Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Xoş gəlişlər ola, qəhrəman Ənvər Paşa!



Yüklə 6,61 Mb.
səhifə14/76
tarix02.01.2022
ölçüsü6,61 Mb.
#1659
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
Türk-Hind Xaqanı Zəhirəddin Babur


1.10. Türk-Hind İmperatorluğunun yaradıcısı Zəhirəddin Babur
Ağ hunlardan başlayaraq X-XII əsrlərdə Qəznəli Türkləri, XIII-XIV əsrlərdə Dehli Türk Sultanları, XVI-XIX əsrlərdə Türk Baburlular tərəfindən idarə olunan Hindistanda son Türk hakimiyyəti Teymuroğullarının adı ilə bağlıdır. Tarixdə məşhur Baburlular dövlətinin və Türk-Hind İmperatorluğunun yaradıcısı ata tərəfdən Əmir Teymur nəslindən, "Barlas" adlı Türk boyundan, Əmir Teymurun oğlu Azərbaycan valisi Miranşahın nəvəsi Əbu Səidin oğlu Fərqanə hakimi Ömər Şeyx Mirzənin, ana tərəfdən isə Çingiz Xanın oğlu Cığatay Xanın nəvəsi Yunus Xanın qızı Qutlu Nigar Xanımın oğlu Zəhirəddin Məhəmməd Baburdur.

Zəhirəddin Məhəmməd Babur 14 fevral 1483-cü ildə Fərqanədə anadan olmuşdur. Atası Fərqanə hakimi Ömər Şeyx Mirzənin 10 iyun 1494-cü ildə bir qəza nəticəsində ölümündən sonra yerinə keçən 12 yaşlı Baburun uşaqlıq dövründə bu bölgədə siyasi durum çox qarışıq olmuşdur. Teymur İmperatorluğunun əraziləri Şeybanilər və Özbəklər tərəfindən işğal edilmişdir. Şeybanilər tərəfindən Türküstandan qovulan kiçik yaşlı Babur çox ağır şərtlər altında həm də əmisi Sultan Əhməd, dayısı Mahmud Xan və iki qardaşı ilə də mücadilə etməyə məcbur olmuş, olduqca ağır vəziyyətə düşmüşdür. Şeybanilər tərəfindən işğal edilən Səmərqənd və Əndicanı azad etməyə çalışan 15 yaşlı Babur istər 1498-ci ildə və istərsə də 1500-1501-ci illərdəki təşəbbüslərində başarı əldə edə bilməmiş, üç il ətrafındakı çox az sadiq adamları ilə ağır səfalət və iztirablar çəkmişdir.

Babur Səri-Pulda Şeybani Xana məğlub olunca, Daşkəndə dayısı Mahmud Xanın yanına çəkilmiş və burada ətrafına topladığı Türk və Moğollardan ibarət ordusu ilə taleyini aramaq və öz dövlətini qurmaq məqsədi ilə Daşkənddən Kabilə gəlmiş, ağır macəralardan, əzab-əziyyətlərdən sonra 1504-cü ildə Kabili zəbt edərək ordusunu gücləndirməyə başlamışdı. Yerli xalqla ədalətlə davranan Babur Hindikuş və Qəznə arasındakı əraziləri öz komandanları arasında bölüşdürmüş, Özbək istilasından qaçan Səmərqənd, Hisar və Fərqanə Türklərini bu bölgələrdə yerləşdirmiş və beləliklə də yüksək iradəsi sayəsində gələcək dövlətinin təməl daşlarını qoymuşdur.

Baburun nəzarətində olan bu bölgədə o dövrlərdə Türk, Puştu və Moğollarla yanaşı fars və hindu dillərində danışan bir çox qəbilələr və dağlılar yaşayırdı. Babur 1505-ci ildə ona qarşı çıxan bəzi Əfqan qəbilələrini cəzalandıraraq, Sind çayına doğru irəliləmiş, Xorasandan Özbəklərin çəkilməsi ilə oraya yürüş etmiş, qışı Xorasanda keçirmək istəmiş, lakin Kabildə baş verən bir üsyan onun yenidən Kabilə qayıtmasına səbəb olmuşdur. Babur çox ağır qış şəraitində qarlı Hindiquş dağlarını ordusu ilə birlikdə aşaraq, 1506-cı ildə Kabilə varmışdı. 1506-cı ildə babası Teymurun nəslindən olan qohumu Xorasan hakimi, tarixdə məşhur Sultan Hüseyn Baykaranın ölümü ilə əlaqədar olaraq, Babur Herata dəvət olunmuş və 1507-ci ildə 24 yaşında Teymurlular xanədanının ən böyük hökmdarı elan edilmişdir.

Babur 1510-cu ildə Şeybani Xanın Şah İsmayıl tərəfindən məbğlub edilərək öldürülməsindən sonra yenidən Mavəraünnəhri ələ keçirməyə başlamış, Şah İsmayıl Səfəvinin yardımı ilə bəzi başarılar əldə etmiş, 1511-ci ildə Səmərqənd və Buxaranı ələ keçirmişdi. Babur Şah İsmayıl Xətai ilə yaxın dostluq münasibətləri yaratmış, hətta sünni təriqətinə mənsub olmasına baxmayaraq şiə Şah İsmayıl adına camelərdə xütbə oxutdurmuş və sikkələrində Şah İsmayılın da adını həkk etdirmişdi.

Şah İsmayılın 1514-cü ildə Çaldıran savaşında Osmanlı Sultanı Sultan Səlim Yavuza yenilməsi ilə Baburun Türküstanda gücü zəifləmiş, bundan istifadə edən Özbəklər hücüm edərək Buxara və Hisarı zəbt etmişdilər. Mavəraünnəhrdə gücünün zəifləməsini görən Babur Şah 1514-cü ildə yenidən Kabilə dönmüşdü. Buna baxmayaraq Babur Şahın Mavəraünnəhr səfəri ona bəzi faydalar gətirmiş, o, Bədəxşan üzərində üstün mövqe qazanmış, Bəlx valisini vergi verməyə tabe etdirmişdi. Mavəraünnəhrdə öz hakimiyyətini tam qoruyub-saxlaya bilməyəcəyini dərk edən Babur Şah üzünü Hindistana tutmuş və 1519-cü ildə Hindistana hücum edərək yeddi illik uzun sürən mücadiləyə başlamışdı.

Babur Şah nəhayət 1526-cı ildə Dehli Türk Sultanlığını məğlub edərək Aqra taxtında oturan Əfqanıstanlı Seyid ailəsindən olan sonuncu nümayəndə Sultan İbrahim Lodini məğlub etmişdi. Sultan İbrahim Lodinin ölümü ilə nəticlənən və Hindistanın gələcək taleyində mühüm rol oynayan bu savaşda Baburun hərbçi dühası, ordusundakı silahlar, toplar, təcrübəli Türk və Moğol cəngavərlərinin qəhrəmanlığı döyüş filləri ilə silahlanmış düşmən ordusunu darmadağın etməyə yetmişdi. Babur orduları oğlu Humayunun komandanlığı ilə Əfqan əmirlərini məğlub edərək, 1527-ci ildə dövrü üçün alınmaz qala sayılan Buyun qalasını ələ keçirmişdi. Daha sonra Rana Sanqa üzərinə yürüş edən Babur, Kanva ətrafında 16 mart 1527-ci ildə Racput ordusunu məğlub edərək, Racput dövlətinin varlığına son qoymuş, yanvar 1528-ci ildə Lodilərə sadiq qalan iki əmirliyi özünə tabe etdirmiş, 21 mart 1528-ci ildə Çandar və Luknavı ələ keçirmişdi.

Bu dövrdə Şah İsmayılın ölümündən istifadə edən Özbəklər Xorasanı təhdid etdiyindən Babur Hindistandan geri dönməyə məcbur olmuş və Xorasanı Özbəklərdən qurtarmışdı. Yenidən Səmərqəndi ələ keçirməyə çalışan Babur Bəlucların hücumu ilə qarşılaşmış, yanvar 1529-cu ildə İbrahim Lodinin qardaşı Mahmud Lodi ilə qarşılaşmış, Mahmud geri çəkilməyə məcbur olunca Babur 6 may 1529-cu ildə Qanq çayını keçərək, bir çox yerli əmirləri özünə tabe etmiş, Luknavı yenidən ələ keçirərək Aqraya gəlmişdir. Beləliklə Babur bütün Hindistanı içinə alan tarixdə məşhur Türk-Hind İmperatorluğunun (1526-1858) əsasını qoymuş, Əfqan əmirlərini, Hind prenslərini, Racput hökmdarını məğlub edərək, Əmir Teymurun qanuni varisi olmuş, Bütpərəstliyə qarşı başarılarından dolayı İslam aləmində "Qazi" deyə anılmışdır.

Babur Şahı 30 illik aramsız mücadilə həyatı yormuş, səhhəti pisləşdiyindən oğlu Bədəxşan valisi Humayunu mərkəz Aqraya çağırmış və ətrafını toplayaraq özündən sonra Humayunu hökmdar kimi tanımalarını vəsiyyət etmiş, 26 dekabr 1530-cu ildə 48 yaşında haqq dərgahına qovuşmuşdur. Öncə Cumna çayının sol sahilində Nur Əfşan baxçasında dəfn edilmiş, altı aydan sonra cənazəsi Kabilə gətirilərək, orada torpağa tapşırılmış, 1646-cı ildə nəvəsi Cahan Şah tərəfindən möhtəşəm bir türbə yapdırılmışdır. Ruhu şad olsun!

Özü iki böyük Cahangirin - Çingiz Xan və Əmir Teymurun varisi olmasına baxmayaraq, Babur Şah öz şəxsi zəkası, elmi və fəaliyyəti ilə elə bir səltənət yaratmışdı ki, bu müəzzəm Türk səltənəti sonda Hindistanda müsəlman Türk və buddist Hindlilərin qaynayıb-qarışmasından yeni bir xalq - Pakistan xalqı tarix səhnəsinə çıxmışdır. Bunu nəzərə alan orta əsr Hind din filosofu Benaresli Kabir yazırdı: "Qəlbin təmizliyi Qanq çayında yuyunmaqdan daha önəmlidir. Hindlilər və Türklər eyni gildən yapılmış qablardır. Tanrını sevən və yaxşı hərəkət edən hər kəs biri digərinin qardaşıdır". (İqtibas Prof.Dr Laszlo Rasonyinin "Tarihte Türklük" əsərindən götürülmüşdür. - A.M. Bax: Göstərilən əsər, Ankara 1971, səh 169)

Babur Şahın yaratdığı bu Türk İmperatorluğunu Avropa tarixçiləri heç bir elmi əsasa dayanmayan "Böyük Moğol İmperatorluğu" adlandırmışlar. Halbuki bu ad bu dövlətə aid heç bir orta əsr Şərq müəllifi tərəfindən işlədilməmişdir. Həmçinin Hindistanda Fətihpur-Sikri, Kəlküttə, Madras və Bombey kimi yeni salınan şəhərlər, inşa edilən böyük memarlıq abidələri, camelər, türbələr, bədii əsərlər və xüsusilə, Tac Mahal kimi əvəzsiz sənət incisi Moğolların deyil, məhz Türklərin əzəmət və dühasının məhsullarıdır.

Bütün bunlardan əlavə İmperatorluğun yaradıcısı Babur özünün məşhur "Baburnamə" və ya "Vəkayi" adlı avtobioqrafik əsərində özünü Türk olaraq göstərmiş və həmişə Mahmud Kaşğarlı, Əlişir Nəvai və Sultan Hüseyn Baykara kimi öz Türklüyü ilə fəxr etmişdir. Ulu babası Əmir Teymur Tükcə əsərlər yazdığı kimi xələfləri olan Sultan Hüseyn Baykara və Zəhirəddin Məhəmməd Babur Şah da Türkcə əsərlər yazmış, hətta Türkcə "Divan" yaratmışlar. Babur həm də "Şərqin ən seçkin xatirat yazarı olmuşdur". (Rasonyi, göstərilən əsəri, səh 189)

Türk dövlətçilik tarixində olduğu kimi, Türk ədəbiyyatındakı yüksək mövqeyi və şairliyi ilə də məşhur olan, elmə, sənətə yüksək qiymət verən bu dahi Türk hökmdarından bəhs edən bütün orta əsr müəllifləri və müasir tədqiqatçılar göstərirlər:"Babur bütün səfərlərində öz saray kitabxanasını yanında daşıtmış, bütün taleyi həll edəcək savaşlar ərəfəsində, qısa sürən sülh və sakitlik dövrlərində də öz xatirələrini yazmağa vaxt tapmışdır. Yazı yazmaq onun üçün bir dinclik idi... Öz həyatını təsvir edən Türkcə yazılmış "Baburnamə" adlı bu bioqrafik şah əsər dünya ədəbiyyatının ən diqqətəşayan əsərlərindən biridir. "Baburnamə" əsəri müəllifin içində yaşadığı həyatı əks etdirmək baxımından da son dərəcə mühümdür... Onun "Baburnamə"si Yuli Sezarın "Xatirələr"indən daha ciddi və daha səmimidir. Belə ki, Babur düşmənlərinin qüsurlarını sayarkən onların üstün cəhətlərini də qeyd etmiş, mərdanəlik göstərmişdir... Bu əsər XV əsrin sonu və XVI əsrin əvvəlləri Orta Asiya, Əfqanıstan və Hindistan tarixi və millətləri üçün önəmli bir mənbədir. Əsər Fransız, İngilis, Rus, Holland, Hind, Fars və Alman dillərinə tərcümə edilmişdir. Müasir Türkcəyə "Vəkayi Baburun Hatiratı" adı ilə Prof.Rəşid Rəhməti Arat tərəfindən Farscadan tərcümə edilərək 1946-47-ci illərdə iki cilddə Türk Tarix Qurumu tərəfindən çap edilmişdir". (Seçmələr bizimdir. - A.M. Bax: Grenard, Babur, Paris 1930, Prof.Dr Laszlo Rasonyi, göstərilən əsəri, səh 190; Köprülü Mehmed Fuad, İslam Ansiklopedisi, "Babur" maddəsi, II cild, səh 180-187; Abdulkadir İnan, Çağatay edebiyatı, Türk dünyası el kitabı, III cilt, Ankara 1992, səh 93-94; Atilla Çetin, Büyük Türk hükümdarı Babur, Türk dünyası tarih dergisi, İstanbul Ocak 1987, I nömrə, səh 30; Prof.Dr Anıl Çeçen, Türk devletleri, Ankara 2003, səh 317 və.s)

"Baburnamə" əsəri müəllifin uşaqlıq illərindən başlayaraq, sonrakı bütün həyatını, qohumlarını, mücadilələrini, ordu komandanlarını, etdiyi səfərləri, savaşları, xətaları gerçək bir şəkildə təsvir edir. Müəllif həmçinin gəzdiyi bölgə və ölkələrin xalqları, heyvan və bitkiləri, yolları, sənət əsərləri və.s haqqında da ətraflı məlumat verir. Əsərin əlyazma nüsxələrinə sənətkarlar tərəfindən nəfis miniatürlər çəkilmişdir.

Babur həmçinin Türkcə və farsca şeirləri özündə əks etdirən "Divan", Türkcə "Əruz risaləsi" Hənəfi hüququna aid "Risaleyi-Validin" kimi önəmli əsərlər yazmışdır. Tədqiqatçıların qeyd etdiyi kimi "Babur ən incə və ən nəfis əhatəli bir mədəniyyətə sahib idi. O, Türk babalarından gücü və cəsarəti miras olaraq almış, mahir döyüşçü, qılıncoynadan və oxçu idi. At minməkdə insanı heyrətləndirən başarıları var idi. Nəhəng çayları ordusu ilə bərabər üzərək keçmişdi. Musiqi alətlərində çalar və özü də musiqi bəstələrdi. Xəttat, din alimi və yazıçı idi. Yazdığı Türkcə və farsca şeirləri onun yüksək səviyyəli bir sənətkar olduğunu sübut edir. Baburun XV əsr şairlərinin heç birindən, hətta Əlişir Nəvaidən geri qalmayan təmiz, saf bir Türk dili, təbii ilhamı vardır. Duyduqlarını və düşündüklərini açıq bir şəkildə söyləmiş, cürətli məcazları ilə səmimilikdən və təbiilikdən ayrılmamışdır... Qurduğu təməl üzərində xələfləri qüdrətlərini daha da artırmağa davam etmişlər. Babur Şahın yaratdığı Böyük Türk-Hind İmperatorluğu daha şanlı bir tarixə sahib olmuşdur". (Bax: Grenard, göstərilən əsəri; Rasonyi, göstərilən əsəri, səh 190)

Babur göstərirdi ki:"Əgər aba-baban yaxşı bir qanun qoymuşsa, onu qoru və həyata keçir, pis bir qanun qoymuşsa, onu dəyişdir və daha yaxşısını yap. İslam uğrunda kafirlərlə həmişə vuruşdum. Özümü şəhid etməyə hazırlamışdım. Tanrıya şükür ki, Qazi oldum!".

Babur Şahın 18 övladından sağlığında yalnız 4 oğlu və 3 qızı qalmışdır. Oğulları Humayun, Kamran, Əskəri və Hindal Mirzələr, qızları isə Gülrəng, Gülçöhrə və Gülbədən Bəyimlərdir ki, bunlardan da ən dəyərlisi Humayun və Gülbədəndir. Humayun atası Baburdan sonra hökmdar olmuş və İmperatorluğu 26 il (1530-1556) idarə etmişdir. Gülbədən Bəyim isə özünün "Humayunnamə" əsəri ilə məşhurdur.

Baburun qurduğu bu böyük Türk-Hind İmperatorluğu Quzey Hindistan və Əfqanıstanda 300 il Hökmranlıq etmişdir. Ən önəmli hökmdarları Humayun, Əkbər, Cahangir, Cahan Şah və Aləmgir hesab olunur. Oğlu Humayun (1530-1556) və nəvəsi Cəlaləddin Əkbər Şah (1556-1605) Türk-Hind İmperatorluğunu daha da genişləndirərək 75 il dövləti böyük bir başarı ilə idarə etmişlər. Məşhur Hind tarixçisi İşvari Prasad Babur övladlarının Hindistan xalqının rifahı üçün qeyrət sərf etdiklərini, böyük şəhərlər saldıqlarını, önəmli ticarət yolları boyunca karvansaraylar tikdirdiklərini, körpülər saldırdıqlarını, böyük su kanalları çəkdirdiklərini xüsusi qeyd etmişdir.

Babur oğulları Türküstandakı sənət sevgisini, təbiət gözəlliklərini özləri ilə birgə Hindistana gətirmiş, "Tac- Mahal" kimi cahanşümül memarlıq abidəsi yaratmışlar. Lakin çox təəssüflər olsun ki, Babur Şah istisna olmaqla ondan sonra Türk dili İmperatorluğun rəsmi dövlət dili olub xanədan, ordu və dövlət bürokratiyasında işlənsə də ədəbi və tarixi əsərlərin dili öncə farsca, sonra isə Puştu dilində olmuşdur. Lakin bu əsərlərdə də Hindistan Türk Hökmdarlarının şanlı tarixindən bəhs edilmiş, onların Hindistan üçün böyük işlər gördükləri xüsusi qeyd edilmişdir. Belə ki, Hindistanın ilk Baş naziri Cəvahirəl Nehrunun dediyi kimi, müsəlman Türklər vasitəsilə gələn İslam dini Hind cəmiyyətində yayılmış olan fəsadı söndürmüş, sinif ayrılığını və "Pariya sistemini" aradan qaldırmış, müsəlmanların inandıqları və yaşadıqları İslam qardaşlığı və bərabərliyi nəzəriyyəsi Hindlilərin təfəkküründə dərin iz buraxmışdır.



Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin