L.İ.Brejnevin Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti. L.İ.Brejnevin dövründə SSRİ-nin xarici siyasətində də inzibati-amirlik metodları özünü göstərirdi. SSRİ sosialist ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu ölkələri öz təsiri altında saxlayırdı. Bu özünü 1968-ci il «Praqa baharı» adlanan Çexoslovakiya hadisələrində bir daha nümayiş etdirdi. 1968-ci ilin avqust ayında SSRİ Varşava müqaviləsinin, Ruminiyadan başqa, iştirakçısı olan dövlətlərin hamısını Çexoslovakiyaya qoşun yeritməyə məcbur etdi. Orada antisosialist qüvvələr zərərsizləşdirildi. Yenidən sosialist sistemi bərqərar oldu. Bu “Praqa baharı” adlandı. Çexoslovakiya hadisələri göstərdi ki, SSRİ hərbi cəhətdən güclüdür və onunla zarafat etmək olmaz.
1969-cu ilin martında Çinlə SSRİ arasında münasibətlər kəskinləşdi. Amur çayında yerləşən Damansk adasında silahlı toqquşma baş verdi. Lakin SSRİ 80 dəqiqə ərzində bu toqquşmaya son qoydu. Lazer şüasından istifadə edərək Çin hərbçilərini geri oturtdu.
60-cı illərin sonlarında baş verən bu hadisələr SSRİ-nin hərbi qüdrətini nümayiş etdirdi. 1967-ci ildə altı günlük İsrail-Ərəb müharibəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin sonunda SSRİ ilə ABŞ arasında silahlanmada hərbi paritet yarandı. Bütün bunlar beynəlxalq iqlimdə dəyişikliyə səbəb oldu, «soyuq müharibə»nin zəifləməsinə, beynəlxalq gərginlikdən qarşılıqlı anlaşmaya doğru addım atılmasına gətirib çıxartdı. Dünyanın taleyini həll edən iki dövlət - ABŞ və SSRİ 1972, 1979-cu illərdə strateji silahları məhdudlaşdırmaq haqqında SSM-1 və SSM-2 sazişlərini bağladılar.
Sov. KİK-nin 1971-ci ilin mart-aprel aylarında olmuş XXIV qurultayında sovet dövləti öz sülh proqramını elan etdi ki, bunun da əsas müddəaları aşağıdakılardan ibarət idi:
- Cənub-Şərqi Asiyada və Yaxın Şərqdə müharibə ocaqlarını ləğv etmək, təcavüzə məruz qalan dövlətlərin və xalqların qanuni hüquqlarına hörmət əsasında bu rayonlarda vəziyyətin siyasi yolla nizama salınmasına kömək göstərmək; hər cür təcavüzkarlıq və beynəlxalq özbaşınalıq hərəkətlərini dərhal və qətiyyətlə dəf etmək, mübahisəli məsələlərin həlli üçün zor işlətməkdən və zor işlətmək həvəsindən imtina edilməsi beynəlxalq həyat qanunu olmalıdır. Sovet İttifaqı bu nöqteyi-nəzərdən məhəlli müqavilələr bağlamağa hazırdır.
- İkinci dünya müharibəsi nəticəsində dünyada əmələ gəlmiş ərazi dəyişikliklərinin qəti şəkildə qəbul edilməsini əsas tutmaq, bu qitədə gərginliyin zəiflədilməsinə və sülhə doğru əsaslı dönüş yaratmaq, Ümumavropa müşavirəsinin çağırılmasını və müvəffəqiyyətini təmin etmək, Avropada kollektiv təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirləri görmək. Sovet İttifaqı Varşava müdafiə müqaviləsinin iştirakçısı olan ölkələrlə birlikdə ifadə etdikləri belə bir fikri təsdiq edir ki, Varşava müqaviləsi ilə Şimali Atlantika İttifaqının, eyni vaxtda ləğv edilməsinə, yaxud ilk addım olaraq onların hərbi təşkilatlarının ləğv edilməsinə hazırdır.
- Nüvə silahını, kimyəvi və bakterioloji silahı qadağan edən müqavilələr bağlamaq, nüvə silahı sınaqlarının, o cümlədən yeraltı sınaqların hər yerdə və hamı tərəfindən dayandırılmasına nail olmaq; dünyanın müxtəlif rayonlarında nüvə silahı saxlanmayan zonalar yaradılmasına kömək etmək. Sovet dövləti nüvə silahına malik olan bütün dövlətlərin nüvə silahını tərk etməsinə, nüvə silahına malik olan beş dövlətin – SSRİ, ABŞ, ÇXR, Fransa və İngiltələrinin bu məqsədlə konfranslarının çağırılmasına tərəfdardır.
- Hər cür silahla sürətlə silahlanmanın dayandırılması uğrunda mübarizəni gücləndirmək, Sovet İttifaqı tərksilah məsələlərini bütövlükdə müzakirə etmək üçün Ümumdünya konfransı çağırılmasına, xarici hərbi bazaların ləğv edilməsinə, qoşunların qarşı-qarşıya durmasının xüsusilə təhlükəli olduğu rayonlarda, Mərkəzi Avropada silahlı qüvvələrin və silahların azaldılmasına tərəfdardır. Hərbi münaqişələrin təsadüfi baş verməsi və ya qəsdən törədilməsi, böyüyüb beynəlxalq böhranlara, müharibəyə çevrilməsi ehtimalını azaldan tədbirlər işlənib hazırlanmasını məqsədəuyğun hesab edir. Sovet İttifaqı hərbi xərcləri, birinci növbədə iri dövlətlərin hərbi xərclərini azaltmaq haqqında razılığa gəlməyə hazırdır.
- Hələ də qalan müstəmləkə rejimlərini ləğv etmək haqqında BMT-nin qərarlarını tamamilə həyata keçirmək, irqçilik və aparteid təzahürləri hamı tərəfindən pislənilməli və boykot edilməlidir.
- Sovet İttifaqı əməkdaşlıq etmək istəyən dövlətlərlə bütün sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlıq münasibətlərini dərinləşdirməyə hazırdır, təbii mühiti qoruyub saxlamaq, enerji ehtiyatlarından və başqa təbii ehtiyatlardan istifadə etmək, nəqliyyat və rabitəni inkişaf etdirmək, ən təhlükəli və ən çox yayılmış xəstəliklərin qarşısını almaq və bu xəstəlikləri ləğv etmək, kosmosu və Dünya okeanını öyrənmək və onlardan istifadə etmək kimi problemlərin həllində digər əlaqədar dövlətlərlə birlikdə iştirak etməyə hazırdır.
Lakin bu proqram heç də bütün dünya dövlətləri tərəfindən birmənalı qarlışanmadı.
1970-ci ildə nüvə silahını yaymamaq haqqında müqavilənin qüvvəyə minməsində SSRİ-nin böyük rolu oldu. 1971-ci ildə Berlinə dair 4 dövlət sazişi bağlandı. Qərbi Berlinin müstəqilliyi təmin olundu. 1973-cü ilin oktyabrında SSRİ-də ümümdünya sülh konqresi keçirildi. SSRİ 1973-1974-cü illərdə İsrail-Ərəb müharibələrində Ərəb ölkələrinə yaxından kömək etdi.
1975-ci ildə SSRİ-nin fəal iştirakı ilə Helsinki müşavirəsində Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi (ATƏM) təşkilatı yarandı 1994-cü ildən bu təşkilat ATƏT adlandı. 1978-ci ilin sonu 1979-cu ilin əvvəllərində Çin Vyetnama qarşı hərbi müdaxiləyə başlasa da, SSRİ buna imkan vermədi, Vyetnamı müdafiə etdi.
70-ci illərdə SSRİ ilə sosialist ölkələri arasında iqtisadi əməkdaşlıq sahəsində müəyyən müvəffəqiyyətlər qazanıldı. Sosialist ölkələrinin sənaye cəhətdən inkişafı, yanacaq-xammal və energetika bazasını yaratmaq üçün onların səylərinin birləşdirilməsi tələb edilirdi. Bu məqsədlə birgə obyektlər tikildi ki, «Dostluq» qaz kəməri onlardan birincisi oldu. «Sülh» energetika sistemi yaradıldı. Əməkdaşlığın genişləndirilməsində QİYŞ mühüm rol oynayırdı.
1971-ci ildə QİYŞ üzvü olan ölkələr 15-20 il üçün nəzərdə tutulmuş sosialist inteqrasiyasının kompleks proqramını qəbul etdilər. 70-ci illərin axırlarında əməkdaşlığın bir sıra sahələrində uzunmüddətli məqsədli proqramlar işlənib hazırlandı və qəbul olundu. Lakin onlar bütövlükdə kompleks inteqrasiya proqramı kimi, resurs, gözlənilən nəticə və məqsəd nöqteyi-nəzərindən kifayət qədər işlənmədiyindən onların reallaşdırılması ancaq ayrı-ayrı tədbirlərdən ibarət oldu.
70-ci illərin ikinci yarısında SSRİ-nin və digər sosialist ölkələrinin həyatında çətinliklər artmağa başladı. Siyasi və iqtisadi əməkdaşlığın yeni forma və metodlarının axtarışı, əmtəə-pul münasibətlərinin təkmilləşdirilməsi tələb olunurdu.
Bu dövrdə SSRİ inkişaf etməkdə olan «üçüncü dünya» ölkələrinə müxtəlif sənaye, tədris, kənd təsərrüfatı müəssisələrinin tikilməsində, milli kadrlar, həkim, müəllim və başqa mütəxəssislər hazırlanmasında yardım göstərirdi. Lakin Sovet İttifaqı ilə bu ölkələr arasındakı münasibətlərə çox vaxt Sovet rəhbərliyinin səhvləri və nöqsanları, müxtəlif nəzəri və sosial-iqtisadi sxemlərin həyata keçirilməsi ardınca qaçmaq, daxili və xarici amillərin, milli xarakterin, tarixi ənənələrin kifayət qədər qiymətləndirilməməsi mane olurdu.
Əgər 60-cı illərin sonundan və 70-ci illərin sonuna qədər olan dövr beynəlxalq gərginliyin zəifləməsi ilə əlamətdar idisə, 70-ci illərin sonundan 80-ci illərin ortalarına qədər olan dövr isə silahların sürətlə artırılması, hələ tarixdə görünməmiş hərbi qarşıdurma ilə yadda qaldı. Dünya hərbi qarşıdurmanın ən təhlükəli hüdudlarından birinə yaxınlaşdı. Bu isə ilk növbədə SSRİ və ABŞ tərəfindən əmələ gəlmiş reallıqlara yeni yanaşmanı tələb edirdi. Beynəlxalq gərginliyin kəskinləşməsinin səbəblərindən biri SSRİ və kapitalist ölkələrinin siyasəti idi. Bu siyasətin əsasını SSRİ-nin nüvə müharibəsinin qarşısının alınması strateji konsepsiyası təşkil edirdi. Həmin siyasət fasiləsiz olaraq surətlə silahlanmaya, nəticədə isə nüvə müharibəsinin mümkünlüyünə haqq qazandırırdı. Bu dövrdə Brejnev rəhbərliyi isə sovet adamlarını inandırırdı ki, beynəlxalq gərginliyin və müharibə təhlükəsinin güclənməsinin başlıca səbəbi Qərbin hərəkətləridir. Bu dövrdə Brejnev rəhbərliyi xarici siyasətdə çox böyük səhvlərə yol verdi ki, bu da sovet xalqına olduqca baha başa gəldi. Qarşı tərəfə cavab «raketə raket», «təyyarəyə təyyarə», «tanka tank» xarakteri kəsb etdi.
SSRİ silahlı qüvvələri bir sıra silahlara görə də ordunun sayında olduğu kimi ABŞ-ı ötüb keçdi. Bu dövrdə Sovet xarici siyasətinin digər nöqsanı Avropada orta mənzilli raketlərin yerləşdirilməsi haqqında qərar oldu. Bu isə SSRİ-nin sülh və tərksilahın xeyrinə olan ənənəvi siyasi və ictimai fəaliyyətinin inandırıcılığını itirdi.
70-ci illərin sonu - 80-ci illərin ortalarında SSRİ-nin beynəlxalq mövqeyində böhranlı vəziyyət əmələ gəldi. SSRİ heç vaxt həmin dövrdəki kimi qüdrətli strateji potensiala malik olmamışdı, sovet adamarı isə heç vaxt öz təhlükəsizliyi və dünyada vəziyyət üçün belə böyük narahatlıq keçirməmişdi.
1979-cu ilin dekabrında SSRİ Əfqanıstanda qoşun yerləşdirdi. Bunun üçün öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyin, həmçinin Əfqanıstanda demokratiyanın müdafiə etməyin zəruriliyi «səbəb» kimi irəli sürülürdü.
70-ci illərin sonlarında SSRİ-nin Avropanın sosialist ölkələrində orta mənzilli raketləri yerləşdirməsi, həm də Əfqanıstana qoşun yeritməsi onu dünya ictimaiyyətinin nəzərində nüfuzdan saldı, onun sülh səylərinə inamı ciddi surətdə sarsıtdı. O artıq demokratiyanın dayağı kimi öz mövqeyini itirdi. Bu hadisələrdən sonra 1980-ci ildə Moskvada keçirilən ümumdünya olimpiadasında bir çox dövlətlər iştirak etmədi.
Dostları ilə paylaş: |