Ekoturizm səfəri necə
təşkil olunur?
S
on dövrdə ekoloji turizmin inkişafı bütün dünyada təbii sərvətlərin öyrənilməsinə maraq və
həvəsi daha da artırmışdır. Turizm həvəskarları təbiətin təkrar olunmaz gözəlliyini və zənginliyini
duymaq, təbiətin qoynunda istirahət etmək üçün uzaq məsafələrə səfər edərək toxunulmamış təbiət
guşələrini seyr etməyə can atırlar.
Meşələrə təşkil olunan turizm yürüşlərinə hazırlıq mərhələsində iştirakçıların təhlükəsizliyini
təmin etmək üçün bir sira qaydalara əməl etmək zəruridir. Xüsusi qorunan təbiət ərazilərində turizm
səyahəti üçün xüsusi meşə cığırları təyin olunur. Belə cığırla hərəkət edərkən turislər meşənin flora
və faunası, təbiət abidələri ilə yaxından tanış olurlar. Meşə cığırları insanların pərakəndə halda
meşəyə səpələnib, ekosistemə güclü neqativ təsir göstərməsinin qarşısını alır. Müəyyən marşrut üzrə
bələdçinin rəhbərliyi ilə hərəkət edən səyahətçilər meşə sakinlərinin dinc həyatına mane olmurlar.
Meşə səyahətçiləri əvvəlcədən marşrutun planını tərtib edib ərazinin xəritəsini əldə etməlidirlər.
Hər bir yürüş iştirakçısının kompası olmalıdır. Bundan əlavə səyahətçilər günəşə, ulduzlara və ya
təbii əlamətlərə əsasən istiqaməti düzgün təyin etməyi bacarmalıdır. Yürüşə başlamazdan əvvəl
istiqaməti kompas vasitəsilə təyin edib yadda saxlamaq lazımdır. Ətrafa baxıb əsas oriyentir
obyektlərinin: yol, çay, yaşayış məntəqəsi və s. yerini müəyyən etmək lazımdır.
Səyahətçilər meşə cığırı ilə bir-birindən ən azı 2 metr
məsafədə hərəkət etməlidirlər. Yol boyu tikanlı kol və ot
bitkilərindən qorunmaq lazımdır. İrəlidə gedən turistlər arxada
gələn yoldaşlarının təhlükəsizliyini nəzərə almalıdırlar. Çox
vaxt ehtiyatsızlıq nəticəsində səfərdə olanların qarşıya çıxan
budaqları kənara dartıb buraxması nəticəsində arxadan gələn
insanlara xəsarət yetirilə bilər.
Meşəyə səyahət zamanı marşrutu öncədən planlaşdırmaq
lazımdır. Bütün turistlər şəraitə uyğun geyimlə təmin olunmalıdır.
Batalıqlaşmış ərazidən və ya çaydan keçmək, şəlalənin axarı
ilə getmək lazım gəlirsə, ayaqqabıların möhkəm və davamlı
olmasına diqqət yetirmək lazımdır. Yaxşı olar ki, asanlıqla islanan və daşların üzərində sürüşə bilən
ayaqqabılardan istifadə olunmasın. Meşənin dərinliyində yaş paltarları və ayaqqabıları qurutmağa
imkan olmadığı nəzərə alınmalıdır.
43
Səfər çantası rahat və yüngül olmalıdır. Bütün lazım olan avadanlıq turistlər arasında düzgün
bölünməlidir. Bütün ləvazimat həm də düzgün qablaşdırılmalıdır. İqlim şəraiti nəzərə alınmalı,
isti havada tez xarab olan ərzaq məhsullarından istifadə olunmamalıdır. Buna görə də ət və süd
məhsullarını səfərə aparmaq məsləhət görülmür. Qida zəhərlənməsinin qarşısını almaq üçün ərzaq
məhsullarının keyfiyyətinə diqqət yetirilməlidir.
Ekoturizm səyahəti zamanı siz meşələrin qorunmasında yaxından iştirak edə bilərsiniz. Əhalinin,
o cümlədən meşə istifadəçiləri, ovçular, balıqçılar, məktəblilər, valideynlər arasında ekoloji təbliğat
və maarifləndirmə işləri aparmaq olar. Bu məqsədlə üzərində müxtəlif şüarlar və xəbərdarlıq işarələri
olan xüsusi lövhələr hazırlayıb marşrut boyu yerləşdirmək mümkündür. Belə lövhələrdə meşə
ehtiyatlarından davamlı istifadənin əhəmiyyəti, yanğın təhlükəsizliyi qaydalarına riayət, meşənin
canlılar aləminə qayğıkeş münasibət barədə müraciətlər meşə istifadəçilərinin diqqətini cəlb edir. Bu
qayda üzrə gənc turistlər həm meşənin dinc həyatının, həm də insanların təhlükəsizliyinin qayğısına
qala bilərlər. Məs; “Meşəyə atılan tullantılar bizim sağlamlığımızın itirilməsinə səbəb olur.”, “Meşə
yanğınlarının qarşısını alın!”, “Qarışqa yuvalarını dağıtmayın!”, “Meşənin nemətləri həm bizim, həm
də gələcək nəslimizindir!”, “Meşənin sakit həyatını pozmayın!” və s.
Məktəblilər müxtəlif müraciətnamələr və sorğu vərəqləri
hazırlayıb əhali arasında yaymaqla meşələrin davamlı
idarə olunmasına ictimaiyyətin diqqətini artıra bilərlər.
Eyni zamanda insanların təhlükəsizliyinin təmin olunması
qayğısına qalaraq meşədə təhlükəsiz davranış qaydalarını
təbliğ etməklə ətraf mühitə öz töhfələrini verə bilərlər.
Meşəyə səyahət zamanı müxtəlif təbii materiallar: ağac
və kol bitkilərinin meyvələrini, toxumları, qəribə formalı
budaqlar, ala-bəzək payız yarpaqları diqqəti cəlb edir.
Evə qayıdarkən bu gözəllikdən xatirə olaraq bir nümunəni
özümüzlə aparmaq istəyi ürəyinizdə baş qaldıra bilər.
Müəllimin tapşırığı ilə müxtəlif təbii materialları toplayıb
eksponatların hazırlanmasında istifadə edə bilərsiniz.
Güclü təxəyyülə malik uşaqlar adi quru budağa və ya
kötük parçasına ikinci həyat verərək maraqlı sənət
nümunəsinə çevirə bilər. Müxtəlif toxumlardan, qozalardan
və budaqlardan hazırlanmış səbətləri, mücrüləri, ağac fiqurları, pannoları, mozaikaları yaradıcılıq
sərgilərində nümayiş etdirmək olar. Xəzan yarpaqlarından hazırlanan tablolar, herbarilər, qurudulmuş
meyvə və toxumlar məktəbdə kiçik təbiət guşəsinin yaradılması üçün istifadə oluna bilər.
44
Tullantısız meşə -
sağlam həyat
M
eşəyə səyahət xüsusi diqqət tələb edir. Təbii maneələrdən başqa meşədə bizi insanlar
tərəfindən süni olaraq yaradılan təhlükələr də gözləyir. Meşənin qeyri-adi və füsunkar
aləmindən zövq alan insanlar bəzən buranı tərk edərkən özləri ilə gətirdikləri əşyaları və tullantıları
“unudurlar”. Şüşə qırıntıları, tikanlı məftillər, konserv qutuları və digər kəsici tullantılar həm meşənin
canlılar aləmi, həm də insanlar üçün təhlükəlidir. Digər tərəfdən belə tullantılar uşaqların da yara və
zədə almasına səbəb olur. Meşə cığırında “unudulmuş” məftillər səyahətçinin əl-ayağına dolaşıb
yıxa bilər. Bunları nəzərə alaraq meşədə ehtiyatla hərəkət edib yola diqqət yetirmək lazımdır.
İnsanın sağlamlığı kimi meşədə yaşayan hər bir canlının da sağlamlığı müəyyən şəraitdən asılıdır.
Bildiyiniz kimi, sağlam ətraf mühit - sağlam həyatın əsasıdır. İnsan öz sağlamlığının qoruduğu kimi
meşə sakinlərinin də sağlam həyatının qayğısına qalmalıdır. Meşəyə istirahətə və səyahətə gələnlər
tullantıların ətraf mühitə zərərini anlamalı və meşəni bu zərərli təsirlərdən qorumalıdırlar.
İl ərzində meşəyə səyahət edənlərin sayının
çoxluğunu nəzərə alsaq, məişət tullantılarının
acınacaqlı fəsadlarını təsəvvür etmək olar.
Ekosistem üçün yad olan müxtəlif mənşəli
tullantıların ətraf mühitə zərərli təsiri hamıya
məlumdur. Plastik qablar, polietilen məmulatlar
bitki və heyvanat aləmi üçün böyük təhlükə yaradır.
Meşədə atılıb qalan plastik qablar və polietilen
paketlər 100 illər ərzində çürümür, onların
tərkibindəki zəhərli kimyəvi maddələr torpağı,
suyu, havanı çirkləndirərək meşə ekosisteminin
sabit fəaliyətinə mane olur. Məişət tullantıları
bəzən heyvanların zəhərlənməsinə və məhvinə
gətirib çıxarır. Konserv qutularının iti kənarı, şüşə
qırıntıları heyvanların pəncələrini kəsib yaralayır.
Kiçik heyvanlar konserv qutusunun içərisinə
daxil olduqda təsadüfən qapağın bağlanması
nəticəsində tələf ola bilər.
45
Bəs meşədə atılan şüşə qırıntılarının yandırıcı təsiri? Siz bilirsiniz ki, çox kiçik şüşə qırıntısı
böyük yanğına səbəb ola bilər. Günəşiin yandırıcı şüasını özündə toplayan şüşə qırıntısı quru otu və
budaqları alışdırır. Meşəni tərk edərkən şüşə qabları özünüzlə aparmalısınız. Qeyd olunduğu kimi
şüşə butulkalar günəş şüasını toplayaraq meşə yanğını törədə bilər.
Təsadüfən yerə atılan sönməmiş siqaret kötükləri geniş miqyaslı meşə yanğınına səbəb ola
bilər. İstirahət yerlərində atılıb qalmış siqaret kötüklərinin tərkibindəki nikotin meşə döşənəyindəki
mikroorqanizmləri məhv edir. Çay və göllərə atılan siqaretlər balıqlar tərəfindən udulur və beləliklə
zəhərli maddələr qida zəncirinə daxil olur. Belə balıqla qidalanan insanlar zəhərli maddələrin təsiri
nəticəsində xəstələnirlər.
Yaxşı olar ki, istirahət vaxtı bir dəfəlik plastik qablardan deyil, adi yemək qablarından istifadə
olunsun. Yemək yedikdən sonra kağız tullantıları yandırmaq qadağandır. Əgər bir dəfəlik qablar
kartondan hazırlanıbsa, xəndək qazaraq asanlıqla çürüyən qida tullantıları ilə birlikdə basdırmaq
olar. Lakin plastik və kimyəvi mənşəli tullantıları mütləq meşədən kənara tullantı üçün ayrılmış xüsusi
yerlərə aparmaq lazımdır.
Əgər meşəni hər gəlişinizdə valehedici və gözəl görmək istəyirsinizsə, məişət tullantılarının
toplanıb daşınmasını təşkil edin. İstirahət yerlərində qalaqlanmış məişət tullantılarından meşəni
azad etməklə meşələrin mühafizəsinə öz töhfənizi verə bilərsiniz. Turistlərin və istirahət edənlərin
köməyi ilə meşədə təmizlik işlərini təşkil edib mühitin sağlamlığını qoruya bilərsiniz.
“Tullantısız həyat” prinsipinə əməl edərək meşəni görmək istədiyiniz vəziyyətdə qoyub gedin və
təmizliyə riayət edin. Təbiətə vurulan zərbələr son nəticədə insan həyatına da neqativ təsir göstərir.
Unutmayın ki, meşənin təmizliyi - bizim sağlam həyatımızdır!
46
Meşənin yanğın
təhlükəsizliyini necə təmin
etməli?
M
eşənin ən təhlükəli düşməni yanğındır. Hər il baş verən meşə yanğınlarının əsas səbəbkarı
məhz meşə istifadəçiləri və səyahəçilərdir. Meşə yanğınlarının böyük əksəriyyəti insanın
odla ehtiyatsız davranması nəticəsində baş verir.
Turistlər, ovçular, istirahət edənlər istənilən vaxt meşədə tonqal qalamağa çalışırlar. Kiçik bir
ehtiyatsızlıq və ya səhlənkarlıq nəticəsində tam söndürülməmiş tonqaldan kənara sıçrayan qığılcım
quru otların alışmasına səbəb olur. Bəzən də meşədə gəzən uşaqlar kibriti yandırıb dəcəllik edirlər.
Onlar ilk baxışda kiçik dəcəllik kimi görünən bu hərəkətin hansı fəlakətlə nəticələnəcəyini heç
təsəvvürlərinə belə gətirmirlər.
Azərbaycan meşələri qoruyucu meşələrə aid
olduğuna görə burada tonqal qalanmasına icazə
verilmir. İstirahət yerlərində tonqal yandırmaq üçün
xüsusi təyin olunmuş yerlər vardır. Tonqalın köhnə
ocaq yerində qalanması məsləhət görülür. Köhnə
tonqaldan qalmış kömür ocağın yanmasına kömək
edir. Tonqalın təyin olunmuş daimi yeri ən azı 2 m2
meşə döşənəyinin qorunması deməkdir. Xüsusi təyin
olunmuş yer olmadıqda ağac və kollardan uzaq
açıq sahədə torpağın üst qatı çıxarılır və tonqalın
ətrafında səd kimi qoyulur. Ətrafda 1 metr məsafədə
torpaq tör-töküntüdən təmizlənir. Yanan tonqalı
nəzarətsiz qoyub yatmaq olmaz. İstirahət yerini
tərk edərkən tonqal mütləq su ilə və ya torpaqla
söndürülməlidir. Yalnız ocağın tam söndürülməsinə
əmin olduqdan sonra həmin yeri tərk etmək olar.
Ocaq tam söndürüldükdən sonra torpaq təbəqəsi öz
yerinə qaytarılır. Tonqalı söndürərkən ocağı kömürlə
47
birlikdə belləyib torpağa basdırmaq lazımdır. Əgər yaxınlıqda taxıl zəmisi və ya quru bitki qalıqları
olan əkin sahəsi varsa, tonqal qalamaq olmaz. Həmçinin qanunsuz meşə qırıntıları aşkar edilmiş
sahədə od yandırmaq təhlükəlidir.
Meşə yanğınlarını söndürmək çox çətindir. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını
almaq üçün böyük qüvvə və səy göstərirlər. Yanan ərazini su və torpaqla söndürməkdən əlavə eni
1 metr olan xəndəklər qazılır. Bu yolla yanğının qonşu əraziyə yayılmasının qarşısı alınır. Yanğının
söndürülməsinə texnika və avadanlıq tələb olunur. İri miqyaslı meşə yanğınlarında müvafiq yanğın
söndürmə dəstələri ilə birlikdə əhalinin iştirakı ilə könüllü yanğından mühafizə dəstələri də yanğınla
mübarizəyə cəlb olunur.
Yanğının yayılmasının qarşısını almaq üçün ətraf tör-töküntüdən təmizlənir və torpaq zolaqları
hazırlanır. Belə torpaq zolaqlarının eni 5-10 m-ə çatır. Yaşayış məntəqələrinin ətrafında xüsusi
xəndəklər qazılıb su ilə doldurulur. Yaşayış məntəqələrində təbii su hövzələri olmadıqda süni su
hövzələri yaradılır və burada su ehtiyatı saxlanılır. 1 ha yaşayış ərazisinə 30 m3 su tələb olunur.
Meşədə güclü yanğın baş verdikdə sutka ərzində növbətçilik təşkil edilərək vəziyyət ciddi nəzarət
altında saxlanılır. Su hövzələrinin qaydasında olmasına daim nəzarət olunur. Tənəffüs orqanlarını
zəhərli tüstüdən mühafizə etmək üçün əhaliyə xüsusi tənzif sarğıları paylanır. Yanğına qarşı profilaktik
tədbir kimi avtomobillərin quraqlıq mövsümündə meşəyə daxil olması qadağan oluna bilər.
Meşədə çox zaman aşağıdan yanmalar baş verir. Bu zaman meşənin alt yarusunda olan kollar,
ot bitkiləri, meşəaltı, ağacların kökləri, meşə döşənəyi yanıb məhv olur. Aşağıdan yanma çox yavaş
0,1-3 m/dəq sürətlə yayılır. Güclü külək zamanı yanğın yuxarıya doğru yayılaraq ağacların çətiri
boyu yuxarıdan yanmaya çevrilir. Belə olduqda ağaclar kökündən çətirinə qədər alovlanır. Xüsusən
də iynəyarpaqlı ağaclar ani olaraq yanar məşələ çevrilirlər. Yuxarıdan yanma zamanı güclü küləkli
havada alov dəqiqədə 80 m sürətlə yayıla bilir. Yuxarıdan yanma sürətlə yayıldığına görə daha
təhlükəlidir. Lakin aşağıdan yanma bataqlıqlaşmış meşə ərazisində baş veribsə, torf qatında yeraltı
yanma əmələ gəlir və böyük sürətlə hər tərəfə yayılır. Torf yanma materialı olduğa görə havasız
şəraitdə torpağın altında uzun müddət yana bilir.
Meşə yanğını baş verdikdə təxirəsalınmaz tədbirlər nəticəsində meşə örtüyünü və yaşayış
məntəqələrini xilas etmək mümkündür. Əgər təsadüfən meşədə səyahət zamanı yanğın hadisəsi
ilə qarşılaşmısınızsa, kiçik sahədə dərhal yanğının söndürülməsi üçün cəhd göstərmək olar. Lakin
yanğın artıq geniş sahəni bürümüşdürsə, turistlər dərhal öz yoldaşlarını və əlaqədar təşkilatları
xəbərdar etməlidirlər. Bu halda yanğının söndürülməsindən daha çox insan həyatının xilas edilməsinə
çalışmaq lazımdır. Çünki müvafiq texnika və avadanlıq olmadan böyük sahədə baş verən yanğınları
söndürmək çox çətindir.
Meşədə ən kiçik alışma və ya yanğın hadisəsini aşkar etdikdə dərhal insanları yanğın ərazisindən
uzaqlaşdırmaq və 112 və ya 101 nömrəli telefonlarla əlaqə yaradıb Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə Xidmətinə, xüsusi təyinatlı yanğından mühafizə dəstəsinə xəbər vermək
48
gərəkdir. Bu zaman yanğının dəqiq yeri və orada olan insanların sayı haqqında məlumat verilməlidir.
Fövqəladə hallar zamanı ilk növbədə təcili xəbər verilməlidir.
Meşədə yanğın hadisəsi ilə üzləşdikdə dərhal küləyin əksi istiqamətində həmin yeri tərk etmək
lazımdır. Bu zaman yanğının yayılma istiqamətinə perpendikulyar olaraq hərəkət etmək, üzü və əlləri
yaş dəsmalla örtmək tələb olunur. Vəziyyətdən ən yaxşı çıxış yolu kimi su hövzələrinin yaxınlığında
sığınacaq tapıb gözləmək olar. Əgər yanğının əhatəsindən çıxmaq mümkün deyildirsə, su hövzəsinin
içərisində durmaqla və ya torpağın üzərinə uzanıb üst geyimi islatmaqla yanğından qorunmağa
çalışmaq lazımdır.
Əgər istirahət yerini sizdən əvvəl tərk etmiş insanların tam söndürmədikləri ocağı aşkar etmisinizsə
və alov çox kiçik sahəni əhatə edirsə, onu dərhal söndürmək lazımdır. Alovu yaşıl budaqlarla, kətan
parça və ya digər qalın örtüklə çırpmaq, ayaqlarla möhkəm tapdamaq, torpaq və su ilə söndürmək
olar. Əlbəttə, alovun sürətlə yayıldığı hallarda təkbaşına onun öhdəsindən gəlmək qeyri-mümkündür.
Dərhal həmin yeri tərk edib əlaqədar təşkilatlara xəbər vermək lazımdır. Küləyin əksinə və ya alovun
yayılmasına perpendikulyar istiqamətdə təhlükəli ərazini tərk etmək lazımdır. Nəzərə almaq lazımdır
ki, alov hiss olunmadan küləyin əksi istiqamətdə də yayıla bilər.
Yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə meşə yanğınlarının qarşısını almaq mümkündür.
Meşəyə turizm səyahətinə hazırlaşan hər kəs yanğın təhlükəsizliyi qaydalarını bilməli və bu qaydalara
əməl etməlidir. Turistlər təyin olunmuş yerdə tonqal qalayan zaman yaxınlıqda su hövzəsinin
olmasına əmin olmalıdırlar. Ağacların altında tonqal qalamaq olmaz, çünkü bu zaman bitkilər məhv
ola bilər. Ən təhlükəli hallardan biri siqaret çəkmək hesab olunur. İnsan səhhəti üçün təhlükəli olan
bu zərərli vərdiş meşənin canlı aləmi üçün fəlakət mənbəyinə çevrilir. Bəzən səhlənkarlıqla meşə
cığırına atılan bir siqaret günlərlə sönməyən və ya çox çətinliklə söndürülən meşə yanğını yaradır.
Küləkli, quru və isti havada kiçik qığılcımdan yaranan fəlakət təbii meşəni məhv edir.
Avtomobilin və digər nəqliyyat vasitələrinin yaxınlığında da tonqal yandırmaq olmaz. İstirahət
yerini tərk edərkən ilk növbədə tonqalın tam söndürüldüyünə əmin olmaq lazımdır. Buna görə ocağı
su ilə və ya torpaqla söndürüb, közərti tam sönənə qədər gözləmək lazımdır, çünki küləkli havada
közərən kömür yenidən alışa bilər.
Meşədə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
Uşaqların kibritlə və ya alışqanla oynaması yolverilməzdir;
Meşədə siqaret çəkmək olmaz;
Meşənin yaxınlığında məişət tullantılarını, quru otları yandırmaq olmaz;
Tonqalın və ya motosiklin mühərrikindən çıxan qığılcım yanğın törədə bilər;
Benzin, sürtgü yağları və digər alışa bilən məhlullarla isladılmış materiallar yanğın mənbəyi
ola bilər;
49
Şüşə qablar və şüşə qırıntıları optik linza kimi günəş şüalarını bir nöqtədə toplayaraq quru
otu alışdıra bilər;
Meşənin yaxınlığındakı yaşayış məntəqələrində elektrik xətlərinin qısa qapanması zamanı
baş verən yanğın hadisəsi zamanı alov sürətlə böyük ərazini əhatə edə bilər;
Meşədə tonqalı yalnız xüsusi təyin olunmuş yerdə yandırmaq olar;
İstirahət başa çatdıqdan sonra tonqalı söndürmək lazımdır;
Asanlıqla alışan maye doldurulmuş qabları atmaq olmaz.
Yanğın təhlükəsizliyi qaydalarını hər kəs bilməli və bu qaydalara əməl etməlidir. Meşənin
təhlükəsizliyini qorumaqla siz öz təhlükəsizliyinizin qayğısına qalırsınız. Unutmayın ki, meşənin
ətrafında yaşayan insanların gündəlik həyatı meşənin sərvətlərindən asılıdır. Yanğın baş verən meşə
sahəsinin bərpa olunmasına on illərlə, bəzən yüz illərlə vaxt tələb olunur. Yenidən bərpa olunan meşə
sahəsi əvvəlki kimi bioloji müxtəlifliyə, bitki və heyvan növlərinin zənginlyinə malik olmur. Buna görə
də meşənin təkrarolunmaz misilsiz zənginliyini qorumaq istəyiriksə, yanğın təhlükəsizliyinə riayət
etməli və başqalarına da meşədə odla ehtiyatlı davranmağı tövsiyə etməliyik. Belə olduqda meşə -
təmiz havanı, saf suları, zəngin təbii nemətlərini və gözəlliyini sizdən əsirgəməz.
50
Meşənin canlılar aləmini
qoruyun!
M
eşə müxtəlif bitkilərin, heyvanların və həşəratların yaşayış yeridir. Biz, insanlar isə çox vaxt
meşənin müvəqqəti qonaqları oluruq. Uşaqlar meşədə qaçmağı, tullanmağı və şənlənməyi
çox sevirlər. Nəzərə almaq lazımdır ki, şən və səs-küylü istirahət meşə sakinlərinin sakit həyatını
pozub yaşayış yerlərindən didərgin sala bilər. Bəzən quş yuvalarını aşkar etdikdə uşaqlar qeyri-
iradi olaraq balaları ələ götürüb, oxşamağa çalışırlar. Unutmayın ki, insan əli dəyən yuvanı quşlar
tezliklə tərk edib gedirlər. Buna görə də meşədə yuva gördükdə binokl vasitəsilə uzaq məsafədən
müşahidə etmək və yaxud fotoaparat vasitəsilə şəklini çəkmək olar. Bundan sonra dərhal həmin
yerdən uzaqlaşıb, balaları narahat etməməyə çalışın.
Meşədə qaçmaq və bərkdən danışmaq olmaz. Siz cığırdan kənara çıxıb qaçarkən meşə
döşənəyində yaşayan bir çox həşəratları narahat edib, qarışqa yuvalarlnı dağıdıb, nadir göbələkləri
və bitki növlərini tapdaya bilərsiniz. Səs-küy, ümumiyyətlə, meşənin bütün sakinlərini narahat edir
və onların sakit həyatını pozur. Bundan başqa meşə cığırı ilə hərəkət edərkən ehtiyatlı olmaq, quru
budaqları qırmaq olmaz. Təsadüfən qırılmış budaq sıçrayıb yoldaşlarınızın üzünə və digər bədən
nahiyələrinə dəyib xəsarət yetirər. Cığırla hərəkət edən dəstədə irəlidə gedənlər budaqları kəskin
hərəkətlə aralayıb buraxdıqda da arxada gələnləri yaralaya bilərlər. Ehtiyatsız hərəkət etməklə də
siz bir çox meşə canlılarının həyatına son qoya bilərsiniz. Buna görə də kolların arasından ehtiyatla
keçməli, yoldaşlarınızın və kiçik canlıların təhlükəsizliyini təmin etməlisiniz.
Təbiətdə hər bir canlının öz yeri və mövqeyi vardır. Bizim zəhərli hesab etdiyimiz bitki və həşəratlar
çox zaman ekoloji sistemin qida zəncirində mühüm rol oynayaraq, digər canlıların qida və şəfa
mənbəyidir. Eyni zamanda canlı orqanizmlərin sayının tənzimlənməsində xüsusi yer tutur. Məsələn,
tayqa meşələrində yaşayan nəhəng sığınlar daxili xəstəlikləri müalicə etmək üçün ən zəhərli
göbələkdən hesab olunan milçəkqapandan istifadə edirlər. Xəstə sığınlar bu göbələklə qidalanaraq
qısa müddətdə sağalırlar. Bəzi zəhərli göbələklərin tərkibində olan maddələrdən insanların müalicəsi
üçün istifadə olunan dərman vasitələri hazırlanır. Yəqin ki, ilan zəhəri və ya arı zəhərinin müalicəvi
təsiri barədə hamının məlumatı vardır. Bununla yanaşı belə zəhərli bitkilərə və ya həşəratlara rast
gəldikdə müəyyən qədər özünüzü qorumağa və həmin yeri tərk etməyə çalışın. Tanış olmayan
bitkilərin meyvə və toxumlarına, həşəratlara toxunmayın.
Meşədə yaşayan ən kiçik kəpənəklər, böcəklər və digər həşəratların yanında insan özünü nəhəng
və çox güclü hiss edir. Lakin bu heç kəsə haqq vermir ki, digər canlıların həyatını pozsun. Bəzən gözəl
naxışları, incə, zərif quruluşu, rəngarəng parlaq libası ilə diqqəti cəlb edən həşəratları kolleksiya ücün
51
toplamağa çalışırlar. Unutmayın ki, həşəratların kolleksiya xatirinə məhv edilməsi qəti qadağandır.
Bəzi bitki və heyvan növlərinin təbiətdə sayı o qədər azalmışdır ki, onların adı Azərbaycanın “Qırmızı
Kitab”ına daxil edilib və qorunur. Bu canlıların təsadüfən kolleksiya üçün toplanması onların sayının
tükənməsinə səbəb olur. Ona görə də yaxşı olar ki, meşədə fotoaparat vasitəsilə “foto-ova” çıxasınız
və heyranedici məqamları foto obyektiv vasitəsilə yaddaşa həkk edəsiniz. Meşədə keçirdiyiniz xoş
dəqiqələr barədə foto-təəssüratlarınızı sonradan böyük məmuniyyətlə dostlarınızla bölüşə bilərsiniz.
Meşədə ehtiyatsız və təcavüzkar hərəkətlərə yol verən insan ilk növbədə nadir bitki və heyvan
növlərinin bioloji müxtəlifliyi üçün böyük təhlükə yaradır. Meşədə düzgün davranış qaydalarına riayət
etmədikdə insan öz sağlamlığını və həyatını da təhlükə altına qoyur. Meşənin nemətlərindən istifadə
edərkən ilk növbədə meşə qanunvericiliyini bilmək və müvafiq tələblərə əməl etmək lazımdır.
Azərbaycan meşələri birinci kateqoriyalı qoruyucu meşələrə aid olduğuna görə meşə qırmaları
qadağandır. Meşə məhsullarından meşəyə ziyan vurmadan istifadə olunmalıdır. Məsələn; göbələkləri
toplayarkən kökündən qoparmaq olmaz, onların yerüstü hissəsi bıçaqla kəsilməlidir. Göbələyin
torpaqda qalmış mitselilərindən yeni göbələklər inkişaf edir. Meyvə və giləmeyvə bitkilərinin
budaqlarını qırmaq, bıçaqla kəsmək, ağacların və kolların gövdəsini zədələmək olmaz.
Nadir bitkilərin toplanması qəti qadağandır. Bəzən meşənin kənarında və ya meşə talasında
təsadüf olunan dağlaləsi, süsən, inciçiçəyi, səhləb və digər bitkilərin gözəl çilçəkləri səyahətçilərin
böyük marağına səbəb olur və kütləvi şəkildə toplanır. Xalq təbabətində istifadə olunan nadir bitkilər
müntəzəm tədarük olunur. Bu zaman kökündən qoparılan bitkilərin sayı təbiətdə sürətlə azaldığına
görə təbiətə böyük zərər vurulur. Nadir bitkilərin sayı və yayıldığı ərazilər ildən-ilə azalır. Bunun
qarşısını almaq üçün “Qırmızı Kitaba” daxil olan bitkilərin məskunlaşdığı yerlərdə xəbərdarlıq
lövhələrinin qoyulması vacibdir. Əhali arasında ekoloji təbliğat apararaq nadir bitkilərin əhəmiyyəti
və qorunması haqqında məlumatlandırmaq lazımdır.
Nadir çiçəklərin toplanması onların bərpaolunma qabiliyyətinin zəifləməsinə və sayının getdikcə
azalmasına səbəb olur. Nəsli tükənməkdə olan bitkilərin toxumlarını yalnız mütəxəssislərin ciddi
nəzarəti altında az miqdarda toplayıb məktəb tədris-təcrübə sahəsində artırmaq olar. Artırılan
bitkiləri yenidən təbiətə qaytarmaqla siz Azərbaycan florasının zənginliyinin qorunmasında iştirak
edə bilərsiniz. Yadda saxlamaq lazımdır ki, təbiətdə bütün canlılar müəyyən təbii qanunauyğunluqla
inkişaf edir. Yalnız insanların təcavüzkar hərəkətləri və hərisliyi səbəbindən meşənin ehtiyatlarına
hədsiz dərəcədə zərər vurulur.
Meşənin yaxınlığında yaşayan əhalinin saxladığı mal-qara sürüləri də meşələrə ciddi ziyan vurur.
Mal-qaranın özbaşına otarıldığı yerlərdə meşə döşənəyi tapdanır, kolları və ağacların budaqları
qırılır. Tapdanıb bərkimiş torpağın su və hava keçiriciliyi azalır. Ağac və kol bitkilərinin inkişafı zəifləyir,
zədələnmiş gövdə və budaqlara düşən zərərvericilər və virus xəstəlikləri yayılır. Bundan əlavə
52
meşə döşənəyində yaşayan müxtəlif mikroorqanizmlər məhv olur. Torpağın üzərinə tökülən quru
yarpaqlar, budaqlar və digər tör-töküntünün çürüməsi və parçalanması prosesi pozulur. Torpağın üst
təbəqəsində humus qatı sıradan çıxır.
Mal-qara sürüsünün keçdiyi yerlərdə ağac və kolların budaqları qırılır, budaqların ucları gəmirilir.
Nəticədə, meşənin bu hissəsində işıqlanma artır və seyrəkləşmə baş verir. İşıqlanma pəncərələri
yaranan ərazidə meşənin florasına aid olan bitkilərin tükənməsi və ekosistem üçün “yad olan”
işıqsevən çəmənlik bitkilərinin yayılması surətlənir. İnsanın təsərrüfat fəaliyyətinin meşəyə zərərli
təsirinin qarşısını almaq üçün ciddi tədbirlərin görülməsi tələb olunur.
Meşənin inkişaf qanunauyğunluqlarını öyrənməklə mənfi təsirləri azaltmaq və zəngin bioloji
müxtəlifliyii qorumaq bizim başlıca vəzifəmizdir.
|