14. Ədalətsiz hərəkətin müxtəlif meyarları. – İşi ağırlaşdıran səbəblər. – Yazılı və yazılmamış qanunların pozulması.
Həqiqət haqqında təlim qoy belə qaydada şərh olunsun. Hər bir ədalətsiz hərəkət onu yaradan mənəvi pozğunluğun səviyyəsi çox olduqca daha da ədalətsizləşir; buna görə də bəzən ən əhəmiyyətsiz hərəkətlər çox böyük cinayət sayıla bilər, məsələn, Kallistrat Melanopu onda günahlandırırdı ki, o, məbədi tikən fəhlələri hesabda üç müqəddəs yarım - obol qədər aldatmışdır.93 Biz ədalət sahəsində əks təzahürləri görürük. Hərəkətin belə qiymətləndirilməsi uyğun imkanların mövcudluğundan irəli gəlir (ec toy enyparchein tẽi dynamei), yəni: üç müqəddəs yarım - obol oğurlayan adam hər cür cinayətlərə qabil hesab oluna bilər.
Bəzən, hərəkətin müqayisəli vacibliyi belə qaydada müəyyən olunur, bəzən isə hərəkətə onun vurduğu ziyana görə qiymət verilir.
Elə cinayətlər çox böyük sayılır ki, onlara bərabər olan cəza olmasın: hər bir cəza onun qarşısında cüzi görünsün. Həm də elə cinayətlər böyük sayılır ki, o cinayətin vurduğu zərərdən şəfa tapmaq mümkün olmasın, çünki, onların əvəzini çıxmaq çətin və qeyri-mümkündür. Böyük cinayətlər sırasına həm də elələri daxildir ki, bu cinayətin əvəzində verilən cəza zərərçəkəni heç cür məmnun edə bilmir, çünki, ona edilmiş pisliyin yarası sağalmazdır, məhkəmə və cəza isə bir növ şəfa (iasis) tapmaq üçündür.
Böyük cəzaya elə ədalətsizlik etmiş insan və elə halda layiqdir ki, bu işdə zərərçəkmiş və incimiş şəxs özü-özünə ağır cəza vermiş olsun; Sofokl94 intihar etmiş Evktemonun müdafiəsi üçün söylədiyi nitqdə demişdir ki, o, təqsirli şəxs üçün zərərçəkənin özünə layiq bildiyi cəzadan kiçik cəza verilməsi ilə qane olan deyil.
Bəzən hərəkətin ciddiliyi belə mülahizələrlə əlaqəli qiymətləndirilir ki, bu cür cinayəti başqa kimsə əvvəllər etməyib, ya da çox az adam belə işə ürək edib, ya da cinayətkar eyni bir cinayəti bir çox dəfə edib. Əgər hər hansı hərəkətin qabaqlanması və cəzalandırılması üçün yeni üsullar axtarmaq və icad etmək lazım gəlirsə, bu da çox vacibdir; məsələn, Aqrosda elə adam cəza çəkir ki, ona görə yeni həbsxana tikilib. Böyük vəhşiliklə edilmiş hərəkət də daha ciddi əhəmiyyətə malikdir; cinayət həm də o zaman daha ağır olur ki, qabaqcadan düşünülmüş şəkildə həyata keçirilsin və ya onun haqqında hekayə dinləyicilərdə acımaq hissi əvəzində qorxu hissi yaratsın.
Hər hansı bir hərəkətə qiymət verərkən ritorikanın istifadə etdiyi mülahizələr həm də ondan ibarətdir ki, hər hansı bir insan bir çox şeyi pozub, məsələn, andı, müqaviləni, zaminliyi, nikah hüququnu pozub, ona görə ki, bu halda biz bir çox ədalətsiz hərəkətlərin məcmusu ilə üzləşirik.
Təqsiri ağırlaşdıran səbəblərdən biri də odur ki, ədalətsiz hərəkət qanunsuz hərəkət edən şəxslərə cəza Verilən yerdə baş versin; məsələn, yalançı şahidlər belə edirlər, əgər onlar məhkəmənin özündə qanunsuz hərəkət edirsə, onda bunu etməkdən harada özlərini saxlaya billəcəklər? İnsanların xüsusiylə utandığı hərəkətlər də ciddidir; eləcə də insanın öz xeyirxahına pislik etməsi də ciddi hərəkətdir: burada onun təqsiri ona görə çoxdur ki, birincisi, o, şər iş görür və, ikincisi, xeyir iş görmür.
Yazılmamış qanunları pozan hərəkət də ciddi əhəmiyyət kəsb edir. Ona görə ki, ən yaxşı mənəvi keyfiyyətlərə malik insan məcburiyyətsiz və ədalətli olur, yazılmış qanun isə məcburiyyət xarakteri daşıyır, yazılmamış qanuna isə bu ziddir. Digər tərəfdən, insanın təqsirini məhz elə bir səbəb artıra bilər ki, onun hərəkəti yazılı qanunlara zidd olsun, ona görə ki, cəza ilə hədələyən qanunları pozan şəxs, cəza tələb etməyən qanunları da poza bilər.
Beləliklə, biz cinayəti və yüngülləşdirən şeylər haqqında danışdıq.
15. Beş növdən olan qeyri-texniki sübutlar: qanun, şahidlər, sövdələşmələr, işgəncə, andlar. – Onlardan necə istifadə etməli?
Bizim yuxarıda izah etdiklərimizdən sonra “qeyri-texniki” adlandırdığımız sübutların qısa xülasəsini sıra ilə vermək lazımdır; onlar xüsusi olaraq məhkəmə nitqləri sahəsinə aiddirlər. Belə sübutlar beşdir: qanunlar, şahidlər, sövdələşmələr, işgəncə altında ifadələr, andlar.
Hər şeydən əvvəl ittiham edərkən və müdafiə olunarkən qanunlardan necə istifadə etmək lazım olduğundan danışaq. Aydındır ki, yazılı qanun işin vəziyyətinə uyğun gəlməyən zaman həqiqət ilə daha çox uzlaşan və daha ədalətli olan ümumi qanunlardan istifadə etmək lazımdır, bunu o mülahizələrlə etmək lazımdır ki, “özünün ən yaxşı anlayışına görə mühakimə etmək”95 yazılı qanunlardan qəti olaraq istifadə etməmək deməkdir, həqiqət və ümumi qanun əbədi mövcuddur və heç vaxt dəyişmir, ona görə ki, həm həqiqət, həm də ümumi qanun təbiətlə uyğundur, yazılı qanunlar isə tez-tez dəyişir.
Məhz buna görə Sofoklun “Antiqona”sında biz bu məşhur kəlamı tapırıq: Antiqona yazılmamış qanunun ziddinə görə deyil, Kreontun qərarına zidd olaraq qardaşını basdırdığı üçün özünə bəraət qazandırır.
Bu qanunlar nə dünən, nə də bu gün icad olunmayıb, amma əbədi mövcuddurlar;
Mən kimin naminə olursa olsun,
onları saymaya bilmərəm96,
O, həm də bunu ona görə edir ki, həqiqi və faydalı olan ədalətlidir, həqiqi və faydalı kimi görünən isə yox, buna görə də yazılı qanun həqiqi qanun deyil, ona görə ki, qanunun vəzifələrini yerinə yetirmir, həm də ona görə ki, hakim bir növ gümüşə əyar (nişanə) qoyan adam kimi saxta ədaləti əsil ədalətdən ayırmağı bacarmalıdır, həm də ən yüksək mənəvi keyfiyyətlərə malik adam üçün yazılmamış qanunların yazılı qanunlar üzərində üstünlüyünü rəhbər tutmaq xasdır.
Bu zaman baxmaq lazımdır ki, bu qanun hər hansı bir başqa məşhur qanuna və ya özü-özünə zidd olmasın, necə ki, bəzən bir qanun bəzi qərarları necə olmasına baxmayaraq qəbul edir, başqası isə qanunazidd olan qərarları qadağan edir. Əgər qanun ikimənalı xarakter ilə fərqlənirsə, onda onu həm bu, həm də digər istiqamətdə şərh etmək olar, belə halda onun hansı şərhinin ədalət və fayda növləri ilə uzlaşacağını müəyyən etmək lazımdır və sonra isə bundan istifadə etmək lazımdır. Əgər qanunun qəbul edilməsinə səbəb olan səbəblər artıq yoxdursa, qanun isə hələ də qüvvədədirsə, belə halda bunu aydınlaşdırmaq və belə yolla bu qanunla mübarizə aparmaq lazımdır.
Əgər yazılı qanun işin vəziyyətinə uyğundursa, onda demək lazımdır ki, “özünün yaxşı düşüncəsi ilə mühakimə etmək” andı qanunun əleyhinə mühakimə etmək üçün içilmir, bu ona görə olur ki, hakim qanunun nə dediyini bilmədiyi hallarda andı pozan adam olmasın.
Onu da əlavə etmək olar ki, hamı özü-özünə nemət olanı deyil, ona nemət kimi görünəni axtarır və qanunların almamağının və ya onlardan istifadə etməməyin heç bir fərqi yoxdur, yerdə qalan sənətlərdə, məsələn, tibbdə, həkimi aldatmağın heç bir faydası yoxdur, ona görə ki, həkimin səhvi bir o qədər ziyanlı olmur, nəinki hakimiyyətə tabe olmamaq vərdişi və nəhayət, qanunlardan ağıllı olmağa can atmaq məhz elə şeydir ki, ən məşhur qanunlar ilə qadağan olunur.
Beləliklə, biz, qanun haqqında məsələni nəzərdən keçirdik.
Şahidlərə gəldikdə isə onlar iki cür olur: qədim və yeni, sonuncular öz növbəsində yalan ifadə vermək nəticəsində özləri bu və ya digər halda risk edənlərə və bu zaman riskə məruz qalmayanlara bölünür. Qədim şahidlər adı altında şairləri və başqa şanlı kişiləri nəzərdə tuturam ki, onların ittihamları ümumən məşhurdur.
Məsələn, afinalıların hamısı Salamin barəsində Homerin şahidliyindən istifadə edirdilər və tenedoslular da bu yaxınlarda korinfli Periandrın97 Sigey sakinlərinə qarşı şahidliyinə müraciət etmişdilər. Kleofont da eynilə belə qaydada Solonun elegiyalarından Kritinin əleyhinə istifadə edərək deyirdi ki, onun evi çoxdan azğınlığı ilə seçilir, yoxsa Solon heç vaxt belə şey yazmazdı:
Qırmızıtelli Kritiyə de ki, öz atasına qulaq
assın98
Baş vermiş hadisələrə aid şahidlər belədir. Gözlənilən hadisələrə dair şahid kimi gələcək üçün açılan falları izah edən adamlar çıxış edirlər, məsələn, Femistokl deyirdi ki, taxta divar gəmilərlə döyüş deməkdir.99 Bundan başqa, dediyimiz kimi zərb-məsəllər də şahid kimi xidmət edirlər, məsələn qocalarla dostluq etməyi xoşlamayan adam üçün “heç vaxt qocalara yaxşılıq etmə” məsəli, öldürülmüş ataların oğullarını da öldürməyə məsləhət görən adam üçün isə “Atanı öldürüb, oğullarını sağ qoyan adam ağılsızdır”100 məsəli şahid kimi xidmət edir.
Yeni şahidlər – hamıya məlum adamlar müəyyən rəyi ifadə ediblər: onların rəyi məhz bu məsələlərə dair məhkəmə çəkişməsi aparan insanlara fayda verir, məsələn, Evbul məhkəmədə Xaretə qarşı Platonun Arxibi101 haqqında dediyi sözlərlə çıxış edib deyib ki, onun sayəsində dövlətdə açıq-aşkar əxlaqsızlıq inkişaf edib.
Yeni şahidlərin sırasına elə adamlar da daxildir ki, onlar yalanı aşkara çıxaracağı halda, təhlükəyə düşməyə risk edirlər. Belə adamlar ancaq hər hansı hadisənin olub-olmaması məsələsində şahid kimi xidmət edirlər, amma faktın xüsusiyyətlərini müəyyənləşdirən zaman onlar şahid ola bilməzlər, məsələn, hər hansı bir hərəkətin ədalətli və ya ədalətsiz olması, faydalı və faydasız olması məsələlərinin həlli zamanı. Buna bənzər hallarda işlə əlaqəsi olmayan şahidlər daha çox inam qazanırlar, ən etibarlı şahidlər qədim şahidlər sayılır, ona görə ki, onları heç nə ilə ələ almaq olmur.
Şahidləri olmayan adam üçün sübutların yerini qayda tutmalıdır ki, həqiqətə bənzər şeylərin əsasında mühakimə etmək lazımdır, bunun özü “öz yaxşı düşüncənə görə mühakimə et” deməkdir, bu həm də “pula görə ehtimallara yanlış məna vermək və ehtimalları əsassız təsdiqləmək olmaz” deməkdir. Arxasında şahidləri duran insan isə öz növbəsində şahidləri olmayan adama deyə bilər ki, ehtimallar məsuliyyət daşıya bilməzlər, əgər ancaq sözlər əsasında işi araşdırmaq mümkün olsaydı, şahidlik etmək lazım olmazdı.
Şahidliklərə gəldikdə isə, onlar qismən natiqin özünə, qismən də rəqibinə aid ola bilər, eləcə də qismən faktın özünə, qismən də rəqiblərin xarakterinə aid ola bilər: yəqin ki, belə olduqda faydalı şahidliklər sarıdan çatışmamazlıq olmaz, onların işə birbaşa dəxli olmasa da, məhkəmədə iddiaçı olanın şəxsiyyətinin düzgünlüyünün, ya da onun rəqibinin şəxsiyyətinin alçaqlığının mənəvi xarakteristikasını verməyə xidmət edə bilər.
Qalan mülahizələr iddiaçı olana ya dostcasına, ya da düşməncəsinə, ya da etinasız münasibət bəsləyən, yaxşı və ya pis reputasiyasından istifadə edə bilən və ya heç birindən istifadə etməyən şahidlər barəsindədir – bütün bu mülahizələri və başqa onlara oxşar fərqlərini biz entimemaları çıxartdığımız həmin ən ümumi müddəalar əsasında102 yaratmalıyıq.
Sövdələşmələrə gəldikdə isə, natiqlər üçün onların barəsində danışmağı o zaman faydalı olar ki, natiq onların böyük və kiçik əhəmiyyətini təsəvvür edə bilsin və ya onların inama layiq olub-olmadığını göstərə bilsin. Əgər sövdələşmələr natiqin xeyrinədirsə, onda onları etibarlı və qanuni qüvvəsi olan kimi göstərmək lazımdır; əgər onlar rəqibin xeyrinə danışırlarsa, onda əks olanı sübut etmək lazımdır.
Sövdələşmənin etibarlı və etibarsız olması şahidlər haqqında olan mühakimələrdən heç nə ilə fərqlənmir, ona görə ki, sövdələşmələr, onları imzalayan və ya saxlayan şəxslərin necə olmasından asılı olaraq etibarlılıq xarakteri alırlar. Madam ki, sövdələşmə mövcudluğu təsdiq olunub və o bizim üçün əlverişlidir, onda onun əhəmiyyətini artırmaq lazımdır: axı, sövdələşmə özəl və xüsusi qanundur və sövdələşmələr qanuna deyil, məhz qanunlar elə sövdələşmələrə qüvvə verir ki, onlar qanunla uzlaşır. Ümumiyyətlə, qanunun özü müəyyən qəbildən olan qanundur. Odur ki, sövdələşmələrə etibar etməyən ya onu ləğv edənlər qanunu pozmuş olurlar. Həm də, insanlar arasında könüllü münasibətlərin böyük hissəsi sövdələşmə əsasında durur, odur ki, sövdələşmənin qüvvədən düşməsi ilə insanların öz Aralarında münasibət yaratmaq imkanının özü də aradan qalxır.
Bu halda hansı başqa mülahizələrin yararlı olmasını görmək asandır.
Əgər qanun sizin üçün əlverişsiz, rəqibiniz üçün isə əlverişlidirsə, bu halda sizin üçün əlverişsiz olan qanuna qarşı istifadə etməyə yararlı olan etirazlar lazımdır, məhz belə demək olar: madam qanunlar düzgün qoyulmayıb, madam qanunvericilər səhvə yol veriblər. Onda biz özümüzü qanunlara tabe olmağa borclu hesab etmirik və buna görə də sövdələşməni özümüz üçün məcburi saymaq mənasızlıqdır, bundan başqa nəyin ədalətli olduğunu hakim müəyyən edir, buna görə də onun üçün sövdələşmə deyil, ədalətə daha uyğun olan şey lazımdır, ədalətli olanı isə nə yalanın, nə də məcbur etmənin köməyi ilə təhrif etmək olmaz. Ona görə ki, o, şeylərin öz mahiyyətindən irəli gəlir, sövdələşmələr isə çox vaxt yalan və məcburetmə əsasında yaranırlar. Sonra baxmaq lazımdır ki, məlum sövdələşmələr hər hansı bir yazılı və ya ümumi qanuna, yazılı qanunlardan isə hər hansı bir yerli və ya əcnəbi qanuna zidd deyil, bundan başqa onun hər hansı başqa sövdələşmələrə, əvvəl və daha gec bağlanmış sövdələşmələrə zidd olmadığına baxmaq lazımdır. Belə halda təsdiq etmək olar ki, üstünlük ya daha gec bağlanmış sövdələşmələrin tərəfindədir, ya da daha əvvəlkilər düzgündür, daha gec bağlanmış müqavilələrin düzgün olmamasına gəldikdə isə buna hansının daha faydalı olması baxımından yanaşmaq lazımdır. Bundan başqa sövdələşməni fayda nöqteyi-nəzərindən müzakirə etmək lazımdır – görəsən o, hakimlərin faydasına əks deyil ki, bir sıra çoxlu buna bənzər etirazlar etmək olar, onları deyilənlərdən asanlıqla əldə etmək olar.
İşgəncə müəyyən mənada şahidlik olur; o nə isə inandırıcı görünür, ona görə ki, özündə müəyyən zərurəti saxlayır. Ona münasibətdə bir sıra cürbəcür mülahizələr söyləmək olar: əgər işgəncə bizim üçün sərfəli ola bilərsə, onun əhəmiyyətini artırmaq lazımdır və təsdiq etmək lazımdır ki, bütün şahidlik növlərindən təkcə o həqiqi hesab oluna bilər. Əgər işgəncə sizə deyil, rəqibiniz üçün sərfəlidirsə, belə halda, bu qəbildən olan şahidliklərin həqiqiliyinə, ümumiyyətlə, işgəncələrin xarakteri haqqında mühakimələr yolu ilə etiraz etmək lazımdır: demək lazımdır ki, işgəncə altında yalan, məcburiyyət altında eynilə həqiqət kimi asanca söylənir, bu zaman daha möhkəm olanlar inadla həqiqəti gizlədir, digərləri isə işgəncədən tez qurtarmaq üçün asanlıqla yalan deyirlər. Bu zaman hakimlərə məlum olan və həqiqətən baş vermiş oxşar misalları əldə hazır tutmaq lazımdır. Demək lazımdır ki, işgəncə həqiqətin aşkarlanmasına yardım edə bilməz, ona görə ki, inadkar və möhkəm insanlar mənən güclü olaraq igidcəsinə işgəncəyə dözür, qorxaq və ürkək adamlar isə, hələ işgəncə görməmiş, ondan qorxur, buna görə də işgəncənin özündə heç bir etibarlı şey yoxdur.
Andlara gəldikdə isə, burada dörd halı bir-birindən fərqləndirmək lazımdır: ya bir tərəf o biri tərəfdən and içməyi tələb edir və eyni zamanda da onların belə tələbini qəbul edir; ya bunların heç biri yoxdur; ya bunlardan biri var, o biri yoxdur, yəni, özləri and içməyi tələb edərək, özləri and içmir, ya da özləri and içərək, and içməyi tələb etmir. Bundan əlavə, başqa qəbildən olan hal da ola bilər – daha əvvəl iddiaçı və ya onun rəqibi andı içmiş ola bilər. Ona görə də and içməyi tələb etmirlər ki, insanlar asanlıqla yalandan and içə bilir və andı içməklə rəqibi öz vəzifələrindən azad edirlər, halbuki, and rəqib tərəfindən içilmədiyinə görə, iddiaçı məzəmmət etməyə güvənə bilər. O, deyə bilər ki, hakimlər tərəfindən məruz qaldığı təhlükəyə daha çox üstünlük verir, ona görə ki, hakimlərə inanır, rəqiblərə isə yox.
And tələbini o şərtlə rədd etmək olar ki, o, pul almağa görə həyata keçirilsin və məhkəmədə danışan adam pis adam olsaydı, lazımi andı içərdi, ona görə ki, heç bir səbəb üzündən pis olmaqdansa, heç olmazsa, müəyyən bir şeyin xatirinə pis olmaq olar, əgər, mən bilsəm ki, and içərək arzuladığımı alacağam, içməsəm isə almayacağam, onda mənim and içməkdən imtina etməyimi andı pozmaq qorxusu ilə yox, mənim gözəl mənəvi keyfiyyətlərim ilə izah etmək olar.
Bu halda, Ksenofanın kəlamları yararlıdır; - allahsız insan dindar insana meydan oxuyanda, tərəflər qeyri-bərabərdir103, biz burada elə bir halla üzləşirik ki, sanki, güclü adam zəif adamı döyüşə, daha doğrusu, döyülməyə çağırır.
Əgər biz öz rəqibimizin and içmək tələbini qəbul ediriksə, biz bunu onunla izah edə bilərik ki, özümüzə inanırıq, amma rəqibimizə qarşı qətiyyən inam hiss etmirik. Burada yenə də Ksenofanın kəlamını elə dəyişdirərək demək olar ki, vəziyyət bərabərləşsin, əgər kafir adam and içməyi tələb edirsə, dindar adam isə andı içirsə, onda işdə and içmədən imtina etmək qəribə olar, ona görə ki, bu işin özündə hakimlərdən and içməyi tələb edirsən.
Əgər biz rəqibimizdən and içməyi tələb ediriksə, bunu izah etmək üçün demək olar ki, işi Allaha tapşırmaq istəyi - mömin istəkdir, biz başqa hakimlər arzulamağa heç bir ehtiyac duymuruq, ona görə ki, işin həlli rəqibin özünə həvalə olunur və başqalarından and içməyi tələb etdiyin zaman bunu özünün istəməməsi mənasızdır.
Yuxarıda göstərilmiş halların hər birinə dair nə danışmaq lazım olduğunu dedik, həm də, iki hadisənin birində birləşməsi zamanı nə demək lazım olduğunu dedik, məsələn: əgər insan andı qəbul edirsə, amma özü onu içmək istəmirsə və ya özü and içərək onu rəqibindən qəbul etmək istəmirsə, ya da o, həm and içmək, həm də qəbul etmək istəyirsə, ya da nə onu, nə də bunu etmək istəmirsə, nə demək lazımdır. Bu hallar göstərdiyimiz halların uzlaşmasından yaranır, buna görə də onlara aid dəlillər də hər bir ayrıca götürülmüş hala aid dəlillərin uzlaşmasından əmələ gəlir.
Əgər insanın əvvəl içdiyi and indi içdiyi and ilə ziddirsə, onda o, özünə bəraət qazandırmaq üçün deyə bilər ki, bu andı pozmaq deyil, ona görə ki, cinayət bir növ könüllü olan şeydir, yalandan and içmək cinayət etmək deməkdir, amma zorakılıq və aldatmanın təsiri altında baş verən hadisələr məcburi xarakter daşıyır. Buradan həm də andı pozmağa aid də nəticə çıxarmaq olar, onun mahiyyəti insanın dodaqlarının nə dediyində deyil, onun nə niyyətdə olmağındadır.
Əgər bizim rəqibin əvvəllər içdiyi and indikinə ziddirsə, onda demək olar ki, bu adam andına sadiq deyil. and içdiyi hər şeyi inkar edir (anairei) hakimlər isə andı içən kimi qanunları yerinə yetirirlər; bundan başqa, hakimlərə baxıb əlavə etmək lazımdır: “Onlar sizdən elə andlara əməl etməyi tələb edirlər ki, onları içən kimi, siz ədaləti icra edirsiniz, amma onlar özləri içdiyi andlara əməl etmirlər”. Amplifikasiyadan istifadə edərək çox şey və buna oxşar çox şey demək olar. “Qeyri-texniki” sübutlar haqqında deməyi mümkün olan bütün şeylər bundan ibarətdir.
12. Ədalətsiz hərəkətlərə səbəb olan əhvali-ruhiyyələr. – Cinayət və hərəkətlərin cəzasız qalmasına yardım edən şərtlər.
Beləliklə, insanları ədalətsiz hərəkət etməyə təhrik edən səbəblər bunlardır. İndi isə insanların hansı əhvali-ruhiyyədə olarkən ədalətsiz hərəkət etdiyi və kimə qarşı onların belə etdiyi haqqında danışaq.
İnsanlar məlum hərəkətin baş verməsinin heç nəyi nəzərə almayaraq mümkünlüyünü və özləri üçün mümkünlüyünü nəzərə alaraq ədalətsiz hərəkət edirlər; bundan başqa, onlar hərəkətlərinin üzə çıxmayacağını və ya aşkar olunsa, cəzasız qalacaqlarını, ya da ona görə cəzalansalar da, bu cəzanın hərəkət nəticəsində onların özləri və ya yaxınları üçün olacaq faydadan az olacağını fikirləşdikləri zaman da ədalətsiz hərəkət edirlər. Daha sonra biz deyəcəyik77 ki, mümkün olan və mümkün olmayan məhz nədir, ona görə ki, bu fikirlər bütün qəbildən olan nitqlər üçün əhəmiyyət kəsb edir.
Ədalətsiz hərəkətləri cəzasız törətməyi ən çox özləri üçün mümkün sayan adamlar yaxşı danışmağı bacaran, zirək, belə mübarizə aparmağa çoxlu təcrübəsi olan, çoxlu dostları və pulu olan adamlardır. İnsanlar özlərini o zaman güclü hesab edirlər ki, onları qane edən şərtlər olsun; bu olmayanda, onların əgər lazımlı dostları, xidmətçiləri və ya cinayət şəriki varsa, onda bu onlara ədalətsizliyi törətməyə, bunu gizlətməyə və buna görə cəza almamağa imkan verir. Bu həm də o zaman mümkün olur ki, incitdiyimiz şəxslə, ya da hakim ilə dost olaq: dostlar bir tərəfdən ədalətsizliyə qarşı ehtiyat tədbirləri görmürlər, digər tərəfdən isə işi məhkəməyə çatdırmadan barışırlar. Hakimlərə gəldikdə isə, onlar dost olduqları şəxslərə yarınır, ya da onları heç tənbeh etmir, ya da əhəmiyyətsiz cəza verirlər.
Öz günahlarını elə adamlar asanlıqla gizlədirlər ki, onların keyfiyyətləri onların boynuna qoyulmuş ittihamlar ilə zidd olsun, məsələn, gücsüz adam üçün zorakılıq ilə bağlı cinayəti, kasıb və eybəcər adam üçün isə zinakarlıq ilə bağlı cinayəti gizlətmək asandır. Həddindən çox aşkar və gözə çarpan olanı da gizlətmək asandır, belə şeyləri insanlar sezmirlər, çünki, onları qeyri-mümkün hesab edirlər. Heç kəsin hələ eləmədiyi növ cinayətləri də eynilə belə gizlətmək asandır, ona görə ki, belə şeylərdən heç kim qorunmur – hamı adətkarda olduğumuz cinayətlərdən qorunur, bunu eyni ilə adi xəstəliklərə münasibətdə edirlər, amma heç kəs heç vaxt keçirmədiyi xəstəliyə qarşı ehtiyat tədbirləri görmür. Elə insanlara hücum etmək asandır ki, onların ya heç düşməni yoxdur, ya da lap çoxdur: birinci halda hücum edən şəxs o əsasla aşkar olunmayacağına ümid bəsləyir ki, onun qurbanı heç bir ehtiyat tədbiri görmür, ikinci halda isə o, ona görə aşkar olunmamış qalır ki, müdafiə vəziyyətində olan insanlara hücum etmək məlum adam tərəfindən qeyri-mümkün iş kimi təsvir olunur, müqəssir isə öz müdafiəsi üçün deyə bilər ki, o heç vaxt belə işə cürət edə bilməzdi.
Cinayəti həm də elə adamlar asanlıqla edə bilərlər ki, onlar ya cinayətin həyata keçirilməsi üsulu, ya baş verdiyi yer, ya da yaranmış əlverişli şərait sayəsində qaçıb gizlənə bilirlər. Cinayətə həm də elə adamlar ürək edirlər ki, onların cinayət aşkar olacağı halda məhkəməsiz yaxa qurtarmaq, ya vaxt qazanmaq, ya da hakimləri ələ almaq imkanları olsun, həm də elələri cinayət etməkdən qorxmur ki, cəza veriləndə də onun yerinə yetirilməsinin qarşısını almaq, ya da onun yerinə yetirilməsi üçün uzunmüddətli möhlət almaq imkanı olsun; nəhayət elələri də cinayət edirlər ki, ifrat yoxsulluqlarına görə itirməyə heç nələri yoxdur. Bundan başqa, elə cinayət etməyə qərar verirlər ki, onlara cinayətdən alınan mənfəət şübhəsiz, əhəmiyyətli və ya yaxın kimi görünür, cinayətə görə verilən cəza isə əhəmiyyətsiz, doğru olmayan və ya uzaq kimi görünür.
Cinayətdən alınan mənfəət ilə ona verilən cəza uyğun olmayanda belə cinayətləri etməyə həmişə adam tapılır; məsələn, tiranlıq belədir; eyni şeyi elə cinayətlər haqqında demək olar ki, onların həyata keçirilməsi toxunmaqla hiss olunan mənfəət verir, amma onlara görə verilən cəza ancaq rüsvayçılıq olur. Və yaxud əksinə, bəzən elə halda cinayət etməyə cəsarət edirlər ki, onun həyata keçməsi müəyyən mənada şan-şöhrət gətirir, məsələn, həm atası, həm də anasına görə bir dəfəyə qisas almağa müvəffəq olmuş Zenon kimi78, bunun cəzası isə ya pul, sürgün və ya buna bənzər başqa şeylə verilir.
Adamlar göstərilmiş motivlərin hər hansı birinin təsiri altında və göstərilmiş əhval-ruhiyyələrin hər hansı birində ədalətsiz hərəkət edirlər, amma bunlar elə həmin eyni adam deyil, tamam əks xarakterli şəxslərdir. Həm də elə adamlar cinayət etməyi qərara alırlar ki, onlar tez-tez ya öz cinayətlərini gizlətməyə, ya da cəzasız qalmağa müvəffəq olublar. Tez-tez bu işdə uğursuzluq qazananlar da cinayət etməyə qərar verirlər, ona görə ki, belə işlərdə bəziləri müharibədə olduğu kimi nəyin bahasına olursa-olsun qələbə əldə etməyə qabildirlər. Həm də elə hallarda cinayət etməyə qərar verirlər ki, o vaxt cinayətdən dərhal sonra məmnunluq baş verir, sonra, bir qədər gec nə isə xoşagəlməz bir şeyi hiss etmək lazım gəlir və ya cinayət etrməyə o vaxt qərar verirlər ki, bu o vaxt olur ki, mənfəət yaxın, cəza isə uzaqda olsun. Özlərini saxlaya bilməyən adamlar belə vəziyyətə düşürlər, özünü saxlaya bilməmək isə bizim istəklərimizin predmeti olan hər şeyə aid ola bilər. Cinayət həm də elə hallarda baş verir ki, o vaxt həm cinayət, həm də ona görə verilən cəza ilə bütün xoşagəlməz şeylər dərhal insanın başına gəlir, məmnunluq və faydanı isə ancaq gec, amma daha uzun çəkən vaxt üçün əldə edilir, belə qəbildən olan şeylərə özlərini saxlaya bilən və daha ağıllı adamlar can atırlar.
Cinayət həm elə adamlar tərəfindən həyata keçirilir ki, onların öz hərəkətlərini təsadüf, ya zərurət ilə, ya təbiətin qanunu, ya da vərdişilə izah edə bilsinlər – ümumiyyətlə elə hallarda ki, cinayətin deyil, səhvin baş verdiyini sübut etməyə imkan olsun. Ədalətsizlik həm də elə hallarda baş verir ki, o vaxt mərhəmət əldə etmək mümkün olsun. Ədalətsiz hərəkət etməyə həm də ehtiyacı olan adamlar qərar verirlər, həm də ehtiyac iki cür olur: yoxsul adamlarda olduğu kimi ən zəruri şeylərə, ya da varlılarda olduğu kimi lazımsız şeylərə. Cinayət etməyə həm də elə adamlar qərar verirlər ki, onların ya çox yaxşı, ya da çox pis şöhrəti olsun, birincilər bunu edən zaman hesab edirlər ki, onlardan heç kim şübhələnməz, ikincilər isə fikirləşirlər ki, bu işdən onların şöhrəti azalmaz.
İnsanlar belə əhval-ruhiyyələrlə cinayət etməyə qərar verirlər.
Cinayətin obyekti olan adamlar və şeylər adətən belə olurlar: onlar bizdə olmayan şeylərə malik olurlar və bu zaman iş həmin şeylərin nə isə zəruri və ya həzz verən bir şey olmasından asılı deyil.
Ədalətsizlik həm yaxın, həm də uzaq olan adamlar qarşı həyata keçirilir, birinci halda qisas tez, ikinci halda isə gec baş verir, məsələn, karfagenlilərin qarət ediləcəkləri halda baş verəcək hadisə kimi79 “Ehtiyat tədbirləri görməyən, qorunmayan, həddindən çox sadəlövh adamlar da haqsızlığa məruz qalırlar, ona görə ki, bu halda hamının diqqətindən tez gizlənmək olar, qayğısız insanlar ona görə haqsızlığa məruz, qalırlar ki, işi məhkəmə ilə aparmaq üçün qayğıkeş adam olmaq lazımdır, vicdanlı adamlar isə ona görə haqsızlığa məruz qalırlar ki, onlar öz mənfəətlərinə görə mübahisəyə girməyə qabil deyildirlər. Çoxları tərəfindən təhqir olunmuş, amma işi məhkəməyə çatdırmayan adamlar da haqsızlığa məruz qalaraq məsəldə deyildiyi kimi asanlıqla miziyalıların30 qənimətinə çevrilirlər. Heç vaxt təhqir olunmamış, ya da onlara tez-tez məruz qalan adamlar da haqsızlığa məruz qalırlar, ona görə ki, həm onlar, həm də bunlar heç bir ehtiyat tədbiri görmür - birincilər hesab edirlər ki, heç kəs, heç vaxt onları təhqir etməyəcək, ikincilərin fikrinə görə isə artıq heç vaxt heç kəs onları təhqir etməyəcək. Böhtana məruz qalmış və ya böhtanlanmağı asan olan insanları da incitmək asan olur, ona görə ki, belə adamlar adətən hakimlərdən qorxaraq prosesə başlamır və özlərinə qarşı heç kəsdə inam yarada bilmirlər; bu adətən özlərinə qarşı ümumi nifrət və paxıllıq yaratmış adamların başına gəlir. Ədalətsizlik həm də elə insanlara qarşı çevrilir ki, onlara qarşı bizdə nə isə olsun – bu onların əcdadlarına da, özlərinə də, ya da dostlarına aid ola bilər, onlar bizi incitdiklərinə görə, ya da bizim özümüzü, ya da bizim əcdadlarımızı, ya bizə yaxın adamları incitmək istədiklərinə görə biz onlara qarşı ədalətsizlik etmək istəyirik, zərb-məsələ görə kin-kidurətə ancaq bəhanə lazımdır. Həm düşmənləri, həm də dostları (incidirlər) ona görə ki, birinciləri incitmək asan, ikinciləri isə incitmək xoşdur, dostları olmayan, nə yaxşı danışmağı, nə də iş aparmağı bacarmayan adamları da incitmək asandır, ona görə ki, belə insanlar işi məhkəmə yolu ilə aparmağa can atmır, ya barışığa gedir, ya da heç nəyi axıra qədər çatdırmırlar. Çox vaxt elə insanlarla ədalətsiz rəftar edirlər ki, onlar üçün məhkəmə eləmək üçün vaxt sərf etmək namünasibdir, məsələn, öz əlləri ilə özləri üçün çörək pulu qazanan əcnəbilər və sənətkarlar, çünki bu adamlar aza qane olaraq barışır və işə tez xitam verirlər. Ədalətsizlik elə adamlara qarşı asanlıqla edilir ki, onlar özləri də çox şeydə və ya indi onlara qarşı ədalətsizlik edilən şeydə ədalətsizlik ediblər, əgər bir şəxs başqalarına qarşı ədalətsizlik etməyə vərdiş edibsə və onun özünə qarşı da məhz belə hərəkət olunubsa, onda ədalətsizlik demək olar ki, ədalətsizlik kimi görünmür, məsələn, necə ki, hamını təhqir etməyə vərdiş etmiş adamı bir nəfərin təhqir etməsi. Bizi incidən, ya da incitmək istəyən, ya da incidəcək adamlarla da ədalətsiz rəftar edirik; bu halda ədalətsizliyin özündə nə isə xoş və gözəl bir şey olur və demək olar ki, ədalətsiz kimi görünmür. Biz həm də elələrini asanlıqla incidirik ki, onların alçalması ya bizim dostlarımıza, ya bizim sevdiklərimizə, ya bizim ağalara, ya da ümumiyyətlə asılı olduğumuz və hər hansı bir mənfəət ala biləcəyimiz adamlara xoş olsun. Biz həm də elə adamlara qarşı ədalətsizlik edirik ki, onları artıq mühakimə etmişik və onlarla əlaqələri kəsmişik. Kallipp Diona81 qarşı münasibətdə belə hərəkət etmişdir, ona görə ki, belə hərəkətlər ədalətsiz görünmür. Eynilə belə biz elə adamlar ilə rəftar edirik ki, biz onları incitməsək də, başqaları incidəcək, belə ki, bu halda tərəddüd qeyri-mümkün görünür; rəvayətə görə Enesidem məhz belə etmişdir, o, hansı isə bir şəhəri əsarət altına almış Qelona kottabi göndərərək onu özünü görmək üçün nəzərdə tutduğu işi onu qabaqlayaraq etdiyi üçün təbrik etmişdir.82 Haqsızlıq çox vaxt elə hallarda baş verir ki, o zaman bu incidilmiş adamlar üçün çoxlu yaxşılıq etməyə imkan versin, ona görə ki, bu hallarda fessasiyalı Yason demişkən – günahları təmizləmək asandır, hərdən ədalətsiz hərəkət etmək lazımdır ki, çoxlu ədalətli iş görməyə imkanın olsun.83
İnsan elə ədalətsiz hərəkətləri asanlıqla etməyi özünə rəva bilir ki, onları etmək hamıda, ya da bir çoxunda vərdişə çevrilsin, ona görə ki, bu halda bağışlanmağa ümid var. Biz elə predmetləri oğurlamağı asanlıqla qərara alırıq ki, onları gizlətmək və xərcləmək asan olsun. Məsələn, ərzaq ehtiyatları, bura həm də formasını, rəngini və tərkibini dəyişməklə asanlıqla başqa hala salına bilən predmetlər, bir çox yerlərdə asanlıqla gizlədilə bilən predmetlər; bu sıraya həm də bir yerdən başqa yerə rahat aparıla bilən, kiçik həcmli yerlərdə gizlədilə bilən şeylər, həm də əksər hallarda oğrularda tapılan şeylərin oxşarları daxildir. İnsan çox vaxt başqalarını elə təhqir edir ki, təhqir olunmuşlar onların barəsində danışmağa utanırlar, məsələn, bizim arvadlarımıza, ya özümüzə, ya oğullarımıza qarşı binamusluq ediləndə çox vaxt biz elə hərəkətlər edirik ki, onların məhkəmə yolu ilə təqibi prosesini başlayan adam tərəfindən məhkəmələrdə dava çəkməyə olan adi ehtiras kimi görünə bilər. Buraya az əhəmiyyətli və bağışlanması yüngül olan hərəkətlər aiddir.
Dostları ilə paylaş: |