ABŞ Ceyms Karterin prezidentliyi dövründə (1976-1980-ci illər). 70-ci illərdə respublikaçıların siyasətindəki spirallıq demokratlara yenidən imkan verdi ki, prezident seçkilərində qələbə qazansın. 1976-cı ilin noyabrında keçirilən prezident seçkilərində demokratlar partiyasından olan, siyasi cəhətdən tamamilə hazırlıqsız, texnokrat Ceyms Karter prezident seçildi. Əslində onun prezident seçilməsi təsadüfi bir hal idi. C.Karterin bu vəzifəyə seçilməsində ABŞ-ın Cənub-Şərq və Cənub ştatlarının inhisarçı dairələrinin böyük rolu olmuşdur.
Karter prezident seçildikdən sonra həyata keçirdiyi bir sıra tədbirlərlə ABŞ tarixində müəyyən iz buraxmış oldu. 1973-1974-cü illər enerji böhranı ABŞ-rəhbərliyini düşünməyə vadar etdi. Bu böhrana səbəb 1973-cü ildə İsrail-Ərəb müharibəsində ABŞ və digər böyük dövlətlərin İsraili müdafiə etməsi idi. Belə ki, bu müharibə ərəb dövlətlərini məcbur edirdi ki, neftin qiymətini qaldırsınlar və bu yolla böyük dövlətlərə təzyiq göstərsinlər. Ona görə də Karter əlavə enerji mənbələri yaratmaq məsələsini ABŞ dövlətinin qarşısında mühüm vəzifə olduğunu göstərdi. O, ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq xətti yeritməyə başladı. Şəxsi gəlirdən və korporasiyaların gəlirindən alınan vergiləri azaltdı. Yeni iş yerlərinin açılması üçün vəsait ayrıldı, elektrik enerjisinə qənaət prinsipi irəli sürüldü. C.Karter 1977-ci ilin aprelində neft və neft məhsullarının ehtiyatlarının artırılması, kömürçıxarılmasının, atom enerjisinin inkişafı, günəş enerjisindən istifadə etmək proqramı hazırladı. İnflyasiya ilə mübarizə genişləndi. 1978-ci ilin oktyabrında və 1980-cı ilin martında C.Karter konqresə antinflyasiya proqramını təqdim etdi. O, inflyasiyanın qarşısını almaq üçün ilk növbədə dolların sabitliyini təmin etməyi düşündü. Ölkə daxilində benzin və digər neft məhsullarının qiymətləri artırıldı.
70-ci illərin sonunda istehsalın yenidən qurulması üzrə proqramlar qəbul edildi ki, onlardan məqsəd keyfiyyətcə daha yüksək əmək məhsuldarlığına, nadir xammal növlərində qənaətə nail olmaq, yanacaq-energetika balansını əsaslı sürətdə yaxşılaşdırmaq idi. 30 miyard dollar dəyərində xarici valyuta fondu yaradıldı ki, qızılın hər aylıq satışı artırılsın. Lakin bütün bunlar istənilən nəticəni vermədi.
Karter hökuməti öz fəaliyyətinin ilk illərində sosial sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1977ci ilin noyabr ayında konqress dörd il ərzində 1 saatlıq minimum əmək haqqının 2,20 dollardan 3,35 dollara çatdırılması haqqında qanun qəbul etdi. İşçi qüvvəsinin yenidən ixtisaslaşmasına diqqət artırıldı. 70-ci illərin sonu üçün sosial sığorta sistemi ilə əhatə olunanların sayı 35 milyon nəfərə çatdı. Hökumət yeni liberalizm xəttinə sadiq qalaraq sosial sahəyə çəkilən xərcləri artırdı. İşsizliyin aşağı salınması ön plana çəkildi. Əmək haqqının 1980-ci ildən başlayaraq 9,5% artırılmasına icazə verildi.
1978-ci ilin oktyabr ayında əmək qabiliyyətli əhalinin işlə təmin edilməsini nəzərdə tutan Hemfri-Hokins qanunu verildi. Həmin qanuna görə, işsizlik əmək qabiliyyətli əhalinin 4%-indən çoxunu təşkil etməməli, inflyasiya 3%-i ötməməli idi. 1978-ci ildə sosial təminat xərclərindən ötrü 100 milyard dollara qədər vəsait ayrıldı. 1977-ci ilin avqust ayında Energetika Nazirliyi yaradıldı. Konqres energetika haqqında qanun qəbul etdi.
Karter hökuməti hərbi xərcləri 1977-ci ildəki 100,1 milyard dollardan 1980-ci ildə 130 milyard dollara çatdırdı.
Onun xarici siyasəti əvvəlkilərdən çox da fərqlənmirdi. Lakin qeyri ardıcıl idi. Ümumiyyətlə, ABŞ-da prezidentlər dəyişsə də, dövlətin siyasəti heç vaxt dəyişmir. Ceyms Karter 1977-ci ildə ABŞ konqresində belə bir qanunun qəbul edilməsinə nail oldu ki, dünyanın hər hansı bir yerində pozulan insan haqlarını ABŞ müdafiə etməlidir. 1979-cu ilin yanvarın 1-də ABŞ-la Çin arasında diplomatik münasibətlər yarandı. Xarici siyasətdə birinci dərəcəli yer Qərbi Avropa ölkələri və Yaponiya ilə əməkdaşlığa verilirdi və bu birliyi möhkəmləndirmək xətti götürüldü. 1980-ci ildə məşhur «Karter doktrinası» irəli sürüldü. Həmin doktrinaya görə ABŞ-a icazə verilirdi ki, müəyyən ərazilərdə lazım gəldikdə nüvə müharibəsi aparsın. «ABŞ-ın həyat sahəsi» adlanan dünyanın hər yerində ABŞ-ın zonaları meydana gəldi. 1978-ci ilin sentyabr ayında özünün Vaşinqtondakı Kemp-Devid iqamətgahında C.Karter İsrail ilə Misir arasında vasitəçilik edərək Uzaq Şərqdə sülhün çərçivəsi ilə əlaqədar İsrailə Misir arasında iki saziş, 1979-cu ilin martında isə onların arasında müqavilə imzalanmasına nail oldu. 1979-cu ilin iyunun 18-də SSRİ ilə ABŞ rəhbərliyi Vyanada görüşdü. SSM-2 sazişi bağlandı. SSRİ-nin Əfqanıstana 1979-cu ilin dekabrında müdaxiləsinə görə bu sazişin ABŞ konqresi tərəfindən təsdiq edilməməsi iki dövlət arasında gərginliyi yenidən artırdı. ABŞ SSRİ-yə qarşı «xaç yürüşünə» başladı. 1980-cı ildə Moskvada keçirilən Olimpiya oyunlarını baykot etmək taktikasını irəli sürdü. C.Karterin dövründə neytron bombası və qanadlı raketlər istehsalı gücləndirildi. «MX» raketləri və «Traydent» adlı sualtı qayıqlar meydana gəldi. 1978-ci ildə ABŞ-ın təkidi ilə NATO-nun hərbi xərclərinin hər il 3% artırılması haqqında qərar qəbul edildi, 1979-cu ildə ABŞ Qərbi Avropada nüvə raketlərini yerləşdirməyə razılıq aldı.
ABŞ geniş miqyasda həm Səudiyyə Ərəbistanına, həm də İrana silah göndərirdi. 1978-1979-cu illərdə ABŞ İran körfəzində və Hind okeanında öz hərbi-dəniz bazalarını genişləndirdi. Hind okeanı zonasına ABŞ-ın xüsusi diqqət yetirməsi ilk növbədə bu regionun hərbi-strateji mövqeyi, onun 38 növ mal dünya bazasına çıxarması, sərfəli ticarət yollarının olması, 1,4 milyard əhalinin yaşadığı 44 dövlətin olması ilə bağlı idi. 1979-cu ildə Tehranda ABŞ səfirliyinin işçilərinin girov götürülməsindən istifadə edərək ABŞ-da şovinist təbliğat gücləndirildi, 1980-cı ilin aprelində İrana qarşı fitnəkar aksiya tərtib edildi. Şah öldükdən sonra ABŞ İranın dondurulmuş aktivlərini qaytardı. İran isə girovları azad etdi. Bütün bunlar Karterin nüfuzunu daha da sarsıtdı.
Dostları ilə paylaş: |