F.Mitteranın və J.Şirakın prezidentliyi dövründə Fransanın xarici siyasəti. Mitteran hakimiyyətə gəldikdən sonra Fransanın vəziyyətini Qərb blokunda və ABŞ-la münasibətdə möhkəmləndirməyə çalışdı. NATO ilə əməkdaşlıq genişləndi. 1982-1983-cü illərdə «Müasir kompüter texnologiyasının mübadiləsi» sahəsində əməkdaşlıq haqqında ABŞ-la saziş bağlandı. Fransa Avropada ABŞ-ın orta mənzilli raketlərinin yerləşdirilməsini müdafiə etdi. Fransa Baş Ştatının rəisi J.Jakaz tərəfindən 1983-cü ildə yeni «hərbi doktrina» işlənib hazırlandı ki, bu doktrinaya görə qollist «milli təhlükəsizlik» ideyasından imtina edilir, əvəzində «Şimali Atlantika ittifaqı və Avropanın müdafiəsi» sistemi ön plana çəkilirdi. Bu doktrinada NATO-ya məxsus olan «qlobal tənzimləmə» strategiyası öz əksini tapmışdı. Uzun illər keçdikdən sonra 1983-cü ildə Parisdə NATO Şurasının növbəti sessiyası keçirildi. Fransa SSRİ-yə qarşı sərt mövqe tutaraq Əfqanıstandan onun öz qoşunlarını geri çağırmasını, Polşada hərbi vəziyyətin təxirə salmasını, Şərqi Avropada yerləşən silahlı qüvvələrinin ixtisarını tələb etdi.
NATO istiqamətli siyasət Fransaya xeyir gətirmədi. O «yeddilər qrupu»nda ikinci eşalonda yerləşirdi. NATO ilə yaxınlıq Fransanın manevr və təşəbbüsdə müstəqilliyinin itirilməsinə səbəb oldu. Bu siyasət Fransanın üçüncü dünya ölkələrindəki mövqeyinə də mənfi təsir etdi.
Fransa 1981-ci ildə Afrika dövlət başçılarının iştirakı ilə xüsusi konfrans keçirdi. Burada əsas məsələ Afrika kontinentinin inkişafında Fransanın rolunu artırmaq idi. Fransanın Yaxın Şərqdəki siyasəti də məğlubiyyətə uğradı. Fransa İsrailə qarşı dostluq münasibətini nümayiş etdirdi. 1983-cü ildə ABŞ-ın təkidi ilə Fransanın Livana sülhməramlı qoşun kontingentini göndərməsi uğursuz oldu. Fransız diplomatiyası Asiya-Sakit okean regionunda da ciddi səhvələrə yol verdi. Fransanın Vyetnam və Kampuçiyaya qarşı sərt mövqeyi bu ölkələrin SSRİ ilə münasibətlərinin daha da möhkəmlənməsinə səbəb oldu. Jiskar D`Esten göstərirdi ki, Mitteranın səhvlərinin əsas səbəbi onun «Şarl de Qollun Fransanı çatdırdığı böyük dövlət səviyyəsindən uzaqlaşması idi».
1984-cü ildən Mitteran xarici siyasətə özü şəxsən nəzarət etməyə başladı. 1984-cü ildə o, Suriya ilə danışıqlara başladı və İsraili müdafiə etməkdən əl çəkdi. Fransa öz qoşunlarını Çaddan çıxartdı. Livandan da qoşun kontingentini geri çağırdı. SSRİ ilə münasibətlər yenidən normallaşdırıldı.
Fransa M.Qorbaçovun «yeni siyasi təfəkkür tərzi» konsepsiyasına və Avropa-Amerika dialoquna tərəfdar çıxdı Mitteran Avropa inteqrasiyasına xüsusi diqqət yetirdi.
AİB çərçivəsində Fransanın təşəbbüsü ilə «Evrika», «ESPD», «FACT» adlı texnoloji tədqiqatlar proqramı qəbul edildi. 1986-cı ildə Fransa və AFR-in yaxından iştirakı ilə Avropa ittifaqı yaratmaq konsepsiyasının hazırlanması mühüm hadisə oldu. «Vahid Avropa aktı» qəbul edildi. 1986-cı ildə RMB-nin lideri R.J.Şirak baş nazir olduqdan sonra da Mitteran qətiyyətli, lakin qarşıdurmasız öz xəttini yeritməyə başladı. 1986-1987-ci ildə «Bonn-Paris» oxunu möhkəmləndirməyə xüsusi diqqət yetirildi ki, bundan da məqsəd vahid Avropanın siyasi müdafiəsini təşkil etmək idi. Ərəb dünyasında Mitteranın nüfuzunu artıran əsas amillərdən biri Fransa ərazisindən Livanı bombalamaq üçün ABŞ təyyarələrinin uçmasının qadağan edilməsi haqqında onun qərarı idi.
Bununla belə, J.Şirakın baş nazir olması xarici siyasətə də öz təsirini göstərdi. Belə ki, Fransa 1986-cı ilin yazında Çada qarşı yenidən hərbi aksiyaya başladı. 1987-ci ildə İranla münasibətlər pisləşdi. Liviya böhranı zamanı ABŞ-la başlanan «ticarət müharibəsini» nizama salmaq üçün Şirak hökuməti ABŞ-la danışıqlara başladı. Bütün bunlara cavab olaraq Mitteran Anlantika kursuna yenidən baxılması məsələsini açıq şəkildə elan etdi.
80-90-cı illərin hüdudunda Fransa diplomatiyası bir sıra yeni problemlərlə qarşılaşdı. SSRİ-nin və dünya sosializm sisteminin dağılması Fransanın xarici siyasətinə də öz təsirini göstərdi.
Bu hadisələr Parisdə birmənalı qarşılanmadı. Fransa demokratiyanı müdafiə etməklə yanaşı, bildirdi ki, o separatizm və millətçiliyin istənilən təzahürünün əlehinədir. Məhz bu baxımdan Fransa diplomatiyası SSRİ-də Qorbaçovun rəhbərliyini müdafiə etməklə yanaşı, Yeltsinin Rusiyada hakimiyyətə gəlməsini də sakitliklə qarşıladı. Oxşar mövqeni Fransa Yuqoslaviyanın dezinteqrasiyası (tərkibdən hissələrin ayrılması) zamanı da göstərdi.
Fransa yenə də Afrika regionunda öz nüfuzunu saxlamağa çalışırdı. Fransanın dünya ölkələrinə bütövlükdə etdiyi köməyin 60%-i məhz Afrika ölkələrinə gedirdi. 1991-ci ildə İraqla ənənəvi dostluq əlaqələri olmasına baxmayaraq Fransa İraqa qarşı təşkil edilmiş «Səhrada tufan» əməliyyatında anti-İraq alyansının tərkibində iştirak etdi.
Hakimiyyətinin son illərində Mitteran daha çox müstəqil mövqe tutmağa çalışdı. ABŞ-a qarşı münasibətdə bir soyuqluq duyulurdu. Artıq Fransa prezidenti 1991-ci ildə nümayişkarə sürətdə bildirdi ki, ABŞ-ın keçmiş sosialist ölkələri də daxil olmaqla, Avropanın problemlərinin həllinə qarışmasının əleyhinədir.
1992-ci ildə Fransa və ABŞ sərt «ticarət müharibəsi» vəziyyəti ilə qarşılaşdılar. Antiamerikan əhval-ruhiyyəsində olan Fransa hökuməti 1992-ci ildə bildirdi ki, Aİ ilə ABŞ arasında bağlanacaq Avropanın iqtisadi maraqları əlehinə olan hər hansı bir müqaviləyə «veto» qoyulacaqdır. 1992-ci ildə Fransa ilə Kuba arasında münasibətlərin simvolikliyi aradan qalxdı, konstruktiv xarakter aldı. Fransa ABŞ-ın «məhvedici təsiretmə» doktrinasını və NATO-nun Şərqə doğru genişlənməsi xəttini qəti tənqid etdi. Beləliklə, əsas parametrlər üzrə Fransanın hərbi-siyasi strategiyası Şarl de Qollun qoyduğu ənənələrə yenidən qayıtmış oldu. Avropa istiqaməti Mitteran üçün prioritet olaraq qaldı. Məhz Avropanın inteqrasiyası prosesində Fransa dünya dövləti statusunu qoruyub saxlamağa bacardı.
Mitteran Avropa İttifaqının formalaşmasında, Avropa İttifaqının sazişlərinin imzalanmasında mühüm xidmət göstərdi. Çünki Fransanın siyasi elitası və cəmiyyəti inteqrasiyanın dərinləşməsi məsələsində maraqlı idi. Rokar hökuməti 1990-cı il yanvarında Lüksemburqun Şengen şəhərində Sengen sazişlərini imzaladı. Bu sazişlərə görə 1992-ci ildən başlayaraq «Ümumi bazar ölkələrinin vətəndaşları bir-birinə vizasız və gömrük nəzarəti olmadan səfər edə bilərdilər. Maastrix müqaviləsinə qarşı RMB-dən etatistlər, Şevenman qrupundan sol sosialistlər, bir çox kommunistlər və lepençilər çıxdılar. Lakin 1992-ci ilin sentyabrında Fransada keçirilən ümumxalq referendumunda əhalinin 51%-i Maastrix müqaviləsinə tərəfdar olduğunu bildirdi. «Vətənlərimizin Avropası» prinsipinin yerini «Avropa vətənimizdir» prinsipi tutdu.
90-cı illərin ortalarında Fransada siyasi rəhbərliyin dəyişməsi xarici siyasət kursunda da müəyyən dəyişikliklərə səbəb oldu. Şirakın ilk addımlarından biri atom silahının sınaqdan keçirilməsi üzərində qoyulan morotoriumu götürməsi oldu. Fransa NATO-nun hərbi strukturuna fəal sürətdə inteqrasiyanı canlandırdı. Lakin prezident seçkilərində qələbədən sonra Şirak Atlantika xəttindən imtina etdi. Fransa ABŞ-ın dünya hegemonluğuna çalışmasına qarşı çıxdı və Avropanın təhlükəsizliyini ön plana çəkdi. 1997-ci ildə Fransa Almaniyanın seperat Avropa hərbi sistemi yaratmaq təklifini müdafiə etdi. Fransa-ABŞ ziddiyyətləri 1998-ci il Yuqoslaviya münaqişələri zamanı özünü bütün dərinliyi ilə göstərdi. Fransa NATO-nun Serbiyadakı hərbi əməliyyatlarına qarşı çıxış etdi.
Şirak öz sələflərinin Avropanın inteqrasiyası məsələsindəki xəttini daha güclü şəkildə davam etdirdi. Bu dövrdə Böyük Britaniya ilə əməkdaşlıq xeyli gücləndi, AFR-ə münasibətdə bir qədər soyuqluq yarandı. Fransa 90-cı illərin ikinci yarısında Şərqi Avropa ölkələrində də öz mövqeyini möhkəmləndirdi. İqtisadi diplomatiyada o daha çox fəallıq göstərdi. Təkcə 1996-cı ildə o, 15-dən çox rəsmi səfər etdi ki, bundan əsas məqsəd iqtisadi əməkdaşlığı gücləndirmək idi. Bunların içərisində Yaponiya ilə münasibətlərin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Mətbuat onu «bir nömrəli kommivoyajera» adlandırırdı.
1997-1998-ci illərdə Fransa ilə ərəb ölkələri arasında da əlaqələr xeyli dərəcədə fəallaşdı. Fransanın İsraillə münasibətləri xeyli pisləşdi. Rusiya və Cənubi Qafqaz ölkələri ilə münasibətlərdə bir fəallıq hiss edilməyə başladı. Lakin Çeçenistan müharibəsi Fransanın Rusiyaya münasibətində kəskin dəyişikliyə səbəb oldu. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində məhz Fransa Rusiya haqqında sərt qətnamənin qəbul edilməsinin təşəbbüsçüsü kimi çıxış etdi. Ancaq Rusiya prezidenti V.Putinin 2000-ci il oktyabrında Parisə səfərindən sonra Rusiya-Fransa münasibətlərinin yaxşılaşdırması əlamətləri özünü təzahür etdirdi.
Fransa XXI əsrə siyasi sabitliyin və iqtisadi yüksəlişin təmin edildiyi bir şəraitdə daxil oldu. XXI əsrin əvvəlində Fransa senatı Fransanın xarici siyasətində tarazlıq əsas götürülürdü. Bununla belə o, 2001-ci ilin əvvəlində uydurma «erməni genosidi»ni tanıdı. Bu isə Türkiyə ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Bununla bərabər Fransa 2003-cü ildə ABŞ-ın İraqa qarşı müdaxiləsinə qarşı çıxdı və bildirdi ki, bu dünyada terrorizm dalğasının daha da güclənməsinə səbəb ola bilər.
2007-ci ilin aprelin 22-si və mayın 6-da keçirilən prezident seçkilərinin I və II turunda Xalq hərəkatı uğrunda mübarizə partiyasının lideri Nikola Sarkozi qələbə çaldı.
2007-ci ilin iyunun I yarısında keçirilən parlament seçkilərində də onun partiyası qalib gəldi. Siyasi arenadan müharibəyə qədərki nəsil getdi. Onun yerini 50-ci illərdə siyasətə gələnlər tutdu. Onlar tarixə və dünyaya yeni tərzdə baxanlar idi. N.Çarkozi Fransua Fiyonu hökumətin başçısı elan etdi. İlk dəfə hökumət kender pariteti bazasında təşkil edildi. 15 nazirdən 7-si qadın idi.
2007-ci ildə də büdcə kəsiri və dövlət borcları armtaqda davam edirdi. Ancaq 2008-ci ildən iqitsadiyyatda canlanma başladı. Əhalinin banklara borcu o qədər də çox olmadığına görə 2008-ci ilin oktyabrında baş verən ipoteka böhranını Fransa bir sıra Qərbi Arvopa ölkələrindən yüngül qarşıladı. Ölkə son 17 ildə görmədiyi inflyasiya ilə qarşılaşdı. Hökumət banklara yardım göstərəcəyini, 30 min mənzili satın alacağını elan etdi. Hökumət işsizliyi aşağı faizə salacağını da vəd etdi.
Bu dövrdə Arvopanın digər ölkələrində pensiya orta aylıq əmək haqqının 57%-ni təşkil etdiyi halda, Fransada 75 %-ni təşkil edirdi. 2007-ci ildə nəqliyyat sahəsində keçirilən pensiya islahatı nəticəsində işçilər bir sıra imtiyazlardan (əvvəl iş stajı 25 il olduqda 43 yaşında çıxmaq olardı, həmçinin onların özünə və ailələrinə tibbi xidmət pulsuz idi) məhrum edilirdi. Bu ölkədə nəqliyyatçıların ikihəftəlik tətilinə səbəb oldu. Bununla əlaqədar Sarkozi vergiləri azaltmağa və 35 həftəlik iş həftəsi rejimini yumşaltmağa məcbur oldu.
2009-cu ildən təhsilə ayrılan xərclərin azaldılması nəticəsində təhsil sistemində 11,2 min iş yeri ixtisara düşdü. 2008-ci ilin feıralından prezident xoşagəlməyən mənzillərin problemini həll etmək üçün plan hazırladı ki, onun əsas istiqamətləri məşğulluq, təhsil, təcrid olunmuş mənzillərdən çıxmaq, təhlükəsizlik üçün assosiasiyalar təşkil edilməsi idi.
2008-ci ilin martında keçirilən bələdiyyə və kanton seçkilərində Nikola Sarkozinin partiyası məğlubiyyətə uğradı. Sosialistlər ən çox səs topladılar. Seçkilərin nəticələrinə baxmayaraq hökumət islahatları davam etdirirdi.
2008-ci ilin yayında icitmai televiziyanın islahatı haqqında elan verildi. İctimai televiziyanın rəhbərinin prezident tərəfindən təyin edilməsi məsələsinə baxıldı. Büdcə maliyyələşdirilməsi ilə əlaqədar telereklamların verilməsi 2009-cu ildən qadağan edildi. Bir sözlə, icitmai kanal hökumətin tabeliyinə keçdi.
2008-ci ilin iyulun 21-də Fransa parlamenti 3/5 səslə konstitusiya islahatlarını bəyəndi. İslahatlar nəticəsində parlamentin rolu artır, vətəndaşlara yeni hüquqlar təqdim edilirdi. Prezident postuna iki dəfədən artıq seçilmək olmazdı. Parlamentin razılığı olmadan hökumət nazirləri təyin edə bilməzdi. Dövlət başçısı parlamentə məktubla müraciət etmək və onun qarşısında çıxış etmək hüququ aldı. Daimi parlament komissiyalarının sayı 6-dan 8-ə qaldırıldı. Rəhbər dövlət vəzifələrində qadınlarla kişilərin bərabərliyi təmin edilməli idi.
2008-ci ilin iyunun 17-də N.Sarkozi ölkənin təhlükəsizliyi üçün yeni doktrina – «Ağ kitab» doktrinasını təqdim etdi. Həmin doktrinaya görə Fransa NATO-nun hərbi təşkilatına qayıda bilərdi. Lakin o buna ancaq milli ordusunun və nüvə silahının öz sərəncamında olması şərti ilə razı olmalı idi. Asiya strateji maraq zonası, Rusiyanın mövqeyinin müəyyən edilə bilməməsi isə Arvopa üçün risk hesab edilirdi.
Yeni hərbi doktrinaya görə yaxın 6-7 il ərzində Müdafiə nazirliyində işləyən mülki qulluqçuların və qoşunun sayının 320 mindən 54 minə endirilməsi nəzərdə tutulurdu. Xarici siyasətdə baş verən əsas dəyişikliklərdən biri ABŞ-la yaxınlaşma idi. Terrorizmə qarşı mübarizəyə tərəfdar olaraq Fransa qoşunları Əfqanıstana göndərildi. Fransa ABŞ-ın raketdən müdafiə sistemini Şərqi Arvopada yerləşdirməsinə razı oldu. NATO-ya qayıtmaq üçün N.Sarkozi Arvopada müstəqil operativ ştabın yaradılmasına nail oldu.
Fransa həmçinin Aralıq dənizi ititfaqı təşkil etmək ideyası ilə çıxış etdi. 2008-ci ilin iyununda Bavariyada A.Merkel və N.Sarkozinin birgə işitrakı ilə keçirilən sammitdə qərara alındı ki, Aralıq dənizindən təkcə onun sahilində olan dövlətlər deyil, həm də Arvopa İtitfaqının üzvü olan bütün dövlətlər də istifadə edə bilərlər. 2008-ci ilin iyulunda Aİ-yə daxil olan 27 dövlətin və Aralıq dənizi sahilində yerləşən 16 dövlətin iştirakı ilə Aralıq dənizi ititfaqının birinci sammiti çağrıldı. Orada aydın proqram qəbul edildi. Bu Aralıq dənizindən daha səmərəli istifadə etməyi nəzərdə tuturdu. Proqramda həmçinin Sloveniyada Avropa-Aralıq dənizi universiteti açmaq da nəzərdə tutulurdu. Sammitin bir əhəmiyyəti də onda idi ki, 30 ildən bəri burada ilk dəfə İsrail, Livan, Suriya və Fələstin liderləri iştirak edirdilər. Bu sammitdə Fransa ilə Livan və Suriya arasında 30 il bundan qabaq kəsilmiş diplomatik münasibətlər bərpa edildi.
2008-ci ilin mart ayında N.Sarkozi son 12 illik Fransa tarixində ilk dəfə Böyük Britaniyaya rəsmi səfər etdi. Bu iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm addım oldu.
Sarkozi xarici siyasətinin uğurlarından biri də Fransa parlamentinin 2008-ci ilin fevralın 8-də Aİ-nin islahatı haqqında Lissabon müqaviləsini bəyənməsi idi.
Sarkozi İranın nüvə silahına yiylənməsinin tam əleyhinə olduğuna görə İrana qarşı sanksiyaları müdafiə edir. Fransa İranın atom silahına yiyələnməsi məsələsi ilə əlaqədar təşkil edilmiş «Altılar» (Böyük Britaniya, Almaniya, Çin, ABŞ, Fransa) qrupunun üzvüdür.
2008-ci ilin yanvar ayında Sarkozi İran körfəzi rayonunda Fransanın birinci daimi hərbi-dəniz bazasının açılması haqqında məlumat verdi.
Fransa Şingen vizasını daha 9 dövlətə (2007, dekabr) şamil edilməsini bəyəndi, 2008-ci ilin fevralında Kosovanun müstəqililyini tanıdı və onun Beynəlxalq təşkilatın idarə etdiyi 15 dövlətin tərkibinə daxil olmasını bəyəndi.
Fransa insan hüquqlarını pozmasına görə Çin, Rusiya, Ərəb və Afrika liderləri ilə münasibətləri gərginləşdirmədi. Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsinə ehtiyatla yanaşdı və Rusiyanın mövqeyini müdafiə etdi. Rusiya-Gürcüstan beşgünlük müharibəsi zamanı (2008, avqust) 6 maddədən ibarət ərazi bütövlüyünü əsas götürən tarixə «Sarkozi planı» kimi düşən xüsusi plan tərtib etdi.
Fransa 2009-cu ilin fevralında NATO-nun hərbi təşkilatına girmək haqqında qərar qəbul etdi.
Sarkozi hökuməti Azərbaycanla da səmərəli əməkdaşlıq tərəfdarıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci ilin noyabrında Fransaya işgüzar səfəri zamanı Fransa prezidenti bir daha nümayiş etdirildi. Fransa Azərbaycanla siyasi, iqtisadi, elm və mədəniyyət sahəsində sıx əməkdaşlıq edir. O, uydurma Dağlıq Qarabağ problemini həll etmək üçün təşkil edilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.
Fransada işləyən əhalinin 85%-ni muzdlu işçilər təşkil edir. Son dövrdə sosialist və kommunist partiyasının nüfuzu xeyli aşağı düşmüş, əvəzində isə siyasi həyatda «Yaşıllar partiyası» mühüm rol oynamağa başlamışdı. Parlamentdə iki partiya Şarl de Qoll tərəfindən yaradılmış «Yeni Respublikanın Müdafiə birliyi» və Jiskar D`Esten tərəfindən təşkil edilmiş «Fransa demokratiyası naminə ittifaq» partiyası əsas yer tutur.
Müasir Fransada əhalinin ancaq 6%-i kənd təsərrüfatı ilə məşğul olur. Yaxşı təchiz edilmiş texnika və aqronomiya elminin nailiyyətlərinin tətbiqi sayəsində onlar əhalini kənd təsərrüfatı məhsulları ilə təmin edirlər. Fermerlərin cəmi 10%-i iri korporasiyalarda birləşir, digər hissəsi ailə fermaları üsulu ilə işləyir. Kənd əhalisinin hamısı fermerdir.
Əhalinin böyük əksəriyyəti şəhərlərdə yaşayır və işləyir. Fransa özünün elmi-texniki nailiyyətləri – müasir aviasiyası, itisürətli qatarları, birinci dərəcəli «Reno», «Sitroen», «Pejo» avtomobilləri, gəmi inşaatı və digərləri ilə fəxr edir.
Dostları ilə paylaş: |