Böyük Britaniya leyboristlərin hakimiyyəti dövründə (1945-1951-ci illər). 1940-cı ilin mayından 1945-ci ilin iyuluna qədər İngiltərədə U.Çörçillin başçılıq etdiyi mühafizəkarlar hökuməti hakimiyyətdə idi. 1945-ci ilin iyulun 26-da İngiltərədə parlament seçkiləri keçirildi. Seçkiqabağı kampaniyada leyboristlər xalqa vəd etdilər ki, hakimiyyətə gəlsələr, Böyük Britaniyada «firavanlıq dövləti» yaradacaqlar. Bu təbliğat öz işini gördü. Leyboristlər – 393, mühafizəkarlar – 189, liberallar – 12 yer aldılar. İki kommunist – Uilyam Qallaxer v Filipp Pirettin də parlamentə deputat seçildi. Müharibə dövründə xalq içərisində böyük nüfuz qazanmış leyboristlər ölkə tarixində ilk dəfə olaraq icma palatasında mütləq əksəriyyət qazandılar. Leyboristlər partiyasının lideri Klement Ettlinin başçılığı altında hökumət təşkil edildi. Burjuaziyanın və iri torpaq aristokratiyasının mənayefini müdafiə edən və İngiltərənin keçmiş tarixi ənənələri çərçivəsində qalmasına çalışan mühafizəkarlardan fərqli olaraq əsas sosial bazası həmkarlar ittifaqının üzvləri olan leyboristlər partiyası İngiltərəni «demokratik sosializm» yoluna çıxarmaq uğrunda mübarizə aparacağını elan etdi. Bu dövrdə ölkə qarşısında ciddi iqtisadi, siyasi və maliyyə problemləri dururdu. ABŞ 1945-ci ilin avqustunda lend-liz qanunu üzrə İngiltərəyə məhsul göndərilməsini dayandırdı. Belə olduqda leyboristlər hökuməti ABŞ və Kanadadan istiqraz istəməyə məcbur oldu. ABŞ və Kanada 1946-cı ilin martında ona 5,6 milyard dollar dəyərində istiqraz verdi. 1947, 1949, 1951-ci illərdə İngiltərə maliyyə böhranı keçirdi.
Leyboristlər hakimiyyətə gəldikdən sonra iqtisadi sahədə müəssisələrin bir çoxunun zərərlə işləməsini əsas götürərək geniş milliləşdirməyə keçdilər. 1946-cı ilin fevralında İngiltərə bankı, 1946-1947-ci illərdə dəmir yollar, mülki aviasiya, nəqliyyat, kabel və teleqraf rabitəsi, həmçinin kömürçıxarma və elektrotexnika sənayesi, 1948-ci ildə qaz sənayesi, 1949-cu ildə isə polad və dəmir istehsalı milliləşdirildi. Milliləşdirilmiş müəssisələrin sahiblərinə kompensasiya verildi, özlərini isə həmin müəssisələrə direktor təyin etdilər. Bu müəssisələrdə fəhlələrin 20%-i çalışırdı. Ölkədə iqtisadiyyatın dövlət bölməsi 20-25% təşkil edirdi. Bütün bunların nəticəsində İngiltərə 1948-ci ildə sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki səviyyəyə çatdı. Kapital icraçı 1951-ci ildə 1937-ci illə müqayisədə 53% artdı. Lakin İngiltərədə talon sistemi 50-ci illərin ortalarına qədər qaldı. Bu isə ölkədə iqtisadi inkişafın zəif getməsinin təzahürlərindən idi. İkinci dünya müharibəsindən sonrakı illərdə İngiltərə Qərbin qabaqcıl dövlətlərindən biri, çox zəngin inhisarları olan, elm və texnikanın sürətlə inkişaf etdiyi ölkə, «nüvə klubu»nun üzvü olsa da, öz inkişaf sürətinə görə Qərbi Avropanın digər qabaqcıl ölkələrindən, ABŞ və Yaponiyadan geri qalırdı. Bunun səbəbləri təkcə müharibədə verdiyi itkilər, müstəmləkə imperiyasının dağılması, ABŞ-ın kapitalist dünyasının aparıcı siyasi və hərbi qüvvəsi kimi irəli çıxması, rəqabət mübarizəsinə yenidən başlamış AFR və Yaponiyanın sürətli dirçəlişi deyil, həm də Böyük Britaniya hakim sinfinin lazımi daxili yenidənqurma iqtidarında olmaması idi.
1949-cu ildə lordlar palatasının islahatı keçirildi. Maliyyə məsələsinə onun «veto» qoymaq hüququ iki ildən bir ilə endirildi. Həmçinin Lordlar palatası icmalar palatasının qəbul etdiyi qərarları artıq rədd edə bilməzdi.
Dövlət həmçinin sosial sahədə geniş tədbirlər həyata keçirdi, pulsuz tibbi xidmət tətbiq etdi. 1927-ci ildə verilmiş həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanun ləğv edildi. 1946-cı ildə qanunlar paketi qəbul edildi ki, ona sığortanın milliləşdirilməsi, sənaye işçilərinin müdafiəsi və milli səhiyyə haqqında aktlar daxil idi. Paket 1948-ci ildə Milli sosial müdafiə nazirliyinin təşkili ilə tamamlandı. Həmin qanunlar əsasında, bütün əhalinin yaşına görə (kişilər 65, qadınlar 60 yaşdan) pensiya ilə təmin edilməsi, işsizlərə müavinat verilməsi, hamiləlik, ölüm və xəstəlik zamanı maddi yardım göstərilməsi qanuniləşdirildi. Sığorta fondunun 35%-i sığorta edilənlərin özünün hesabına, qalanı isə sahibkarlar və dövlətin hesabına maliyyələşdirilməli idi. Bütün bu islahatlar nəticəsində sosial müdafiəyə dövlət xərcləri 2,5 dəfə artdı.
Leyboristlərin hakimiyyəti dövründə zəhmətkeşlərin real əmək haqqı müharibədən əvvəlkinin 80%-ni təşkil edirdi. 1945-ci ildə ölkənin 60 limanında fəhlələrin tətili qələbə ilə nəticələndi. Həmkarlar ittifaqları istehsalat prinsipi üzrə yenidən qurulmağa başladı. Lakin Britaniya tred-yunion konqresi əvvəlki sağ mövqedə qalırdı. 1948-ci ildə kommunistlər ölkədəki antisovet əhval-ruhiyyə ilə əlaqədar olaraq dövlət aparatından kənarlaşdırıldılar.
1948-ci ildə İngiltərədə sülh tərəfdarlarının hərəkatı başlandı. 1949-cu ilin iyununda İngiltərə sülhü müdafiə komitəsi yaradıldı. Bu hərəkatda ən çox həmkarlar ittifaqlarının üzvləri iştirak edirdilər.
Xarici siyasət sahəsində leyboristlər mühafizəkarların xəttini davam etdirdilər. Leyboristlərin hakimiyyəti dövründə İngiltərə «soyuq» müharibəyə qoşulan ilk dövlətlərdən biri oldu. Müstəmləkələrə münasibətdə İngiltərə ikili siyasət yeridirdi. O ölkədə ki milli-azadlıq hərəkatının öhdəsindən gələ bilməyəcəyini dərk edirdi, onlara dominionluq hüququ və ya müstəqillik verirdi. 1947-ci ildə Birmaya və 1948-ci ildə Seylona müstəqillik verdi. 1947-ci ildə dini əlamətlərə görə Hindistanı iki yerə – Hindistan və Pakistana parçalayaraq onlara dominion hüququ verdi. 1950-ci ildə isə Hindistanın müstəqilliyini tanıdı. 1949-cu ildə Olsterdən başqa İrlandiyaya müstəqillik verdi. 1948-1951-ci illərdə İngiltərə «Marşall planı»na qoşularaq bu layihə əsasında 2,3 milyard dollar aldı. 1945-1950-ci illərdə Uqanda, Malayziya, Nigeriya, Keniyada milli-azadlıq hərəkatını zor gücünə yatırtdı. 1949-cu ildə NATO-nun təşkilində iştirak etdi. 1950-ci ildə Koreya müharibəsində ABŞ-ın tərəfində çıxış etdi. 1951-ci ildə ANZYUS-un yaranmasını bəyəndi. Yunanıstanda hərbi-faşist rejiminə kömək etdi. Leyboristlər xarici siyasətdə antisovetizm mövqeyi tutdular.
Dostları ilə paylaş: |