AŞiq talib kюnlцm Vяtяn arzular



Yüklə 410,26 Kb.
səhifə2/3
tarix21.04.2017
ölçüsü410,26 Kb.
#15199
1   2   3

DEYİM MƏN
Eşidin sözümü, arif olanlar,

Bu dünya fanidi, fani, deyim mən.

Beş gün dəm eyləyən on gün qəm eylər,

Belə qürub kəramkanı, deyim mən.


Məğribdən Məşriqə tutan dünyanı,

Gündən xərac alan İsgəndər hanı?

Neçə danəndənin boşdu meydanı,

Neçə-neçə Süleymanı deyim mən.


Mən Talıbam, hərzə-hədyan bilmənəm,

Dərd əlindən dəqiqəsi il mənəm.

Ölənədək ağlayaram, gülmənəm,

Görməyincə ol İmanı, deyim mən.



DOLAŞMIŞAM
Dağlar qeyzə gəldi, bağlandı yollar,

Aldı gədikləri qar, dolaşmışam.

Namə yazdım, gəlib çatmadı, dostlar,

İşim olub ahu-zar, dolaşmışam.


Müxənnətə bel bağlama dünyada,

Axır bir gün səni verəcək bada.

Şahlar şahı, özün yetiş imdada,

Bir sana ümidim var, dolaşmışam.


Talıbam, yanıram ataşda, narda,

Tükənməz bəlada, olmaz azarda.

On gündü yatıram mən Çərəkdarda,

Dünya mana olub tar, dolaşmışam.



DOSTLARI

Dolandı zamana, yetişdi vədə,

Axtardım, yoxladım yarı dostları.

Üzülməsin nanı, sürsün dövranı,

Saxla pənahında, Tarı, dostları!
Küsmə taleyindən, incimə baxtdan,

Qədər belə yazıb, əmr olub haqdan.

Bəlkə də yüz dəfə keçib sınaqdan,

Olarmış adamın varı-dostları.


Əzəldən bir ruzi qismətdi bizə,

Keçənlər keçibdi, vurmuram üzə.

Yenə düz çıxmadı verdiyi sözə,

Əkmədi Talıba darı dostları.



GEDƏR
Adam var, kəlməsi ləl qiymətlidi,

Adam var, söyləyər, söyləyər gedər.

Adam var, nütfəsi, kökü haramdı,

Adam var ki, tər gəlibdi, tər gedər.


Adam var, oxunar dərhal baxışı,

Adam var, seçilməz bahardan qışı.

Adam var, hiylədən açılmaz başı,

Adam var ki, ər gəlibdi, ər gedər.


Adam var, bilərsən bir insan yaşar,

Adam var, qəlbində yüz şeytan yaşar.

Adam var, Talıba mehriban yaşar,

Adam var ki, şər gəlibdi, şər gedər.



GƏLMİŞƏM
Göyçə mahalından düşmüşəm yola,

Sizin elə, bu obaya gəlmişəm.

Çağırmışam haqqın minbir adını,

Bel bağlayıb bir Xudaya, gəlmişəm.


Nə əməl çıxartsan, hər əməlim var,

Qovğa günü köməyim var, elim var,

Dar ayaqda dada yetən Əlim2 var,

Sığınmışam o Mövlaya, gəlmişəm.


Talıb, bu meydanda ağlın çaşmasın,

Huş başından gedib, dil dolaşmasın.

Ana utanmasın, oğul qaçmasın,

El yığılsın tamaşaya, gəlmişəm.



GÖRMÜRƏM
Kəpəz, Murov, Muşov, Murğuz, Sarı nər,

Nə müddətdi o dağları görmürəm.

Daşgələn, Qaraxaç, Yalyurd baxarı,

Ağır elli yaylaqları görmürəm.


Gədikləri, bələnləri aşardım,

Cığırları dolaşdıqca çaşardım.

Görüşüb, öpüşüb, qucaqlaşardım,

Həsrətiyəm, o dostları görmürəm.


Bir zaman ellərdə gəzdim sərəfraz,

Dilimdə nəğmələr, sinəm üsdə saz.

Hərlənərdi dörd yanımda quba qaz,

Yaşılbaşlı sonaları görmürəm.


Çağırram, haraya yetişmir qardaş,

Bu dərdə dözürəm, mənəm bağrı daş.

Ürəkdən yanıram, görünmür ataş,

Keyvir sulu bulaqları görmürəm.


Talıbam, gəzirəm dəstimdə çəlik,

Can ağrısı fələk verib üstəlik.

Öz-özümü girləyirəm hələlik,

Gözüm kəsmir, uzaqları görmürəm.


GÖZƏL
Bu gün səfərimdə üç gözəl gördüm,

Yaranıbdı biri-birindən gözəl.

Biri Züleyxadan, biri Xumardan,

Birisi Leylidən, Şirindən gözəl.


Birinin qaşları qurulu yaydı,

Birisi Günəşdi, birisi Aydı.

Hər üçü qüdrətin verdiyi paydı,

Yaradan xəlq edib yerindən gözəl.


Birisi Talıbın dərdini bildi,

Biri xam xəyala qımışdı, güldü.

Hər üçü qönçəli bir qızılgüldü,

Gəlibdi bağçanın tərindən gözəl.



GÖZLƏYİR
Hər yana gedəndə gedirlər qoşa,

Qonaq evdə uşaqları gözləyir.

Samovarı keçir, çayniki daşır,

Addıyıbdı gecə yarı, gözləyir.


Görüm baş qatanın qarışsın başı,

Qırılsın əzizi, qohum-qardaşı.

Bir gün qurumasın gözünün yaşı,

Gətirsin irəngi sarı, gözləyir.


Dolanlar boşalır, boşalan dolur,

Haqsızlıq Talıba yaman dərd olur.

Mərd kişidən törəyənlər mərd olur,

Namusu, qeyrəti, arı gözləyir.



GÜLƏ-GÜLƏ
Yenə könül mindi eşqin atını,

Göründü gözümə yar gülə-gülə.

Düzübdü buxağa nərgiz, bənövşə,

Tutubdu dəstində nar gülə-gülə.


Camalını gördüm, ay təzələndi,

Çeşmələr duruldu, çay təzələndi.

Zimistan addadı, yay təzələndi,

Gətirdi bağçalar bar gülə-gülə.


Talıbam, yolunda keçmişəm candan,

O mana artıqdı sultandan, xandan.

Mənim meylim dönməz belə canandan,

Nə qədər ki, ömrüm var gülə-gülə.



GÜLƏNDAM
A bimürvət, həsrətini çəkməkdən,

Əridi ürəyimin yağı, Güləndam!

Gecə-gündüz göz yaşımı tökməkdən,

Qalmadı qarası, ağı, Güləndam!


Yayıbsan gərdənə siyah telləri,

Xəstəyə dərmandı buxağın təri.

Günəş camalına mənəm müştəri,

Budu sözlərimin sağı, Güləndam!


Talıbın dərdini yetirdin yüzə,

Baxışın az qalır canımı üzə.

Sən mana həmdəm ol, gəl gedək bizə,

Çəkmə sinəm üstə dağı, Güləndam!



GÜLNÜZAR
Bulağın başında gördüm üzünü,

Baxdı güldü İreyhana Gülnüzar.

Soruşdum, demədi sözün düzünü,

Məni saldı çox gümana Gülnüzar.


Ağa qonaxlıdı, ağ otaqlıdı,

Qaymaq dodaqlıdı, gül yanaqlıdı,

Büllur buxaqlıdı, ay qabaqlıdı,

Bir günəşdi bu cahana Gülnüzar.


Talıbam, dərdimi söyləyirəm, bil,

Gülün dövrəsində dolanar bülbül.

Həsrətindən dərdim artır ilbəil,

İrəhm eylə mən cavana, Gülnüzar!



XALAM QIZI
Mən gedirəm, yada düşübdü ellər,

Alıb gədikləri qar, xalam qızı!

Aparıb anana nə verim xəbər,

O çəkməsin intizar, xalam qızı!


Açılmış bağçada gül yenə sənsən,

Tuti kimi şirindil yenə sənsən.

Gözəllər gözəli, bil, yenə sənsən,

Tək yaradıb kirdigar, xalam qızı!


Talıb deyər, bu dövranın gözəldi,

Əndamın gözəldi, canın gözəldi,

Qaşın, gözün, hər nişanın gözəldi,

Hələ çox tərifin var, xalam qızı!



XOŞ GƏLİB
Sazın-sözün sorağına üz tutub,

Bizim gələn qonaqlara, xoş gəlib!

Gül gülü çağırır, çiçək çiçəyi,

Könlümdəki nobahara xoş gəlib!


Yön çevirən bizik ulu dağlara,

Qoyunlu, quzulu göy yaylaqlara,

Dişləri göynədən buz bulaqlara,

Qüzeydə görünən qara xoş gəlib!


Talıbam, qonağa hörmətimiz var,

Hər zaman dostlarnan ülfətimiz var,

Açıq süfrə, şirin nemətimiz var,

Kim gəlirsə bu diyara, xoş gəlib!



KƏRƏM OĞLU
Kağız gətir, molla gəlsin, mən deyim,

Yazsın əhvalını, qan, Kərəm oğlu!

Çıxım mahallarda dastan eyləyim,

Söyləyim hər yerdə mən, Kərəm oğlu!


Qoydun samavarı, gətirdin nanı,

Sazı alıb, biz elədik dövranı.

Bağışladın toğlu, aldın qəlyanı,

Tanımadın məni sən, Kərəm oğlu!


Talıb deyər, yolla bizim qəlyanı,

Bizlərə sataşan alışar yanı.

Göndərməsən, pis yazaram dastanı,

Gəlməsin guşuna dan, Kərəm oğlu!



KOMBAYN
Baxdıqca insanın gəlir həvəsi,

Zəmilər üstündə uçur kombayn.

Əkir traktorlar, səpir selkalar,

Taxıl yetişəndə biçir kombayn.


Dırmaşar ağzını dirəsən dağa,

Gedir sola, sağa, dala, qabağa.

Qoymur bircə sünbül düşsün torpağa,

Küləşi su kimi içir kombayn.


Nə gözəl maşındı, çıxıb meydana,

Yazmaqnan tərifin sığmaz dastana.

Belimi bir yana, dəmi bir yana,

Ələyir, üfürür, seçir kombayn.


Talıb vəsfin söylər toyda, düyündə,

Kim ki, baş sındırıb bunun üstündə.

Gör neçə hektarı yıxır bir gündə,

Tarladan tarlaya keçir kombayn.


Ötən yüz illiyin 30-40-cı illərində yazılmış şeirdir.

QADAN ALIM
A bimürvət, vədə verdin, gəlmədin,

Düzüldü yollara köç, qadan alım.

İşarədən dərdi-dilim bilmədin,

Əgər ki, sərrafsan, seç, qadan alım.


Huş dağılıb, ağıl gedibdi sərdən,

Soruş əhvalımı görəndə hərdən.

Günahım olsa da salma nəzərdən,

Mənim təqsirimdən keç, qadan alım.


İnsafdımı, dost dostundan yan gedə,

Zülüm olar, cəsəd qala, can gedə.

Layiq deyil sana mal qurban gedə,

Talıb qurban verir baş, qadan alım.




QAFİL OLMA, DİLİM, UYMA DÜNYAYA
Qafil olma, dilim, uyma dünyaya,

Axır, dünya puç eyləyər insanı.

Əzrayıl canına lərzə salanda,

Axtaracaq gözün bu yan, o yanı.


Çalar çəngəlini, salar kəşakaş,

Anan, bacın ağlar, eyləyər talaş.

Dadına yetəmməz qohum, nə qardaş,

Günü-gündən yerin qaranlıqlanı.


Nəkreyin ki, gələr, eyləyər sual,

Cavab verəmməzsən, dilin olar lal.

“Rəbbin kumən”-deyim heç verməz məcal,

Yandırarlar oda yoldan azanı.


Hesabdarlar gələr, çəkər hesabı,

Günahkarlar ona eyləməz tabı.

Soruşarlar Sirat sual-cavabı,

Qurular məhşərdə haqqın divanı.


Rəbbim Allahımdı, onu yəqin bil,

Peyğəmbər Məhəmməd olubdu dəlil.

İmamım Əlidi, sahibi-Düldül,

Kafərdən müsəlman etdi Salmanı.


Aparıb qoyarlar bir dar məzara,

Səvab əhli olan heç yanmaz nara1.

Günahkar bəndəni çəkərlər dara,

Deyər, danışırdın şəri, böhtanı.


Biçarə Talıbın artıbdı ahı,

Barilahi bağışlasın günahı.

Ruzi-əl-məhşərdə odu pənahı.

Hər kim ki, çağırsa Şahi-Mərdanı.



QARDAŞ
Nə müddətdi bu sevdaya dalıbsan,

Söyləsən dərdini biləm mən, qardaş!

Qohumdan, qardaşdan, eldən olubsan!

Verin mətləbini yaradan, qardaş.


Şux camalı bədirlənib ay kimi,

Əlif qəddi əyilibdi yay kimi.

Gözlərindən yaş axıdır çay kimi,

Gözləyir yolunu hər zaman, qardaş!


Tutu bacın ataşına qalandı,

Qardaş dedi, sənin halına yandı.

Eşit sözlərimi, indi zamanda,

Qayıtginan sən bu sevdadan, qardaş!



QARINDA
Açıb söyləməsəm, yandırar məni,

Əzab verən bu əhvalı qarında.

Bildirmədim, dedim eldən ayıbdı,

Xeyli çəkdim qalmağalı qarında.


Öymüzdə var idi bir arvad kimi,

Tapşırdım varımı, mal-mülkümü.

Düzəltdi işimi, tutdu yükümü,

Almanı xurcunda, balı qarında.


Alma dayanmadı, özünü atdı,

Şeşpərini ona sarı uzatdı.

Elə vurdu ortasından partlatdı,

Yaman gördüm qilü-qalı qarında.


Talıb gördü, çölə çıxıb sinəsi,

Ağlayır, ölübdü sanki, kimsəsi.

Tapşırıb canını, gəlmir nəfəsi,

Görməmişdi belə halı qarında.



QAYITMIR
Baxtım küsüb, könül ala bilmirəm,

Meyli dönüb, bizə sarı qayıtmır.

Qəribəm, qürbətdə qala bilmirəm,

Boran kəsib bu yolları qayıtmır.


Əziz yaranmışam mən əzəl başdan,

Atadan, anadan, qohum-qardaşdan,

İmandan, Musadan, Nəcəf2 yoldaşdan

Tapammıram, biri barı qayıtmır.


Talıb dərd əlindən düşüb dağlara,

Qədər qurğusuna heç olmaz çara.

Göz verib hər yandan, qövr edib yara,

Alıb cəsədimi yarı, qayıtmır.



QƏRİB
Bir nanəcib mana bir söz atıbdı,

Yandırır canımı bil, inan, Qərib!

Şükür haqqa, gəlib vaxtı çatıbdı,

İndi acaçayıq biz meydan, Qərib!


Çəm olsun Qazağın söz qananları,

Ədalətdən baxsın hökmranları,

Qələm alsın ələ növcavanları,

Yazsınlar, qoy olsun bir dastan, Qərib!


Götürsün sazını Telli Məhəmməd,

Qohumlu, qardaşlı, elli Məhəmməd,

Fitnəli, fəsadlı, felli Məhəmməd,

Verməsin Talıba o imkan, Qərib!



QOYMADI
Şəmşir, keçirməyə yetmiş yaşını

Gəlmək istəyirdim , tufan qoymadı.

Gədiklər bağlandı, yollar kəsildi,

Qarlı dağ vermədi aman, qoymadı.


Gələndə məktubun, qəlbim oldu şad,

Pərvazlandı, uçam, olmadı qanad.

Bu xoş niyyətimi elədi bərbad,

Tutdu dərələri duman, qoymadı.


Bir mənzil gəlmişdim, baş verdi yağış,

Dalı qara döndü, yazım oldu qış.

Talıb bayramına göndərir alqış,

Yoxdu bundan qeyri güman, qoymadı.




Şeir Aşıq Şəmşirə həsr olunub.
MƏNİ
Gəzirəm hər yanı hörmətlə, düşün,

Bütün el tanıyır bir insan məni.

Etibarı düzgün, ilqarı düzgün,

Bəndə vurub burda bir cavan məni.


Yazıram naməni, baxın, inanın,

Oxuyun mənasın, məzmunun qanın.

Nə mən usanıram, nə siz usanın,

Cəng üçün çağırır bu meydan məni.


Talıb, yaz əmoğlu gəlsin haraya,

Qardaş oğlu salsın üstümə saya.

Xəbər ver qohuma, cəm əqrəbaya,

Hər yandan bürüyüb bu üsyan məni.



MEYDANI
Cəsarətin varsa, ortalığa çıx,

Uzaqdan göstərmə bizə meydanı.

Mərfətini bildir, barəkallah al,

Böyük hünərinlə bəzə meydanı.


Axtar hərifini, tap yoldaşını,

Qanmadığın yerə soxma başını.

Bağlar dilin, batıraram guşunu,

Verərəm üç telli saza meydanı.


Eşqin badəsini vaxtında içib,

Ayırıb yaxşını, yamandan seçib,

Talıb dönə-dönə sınaqdan keçib,

Hələ sən görürsən təzə meydanı.



NƏCƏF
Mənim əhvalımı, vəziyyətimi

Yazıram kağıza oxu, qan, Nəcəf!

Məzəmmət eləyib, tökmə ətimi,

Dostun zəhmətini çək, dayan, Nəcəf!


Bu soyuqluq hardan yarandı səndə?

Kim dedi, nə dedi biləydim mən də.

Niyə yan baxırsan məni görəndə,

Səninlə deyilik biz düşman, Nəcəf!


Mən çovdar deyiləm, mən sənətkaram,

Xainlə, xəbislə heç yoxdu aram.

Düşmanla düşmanam, dostluğa varam,

Mənəm mehribana, mehriban, Nəcəf!


Oldu Ələsgərin çust məsələsi,

Yayılıb, hər yanı götürüb səsi.

Zakaz verir dindirirsən hər kəsi,

Aşıqlar söyləyir bir dastan, Nəcəf!


Qəmxardı dünyaya gəldiyi gündən,

Talıbın dərdini soruş özündən.

Hər gədə-güdənin yalan sözünnən

İnciyərmi qardaş-qardaşdan, Nəcəf!?



NƏ GÖZƏL-GÖZƏL
Əlli səkkizinci il 8 Martda,

Qadınlar bayramı nə gözəl-gözəl.

Qadın-kişi bir hüquqa bərabər,

Biz almışıq kamı nə gözəl-gözəl.


Sosializm ölkəsidi ölkəmiz,

Geyirik al qumaş, gəzirik təmiz.

Lenin partiyasın alqışlarıq biz,

Qurduğu nizamı nə gözəl-gözəl.


Aşıq Talıb, tərif elə dastanda,

Mərd iyidlər mərd dayanıb meydanda.

Ali məktəb açılıbdı hər yanda,

Elm oxuyur hamı nə gözəl-gözəl.



OLAR
Ay nazənin, dərdi-dilim yazmışam,

Oxuyan könlümdən xəbərdar olar.

Üç ay zimistanda xoş keçməz hava,

Sonra gül-çiçəkli nobahar olar.


Bu gözəl cahanda gəzək sərəfraz,

Gözlərəm yolunu mən əlimdə saz.

Tərlan tavarıyam, şikarımdı qaz,

Sona kəklik, göydə durnalar olar.


Sən bir şux gözəlsən, Talıb yaxşı can,

Yazıram naməni, sözümə inan.

Söylərəm, vəsfini edərəm dastan,

Şöhrətin yayılar, eldə car olar.




OLMAZ, OLMAZ
Dost-dostun qəlbinə əgər inansa,

Seyrağub sözüynən yad olmaz, olmaz.

Sevgi sevgisindən kənar dolansa,

Üzü gülüb, könlü şad olmaz, olmaz.


Namərd ilə hərgiz olma aşına,

Qədir bilməz, yüz dolansan başına.

Dövlət tapıb, çatsa doxsan yaşına,

Şöhrətsiz bir kəsdə ad olmaz, olmaz.


Yazıq Talıb, işin ahü zardadı,

Dağılmışıq, hərə bir diyardadı.

Yetsin dada ustadların ustadı,

Kimsədən kimsəyə dad olmaz, olmaz.



SƏNİ

(Aşıq Şəmşirə həsr olunub)
Kəlbəcər elinin iftixarısan,

Təbiət yetirib bir nubar səni.

İncə sənətinin əməkdarısan,

Öz zəhmətin edib əməkdar səni.


Cəm olub kitabda dediyin sözlər,

Çoxunu aşıqlar eləyib əzbər.

Bakı, Ağdam, Şuşa, Göyçə, Kəlbəcər

Doğma oğul kimi qucaqlar səni.


Talıbın sirdaşı, əziz bəradər,

Sən idin dəryada qalan bir gövhər.

Qəvvas Səməd oldu, ustan Ələsgər,

Qurban xalqa verib yadigar səni.




SƏNİNLƏ
Şəmşir, körpəlikdən bir böyümüşük,

Seçmişik qaradan ağı səninlə.

Yubiley gününə körüşə gəlib

Körpə dostun qoca çağı səninlə.


Sən dağlar oğlusan, uca tut başın,

Yetmişə şərəflə çatıbdı yaşın.

Şöhrətinlə fəxr eləyir qardaşın,

Yerə dəymir əl-əyağı səninlə.


Talıbın diləyi yetişsin başa,

Qəzadan uzaq ol, firəvan yaşa!

İstərəm, yüzündə at minək qoşa!

Çıxaq seyrə neçə dağı səninlə.



SƏN NƏSƏN?
Arif məclisində, alim yanında,

Sənətimdə mən ustayam, sən nəsən?

Şəriəti, təriqəti seçənəm,

Həqiqətdə müəmmayam, sən nəsən?


Mərifətdən desən, min dəftərim var,

Növrəs İman kimi bəradərim var,

Elm içində ümman Ələsgərim var,

Tiğü-tirəm, kamandayam, sən nəsən?


Xalq içində hörmətim var, yerim var,

Saxlamışam, neçə gizli sirrim var.

Şahi-Mərdan qulu bir Şəmşirim var,

Min adama birim tayam, sən nəsən?


On iki bazarda qırx səkkiz qala,

Dörd guşədi, işlər sağınan sola.

Yetmiş iki millət hərə bir yola,

Talıb deyər, Mustafayam, sən nəsən?



SÜLEYMAN
Mənim dediyimi, nəsihətimi

Qoymagınan bir kənara, Süleyman!

Özgənin varına tikib gözünü

Yedirtməynən uşaqlara, Süleyman!


Sən saxlasan eli, el səni saxlar,

Büdrəyəndə tez yetirər, qucaxlar.

Yıxılanda sənə gülər axmaqlar,

Dediyimi axtar, ara, Süleyman!


Talıbın sözündən olgınan halı,

Kənar gəz haramdan, axtar halalı.

“Dünyada qalacaq dünyanın malı”,

Aldanma dövlətə, vara, Süleyman!




TAPMADI
Kalman çarıq bizim yerdə adətdi,

Dədən ölənədək çarıq tapmadı.

Fəhləlik elədi ev tikənlərə,

Özü girmək üçün yarıq tapmadı.


Tısbağa çıxanda bəyənməz qını,

Anla, nə deyirəm, başa düş bunu.

Sən kimi nadanı illər uzunu

Zamana axtardı, tarıx tapmadı.


Talıb söylədiyi dürdü, sədəfdi,

Qanmaza yararsız, qanana nəfdi.

Mindiyin himardı, qara mərkəbdi,

Dədən şoqqaq yabı, arıq tapmadı.




TAPMIRAM
Qəza kəməndində olubdu düçar,

Axtarıram bir cavanı, tapmıram.

Ürəyimdə sağalmayan yaram var,

Nə həkim var, nə dərmanı tapmıram.


Qara keçdi qışı, bəd gəldi yazı,

Necoldu söhbəti, necoldu sazı?

Hamıya xoş gələn sözü, avazı,

Qumru kimi xoş lisanı tapmıram.


Talıbam, dağılıb şövkətim, şanım,

İşləmir mətahım, yoxdu meydanım.

Ölüb Ələsgərim, itib İmanım,

Axtarıram hər bir yanı, tapmıram.




TƏRLANIN
Nəqafıl görəndə mən oldum xəstə,

Camalın oxşatdım aya Tərlanın.

Kirpiklər peykandı ala göz üsdə,

Qaşları bənzəyir yaya Tərlanın.


Bu cavanın hər nişanı gözəldi,

Libası, əndamı, canı gözəldi.

Tək yaradıb kərəmkanı, gözəldi,

Oxşarı var Züleyxaya Tərlanın.


Könül Yusif kimi çıxdı bazara,

Züleyxa dərdinə tapıldı çara.

Talıb səyyah oldu, düşdü dağlara,

Sevdası yetirdi baya Tərlanın.



URUSTAM

(Kəlbəcərin Qamışlı kənd sakini Rüstəmin “Görüşdük” şeirinə cavab)

Göndərdiyin namə gəldi yetişdi,

Səndən aldım bir nişana, Urustam!

Qəlbimi dağladı odlu sözlərin,

Məni qoydun yana-yana, Urustam!
Hər şeydən əzizdi dost məhəbbəti,

Ayrılmaz, könlümdən heç çıxmaz, qəti.

Ölüncə saxlaram olan hörməti,

And içirəm o sübhana, Urustam!


Talıb yol gözləyir, gəl, görüşək biz,

Yoxla, əhvalımı bil, görüşək biz,

Ağlasam, göz yaşım sil, görüşək biz,

Rəhmin gəlsin xəstə cana, Urustam!



RÜSTƏMIN ŞEİRİ BELƏDİR:
Bu gecə yatmışdım şirin yuxuda,

Gördüm ki, gəlmişik sizə, görüşdük.

Evdə saz çalırdın qəmli, kədərli,

Ağlayıb, dəm verdik gözə, görüşdük.


Çaşıbdı xəyalım, düşübdü sərdən,

Danışdıq İmandan, həm Ələsgərdən,

Murovdan, Murğuzdan, gah Sarınərdən,

Başladıq söhbətə, sözə, görüşdük.


Rüstəməm, ustaddan bir yadigarsan,

Nə qədər mən varam, qəlbimdə varsan.

Tərlan qocalanda deyirlər sarsan,

Dərd üstə dərd gəldi təzə, görüşdük.



VAR

(qıfılbənd)
Bu gün bir qalada bir quş görmüşəm,

Seyr eləyir, hər bir yana kəndi var.

Üç yüz altmış altı yolu hərlənir,

Dörd yüz qırx dörd yerdən, bil, kəməndi var.


O qaladan çıxıb iki mərdana,

Ğeyzə gəlsə, zərbə vurar insana.

O quş buyurmasa, getməz bir yana,

Otuz dörd yerindən bağü bəndi var.


Birisi o quşa dən verir aşkar,

O qaladan yeddi dərya olur car.

Üçün içmək olmaz, dördü zəhrimar,

Onu nuş etməyin özgə fəndi var.


Hərdən çıxar, seyr eyləyər cahanı,

Uçar balü pərsiz, gəzər hər yanı.

Aşıq Talıb deyər, bu müəmmanı

Hər kəs tapsa onun yaxşı zəndi var.



YANMA SƏN
Mərd yolunda fəda eylə canını,

Namərd üçün düşüb nara, yanma sən.

İtirmə dostluqda etibarını,

Olmagınan üzü qara, yanma sən.


Fələk yola salıb necə canları,

Yox eləyib adlı qəhrəmanları.

Binamus insanı, pis vicdanları

Düçar olsun Zülfüqara, yanma sən.


Bu fani dünyaya gələnlər çoxdur,

Qalıbdı nişanı, heç biri yoxdur.

Talıbın sözünün isbatı haqdır,

Üzünü tut mədədkara, yanma sən.



YAZIBDI
Qadir Mövla yaradanda insanı,

Bir cavanı bir cavana yazıbdı.

Kiminin bəxtini edib düzbədüz,

Kimisini qeyri yana yazıbdı.


Sidq ilə çağırram Şahi-Heydəri,

Qəlbimin nurudu, dilim əzbəri.

Görmüşəm yuxuda ol peyğəmbəri,

Çəkib məni imtahana, yazıbdı.


Hərəyə bir cürə dərd verib Tarı,

Eşq ucundan çoxu çəkir azarı.

Məcnun Leyli deyib gəzdi dağları,

Talıbı da biyabana yazıbdı.



YOL VER, DAĞLAR, KÖNLÜM VƏTƏN ARZULAR
Bir yanım dumandı, bir yanım qardı,

Yol ver, dağlar, könlüm vətən arzular.

Bir yanım gədikdi, bir yanım tardı,

Yol ver, dağlar, könlüm vətən arzular.


Dörd yanımı qara duman alıbdı,

Qarlı dağlar məni bəndə salıbdı,

Qohum-qardaş gözü yolda qalıbdı,

Yol ver, dağlar, könlüm vətən arzular.


Talıb qürbət eldə düşdü zindana,

Dağlar qeyzə gəlib, səyriyir qana.

Səni and verirəm Şahi-Mərdana,

Yol ver, dağlar, könlüm vətən arzular.





Tяcnиslяr



AY AĞASINA
Ağa nökərini yaxşı saxlasa,

Nökər can yandırar ay ağasına.

Ürəkdə təpər çox, dizdə taqət yox,

Az qalır qalxanda ayağa sına.


Ha çağırram, cavab vermir ayarım3,

Deyən məni gözdən salıb a yarım.

Saxlamışam namus, qeyrət, ay arım,

Salmaram heç yerdə ayağa, sına.


Bahar olcaq dağda bitər lala hey,

Qumru dillər qismət oldu lala hey.

Mail olub gözlərinə, Lala, hey,

Talıb daxil düşüb ay ağasına.




BİR OVUM İNDİ
Deyim, əziz dostlar, getdi sərasər,

Uçurdum əlimdən bir ovum indi.

Danış, nazlı dilbər, ağrıyırsa sər,

Yaxın gəl, dəstimnən bir ovum indi.


Müşrük elə alıb gəlmiş ya tatar,

Vaxt yetişə, neysan gələ, yata tar.

Xədəngini əldə saxla, ya tatar,

Səyyad naşı, dağda bir ovu mindi.


Aşıq Talıb el dərdini çəkəndə,

Görən varmı sənin kimi çəkən də?

Təbib xəstə üçün dərman çəkəndə,

Rad əsdi, qalmadı bir ovum indi.



NƏ YAZIM İNDİ
Nə hüşum düzgündü, nə fikrim cəmdi,

Bilmirəm, nə deyim, nə yazım indi?

Dahanım davatdı, dilim qələmdi,

Nə savadım yoxdu, nə yazım indi.


Yetimin sevgisi, ayə, yaxşıdı,

Zikr eylə dilində ayə, yaxşıdı,

Var Quranda əziz ayə yaxşıdı,

Əlif birdi, ayrı nə yazı mindi?


Yapılıb dağların qala sərində,

Sər odu, deyilən qala sərində.

Biçarə Talıbın qal əsərində,

Əzəldən yazılıb, nə nə yazım indi.



Yüklə 410,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin