İtaliya XX əsrin 80-ci illərində. 80-ci illərin əvvəllərində İtaliya sənaye məhsulu istehsalı 9% aşağı düşdü. İşsizlərin sayı 2,5 milyon oldu. İtaliyada vəziyyətin ağırlaşmasına 1980-cı ildə İtaliyanın cənubunda güclü zəlzələnin olması da təsir etdi. Zəlzələ nəticəsində çoxlu dağıntı və insan itkisi oldu. İtaliya iqtisadiyyatında canlanma bir də 1984-cü ildə nəzərə çarpmağa başladı.
80-ci illərdə İtaliyaya daxili siyasi vəziyyətin qeyri-sabitliyi xarakterik idi. Hökumətin başçısı Forlani iqtisadi vəziyyəti düzəldə, terrorun, alverçiliyin, korrupsiyanın qarşısını ala bilmədi. İtaliyada irimiqyaslı siyasi münaqişələr başlandı. Gizli yalançı mason təşkilatı olan «Təbliğat - 2»nin irticaçılığı ifşa olundu. Bu hərəkatda XDP və digər hakim partiyaların görkəmli xadimlərinin, yüksək hərbi rütbəli zabitlərin iştirak etdiyi aydın oldu. Hökumət istefa verməyə məcbur oldu. 1981-ci ilin iyun ayında təşkil edilmiş yeni hökumətə respublikaçı S.Spadolini rəhbərlik etdi. Özlərinin 35 illik hakimiyyətindən sonra ilk dəfə Xristian-demokratlar baş nazir kürsüsünü digər partiyaya güzəştə getdilər. Bu ölkədə XDP-nin nüfuzunun zəiflədiyini göstərdi. Lakin bu hökumət də hakimiyyətdə çox qala bilmədi. Ölkədə siyasi vəziyyət gərginləşdi. Sosialist partiyası hökuməti məcbur etdi ki, ölkədə təcili parlament seçkiləri keçirsin. 1982-ci ildə dövlət büdcəsindən 600 milyard lir ayrıldı ki, iri kompaniyalara güzəştli kredit verilsin. Ərzaq məhsullarının, mənzil, nəqliyyat, elektrik enerjisi, telefon, o cümlədən, benzin, qaz, tibbi xidmətin qiyməti artırıldı. Bu isə ölkədə sosial şəraitin kəskinləşməsinə gətirib çıxartdı. 1982-ci ilin aprelində Romada A.Moponun öldürülməsi ilə əlaqədar məhkəmə prosesi oldu. 1983-cü ildə ölkənin 62 əyalətində axtarış nəticəsində 400 cinayətkar ünsür tutuldu. Onların mühakiməsi göstərdi ki, XDP Siciliya mafiyası və Neapol «ağcaqanadları» ilə əlaqədardır. 1983-cü ilin yanvarında keçirilən tətillərdə 8 milyon, mayında keçirilən tətillərdə isə 14,5 milyon adam iştirak etdi. Tətillər nəticəsində həmkarlar ittifaqları əmək haqqının mütəhərrik şkalasının saxlanılmasına, kollektiv müqavilələr bağlamaq ixtiyarına nail oldular.
1982-ci ilin mayında bir neçə məsələ, o cümlədən, qadınların əleyhinə yönəldilmiş analıq hüququnu müəyyən etmək məsələsi ilə əlaqədar ölkədə referendum keçirildi.
1983-1987-ci illərdə mafiyaya qarşı, katolik kilsəsinin imtiyazlarının məhdudlaşdırılması uğrunda mübarizə gücləndi. Palermoda 500 nəfərə yaxın adam məhkəmə kürsüsündə əyləşdi.
1983-cü ilin iyun ayının 26-27-də keçirilən növbədənkənar parlament seçkilərində XDP cəmi 38,3% səs aldılar. Kommunistlər əvvəlki səslərini saxlaya bildilər. Sosialistlərin vəziyyəti xeyli yaxşılaşdı. Sosialist Kraksi hökumət təşkil etdi. Sosialistlər kommunistlərlə ittifaqı rədd edib koalisiyalı hökumət təşkil etdilər.
1984-cü il Avropa parlamentinin seçkilərində XDP daha çox səs aldı.
Kraksi hökuməti üç il hakimiyyətdə qaldı. Vəziyyət sabit deyildi. Hökumətin XDP-dən asılılığı hər an hiss edilirdi. 1986-cı ilin əvvəllərində hökumət qanun layihələrini müzakirə edərkən azlıqda qaldığına görə həmin ilin yayında istefaya getdi.
1986-cı ilin iyulunda belə bir razılıq alındı ki, Kraksi o şərtlə hökumətə başçılıq edə bilər ki, istənilən anda xristian-demokratlara öz yerini güzəştə getsin.
Kapitalist ölkələrinin çoxunda kommunist partiyalarının nüfuzlu siyasi qüvvəyə çevrilə bilməməsinin səbəblərini ilk dəfə açıq şəkildə İKP-nin baş katibi Palmiro Tolyatti (1893-1964) göstərmişdi. Onun ideyasını yeni baş katib Enriko Berlinquer (1922-1984) inkişaf etdirdi. Onun baxışları «avrokommunizm» adı aldı və bir çox kommunist partiyalarının liderləri tərəfindən müdafiə olundu. Onlar sosializmin zorakı mübarizə üsullarına əsaslanan, həqiqi demokratiyadan uzaq olan, insan hüquqlarına və bəşəri dəyərlərə etinasızlıq göstərən, partiyanın rolunu mütləqləşdirən, bütün dövlət strukturlarını onunla əvəz edən «Sovet modeli»nə tənqidi yanaşmadan onu kor-koranə təqlid etməyi kommunist hərəkatının zəifləməsinin başlıca səbəbləri hesab edirdilər. «Avrokommunistlər» SSRİ-nin Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin daxili işlərinə qarışmasını, xüsusən 1968-ci ildə Varşava Müqaviləsi ölkələri qoşunlarının Çexoslavakiyaya yeridilməsini mühakimə etdilər. Onlar göstərirdilər ki, Sovet İttifaqı özünün inqilabiləşdirici rolunu itirib. «Avrokommunistlər» bütün kommunist partiyalarını xalqa geniş hüquqlar vəd edən və ancaq dinc mübarizə vasitələrini qəbul edən demokratik sosializmi özlərinin məqsədi saymağa çağırırdılar.
1983-cü ilin martında İKP-nin XVI qurultayı oldu. 1985-ci ildə Berlinquer öldü, İKP-nin baş katibi A.Nata seçildi. 1986-cı ildə İKP-nin 1,6 milyon üzvü var idi.
İtaliya bu dövrdə ilk növbədə AİB çərçivəsində iqtisadi, elmi-texniki, mədəni əməkdaşlığı davam etdirirdi. 80-ci illərdə İtaliya razılıq verdi ki, orta mənzilli ABŞ raketləri onun ərazisində yerləşdirilsin. İtaliya firmalarına 1986-cı ildə icazə verildi ki, ABŞ-ın «Strateji müdafiə təşəbbüsü» proqramında iştirak etsinlər. İtaliya Moskva olimpiadasını baykot etmək kampaniyasına qoşuldu. ABŞ-ın Polşaya tətbiq etdiyi sanksiyaya İtaliya da razılıq verdi. Bu dövrdə «Antonovun işi» ilə əlaqədar olaraq İtaliya-Bolqarıstan münasibətləri pisləşdi. Antonov Romadakı aviasiya kompaniyasında işləyirdi. Heç bir sübut olmadan onu Roma papasına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirib həbs etdilər. O, bolqar vətəndaşı idi. 1985-ci ildə Romada keçirilən məhkəmə prosesində o, bəraət aldı və Bolqarıstana getdi.
Dostları ilə paylaş: |