ZƏHİRƏDDİN MƏHƏMMƏD BABUR
BABURNAMƏ
BAKI – 2011
TürkSOY kitabxanası seriyası: 12
Azərbaycn Milli Elmlər Akademiyası Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur
Çağatayca, türkcə və rusca
nəşrlərindən çevirən,
ön sözün, qeydlərin və izahların müəllifi:
Ramiz ƏSKƏR
Redaktoru:
Prof. Dr. Hüseyn İSMAYILOV
Zəhirəddin Məhəmməd BABUR. BABURNAMƏ.
Bakı, BXQR, 2011, 432 s.
Böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) «Baburnamə» əsəri türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Müəllif burada öz keşməkeşli həyatını qələmə almış, Mərkəzi Asiyanın, Əfqanıstanın və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar vermişdir. Kitab 31 mart - 4 aprel 2009-cu ildə İstanbulda TürkSOY tərəfindən təşkil olunan «Türk Ləhcələri Arasında Uyğunlaşdırma Çalışmalarının Bugünkü Durumu və Qarşılaşılan Problemlər» mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilir.
İSBN: 978-9952-29-041-7
© Zəhirəddin Məhəmməd Babur
Ramiz Əskər
QAZİ ZƏHİRƏDDİN MƏHƏMMƏD BABUR:
HƏYATI, ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİ1
«Bütün Şərq fatehlərindən fərqli olaraq o çox-çox insanpərvər idi... Adamlar onun barəsində başqa mənada nə düşünürlərsə düşünsünlər, biz bu böyük qəlbli və ünsiyyətcil nəhəngə dərin rəğbətlə yanaşmaqdan başqa onun haqqında heç nə düşünə bilmərik».
B.N.Morlend.
«Müsəlman Hindistanının aqrar sistemi» kitabından.
Məlum olduğu kimi, dünyanın ən zəngin, köklü dillərindən biri olan türk dili üç böyük qrupa – oğuz, qıpçaq və qarluq qruplarına ayrılır. Hər qrup da öz tarixi inkişaf mərhələsindən asılı olaraq özlüyündə bir neçə qola bölünür. Məsələn, qarluq qrupuna hazırda özbək, uyğur, sarı uyğur, salar və sair dillər daxildir. Vaxtilə mövcud olmuş qaraxani və çağatay dilləri isə qarluq türkcəsinin tarixi etaplarıdır. Üstəlik, bu dillərdə zəngin ədəbiyyat yaranmışdır. Qaraxani dönəmində Mahmud Kaşğari «Divanü lüğat-it-türk»ü, Yusif Balasağunlu isə «Qutadğu bilig»i yazmışdır. Bunlar ortaq türk ədəbiyyatının və türk dünyasının təməl əsərləridir. Çağataycada da türklük üçün böyük önəm daşıyan əsərlər qələmə alınmışdır.
XX əsrdə qardaş Türkiyənin humanitar elmlər sahəsində yetirdiyi ən böyük şəxsiyyət olan ordinarius professor Məhmət Fuad Köprülü çağatay türkcəsini «Monqol istilasından sonra Çingizin övladları tərəfindən qurulan çağatay, elxani və Altın Ordu imperatorluqlarının mədəni mərkəzlərində XIII-XIV əsrlərdə inkişaf edən və teymurilər dövründə, bilxassə XV əsrdə, klassik bir mahiyyət alaraq zəngin bir ədəbiyyat yaradan ədəbi Orta Asiya ləhcəsi» kimi səciyyələndirmişdir. Türkcənin bu qolunda Şəkkaki, Lütfi, Ətai, Xocəndi, Sarayi, Xarəzmi, Hüseyn Bayqara, Qütbi, Əlişir Nəvai, Bayram xan, Əbülqazi Bahadır xan və onlarca qələm sahibi ölməz əsərlər yaratmışlar. Bunların arasında şanlı türk hökmdarı və dövlət xadimi, baburilər dövlətinin və ya Böyük Moğol imperiyasının banisi, şair, nasir, tarixçi, coğrafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi Qazi Zəhirəddin Məhəmməd Babur şahın xüsusi yeri var.
Babur 14 fevral 1483-cü ildə Əndicanda anadan olmuşdur. Onun atası, Fərqanə hakimi Ömər Şeyx Mirzə böyük Əmir Teymurun nəticəsi, anası Qutlu(ğ) Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. Babur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca Nəsrəddin Übeydullah Əhrarın yanına gələrək körpəyə ad qoymasını xahiş etmişdir. O, əvvəlcə «Zəhirəddin Məhəmməd» adını təklif etmiş, sonra bir az düşünərək «Bu ad tələffüz baxımında avam dili üçün ağırdır, qoy onlar «Babur Mirzə» desinlər» demişdir. Babur sözü əski türkcədə bəbir, pələng mənasına gəlir.
Baburun anası Qutlu Nigar xanım Sultan Mahmudun böyük bacısı, Monqolustan xanı Yunusun qızı idi. Babur ana nənəsi İsən Dövlət bəyimin yanında böyümüş, ondan tərbiyə almışdır. Bu qadın bütün Orta Asiyada qeyrətli, ağıllı bir şəxs kimi məşhur idi. Bir dəfə əri ilə birlikdə düşmənə əsir düşəndə şahzadələrdən biri ona təcavüz etmək istəmiş, İsən Dövlət bəyim kənizlərinin köməyi ilə harın şahzadəni öldürərək meyidini sarayın həyətinə tullamışdı. Səhər məsələ məlum olanda o, hamının hüzurunda belə demişdi: «Bu adam şəriəti pozaraq mənim namusuma toxunmaq istədi, mən də onu öldürdüm. Buna görə bir suçum varsa, çəkməyə hazıram». Öldürülən şahzadənin atası dərin xəcalət hissi keçirərək bəyimin günahkar olmadığını bildirmiş və bütün əsirləri azad etmişdi.
Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on yaşında ikən Əndicana vali təyin edir. Bundan iki il sonra bir qəza nəticəsində, daha doğrusu, Axsi qalasında uçurumun üstündə göyərçinləri seyr edərkən müvazinətini itirərək uçuruma yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur 12 iyun 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxır.
Həmin dövrdə Orta Asiyada və civarında siyasi mənzərə belə idi: Səmərqənddə Baburun əmisi Sultan Əhməd Mirzə, Hisarda və Bədəxşanda dayısı Sultan Mahmud Mirzə, Monqolustanda babası Yunus xan, Kabildə II Uluğ bəy Mirzə, Heratda Hüseyn Bayqara hökm sürürdü. Qızılbaşların başında Şah İsmayıl Xətai, özbəklərin başında Şeybani xan dururdu. Hindistanda isə hər vilayətdə, hətta hər şəhərdə bir mirzə (bu söz əmirzadə sözünün qısaldılmış variantı olub, əsasən, Əmir Teymurun törəmələrinə şamil edilirdi), xan və ya bir racə hakim idi.
Babur hökmdar olduqdan qısa bir müddət sonra taxtını əmisindən və dayısından qorumaq məcburiyyətində qalır. Ağlı-fərasəti və ətrafındakı yaxın adamlarının köməyi sayəsində əmisi ilə dil tapır, Kasan bölgəsini dayısına güzəştə getməklə təhlükəni sovuşdurur. Yavaş-yavaş güclənən Babur 1497-ci ildə Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər onu tərk edirlər. Bu yetməzmiş kimi, Baburun ən inandığı bəylərindən biri, Axsi qalasının komendantı Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir olub «Babur, ağır xəstədir, dili tutulub, ağzına pambıqla su damızdırırlar» deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrindəki 250 nəfərlik dəstə ilə Əndicana üz tutur, lakin şəhərin ələ keçdiyini öyrənərək Xocəndə gəlib dayısına sığınır. Onun köməyi ilə Axsi və Əndicanı geri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndicanı qurtarmağa müvəffəq olur. Bu arada 12 yaşından bəri nişanlı olduğu, lakin bacı gözü ilə baxdığı əmisi qızı (Sultan Əhməd Mirzənin qızı) Ayşə bəyimlə evlənməli olur. Bu evlilik uzun sürmür, Ayşə bəyim bir il sonra onu tərk edir.
Taxta çıxdığı vaxtdan bəri Hüseyn Bayqaranın bəyləri ilə savaşan Babur bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-ci ilin yayında Səripul müharibəsində ona məğlub olub Səmərqəndə qaçır. Şeybani xan bu dəfə Səmərqəndi mühasirəyə alır və tutur. Babur şəhəri tərk edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlənir. Bəxti gətirməyən və hər şeyini itirən gənc Babur yanındakı bir neçə nəfərlə ac-susuz vəziyyətdə dağlarda, düzlərdə dolaşır, axırda payi-piyada Daşkəndə gələrək yenə dayısı Sultan Mahmud Mirzəyə sığınır. Bu sıralarda onun digər dayısı Əhməd xan Monqolustandan Daşkəndə gəlir. İki qardaş Fərqanəni tutmaq üçün ona dəstək verir. Babur bəzi yerləri ələ keçirərək Əndicana yaxınlaşır, qoşunla dincəldiyi zaman qəfildən basqına uğrayır, çoxlu itkiyə məruz qalır, özü isə Əndican bəyi Əhməd Tənbəlin qılınc zərbəsilə başından ağır yaralanır, səkkiz yaxın adamı ilə birlikdə qaçıb qurtulur. Sonra onlardan ayrılaraq, yolboyu xarabalıqlarda gizlənə-gizlənə bir təhər dayılarının yanına qayıda bilir.
Şeybani xan Babura və dayılarına qarşı mübarizəni davam etdirir, onları ağır məğlubiyyətə uğradır. Babur bu dəfə Fərqanənin cənubundakı dağlara qaçır. Uzun müddət burada ağır şəraitdə ac-yalavac qalır, nəhayət, Xorasana Hüseyn Bayqaranın yanına getmək üçün əksəriyyəti qadınlardan və uşaqlardan ibarət olan 250 nəfərlik qafilə ilə 1504-cü ilin iyun ayında yola çıxır.
Qunduz hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xaqanın törəməsini böyük sevgi ilə qarşılayır, şahın qardaşı Baqi Çağanyani başda olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana deyil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğundan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Heratda çox sevdiyi Mahım bəyimlə evlənir.
Şah İsmayıl Xətai 1510-cu ildə Şeybani xanı öldürür. Ən əsas düşmənlərindən birinin aradan çıxması ilə Babur şah əski torpaqlarını, yəni ata mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Ona görə Şah İsmayılla müqavilə bağlayır, onun adına xütbə oxutdurur və sikkə kəsdirir. Lakin sünni əhali Baburun bu hərəkətini bəyənmir. Xətainin hərbi qüvvələrinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirən Babur osmanlı-səfəvi savaşı ilə əlaqədar Şah İsmayılın öz qoşununu geri çağırması üzündən tutduğu torpaqları yenidən itirir. Xətainin Çaldıran savaşında osmanlılara məğlub olması Baburun bütün ümidlərini puça çıxarır. Çarəsiz qalan Babur dörd illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafiyaya yönəldir. 1519-cu ildə siyasi məqsədlərlə Şah Mənsurun qızı Bibi Mübarəkə-Əfqani Ağaçə ilə evlənir.
Babur şah 1519-26-ci illərdə Hindistana beş dəfə yürüş edir. Pəncabı (1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aqra (1526) şəhərlərini ələ keçirir. Nəticədə Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökmranlığı altına alaraq Böyük moğollar imperiyasının təməlini qoyur.
Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Panipat yaxınlığında məğlub edərək 5 may 1526-cı ildə Dehlini tutan Babur raçputların başçısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşunlarını Kanvanda darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünvanını alır. Babur 1527-29-cu illərdə öz nəzarətindəki yerlərdə üsyanları yatıraraq, müstəqil knyazlıqların çoxunu məhv edir, axırda Qanq çayını keçərək benqal hökmdarını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.
Uşaqlığından bəri ağır xəstələliklər keçirən, xüsusilə də bataqlıq qızdırmasından əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Onu bir dəfə zəhərləyirlər. İbrahim Ludinin anası tərəfindən aşpaz Əhmədin əli ilə verilən ağının təsiri nəticəsində Baburun vəziyyəti gündən-günə ağırlaşır.
Baburun qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabında atasının həyatının son aylarını müfəssəl şəkildə təsvir etmişdir. Onun yazdığına görə, şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Babura öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bunu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hümayunun vəziyyəti yaxşılaşır və o, tamamilə sağalır. Əvəzində Baburun xəstəliyi getdikcə şiddətlənir. Bu dünyadan köçəcəyini anlayan Babur övladlarını (oğulları Hümayun, Kamran, Əskəri və Hindal mirzələri, qızları Gülrəng, Gülçöhrə və Gülbədən bəyimləri), bəylərini və sərkərdələrini yanına çağırır. Hamının hüzurunda böyük oğlu Hümayunu padşah təyin edir, elə həmin gün – 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşur. Aqrada dəfn olunur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür. 1646-cı ildə baburilər sülaləsinin üzvlərindən biri olan Cahan şah onun Baği-Babur adlı bağda yerləşən qəbri üzərində bir məqbərə tikdirir.
Burada Babur tərəfindən qurulan, tarixi ədəbiyyatda Baburilər, Böyük moğollar və ya Gürganilər dövləti adlandırılan imperiyanın sonrakı tarixi haqqında da qısa məlumat vermək istəyirik. Baburdan sonra onun böyük oğlu 22 yaşlı Hümayun 1530-cu ildə taxta çıxmış, lakin 1540-cı ildə qardaşları ilə girişdiyi iqtidar mübarizəsində məğlub olaraq Səfəvilərə sığınmış, yalnız 1555-ci ildə onların köməyi ilə Dehlini alaraq hökmdar olmuşdur. Onun yerinə keçən Əkbər şah 50 il hakimiyyətdə qalmış (1556-1605), Hindistan yarımadasının böyük bir qismini istila etmiş, ölkəsinin mədəni və iqtisadi yüksəlişinə nail olmuş, Osmanlılar, Səfəvilər, özbəklər və portuqaliyalılarla siyasi əlaqələr qurmuşdur. Onun oğlu Səlim Cahangir şah dönəmində (1605-27) ingilislər Hindistana ayaq açmışlar. Cahan şahın hakimiyyəti illərində (1628-58) ölkədə mədəniyyət, xüsusilə memarlıq sahəsində böyük uğurlar qazanılmış, dünyanın yeddi möcüzəsindən biri olan Tac-Mahal məqbərəsi tikilmişdir. Övrəngzib Aləmgir şah dövründə (1658-1707) imperiya inkişaf etsə də, ondan sonra tənəzzül, daxili çəkişmə, taxt qovğaları və üsyanlar başlamışdır. Şahi-Aləm Bahadır şah (1707-12), Cahangir İskəndər şah (1712-13) və Fərrux şahın dövrü (1713-19) də sakit ötməmişdir. 1719-cu ildə taxt üç dəfə əldən-ələ keçmiş, Rəfiütdərəcat şah və II Cahan şah qısa müddətə hökmdar olmuş, Məhəmməd şahın dövründə (1719-47) nisbi sakitlik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tutması ilə ölkə yenidən xaosa sürüklənmişdir. Əhməd Bahadır şah (1747-53), II Aləmgir şah (1753-59) və III Aləm Şah (1759-1806) zamanı ingilislər çox fəallaşmış və 1766-cı ildə imzalanan Allahabad müqaviləsi ilə ölkənin idarəsini öz əllərinə keçirmişlər. II Əkbər şahın (1806-37) və II Bahadır şahın (1837-58) hakimiyyəti formal xarakter daşımışdır. 1858-ci ildə Baburilər səltənətinə son qoyulmuş, Hindistan rəsmən İngiltərənin müstəmləkəsi, 1877-ci ildə isə Viktoriya Hindistanın kraliçəsi elan edilmişdir.
* * *
Baburun bir hökmdar kimi möhtəşəm uğurlar qazanması bir sıra amillərlə bağlıdır. Hər şeydən əvvəl, ulu tanrının inayəti ilə hökmdara xas olan bütün sifətlər onun şəxsində cəmləşmişdir. Bunlardan birincisi türk törəsinə uyğun olan ilahi mənşəli xarizmadır. Onun Çingiz xan və Əmir Teymur nəslinə mənsub olması türklərdə hökmdara bağlılıq duyğusu ilə birləşərək xalqda Babura, Baburda isə özünə sarsılmaz bir inam aşılamışdır. On yaşından etibarən dövlət idarəçiliyi ilə məşğul olması, on iki yaşından taxt-tac sahibi olması onun bütöv şəxsiyyət kimi yetişməsində, xarakterinin formalaşmasında mühüm rol oynamışdır. Buna fitrətdən sahib olduğu iti zəka, analitik ağıl, parlaq istedad da əlavə edilincə, ortaya düha səviyyəsində mükəmməl bir şəxsiyyət çıxmışdır. Uşaq ikən xüsusi saray tərbiyəsi dışında heç bir təhsil almağa vaxtı olmayan bir insanın elmin müxtəlif sahələrində bu qədər dərin bilik qazana bilməsi yalnız öz üzərində inadla və mütəmadi olaraq çalışması ilə mümkün idi. Babur yürüşlər zamanı at üstündə, dincəldiyi zaman çadırında, arxayın vaxtlarda saraydakı kitabxanasında daima kitab oxumuş, yazı yazmışdır. Özünün qeydlərinə görə, bir dəfə çadırında yazı yazmaqla məşğul olarkən qəfildən gur yağmur yağmış və qopan fırtına çadırı sovurmuş, onun əlyazmaları və kitabları islanmışdır. Babur sabaha qədər yatmayaraq islaq səhifələri şam alovu ilə tək-tək qurutmuşdur.
Hərb sənətində görkəmli sərkərdə, mahir taktik və strateq, qılınc oynatmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, memarlıq və peyzaj memarlığı sahəsində gözəl mütəxəssis, botanika, zoologiya, coğrafiya, astronomiya üzrə heyrətli dərəcədə dərin bilik sahibi, eyni zamanda gözəl şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, musiqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmaq tarixdə çox az adama nəsib olmuşdur.
Polad iradəli Babur qorxu nə olduğunu bilməmiş, gözünü budaqdan əsirgəməmiş, prinsiplərindən əsla vaz keçməmişdir. Düşmənin adı-sanı, hərbi qüdrəti qarşısında titrəməmiş, zəiflik göstərməmişdir. Mülkü, vilayətləri, torpaqları bir neçə dəfə əlindən çıxsa da, onları geri qaytarmaq uğrunda əzmlə mübarizə aparmışdır. Üstəlik, bütün savaşlarda komandan olmaqla yanaşı bir əsgər kimi şəxsən iştirak etmiş, dəfələrlə yaralanmışdır. Bu hərəkət ordunu ruhlandırmış, onun şəxsiyyəti ətrafında bir əsrar haləsi yaratmışdır. Hətta bir yürüşdə şiddətli qar fırtınasına yaxalananda yaxındakı mağaraya sığınmaq barədə israrlı təklifləri qəbul etməmiş, hamı kimi çuxur qazaraq qar altında gizlənmişdir. Səfərlərdə əsgərlərlə bərabər yemək yemiş, bütün məhrumiyyət və məşəqqətlərə onlarla birlikdə qatlanmışdır.
Baburun xalq və ordu tərəfindən səmimi şəkildə sevilməsinin bir səbəbi də bütün zəfərləri özünün deyil, əvvəl Allahın lütfü ilə, sonra da sərkərdələrin və əsgərlərin adı ilə bağlamasıdır. Babur ətrafındakı insanların könlünü fəth etməyi bacarmış, hər kəsin məziyyətlərini, xidmətlərini layiqincə qiymətləndirmiş, bəzi silahdaşlarına şeirlər həsr etmiş, onları öymüşdür.
Babur ədalətli bir şah kimi haqsızlığa qarşı həmişə barışmaz olmuş, yağmaçılığı, talançılığı, çapovulçuluğu ölümlə cəzalandırmış, xalqın taxılını, mal-qarasını zorla əlindən alan əsgərləri dar ağacından asdırmışdır. Bir yerli təbəənin bir küpə yağını zəbt etdiyi üçün öz əsgərini ölüncəyə qədər şallaqlatmışdır. Baburun bu xasiyyətindən xəbərsiz olan Şah İsmayıl Xətainin əsgərləri də eyni aqibətə uğramışlar.
Babur öz ölkəsinin abadlığı üçün var qüvvəsi ilə çalışmışdır. Fəth etdiyi ölkələrdə yeni yollar, su anbarları, bəndlər, körpülər, dini ibadət yerləri, hamamlar, saraylar, ictimai binalar inşa etdirmiş, bu qurğuların bir qismini şəxsən özü layihələndirmiş, memarların və mühəndislərin çalışmalarına daim nəzarət etmiş, layihələri yoxlayaraq öz dəyərli məsləhət və göstərişlərini vermiş, bunların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsinə çalışmış, interyer ve eksteryerlərin tərtibatına qədər hər şeylə maraqlanmışdır.
Ticarət yolları üzərində karvansaralar, düşərgələr tikdirmiş, çeşmələr çəkdirmiş, quyular qazdırmış, yolçular üçün iaşə mərkəzləri, heyvanlar üçün yem anbarları, asayişi və təhlükəsizliyi təmin etmək məqsədilə indiki mənada polis məntəqələri yaratmış, məsafələri göstərməklə yol işarələri qoydurmuşdur. Onun əmri ilə Kabildən Aqraya qədər olan məsafə dəqiq ölçülmüşdür. Baburun sayəsində Hindistanda memarlıqda və incəsənətdə ortaq hind-türk (Orta Asiya) üslubu yaranmış, qarşılıqlı mədəni mübadilə baş vermişdir.
Babur şah yaşıllığa da xüsusi diqqət yetirmişdir. Gördüyü ekzotik bitkilərin və güllərin əkildiyi parkların və bağların planlaşdırılması zamanı Orta Asiyadakı çarbağ sistemini tətbiq etmış, gözəl hovuzlar və fəvvarələr düzəltdirmişdir. Məsələn, İbrahim Lodinin üzərində qələbə şərəfinə Kabil-bəxt adlanan nəhəng bir park saldırmışdır. Onun Zərəfşan, Baği-vəfa, Baği-səfa, Həşt-behişt adı verdiyi bağlar da öz qeyri-adi gülləri və ağacları ilə seçilmişdir. Bunların əksəriyyəti əsrlərlə qorunaraq bugünə qədər gəlib çatmışdır. Baburun əmri ilə Orta Asiyadakı bəzi meyvələr, özəlliklə ən yaxşı qovun və üzüm növləri Hindistanda da becərilməyə başlanmışdır. Bu ölkədə indi də ənquri-səmərqəndi adlı üzüm növü çox məşhurdur.
Böyük siyasi xadim və alim Cəvahirləl Nehru Baburun bu fəaliyyətinə yüksək qiymət verərək yazmışdır: «Baburun Hindistana gəlməsi ilə böyük tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə və memarlığa nəfəs verdi, mədəniyyətin digər sahələri isə qarşılıqlı təmasa keçdi. Babur valehedici şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, incəsənəti, ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı». Bu fikri elə həmin dövrlərdə Orta Asiyada və Hindistanda qələmə alınmış «Tarixi-Rəşidi», «Hümayunnamə», «Tarixi-Hümayun şah», «Əkbərnamə», «Təbəqəti-Əkbəri», «Tarixi-Fəriştə», «Cahangirnamə» kimi tarixi qaynaqlarda göstərilən faktlar da təsdiq edir.
Zəhirəddin Məhəmməd Babur cəmiyyətin bütün təbəqələri ilə daim əlaqədə olmuşdur. Xüsusilə alimlərlə, şairlərlə, din adamları ilə tez-tez görüşmüşdür. O, Əlişir Nəvai və digər şairlər haqqında xoş sözlər söyləmiş, bir çox sevdiyi şairin və müasirinin müəmmalarını və beytlərini öz divanına daxil etmişdir. Babur eyni zamanda alimlərlə yaxınlıq etmiş, böyük astronom Uluğ bəyin rəsədxanasına getmiş, orada aparılan tədqiqatlarla yaxından tanış olmuşdur. O həmçinin Nəsirəddin Tusinin elmi yaradıcılığı, Marağa rəsədxanası, eləcə də hind və yunan astronomları barədə çox dərin məlumat sahibi olduğunu göstərmişdir. Ömrünün son dövründə sufiliklə ciddi maraqlanmış, bu sahəyə aid ədəbi-bədii əsərləri mütaliə etmişdir.
Baburun bədii yaradıcılığı onun şəxsiyyətinin, humanizminin və xarakterinin başqa bir tərəfidir. Bu barədə irəlidə geniş söhbət açılacaq. Təbii ki, o, şair və hökmdar olaraq içki və əyləncə məclisləri də qurmuşdur. Bunun üçün kifayət qədər çox səbəb olmuşdur: hərbi zəfərlərin qeyd edilməsi, ova getmək, ovdan qayıtmaq, müxtəlif idman yarışları keçirilməsi, yüksək rütbəli qonaqların, səfirlərin gəlişi, bayramlar, seyranlar, dövlət ərkanı ilə məsləhətləşmələr, yəni divan toplantıları, dostlarla görüşmək ehtiyacı, nəhayət, həyatdan zövq almaq arzusu. İncə ruhlu Babur musiqi alətlərində çalmağı bacarmış, musiqi bəstələmiş, hətta oxumuşdur. Bu cür məclislər içkisiz ötüşə bilməzdi. Babur arada içkiyə meyl etmiş, hətta mübtəla olmuşdur. 28 yaşından etibarən getdikcə artan dozada içki içmiş, intensiv olmamaqla birlikdə tiryəkdən də istifadə etmişdir. Yalnız 1528-ci ildə, ölümündən iki il əvvəl tövbə edərək bu iki pis alışqanlığından vaz keçmişdir.
Baburun şəxsiyyətindən danışarkən onun bəxtini və şansını da qeyd etmək lazımdır. O, ilk gənclik illərində dəfələrlə hər şeyini itirmiş, köməksiz və arxasız qalmışdır. Hər dəfə bir möcüzə sayəsində yenidən dirçəlmiş, əvvəlkindən də qüvvətli olmuşdur. Bu işdə bəxtinin yavər getməsi ilə yanaşı dərin zəkası və mahir diplomat olması onu xilas etmişdir. O, döyüş meydanlarında dəfələrlə ölümlə üzləşsə də, hətta ağır şəkildə yaralansa da, müxtəlif xəstəliklər keçirsə də, həyatda qalmış, nəhayət, bəxti və bacarığı sayəsində dünyanın ən möhtəşəm imperiyalarından birini qura bilmişdir. Yaşadığı tam olmayan qırx səkkiz il ərzində neçə uzun ömrə sığmayacaq qədər böyük işlər görmüşdür. Az yaşamasına gəlincə, «Allah sevdiyi qullarını öz yanına tez aparır» deyə bir ifadə vardır. Bəlkə bu fani dünyanı erkən tərk etmək özü də bir şansdır.
* * *
Babur özünün bəzi həmkarları – Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Cahan Şah Həqiqi, Şeybani xan, Hüseyn Bayqara, Sultan Səlim, Qanuni Sultan Süleyman və başqaları kimi həm hökmdar, həm də şairdir, əlavə olaraq, parlaq istedadlı nasir və mahir tərcüməçi, poetikaya, islam hüququna (fiqhə), musiqiyə və hərb sənətinə dair dərin məzmunlu risalələr müəllifidir. O, «xətti-baburi» adı verdiyi xüsusi bir əlifba da kəşf etmişdir.
Babur çağatay ədəbiyyatının Əlişir Nəvaidən sonra poeziyada ən uca zirvəsidir. O, poeziyanın bütün janrlarında qələmini sınamış, qəzəllər, məsnəvilər, rübailər, tüyuğlar, mətlələr, müəmmalar, qitələr yazmışdır.
Babur iki divan müəllifidir. Bunlardan birincisi 1519-ci ildə tərtib edilmiş «Kabil divanı», ikincisi 1528-29-cu ildə Aqrada tərtib olunmuş «Hind divanı»dır. Hazırda müxtəlif yerlərdə bu iki divanın bir sıra əlyazmaları qorunur. Bir-birindən həcm və ehtiva etdiyi əsərlərin sayı etibarilə fərqlənən əlyazmaların ən mükəmməli İstanbul Universitetinin (kataloq nömrəsi 3743) kitabxanasındaki nüsxədir. «Divani-Babur şahi-çağatayi» adlı bu nüsxə 105 vərəqdir. 119 qəzəli, başqa janrlarda yazılmış əsərləri və Xoca Übeydullah Əhrarın «Risaleyi-validiyyə»sini əhatə edir.
İkinci əlyazma Parisdə Milli Kitabxananın türkcə əlyazmalar kolleksiyasında (kataloq nömrəsi 1230) saxlanır. Cəmisi 50 vərəqdir, haşiyələrdə türkcə və farsca xeyli qeydlər var. Buradakı şeirlərin sayı universitet əlyazmasındakından xeyli azdır: cəmi 87 qəzəl və digər janrlarda qələmə alınmış əsərlər var.
Topqapı sarayındakı əlyazma da (nömrəsi R.741) həcmcə kiçikdir (55 vərəq). Sərlövhədə əsərin adı «Divani-sultanül-əzəm Babur Mirzə əleyhir-rəhmətü vəl-ğürfan» şəklində yazılmışdır. Burada şairin 111 qəzəli və başqa şeirləri toplanmışdır.
Digər bir nüsxə İstanbulda 100-cü il Atatürk bələdiyyə kitabxanasında qorunur. Müəllim Cövdət (əl)yazmaları kataloqunda K. 332 nömrəsi ilə qeydə alınan bu nüsxə «Divani-Babur Mirzə» adlanır. 74 vərəqdir. Həcminə və burada verilmiş əsərlərin (82 qəzəl və başqa şeirlər) sayına baxaraq bu nüsxənin Topqapı nüsxəsindən köçürülmüş olduğu ehtimal edilir.
Hindistanın Rampur şəhərindəki Nəvvab kitabxanasında saxlanan nüsxə cəmisi 20 səhifədir. Burada Xoca Übeydüllah Əhrarın «Risaleyi-validiyyə»sinin tərcüməsi və Baburun özünün bir qəzəli, bir neçə məsnəvisi, rübaisi və mətləsi, «Əruz risaləsi»ndən bir parça, farsca bir neçə rübai, qitə və mətləsi verilmişdir. Bu nüsxənin yeganə özəlliyi odur ki, buradakı bir rübai Baburun öz xəttilə yazılmışdır. Bu barədə Cahan şahın haşiyədə xüsusi qeydi var.
Tehranda Səltənət kitabxanasında qorunan nüsxə isə, əslində, bir külliyyatdır. Bu külliyyat 5 bölümdən ibarətdir. Birinci bölümdə (s. 1-186) şairin tövhid, nət və dini şeirləri yer alır. İkinci bölümdə (s. 187-377) vəzn və bəhrlər haqqında mənzum və mənsur qismlər, üçüncü bölümdə (s. 379-455) şeir vəznləri haqqında mənsur hissə, beşinci bölümdə (s. 457-1012) Baburun xatirələri (farsca tərcüməsi ilə birlikdə) verilmişdir. Son bölümdə isə (s. 1013-1036) şairin bəzi qəsidələri və bir risaləsi var.
Məşhur baburşünas Dr. Bilal Yücəl «Babur divanı» kitabında (Ankara, 1995) bütün nüsxələri ətraflı təsvir etmişdir. Türk aliminin bu kitabı dərin elmi məzmununa və faktların dəqiqliyinə görə seçilir. Türkmən alimi Rəhimməmməd Kürənov «Babur divanı»nı (Aşqabad, 2005) məhz Bilal Yücəlin kitabı əsasında hazırlamışdır. Biz bu iki kitabla yanaşı şairin Özbəkistanda nəşr olunmuş «Seçilmiş əsərləri»ndən də (Daşkənd, 2008) faydalandıq. Ədalət naminə demək lazımdır ki, Bilal Yücəlin kitabı baburşünaslıqda ən mötəbər mənbədir.
Bilal Yücəl bütün nüsxələri tutuşdurmaqla Baburun divanında 122 qəzəl olduğunu ortaya çıxarmışdır ki, onlardan biri çarpaz qəzəldir. Şairin bu anda elm aləminə 18 məsnəvisi, 216 rübaisi, 1 müəmması, 19 qitəsi, 15 tüyuğu, 79 mətləsi, 7 məsnu şeiri, 16 natamam qəzəli, 3 nəzmi, 16 müsərrə beyti, 11 müfrədi, 4 kiçik mənsur parçası məlumdur. Divana daxil edilən bu mənsur parçalar şairin başqa əsərlərindən alınmışdır. Bunlardan başqa, onun farsca yazdığı 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur parça var. Beləliklə, Baburun divanında 600-dən artıq əsər vardır. Biz Baburun «Seçilmiş əsərləri» kitabına farsca yazıları daxil etmədik, türkcə şeirlərdən 56-sı başqa şairlərə aid olan müəmmaları, 4 kiçik mənsur parçanı və bəzi beytləri çıxmaqla 500-dən çox əsəri müasir dilimizə uyğunlaşdıraraq verdik. Əlavə olaraq, Baburun «Etiqadiyyə» risaləsini və şairin tərcümə etdiyi «Risaleyi-validiyyə»ni də həmin kitaba saldıq.
Burada Babur divanının bir özəlliyini də qeyd etməliyik: əvvəla, divanda dibaçə yoxdur. İkincisi, qəzəllər, məsnəvilər, rübailər, tüyuğlar və digər janrdakı əsərlər ərəb əlifbasına uyğun olaraq alfabetik ardıcıllıqla deyil, gəlişigözəl düzülmüşdür, hətta çox zaman bir-birinə qarışmışdır.
Biz həmin kitabı hazırlayarkən orijinala imkan daxilində sədaqət göstərdik, şeirlərin azərbaycanca yaxşı səslənməsi və rahat anlaşılması üçün «köp» və «ana» tipli sözləri qafiyə kimi işləndikləri məqamlar xaricində assosiasiya yaratmamaları üçün «çox» və «ona» şəklində verdik, bəzi yerlərdə isə -ay, -əy tipli şəkilçiləri anlaşıldığı üçün olduğu kimi saxladıq. Qəzəl, qismən də qəsidə, rübai və tüyuğlar bölməsində səhifə altında qəliz ərəb-fars sözləri lüğətini yerləşdirdik, çünki mütaliəni yarımçıq kəsib bu və ya digər sözün mənasını kitabın sonundakı lüğətdə axtarmağın nə qədər xoşagəlməz iş olduğu hamımıza məlumdur. Hər ehtimala qarşı sonda böyük bir lüğət verməyi də lazım bildik.
Baburun poeziyası mövzu baxımından çox əlvandır. Onun ən əsas mövzusu, təbii ki, eşq və məhəbbət, həsrət və hicrandır. Lakin bununla yanaşı şairin bir çox lirik əsəri avtobioqrafik məzmun daşıyır. Burada hərbi yürüşlərə, içki məclislərinə, dostlarına, məmurlarına və yaxın adamlarına, zövcələrinə, özünün şəxsi qüsurlarına həsr etdiyi şeirlər də az deyil. Baburun şeirləri sanki tənha bir guşədə düşünülərək yazılmamış, söhbət əsnasında, hamının yanında bədahətən söylənmişdir. Onlarda sonsuz bir sadəlik və təbiilik müşahidə olunur.
Baburun şux və oynaq qəzəlləri, ictimai-fəlsəfi məzmunlu rübailəri, tüyuğları, məsnəviləri, qitələri, mətlələri barədə «Seçilmiş əsərləri»nə yazdığımız ön sözdə geniş məlumat verilmiş, onlar müxtəlif ədəbi yönlərdən yetərincə təhlil edilmişdir. Burada yalnız bir qəzəlini vermək istərdik:
Xəttin ara üzarın – səbzə içində lalə,
Ol çeşmi-pürxumarın – lalədəki qəzalə.
Bütün pərilər, ey can, gərdində zarü heyran,
Guya ərər nümayan ay dövrəsində halə.
Mehrü vəfanı əğyar çox gördü səndən, ey yar,
Cövrü cəfanı bisyar qıldın mana həvalə.
Hicrində, ey pəriru, gözümdən uçdu uyğu,
Hər gecə dana doğru işimdir ahü nalə.
Üzümə baxsan, ey yar, görərsən yüz qüssə var,
Eşqində Babur yazar bu növ yüz risalə.
Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında risalələr çox mühüm yer tutur. Bunlardan «Əruz risaləsi» (1523-25), adından da göründüyü kimi, ədəbiyyat nəzəriyyəsinə həsr olunmuşdur. Risalə əruz vəzni haqqında türkcə və farsca yazılmış əsərlərdən fərqlidir. Müəllif əsas diqqətini türk əruzuna yönəltmiş, bizə xas olan şeir şəkillərindən tüyuğ, qoşuğ, tarxani, öləng və digər janrları ətraflı təhlil etmişdir. Babur əruzun 21 bəhri və 272 vəzni haqqında geniş məlumatla yanaşı türkcə və farsca nümunələr vermişdir.
Şairin digər bir risaləsi «Mübəyyəni-zəkat»dır (1521). Burada islamın hənəfilik təriqəti ilə əlaqədar bəzi məsələlər (zəkat, xüms, əşar, xərac və s.) haqqında məsnəvi tərzində məlumat verilir. «Kitab nəzminin səbəbi» qismindən anlaşıldığına görə, Babur bu əsəri övladları Hümayuna və Kamrana öyüd-nəsihət vermək məqsədilə qələmə almışdır.
Şairin «Etiqadiyyə» risaləsi də dini mövzudadır. Babur bu əsərində dinin əsaslarını və fiqhi bir ilahiyyatçı müsəlman alimi səviyyəsində bildiyini nümayiş etdirmişdir.
Mütəfəkkir şair 1504-cü ildə «xətti-baburi» adlı xüsusi bir əlifba kəşf etmiş, türk dilinin fonetikasını daha dolğun əks etdirən həmin əlifba ilə Qurani-kərim yazdırmışdır.
Bunlardan başqa, Babur tarixi mənbələrdə qeyd olunan iki risalə də qələmə almışdır. «Musiqi elmi» və «Hərb işi» adlanan bu əsərlər, təəssüf ki, indiyə qədər tapılmamışdır.
Babur eyni zamanda türk ədəbiyyatında ilk tərcüməçilərdən biridir. Ağır xəstə olduğu zaman əgər bu xəstəlikdən qurtulsam, o zaman mənə Babur adını qoyan Xoca Übeydullah Əhrarın «Risaleyi-validiyyə»sini farscadan türk dilinə tərcümə edəcəyəm deyə əhd edən Babur 1528-ci ilin 6 noyabrında tərcüməyə başlamış, «Baburnamə»də yazdığına görə, tək bir gün ara verməklə əsəri iki həftə ərzində tamamlamışdır. Babur bu risalənin müəllifinə dərin hörmət və sonsuz ehtiram bəslədiyi üçün həmin əsər Baburun divanının əvvəlinə qoyulmuşdur. Baburun tərcüməçilik fəaliyyətinin örnəyi olan «Risaleyi-validiyyə» onun «Seçilmiş əsərləri»nə daxil edilmişdir.
***
Qazi Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında «Baburnamə» (digər adları: «Vəqaye» və «Baburun xatirələri») əsəri mühüm yer tutur, ona görə də bu əsər haqqında xüsusi danışmaq lazımdır. Türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsər olan «Baburnamə» 1494-1529-cu illər arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş verən bütün hadisələri, müəllifin öz həyatını, o dövrün bütün siyasi xadimlərini, elm və ədəbiyyat nümayəndələrini əhatə edir. Kitabda o regionun flora və faunası, coğrafiyası, etnoqrafik özəllikləri barədə geniş məlumat var. Əsərin ondan artıq əlyazma nüsxəsi mövcuddur.
«Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-səda doğurmuşdur. Təkcə Əkbər şahın sarayında üç dəfə farscaya tərcümə edilmişdir. Yekdil rəyə görə, ən yaxşı tərcümə Əbdürrəhim xani-xanana məxsusdur (1586). O, Baburun yaxın silahdaşı, məşhur türkmən sərkərdəsi, çağatay, türkmən, eləcə də bizim ədəbiyyatın klassiki Bayram xanın oğludur. Baharlı boyuna mənsub olan Bayram xan əvvəlcə bir müddət Şah İsmayıl Xətainin yanında qulluq etmişdir.
«Baburnamə»nin şöhrəti qısa müddət ərzində Avropaya da yayılmış, Vitsen onun haqqında holland dilində (1705), C.Leyden və V.Erksin ingilis dilində (1826), Pave de Kurteyl fransız dilində (1871) yazılar yazmış, bəzi hissələrini tərcümə etmişlər. Əsər ilk dəfə 1857-ci ildə məşhur rus türkoloqu N.İ.İlminski tərəfindən Kazanda çapdan buraxılmışdır. A.N.Samoyloviç isə 1917-ci ildə Sankt-Peterburqda «İmperator Baburun şeirləri» adlı kitabı rus dilində nəşr etdirmişdir.
«Baburnamə»nin ilk tam tərcüməsi tanınmış ingilis alimi Annet Susanna Beveric tərəfindən 1905-ci ildə həyata keçirilmişdir. O, əsərin Heydərabad nüsxəsinin faksimilesini sinkoqrafiya üsulu ilə çap etmiş, tərcüməsini vermiş, on səhifəlik önsöz yazmış, kitabın axırına şəxs, qəbilə, tayfa, boy adları və coğrafi adlar göstəricisi əlavə etmişdir. Annet xanım Baburun xatirələrini Gibbonun və Nyutonun memuarları ilə müqayisə etmişdir. Daha sonra böyük özbək alimi Əbdürrauf Fitrət 1928-ci ildə «Baburnamə»dən bəzi fraqmentləri çap etdirmişdir. Əsər ordinarius professor Rəşid Rəhməti Arat tərəfindən türk dilinə (1940), Bevericin ingiliscə tərcüməsinin əsasında Mixail Salye tərəfindən rus dilinə çevrilmiş, 1943-cü ildə Daşkənddə, 1958-ci ildə isə Moskvada çapdan buraxılmışdır. «Baburnamə» ümumən dörd dəfə ingilis (1826, 1905, 1921, 1922), üç dəfə fransız (1879, 1980, 1985), bir dəfə alman (1878), bir dəfə ispan (2005) dilinə çevrilmişdir.
Baburun irsinin öyrənilməsinə özbək alimləri də mühüm töhfələr vermişlər. «Baburnamə» 1948-ci ildə Daşkənddə iki cild halında məşr edilmiş, 1959-cu ildə isə Baburun seçilmiş əsərləri işıq üzü görmüş, 1956-66-cı illərdə üçcildliyi çap olunmuşdur. Tanınmış baburşünas Parsa Şəmsiyev 1960-cı ildə bir neçə nüsxə əsasında «Baburnamə»nin elmi-tənqidi mətnini hazırlamışdır. 1982-ci ildə M.Salyenin rusca tərcüməsi yenidən oxuculara təqdim edilmişdir.
1980 və 1985-ci illərdə «Baburnamə» UNESCO xətti ilə S.Əzimcanovanın (Özbəkistan), Əbdülhey Həbibi (Əfqanıstan) və Mühibül Həsənin (Hindistan) redaktorluğu, tanınmış fransız türkoloqu Lui Bazenin ön sözü ilə fransız dilində iki dəfə nəşr olunmuşdur. 1994-cü ildə yapon şərqşünası İ.Mano əsərin elmi-tənqidi mətnini çap etdirmişdir.
Baburun macəralarla dolu əfsanəvi həyatı yazıçıları da yaxından maraqlandırmışdır. Fransız yazıçıları F.Qrenard (Paris, 1930) və F.A.Stil (Paris, 1940), ABŞ yazıçısı V.Qaksoni (Nyu-York, 1980) Babur haqqında romanlar yazmışlar. Təbii ki, bu əsərlərin əsasında «Baburnamə»dəki faktlar dayanmışdır. Məşhur ədib Munilalə isə Baburun həyatından bəhs edən 6 roman qələmə almışdır. Bu əsərlər arasında ən populyarı amerikalı yazıçı Harold Lambın 1961-ci ildə Nyu-Yorkda çapdan çıxan «Babur the Tiger. First of the Great Mogols» kitabıdır. Həmin kitab müxtəlif ölkələrdə dəfələrlə nəşr edilmiş, 2000-ci ildə Moskvada rus dilində «Бабур-тигр. Великий завоеватель Востока» adı ilə çap olunmuşdur.
Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Aybək, B.Baykabulov və Xurşid Dövran qələmə aldıqları poemalarında, Pirimqul Qədirov «Ulduzlu səma» romanında, Xeyrəddin Sultanov isə «Baburinamə» povestində Baburun ölməz surətini canlandırmışlar.
Baburun yadacılığı, xüsusilə «Baburnamə» əsəri ilə bir çox ölkələrin alim və mütəxəssisləri məşğul olmuşlar Onlardan U.Erksin, L.M.Pull, S.M. Edvards, A.S.Beveric, P.M.Kaldekot, Ç.Stori, E.Holden, L.U.Kinq, F.J.Talbot, İ.Mano, D.Ross, M.F.Köprülü, R.R.Arat, H.Bayur, Z.Mansuri, P.Şarma, A.K.Sinqh, N.Veselovski, M.Salye, İ.V.Stebleva və başqaları Baburun ədəbi irsinin tədqiqində mühüm işlər görmüşlər.
Özbəkistanda Beynəlxalq Babur Fondu və Babur yaradıcılığını öyrənmək üzrə beynəlxalq elmi ekspedisiya təşkil edilmişdir. Toplanan minə yaxın kitab və sənəd «Babur və dünya sivilizasiyasında onun yeri» adlı xatirə muzeyində qorunur. Bu kitablar arasında Baburun müxtəlif dillərə çevrilmiş əsərləri ilə yanaşı «Baburnamə»nin tərcümələri, Böyük moğol imperiyasının tarixi haqqında qələmə alınmış tədqiqatlar xüsusi yer tutur. U.Erksinin özbəkcəyə çevrilmiş «Hindistanda Baburi dövləti» (Daşkənd, 1997) və P.Şarmanın «Baburilər səltənəti» (Daşkənd, 1999) kimi fundamental araşdırmalar xüsusilə diqqətəlayiqdir. Əndicanda salınmış Babur parkında onun rəmzi qəbri qoyulmuş, «Ərk içi» adlanan xatirə kompleksi ucaldılmışdır.
***
«Baburnamə» üç hissədən ibarətdir. «Fərqanə» adlanan birinci hissədə Baburun taxta çıxdığı 10 iyun 1494-cü ildən 14 iyun 1504-cü ilə qədər baş verən hadisələr öz əksini tapır. Bu on il ərzində Babur taleyin bir sıra ağır sınaqlarına məriz qalmış, ata mülkünü dəfələrlə itirmiş və qazanmış, axırda yenə itirərək çarəsizlik içində Xorasana getmək üzrə vətənini tərk etmişdir.
«Baburnamə»nin ikinci hissəsi «Kabil» adlanır. 14 iyun 1504-cü ildən 12 dekabr 1520-ci ilə qədərki 15 il yarımlıq dövrü əhatə edən bu hissədə böyük dövlət xadimi və sərkərdə saysız-hesabsız vuruşlarda iştirak etmiş, nəhayət, bəlli bir coğrafiya üzərində öz səltənətini qura bilmişdir. Maraqlıdır ki, Babur 1494-cü ildən 1510-ci ilə qədər o dövrdə Mərkəzi Asiyada və ətraf coğrafiyada ən müqtədir hökmdar olan Şeybani xanla mütəmadi olaraq çarpışmışdır. Şeybani xan onu addım-addım izləmiş, hətta Kabilə qədər qəlmişdir. 1510-cu ildə Şeybani xanın Şah İsmayıl tərəfindən öldürülməsi ilə Babur Kabili əlində saxlamaqla əski torpaqları uğrunda mübarizə aparmışdır. Bundan da bir şey çıxmayınca Hindistana yönəlmişdir.
«Baburnamə»nin «Hindistan» adlanan hissəsi 8 oktyabr 1526-cı ildən 1529-cu ilin 5 sentyabrınadək olan dövrün hadisələrini əhatə edir. Əslində, Baburun Hindistan macərası hələ 1519-cu ildə başlamışdır. O, həmin vaxtdan sonra Hindistana beş dəfə yürüş etmiş, Pəncabı (1519/20), Qəndaharı (1522), Lahoru (1523), Dehlini və Aqranı (1526) ələ keçirmiş, Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökmranlığı altına alaraq Böyük moğollar imperiyasının təməlini qoymuşdur. Əsərin «Hindistan» qismində Baburun yerli hökmdarlardan İbrahim Ludi ilə Panipat savaşı, hind raçputların başçısı Rana Sanka ilə Kanva savaşı, əfqan tayfaları və benqallarla savaşı öz əksini tapmışdır.
Baburun xatirələri beş yerdə qırılır. Xorasana getmək üzrə vətənini tərk etdiyi ilin, yəni 908-ci ilin (1503-04) hadisələri başa çatmadan kəsilir, 909-cu ilin (1504-05) hadisələri isə bütünlüklə yoxdur.
Xatirələr ikinci dəfə 914-cü ilin əvvəllərində kəsilir, on il 7 aylıq fasilədən sonra 925-ci ildə təkrar başlayır. Yəni kitabda 1508-ci ilin mayından 1519-cu ilin 3 yanvarınadək olan dövrün hadisələri yoxdur.
Baburun xatirələrinin 926-cı ilin əvvəllərindən (12 dekabr 1520-ci ildən) 932-ci ilə (18 oktyabr 1525-ci ilə) qədər olan hissəsi də yoxdur.
Xatirələrdə 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş ay yarımı əhatə edən və açıqlanmayan bir kəsinti də var.
Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sentyabr 1529-cu il) sonuncu dəfə kəsilir. Ondan sonra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları itmişdir. Babur 937-ci ilin 5 cümadüyüləvvəl günü (25 dekabr 1530-cu il) vəfat etmişdir. Biz bu boşluqlarda baş verən hadisələrin qısa icmalını mətnaltı haşiyələrdə verərək mənzərəni qaba şəkildə tamamlamağa, xatirələri bir növ bərpa etməyə çalışmışıq.
Baburun bu xatirələri necə və nə zaman yazdığı haqqında dəqiq məlumat yoxdur. Dəqiq bilinən bir şey varsa, o da həmin dövrdə saray tarixçisi, münşi və ya xronistin olmadığıdır. Elə isə Babur bütün hadisələri özü qeydə almış, xüsusi gündəlik tutmuşdur. Lakin əsərdə bunu təsdiq edən ciddi bir işarə yoxdur. Bütün hallarda ehtimal etmək olar ki, Babur müntəzəm və ya ara-sıra gündəlik tutmuş, bu materiallar əsasında xatirələrini Hindistanda yazıb bitirmişdir. Xatirələrin son dövrünü əhatə edən illərdə Babur hadisələri günbəgün təsvir edir, hətta səhər, günorta, ikindi, axşam, gecə baş verən hadisələri də müfəssəl nəql edir. Bəzi məqamlarda bu və ya digər hadisə və ya şəxs haqqında təhkiyəni kəsən müəllif bu barədə sonra məlumat verəcəyini bildirir. Tək bir yerdə isə (3 mart 1529-cu ildə) bunu qeyd edir: «Xoca Yəhyanın nəvəsi Xoca Kəlan isə məndən yazmaqda olduğum Vəqayeni istəmişdi. Surətini çıxartdırmışdım, onu da Şəhrək vasitəsilə göndərdim».
«Baburnamə»də faktiki materail, bir-birinə qarışan hadisələr, alışmadığımız adlar hədsiz dərəcədə çoxdur, lakin buna baxmayaraq əsər sonsuz maraqla, bir macəra ədəbiyyatı nümunəsi kimi zövqlə oxunur. Baburun dilinin sadəliyi, obrazlılığı, müşahidələrinin zərifliyi, qeyri-adiliyi, dəbdəbədən uzaq təhkiyə tərzi, səmimiyyəti insanı heyran edir.
Babur hər şey haqqında obyektiv və dəqiq yazmışdır. Müasiri olduğu və ya özündən əvvəl yaşamış hökmdarlar, onların nəsəbi, həyatı, xasiyyəti, savaşları və meydan müharibələri, adbaad göstərməklə arvadları və cariyələri, oğulları və qızları, əmirləri və bəyləri, saraylarında yaşayan alimlər, şairlər, rəssamlar, müsiqiçilər, xəttatlar və başqa sənətkarlar haqqında geniş və maraqlı məlumatlar vermişdir. Gəzib gördüyü yerlərdəki tarixi abidələr, ayrı-ayrı xalqlara, tayfa və qəbilələrə xas olan etnoqrafik özəlliklər, adət-ənənələr, yeməklər, geyimlər onun nəzərindən yayınmamışdır. Babur təbiətin gözəlliklərini, fərqli coğrafi ərazilərdə bitən ağac və gülləri, meyvə və bitkiləri, heyvanları, quşları, balıqları da eyni həssaslıq və diqqətlə təsvir etmişdir. O, musiqi, xüsusən də muğamlar haqqında dərin məlumat sahibi olduğunu göstərmişdir. Bu mənada «Baburnamə» o dövrün bir ensiklopediyası sayıla bilər.
Babur hətta öz şəxsi qüsurlarını göstərməkdən, özünə tənqidi yanaşmaqdan, bəzən də istehza etməkdən çəkinməmişdir. Onun içki məclisləri, məcun, kəmali, tiryək qəbul etməsi də xatirələrdə öz əksini tapmışdır. Babur öz tabeliyindəkilərə və qohumlarına da obyektiv qiymət vermişdir. Hətta öz əmisi uşaqları ona qarşı xəyanət edəndə, dövlət çevrilişi təşkil edib taxtı onun əlindən almaq istəyəndə belə Babur onları bağışlamışdır.
Babur bir çox yerdə əmilərinin, dayılarının, xalalarının ona və anasına qarşı haqsızlıq etdiklərini vurğulamış, onlardan etibar və şəfqət qörmədiklərini qeyd etmişdir: «Bunları yazmaqdan məqsədim şikayət deyil, gerçəkləri söyləməkdir, bu söylənənlərdən məqsəd özümü tərif deyil, gerçəkləşmiş olanları bəyan etməkdir. Burada hər sözün doğrusunu və hər işi olduğu kimi yazmağı gərəkli saydığım üçün, şübhəsiz ki, ata və böyük qardaşdan yaxşı və pis nə eşidilib görülmüşsə onları söylədim, qohumlardan və yadlardan da nə qüsur və ya məziyyət görülmüşsə, onları yazdım. Oxuyan məzur görsün, eşidənlər də qınamasın».
«Baburnamə»də yüzə yaxın şeir parçası var. Bunların bir qismi şairin öz əsərləri, bir qismi başqa şairlərin, əsasən də Sədi Şirazinin şeirləridir. Yeri və məqamı gəldikcə Qurandan alıntılar, farsca və türkcə bir neçə atalar sözü var. Farsca şeirlərin və atalar sözlərinin orijinalını sətri tərcümələri ilə birlikdə verməyi məqsədəuyğun saydıq.
Bu mötəşəm əsəri ana dilimizə çevirərkən onun türkcə (Rəşid Rəhməti Arat), rusca (Mixail Salye) tərcümələri ilə yanaşı Parsa Şəmsiyev tərəfindən hazırlanmış özbəkcə-çağatayca nəşrindən istifadə etdik. Baburun dili, xüsusən də mürəkkəb cümlələr sintaktik baxımdan farscanın təsiri altındadır. Misal üçün: «Sabahı divanda Qulubəy kim, Kaşğarğa Sultan Səid xan qaşına elçilikkə barıb idi, kəlib mülazimət qıldı». Sadə cümlələr isə tam tükcədir. Ona görə də bəzi cümlələri daha dəqiq anlamaq üçün onları türkcə və rusca mətnləri ilə tutuşdurmaq lazım gəlirdi. Bundan başqa, həmin dövrdə həyatın müxtəlif sahələrində işlənmiş çoxsaylı termin və təbirlərin qarşılığını tapmaq asan deyildi. Bu baxımdan türkcə və rusca tərcümələr bizə müstəsna dərəcədə kömək etdi. Əsərin koloritini qorumaq üçün bəzi termin və deyimləri olduğu kimi saxladıq və kitabın sonunda verilən qeydlər və izahlar qismində onların mənasını açıqladıq.
Şübhəsiz ki, bu böyük həcmli mürəkkəb əsərin tərcüməsi nöqsan və qüsurlardan da xali deyildir. Bizim arzumuz bu tərcümədən sonra daha mükəmməl tərcümələrin meydana çıxmasıdır. Yoxsa ki, ucuz şöhrətə və birincilik palmasına sahib olmaq kimi bir istəyimiz, əlhəmdülillah, yoxdur və ola da bilməz. Bizim türklüyə təmənnasız xidmətdən başqa bir qayəmiz yoxdur.
Mötərizə içində qara şriftlə a-b ilə verilən rəqəmlər Heydərabad nüsxəsinin səhifələrini göstərir.
Yekun olaraq demək olar ki, ortaq türk ədəbiyyatının ən parlaq simalarından biri olan Zəhirəddin Məhəmməd Babur çağatay ədəbiyyatında poeziyada Əlişir Nəvaidən sonra ikinci ən uca zirvə, nəsr sahəsində isə birinci, fəth olunmamış zirvədir. Babur bütün qanı, canı, dili və xarakteri ilə türkdür, həmişə də bununla fəxr etmişdir. Türklüklə və Baburla fəxr etmə növbəsi indi bizdədir. Baburun şəxsiyyətinin və əsərlərinin tanıdılması və təbliği türk ziyalılarının birinci dərəcəli vəzifələrindəndir. Zira gənc nəslə türk ulularını tanıtmadan, onun tarixi yaddaşını təzələmədən keçmişlə bugün, bugünlə gələcək arasında sağlam körpü qurmaq mümkün deyil. Halbuki müasir dövrdə, qloballaşan dünyamızda buna böyük ehtiyac var.
Dünya tarixinə türk adını öz kəskin qılıncı və zərif qələmi ilə qızıl hərflərlə yazmış Zəhirəddin Məhəmməd Baburun bugünə qədər ölkəmizdə yalnız bir kitabı nəşr edilmişdir. Mütəxəssislər xaricində onun sənəti ilə çox az adam tanışdır. Bu acı gerçəklə üzləşmək mümkündür, ancaq onunla barışmaq olmaz. Ona görə də biz Baburun «Seçilmiş əsərləri»ndən sonra onun məşhur «Baburnamə»sini də ana dilimizə tərcümə və nəşr etməyi qərara aldıq. Ürəkdən inanırıq ki, Azərbaycan oxucuları və ədəbi ictimaiyyət Baburun bu kitabını da böyük rəğbətlə qarşılayacaq, bu azman şair-hökmdarla bağlı ədəbiyyat, ədəbiyyatşünaslıq və tədris sahəsində uzun müddətdən bəri mövcud olan boşluq, gec də olsa, doldurulacaqdır.
Biz öz ənənəmizə sadiq qalaraq, bu kitabı da TürkSOY kitabxanası seriyası silsiləsindən nəşr edirik. Bununla da türk dünyasının UNESCO-su sayılan TürkSOY-un türk xalqlarının bir-birinə yaxınlaşması, ümumi inkişafı və qarşılıqlı zənginləşməsi uğrunda apardığı coşğun və nəcib fəaliyyətə kiçik bir töhfə verdiyimizə inanırıq.
Burada bir məsələni növbəti (on ikinci!) dəfə vurğulamaq istəyirik: TürkSOY kitabxanası seriyası layihəsi bütünlüklə könüllülük əsasında həyata keçirilir. Layihədə iştirak edən hər kəs, o cümlədən kitabı türkcə və rusca tərcümələrindən istifadə etməklə orijinalından ana dilimizə çevirən, ön sözün, qeyd və izahların müəllifi bəndəniz Ramiz Əskər, redaktoru hörmətli Prof. Dr. Hüseyn İsmayılov bu işi türklüyə bir xidmət olsun deyə heç bir məvacib və honorar almadan təmənnasız yerinə yetirmişlər. Tərcümə zamanı mənə Ankaradan müxtəlif elmi ədəbiyyat göndərən, bir sıra texniki məsələlərin həllində kömək edən əziz dostum, Avrasiya Yazarlar Birliyinin orqanı «Qardaş qələmlər» jurnalının redaktoru Ömər Məhmətoğluna və bu kitabdakı farsca şeirlərin sətri tərcüməsinin hazırlanmaslnda əməyi keçən dostum İlqar ƏIfioğluna, xüsusilə tərcümə üzərində işlədiyim zaman mənə hər cür şərait yaradan, mənəvi cəhətdən dəstək olan həyat yoldaşım Solmaz xanıma sonsuz təşəkkürümü bildirirəm.
Dostları ilə paylaş: |