTDƏ SOSİAL SİYASƏTİN REALLAŞDIRILMASI PRİNSİPLƏRİ













Fərdin iqtisadi azadlığı, muzdlu əmək və sahibkarlıq sferasında istənilən fəaliyyət növünün azad seçim hüququ













Bazarın tənzimləyici roluna etimad, onun iqtisadi üsul və mexanizmlər əsasında tənzimlənməsi













Bazar təsərrüfatının iqtisadi səmərəliliyi













Cəmiyyətdə sosial ədalət və sosial həmrəylik













Kişi və qadının gender bərabərliyi













Dövlətin və cəmiyyətin idarəolunmasında vətəndaşların iştirakı, istehsalatın idarəolunmasında işçilərin iştirakı, sosial tərəfdaşlıq sisteminin inkişafı




Şəkil 2. Sosial dövlətin reallaşdırılmasının əsas prisipləri
Sosial dövlətin özünəməxsus ayrılmaz funksiyaları mövcuddur. Bu funk­siya­lar aşağıdakılardır:

- cəmiyyətin sosial inkişaf konsepsiyasının və sosial siyasət strategiyasının işlənib hazırlanması;

- çoxukladlı iqtisadiyyatın sosial cəhətdən əsaslandırılmış ilkin şəraitinin yaradılması;

- sosial proqramların (müvafiq maliyyə və maddi təminatı ilə) tərtib edilməsi və prioritetlərin müəyyənləşdirilməsi;

- sosial siyasətin və sosial proqramların ideoloji və informasiya təminatı;

- sosial problemlərin həlli ilə məşğul olan ictimai və dini təşkilatlarla, siyasi partiyalarla, dövlət sosial müəssisələrinin əməkdaşlığını əhatə edən sosial idarəetmə sisteminin həm mərkəz, həm də region səviyyəsində formalaşdırılması;

- dövlətin sosial funksiyaları toplumunun sistem şəklində hüquqi təminatı.


Yüklə 119,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin