Avstriya ilə Dövlət müqaviləsi. Müharibə qurtardıqdan dərhal sonra SSRİ Avstriya ilə Dövlət müqaviləsinin bağlanması təklifi ilə çıxış etdi. Bu problemlə əlaqədar Qərb dövlətləri ilə kəskin mübarizə başlandı. 1945-ci ilin iyul-avqustunda keçirilən Potsdam konfransında SSRİ, ABŞ və İngiltərə Avstriyadan təzminat almaqdan imtina etdiklərini bildirdilər. 1947-ci ildə Moskvada keçirilən xarici işlər nazirlərinin konqresində Avstriyanın alman imperializmindən təhlükəsizliyini müdafiə etməyə yönəldilmiş məsələdə tərəflər razılığa gəlidlər. 1949-cu ildə Parisdə xarici işlər nazirləri Avstriyadakı keçmiş alman aktivlərini SSRİ-yə vermək haqqında qərarı bəyəndilər. Bununla belə, Avstriya ilə Dövlət müqaviləsi bağlanmasına keçmiş müttəfiqlər arasında «qarışıq şəxslər», Avstriyanın silahlanmaya buraxılmaması, BMT-də yeri, onün müharibədən əvvəlki və müharibədən sonrakı borcu haqqında məsələlərdə razılığa gəlinməməsi mane olurdu.
1954-cü ilin əvvəllərində Berlində keçirilən xarici işlər nazirlərinin müşavirəsində Avstriya nümayəndələri bəyan etdilər ki, Avstriya hərbi bloklara qoşulmayacaq və öz ərazisində xarici dövlətlərin hərbi bazalarının təşkilinə icazə verməyəcəklər. 1955-ci ilin martında Avstriyanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparan Xalq konqresi təşkil edildi. 1955-ci ilin aprelində Moskvada aparılan Sovet-Avstriya danışıqları nəticəsində Avstriyanın bitərəf qalacağı öhdəliyini üzərinə götürməsi haqqında memorandum nəşr edildi.
1955-ci ilin may ayının 15-də Vyananın Belveder sarayında bitərəf, müstəqil və demokratik Avstriya haqqında Dövlət müqaviləsi imzalandı. 1955-ci ilin iyulunda o qüvvəyə mindi. Müqavilə Avstriyada işğal rejiminə son qoydu, onun təhlükəsizliyini və milli suverenliyini təmin etdi, iqtisadi və siyasi anşlüsü qadağan etdi. Dövlət müqaviləsinə görə Avstriya əhalinin demokratik hüquqlarını gözləməli idi. Millətçi təşkilatlar ləğv edilirdi. Habsburqların ölkəyə buraxılmaması haqqında qanun qüvvədə qaldı. Avstriya təzminatdan azad edildi. Avstriyada SSRİ-yə məxsus olan kemiş alman aktivləri yenə də ölkədə qaldı. SSRİ isə bunun əvəzində Avstriyadan kompensasiya aldı. Bununla əlaqədar Avstriya SSRİ-yə 6 il müddətinə 150 milyon dollar dəyərində olan 419 müəssisə verməli idi. Digər iqtisadi və mülki məsələlər də həll edildi.
1955-ci ilin sentyabrında SSRİ, ABŞ, İngiltərə və Fransa öz qoşunlarını Avstriyadakı işğal zonalarından çıxartdılar.
1955-ci ilin oktyabrında ölkə parlamenti Avstriyanın daimi bitərəfliyi haqqında Konstitusiya qanununu bəyəndi. Avstriyanın bitərəfliyi statusu dörd böyük dövlət tərəfindən rəsmən tanındı. 1955-ci ilin dekabrın 14-də Avstriya Millətlər Cəmiyyətinə daxil oldu. Avstriyanın tarixində yeni mərhələ başlandı.
Dostları ilə paylaş: |