Müasir mədəniyyətlərdə yaşa və cinsə görə fərqli xüsusiyyətlərin dəyişməsi İnsan ömrünün gənclik çağı fiziki cəhətdən yetkinliyinin başa çatması, onun özünü dərk etməsinin, intellektinin sürətli inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünya görüşünün formalaşması, peşə seçmək və yaşlılıq həyatına başlamaq dövrüdür. Gənclik yaşı öz inkişafında, adətən, iki mərhələdən keçir: birinci mərhələ-erkən gənclik (15-18 yaş), ikinci mərhələ isə yetkin (18-25 yaş) dövrü adlanır. Gənclik bioloji, psixoloji, psixoseksual və sosioloji amillərinin təsiri altında inkişaf edib formalaşır. Bioloji baxımdan gəncin orqanizmi təkamül sayəsində fiziki cəhətdən əsaslı surətdə dəyişir, bədən möhkəmlənir, hərəkət, iş qabiliyyəti xeyli inkişaf edir. Ümumiyyətlə, ilk gənclik illərində orqanizmin fiziki inkişafı demək olar ki, əsasən tamamlanır; belə ki, gənclərin boy artımı qızlarda 16-17 yaşda, oğlanlarda isə 17-18 yaşda təxminən böyüklərdə eyni səviyyəyə çatır, 16 yaşlı oğlanların əzələ qüvvəsi 12 yaşdakına nisbətən iki dəfə artır. Sosial aspektdə isə gənclik öz mahiyyəti etibarilə sosiolojiləşib müstəqil və məsuliyyətli fəaliyyətə keçir, gəncin şəxsiyyətinin fərdi-psixoloji mahiyyətə ictimai münasibətlərdən nəşət edir, başqa sözlə desək, o ictimai münasibətlərin məcmusu kimi, sosioloji varlıq kimi yetişir, həyat hadisələrinə fəal mövqedən yanaşır, vətəndaşlıq statusu qazanır, pasport alır. Erkən gənclik dövründə məktəblilər cəmiyyətdə, ailədə, kollektivdə özünəməxsus yer tutur, onların əsas fəaliyyət növü əmək və təlim olur. Sosial keyfiyyətlərin formalaşmasında siyasi-mədəni işlərin, kütləvi tədbirlərin, texniki vasitələrin tərbiyəedici təsirləri, imkanları daha çoxdur. Belə ki, gənclər mədəni kütləvi informasiya vasitəsilə dünyada baş verən siyasi hadisələrə, dövrü mətbuata maraq göstərir və aldıqları məlumatlar onların formalaşması işində mühüm rol oynayır.
Erkən gənclik yaşında idrak prosesi ilə yanaşı, iradi emosional cəhətlər, psixi xassələr daha sürətlə formalaşır, əxlaqi-siyasi, əqli və estetik hisslər, o cümlədən kollektivçilik, insanpərvərlik, əməksevərlik, zəhmətdən həzz almaq, iftixar, məsuliyyət, borc hissləri, özünə və başqalarına, cisim və hadisələrə münasibət daha intensiv inkişaf edib formalaşır. Bu dövrdə gənclərdə təşəbbüskarlıq, mütəşəkkillik, müstəqillik, qətiyyət, təkidlilik, işgüzarlıq, cəsarətlilik kimi iradi keyfiyyətlər sürətlə inkişaf edir, təkmilləşir və davamlı xarakter daşıyır. Bu yaşda musiqi, incəsənət sahəsində, əmək prosesində, habelə əqli və fiziki qüvvələrini güclü şəkildə nümayiş etdirmək, fəaliyyət zamanı daha çox müstəqillik göstərmək və digər xüsusiyyətlər özünü biruzə verir. Erkən gənclik dövründə ədəbi-bədii fəaliyyətlə bağlı xüsusi qabiliyyətlər-müşahidəçilik, poetik qavrama, hissi-hərəki hafizə, yaradıcı təxəyyül, obrazlı təfəkkür, zəngin lüğət ehtiyatı, ifadəlilik özünü göstərir.
Erkən gənclik yaşında subyektlər bir-birinə qarşılıqlı təsir edir, bir-birini qavrayır, dərk edir, eyni zamanda ünsiyyət dairəsi genişlənir, ailə, valideyn asılılığından müstəqilliyə, özünüidarəyə keçir. Bunlar gənclərdə sosial keyfiyyətlərin formalaşmasını sürətləndirir. Gənclik dövründə şəxsiyyətin bir sıra sosial-psixoloji keyfiyyətləri xüsusilə, ideallıq, əxlaqi saflıq, mənəvi zənginlik, mənəvi sərvət meyilliyi, fəallıq, məqsəd aydınlığı və s. kimi keyfiyyətlər daha çox formalaşır. İlk gənclik dövründə oğlan və qızların özlərinə verdiyi qiymət və başqalarının onları qiymətləndirməsi gənclərdə şəxsi ləyaqət, özünəhörmət hissini formalaşdırıb inkişaf etdirir. Bu dövrdə gənclər çox həssas olurlar və onlara göstərilən münasibət onlar üçün çox önəmlidir.Gənclərin özünüqiymətləndirməsini səciyyələndirən xüsusiyyətlərdən biri də cinsi əlamət və keyfiyyətlərinin dərk edilməsidir. Qızlarda qadınlıq, oğlanlar kişilik etalonları gənclik yaşında sabitləşib şəxsi keyfiyyətə çevrilir. Hormonla inkişafın bu dövrdə valideyn və müəllimlər gənclərlə dialoqlarında xüsusi həssaslıq göstərməlidirlər. Həmçinin bu dövr əxlaqi dəyərlərin formalaşmasının və düzgün inkişaf etməsinin ən önəmli olduğu periodlardan biridir. Yəni, uşaqlara ilk yaş dövrlərindən öyrədilən əxlaq dəyərlərinin bu mərhələdə də düzgün inkişaf etməsinə diqqət yetirmək lazımdır. Orta və yaşlı nəslin insanlarının dəyər oriyentirləri artıq təşəkkül tapmış, formalaşmışdır. Gənclər isə şəhər cəmiyyətinə yenicə daxil olan və hər bir oriyentiri qəbul etməyə hazır olan qrupdur. Bu gün Azərbaycan gəncliyinin məna daşıyıcılığına malik dəyərləri kortəbii olaraq təşəkkül tapır, əksər olaraq xəyali, bəzən istehlakçılıq ideologiyasına əsaslanmış, sərt rasional, mənəvi baxımdan isə qeyri-müəyyəndir. Müasir şəhər gəncliyi yaxşı məlumatlıdır, lakin məlumatlılıq təhsillilik demək deyildir. İnformasiya selində insan ümumiyyətlə, mənəvi təkmilləşmə vəzifəsini ötürə bilər, zira ona ictimai qarşılıqlı təsirin rasional vasitələrinə yiyələnmək, ən yaxın fayda mülahizəsindən çıxış etmək və gələcək gün haqqında çox da fikirləşmək tam kifayət görünə bilər [25;123].
Yaşlılıq yaxud yetkinlik yaşı 30 yaşdan başlayaraq 60-70 yaşları əhatə edir. Kamillik dövrü insan həyatında ən uzun dövr kimi səciyyələnir. Tədqiqatçılar bu yaşın yuxarı həddinin müxtəlif yaşlarla, 50-55, bəzən 65-70 yaşları əhatə etdiyini qeyd edirlər. Bunu adətən təqaüd yaşı ilə əlaqələndirirlər. Məşhur amerikan tədqiqatçısı E.Eriksona görə isə, yetkinlik yaşı 25-65 yaşları əhatə etməklə, təxminən 40 il davam edir. Fərdi xüsusiyyətlərdən aslı olaraq 25-30 yaşdan 40 yaşa, bəzən isə 50 yaşa və yuxarı yaşa aid olur. Biz isə bunu 30 yaşdan təqaüd yaşına kimi, təxminən, 60-70 yaşları əhatə etdiyini qəbul edirik. Yetkinlik yaşı insanın həyatının parlayan, yüksək potensiala malik, nailiyyətlər əldə edən dövrü kimi səciyyələnir. İnsanın peşə fəaliyətinin, ictimai-siyasi fəaliyyətinin bərqərar olan dövrü kimi insanın həyatında xüsusi yer tutur. Yetkinlik yaşında şəxsiyyətin inkişafı, formalaşması və peşəkarlığın məhsuldarlığı diqqəti cəlb edir. Bu dövrdə, gənclik dövründə olduğu kimi peşəkarlıq fəaliyyəti və ailə münasibətlərinin formalaşması prosesi ciddi xarakter alır. Sosial situasiyalar dəyişir və inkişaf edir. Əgər gənclik yaşında bu keyfiyyətlər və münasibətlər yeni yaranırsa, yetkinlik möhkəmlənir, sabitləşir və ailə münasibətlərinə tətbiq edilir.
Bəzən 30 yaş böhranında olduğu kimi, 40 yaşında da böhranlı hallar müşahidə edilir. Bu da həmin yaşlı adamların istədiklərinə nail ola bilməmələri ilə əlaqədardır. Belə hallarda iş yoldaşları həmin adamlara kömək etməli, onların depressiyaya düşmələrinin qarşısını alınmalıdır. 40 yaş böhranı ailə münasibətlərinə təsir edir. Xüsusilə, yaxın ətraf adamların itkisi psixoloji sarsıntılar yaradır [32;45]. Ər-arvad münasibətlərində diqqəti çəkən münaqişəli hallar isə daha dərin fəsadlar yaradır. Bu dövrdə peşəkarlğın məhsuldarlığı insanın həyatını işıqlandırır və parlaq edir. Bəzən yetkinlik yaş okmelogiya-yəni işıqlı, parlaq yaş dövrü kimi qədim yunan anlayışından istifadə olunaraq ifadə edilir. İsveçrə tədqiqatçısı E.Klapard qeyd edir ki, yetkin yaşda peşəkarlıq, məhsuldarlıq daha yüksək səviyyəyə çatır, peşəkarlığın ustalığı, yaradıcılığın potensialı artır. Bir çox araşdırmaçılar, xüsusilə, B.Q.Ananyev və onun şagirdləri qeyd etmişlər ki, 40-50 yaşlarında inkişaf prosesində psixi funksiyalar mürəkkəb və fərdi cəhətlərlə təzahür edir. Yetkin yaşın ilk və orta dövründə birinci proqressiv tərəqqi mərhələsi ümumi xüsusiyyətləri özündə bərabərləşdirməklə təzahür edir. İkinci mərhələsində də peşəkarlıq və məhsuldarlıq keyfiyyətləri inkişaf edir. Müxtəlif peşə sahibləri, o cümlədən alimlər, müəllimlər, aktyorlar və s. bu dövrdə püxtələşirlər. Ustalıqları yüksəlir, öz peşəsinin ustası olurlar. Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimləri bu yaş dövründə yaradıcılıqlarının pik nöqtəsinə, ən uca zirvəsinə çatmışlar. Məsələn, İsmayıl Şıxlı “Dəli Kür” romanını 52 yaşında yazmış və böyük şöhrət qazanmışdır. Böyük mütəfəkkir M.F.Axundov 1850-1856-cı illərdə 50 yaşlarında 6 komediya yazmış və dünya şöhrəti qazanmış milli ədəbiyyat böyük töfhə vermişdir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin bəziləri 49-54 il yaşamışlar. Bunlara misal olaraq Azərbaycanın görkəmli şəxsiyyətləri olan A.A Bakıxanov, Ş.Ə.Şirvani, M.Ə.sabir və başqaları göstərmək olar.
İnsanın yetkinlik inkişafı psixoloji yaşın dinamikası ilə sıx surətdə əlaqədardır. Bu da yaşın 3 əlaməti ilə xronoloji, fiziki, yaxud bioloji və psixoloji xüsusiyyətlərinin bir-biri ilə əlaqəsi formasında özünü biruzə verir. Məsələn, 40 yaşlı adamda fiziki əlamətlər güc, orqanizminin möhkəmliyi ilə yanaşı, qocalığın da əlamətləri müşahidə olunur.
Psixoloji yaş dedikdə, insanın özünü necə hiss etməsi, dərk etməsi başa düşülür. Psixoloji yaş yaşın identifikasiya (eyniləşdirmə) olunmasıdır ki, bu da müxtəlif dərəcədə özünü göstərir. İnsanın yaşı çox olmasına baxmayaraq, özünü gənc adam kimi aparır, onlarla eyniləşir. Psixoloji yaş özünüdərketmənin vaxtla, zamanla ayaqlaşması aspektində özünü göstərir.
Adətən insanın həyatının qürub dövrü olan qocalıq yaşının təxminən 60-75 yaşları arasında olduğunu qeyd edirlər. E.Erikson bu dövrü yetkinliyin, yaşlılığın sonu, ahıl dövrün bərqərar olması kimi səciyyələndirir. Qocalıq yaşının ilk əlamətləri bioloji əlamətlərlə ifadə olunur. Fiziki güc zəifləyir, ümümi zəiflik müşahidə olunur, psixoloji funksiyalar, xüsusilə hafizə zəifləyir, tempi aşağı düşür. Yaşlılıq dövrünün ən fəal müdafiəçisi “Böyük Katon və qocalıq haqqında” dialoq yazmış qədim roma filosofu, siyasi xadimi Mark Tuli Siseron (b.e.ə. 106-43) olmuşdur. Siseron ustalıqla qocalığı müdafiə edir və tərifləyərək, qocalığın insan və cəmiyyət üçün ən dəyərli dövr oldğunu qeyd edirdi.
Rusiyada orta yaş həddi qadınlar üçün 58, kişilər üçün isə 72 yaşdır. Buna baxmayaraq istənilən yaşda ölüm halı baş verə bilər. Yaxın adamların itirilməsi yaşlı həyat yoldaşına pis təsir edir. Hindistanın Xunza vilayətində dağlıq hissələrdə orta yaş həddi 90 yaş (ət yemirlər) , aşağı aran hissədə isə 70 yaşdır (ət yeyirlər) BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73,8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5 müəyyən edilmişdir [45;520].