3. Nitqin tərtib olunduğu üç element. – Üç cür dinləyici. – Ritorik nitqlərin üç növü.- Məşvərətçi, məhkəmə, epideyktik24 nitqlərin predmeti. Hər üç nitq növünün hər birinin nəzərdə tutduğu vaxt. – Hər bir növ nitqin məqsədi. – Hər bir növ nitqin mühakimələrini bilmək zərurəti.
Ritorikanın üç növü var, ona görə ki, üç cür qəbildən olan dinləyici var. Nitq üç elementdən: natiqin özü, onun danışacağı predmet və onun müraciət etdiyi şəxsdən ibarətdir; bütün bunların son məqsədi dinləyicidir. Dinləyici hökmən ya sadə tamaşaçı, ya hakim olur və həm də artıq baş vermiş və ya baş verəcək şeyin hakimi olur. Olacaqlar haqqında düşünən insana misal kimi xalq yığıncağı üzvünü, artıq olmuşları düşünən insana məhkəmə üzvünü, ancaq natiqin istedadına fikir verən adama isə sadə dinləyicini misal gətirə bilərik. Beləliklə, təbii olaraq üç növ ritorik nitq meydana çıxır: məşvərətçi, məhkəmə və epideyktik. Məşvərətçi nitqlərin işi ya razılaşmaq, ya da rədd etməkdir, çünki, özəl həyatda məşvərət etməli olan adamlar kimi kütlə qarşısında nitq söyləyən natiqlər də iki şeydən birini edirlər. (ya razılaşır, ya da rədd edirlər).
Məhkəmə nitqlərinə gəldikdə isə, onların işi ya ittiham etmək, ya da bəraət qazandırmaqdır, çünki, məhkəmədə çəkişən tərəflər mütləq iki şeydən birini edirlər – ya ittiham edirlər, ya da özlərini təmizə çıxarırlar.
Epideyktik nitqlərin işi isə tərifləmək və ya məzəmmət etməkdir. Hər bir növ nitqin nəzərdə tutduğu vaxta gəldikdə isə, insan məşvərət edərkən gələcəyi nəzərdə tutur, o, nəyi isə rədd edərək və ya nə ilə isə razılaşaraq ancaq gələcək üçün məsləhətlər verir. Məhkəmədə çəkişən insanın işi keçmiş ilədir, çünki, məhkəmədə həmişə artıq baş vermiş hadisələrə görə biri ittiham edir, o biri isə müdafiə olunur. Epideyktik natiqlər üçün isə hazırkı dövr daha çox vacibdir, çünki, hamı mövcud olan bir şeyə görə ya tərif, ya da məzəmmət edir; amma, natiqlər tez-tez başqa zamanlardan həddindən çox istifadə edirlər: keçmişi xatırlayır və ya gələcək üçün fərziyyələr qururlar. Hər bir növdən olan nitqlərin müxtəlif məqsədləri var və üç nitq növü olduğuna görə üç məqsəd də mövcuddur: məsləhət verən insanın məqsədi fayda və ziyandır – biri məsləhət verərək yaxşılığa təhrik edir, o biri isə fikrindən daşındıraraq pis olandan uzaqlaşdırır; yerdə qalan mühakimələr: ədalətli olan və ədalətsiz olan, gözəl olan və rüsvayçı olan burada ikinci plandadır.
Məhkəmədə çəkişənlərin məqsədi ədalət və ya ədalətsizlikdir, amma onlar da buna müxtəlif mülahizələr əlavə edirlər.
Tərif və ya məzəmmət edən insanlar üçün məqsəd – gözəl və nöqsanlı olanı; fərqləndirməkdir amma bura da başqa mülahizələr əlavə olunur.
Hər bir növdən olan nitq üçün məhz bizim dediyimiz məqsədin olmasının sübutu odur ki, bəzi hallarda qalan başqa bəndlərə görə qətiyyən mübahisə etmirlər; məsələn, iddiaçı heç vaxt inkar etmir ki, fakt həqiqətən olub və ya bu fakt həqiqətən də ziyan törədib, amma, o, ədalətsiz iş gördüyü haqqında fikirlə razılaşmır, çünki, əgər belə olmasaydı, onda heç bir məhkəmə lazım olmazdı.
Məsləhət verən natiqlər də eynilə bu cür, qalan hər şeydə tez-tez güzəşt etsələr də, heç vaxt boyun almırlar ki, xeyirsiz məsləhətlər verirlər və ya xeyirli şeylərdən çəkindirirlər; məsələn, onlar çox vaxt qətiyyən diqqət vermirlər ki, qonşuları və ya bizə heç bir pislik etməyən adamları əsarət altına almaq necə də ədalətsizdir. Eynilə, tərif və ya məzəmmət edən natiqlər də bu adamın nə isə xeyirli və ya ziyanlı bir şey etməsinə baxmırlar, hətta bəzən ona görə tərifləyirlər ki, öz faydasına zidd olaraq nə isə gözəl bir şey edib; məsələn, Axilli ona görə tərif edirlər ki, o, özünün bu vaxt ölə biləcəyini bilə-bilə dostu Patrokla yardım göstərir26, halbuki, onun yaşamağa tam imkanı var idi. Onun üçün ölüm nə isə daha gözəl bir şey kimi, həyat isə faydalı bir şey kimi təsəvvür olunur.
Deyilənlərdən aydındır ki, hər şeydən əvvəl göstərilmiş hər bir qəbildən olan nitqlərin hər birinin mühakimələrini ayrıca bilmək vacibdir, çünki, sübutlar, ehtimallar və əlamətlər ritorikanın mühakimələridir. Axı, ümumilikdə desək, sillogizm mühakimələrdən tərtib olunur, entimema isə adını çəkdiyimiz mühakimələrdən tərtib olunmuş sillogizmdir. Belə ki, keçmişdə baş verə bilməyən qeyri-adi bir şey gələcəkdə də baş verməyəcək, həmişə ancaq mümkün olan şeylər baş verir və eynilə belə, nə isə mümkün olmayan bir şey heç vaxt keçmişdə baş verə bilmədiyi kimi, gələcəkdə də mümkün olmayan bir şey baş verə bilməz; buna görə də həm məsləhət verən, həm də məhkəmə və ya epideyktik nitqlər söyləyən natiqlər üçün mümkün olan və mümkün olmayanlar haqqında, nəyin isə olduğunu və ya olmadığını, olacağı və ya olmayacağı haqqında mühakimələri qabaqcadan hazır tutmaq zəruridir.
Bundan başqa, həm tərif edən və ya məzəmmət edən, həm də dilə tutub inandıran, ya da dilə tutub fikrindən daşındıran, eləcə də günahlandıran, ya da bəraət qazandıran bütün natiqlər təkcə nəyi isə sübut etməyə can atmırlar, onlar həm də xeyir və ya şərin, ədalətin və ya haqsızlığın, gözəlliyin və ya mənfurluğun böyüklüyünü və ya miskinliyini göstərməyə çalışırlar və bu zaman predmetləri öz-özlüyündə, ya da bir-biriləri ilə müqayisə edərək nəzərdən keçirirlər. Bütün bunları nəzərə alaraq, aydındır ki, ucalıq və miskinlik və böyüklük və kiçikliyə aid həm ümumi, həm də xüsusi xarakterdə olan mühakimələri əldə hazır saxlamaq lazımdır; məsələn, nəyi böyük və ya kiçik fayda və ya böyük, ya da kiçik cinayət və ya çox, ya da az dərəcədə ədalətli hərəkət adlandırmaq olar; bu eynilə qalan predmetlərə də aiddir.
Beləliklə, biz nəyə dair mühakimələrin əldə hazır tutulmasının zəruri olması haqqında danışdıq. Bundan sonra isə hər bir növdən olan nitqlərin predmetini ayrıca araşdırmaq lazımdır: bu həm məşvərətçi, epideyktik, həm də məhkəmə nitqlərinə aiddir.
4. Məşvərətçi nitqlərdə natiq nədən danışmalı olur? – İnsanların əlaqədə olduğu məsələlərin müfəssəl surətdə təhlili ritorikanın sahəsinə aid deyildir. – Ritorikaya analitik və siyasi elementlər daxildir. – Məşvərətçi nitqlərin söylənməsinə dair beş bənd: maliyyə, müharibə və sülh, ölkənin qorunması, ölkənin ərzaq ehtiyatı, qanunvericilik. – Natiq dövlət quruluşu qaydalarını bilməlidir.
Beləliklə, hər şeydən əvvəl müəyyən etmək lazımdır ki, insan hansı qəbildən olan fayda və ziyan barəsində məşvərət edir, belə ki, məşvərəti bütün fayda, nemət və ziyanlar haqqında deyil, ancaq həm mümkün ola bilən və həm də mümkün ola bilməyənlər haqqında etmək olar. Hökmən mövcud olan və ya olacaq və ya olmayacaq və ya ola bilməyəcək şeylər haqqında isə heç bir məşvərət ola bilməz. Amma, ola biləcək şeylərin hamısı haqqında da məşvərət etmirlər, çünki, ola biləcək və bilməyəcək nemətlər arasında elələri də var ki, onlar şeylərin təbii axarında və ya təsadüfi olaraq meydana çıxırlar və onların haqqında məşvərət etməyin heç bir xeyri yoxdur. Aydındır ki, ancaq elə hadisələr haqqında məşvərət etmək olar ki, onlar təbiətlərinə görə bizdən asılıdır və onların yaranma mənbəyi bizim özümüzdədir. Axı biz o vaxta qədər məlum şeyləri tədqiq edirik ki, onları düzəltməyimizin mümkünlüyünü və qeyri-mümkünlüyünü müəyyən edək.
Burada biz insanların adətən əlaqədə olduğu məsələləri bir-bir, müfəssəl şəkildə nəzərdən keçirərək növlərə bölməyi qarşımıza məqsəd qoymalıyıq, lakin, onlara həqiqətə uyğun tərifi mümkün qədər verməməliyik, çünki, bu ritorikanın sahəsinə aid olmayıb, başqa, daha dərin və həqiqi elmin sahəsinə aiddir, həm də, indi ritorikaya ona xas olandan daha çox məsələ aid edilib.
Bizim, əvvəl də qeyd etdiyimiz kimi ritorikanın analitik elm ilə əxlaqa dair siyasət elmindən ibarət olması və onun bəzi münasibətdə dialektikaya, digərində isə sofist mühakimələrinə oxşarlığı düzgündür.26 Əgər biz dialektika və ritorikanı qabiliyyət kimi deyil, elm kimi nəzərdən keçirmək istəsək, onda özümüz də hiss etməkdən onların təbiətini məhv edərik, belə ki, onlara belə münasibət bəsləməklə biz elə elmlərin sahəsinə keçməli olacağıq ki, onların sahəsinə təkcə mühakimələr deyil, həm də məlum predmetlər də daxildir.
İndi isə elə məsələlərdən danışaq ki, onları kateqoriyalara bölmək faydalıdır və onların siyasət elmi üçün əhəmiyyəti vardır. Haqqında insanların məşvərət etdiyi və natiqlərin fikir söylədiyi şeyləri əsasən beş bəndə ayırmaq olar: maliyyə, müharibə və sülh, ölkənin müdafiəsi, ərzağın idxalı və ixracı və qanunvericilik.
Maliyyəyə dair məsləhət vermək istəyən şəxs bütün dövlət gəlirlərinin bütün mənbələrini, onların necə və nə qədər olduqlarını bilməlidirlər ki, onlardan hər hansı biri yaddan çıxsa, onu gəlirə əlavə etsin və başqa birisi lazım olduğundan az olanda onu artırsın; bundan başqa bütün xərcləri mütləq bilmək lazımdır ki, məxaricin bir bəndi faydasız çıxarsa onu ləğv etsin, hər hansı başqa birisi isə lazım olduğundan çox böyükdürsə, onu azaltsın, belə ki, insanlar ancaq əllərində olanlara əlavə etməklə varlanmırlar, bunu həm də xərcləri azaltmaq yolu ilə əldə etmək olar.
Bütün bu məlumatları təkcə bir işin təcrübəsindən əldə etmək olmaz: buna dair məsləhətlər vermək üçün mütləq bu sahədə başqalarının qazandıqları təcrübələri də bilmək lazımdır.
Müharibə və sülhə gəldikdə isə burada dövlətin gücünü bilmək vacibdir. İndiki zamanda onun gücünün böyüklüyü nə qədərdir və əvvəl nə qədər olub, dövlətin gücü indi nədədir və onu hansı cəhətdən daha da artırmaq lazımdır. Bundan başqa, bilmək vacibdir ki, dövlət hansı müharibələri aparıb və necə aparıb – bütün bunları təkcə öz dövlətinə qarşı münasibətdə deyil, həm də qonşu dövlətlərə qarşı münasibətdə də öyrənmək lazımdır. Həmçinin bilmək lazımdır ki, hansı qonşularla müharibə etmək ehtimalı var. Bu ona görə lazımdır ki, daha güclü olanlarla sülh qorunub saxlansın, zəiflərə gəldikdə isə, elə eləmək lazımdır ki, müharibənin başlanması həmişə bizdən asılı olsun.
Düşmənlərin hərbi qüvvələrini bilmək də vacibdir, onların qüvvələrinin bizim qüvvələrə uyğun gəlib-gəlmədiyini bilməliyik, çünki, bu yolla biz həm faydalana billəcəyik, həm də ziyan vura biləcəyik. Elə bunun üçün də təkcə bizim deyil, yadların da apardığı müharibələri nəzərdən keçirmək vacibdir, çünki eyni səbəblərdən eyni nəticələr alınır.
Ölkənin qorunmasına gəldikdə isə bu qorunma üsulları ilə tanış olmaq vacibdir; keşikçilərin sayını, keşikçi məntəqələrinin növünü və yerlərini bilmək də vacibdir; amma, bu məlumatları ölkə ilə yaxşı tanış olmadan əldə etmək olmaz; bütün bunlar ona görə lazımdır ki, vacib məntəqələrin mükəmməl qorunması üçün zəif qorunan yerlər müəyyən olunub gücləndirilsin, lazım olmayan yerdə olan keşikçi məntəqələri isə ləğv edilsin.
Ölkənin ərzaq məsələsi sahəsində onu bilmək vacibdir ki, ölkənin istehlakı üçün nə qədər ərzaq lazımdır və ölkədə istehsal olunan, eləcə də idxal olunan ərzaqlar necədir, həmçinin ölkənin hansı dövlətlərdən ərzaq idxal etməyə və hansılarına ixrac etməyə ehtiyacı var – bu həmin ölkələrlə müqavilələr və ticarət sazişləri bağlamaq üçün vacibdir, beləliklə, vətəndaşları iki kateqoriyadan olan dövlətlərlə toqquşmaqdan çəkindirmək lazımdır: bizdən qüdrətli olanlarla və yuxarıda göstərilmişlərə uyğun olaraq ölkəyə faydalı ola biləcək dövlətlərlə.
Əgər dövlətin təhlükəsizliyinin saxlanması üçün bütün bu məsələlərlə tanış olmaq vacibdirsə, qanunvericiliyi bilmək heç də bundan az vacib deyil, çünki, dövlətin rifahı qanunlardan asılıdır.
Beləliklə, neçə növ dövlət qurumunun olmasını və onların hər biri üçün nəyin faydalı olduğunu, həmçinin dövlət quruluşunun sözügedən formasının öz təbiətindən irəli gələn, eləcə də onun təbiətinə zidd olan hansı səbəblərin bu formanın məhvinə səbəb olacağını bilmək vacibdir. Mən məlum idarə formasının öz içində olan xüsusiyyətləri üzündən məhvi haqqında danışıram, ona görə ki, ən yaxşı idarə formasını çıxmaq şərti ilə yerdə qalanların hamısı həm həddindən çox zəiflikdən, həm də həddən artıq gərginlikdən məhv olublar, məsələn, demokratiya təkcə zəifləyərək ən sonda oliqarxiyaya27 keçdiyi zaman deyil, həm də həddindən artıq gərginlikdən də məhv ola bilər – necə ki, qarmaqvari və yastı burun təkcə bu xüsusiyyətlərinin bir qədər yumşalması nəticəsində ortabab formaya düşür, eləcə də qarmaqvariliyin və yastılığın həddən çox artması nəticəsində elə forma alınır ki, o, heç buruna oxşamır.
Qanunvericiliyə münasibətdə hansı idarə formasının faydalı olduğunu bilmək üçün təkcə keçmişi müşahidə etməklə qane olmaq olmaz, bunun üçün başqa dövlətlərin idarə formalarını da bilmək lazımdır, bilmək lazımdır ki, hansı adamlar üçün necə idarə forması yaranır. Bundan aydın olur ki, qanunvericilik üçün dünyanın təsviri faydalıdır, çünki bundan başqa xalqların qanunları ilə tanış olmaq üçün istifadə etmək olar; dövlət işlərinin məşvərəti üçün isə tarixçilərin əsərləri faydalıdır. Amma, bunların hamısı ritorika deyil, siyasətin sahəsinə aiddir.
Dövlət işlərində məsləhət vermək istəyənlərin bilməli olduqları əsas bəndlər bunlardır. İndisə isə biz yuxarıda adı çəkilən, eləcə də bütün başqa məsələlərdə nə məsləhət vermək, harada isə nədən çəkindirmək üçün lazım olan müddəaları şərh edəcəyik.
5. Xoşbəxtlik (eudaimonia) insan fəaliyyətinin məqsədi kimi. – Xoşbəxtliyin dörd tərifi. – Xoşbəxtliyin tərkib hissələri. – Daxili və nemətlər. – Alicənab mənşə; yaxşı və çoxsaylı övladlar (eytechnia və polytechnia); var-dövlət, yaxşı ad-san, hörmət və ehtiram, fiziki məziyyətlər, çoxlu dosta sahib olmaq (polypilia) və yaxşı adamlarla dostluq (chnẽstopilia) etmək anlayışlarının analizi. – “Dost” anlayışının tərifi. – Xoşbəxt tale (eytychia) və təsadüfi nemətlər.
Hər bir insanın ayrılıqda və bütün insanların hamısının məlum bir məqsədinin olduğunu demək olar. İnsanlar ona çatmaq üçün bəzi şeyləri seçir, digərlərindən isə yan keçirlər; bu məqsəd qısa sözlə desək, xoşbəxtlik (eudaimonia) və onun tərkib hissələridir. Beləliklə, xoşbəxtliyin nə olduğunu və onun hissələrinin nədən ibarət olduğunu araşdıraq, çünki, bütün inandırılaraq yola gətirmələrin və yoldan çəkindirmələrin xoşbəxtliyə dəxli vardır. Xoşbəxtliyə aparan şeyləri və ona əks olanı, xoşbəxtliyi və ya onun hər hansı bir hissəsini yaradan, ya da daha da artıran şeylərin hamısını etmək lazımdır, amma xoşbəxtliyi məhv edən, ona mane olan və ya yad olan şeyləri yaradan hərəkətləri eləmək lazım deyil.
Xoşbəxtliyi məziyyətlər ilə birləşmiş firavanlıq və ya öz həyatından razılıq və ya təhlükəsiz xoş güzəran və ya həddindən çox əmlak və qula sahib olmaq və onları qorumaq, istifadə etmək imkanına malik olmaq imkanı kimi müəyyən edək.28 Demək olar ki, bütün insanlar bunların birini və ya bir neçəsini xoşbəxtlik kimi qəbul etməyə razı olarlar.
Əgər, xoşbəxtlik həqiqətən buna bənzər bir şeydirsə, onun tərkib hissələrinə hökmən aşağıdakılar daxil olmalıdır: alicənab mənşə, çoxlu dost, yaxşı adamlarla dostluq, var-dövlət, yaxşı və çoxsaylı nəsil, xoşbəxt qocalıq. Bundan başqa, sağlamlıq, gözəllik, qüvvə, boy-buxun, yarışlarda zirəklik kimi fiziki üstünlüklər, eləcə də, şöhrət, hörmət, müvəffəqiyyət kimi məziyyətlər. Ona görə ki, insan ancaq həm özündə, həm də ondan kənarda olan nemətlərə sahib olan zaman (bunlardan başqa isə nemət yoxdur) daha xoşbəxt olur. İnsanın özündə mənəvi və cismani nemətlər, ondan kənarda isə mənşə alicənablığı, dostlar, var-dövlət və hörmət kimi nemətlər var. Bizim fikrimizcə, buna qüdrət və müvəffəqiyyət də əlavə olunmalıdır, çünki, bu halda həyat daha çox təhlükəsiz olur.
Beləliklə, xoşbəxtliyin adı çəkilən hissələrinin hər birinin ayrılıqda nə olduğunu araşdıraq.
Hər hansı bir xalq üçün və ya dövlət üçün alicənab mənşədən olmaq avtoxton və ya sözügedən ölkənin qədim sakini olmaq, şan-şöhrətli xalq rəhbərlərinin nəslindən olmaq və öz nəslində rəqabətli işlərdə şöhrət qazanmış çoxlu igid ərlər yetişdirməkdir. Ayrıca bir adam üçün mənşənin nəcibliyi həm ata, həm də ana xətti ilə gəlir, həm də hər iki valideynin vətəndaş bərabərliyi ilə şərtləndirilir. Həm bütövlükdə dövlət üçün, həm də ayrıca adam üçün alicənab mənşədən olmaq hünər, var-dövlət və ya hörmətə layiq başqa şeylərlə şöhrətlənmiş kişilərin nəslindən olmaq və nəsildə çoxsaylı şbhrətli kişi, qadın, gənc və qocanın olması deməkdir.29
Yaxşı və çoxsaylı övlad anlayışı aydındır: dövlət üçün yaxşı övladlara malik olmaq qüvvə, boy-buxun, gözəllik, yarışlarda zirəklik kimi yaxşı fiziki keyfiyyətləri olan çoxlu və yaxşı cavanlara malik olmaq deməkdir, əxlaqi keyfiyyətlərə gəldikdə isə gənc adamın məziyyəti sadəlik və mərdlikdir.
Ayrıca bir adam üçün çoxsaylı və yaxşı övladlara sahib olmaq yuxarıda göstərilən keyfiyyətlərə malik həm kişi, həm də qadın cinsindən olan uşaqlara malik olmaq deməkdir.
Qadının fiziki məziyyəti gözəllik və boy-buxun, əxlaqi məziyyəti isə təvazökarlıq və alçaqlıq bilməyən zəhmətkeşlikdir (aneleytheria). Hər bir insan və bütün dövlət çalışmalıdır ki, həm qadınlarda, həm də kişilərdə yuxarıda göstərilən keyfiyyətlər olsun, çünki, qadınları lakedemoniyalı qadınlar kimi əxlaqsız olan dövlətlərdə əmin-amanlıq və firavanlıq təqribən iki dəfə azdır.30
Var-dövlətin tərkib hissələrinə sikkələrin çoxluğu, torpağa və daşınmaz əmlaka sahiblik, eləcə də çoxlu sürüərin və qamətli, gözəl qulların olması da daxildir; bütün bu mülkiyyət obyektləri danılmaz, azad insanın ləyaqətinə uyğun və faydalı olmalıdır. Mülkiyyətin faydalı obyektləri deyəndə elələrini nəzərdə tuturuq ki, onlar azad insanın ləyaqətinə uyğun məhsul gətirsinlər və zövq versinlər. Mən elə mülkiyyət predmetlərini məhsul gətirən adlandırıram ki, onlardan gəlir əldə olunsun, zövq verən mülkiyyətdən heç nə əldə olunmur, onlar ancaq istifadə olunur.
Mülkiyyətin danılmazlığı əlamətinə gəldikdə isə bu mülkiyyətin elə yerdə və elə şərtlərlə olmasıdır ki, mülkiyyət obyektindən istifadə üsulu sahibin özündən asılı olsun, mülkiyyətə sahib olub-olmamağın əlaməti isə mülkiyyət predmetinin əldən alınmaq imkanının olmasıdır; əldən alınmaq imkanı dedikdə isə onu satışa verilməsini nəzərdə tuturam. Ümumiyyətlə, var-dövlətin mahiyyəti ona sahib olmaqdansa, onun istifadə edilməsindədir; axı, mülkiyyət predmetləri üzərində əməliyyatlar və onlardan istifadə etmək elə var-dövlət deməkdir.
Yaxşı ad-sanı olmaq bütün insanlar arasında sanballı adam kimi sayılmaq və ya elə bir şeyə malik olmaq deməkdir ki, o, hamının və ya əksər insanların və ya yaxşı, ağıllı adamların can atdığı bir şey olsun. Hörmət xeyirxah, hami adamın ad-sanının əlamətidir; əsasən xeyirxahlıq etmiş insanların hörmət görməsi ədalətlidir, amma, həm də xeyirxahlığın baş verməsinə və olmasına imkan verənlər və ya əldə edilməsi sözügedən yerdə və vaxtda çətin olan bir sərvət və ya nemətə aidiyyatı olanlar da hörmət görürlər. Çoxları üzdən bir o qədər də əhəmiyyətli olmayan işlərə görə hörmət qazanırlar ki, bunun səbəbi görülən xidmətin yeri və vaxtıdır.
Hörmət və ehtiram özünü qurbanların kəsilməsində, nəsr və nəzmdə şöhrətləndirilmədə, fəxri hədiyyələrdə, müqəddəs torpaqdan verilən payda, fəxri yerlərdə dəfn mərasimlərində, heykəllərdə və dövlət hesabına təminatda göstərir; barbarlarda isə üz üstə yıxılıb təzim etmək, yer göstərmək, həmin xalqlarda şərəfli hesab olunan hədiyyələrin verilməsi hörmət və ehtiram əlaməti hesab olunur. Hədiyyə həm məlum əmlakın verilməsi, həm də hörmət əlaməti hesab olunur; məhz buna görə də hədiyyələri həm mənfəətgüdən, həm də şöhrətpərəst adamlar əldə etmək istəyirlər; hədiyyə həm bu, həm də digər adamlara lazım xüsusiyyətə malikdir: hədiyyə mənfəət güdən adamların can atdığı müəyyən dəyərə malikdir, həm də, şöhrətpərəst adamların can atdığı hörmət və ehtiram ilə bağlıdır.
Sağlamlıq fiziki məziyyət olub, insanın öz bədənindən ağrısız istifadə etməsi deməkdir, çünki, bir çoxları, məsələn, rəvayətlərdəki Herodik31 kimi elə sağlamlığa malikdirlər ki, heç kəs onlara qibtə edə bilməz, belə ki, onlar insan üçün mümkün olan hər şeydən və ya çox şeydən imtina etməli olurlar.
Gözəlliyə gəldikdə isə, o, hər bir yaş üçün müxtəlifdir. Gəncliyin gözəlliyi ağır zəhmətlərə qatlaşa biləcək bir bədənə malik olmaqdan ibarətdir, bu özünü qaçışda və ya qüvvədə göstərə bilər. Gözəllik həm də zövq verən xarici görünüşə malik olmaqdır; məhz buna görə də pentatl32 ilə məşğul olan atletlər daha çox gözəlliyə malikdirlər, belə ki, onlar öz təbiətlərinə görə həm güləşməyə, həm də sürətli qaçışa qabildirlər.
Yetkinlik yaşının gözəlliyi hərb sənətinin ağırlığına dözən, xoş və həm də sanballı görkəmə malik olmaqdır.
Qocanın gözəlliyi zəruri işləri görmək üçün kifayət olan qüvvəyə qadir olmaqda və qocalığı biabır edən heç bir şeyin olmaması nəticəsində qayğısız ömür sürməkdədir.
Qüvvə, başqasını – insanı və ya predmeti, öz istəyinə uyğun hərəkət etdirməkdir, bunu isə onu sürüyərək və ya itələyərək, ya qaldıraraq, ya sıxışdıraraq, ya da sıxaraq etmək olar, belə ki, güclü adam bütün hərəkətlərdə və ya onların bəzilərində güclü olmalıdır.
Qamətli insanlar çoxlarından boyda hündür olaraq, möhkəm və enlikürəkdirlər, amma, bu keyfiyyətlərin çoxluğu heç də onun hərəkətlərini ləngitmir.
Yarışlar üçün lazım olan atletik hünər boy, qüvvə və cəldlikdən ibarət olan keyfiyyətlərdən yaranır, axı sürətlə qaçan insan həm də güclü insandır, məlum qaydada ayaqlarını sürətlə hərəkət elətdirə bilən və uzaq məsmafədə bunu davam etdirən adam qaçışa qabildir; öz rəqibini sıxıb saxlaya bilən isə güləşməyə qabildir; zərbə vurmağı bacaran adam yumruq döyüşünü də bacarar, həm bunu, həm də onu edə bilən insanlar isə pankratiyaya33 qabildir; bütün göstərdiyimiz bədən hərəkətlərinə qabil olan insana gəldikdə isə, o, pentatla da qabildir.
Yaxşı qocalıq – gec gələn və dərdsiz-qəmsiz olan qocalıqdır. Nə tez qocalan, nə də gec qocalsa da qocalığı əzab-əziyyətlə müşayiət olunan insanların qocalığı xoşbəxt deyil. Yaxşı qocalıq həm insanın yaxşı fiziki keyfiyyətlərinin, həm də yaxşı taleyinin nəticəsidir, çünki sağlam və güclü olmayan insan əzablardan məhrum olmayacaq, eynilə, pis tale nəticəsində insanın həyatı xoş və uzunömürlü ola bilməz. Qüvvə və sağlamlıqdan başqa, elə şərtlər də mövcuddur ki, onlar insanın ömrünü uzadır; çoxları yaxşı fiziki keyfiyyətlərə malik olmasalar da, uzunömürlüdürlər. Bu barədə burada danışmağa heç bir ehtiyac yoxdur.
Polyphilia – “çoxlu dostlara malik olmaq” və chrẽstophilia – “yaxşı adamlarla dostluq” anlayışları aydındır, çünki, dostun tərifi belə verilib: dost – bu elə adamdır ki, o, başqa adam üçün xeyirli hesab etdiyi şeyi edir və bunu həmin adamın xatirinə görə edir. Polyphilos – məhz çoxlu dostu olan insandır, chrẽstophilos isə dostları həm də yaxşı adam olan insandır.
Uğur (eytychia) isə təsadüfi hallarda ələ düşən nemətlərin ya hamısına, ya da böyük bir hissəsinə, ya da ən əsaslarına sahib olmaqdır. İnsanın məharəti sayəsində əldə edə biləcəyi bəzi nemətlərin əldə edilməsinə təsadüf34 səbəb olur, amma bəzi nemətləri təsadüf nəticəsində əldə etmək qeyri-mümkündür, təbiətin bizə bəxş etdiyi nemətlər buna misaldır. Təsadüf nəticəsində əldə edilən bəzi nemətlər təbiətdən asılı olmayaraq mövcud ola bilərlər; məsələn, sağlamlığın mənbəyi sənət ola bilər, amma gözəlliyin və qamətin mənbəyi ancaq təbiətdir. Ümumiyyətlə desək, bunlar həsəd yaradan təsadüfi mənşəli nemətlərdir. Təsadüf bəzən heç bir hesabla nəzərə alınmayan nemətlərə də səbəb ola bilər, məsələn, bütün qardaşlar kifir və ancaq biri gözəldirsə və ya heç kimin nəzərinə çarpmayan xəzinəni birisi tapırsa və ya ox birinin yanında duran adama dəyirsə, ona isə heç bir zərər yetirmirsə və ya hər hansı bir yerə daim gedən insan ora getmirsə, ora ilk dəfə gedən başqaları isə həlak olursa; bütün buna bənzər hadisələr uğurun nəticəsi sayılır.
Məziyyətlər haqqında təlimin təriflər haqqında təlim ilə ən çox əlaqəsi olduğuna görə, biz, məziyyətlər haqqında məsələni tərif haqqında danışanda araşdıracağıq.
Dostları ilə paylaş: |