III. ALMANİYA
Almaniya ikinci dünya müharibəsindən sonrakı ilk dövrdə. AFR və ADR-in təşkili. Almaniya ikinci dünya müharibəsində də məğlub oldu. Birinci dünya müharibəsində Almaniyanın öz ərazisi o qədər də dağıntıya məruz qalmamışdı. Lakin İkinci dünya müharibəsi dövründə Almayniyanın şərqi və mərkəzi sovet silahları qüvvələri, qərbi isə ingilis-fransız qoşunları tərəfindən bir xarabazara çevrilmişdi. Müharibə nəticəsində Almaniya 13,5 milyon adam itirmişdi ki, bunlardan 6,9 milyonu sovet cəbhəsindən geri qayıtmamışdı. Krım və Potsdam konfranslarının qərarlarına əsasən Almaniya Oder və Neyse çaylarının qərb sahillərini Polşaya, Kalininqrad vilayətini isə SSRİ-yə verməli oldu. Həmin ərazilərdə yaşayan 9 milyon alman qaçqın vəziyyətində Almaniyaya qayıtmış, mənzilsiz və ərzaqsız qalmışdı. Almaniyada sənaye istehsalı müharibə dövründə 30% azalmış və əhalinin həyat səviyyəsi müharibədən əvvəlkinə nisbətən 30% aşağı düşmüşdü. Maddi itkilər həm də böyük maliyyə böhranına səbəb olmuşdur. Dövlət borcları 1938-ci ilin sonundakı 27,2 milyard markadan 1945-ci ilin mayına kimi 377,3 milyard markaya qalxmışdı. İnflyasiya müharibədən əvvəlki dövrlə müqayisədə 600% təşkil edirdi. İş günü 16 saata qədər uzanmışdı, əmək haqqı isə 1940-cı il səviyyəsində qalırdı. Ən dəhşətlisi əhalidə çox böyük ruh düşükünlüyünün olması idi.
İkinci dünya müharibəsinin Almaniya üçün ən faciəli nəticələrindən biri də onun vahid dövlət kimi varlığını itirməsi idi. Almaniyanın taleyi məsələsi antihitler koalisiyasına daxil olan əsas dövlət başçılarının müharibədən sonrakı dünyanın tənzimlənməsində müzakirə etdikləri ən başlıca məsələ idi. 1944-cü ilin sentyabrında ABŞ-ın maliyyə naziri Henri Morqantaunun Almaniya barəsində işləyib hazırladığı plan müttəfiqlərin Kvebekdəki konfransında bəyənildi. Bu plan Almaniyanın ərazisinin müttəfiqlər arasında bölünməsi, onun sənaye potensialının və kənd təsərrüfatının stimullaşdırılması üzərində ciddi beynəlxalq nəzarət qoyulmasını tələb edirdi. Bu plan müttəfiqlərin Yalta konfransında da bəyənildi. 1945-ci ilin iyul ayının 17-si ilə avqust ayının 2-si arasında olan Potsdam konfransında Almaniyanın ərazisi dörd - şərqi-sovet, şimal-şərqi-ingilis, qərbi-fransız, cənubu isə ABŞ-ın işğal zonasına bölündü. Həmin işğal zonalarında bu dövlətlərin qoşunları saxlanılırdı. Sovet işğal zonası Almaniya ərazisinin 40%-ni, əhalisinin 30%-ni, istehsal potensialının isə 33%-ni əhatə edirdi. SSRİ Almaniyadan Qərb dövlətlərinin xeyrinə olaraq qızıl almaqdan imtina etdi, lakin qərb işğal zonasından sənaye avadanlığının 10%-ni almaq hüququnu özündə saxladı. Almaniyanın donanması SSRİ, ABŞ və Böyük Britaniya arasında bölüşdürülmüşdü. Almaniyaya aid ümumi məsələlər isə həmin dövlətlər tərəfindən təyin edilmiş nəzarət şurası tərəfindən yekdillik prinsipi əsasında həll edilirdi. Sovet işğal zonasına Jukov, ingilis işğal zonasına Manthomeri, fransız işğal zonasına Latr de Tassini, ABŞ işğal zonasına isə ikinci cəbhənin komandanı olmuş Eyzenhauer başçılıq edirdi. Nəzarət şurası Almaniyada «D» planını həyata keçirməli idi. Həmin plana əsasən Almaniya tamamilə silahsızlaşdırılmalı, faşizmin kökü kəsilməli, o, demokratik dövlətə çevrilməli idi. 1945-ci ilin noyabrından 1946-cı ilin oktyabrına qədər Nürnberqdə Beynəlxalq tribunal hərbi və nasist canilərinin işinə baxdı. Cinayətin dərəcəsinə görə ittiham olunanlar beş qrupa bölünürdü. Ən şiddətli cəzaya əsas günahkarlar məruz qaldılar. İttiham olunanların, demək olar ki, 95%-i bəraət aldı.
1946-cı ilin iyunun 30-da dörd işğal zonası rəhbərlərinin razılaşması nəticəsində sovet və qərb işğal zonaları arasında insanların və malların hərəkəti üzərində ciddi nəzarət rejimi həyata keçirilməyə başladı. Bu rejim yalnız dörd işğal zonasına bölünmüş. Berlinə aid edilmədi. Bu da onun dəfələrlə mübahisə mənbəyi olmasına gətirib çıxartdı. Lakin müharibənin son dövründə müttəfiqlər arasında yaranan fikir ayrılıqları və qarşıdurma Almaniyanın vahid dövlətdə birləşməsinə mane oldu, onun parçalanmasını labüd etdi.
SSRİ Almaniyanı bitərəf dövlət kimi görmək istəyirdi, qərb dövlətləri isə onun kapitalizm quruluşunda qalmasını istəyirdilər.
Müharibənin qurtarması Qərbi Almaniyanın müxtəlif təbəqələrinin siyasi fəallığını canlandırdı. İlk dövrlərdə qərb zonasında antifaşist təşkilatları fəallıq göstərirdi. Dövlət Krup, Flik, Rexlinq, «İQ-Farbenindustri» firmasının müəssisələrini, həmçinin Rur metallurgiya müəssisələrini müsadirə etdi və milliləşdirdi. Lakin tezliklə qərb işğal zonasında, yəni ingilis, fransız və amerikan zonasında müharibədən sonra dərhal SSRİ-yə qarşı dura biləcək qüdrətli Almaniyanı bərpa etmək məsələsi ön plana keçdi. Artıq müttəfiqlər bu zonada Almaniyanı zəiflətmək planından əl çəkərək təzminatı dayandırdılar. Həmçinin ona avadanlıq və ərzaqla kömək etməyə başladılar. 1945-1946-cı illərdə Qərb zonada yerli özünüidarə orqanları təşkil edildi. Nasist partiyasının keçmiş üzvləri həbsdən azad edilərək ölkənin siyasi və təsərrüfat həyatında fəal iştirak etməyə başladılar. Eyni zamanda antifaşist təşkilatlar sıxışdırılmağa başladı. 1946-cı ilin dekabrında ingilis və amerikan işğal zonaları birləşərək Bizoniya təşkil etdilər. 1948-ci ilin fevralında isə Fransa işğal zonası da buna qoşularaq Trizoniya təşkil edildi. 1948-ci ilin iyunun 20-də qərb zonasında inflyasiya hökm sürdüyünə görə şərq zonası nəzərə alınmadan seperat pul islahatı keçirildi. Qiymətdən düşmüş reyx-marka alman markası ilə, yəni doyçmarka ilə əvəz edildi. Pulun dəyəri birə on qat artırıldı. Belə ki, əhaliyə 40 marka əvəzinə 40 doyçmarka verilirdi. Qalan pullar isə 6,5-in 100-ə nisbətində ödənilirdi. Qalan 65% pullar ləğv edildi. Təqaüdüdlər, əmək haqları, müavinatlar 1:1 nisbətində yenidən hesablanılırdı. Bütün keçmiş dövlət öhdəliklərinin hamısı ləğv edildi. Bu hadisə SSRİ tərəfindən qəti etiraza səbəb oldu. Nəticədə SSRİ 1948-ci ilin iyunun 24-də qərbi Berlini mühasirəyə aldı. Bu zaman müttəfiq dövlətlər «Berlinin havaya qalxması» əməliyyatı həyata keçirərək oradakı əhalini aviasiya vasitəsi ilə ərzaqla təchiz etdilər. Yeni dünya müharibəsinin başlanacağından qorxuya düşən Stalin Berlinin mühasirəsindən əl çəkmək barədə əmr verdi. 1948-ci ilin avqustun 30-da aparılan dövrdtərəfli danışıqlar nəticəsində Berlində qərb markası götürüldü. Xüsusi statusa Malik Qərbi Berlin təşkil edildi. Almaniyada əvvəl pul çoxluğu, mal qıtlığı var idisə, pul islahatından sonra isə mal çoxluğu, pul qıtlığı başladı. Ölkə iqtisadiyyatı canlandı. Ən çox neftçıxarma, maşınqayırma, elektrotexnika, avtomobil və digər sahələr inkişaf etməyə başladı. 1948-ci ilin iyunun 24-də Sovet işğal zonasında da köhnə markalar xüsusi kuponlarla əvəz edildi.
İkinci Dünya müharibəsindən sonra Almaniyanın qərb işğal zonasında sinfi qüvvələrin yenidən qruplaşması baş verdi. Faşizm dövründə fəaliyyəti qadağan edilmiş sosial-demokrat və kommunist partiyaları açıq fəaliyyətə başladılar. Onlar birləşmək istədilər. Lakin sosial-demokratların sağ qanadının başçısı Kurt Şumaxer Hannoverdə «büro» təşkil etdi və birləşməyə qarşı çıxdı. 1945-ci ilin oktyabr ayının 5-6-da sosial-demokratlar öz konfranslarını çağırıb özlərini bütün Qərbi Almaniyada yeganə sosial-demokrat partiyası elan etdilər. Almaniya sosial-demokrat partiyası o zaman Almaniyada ən çox saylı partiyalardan biri idi. 1948-ci ildə onun üzvlərinin sayı 711 min nəfəri ötmüşdü. Almaniya kommunist partiyası da yenidən təşkil edilərək 1948-ci ilin aprelində öz konfransını çağırdı. Maks Reyman Almaniya Kommunist partiyasının sədri seçildi. Lakin burjuaziya da yaranmış şəraitə rəhbərlik etmək üçün öz siyasi partiyalarını yaratdı. Bu partiyalardan biri 1945-ci ilin yayında Kölndə yaradılmış Xristian demokratlar ittifaqı (XDİ) partiyası idi. Bu partiyanın əsas şüarı ümumi rifahı təmin etmək, inhisarların təzyiqini azaltmaq, ölkədə xristian sosializmi qurmaq idi. Bu partiya öz proqramında mühafizəkar dəyərlərə - intizam, sabitlik, dövlət, ailə, nikah məsələlərində keçmiş ənənələrə sadiq qaldığını göstərməklə yanaşı sərbəst bazar, şəxsiyyətin azadlığını reallaşdırmaq məsələsini ön plana çəkirdi. Bu partiyanın rəhbəri keçmiş katolik mərkəz partiyasından olan Konrad Adenauer idi. Bu partiya qərb dövlətlərindən güclü maliyyə yardımı aldı. 1947-ci ildə onun tərkibində 400 min üzv var idi. O bütün qərb işğal zonasına öz təsirini yaya bildi və tezlikdə kütləvi siyasi burjua partiyasına çevrildi.1945-ci ilin oktyabrında isə Bavariyada onun filialı olan Xristian sosialistlər ittifaqı (XSİ) yarandı. Tezliklə bu iki təşkilat vahid bir blokda (XDİ-XSİ) çıxış etməyə başladı. 1948-ci ildə ticarət və sənaye burjuaziyasının mənafeyini müdafiə edən Azad demokratlar partiyası yarandı. Bu dövrdə bir sıra digər təşkilatlar da meydana gəldi ki, bunlardan ticarət-sənaye palatasını, təsərrüfat sahələri birliyini, işçilər ittifaqını və s.-ni göstərmək olardı.
Faşizmin darmadağın edilməsi fəhlələrə həmkarlar ittifaqlarını yaratmağa imkan verdi. İlk həmkarlar ittifaqları 1945-ci ilin mayında təşkil edildi. Lakin ona kommunistlər başçılıq etdiyinə görə hökumət tərəfindən buraxıldı. 1947-ci ilin aprelində ingilis işğal zonasında Ümumi həmkarlar ittifaqı təşkilatı yaradıldı. 1949-cu ilin oktyabr ayının 12-14-də Münxendəki qurultayda o, Alman Həmkarlar İttifaqı Birliyi adlandı.
1948-ci ilin Berlin hadisələrindən sonra müttəfiqlər Almaniyanın qərb zonasında Almaniya dövlətini yaratmağa tələsdilər. Landtaq Müəssislər məclisinə çevrildi və 1948-ci ilin sentyabrın 1-də Bonda açıldı. Məclis komissiya tərəfindən hazırlanmış Konstitusiya layihəsini nəzərdən keçirdi. Sosial-demokratlar bütövlükdə konstitusiya layihəsini müdafiə etdilər. 1949-cu il mayın 23-də yeni alman dövlətinin konstitusiyası hesab edilən «İşğal zonasının statusu haqqında» qanun qüvvəyə mindi. Qanun dövlət quruluşunun əsas prinsiplərini müəyyən edirdi. Konstitusiyaya görə Almaniyanın dövlət quruluşu parlamentli federativ respublika olmalı idi. Prezident əvvəlki dövrdən fərqli olaraq məhdud səlahiyyətlərə malik idi. O hər iki palatanın – aşağı palata olan və ölkə əhalisinin sayına görə seçilən bundestaqın və yuxarı palata olan və tərkibi torpaqların qanunverici məclisləri tərəfindən təyin edilmiş üzvlərdən ibarət olan bundestratın birgə iclasında 5 il müddətində seçilirdi. Bundestaqda əksəriyyətə malik olan partiyadan kansler, yəni baş nazir seçilirdi. Kansler Almaniyanın daxili və xarici siyasətində mühüm rol oynayırdı. Kansler ancaq parlament qarşısında cavabdeh idi. Kanslerin təqdimatı əsasında prezident nazirləri təyin edir və işdən çıxarırdı. Konstitusiya həmçinin bir sıra demokratik azadlıqları özündə təsbit etdi. Parlamentə seçkilər dörd ildən bir keçirilirdi. Konstitusiyaya görə Almaniyaya əvvəl 9 torpaq (land) daxil edildi. Baden, Vürtemberq-Baden və Vürtemberq-Hohensolern torpaqları birləşdi və yeganə Baden-Vürtemburq torpağı təşkil edirdi. 1957-ci ildə Saar torpağı da ona birləşdikdən sonra torpaqların sayı on oldu. Qərbi Berlin muxtariyyətini saxlasa da, lakin ona aid məsələlərə Qərbi Almaniya parlamentində baxılırdı. Konstitusiya xüsusi mülkiyyət hüququna təminat verirdi. 1949-cu ilin avqustun 14-də ilk dəfə qərb zonasında bundestaqa seçkilər keçirildi. Nəticədə Xristian demokrat və xristian-sosialistlər ittifaqı (XDİ-XSİ) bloku 48% səs toplayaraq Azad demokratlar partiyasının köməyi ilə hakimiyyətə gəldilər. İki+ «yarım» partiyalı sistem Almaniyada gələcək üçün də forma sayılmış oldu. 1876-cı ildə anadan olmuş, siyasi uzun ömürlülüyü ilə Çörçillə bənzəyən, Almaniyada demokratik institutların yaradılmasında və Almaniyanın qüdrətli dövlətə çevrilməsində böyük rolu olan 73 yaşlı Adenauer kansler oldu. O, 1963-cü ilə qədər bu vəzifədə qaldı. Prezident isə Azad demokratlar partiyasının lideri F.Xeys seçildi. Hökumət əsasən XDİ və XSİ-nin nümayəndələrindən təşkil olundu. Hökumətin tərkibinə müstəqil demokratlar və digər burjua partiyalarının nümayəndələrindən də daxil edildi. Hökumətin üzvlərindən 13-ü bankir, qalanları isə sənayeçi və mülkədar nümayəndələrindən ibarət idi. 1949-cu ilin sentyabrın 21-də isə Almaniya Federativ Respublikasının (AFR) yaradıldığı elan edildi.
Sovet işğal zonasında da Şərqi Almaniya dövlətinin yaradılması prosesi başlandı. Hələ 1947-ci ildə burada Alman Xalq Konqresi təşkil edildi. O təklif irəli sürdü ki, vahid Almaniya dövlətinin yaradılması üçün bütün alman xalqı arasında referendum keçirilsin. Qərbi Almaniyada hakimiyyət tədbirlər keçirilməsini və ümumalman xalq konqresinin müdafiəsini qadağan etdi. Bununla eyni vaxtda Alman Xalq Şurası təşkil edildi və ona səlahiyyət verilidi ki, Şərqi alman dövlətinin konstitusiyasını hazırlasın. 1946-cı ildə təşkil edilmiş Almaniya Vahid Sosialist partiyasının nümayəndələri tərəfindən konstitusiyanın layihəsi hazırlandı. 1949-cu ilin may ayının 30-da Almaniya Demokratik respublikasının konstitusiyası təsdiq edildi.
1949-cu ilin oktyabr ayının 7-də müvəqqəti Xalq palatası təşkil edildiyi üçün həmin gün rəsmi ADR-in yaranması günü oldu. Almaniyanın bölünməsi rəsmiləşdirilmiş oldu. Almaniya məsələsi İkinci dünya müharibəsindən sonrakı dövrün ən mürəkkəb beynəlxalq problemlərindən birinə çevrildi.
Dostları ilə paylaş: |