İngiltərə C.Meycorun baş nazir olduğu «yeni mühafizəkar hökuməti» dövründə (1990-1997-ci illər). Con Meycor hələ 1989-cu ilin iyulundan xarici işlər naziri olarkən tanınmışdı. Onun şəxsi nüfuzu yüksək idi və «dəmir ledinin» stilindən yorulmuş əhali onu rəğbətlə qarşıladı. O hakimiyyətə gələn kimi «can vergisi»ni təxirə saldı. Vətəndaşlardan gəlirlərinin səviyyəsinə görə vergi alınmağa başladı. 90-cı illərin əvvəllərində ölkədə başlıca göstəricilər üzrə inkişaf aşağı düşsə də, hökumət iqtisadi siyasət sahəsində radikal addımlar atmaqdan çəkindi. Seçkiqabağı kampaniyada o, Tetçerin inadkar, fəal elektoratı səfərlərlərliyə almaq taktikasından imtina edərək, cəmiyyətin geniş təbəqələrinin simpatiyasını qazanmağı üstün tutdu. 1992-ci ilin aprelin 2-də icma palatasına keçirilən seçkilərdə mühafizəkarlar partiyası 41,9% səs alaraq əksəriyyət qazandı. Mühafizəkarlar partiyası daxilindəki müxalifəti aradan qaldırmaq üçün Con Meycor ən sərt metodlara əl atmalı oldu. Siyasi şəraitin sabitləşməsi ölkənin iqtisadi vəziyyətini də yaxşılaşdırdı. 1992-ci ildə iqtisadiyyatda canlanma müşahidə edilməyə başladı. 1997-ci ilə qədər inkişafın dinamikası Avropa İttifaqının digər ölkələrini ötüb keçdi. Qadınların fəallığı artdı. Onlar 1997-ci ildə fəhlə və qulluqçuların 47%-ni təşkil edirdilər. Sənaye bölməsi fasiləsiz artmağa başladı. Sənayedə əmək məhsuldarlığı ildə 3-4% artdı. Kapital qoyuluşu isə çox az artdı. Meycor hökuməti kiçik biznesin maraqlarını nəzərə alaraq 1992-ci ildə «Kiçik biznesin xartiyası» sənədini işləyib hazırladı. Onlara kredit ayrıldı və vergi güzəştləri edildi Özəlləşdirmə davam etdirildi. 1994-1995-ci illərdə idxal 4-5%, ixrac isə 10% artırıldı. Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq iqtisadi artımın sürəti qiymətlərin artma tempini qabaqladı. «Sərt iqtisadi qənaət» siyasəti həyata keçirildi. Böyük Britaniya Aİ-nın «Sosial xartiyası»na qoşulmadı.
Vətəndaş cəmiyyətinin hüququ əsasları möhkəmləndirildi. Hökumət 1992-1993-cü illərdə «Vətəndaş xartiyası» adı altında «Valideynlərin xarityası», «Pasientlərin xartiyası», «Mənzildəki ailə başçılarının xartiyası», «İstehlakçıların xartiyası», «İş axtaranların xartiyası», «Sərnişinlərin xartiyası» adlı sənədlər qəbul etdi. 1994-cü ilin sonuna qədər xartiyaların sayı 40-a çatdı.
Meycorun dövründə regionlaşma siyasəti də xeyli fəallaşdı. Şotlandiya, Şimali İrlandiya, Uels kimi nisbətən geridə qalmış rayonların iqtisadi inkişafını stimullaşdırmaq istiqaməti götürüldü. Uelsdə vali dilinin məktəblərdə tədrisinə icazə verildi. 1994-cü il qanununa əsasən Uelsin inzibati-ərazi quruluşu möhkəmləndirildi. 1995-ci ilin əvvəllərində İngiltərə və İrlandiya dövləti arasında Olster problemini həll etmək üçün birgə saziş imzalandı. Britaniya hökuməti Şimali İrlandiyaya özünün «daimi əyaləti» kimi baxmaq haqqındakı qanunvericilik aktına yenidən baxacağına söz verdi.
1997-ci il parlament seçkilərində Şimali İrlandiya, Şotlandiya və Uelsdə mühafizəkarlar partiyasının nüfuzunun bir qədər zəifləməsi özünü göstərdi.
Dostları ilə paylaş: |