Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


VI. İTALİYA İtaliya üçün İkinci dünya müharibəsinin nəticələri



Yüklə 2,21 Mb.
səhifə57/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   186
VI. İTALİYA
İtaliya üçün İkinci dünya müharibəsinin nəticələri «Ox» dövlətlərindən biri olan İtaliya 1940-cı ilin iyunun 10-da İkinci cahan savaşına qoşuldu və 1943-cü ilin sentyabrında müharibədən məğlub dövlət kimi çıxdı. Müharibə nəticəsində İtaliyada 500 min adam öldü, 3 milyon adam evsiz-eşiksiz qaldı. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi. Sənaye məhsulu istehsalı 1945-ci ildə müharibədən əvvəlkinə nisbətən iki dəfə aşağı düşdü. Kənd təsərrüfatı məhsulları istehsalı 60%ə endi. Çox işlənən ərzaq məhsulları çatışmırdı. Ölkədə 2 milyon adam işsiz idi. Kartoçka sistemi ilə hərəyə 200 qram çörək verilirdi. İnflyasiya artdı, lirin dəyəri 14 dəfə aşağı düşdü. Alman faşistləri ölkədən ən yaxşı incəsənət əsərlərini, sənaye avadanlığının əksəriyyətini aparmışdılar. Müharibə nəticəsində bütün sənaye müəssisələrin, körpülərin 1/3-i, dəmiryolların ¼-i sıradan çıxmış, İtaliya ticarət donanmasının 90%-dən məhrum edilmişdi. Bir sözlə, müharibə İtaliyanın iqtisadiyyatına, mədəniyyətinə böyük zərbə vurmuşdu. Ölkəyə 10 milyard lir ziyan dəymişdi.

Faşizm darmadağın edildikdən sonra inhisarçı dairələr siyasi hakimiyyətdə daha çox yer tutdular. İqtisadiyyat yenə də sənaye və maliyyə kapitalının əlində idi. Ölkənin cənubunda baronlar, knyazlar, iri torpaq sahiblərinin nüfuzu güclü idi. Faşistlərin hakimiyyəti dövründə istehsalın və kapitalın güclü mərkəzləşməsi və təmərküzləşməsi getdi və bu, müharibədən sonra da İtaliyanın iqtisadi inkişafında mühüm rol oynayan amillərdən biri oldu. Müharibədən sonra səhmdar cəmiyyətlərinin 15,8%-i 91,6% səhm kapitalına nəzarət edirdi. Avtomobil, kimya, energetika, rezin, sement sənayesində inhisarlar onlara məxsus idi. Maliyyə sahəsində üç iri bank: İtaliya kommersiya bankı, İtaliya kredit bankı, Roma bankı hökmran idi. İtaliyanın iqtisadiyyatına 50 varlı ailə ağalıq edirdi. İri sahibkarlar İtaliya sənayeçilərinin kon­fe­derasiyasında, iri torpaq sahibləri isə Kənd sahibkarları konfederasiyasında birləşmişdilər. İri latifundiyalar Cənubi İtaliya və Siciliyada hələ də qalırdı.

Müharibədən dərhal sonra sinfi qüvvələrin yenidən qruplaşması və yeni siyasi partiyaların yaranması prosesi başlandı. 1944-cü ildə Vatikan kitabxanasının müdiri Alçide de Qasperi tərəfindən keçmiş xalq partiyasının yerində sosial dayağı xırda burjuaziya olan, əslində isə iri burjuaziya və burujalaşmış mülkədarların mənafeyini müdafiə edən Xristian-demokratlar partiyası yarandı. Bu partiya Vatikanla əlaqə yaradaraq dindarları öz tərəfinə çəkməklə güclü sosial və mənəvi dayaq yarada bildi. O, kənd və şəhər xırda burjuaziyasının mənafeyini müdafiə edən proqram qəbul etdi. Bu partiya kütlələrin əhval-ruhiyyəsini nəzərə alaraq sinfi əməkdaşlıq, respublika, milliləşdirmə, muxtariyyət və geniş demokratiya şüarlarını irəli sürdü. Tezliklə bu partiya özünə xeyli tərəfdar topladı və onun üzvlərinin sayı 1945-ci ildə 1 milyonu ötüb keçdi. Xristian-demokratlar partiyasının timsalında iri burjuaziya və torpaq sahibləri öz hakimiyyətlərini qoruyub saxlamaqda onlara kömək edə biləcək bir qüvvə görürdülər.

1945-ci ildə yaranan partiyalardan biri də monarxist burjuaziyasının və iri mülkədarların mənafeyini müdafiə edən liberallar partiyası idi. Onlar monarxiyanı bərpa etmək istəyir, sosial, milli və aqrar islahatlar əleyhinə çıxırdılar. Onun sosial bazası güclü deyildi.

İtaliyada fəaliyyət göstərən digər bir partiya isə əsası hələ 1832-ci ildə Cuzeppe Madzini tərəfindən qoyulmuş və xırda burjuaziyanın mənafeyini müdafiə edən respublika partiyası idi. Bu partiya demokratik respublika, sosial islahatlar tərəfdarı idi.

Müharibədən sonra İtaliyada siyasi şərait köklü şəkildə dəyişdi. Siyasi həyata kütləvi fəhlə partiya və təşkilatları çıxdı. Bütün müharibə dövründə antifaşist siyasət yeridən və kütlələr içərisində böyük nüfuz qazanan kommunist və sosialist partiyaları da öz sıralarını yenidən qurdular. İtaliya kommunist partiyası kapitalist ölkələri içərisində ən çoxsaylı və nüfuzlu bir partiya idi. 1945-ci ildə onun üzvlərinin sayı 1,7 milyon nəfər idi. Rəhbəri isə «mütərəqqi demokratiya» şüarını irəli sürən Palmiro Tolyatti idi.

İtaliya sosialist partiyası da kütlələr içərisində rəğbət qazanmışdı. Onun üzvlərinin sayı 7.00 min nəfər idi. İtaliya sosialist partiyasına Petro Nenni başçılıq edirdi. İtaliya sosialist partiyası ilə İtaliya kommunist partiyası arasında 1934, 1937-ci illərdə birgə hərəkat haqqında bağlanan saziş 1946-cı ildə yenidən təkrar edildi.

Müharibə dövründə, yəni 1942-ci ildə yaranmış partiyalardan biri də demokratik istiqamətdə olan İtaliya hərəkat partiyası idi. Onun sosial bazasını ziyalılar və xırda bur­ju­aziya təşkil edirdi. Onun lideri F.Parre idi.

İtaliyada 1947-ci ildə faşistpərəst İtaliya sosial hərəkat partiyası da yaranıb fəaliyyət göstərməyə başladı.

Avropada müharibə qurtardıqdan sonra İtaliyanın şimalında milli-azadlıq komitələri, cənubu və mərkəzində isə amerikanların rəhbərlik etdiyi inzibati idarə hökm sürürdü.

1945-ci ilin iyunun 21-də Hərəkat partiyasının rəhbəri Parrinin başçılığı altında İtaliyada müvəqqəti hökumət təşkil edildi. Onun tərkibinə xristian-demokratlar, kommunistlər, sosialistlər daxil oldular. Bir sıra, o cümlədən, aqrar sahədə zəhmətkeşlərin mənafeyini müdafiə edən dəyişiklər edildi. Mülkədarların becərmədikləri torpaqlar əllərindən alınaraq kəndlilərə verildi. Mütəhərrik, yəni qiymətlərin qalxmasına uyğun olaraq əmək haqqlarının qalxması şkalası tətbiq edildi. Sahibkarlara qəti tapşırıq verildi ki, həmkarlar ittifaqının icazəsi olmadan heç kəs işdən kənarlaşdırılmasınlar. Müəssisələrdə müdriyyətin fəaliyyətinə nəzarət etmək üçün fəhlə şuraları yaradıldı.

1945-ci ilin dekabrında başda de Qasperi (XDP) olmaqla yeni koalisiyalı hökumət təşkil edildi. 1946-cı ilin əvvəllərində yerli hakimiyyət orqanlarına seçkilər keçirildi. Bu seçkilərdə xristian-demokratlar 40% səs qazanmaqla öz sosial bazalarını möhkəmlətmiş oldular. Sol partiyalar hamısı birlikdə səslərin 50%-ni topladılar. Bununla da, milli-azadlıq komitələrinin fəaliyyəti dayandırıldı. Lakin demokratik dəyişikliklər prosesi xeyli yavaş gedirdi. Bu dövrdə İtaliya monarxiya idi. Burada Savoyya sülaləsi hökmranlıq sürürdü. Lakin xalq 1922-ci ildə İtaliyada hakimiyyəti faşistlərə vermiş monarxiyadan narazı idi.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin