ARİstotel r I t o r I k a birinci kitab İkinci kitab Üçüncü kitab Bakı-2008



Yüklə 4,02 Mb.
səhifə1/15
tarix07.03.2017
ölçüsü4,02 Mb.
#10594
  1   2   3   4   5   6   7   8   9   ...   15
ARİSTOTEL


R İ T O R İ K A

Birinci kitab

İkinci kitab

Üçüncü kitab

Bakı-2008

Тяръцмя «Античные риторики» (Под ред.А.А.Тахо-Годи, М., Изд.-во Моск. ун.-та, 1978, 352 с. ) kitabından edil­miş­dir. Yunan dilindən tərcümə edən N.Platonovadır (бах. Аристотель. Риторика. Пер. с греч. Н.Платоновой. С.-П., 1894)



Tərcüməçilər: Qızılgül Abbasova, Bəsti Cəfərova

Kitabda Aristotelin ritorikaya aid üç traktatı ilk dəfə olaraq azərbaycan dilində nəşr olunur; bu, ictimai və hu­manitar elm sahələri ilə bağlı bir çox tədris fənlərinin məz­mununu zənginləşdirə biləcək qiymətli bir əsərdir.


RİTORİKA

MÜNDƏRİCAT


BİRİNCİ KİTAB 7

ÜÇÜNCÜ KİTAB 176

QEYDLƏR 244




BİRİNCİ KİTAB


Ritorikanın dialektikaya münasibəti. – Ritorikanın ümumiliyi. – Natiqlik sənəti sisteminin yaradılmasının mümkünlüyü. – Na­tiqlik sənətinin daha erkən formalarının qeyri-qənaətbəxşliyi. – Na­tiq nəyi sübut etməlidir? – Qanun imkan daxilində hər şeyi özü müəyyən etməlidir; bunun səbəbləri. – Hakimin həll etməli oldu­ğu məsələlər. – Nəyə görə tədqiqatçılar məhkəmədə söylənən nitqlərdən danışmağa üstünlük verirlər? – Sillogizm və entimema arasındakı münasibətlər. – Ritorikanın faydası, məqsədi və sa­həsi.
Ritorika dialektikaya uyğun gələn sənətdir1, belə ki, onların toxunduğu predmetlər eynidir. Bu predmetlər isə müəyyən mənada hamının və hər bir kəsin ümumi sərvəti hesab oluna bilər və heç bir ayrıca elmin sahəsinə aid deyildirlər. Bunun nəticəsi olaraq, bütün insanlar müəyyən mənada hər iki sənət ilə əlaqədədirlər, belə ki, hamı müəyyən dərəcədə həm araşdırmaq, həm hər hansı bir rəyi dəstəkləmək, həm bəraət qazandırmaq, həm də ittiham etmək məcburiyyətində qalırlar. Bu hallarda bəziləri təsadüfən, bəziləri isə vərdiş nəticəsində inkişaf etmiş qabiliyyətlərinə uyğun şəkildə hərəkət edirlər. Bu hər iki yolun mümkünlüyünə görə onların sistemə salınmasının mümkünlüyü də şübhəsizdir, belə ki, biz həm vərdişlərinə əsaslanan insanların, eləcə də təsadüfən hərəkət edən insanların nəyin nəticəsində öz məqsədlərinə çatdıqlarını nəzərdən keçirə bilərik, bu cür tədqiqatlar isə sənət işidir ki, bununla yəqin ki, hamı razılaşar. Bu vaxta qədər ritorika sistemlərini quranlar həll etdikləri məsələnin ancaq əhəmiyyətsiz bir hissəsini yerinə yetirirdilər, belə ki, bu sahədə ancaq sübutlar natiqlik sənətinə xas əlamətlərə malikdirlər, qalan hər şey isə aksessuarlardan (prosthẽcai) başqa bir şey deyil. Bununla belə, sistem müəllifləri sübutların məğzini təşkil edən entimemalar haqqında heç bir söz demir, əvəzində isə heç bir dəxli olmayan şeylərdən ətraflı danışırlar; həqiqətən də: böhtan, mərhəmət, qəzəb və başqa buna bənzər ruhi təzahürlər hakimin nəzərdən keçirdiyi işə deyil, hakimin özünə aiddir. Beləliklə, əgər mühakimə üsulu hər yerdə bəzi ölkələrdə olduğu kimi, xüsusən də yaxşı dövlət quruluşu ilə fərqlənən ölkələrdə olduğu kimi qurulsaydı, bu nəzəriyyəçilər heç bir söz deyə bilməzdilər. Hamı belə mühakimə üsulunu bəyənir, amma bəziləri belə hesab edirlər ki, qanunun işi bu qadağanı qoymaqdır, digərləri isə əslində bu qanundan istifadə edir və işə dəxli olmayan heç bir şeydən danışmağa imkan vermirlər (Areopaqda da iş belə qurulub)3 Bu qayda düzgündür, belə ki, hakimdə qəzəb, həsəd və rəhm hisslərini doğurmaqla onu karıxdırmaq olmaz: bu kimin isə istifadə edəcəyi xətkeşi əyməsi kimi bir şey olardı.

Bundan başqa, aydındır ki, məhkəmədə iddiaçıların işi faktın özünün sübutundan, yəni, onun olub-olma­masından başqa bir şey deyildir; faktın vacib olub-olma­ması, ədalətli və ya ədalətsiz olması, yəni qanunvericinin münasibət bildirmədiyi bütün məsələlərə gəldikdə isə bu barədə hakimin öz rəyi olmalıdır və qətiyyən bu rəyi iddiaçı olan şəxsdən mənimsəməməlidir.

Buna görə də, yaxşı tərtib olunmuş qanunlar əsas etibarı ilə mümkün qədər hər şeyi özləri müəyyən edərək hakimlərin ixtiyarına mümkün qədər az şey saxlamalıdırlar, birincisi, ona görə ki, düzgün düşüncə tərzinə malik, qanun vermək və hökm çıxartmaq qabiliyyətində olan çoxlu adam tapmaqdansa bir və ya bir neçə belə adam tapmaq daha asandır. Bundan başqa, qanunlar insanlar tərəfindən uzunmüddətli düşüncələr əsasında tərtib olunur, məhkəmə hökmləri isə sürətlə verilir, buna görə də ədaləti həyata keçirən insanlar üçün ədalətli və faydalı olanı yaxşı seçib-ayırmaq çətin olur.

Ən vacib səbəb isə ondadır ki, qanunvericinin qərarı ayrı-ayrı hadisələrə aid olmur, amma gələcəyə aid olub ümumi xarakter daşıdığı halda, andlı iclasçılar və hakimlər isə öz hökmlərini indiki zamanda və ayrı-ayrı hallara münasibətdə verirlər ki, bu da çox vaxt onlarda məhəbbət və nifrət, özlərinin şəxsi faydasının dərki hissləri ilə bağlı olur; buna görə də onlar yəni hakimlər və andlı iclasçılar, həqiqəti kifayət qədər aydın görə bilmirlər: onların öz şəxsi məmnunluq və qeyri-məmnunluqları haqqında düşüncələri işin düzgün həllinə mane olur.

Beləliklə, bütün yerdə qalan şeylərdə hakimə imkan daxilində olduqca az genişlik vermək lazımdır; məlum faktın baş verib-verməməsi, əldə olub-olmaması məsələ­lərinə gəldikdə isə, bu məsələlərin həllini tamamilə ha­kim­lərin ixtiyarına vermək lazımdır, belə ki, qanunverici xüsusi halları qabaqcadan görə bilməz.

Belə olduğu halda, aydındır ki, öz düşüncələrində baş­qa məsələləri, məsələn, giriş hissəsinin və ya nitqin hər bir hissəsinin məzmununun necə olması haqqında götür-qoy edən adamlar isə dəxli olmayan məsələlərə toxunurlar, ona görə ki, bu nitqlərin müəllifləri ancaq hakimlərdə məlum əhval-ruhiyyə yaratmaq məqsədini güdürlər, texniki sü­butlar haqqında isə heç nə demirlər, halbuki, ancaq bu yolla entimema yaratmaq olar. bütün bunların nəticəsində həm xalqa müraciət, həm də məhkəmə xarakterli nitqlərin eyni metodlu olmasına baxmayaraq, həm də xalqa xitabən deyilən nitqlər dövlət baxımından da ayrı-ayrı adamların əlaqələrinə aid nitqlərdən daha gözəl olsa da, tədqiqatçılar birinci qəbildən olan nitqlərdən heç söz açmır, amma, onlardan hər biri məhkəmə nitqlərini müzakirə etməyə cəhd edir.

Bunun səbəbi odur ki, birinci qəbildən olan nitqlərdə məsələyə dəxli olmayan şeylərdən danışmaq daha az sərfəli sayılır, eləcə də birinci qəbil nitqlərdə məkrli sofistika üçün daha geniş meydan var və daha çox ümumi marağa malikdir: burada hakim ona çox yaxından dəxli olan işləri mühakimə edir, belə ki, o, işin natiqin dediyi kimi oldu­ğunu ancaq sübut etməlidir. Məhkəmə nitqlərində isə bu kifayət deyil, amma dinləyicini öz tərəfinə çəkmək üçün faydalıdır, çünki, burada hakimin qərarı ona yad olan işlərə aiddir, odur ki, hakimlər əslində mühakimə etmirlər, ancaq işi məhkəmədə çəkişənlərin öz öhdələrinə buraxır, bu zaman öz mənfəətlərini güdür və çəkişənlərin ifadələrini tərəfgirliklə dinləyirlər. Bunun nəticəsində bir çox dövlət­lərdə bizim əvvəldə dediyimiz kimi, qanun işə dəxli olma­yan şeyləri şərh etməyi qadağan edir, amma, orada hakimlərin özləri də buna kifayət qədər diqqət verirlər.

Beləliklə, düzgün metodun inandırma üsullarına aid olduğu, inandırma üsulunun isə müəyyən mənada sübut olduğu (çünki, biz hər hansı bir şeydən o vaxt möhkəm əmin oluruq ki, nəyin isə sübut olunduğunu görək) aydındır, ritorik sübut isə entimemadır və bu ümumiyyətlə inandırmanın ən vacib üsullarından biridir və həm də aydındır ki, entimema müəyyən qəbildən olan sillogizmdir4 və müxtəlif qəbildən olan sillogizmləri nəzərdən keçirmək bütövlükdə dialektikaya və ya onun hər hansı bir sahəsinə aiddir. Buradan aydın olur ki, sillogizmin nədən və necə qurulduğunu bilən hər kəs, eləcə də entimema qurmağa da qabil ola bilər, əlbəttə, əgər o, sillogizmlərə aid biliklərinə entimemalara aid olanları və onların sırf məntiqi sillogizmlərdən fərqini də əlavə edə bilsə, çünki, biz eyni bir qabiliyyətlə həm həqiqəti, həm də həqiqətə bənzər olanı dərk edirik. Bununla belə, insanlar təbiətin həqiqət axta­rışına kifayət qədər qabildirlər və əksər hallarda onu tapır­lar; bunun nəticəsində həqiqətin özünü tapmaqda mahir olan şəxs həqiqətə bənzər olanın tapılmasında da mahir olacaq.

Beləliklə, aydındır ki, başqa müəlliflər öz sistem­lə­rində işə dəxli olmayan şeylərdən danışırlar; həm də onların nəyə görə məhkəmə nitqlərinə diqqət verdikləri də aydındır.

Ritorika faydalıdır, çünki, həqiqət və ədalət təbiət­lərinə görə öz əks-tərəflərindən güclüdürlər, amma, əgər məsələnin həlli düzgün qurulmayıbsa, onda əks tərəflər həqiqət və ədaləti məğlubiyyətə uğradarlar ki, bu da məzəmmətə layiqdir. Bundan başqa, əgər bizdə ən dəqiq biliklər olsa belə, bəzi insanları bu biliklərin əsasında inandırmaq çox çətindir, ona görə ki, biliklərə əsaslanan nitqi qiymətləndirmək savad işidir, bu isə kütlə qarşısında qeyri-mümkündür. Burada biz sübut və mülahizələri mütləq hamı üçün anlaşılan yolla aparmalıyıq. Biz bu barədə “Topik”5 əsərində kütləyə müraciət ilə əlaqədar danışmışıq. Bundan başqa, sillogizmlərdə olduğu kimi əks olanı sübut etməyi bacarmaq vacibdir. Amma, həm bunu, həm də onu həqiqətən sübut etmək üçün yox, çünki, pis olanı sübut etmək lazım deyil, bunun necə edildiyini öyrənmək, eləcə də kiminsə həqiqətə uyğun olmayan sübutlardan istifadə etməsi zamanı onu təkzib etmək üçün vacibdir.

Digər sənətlərin heç biri əks mühakimələrdən çıxan nəticələrlə məşğul olmur, bunu ancaq dialektika və ritorika edir, belə ki, onların hər ikisi eyni dərəcədə əksliklərlə6 münasibətdədirlər. Bu əksliklər öz təbiətlərinə görə eyni deyildir, amma həqiqət və öz təbiətinə görə yaxşı olan şeylər həmişə əqli nəticə çıxarmağa daha çox uyğundurlar və necə deyərlər, daha çox inandırma qabiliyyətinə malikdirlər.

Bundan başqa, əgər özünə öz bədəninlə kömək etməyi bacarmamağın rüsvayçılıqdırsa, onda özünə öz sözünlə kömək edə bilməməyin də rüsvayçılıqdır, belə ki, insan təbiətinə sözdən istifadə etmək bədəndən istifadə etməkdən daha çox xasdır.7 Əgər kimsə desə ki, sözün belə qüvvəsindən ədalətsizcəsinə istifadə edən insan çoxlu ziyan törədə bilər, onda bu iradı (məziyyətləri çıxmaq şərti ilə) müəyyən dərəcədə bütün nemətlərə və əsasən də ən çox faydalı olanlara, məsələn: qüvvəyə, sağlamlığa, var-dövlətə, sərkərdəliyə aid etmək olar; bu nemətlərdən lazımi qaydada istifadə edən insan çoxlu fayda gətirə bilər, onlardan ədalətsizcəsinə istifadə edənlər isə çoxlu ziyan törədə bilər.

Beləliklə, aydındır ki, ritorika elmlərin hər hansı bir ayrıca sinfinə aid deyildir, amma dialektika kimi bütün başqa sahələrlə əlaqəsi var, eləcə də o, faydalıdır və onun işi inandırmaq deyil, hər bir halda inandırma üsullarını tapmaqdır; eyni şeyi qalan bütün sənətlər barəsində də qeyd etmək olar, məsələn, həkimlik sənəti təkcə hər bir insanı sağlam etməkdən ibarət deyil, həm də bu məqsədə mümkün qədər daha çox yaxınlaşmaqdır, belə ki, artıq tamam sağala bilməyən insanları da yaxşı müalicə etməyə kifayət qədər imkan ola bilər.

Bundan başqa, aydındır ki, eyni bir sənət sahəsinə həm həqiqətən inandırıcı olanı, həm də inandırıcı kimi görünən tədqiq etmək aiddir, bu da dialektika sahəsində həm həqiqi, həm də görünüşlü sillogizmin öyrənilməsinə bənzəyir: insan hər hansı müəyyən bir qabiliyyətinə görə sofist olmur, öz istedadı ilə istifadə etdiyi niyyətinin gücünə görə sofist olur. Onu da deyək ki, burada, yəni ritorikada natiq sözü həm bilik, həm də insanı danışmağa məcbur edən niyyət mənasında veriləcək. Məntiq elmində adam öz niyyətinə görə sofist, qabiliyyətinə görə isə dialektik adlandırılır.8

İndi isə artıq metodun özündən danışmağa cəhd edək – biz necə və nəyin köməyi ilə qoyulmuş məqsədə çata bilərik? Beləliklə, əvvəldə olduğu kimi ritorikanın nə olduğunu müəyyən edərək sonrakı şərhimizə keçək.

2. Ritorikanın başqa elm sənətlər arasında yeri: - İnandırmanıntexniki” (ritorikanın üsullarına əsaslanan) qeyri-texniki” (obyektiv səbəblərə əsaslanan) üsulları. – İnandırmanın üç mahir üsulu. – Ritorikadialektika si­ya­sətin bir sahəsi kimi. – Misal entimema. – İnandırıcı ola­nın analizi. – Ritorikanın məşğul olduğu məsələlər.- Enti­memaları haradan əldə edirlər? – Ehtimalın müəyyən edilməsi. – Əlamətlərin növləri. – Misalritorik istiqa­mətlən­dirmə. Ümumi yerlər (topoi) xüsusi entimemalar (eidẽ).
Beləliklə, ritorikanı hər bir verilmiş predmetə aid müm­kün inandırma üsullarını tapmaq qabiliyyəti kimi müəyyən edək. Bu hər hansı bir başqa sənətin məqsədi deyildir, çünki, hər bir başqa predmet ancaq onun sahəsinə aid olanlar barəsində izah və inandırma apara bilər, necə ki, məsələn, həkimlik sənəti – sağlamlığı möhkəmləndirən və ya xəstəliyə aparan səbəblər barəsində, həndəsə vahidlər arasında mümkün dəyişikliklər barəsində, hesab – rəqəmlər barəsində; yerdə qalan elm və sənətlər də eyni ilə belədir; ritorika isə hər bir verilmiş predmet barəsində inandırma üsullarını tapmağa qabildir, buna görə də biz deyirik ki, o, heç bir xüsusi, müəyyən sinif predmetinə aid deyildir.

İnandırma üsullarının bəziləri “qeyri-texniki”, digər­ləri isə “texnikidir”. Mən bizim tərəfimizdən icad edilmə­­miş, amma daha əvvəldən bizdən asılı olmayaraq mövcud olan inandırma üsullarını “qeyri-texniki” (atech­noi) adlandırıram; buraya şahidlər, işgəncə altında verilmiş ifadələr, yazılı müqavilələr və s. aiddir; “texniki” (entechnoi) üsullar dedikdə, mən metodun və bizim şəxsi vasi­tələ­rimi­zin köməyi ilə yaradıla biləcək üsulları nəzərdə tutu­ram, beləliklə, birinci sübutlardan ancaq istifadə etmək la­zımdır, ikinci sübutları isə əvvəlcədən tapmaq lazımdır.

Nitq vasitəsiylə çatdırılan inandırma üsullarına gəl­dikdə isə onların üç növü vardır: bəziləri danışanın xarak­terindən asılıdır, digərləri dinləyicinin bu və ya başqa cür əhval-ruhiyyəsindən, üçüncülər isə nitqin özündən asılıdır. Bu sonuncu olanlar həqiqi və ya görüntülü sübutetmədən ibarətdir.

Sübutlar danışanın mənəvi xarakterinin köməyi ilə o zaman qəbul olunur ki, söylənilən nitq onu söyləyən adama qarşı inam yaratsın, çünki, biz ümumiyyətlə yaxşı adamlara daha çox və tez inanırıq, bəzi hallarda ki, aydın bir şey yoxdur və tərəddüd var – onda heç inanmırıq və bu danışanın məlum mənəvi keyfiyyətlərə malik olması haqqında əvvəlcədən yaranmış qənaətdən irəli gəlmir, nitqin özünün nəticəsidir, belə ki, bu predmet ilə məşğul olan bəzi adamların düşündüyü kimi desək ki, sənətə həm də natiqin vicdanı da daxildir, guya o özü ilə necə deyərlər, ən etibarlı sübutları təmsil edir, onda ədalətsizlik etmiş olarıq.9

Dinləyicilər nitqin təsirindən həyəcana gələn zaman sübut dinləyicilərdən asılı vəziyyətə düşür, çünki, biz müxtəlif qərarları məmnunluq və ya narazılıq, məhəbbət və ya nifrətin təsiri altında qəbul edirik. Təkrar edirik ki, söz sənətinin müasir nəzəriyyəçiləri məhz bu inandırma üsullarına toxunurlar. Bu üsulların hər birinə ayrıca olaraq ehtiraslardan danışanda toxunacağıq.10

Nəhayət, nitqin özü bizi o halda inandırır ki, onda natiq hər bir verilmiş sual üçün hazırladığı dəlillərdən əsil həqiqəti və ya görüntülü həqiqəti aşkara çıxara bilsin.

Sübutlar məhz belə yollarla həyata keçirildiyinə görə, onda, aydındır ki, onlardan ancaq əqli nəticələr çıxarmağa və xarakter, müsbət məziyyət və ehtirasları tədqiq etməyə, ehtirasların hər birinin nə olduğunu, təbiətcə necə oldu­ğunu, nəyin nəticəsində və necə yarandığını araş­dırmağa qabil olan insan istifadə edə bilər, beləliklə, ritorika dialek­tikanın və ədalətli olaraq siyasət adlan­dırdığımız əxlaq haqqında elmin bir sahəsi kimi meydana çıxır.11 Bunun nəticəsində ritorika siyasət görkəmi alır və ritorikanı öz malı hesab edən adamlar ya nadanlıq, ya da şarlatanlıq, ya da insan təbiətinə xas başqa səbəblər üzündən özlərini siyasətçi kimi qələmə verirlər. Əslində, biz əvvəldən dediyimiz kimi, ritorika dialektikanın müəyyən bir hissəsi və bənzəridir: hər ikisi hər hansı müəyyən bir predmet, onun təbiətinin necə olması haqqında elm deyildir, amma onların hər ikisi sübutların tapılması üçün ancaq metodlardır. Beləliklə, biz, yəqin ki, bu elmlərin mahiyyətini və onların qarşılıqlı münasibətləri haqqında kifayət qədər danışdıq.

Həqiqət və ya görüntülü surətdə sübutetmə üsullarına gəldikdə isə dialektikada istiqamətləndirmə, sillogizm və görüntülü sillogizm olduğu kimi, burada da eynilə möv­cuddur, çünki, misal istiqamətləndirmədən başqa bir şey deyil, entimema – sillogizmdir, görüntülü entimema isə – görüntülü sillogizmdir.12

Mən ritorik sillogizmi entimema adlandırıram, misalı isə – ritorik istiqamətləndirmə: axı bütün natiqlər öz də­lil­lərini ya misal gətirməklə, ya da entimemalar qurmaqla izah edirlər və bundan başqa heç bir sübut üsullarından istifadə etmirlər.

Odur ki, əgər hər hansı bir şeyi ya sillogizm, ya da istiqamətləndirmə yolu ilə sübut etmək zəruridirsə (bu bizim üçün “Analitikadan” məlumdur) onda bu sübutetmə üsul­larının hər biri mütləq yuxarıda adı çəkilənlərin hər biri ilə üst-üstə düşür.

Misal və entimema arasındakı fərqlərə gəldikdə isə, bu artıq “Topik”dən məlumdur, belə ki, orada daha əvvəl sillogizm və istiqamətləndirmə haqqında deyilib: çoxlu oxşar hadisələr əsasında hər hansı bir faktın olması haqqında nəticə çıxarılır ki, bu cür nəticə orada istiqamətləndirmə, burada isə misal adlanır. Əgər hər hansı bir faktın mövcudluğundan nəticə çıxarılarsa ki, bu faktın mövcudluğu həmişə və ya çox zaman ondan fərqli olan başqa bir faktın mövcudluğunun nəticəsi olur, onda bu nəticə orada sillogizm, burada isə entimema adlanır.

Məlumdur ki, həm bu, həm də başqa qəbildən olan ritorik arqumentasiyanın öz yaxşı cəhətləri var. Biz “Meto­dika”da15 nə deyiriksə, onu eynilə burada da tapırıq: bəzi nitqlər misallara, digərləri isə entimemalara meyllidir. Misallarla dolu nitqlər heç də az inandırıcı deyildir, amma entimemalarla dolu nitqlər isə daha böyük təsir bağışlayır. Biz bunun səbəbini, həm də bu iki qəbildən olan dəlillərin hər birindən necə istifadə etmək üsulu haqqında bir qədər sonra danışacağıq. İndi isə onların əsil mahiyyətini dəqiq müəyyən edək.

Hər hansı bir məşhur adam üçün inandırılma belə olmalıdır, həm də bir qəbildən olan inandırma bilavasitə öz-özlüyündə inandırır və etibar doğurur, digər qəbildən olanı isə ona görə buna nail olur ki, birinci qəbildən inandırıcılığı vasitəsilə sübut olunmuş kimi görünür; amma heç bir sənət özəl halları nəzərdən keçirmir: məsələn, tibb elmi Sokrat və ya Kallinin16 sağlamlığı üçün nəyin faydalı olduğunu deyil, müəyyən xüsusiyyətlərə malik insanın və ya hər hansı adamların sağlamlığı üçün nəyin faydalı olduğu haqqında danışır; bu qəbildən olan suallar sənət sahəsinə daxildir, özəl hallar isə saysız-hesabsızdır və bilik üçün əlçatmazdır.

Ritorika da buna görə ayrıca bir şəxs üçün, məsələn, Sokrat və ya Kalli üçün həqiqətə uyğun olanı nəzərdən keçirmir, ancaq bütün insanlar üçün inandırıcı olanı olduğu kimi nəzərə alır. Dialektika da eyni cür hərəkət edir; bu sənət hər nədən gəldi nəticə çıxarmır (axı dəlilər üçün də nə isə inandırıcı ola bilər), ancaq müzakirəyə ehtiyacı olan­lardan nəticə çıxarır, eyni ilə ritorika da adətən məslə­hətləşməyə ehtiyacı olan məsələlərlə məşğul olur.

O, elə məsələlərə toxunur ki, onlar haqqında biz məsləhətləşirik, amma onlara dair bizdə ciddi müəyyən olunmuş qayda yoxdur və həm də elə dinləyiciləri nəzərdə tutur ki, onların nə uzun mühakimələr zəncirini tez qav­ramaq, nə də kənardan baxıb nəticə çıxarmaq qabi­liyyəti yoxdur. Göründüyü kimi, biz onun barəsində məslə­hət­ləşirik ki, nə keçmişdə, nə indi, nə də gələcəkdə başqa cürə ola bilməzlər, çünki biz onları elə olduğu kimi başa düşürük, ona görə məsləhətləşmirik ki, bunun heç bir mənası yoxdur.

Qərar vermək və nəticə çıxarmaq olar, birincisi, əvvəl­cədən sillogitik yolla sübut olunmuş müddəalardan, ikincisi isə - sillogizm yolu ilə əvvəlcədən sübut olunmamış müd­dəalardan olsun və buna görə də bu cür sübutetmələrə ehti­yacı olsur, belə ki, bu olmazsa, onlar həqiqətə uyğun kimi təqdim olunmazlar; birinci halda mülahizələr çox uzun olduğuna görə asan başa düşülmür, çünki hakim adi adam kimi nəzərdə tutulur, ikinci halda isə onlar inandırıcı deyil, çünki, onların çıxış nöqtəsi olan müddəaları hamı tərəfindən qəbul edilməyib və ya həqiqətə uyğun deyil. Beləliklə, entimema və misal hökmən olmalıdırlar: birincisi sillogizm, ikincisi isə elə bir istiqamətləndirməsi olmalıdır ki, onun ümumiyyətlə başqa bir nəticəsi də ola bilsin. Həm entimema, həm də misal o qədər də çox olmayan müddəalardan əldə olunur; çox vaxt onlar ilk sillogizmi əldə edən vaxtdan sayca daha az olurlar, çünki onlardan hər hansı biri hamıya məlumdursa, onu əlavə etmək lazım deyil, belə ki, onu dinləyici özü əlavə edir, məsələn Dorieyin17 yarışda qalib gələrək mükafat kimi çələng alması fikrini ifadə etmək üçün onun Olimpiya oyunlarında qalib gəldiyini demək kifayətdir, qələbə üçün mükafatın çələng olduğunu əlavə etmək lazım deyil, çünki bunu hamı bilir.

Ritorik sillogizmlərin əldə olunduğu çox az zəruri müddəalar var, çünki, mübahisə və mühakimələrin toxun­duğu şeylərin əksəriyyəti onların olduğu ilə müqayisədə başqa cür də ola bilər, əgər insanlar məhz öz fəaliyyət obyekt­ləri olan şeylər haqqında mühakimə və fikir yürü­dürlərsə, onda onların bütün fəaliyyəti məhz belədir: bura­da heç nə zərurət xarakteri daşımır, ən çox baş verənlən isə mütləq eyni qəbildən olan müddəalardan götürülməlidir, necə ki, eynilə öz təbiətinə görə zəruri olan zərurətdən çıxarılmalıdır (bütün bunlar bizə həm də “Analitika”dan məlumdur). Buradan belə görünür ki, entimemaların əldə olunduğu müddəaların içindən bəziləri zərurət xarakteri daşıyır, başqaları isə (onların çox hissəsi belədir – təsadüf xarakteri daşıyır; beləliklə entimemalar mümkün ola biləndən və ya əlamətlərdən əldə olunur, belə ki, bu iki anlayışın hər biri zəruri olaraq o biri ilə üst-üstə düşür.

Mümkün olan odur ki, əksər hallarda baş versin və bəzilərinin müəyyən etdiyi kimi, sadəcə olaraq baş verə bilən deyil, başqa cür də baş verə bilər; onun o birinə qarşı münasibəti elədir ki, bu münasibətə görə o, ümuminin xüsusiyə olan münasibəti kimi mümkündür.

Əlamətlərə gəldikdə isə (sẽmeia) onların bəziləri xüsu­siyə münasibətində heç bir ümumi əhəmiyyətə malik de­yildir, digərləri isə ümumiyə münasibətdə xüsusi əhə­miyyətə malik deyildir, onlardan bəziləri, hansı ki, zə­ruri olaraq nəticəyə doğru aparırlar – aşkar sübutlar (tecmẽria) adlan­dırılırlar; zəruri olaraq nəticəyə doğru apar­mayanların isə elə adları yoxdur ki, onların fərq­ləndirici cəhətlərinə uyğun gəlsin.

Mən elə əlamətləri zəruri olaraq nəticəyə aparan adlandırıram ki, onlardan sillogizm əmələ gəlsin. Məhz bu­na görə, bu qəbildən olan əlamətlər aşkar sübutlar (tecmẽ­rion) adlandırılır, çünki, insanlar düşünəndə ki, onların dedikləri təkzib oluna bilər, onda onlar belə hesab edirlər ki, tecmẽrion, yəni sübut olunub qurtarmış bir şeyi təqdim ediblər, çünki, qədim dildə “tecmar” və “peras” eyni bir məna verir.19

Əlamətlərdən bəziləri ümumiyə qarşı xüsusi əhəmiy­yətindədir, necə ki, məsələn əgər kim isə müdriklərin əda­lətli olmadığının əlaməti olaraq Sokratın müdrik və ədalətli olduğunu göstərsin. Bu əlamətdir, amma deyilən hətta doğ­ru olsa belə, onu təkzib etmək olar, çünki, ondan sillogizm əldə etmək olmaz. Başqa qəbildən olan əlamətlər, məsələn, əgər kimsə desə ki, hər hansı bir adam xəstədir, ona görə ki, qızdırması var və ya hər hansı bir qadın doğub, ona görə ki, onun südü var – bu qəbildən olan əlamətlər zərurət xa­rak­teri daşıyır. Ancaq bu qəbil­dən olan əlamətlər “tec­mẽrion” sayılır, ona görə ki, ma­dam onun mühakiməsi doğ­rudur, onda o, heç cür təkzib edilə bilməz. Ümumidən xüsusiyə aparan əlamət, məsələn, əgər kimsə hər hansı bir adamın tez-tez nəfəs almasını bu ada­mın qızdırmadan əziyyət çəkməsi faktı hesab edirsə, bunu təkzib etmək olar və hətta bu iddia düzgün olsa da, çünki, bəzən qızdırması olmayan insan da tez-tez nəfəs ala bilər.

Beləliklə, biz, ehtimalın, əlamətin və nişanənin nə oldu­ğunu və bir-birindən nə ilə fərqləndiyini dedik, bundan başqa isə biz “Analitikada”20 bəzi səbəblərin sillogizm qay­daları ilə əldə edildiyinin, digərlərinin isə bu qaydalarla çıxarılmadığının səbəblərini ətraflı şəkildə araşdırdıq.

Biz, həmçinin dedik ki, misal istiqamətləndirmədir və bu istiqamətləndirməyə aid olanları izah etdik: misal nə hissənin tama, nə tamın hissəyə, nə də tamın tama mü­na­sibətini yox, hissənin hissəyə, oxşarın oxşara müna­si­bətini bildirir, bu o vaxt olur ki, verilmiş hər iki hadisə eyni ha­disələr kateqoriyasından olsun və onlardan biri o birindən daha çox məşhur olsun: məsələn, biz fərz edirik ki, Dionisi özü üçün silahlı mühafizəçi tələb edərək tiran olmaq niyyətindədir, çünki, bundan əvvəl Pisistrat tiran olmaq qərarına gələrək mühafizə tələb edib və tələbi ödənən kimi tiran olub; Megaralı Flagen21 və bizə yaxşı tanış olan bir çox adamlar da belə hərəkət ediblər; onların hamısı məhz bu məqsədə görə Dionisiyə qarşı münasibətdə misal olurlar, çünki biz Dionisini yaxşı tanımırıq və dəqiq bilmirik ki, o məhz bu məqsədlə özü üçün mühafizə tələb edir. Bütün gətirdiyimiz misallar ümumi müddəaya uyğun gəlir; ma­dam insan özü üçün mühafizə tələb edir, onda, o, tiran olma­ğı düşünür.

Biz apodiktik22 kimi görünən inandırma üsullarını necə və nədən tərtib olunduğunu söylədik. Entimemalar arasında demək olar ki, bütün tədqiqatçılar tərəfindən ta­mam unudulan bir böyük fərq var, bu da sillogizmlərin dia­lektik metoduna aid olanın eynidir və ondan ibarətdir ki, entimemaların bəziləri sillogizmin ritorik, eləcə də dialektik metodu ilə yaranır, digərləri isə başqa sənət və imkanlara (dynameis) uyğun yaranır; onlardan bəziləri tamamlanmış vəziyyətdə mövcuddur, bəziləri isə hələ tamamlanmayıblar. Bunun nəticəsində onlardan istifadə edən insanlar özləri belə bilmədən onlardan lazım olduğundan daha çox isti­fadə edir və artıq sadə natiq rolundan çıxırlar. Əgər biz fikrimizi daha ətraflı açsaq, dediyimiz daha aydın olar. Mən deyirəm ki, dialektik və ritorik sillogizmlər bizim ümumi yerlərlə – toplarla (topoi) danışdığımıza aiddir; onlar ədalət, təbiət hadisələri və bir çox bir-birindən fərqli predmetlər haqqında mühakimə yürütmək üçün ümu­midirlər; məsələn, böyüyün və kiçiyin topu belədir, çünki, bunun əsasında həm ədalət və təbiət hadisələri, həm də hər hansı başqa bir predmetə müna­sibətdə - hətta bu pred­metlər təbiətcə tamamilə müxtəlif olsalar da – sillogizm və ya entimema qurmaq üçün eyni cür əlverişlidirlər. Mənim xüsusi adlandırdığım enti­memalar müxtəlif növ və qəbil­lərdən olan hadisələrə aid mühakimələrdən alınır; məsələn, fizikanın mühakimələri mövcuddur, amma onlardan etika­ya aid entimema və sillogizm əldə etmək olmaz, etika sahə­sində də başqa mühakimələr mövcuddur ki, onlardan fizika üçün, eləcə də bütün başqa elm sahələri üçün nəticə çıxarmaq olmaz. Birinci qəbildən olan entimemalar, yəni (topoi), insanı hər hansı bir xüsusi elm sahəsində bilikli edə bilməz, çünki, onlar heç bir müəyyən predmetə toxun­murlar. İkinci qəbildən olan entimemalara gəldikdə isə biz mühakimələri nə qədər yaxşı seçsək, bir o qədər də tez və hiss olunmadan dialektika və ritorikadan fərqli elm sahəsini yaradarıq və əgər biz əsas müddəalara qədər çatsaq, onda artıq qarşımızda dialektika və ritorikanı deyil, əsas müddəalarına yiyələndiyimiz elmi görərik. Entime­maların çoxu bu özəl müddəalardan əldə olunur, toplardan isə daha az entimema əldə olunur.

İndi, biz, eynilə “Topik”də23 olduğu kimi entimema növlərini, həm də onların əldə olunacağı topları nəzərdən keçirək. Hər bir ayrı qəbildən olan predmetlərə xas olan mühakimələri mən növ adlandırıram, bütün predmetlər üçün ümumi olan mühakimələri isə top adlandırıram.

Beləliklə, əvvəlcə növlərdən danışaq. Amma ən əvvəl ritorikanın qəbillərini nəzərdən keçirək ki, onların sayını müəyyən edib hər birinin element və mühakimələrini ayrı-ayrılıqda araşdıraq.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin