Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Türk dünyasının milli iftixarı Üzeyir Bəy Hacıbəyli



Yüklə 6,61 Mb.
səhifə17/76
tarix02.01.2022
ölçüsü6,61 Mb.
#1659
1   ...   13   14   15   16   17   18   19   20   ...   76
Böyük Türk Xaqanı Sultan Süleyman Qanuni
1.13. Dövrünün ən böyük dünya hökmdarı Sultan Süleyman Qanuni
Türküstandan İslam dünyasına, Mərkəzi Avropadan Aralıq dənizi sahillərinə qədər yayılan Oğuz Türkləri digər Türk boylarını da öz ətrafında birləşdirərək, İslam dini və mədəniyyətini yüksəltmiş, İslam dünyasının qarantı kimi iman, qüdrət və ədalətləri ilə XVI əsrdə Cahan hakimiyyəti məfkurəsinin zirvəsinə yüksəlmişdilər.

Səlcuqlular dövründən başlayaraq, istilaçı Səlibçilərə qarşı Anadolu, Suriya və Orta Doğuda müqavimət göstərən Türklər, Osmanlı Türkləri dövründə uğradıqları ikinci mərhələdəki Xaçlı yürüşlərinin qarşısını almaq üçün Rumeli, Orta Avropa, Aralıq dənizi və hətta Okeanlarda savaşaraq daha dərin məfkurə və daha qiymətli ordular sayəsində daha möhtəşəm zəfərlər qazanmışlar ki, bu zəfərlərin qazanılmasında İldırım Bəyazid, İstanbul fatehi - Sultan Mehmet Fateh, Yaxın Şərq fatehi - ilk Türk-İslam xəlifəsi - Sultan Səlim Yavuz və Avropa fatehi - Sultan Səlim Yavuz oğlu Sultan Süleyman Qanuninin də xüsusi xidmətləri olmuşdur. Katolik kilsəsinin başlatdığı bu yeni Xaçlı yürüşləri sonda onunla nəticələndi ki, Sultan Süleyman Qanuninin qüdrəti və dühası sayəsində Türklərin hakimiyyəti Avropanın içlərinə və Aralıq dənizinin bütün sahillərinə qədər genişlənmiş oldu. Oğuzların Qayı boyuna mənsub olan Sultan Süleyman Qanuni (1520-1566) hicri 900-cü ildə (1484) İstanbulda anadan olmuşdur. Dünyaya gəlişində adı üçün "Quran" açılmış və "İnnəhü min Süleyman" ayəsi açıldığı üçün bu adın Allah tərəfindən təyin edildiyinə inanılmış və ona görə də uşağa "Süleyman" adı qoyulmuşdur (Seçmələr bizimdir - A.M. Nişancı Celalzade, Bax: Hammer, Osmanlı tarihi, V cild, səh 10).

Müstəsna qabiliyyəti, iman mükəmməlliyi, məfkurə yüksəkliyi, iradə və qüdrəti ilə tanınan "Cahan hökmdarı" Sultan Süleyman Qanuni Türk ehtişamının da ən mükəmməl təmsilçisi olmuşdur. Ulu babası Sultan Mehmet Fatehin Cahan hakimiyyəti idealını Şərqdə atası Yavuz Sultan Səlim, Qərbdə isə özü gerçəkləşdirmişdir. Belə ki, atası Sultan Səlim Yavuz 1520-ci ildə öldükdən sonra yerinə keçən Sultan Süleyman Avropada işlər qarışınca, atasının İran və Turan səfərlərindən vaz keçmiş, üzünü Avropaya çevirməli olmuşdur.

İspaniya və Almaniyadan sonra Macarıstanı da öz hakimiyyəti altına alan və beləlikə, Fransa krallığı istisna olmaqla bütün Qərbi Avropaya hakim olan Kral Quintə qarşı yürüşə başlayan Sultan Süleyman ilk yürüşünü 30 avqust 1521-ci ildə Belqrada, ikinci səfərini 1522-ci ildə Rodosa yaparaq, oraları fəth etmişdir. Krım, Qazan və Həştərxan xanlıqları Osmanlılara bağlı olduğundan Şərqi Avropada durum yaxşı idi. Lakin Almaniya və İspaniya Birliyinin Avropada irəliləməsi Osmanlı İmperatorluğu üçün təhlükə törədirdi. Fransa Kralı I Fransua Quintə əsir düşüncə, kralın anası Sultan Süleymandan Kral Quintə qarşı yardım istəmiş, beləliklə də Sultan Süleyman üçüncü səfərini Macarıstana etmiş və 29 avqust 1526-cı ildə Mohaçda xristian dünyasının "Qalxanı" sayılan Macarıstan ordusunu, İslam dünyasının "Qılıncı" sayılan Türk ordusu darmadağın edərək, Budapeşti tutmuş və bununla da Macarıstan və Transilvaniya bölgələri Osmanlı İmperatorluğu tərkibinə daxil olmuşdur. Sonradan Almanların Macarıstanı zəbt etmək üçün hücuma keçməsi ilə Sultan Süleyman dördüncü səfərini Almanların səltənət şəhəri sayılan Vyanaya yapmış və bu şəhəri 1529-cu ildə mühasirəyə almışsa da, fəth edə bilməmişdir.

1532-ci ildə Sultan Süleyman ordusu ilə yenidən Qərbi Avropaya daxil olmuş, Qratz, Marburq və digər şəhərləri fəth etmiş və Almanlar müqavilə bağlamağa məcbur olmuşlar. Sultan Süleyman yeddinci səfərində Korfu və Otrantonu, səkkizinci səfərində Moldoviyanı, doqquzuncu səfərində Budini fəth edərək, bütün bu bölgələri qəti olaraq, Osmanlı hakimiyyəti altına almışdır. Esterqon qalasını da Almanlardan aldıqdan sonra, Sultan Süleyman Almaniyanı vergi verməyə məcbur etmişdir. Sultan Süleymanın bu başarıları nəticəsində Alman-İspan Birliyi ləğv edilmiş, Kral Quint taxt-tacdan məhrum edilmiş, yerinə qardaşı Ferdinand Almaniya kralı, Oğlu Filip isə İspaniya kralı olmuş, Fransa kralı Fransua azad edilərək Fransaya göndərilmiş, İspaniyada yəhudi və müsəlman qırğınları dayandırılmış, Sultan Süleyman Qanuni yəhudiləri öz himayəsinə götürmüşdür.

İstanbulda yapılan müqavilə əsnasında Kral Ferdinandın elçisi Sultan Süleyman Qanuniyə müraciətlə:"Oğlunuz Ferdinand Sizə (Sultan Süleymana - A.M) aid yerləri özünün və özünə aid yerləri də Sizin malınız bilir, çünkü o, oğlunuzdur. Macarıstanı özünüzə götürdüyünüzü bilsəydi müharibəyə girişməzdi" söyləyincə, Sultan Süleyman Qanuni avropalı səfirlərə bildirmişdi ki:"Xristian dövlətlər əcdadımızın üzərinə təhdidli buludlar yığır, lakin bunlardan yağmur yağmırdı. Əgər xristian dünyası əcdadıma qarşı əsassız və daimi Xaçlı hücumlarına girişməsəydi, bu qədər qan tökülməzdi" deyə, bununla, Sultan Süleyman Qanuni bu savaşların məsuliyyətini haqlı olaraq, xristianlarda görmüş və etdiyi fəthlərin də bu zərurətdən qaynaqlandığını onların nəzərinə çatdırmışdır.

Sultan Süleyman Qanuni Fransa Kralı Fransuanı azad etməklə, Katolik Avropanı da ikiyə ayırmağa müvəffəq olmuşsa da, Sultan Süleyman Qanunidən sonra Fransa Kralları xristian təəssübkeşliyi ilə Türklərə düşmən münasibət bəsləmiş, onları Avropadan çıxarmağa digər xristian dövlətlərini də təşviq etmişlər. Türklərə qarşı bu düşmənçilik bu gün də davam etdirilməkdədir.

Avropa səfərlərinə üstünlük verməklə bərabər Sultan Süleyman Qanuni Şərqlə bağlı da əsaslı bir siyasət izləmiş, 1534, 1535, 1548 və 1554-cü illərdə Səfəvilərə qarşı dörd yürüş etmiş, nəhayət "1555-ci il mayın 29-da Amasyada Səfəvi -Osmanlı müharibələrinin I mərhələsini başa çatdıran sülh müqaviləsi imzalanmışdı. Bu müqaviləyə görə, Qərbi Gürcüstan - İmeretiya, Meqreliya, Quriya və Qərbi Ermənistan Türkiyənin, Gürcüstanın şərq vilayətləri - Meshi, Kartli, Kaxetiya və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi" (Bax: Azərbaycan tarixi, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1994, səh 418). Beləliklə Osmanlı İmperatorluğunun cənub və şərq sərhədləri Kəngər (Bəsrə) körfəzinə qədər genişlənmişdi. Sultan Süleyman Qanuninin dövründə Osmanlı İmperatorluğu quruda olduğu kimi dənizlərdə də dünya hegemonluğunu əlinə almış, məşhur Türk dəniz Admiralı Xeyrəddin Barbarossanın (Xızır Rəis - A.M) səyi nəticəsində Aralıq dənizi bir Türk dənizi durumuna gəlmişdi. Belə ki, 1538-ci ildə Prevezə önlərində birləşmiş Avropa donanmasını taktiki gedişlə Aralıq dənizində batıran Xeyrəddin Barbarossa Tulon şəhərini Fransızlardan, Saleh Paşa komandanlığındakı Osmanlı donanması Fası, Xeyrəddin Barbarossanın yanında yetişən Turqut Rəis (Rəis - gəmi kapitanı deməkdir - A.M) öncə Trablis və Tunisi, sonra isə Malta və Korsikanı fəth edərək, Osmanlı İmperatorluğu tərkibinə daxil etmişdilər. Sultan Süleyman dövründə Türklər dörd yüz ildən sonra müsəlmanların əlindən çıxan Aralıq dənizi hakimiyyətini Xeyrəddin Barbarossa, Turqut Rəis, Seydi Əli Rəis, Piyalə Rəis, Qılıc Əli, Həsən Paşa kimi qəhrəman Türk dənizçiləri sayəsində xristianların əlindən almış, Qırmızı dənizi və Ərəbistan sahillərini əmniyyət altına aldıqdan sonra Okeanlara sahib olmaq işinə girişmişdilər. "Sultan Süleyman Qanuninin vəfatı dövründə Osmanlı dövləti Həbəşistandan Esterqona, Fasdan Xəzər dənizinə qədər yayılmış, Osmanlı donanmaları Hind Okeanından Zəngibasara, Diuya, hətta Sumatraya qədər dolaşırdı... Aralıq dənizi və Qara dənizdə üstünlüyü ələ keçirmişdilər" (Bax: Prof.Dr Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh 204).

Sultan Süleyman Qanuni dövründə Türk admiralları Seydi Əli Rəis (vəfatı 1562) və Piri Rəis (vəfatı 1554) öz xəritələri və sahillərə aid təsvirləri ilə coğrafiya elmində önəmli yer qazanmışlar. Piri Rəisin 1513-cü ildə hazırladığı xəritə yalnız 1929-cu ildə aşkara çıxmışdır. Bu xəritədə Amerikanın o dövrə qədər bəlli olan hissələri və Atlantik Okeanı göstərilmişdir. Seydi Əli Rəis də 1522-ci ildə Kipri zəbt etdikdən sonra dövlətin böyük siyasətinə qatılmış və 1533-cü ildən başlayaraq, Hindistanda olduğu dövrdə məşhur "Əl-Mühit" adlı əsərini hazırlamışdı. Bu əsər o dövrdəki İslam və xüsusilə Osmanlı aləminin Koreyadan Amerika sahillərinə qədər olan geniş bir coğrafi üfüqünü önümüzə sərməkdədir" (İqtibas Prof.Dr Rasonyinin göstərilən əsərindən götürülmüşdür - A.M. Bax: səh 204-205).

Beləliklə, Sultan Süleyman Qanuni dövrü Osmanlı İmperatorluğunun ən parlaq dövrü olmuş, Osmanlı İmperatorluğu ən yüksək dövlət səviyyəsinə yüksəlmiş, İmperatorluğun sərhədləri ona bağlı ölkələrlə birlikdə 20 milyon kilometrə çatmışdı. O dövrdəki 500 milyonluq dünya əhalisinin 100 milyonu Osmanlı İmperiyasının tərkibində yaşamış, dünyanın beşdə bir hissəsi Osmanlı mədəniyyətinin daşıyıcısı olmuşdur. Ümumiyyətlə, XVI əsrdə Türk dövlətlərinin əksəriyyəti ən parlaq dövrünü yaşamışdır. Artıq bu dövrdə üç qitənin - Asiya, Avropa və Afrikanın böyük bir hissəsinə Türklər nəzarət etmişlər. Belə ki, hindistan Baburlu, İran və Azərbaycan Səfəvi, Türküstan Cığatay, Rusiya Qızıl Orda, bütün Kiçik Asiya, Orta Doğu, Şimali Afrika və Şərqi Avropa Osmanlı Türklərinin nəzarəti altında olmuşdu. Beləliklə, XVI əsrdə Türk millətinin hakimiyyəti və yayılışı Vyana qapılarından Qanq çayı vadilərinə, Altay dağlarından Atlas dağlarına, Türküstandan Krıma, Qafqazdan Şimali Afrikaya, Volqa boylarından Həbəşistana və Böyük Səhraya qədər ucu-bucağı görünməyən nəhəng bir ərazini əhatə etmişdir. Bütün bunların nəticəsi idi ki, bəzi avropa tarixçiləri haqlı olaraq XVI əsri bütünlüklə "Türk əsri" adlandırmış, (E.Drianlt) və Avropalıların "Möhtəşəm" və "Qanuni" dedikləri Sultan Süleyman da bu dövrün Türk Cahan hakimiyyətinin "Tacı"nı təmsil etmişdir. XVI əsrdə Türk dünyasının Baykara, Babur, Şah İsmayıl, Şah Təhmasib, Sultan Səlim Yavuz və Sultan Süleyman Qanuni kimi hökmdarları olmuş və onlar o dövrdə dünya siyasətini yönləndirmişlər.

Sultan Süleyman Qanuninin başçılığı ilə Osmanlı Türklərinin vəzifəsi sadəcə Allahın iradəsinə uyğun olan Türk-İslam ədalət və nizamını mühafizə etmək və bunu dünyaya yaymaq olmuşdur. Çünki bütün bu qüdrət və əzəmətlərinə baxmayaraq, Osmanlı Türkləri heç vaxt Türkləşdirmə və islamlaşdırma siyasəti yürütməmiş, məşhur fransız tədqiqatçısı F.Qrenardın yazdığı kimi:"Osmanlı İmperatorluğu heç vaxt millətlərarası ziddiyyət yaratmamışdır. İmperatorluq içində yaşayan müxtəlif xalqlar öz dil, din, mədəniyyət və adət-ənənələrinə görə yaşamış və həyatlarından məmnun olmuşdular" (Bax: F.Qrenard, Grandeur et desadense de l'Asie, Paris 1939, səh 126).

Sultan Süleyman Qanuninin dövründə Türklərin Aralıq dənizinə hakim olmaları dövrün Türk ədəbiyyatında da milli qüruru və cahangirlik ruhunu əks etdirmişdi. Əndəlüs (İspaniya – A. M.) müsəlmanlarının qurtarıcısı Xeyrəddin Barbarossa haqqında dastanlar qoşulmuşdu.

Sultan Süleyman Qanuninin rəhbərliyi ilə Osmanlı ordusu İspaniya zülmündən təkcə müsəlmanları deyil, oradakı yəhudiləri də qurtarmış, hətta Roma Papasına məktub göndərərək İtaliyada həbsdə olan Maranları (Xristianlığı guya qəbul edən gizli yəhudilərə Maranlar, yəni “dönmələr” deyilmişdi – A. M.) da həbisdən azad etdirərək Türkiyəyə gətirtmişdi.

Sultan Süleyman Qanuni, dövründə dünyada özünə bərabər bir hökmdar qəbul etmədiyindən hətta Almaniya, İspaniya və digər Avropa dövlətlərinə hakim olan Şarla belə, məktublarında digər Avropa kralları kimi sadəcə “İspaniya vilayətinin kralı” kimi xitab etmişdi. Ona görə də onlarla heç bir “Müahidənamə” imzalamamış, yalnız “Əhdnamə”lər bağlamışdı.

Sultan Süleyman Qanuni Avropa hökmdarlarına göndərdiyi məktublarda qədim Türk Cahangirlik və İlahi hakimiyyət ənənəsini davam etdirərək məşhur tuğrası ilə birgə “Haqq Təalanın inayəti və Ulu Peyğəmbərimizin möcüzatı ilə “Mən ki Yer üzü krallarına tac geydirən, müqəddəs Məkkə, Mədinə, Qüdsi-Şərif və İstanbul şəhərinin, Qara və Aralıq dənizlərinin, Anadolu və Rumelinin, Əcəm, Şam, Misir, Ərəbistan və Yəmən bölgələrinin, Gürcüstan, Dağıstan, Tatar və Qıpçaq ellərinin, Macar taxtının, Ərdəl vilayətinin və qılıncımızla almış olduğumuz neçə-neçə məmləkətlərin padşahı və sultanı Süleyman Xan bin Səlim Xan bin Bəyazid Xanam ! “ – sözlərini də yazıb göndərmişdi (Bax: Ferudin Bəy, göstərilən əsəri, I cild, səh. 339).

Dövrün tarixçiləri də Sultan Süleyman Qanunini "ağlı kamil, alim, nəzakətli, şair və alimlərin dostu, mərd, bütün maddi və mənəvi gözəllikləri özündə toplamış misilsiz bir hökmdar" adlandırmışlar (Bax: Peçevi, Peçevi tarihi, I cild, səh 129-130).

Siyasi yayılışı qədər, mənəvi həyat baxımından da Sultan Süleyman Qanuninin hakimiyyəti dövrü Türk dünyasının ən parlaq dövrlərindən olmuşdur. Osmanlı Türk ədəbiyyatı onun dövründə klassik dövrünü yaşamışdır. Bu dövrdə Lami, Baki və xüsusilə Füzuli kimi böyük sənətkarlar yetişmişdir.

Sultan Süleyman Qanuninin ilham və təşviqi ilə XVI əsrdə Türk memarlığı altun çağını yaşamışdır. Dövrün ən böyük memarı Memar Sinan yüzlərlə əsər yaratmışdır ki, bunlardan 75 came, 49 məscid, xeyli karvansaray, körpü və mədrəsələrin bir çoxu bu gün də öz əzəmətini qoruyub saxlamaqdadır. Bu gün belə İstanbuldakı "Sultan Süleyman Camesi" və Ədirnədəki "Sultan Səlim Camesi" öz möhtəşəmliyi ilə dünya sənət inciləri sırasında yer almaqdadır.

Qərb sənət tarixçiləri göstərmişlər ki: "Memar Sinanın əsərlərində hər yerdə Türk ruhu özünü göstərir. Memar Sinan hər sahədə örnək olacaq ən mükəmməl əsərlər yaratmışdır. Bu əsərlərdə Yunan, İran və Rusiya təqlidini aramaq yersizdir. Hamısı ancaq Türklərin əsərləridir. Şərqin bu Mişel Angelosu 90 il yaşamışdır ki, bu uzun ömrün 75 ili boyunca Bosniyadan Məkkəyə qədər hər yerdə əsər yaratmış və məktəblər açmışdı. Onun şagirdləri arasında Hindistan Türk Sultanı Əkbərin Dehli, Aqra və Lahordakı abidələrini yaradan sənətkarlar da vardır" (G.Gurlitt, Die Baukunst Konstantinopels. Bax: Prof.Dr Laszlo Rasonyi, göstərilən əsəri, səh 205).

Tarixi mənbələrə əsaslanaraq, məşhur tədqiqatçı Hammer göstərir ki, Sultan Süleyman Qanuni səfərləri əsnasında ordu qərargahlarını gəzər, əskərlərinin bardağından şərbət içər və o bardaqları qızılla doldurtdurub əskərlərinə hədiyyə verər, ayrılarkən əskərlərinə "Qızıl Almada (Vyana nəzərdə tutulur - A.M) buluşuruz" deyə onları oxşar, bununla da ideallarını daima canlı saxlayardı (Seçmələr bizimdir - A.M. Bax: Hammer, Osmanlı tarixi, VI cild, səh 165).

Sultan Süleyman Qanuni 72 yaşında son, üçüncü səfərini yenə də Almaniyaya etmiş, lakin 7 sentyabr 1566-cı ildə Zigetvar qalası önündə öldüyündən Almaniyanı tamamilə fəth edə bilməmişdi.

Sultan Süleyman Qanuni İstanbuldakı Süleymaniyyə camesi yanındakı türbəsində dəfn olunmuşdu. Sultanın vəfat etdiyi Zigetvarda da adına bir türbə inşa olunmuş, yaxınlığındakı kənd də "Süleyman köy" adlanmışdı. Türk hakimiyyəti dövründə ziyarətgah olan bu "Qanuni türbə"si sonradan yerli keşişlər tərəfindən "Türbək kilsə" adlandırılmış və xristianların ziyarətgahına çevrilmişdir.

Ruhu şad olsun!



Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin