İspaniya İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə (1945-1950-ci illər). İspaniya: İkinci Dünya müharibəsində öz bitərəfliyini elan etsə də, müharibə dövründə həm müharibə edən ölkələrə strateji xammal, ərzaq məhsulları satmaqla, həm də Latın Amerikasından gətirilən məhsulları öz ərazisinlən keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir əldə etdi. İkinci Dünya müharibəsi dövründə və 60-cı illərə qədər ölkədə avtorgizm siyasəti yeridilirdi ki, İspaniya dünya bazarından asılı olmayaraq özünü təchiz edə bilsin. Xarici siyasətdə də təcridçilik hökm sürürdü.
1945-ci ildə keçirilən Potsdam konfransında İspaniyada faşizm pisləndi. 1946-cı ilin fevralında İngiltərə və Fransa hökumətləri bildirdilər ki, onlar İspaniya ilə hər cür əlaqələri kəsirlər. 1946-cı ilin dekabrında BMT İspaniyaya qarşı xüsusi qətnamə qəbul etdi. ABŞ-ın təkidi ilə bütün ölkələr, Portuqaliya və Argentinadan başqa, İspaniya ilə diplomatik münasibətləri kəsdilər, öz səfirlərini geri çağırdılar. Lakin Franko vəziyyətdən çıxış yolu tapdı, 1947-ci ilin iyununda bildirdi ki, ABŞ öz hərbi bazalarını İspaniya ərazisində yerləşdirə bilər və ölkə «soyuq müharibə»yə qoşulur. 1949-cu ildə bütün diplomatik korpuslar yenidən İspaniyaya qayıtdılar. 1948-ci ilin yanvarında İspaniya ilə Fransa arasında sərhəd açıldı.
Ölkənin daxili və xarici siyasətində Franko başlıca sima idi. O, dövlətin, hökumətin, İspaniya silahlı qüvvələrinin başçısı və ölkədə yeganə hakim partiya olan və 1933-cü ildə təşkil edilən «İspaniya falanqası» Milli Şurasının sədri idi. Həmçinin vertikal xətt üzrə fəaliyyət göstərən həmkarlar ittifaqları da onun tabeliyində idi.
İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış siyasi mənzərəni dərk edən Franko 1945-ci il iyulun 17-də «İspanların xartiyası» adlı sənədi imzaladı. Həmin sənədə görə şəxsiyyətin toxunulmazlığı elan edilir, yazışmaların gizliliyinə təminat verilir, mənzillərin toxunulmazlıq hüququ qorunurdu. Həmin sənəddə göstərilirdi ki, bütün dinlərin sərbəst fəaliyyətinə maneçilik törədilməyəcək. Ölkədə «milli barışıq» siyasəti yeridilməyə başladı. Əvvəl gizli fəaliyyət göstərən «Katolik hərəkatı» adlı partiyanın da leqallığına icazə verildi. Franko hətta xarici işlər naziri vəzifəsinə həmin partiyanın lideri Martino Artexonu təyin etdi. Lakin xartiyanın qəbul edilməsi frankoçu rejimin xarakterini dəyişmədi. Antikommunizm onun ranqda rəsmi siyasəti oldu. Dünyada baş verən demokratik hərəkatlar ispan xalqından da yan keçmədi. 1945-1950-ci illər İspaniya tarixinə partizan müharibələri illəri kimi daxil oldu. 1945-ci ilin avqustunla Meksikada Xuan Neqrinin başçılığı altında mühacir ispan hökuməti təşkil edildi. Həmin illərdə partizanlar İspaniyada Franko rejimini devirmək üçün beş mindən artıq əməliyyat həyata keçirdilər. Franko onlara qarşı 450 minlik ordunu işə salmalı oldu. Partizan müharibələri uğursuzluqla nəticələndi.
Müharibədən sonrakı illərdə İspaniyanın iqtisadi vəziyyəti ağır idi. 1945-ci ildə ölkədə sənaye istehsalının səviyyəsi 1929-cu ilə nisbətən cəmi 14% artmışdı. Kənd təsərrüfatı məhsulları 1931-ci illə müqayisədə 28% aşağı düşmüşdü. Maliyyə-inhisarçı kapital üçün əlverişli olan faşizm bütövlükdə ölkənin inkişafını ləngidirdi. İqtisadiyyatın inkişafı üçün lazım olan vəsaitlər əsasən hərbi və ağır sənayenin inkişafına yönəldilmişdi. Ölkədə ərzaq malları çatışmırdı. Dövlət borcları 52 milyard peset idi. Ancaq 50-ci illərin əvvəllərində İspaniya iqtisadiyyatı 1935-ci il səviyyəsinə çatdı. İqtisadiyyatın strukturunda bir neçə keyfiyyət dəyişikliyi baş verdi. Metallurgiya, maşınqayırma, elektroenergetika sənayesi inkişaf etdi. İstehsalın mərkəzləşməsi artdı. Bununla belə, sənayedə çalışanların 50%-i 50-yə qədər fəhləsi olan müəssisələrdə işləyirdi. Kənd təsərrüfatında heç bir irəliləyiş hiss olunmurdu.
Müharibədən sonra xarici ölkələrlə əlaqələrin zəifləməsi İspaniyanın daxili vəziyyətini xeyli çətinləşdirdi. Franko diktaturası dövründə ölkədə milli məsələ də həll edilməmiş problem kimi qalır, katalonların, baskların və qalisiylərin hüquqları tapdalanırdı. Fəhlələrin, ziyalıların, xüsusilə cəmiyyətin barometri olan gənclərin aramsız mübarizəsi nəticəsində Franko 40-cı illərin ikinci yarısında və 50-ci illərdə bir sıra tədbirlər görməyə məcbur oldu. Bu tədbirlərdən biri 1947-ci ilin iyulunda xalqın hələ də inandığı monarxiyanın bərpa edilməsi haqqında referendum oldu. Bu referendumdan sonra İspaniya yenidən monarxiya elan olundu. Franko isə ömürlük naib vəzifəsini öz üzərinə götürdü. O, öldükdən sonra müvəqqəti bu vəzifəni naiblər şürası həyata keçirməli idi. 1953-cü ildə Franko Roma papası ilə dini saziş, yəni konkordat bağladı. Bunda məqsəd ölkədə dindarların köməyi ilə siyasi sabitliyi gücləndirmək idi.
Dostları ilə paylaş: |