Entoni Bleerin «yeni liberalizmi». XX əsrin 90-cı illərində leyborist hərəkatın yeni ideoloji və siyasi simasının dəyişməsinin fəallaşması davam edirdi. Leyboristlər partiyasının lideri N.Kinnok bu dəyişikliyə uyğunlaşmağı bacarmadığına görə istefaya getdi. 1992-ci ildə onu C.Smit əvəz etdi və o, islahatçılıq kursunu davam etdirdi. O, tred-yunionların leyboristlər partiyasına təsirini xeyli zəiflətməyi bacardı. 1994-cü ilin mayında C.Smitin ölümündən sonra partiyada dəyişiklər davam etdi. Partiyanın lideri 40 yaşlı Entoni Bleer oldu və o, C.Smitin işini davam etdirdi.
1995-ci ildə olmuş leyboristlər partiyasının qurultayında partiyanın yeni nizamnaməsi qəbul edildi ki, həmin sənəddə əsas istiqamət dinamizm və rəqabətə əsaslanan «ədalətli cəmiyyət» qurmağa yönəldilmişdi.
1997-ci il parlament seçkiləri kampaniyasında irəli sürülən manifestdə «yeni leyborizm» ideyası əsas götürülmüşdü. Partiya hüquqi islahatlar aparacağını və xarici siyasət kursunu dəyişəcəyini elan etdi. Həmçinin lordlar palatasında da islahatlar aparılacağı göstərilirdi. Proporsional seçki sistemi, Şotlandiya, Uels və Şimali İrlandiyada konstitusiya islahatları keçiriləcəyi vəd edilirdi. Leyboristlər Aİ-nin «Sosial xartiya»sına və Avropa valyuta sisteminə qoşulmağa hazır olduqlarını bildirdlər. «Amerika amilindən» istifadə edərək Bleer seçkilər ərəfəsində B.Klitonla dostluq münasibətləri yaratmağı bacardı.
Bu dövrdə mühafizəkarlar çox ləng siyasət yeridirdi. Liberal demokratlar partiyasının bu dövrdə nüfuzu xeyli qalxdı. Onlar Cənub-Şərqi İngiltərənin elektoratını öz tərəflərinə çəkə bilmişdilər. Onların əsas ideyası «kommunalizm» idi.
1997-ci ilin mayında keçirilən parlament seçkiləri nəticəsində leyboristlər 45% səs toplayaraq 659 yerdən 419-nu, mühafizəkarlar son 90 ildə ən az, yəni 30,2% səs alaraq 165 yeri tutdular. Liberal dekmoratlar partiyası 34 dairədə qələbə çalaraq 17% səs topladı. Şotlandiya milli partiyası Şotlandiyanın tam müstəqilliyi şüarını irəli sürərək Şotlandiyada 22% səs aldı.
Uelsdəki «Pleyd Kimri» partiyası isə Uels seçicilərinin 10%-inin səsini topladı.
Entoni Bleerin başçılığı altında «yeni leyborist hökuməti» təşkil edildi. Bu hökumət əvvəlki Meycor hökumətinin iqtisadi strategiyasını dəyişmədi. Xüsusi bölmə iqtisadiyyatda qaldı. Dövlətin iqtisadi proseslərə müdaxiləsi minimum səviyyədə idi, sahibkarların fəallığına şərait yaradılırdı, istehsalın texnika-texnologiya bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilirdi.
90-cı illərin sonunda da Böyük Britaniya iqtisadi artım sürətini saxlayırdı. Birinci yeri xidmət sahəsi tuturdu. Hökumətin yeritdiyi iqtisadi siyasət İngiltərə mallarının dünya bazarında rəqabət qabiliyyətini yüksək səviyyədə qalmasını təmin edirdi. 1999-cu ildə hökumət əmək bazarının inkişafı ilə əlaqədar xüsusi proqram qəbul etd.i Bundan başqa gənclər üçün iş yerlərinin açılması və onların işlə təmin edilməsinə təminat verən xüsusi proqram qəbul edildi. Bu proqramı həyata keçirmək üçün büdcədən 5,7 milyard dollar vəsait ayrılırdı.
90-cı illərin sonunda da Böyük Britaniyada investisiya fəallığı fövqəladə yüksək səviyyədə idi. Britaniya iqtisadiyyatı xarici biznesə kapital qoyuluşu üçün əlverişli bazar idi. Bu dövrdə Böyük Britaniyada 13 min xarici kompaniya fəaliyyət göstərirdi.
Leyboristlər imtiyazları ixtisar etmək hesabına vergiləri genişləndirmək siyasəti yetirməyə başladılar. Bleer hökuməti ümumi gəlir vergisini 20%-ə, şəxsi gəlir vergisini isə 10%-ə qədər azaltdı. Beləliklə, Böyük Britaniya inkişaf etmiş ölkələr içərisində birbaşa vergilərin ən aşağı səviyyədə olduğu ölkələrdən biri oldu. Hökumətin maliyyə siyasəti büdcə kəsirini tədricən azaltmağa doğru yönəldilmişdi. 1999-cu ildə ölkədə inflyasiyanın səviyyəsi cəmi 3,4% təşkil edirdi. 1998-ci ildə Böyük Britaniya ixraca görə dünyada beşinci yeri, idxala görə isə üçüncü yeri tuturdu. Əsas makroiqtisadi göstəricilərə görə İngiltərə iqtisadiyyatı AFR və Fransanın sosialist-bazar təsərrüfatını ötüb keçmişdi.
Hökumət sosial siyasətə də diqqət ayırdı. 1998-ci ildə hökumət sosial proqram qəbul etdi. Real gəliri ən aşağı olan 10% yoxsul ailəyə dövlətin etdiyi kömək 9,3% artdı, 10% varlı ailəyə isə dövlət köməyi 0,7% aşağı salındı. Təhsil, texniki-peşə təlimi, səhiyyəyə, gənclər üçün yeni iş yerləri açılmasına xeyli vəsait ayrıldı. Tələbələrin 2/3 hissəsi dövlət hesabına təhsillə əhatə olundu. Telefon əlaqəsinin və nəqliyyat sisteminin də modernləşdirilməsi sürətləndirildi.
1999-cu ildə uşaqların müdafiəsi, yeniyetmə yaşına çatmamışlara analıq probleminin həllinə dair, həmçinin yeniyetmələr arasında narkomaniya əleyhinə mübarizə haqqında proqramlar qəbul edildi.
Konstitusiya-seçki hüququ sistemi, lordlar palatasının islahatı və devolyusiya sisteminin inkişafı istiqamətində iş aparılmağa başlandı. Mojaritar-proporsional seçki sisteminə keçmək məsələsi lordlar palatası tərəfindən qəbul edilmədi. Belə olduqda hökumət lordlar palatasının islahatına başladı. 1999-cu ildə irsi perlik ləğv edildi. Lordluq titulu yuxarı palatada artıq ömürlük olmur, bu titul ictimai həyatın bu və ya digər sahəsində xidmətə görə verilirdi. Perin təltif edilməsi yenə də kralın ixtiyarında qalsa da, artıq onun namizədliyinin sürülməsi xüsusi müstəqil komissiyanın funksiyası idi. 1999-cu ildə lordlar palatası bu islahat haqqında billi bəyəndi. 221 üzvdən cəmi 81-i onun əleyhinə oldu.
1997-ci ilin sentyabrında Şotlandiya və Uels böyük muxtariyyət hüququ aldılar. Bu proses gevolution adını aldı.
1997-ci ildə Uels və Şotlandiyada yerli qanunverici məclisin təşkili ilə əlaqədar referendum keçirildi. Uelsdə yerli seçicilərin 50%-i iştirak edirdi. Ona görə də burada keçirilən referendum məhdud xarakter daşıyırdı. Burada təşkil edilən yerli assambleya regional qanunlar verə və vergilər qoya bilməzdi. Ancaq regionun iqtisadi inkişafı, kənd təsərrüfatı, təhsil, mədəniyyət, ekologiya məsələləri onun sərəncamında idi. Assambleya mərkəzi hökumətdən ildə 8 mlrd. funt-sterliq dotasiya almaq imkanı əldə etdi.
Şotlandiyada konstitusiya islahatını yerli əhalinin 74%-i bəyəndi. Təşkil edilən Şotlandiya parlamenti xeyli səlahiyyətlər aldı, o cümlədən regional qanunlar qəbul edə, vergi qoya və onu dəyişdirə bilərdi. Lakin Şotlandiya parlamentinə seçkilərdə leyboristlərin (112 səsdən 56-nı) səslərin əksəriyyətini qazanması Şotlandiyanın ayrılması imkanını aradan qaldırdı. Şotlandiya milli partiyası cəmi 28 yer aldı. Şotlandiya parlamentinin rəsmi açılışı 1999-cu ilin iyulun 1-də oldu.
Bleer İrlandiya məsələsində də uğur qazana bildi. O, hakimiyyətə gəldikdən sonra elan etdi ki, İrlandiya və İngiltərə hökuməti arasında gedən danışıqlarda Şinn feyn partiyasının iştirak etməsinə etiraz etmir. ABŞ-ın vasitəçiliyi ilə 1998-ci ilin aprelində Şimali İrlandiya üzrə üçtərəfli sülh müqaviləsi imzalandı. Şimali İrlandiyanın siyasi muxtariyyəti bərpa edildi. Əvvəlki Stormatdan fərqli olaraq yeni təşkil edilmiş Milli assambleya «razılığa uyğun» gələn qaydalar üzrə işləməli, onun qəbul etdiyi qərarlar deputatlar tərəfindən bəyənilməli, katolik və protestant icmalar tərəfindən təqdim edilməli idi. İrlandiya Olsterə qarşı iddialarından əl çəkdi. Britaniya hökuməti də Şimali İrlandiyada məhdud səlahiyyətlərə malik ümumirland yerli özünüidarə orqanları təşkil edilməsinə razılaşdı. Sülh müqaviləsi 1998-ci ilin 22 may referendumu ilə təsdiq edildi. Olsterdə 71%, İrlandiyada 94% onun lehinə səs verildi. 1998-ci ilin iyununda Şimali İrlandiyada Milli assambleyaya seçkilər keçirildi. Assambleya Şimali irland hökumətini formalaşdırmağa başladı. 1999-cu ildə İngiltərə qoşunlarını Şimali İrlandiyadan çıxartmaq haqqında qərar qəbul etdi. Lakin İRO (İrlandiya Respublika Ordusu) tərkisilah edilmədi. Yenidən terror aktları davam etməyə başladı.
Bleer hökumətinin xarici siyasətində ABŞ-la yaxınlıq əsas yer tuturdu. London ABŞ-ın Sudan və Əfqanıstanı bombardman etməsini müdafiə etdi. vərəq 3. 2001-ci ilin sentyabrında baş verən Nyu-Yorkdakı terror aktından sonra ABŞ-ın Əfqanıstandakı taliban rejimini devirmək üçün oraya, 2003-cü ilin martında isə İraqa qarşı müdaxiləsində İngiltərə də iştirak etdi.
1999-cu ilin sonunda Starmont çağrıldı və Olsteri idarə etmək üçün orqan təşkil edildi. Şimali İrlandiyada ekstremist qrupları 2007-ci ilə qədər tərksilah etmək nəzərdə tutuldu. 2001-ci ilin oktyabrından bu işə başlanıldı. Nyu-Yorkda 2001-ci ilin sentyabrın 11-də baş verən terror hadisəsinin buna böyük təsiri oldu. 2003 və 2007-ci illərdə keçirilən parlament seçkiləri nəticəsində protestant və katoliklərdən ibarət qarışıq hökumət təşkil edildi. 2007-ci ilin iyulun 31-dən avqustun 1-nə keçən gecə Böyük Britaniya qoşunlarının Şimali İrlandiya ərazisindən çıxarılması prosesi başa çatdı.
1992-ci illə müqayisədə 2005-ci ildə inflyasiya sabit qalaraq ildə 2%-i keçmədi ki, bu son 30 ildə ən aşağı faiz iddi. Ümumidaxili məhsul bu dövrdə 3% artmış, işsizlik 5%-dən aşağı düşmüşdü. E.Bleer hökuməti seçkilərin beş ildən bir deyil, dörd ildən bir keçirilməsi haqqında qərar qəbul etdi. Ona görə də 2005-ci ilin aprelində parlament buraxıldı, mayın 5-də yeni seçkilər keçirildi. Bu dövrdə Tetçerin islahatları nəticəsində həmkralar ititfaqlarının zəifləməsi leyboristlər partiyasının “yeni leyborizm” xətti irəli sürməsinə səbəb oldu. Nəticədə partiya bütün cəmiyyətlə əlaqə yaratmağa başladı, fəhlə sinfinin partiyasından “bir millətin” partiyasına çevrildi.
Bütün bunlar 2005-ci ilin mayında parlament seçkilərində onların qələbəsini təmin etdi. Ingiltərə tarixində leyboristlər üç dəfə dalbadal qələbə çaldılar. E.Bleer üçüncü dəfə hökumməti təşkil etdi. Hökumət öz fəaliyyətini səhiyyə, təhsil, küçə cinayətləri ilə mübarizə, ailəni müdafiə, immiqrasiya ilə əlaqədar məsələlər istiqamətinə yönəltdi.
2005-ci ilin iyulun 7-də olmuş üç metro qatarında və bir avtobusda 32 nəfərin həlak olması ilə nəticələnən terror aktı leyboristlərin nüfuzuna mənfi təsir etdi. Narazılığı aradan qaldırmaq üçün hökumət 2005-ci ilin noyabrında onillik ərzində AES tikilməsi haqqında plan qəbul etdi. Bu plan ölkənin enerji təhlükəsizliyini təmin etməli idi. Atom reaktorlarının təşkili üçün 12 mlrd f.st.pul ayrılmalı idi.
2007-ci ilin iyunun 27-də E.Bleer istefa verdi. Onu E.Bleer hökumətində maliyyə naziri vəzifəsini tutmuş Qordon Braun əvəz etdi. Braun hökuməti ucuz və ekoloji mənzillər tikintisinə diqqəti artırdı, hakimiyyətin xalq qarşısında məsuliyyətini yüksəltdi. İmmiqrasiya üzərində nəzarət qoyuldu.
2007-ci ilin payızında ölkənin maliyyə-iqtisadi göstəriciləri aşağı düşməyə başladı. Inflyasiya yüksəldi, işsizlik artdı. Ölkəni kredit böhranı bürüdü. İki böyük bank milliləşdirildi. Coutts bankı da milliəşdirildi. Orada kraliça II Yelizavetanın şəxsi hesabı saxlanırdı. 2008-ci ilin aprelində gəlir vergisinin islahatı keçirildi. Vergilər 22%-dən 20%-ə qədər azaldı.
1997-2007-ci illərdə ölkəyə xarici vətəndaşların axını 9% artmışdı. 2008-ci ildə Q.Braun hökuməti mühacirlər üzərində sərt nəzarətə dair bir plan hazırladı. Vətəndaşlıq almaq müddəti beş ildən altı ilə qaldırıldı. Bu müddətdə mühacir üç mərhələdən keçməli idi, müvəqqəti sığınacaq statusu, sınaq müddəti ilə əlaqədar vətəndaş statusu, “Britaniya həyat tərzi” mövzu üzrə test vermək.
1997-ci ilin noyabrın 11-də E.Bleer xarici siyasətə dair proqram xarakterli nitqində fəal Avropa siyasəti, güclü transatlantika alyansı, sərbəst ticarət, millətlərarası bir sıra problemlərin həllini ən mühüm məsələlər kimi qarşıya qoydu.
1997-ci ilin iyununda Böyük Britaniya Amsterdam müqaviləsini imzalayaraq Aİ-nin sosial xartiyasına qoşuldu. 2007-ci ilin dekabrında Böyük Britaniya Aİ-nin islahatı haqqında Lissabon müqaviləsini imzaladı.
Böyük Britaniya NATO-nu Şərqə doğru genişlənməsini bəyəndi. 2002-ci ildə NATO-ya Pribaltika respublikaları, Rumıniya, Sloveniya, Slovakiya, Bolqarıstan dəvət olunmasını dəstəklədi. 1998-ci ilin dekabrında Böyük Britaniya ABŞ-la birlikdə İraqa qarşı “Səhrada tülkü”, 1999-cu ilin mart-aprelində Kosova problemi ilə əlaqədar Serbiyaya qarşı aparılan hərbi əməliyyatlarda iştirak etdi. 2001-ci ilin oktyabrında Əfqanıstana qarşı çevrilmiş antiterror əməliyyatında iştirak etdi. 2003-cü ilin martın 20-də Böyük Britaniya parlamenti İraqla müharibəyə girmək haqqında qərar qəbul etdi. İraka 45 minlik ordu göndərildi.
2008-ci ilin fevralında Böyük Britaniya Kosovanın müstəqilliyini tanıdı.
Böyük Britaniiyanın Rusiyaya münasibəti bu dövrdə də sabit deyildi. Litvinskinin işi ilə əlaqədar 2007-ci ildə münasibətlər gərginləşdi. 2008-ci ilin avqustun 8-12-də olan rus-gürcü müharibəsindən sonra Rusiyaya etimadsızlıq gücləndi.
Bu dövrdə Cəbəllütariq boğazı ilə əlaqədar İspaniya ilə Böyük Britaniya arasında olan mübahisə qismən həll edildi. 2001-ci ilin oktyabrında bağlanan sazişə görə hər iki dövlətin burada suverenliyi təmin edilmiş oldu.
Leyboristlər hökuməti Azərbaycan Respublikası ilə də münasibətləri inkişaf etdirməkdə maraqlıdır. 1998-ci ilin iyulunda prezident H.Əliyevin, 2004-cü ilin dekabrında prezident İ.Əliyevin bu ölkəyə rəsmi səfərləri zamanı Böyük Britaniya Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etmiş, Dağlıq Qarabağ probleminin dinc yolla həlli tərəfdarı olduğunu bildirmişdir.
Dostları ilə paylaş: |