VIII. KANADA
Kanada ikinci dünya müharibəsindən sonrakı ilk illərdə. Kanada İkinci Dünya müharibəsində Antihitler koalisiyasının tərəfində iştirak etsə də, onun ərazisi heç bir hərbi əməliyyat görmədi. Müharibə Kanadanın ərazisinə və iqtisadiyyatına ziyan vurmadı.
İkinci Dünya müharibəsi nəticəsində Kanada öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Kanada müharibədə öz milli gəlirini iki dəfə artırdı 1945-ci ildə sənaye məhsulu istehsalına görə o, artıq dünya kapitalist ölkələri arasında üçüncü yeri tuturdu. Müharibənin Kanada üçün mühüm nəticələrindən biri də o idi ki, onun ABŞ, Latın Amerikası və Avropa ölkələrinə kapital ixracı gücləndi. 1945-1956-cı illərdə Kanadanın bu ölkələrə kapital ixracı 7 milyard dolları ötüb keçdi.
Müharibədən sonra Kanada-Böyük Britaniya əməkdaşlığı qalmaqla bərabər, ABŞ-la da əməkdaşlıq genişləndi. ABŞ-ın bu ölkəyə müdaxiləsi gücləndi.
Kanadada bu dövrdə liberallar partiyası hakimiyyətdə idi. Hökumətə liberallar partiyasının lideri Makkenzi Kinq başçılıq edirdi. Liberalların 1935-1957-ci illərdə hakimiyyətdə qalmasının əsas səbəbi onların siyasi manevrlər etmək bacarığı və lazım gəldikdə mühafizəkarların fikri ilə hesablaşmaları idi. Müharibədən sonra əsas diqqət ABŞ-la iqtisadi əməkdaşlığa yönəldildi. 1947-ci ildə Kanadanın maliyyə naziri Ebbot tərəfindən tarixə “Ebbot planı” kimi daxil olan yeni bir plan hazırlandı. Həmin plan nəzərdə tuturdu ki, ölkənin özündə sənayedə son məhsul istehsalı ixtisar edilsin, Kanadanın xammal və yarımfabrikat məhsulları ABŞ-a göndərilsin.
Müharibədən sonra Kanadada İngiltərənin mövqeyi zəiflədi, ABŞ-ın mövqeyi isə gücləndi. Əgər 1945-ci ildə ABŞ-ın Kanadaya kapital qoyuluşu 4 milyard 990 milyon dollar idisə, bu rəqəm 1955-ci ildə 12 milyard 900 milyon dollara çatdı. Kanadada meşə massivlərinin xeyli hissəsi, neft, qızıl, gümüş, nikel, mis mədənlərinin əksəriyyəti ABŞ inhisarçılarına məxsus idi. Kanadanın bu dövrdə ABŞ-dan xarici ticarətdə də asılılığı gücləndi.
Tədricən Kanada parlamentində qəbul edilən bir sıra qanunlar İngiltərənin nüfuzunu sarsıtdı. Belə ki, 1947-ci ildə parlamentdə Kanada vətəndaşlığı haqqında qanun qəbul edildi. 1949-cu ildə qəbul edilən qanunla İngiltərə Kanadanın konstitusiyasının dəyişilməsinə təsir göstərmək imkanından məhrum edilirdi. Yenə həmin ildə keçmiş İngiltərə müstəmləkəsi olan Nyufaundlend adası Kanadaya verilmiş oldu.
Kanada vaxtilə Fransanın müstəmləkəsi olmuş və 1756-1763-cü illərdəki yeddiillik müharibə zamanı İngiltərə onu Fransanın əlindən alınmışdi. Bu isə Kanadada ingilislərlə bərabər fransızların da yaşamasına gətirib çıxarmışdı. Ona görə də Kanadanın əsas problemlərindən biri ingilis mənşəli kanadalılar (bunlar ölkə əhalisinin 59,1% təşkil edirdi) və fransız mənşəli kanadalılar (bunlar əhalinin 29,1%-ni təşkil edirdi) arasında münasibətləri normal məcraya yönəltmək idi. Ölkənin iqtisadi və siyasi həyatında ingilis mənşəli kanadalılar əsas rol oynayırdılar. Fransız mənşəli kanadalıların 77%-i, əsasən, Kvebekdə yaşayırdılar. Kvebekin heç bir muxtariyyəti yox idi. Dini zəmində də onların arasında münaqişə hökm sürürdü. İngilislər protestant, fransızlar isə katolik idilər. Kanadada hökm sürən dini və milli zəmindəki parçalanma inhisarlara qarşı mübarizəni zəiflədirdi.
Dostları ilə paylaş: |