Böyük Britaniya mühafizəkarların hakimiyyəti dövründə (1951-1964-cü illər). 1950-ci ilin fevralında keçirilən seçkilərində leyboristlər çox cüzi üstünlüklə qalib gəlsələr də, ölkədəki enerji və maliyyə böhranı leyboristləri parlamenti buraxmağa və yeni seçkilər keçirməyə vadar etdi. 1951-ci ilin oktyabrın 25-də keçirilən seçkilərdə leyboristlər məğlub oldular. Bu seçkilərdə mühafizəkarlar 321, leyboristlər 295 yer aldılar. yenidən mühafizəkarlar hakimiyyətə gəldilər. 77 yaşlı Uinston Çörçill ikinci dəfə baş nazir kürsüsündə əyləşdi. 1964-cü ilə qədər mühafizəkarlar İngiltərədə hakimiyyətdə oldu. Bəzən leyboristlər bunu «hədər getmiş 13 il»də adlandırırlar. Mühafizəkarlar partiyasının liderlərindən olan Çörçill 1951-1955, müharibə dövründə xarici işlər naziri işləmiş Antoni İden 1955-1957, Harold Makmillan 1957-1963, Duklas Hyum isə 1963-1964-cü illərdə İngiltərənin baş naziri oldular. Mühafizəkarlar hakimiyyətə gəldikdən sonra əvvəlki səhvlərini təkrar etməyərək sosial sığorta və tibbi xidmət sahələrinə toxunmadılar. Mühafizəkarlar ilk növbədə yaranmış böhrandan çıxış yolu axtardılar. Onlar sənaye və ərzaq məhsullarından idxalı azaltdılar. Bu da ərzaq məhsullarının qiymətinin artmasına səbəb oldu. Eyni zamanda onlar səhiyyə, xalq təhsili, mənzil tikintisi, sosial sığortaya olan xərcləri də bir qədər azaltdılar. 50-ci illərin ortalarında İngiltərənin iqtisadi vəziyyəti bir qədər yaxşılaşdı.
Sənayenin inkişafı ən çox özünü yeni sahələrdə – elektroenergetika, aviasiya, matorqayırma, avtomobil, maşınqayırma, kimya və digər sahələrdə göstərdi. Bununla belə İngiltərənin kapitalizm dünyasının sənaye məhsulu istehsalında payı əgər 1948-ci ildə 11,2% idisə, 1962-ci ildə 8,8%-ə düşdü. Xalqın həyat səviyyəsi də aşağı endi. Mühafizəkarlar iqtisadiyyatı sabitləşdirmək üçün istehsalın və kapitalın mərkəzləşməsini və təmərküzləşməsini gücləndirdilər. Proqramlaşdırılmış iqtisadiyyata keçildi. Dövlət əmək münasibətlərinə daha çox qarışmağa başladı. Vergilər artırıldı, əmək haqqının artırılması isə məhdudlaşdırıldı. Onlar yenidən poladtökmə sənayesini və yük nəqliyyatını özəlləşdirdilər.
XX əsrin 50-ci illərndə Avropanın digər ölkələri kimi İngiltərədə də iqtisadi inkişaf müşahidə edilsə də, lakin o, bu sahədə Almaniya və Fransadan geridə qalırdı. Buna səbəb, ingilis burjuaziyasının daxildə istehsalı yenidən durmağa lazımi qədər təşəbbüs göstərməməsi idi. Bu həlledici səbəbdən başqa, 50-ci illərdə meydana çıxan və 80-ci illərin ortalarına qədər hökm sürən iqtisadi geriliyin - «ingilis xəstəliyi»nin digər səbəbləri də var idi. Belə ki, vaxtilə öz ərazisindən dəfələrlə böyük müstəmləkə ərazisinə malik olan İngiltərə İkinci dünya müharibəsindən sonra onların bir çoxuna müstəqillik verdiyi üçün indi onlardan lazım olan məhsulları pulla almalı olurdu. Sinqapurdan Cəbəllütariqə qədər olan ərazidə hərbi qarnizon saxlaması da dövlətə baha başa gəlirdi.
1952-ci ildə İngiltərə kralı VI Georq öldü. Taxta onun 26 yaşlı qızı II Yelizaveta çıxdı. Bu hadisə ilə əlaqədar İngiltərə hökuməti ABŞ-dan xahiş etdi ki, ABŞ ona nüvə silahı yaratmaqda kömək etsin. 1952-ci ildə İngiltərə atom silahına sahib olmaqla nüvə klubunun üzvü oldu. 50-ci illərdə yeganə artım kapital ixracında nəzərə çarpırdı. 1945-ci ildə İngiltərədə 2,4 milyard funt-sterlinq kapital ixrac edilirdisə, 1960-cı ildə bu rəqəm 11 milyard funt-sterlinqə çatdı. Mühafizəkarlar hökuməti idxalı xeyli azaltmaqla ənənəvi siyasət olan proteksionizm siyasətini yenidən tətbiq etdilər.
XX əsrin 50-60-cı illərində İngiltərədə fəhlə hərəkatı yenidən yüksəldi. 1952-1960-cı illərdə tətil hərəkatı 1948-1952-ci illərə nisbətən 64% artmışdı. Tətilçilər öz tələblərinin ödənilməsinə nail oldular. 1956-cı ildə 12,5 milyon fəhlənin əmək haqqı artırıldı. Fəhlə sinfi öz mübarizəsində təkcə iqtisadi tələblərlə kifayətlənmir, sülhü, milli-azadlıq hərəkatlarını müdafiə edir, Qərbi Almaniyanın yenidən silahlanmasına qarşı çıxır, Misirə təcavüzü pisləyirdi. 60-cı illərin birinci yarısında tətil hərəkatı yenidən yüksəldi. Fəhlələr daha çox sosial və siyasi tələblər irəli sürürdülər. 1962-ci ildə 800 min işsiz parlamentə yürüş təşkil etdi.
Elmi-texniki inqilab cəmiyyətin sosial strukturunda dərin dəyişkliklər yaratdı. Yüksək ixtisaslı mütəxəssislər 1935-ci ildə 13% təşkil edirdilərsə, 1960-cı ildə 22% təşkil etdilər. Qeyri-istehsal sahələrində muzdlu işçilərin sayı artdı. 1961-ci ildə ağ qalstuklular muzdlu əməklə məşğul olan şəxslərin 35,9%-ni təşkil edirdilər.
Mühafizəkarların hakimiyyəti dövründə xarici siyasətdə aşağıdakı amillər özünü nümayiş etdirirdi: Çörçill müstəmləkə imperiyasını qoruyub saxlamağı öz üzərinə götürsə də, bunu bacarmadı. Ona görə də o, «üç dairə» konsepsiyasını irəli sürdü. Bu konsepsiya İngiltərənin üç rolda özünü göstərə bilməsini nəzərdə tuturdu. Qərbi Arvopada o, lider, Qərbi Arvopa ilə ABŞ-ı əlaşələndirən əsas halqa, Millətlər birliyinin ənənəvi mərkəzi olmalı idi. 1954-cü ildə İngiltərənin başçılığı altında SEATO, 1956-cı ildə Bağdad paktı yaradıldı. 1955-ci ildə Çörçilli əvəz edən və «Hər bir diplomatiyanın arxasında güc durur» prinsipini əsas götürən baş nazir Antoni İden İngiltərənin Fransa və İsraillə birlikdə Misirə qarşı müharibəyə başlamasına razılıq verdi. Bu hadisə onu nüfuzdan saldı. Çünki Misir qələbə çaldı. Antoni İden istefa verməli oldu. Onun yerinə gələn Makmillan isə məcbur oldu ki, müstəmləkələrin çoxuna azadlıq versin. 1960-cı ildə İngiltərənin Afrikada ən böyük müstəmləkəsi olan Nigeriya müstəqillik qazandı, Cənubu Afrika İttifaqının CAR adlanmasına razılıq verildi. Bununla belə, bu hökumət Malayziya xalqına qarşı müstəmləkə müharibəsi apardı. Keniyanın zənci əhalisinə qarşı amansız tədbirlər gördü. İngiltərə 1878-ci il Berlin konfransının qərarına əsasən Türkiyədən alınaraq ona verilmiş Kiprin müstəqilliyini 1960-cı ildə tanımalı oldu. Ümumiyyətlə, 60-cı illərin əvvəllərində İngiltərənin əlində çox az yer – Cəbəllütariq (1704-cü ildən İngiltərənin tabeliyindədi idi) və okeanda bir sıra xırda adalar qaldı.
İngiltərə hökuməti bu dövrdə Avropa və Amerika ilə münasibətlərini yaxşılaşdırmağa daha çox üstünlük verirdi. O, Avropa qitəsinə aid olsa da, özünü avropalı hesab etmirdi. Məhz bunun nəticəsi idi ki, 1951-ci ildə Avropa polad və kömür birliyi, 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradılarkən İngiltərə onun tərkibinə daxil olmadı. 1960-cı ildə öz rəhbərliyi altında Avropa azad ticarət assosiasiyasını təşkil etdi. Onun üzvləri İngiltərə, Portuqaliya, Yunanıstan, İsveç idi. Lakin bu assosiasiya özünə möhkəm mövqe qazana bilmədi. Fövqəl dövlətlərin Avropada ağalıq etmələrinin qarşısını almaq üçün təşkil edilmiş Avropa İqtisadi Birliyi zamanın sınağından daha məharətlə çıxdı. Makmillanın baş nazir olduğu dövrdə SSRİ ilə münasibətdə mülayimlləşmə hiss olunurdu. Makmillan 1959-cu ildə SSRİ-yə səfər etdi. 1963-cü ildə Makmillan istefa verməli oldu. Onun əsas səbəbi hərbi nazir Prafyumonun şübhəli hərəkəti oldu. Makmillanı Duklas Hyum əvəz etdi. Onun dövründə atom silahının sınaqdan keçirilməsinin qadağan edilməsi ilə əlaqədar Moskvada bağlanan sazişə İngiltərə də imzasını qoydu. Bu dövrdə İngiltərə hökuməti Yaxın Şərqdə yenə də İsraili müdafiə edirdi. Mühafizəkarların hakimiyyəti dövründə İngiltərənin dominionları olan Kanada, Avstraliya, Yeni Zelandiya ilə əlaqələri daha da möhkəmləndi. Böyük Britaniya bu dövrdə ABŞ yönümlü xarici siyasət yeridirdi.
Dostları ilə paylaş: |