Dünya azərbaycanlılarına
Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası
ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi
məsələsinə xüsusi diqqət yetirən ümummilli lider
Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul
etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin
hüquqlarının qorunmasına, diaspor quruculuğunun
geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər
həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin
nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız
fəaliyyət
göstərdikləri
ölkələrdə
Azərbaycan
həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi
və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı
münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini
verirlər.
Hazırda davam edən qlobal maliyyə-iqtisadi
böhrana baxmayaraq, hamımızın doğma vətəni
olan Azərbaycan Respublikasında 2015-ci ildə də
sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış,
müxtəlif sahələri əhatə edən dövlət proqramları və
infrastruktur layihələri ardıcıl icra edilmişdir. Ölkəmiz
Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan
nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata
keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli
qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin
qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində
nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi
Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq
aləmdəki rolunu daha da artıracaq, respublikamızın
gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi
yolunda yeni perspektivlər açacaqdır.
Bu il Azərbaycan böyük idman bayramına - Birinci
Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin
50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu
tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq
ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın
çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi
və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar
yaratmışdır.
Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-
siyasi münaqişələrin və iğtişaşların artmasına
baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-
siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad
mühiti daha da möhkəmlənmişdir. Noyabr ayında
demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti
parlament seçkiləri də cəmiyyətin nikbin əhval-
ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin
rəğbətinin parlaq təzahürü olmuşdur.
Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar
siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından
hələ də həllini tapmamış Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən
taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan
Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı
hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli
orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin
qarşısını almaq, regionda gərginliyi artırmamaq
məqsədilə münaqişənin beynəlxalq hüquq normaları
çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab
edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli,
işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda
ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə
diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr
düşür. Azərbaycanın suverenliyinin qorunması və
ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz
və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim
başlıca amalımız olmalıdır.
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü
münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə
xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il.
Dostları ilə paylaş: |