2. DÜNYA SİYASƏTİNDƏ MƏRKƏZƏQAÇMA MEYLLƏRİ
İnteqrasiya prosesi. XX əsrin ikinci yarısı üçün iqtisadi və siyasi əməkdaşlığın artması meyli səciyyəvi cəhətlərdən idi. O, hər şeydən əvvəl beynəlxalq dövlətlərarası və qeyri hökumət təşkilatlarının yaranmasında özünü göstərdi. Müharibədən sonrakı dövrdə onların sayı 2,5 minə yaxın idi. İkinci dünya müharibəsindən sonra BMT, NATO, BVF təşkil edildi. AİB, QİYŞ, Varşava müqaviləsi təşkilatı və s yaradıldı. Müasir dünyada Avropa İttifaqı (Aİ, 1957) Müstəqil Dövlətlər Birliyi (MDB,1991), İqtisadi Əməkdaşlıq və İqtisadi İnkişaf Təşkilatı (İƏİİT, 1967) Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT, 1975), Amerika Dövlətləri Təşkilatı (ADT, 1948), Neft İxrac edən ölkələr Təşkilatı (NİÖT, 1960), Afrika birliyi Təşkilatı (ABT), İslam Konfransı Təşkilatı (İKT, 1969) Asiya – Sakit okean İqtisadi Şurası (APEK, 1989), Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN, 1967) Asiya İnkişaf Bankı və s. dövlətlər qrupu, ümumdünya və yerli təşkilatlar beynəlxalq münasibətlərdə çox mühüm rol oynayırlar.
Bunlarla yanaşı müxtəlif ölkələrin siyasi partiyalarının da transmilli əməkdaşlığı geniş miqyas almaqdadır. 1961-cı ildə tərkibinə müxtəlif mərkəzçi partiyaların daxil olduğu Ümumdünya Xristian-Demokratik İttifaqının əsasının qoyulması buna misal ola bilər.
1983-cü ildə Qərbi Avropanın mühafizəkar partiyalarını, ABŞ-ın respublikaçılar, Yaponiyanın liberal-demokratik, habelə Avstriyanın Mühafizəkarlar partiyasını birləşdirən Beynəlxalq Demokratik İttifaq yaradılmışdır.
Müasir dünya siyasətində 1975-ci ildən başlayaraq hər il keçirilən «Böyük yeddilərin» müşavirəsi mühüm amilə çevrilmişdir. Onun tərkibinə sənayecə inkişaf etmiş yeddi ölkə – ABŞ, AFR, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya və Kanada daxildir.
«Yeddiləri» bəzən «Rambuye klubu» (İlk iclası Parisin yaxınlığındakı Rambuye qəsrində keçirildiyinə görə) da adlandırırlar. «Yeddilərin müşavirəsində ona daxil olan ölkələrin siyasətinin razılaşdırılması, onların maliyyə-iqtisadi, hərbi, strateji və xarici siyasət və b. məsələlər müzakirə edilir. 1997-ci ilin iyununda «Böyük yeddilər»in Denver sammitində Rusiya da bu birliyə qəbul olunmuşdur. Qurumun adı bütün rəsmi sənədlərdə «Böyük səkkizlər» adlanır.
Dostları ilə paylaş: |