XX əsrin II yarısında müstəmləkələrin ləğvi prosesinin başa çatması. İkinci dünya müharibəsi Avropanın dünyanın mərkəzi olması fikrinə son qoydu, vahid dünya birliyinin bütün planet miqyasında vacibliyini göstərdi. Müstəmləkə sistemi dağılmağa və onlarla yeni dövlətlər yaranmağa başladı.
XX əsrin 40-cı illərinin əvvəllərində Suriya və Livan müstəqil oldular. 1947-ci ildə İngiltərə Hindistanı dini əlamətlərə görə Hindistan və Pakistana bölərək onlara dominion hüququ verdi. XX əsrin 50-60-cı illərində Əlcəzair, Tunis, Mərakeş fransızlardan, 50-70-ci illərdə Ədən, Küveyt, Bəhreyn ərəb knyazlıqları ingilislərdən müstəqillik aldılar. 1960-cı il tarixə «Afrika ili» kimi daxil oldu. İngiltərə, İtaliya, Fransa və Belçikanın müstəmləkəsi olan 17 dövlət həmin ildə suverenliyə nail oldu. 1973-1975-ci illərdə keçmiş Portuqaliya müstəmləkələri də azadlıq qazandılar. 1989-cu ildə isə Afrikada yeganə müstəmləkə kimi hələ də qalan Namibiya siyasi müstəqillik əldə etdi. 1997-ci ildə Honkonq İngiltərənin, 1999-cu ildə Asiyada Çinin şərqində yerləşən Makao müstəmləkəsi Portuqaliyanın tabeliyindən çıxdı və yenidən Çinə qaytarıldı.
Müstəqillik qazanmış dövlətlər beynəlxalq birliyin tam hüquqlu üzvü oldular.
Şərqin müstəmləkə sistemindən azad olmuş ölkələrini üç qrupa – kapitalist ölkələri, Avropa qitəsində olmayan digər sosialist ölkələri, sosialist istiqamətli ölkələr qrupuna bölmək olardı.
XX əsrin 60-70-ci illərində sosialist istiqamətli ölkələrdə inqilabi-demokratik partiyalar yarandı ki, onlar da ölkədə sosialist xarakterli dərin sosial-iqtisadi islahatlar həyata keçirdilər.
Dostları ilə paylaş: |