Böyük Britaniya leyboristlər hökumətinin hakimiyyəti dövründə (1974-1979-cu illər). 1974-cü ildə ölkədə tətil hərəkatı xeyli gücləndi. Böhranla, xüsusilə yanacaq və xammal çatışmamazlığı ilə əlaqədar olaraq Edvard Hit hökuməti fövqəladə vəziyyət elan etdi. Bir sıra müəssisələrdə üç günlük iş həftəsinə keçildi. Ölkədə sənaye istehsalı 30% aşağı düşdü. İşsizlik artdı. Bütün bunlar 1974-cü ilin oktyabr ayının 10-da keçirilən parlament seçkilərində leyboristlərin əksəriyyət qazanmasına və yenidən Harold Vilsonun başçılığı altında leyboristlər hökumətinin təşkilinə gətirib çıxardı. Hökumət yenə də milliləşdirməni tətbiq etdi, əmək haqqlarını 20% artırdı, fövqəladə vəziyyəti ləğv etdi, normal iş həftəsinə keçirildi. 1974-cü ildə leyboristlər «Sənayedə münasibətlər haqqında» qanunu ləğv etdilər, haqqı ödənilən məzuniyyətə üçüncü həftə də əlavə olundu. Hökumət infilyasiyaya qarşı fəal mübarizəyə başladı. «Gəlir siyasəti» könüllü xarakter aldı. Pensiyalar və işsizlərə yardım artırıldı. Hər il mənzil haqlarının artması «donduruldu». Bununla belə, hökumət milli sənaye və ərzaq məhsulları üzərində qiyməti artırdı. Gəlir vergisi və dolayı vergilər də artırıldı. Ərzaq məhsulları üzərində dövlət subsidiyaları ixtisar edildi. Mənzil tikintisi üçün ayrılan təxsisatlar azadıldı. 1975-ci ilin iyulunda antiinfilyasiya haqqında proqram qəbul edildi. Əmək haqlarının artırılması məhdudlaşdırıldı. 1976-cı ildə həmkarlar ittifaqları ilə sahibkarlar arasında qarşılıqlı güzəştlər haqqında «sosial kontrakt» bağlandı və 1978-ci ilə qədər o, qüvvədə oldu. Hökumət öhdəsinə götürdü ki, əmək haqqlarını azaltmayacaqdır.
Leyboristlər hökuməti də ölkədəki iqtisadi böhranı aradan qaldırmağı bacarmadı. Ona görə də, 1976-cı ilin martında baş nazir Vilson həm hökumətin, həm də leyboristlər partiyasının başçısı vəzifəsindən istefa verdi. Harold Vilsonu Corc Kallagen əvəz etdi. Corc Kallagen 1979-cu ilə qədər bu vəzifədə qaldı. Kallagenin baş nazir olduğu dövrdə «büdcə iqtisadiyyatı» siyasətinə keçildi.
70-ci illərin ikinci yarısında İngiltərə tədricən böhrandan çıxmağa başladı. 1977-ci ildə ölkənin maliyyə vəziyyəti bir qədər yaxşılaşdı. 1978-ci ildə ölkədə sənaye məhsulu istehsalı 1973-cü il səviyyəsinə çatdı. 70-ci illərin sonunda ölkədə yenidən iqtisadi çətinliklər başlandı. Poladəritmə, avtomobilqayırmada sənaye məhsulları istehsalı sürətlə aşağı düşdü. Bunun əksinə olaraq Şimal dənizində neft və qaz çıxarılması inkişaf etdi. 1979-cu ildə Böyük Britaniyada 75 milyon ton neft çıxarıldı ki, bu da onun tələbatını tamamilə ödəyirdi.
Bu dövrdə ölkənin siyasi həyatında sabitlik xeyli pozuldu. Hökumət Olster, Şotlandiya, Uels problemini həll edə bilmədi. Şimali İrlandiyada vəziyyət kəskinləşdi. 1978-ci ilin yanvarında Avropa məhkəməsi Strasburqda İrlandiyanın məsələsinə baxdı. Təqibin güclənməsi nəticəsində minlərlə adam Şimali İrlandiyanı tərk etməyə məcbur oldu.
İngiltərənin siyasi həyatında 70-ci illərin sonunda sağ, irticaçı qanad da gücləndi. 15 min üzvü olan «Milli cəbhə» faşist irqçi təşkilatı öz fəaliyyətini genişləndirdi. Onlar «Qara və rəngli dərililər İngiltərədən rədd olun!» şüarını irəli sürdülər. Bu şüar 2 milyon «rəngli» adama qarşı çevrilmişdi. 1977-ci ilin avqustun 13-də irqçilər Londonun cənub-şərq küçələrində yürüş təşkil etdilər. Toqquşma nəticəsində 100 nəfər öldü, 200 həbs edildi. Buna cavab olaraq 100 həmkarlar təşkilatı «Antimilli liqa» təşkil etdilər.
İngiltərə NATO-da öz fəaliyyətini genişləndirdi. Orta mənzilli raketlərin Avropada yerləşdirilməsini və NATO-nun xərclərinin 3% artırılmasını dəstəklədi. Eyni zamanda İngiltərə Helsinki müşavirəsində iştirak etdi və onun Yekun altına imza atdı. «Yeddilər qrupu»nun üzvü oldu. 1975-ci ilin fevralında İngiltərə, SSRİ və ABŞ arasında nüvə silahını genişləndirməmək haqqında saziş bağlandı. Bundan sonra Sovet-İngiltərə münasibətləri xeyli canlandı. İngiltərə Yaxın Şərq məsələsində ABŞ və İsraili müdafiə etdi. 70-ci illərin sonunda ABŞ kimi İngiltərə də beynəlxalq gərginliyin zəifləməsi xəttindən yan keçməyə başladı.
Dostları ilə paylaş: |