Qul Məhəmməd Buğda koçin idi, cəsarətli bir adamdı.
Başqa bir əmiri olan Əbdülkərim Eşrit uyğur idi. Sultan Əhməd Mirzənin yanında eşik ağası idi. Cömərd və cəsur bir adam idi.
Sultan Əhməd Mirzənin ölümündən sonra bəyləri ittifaq edərək dağ yolundan Sultan Mahmud Mirzəyə adam göndərdilər və onu dəvət etdilər. Sultan Əbu Səid Mirzənin böyük qardaşı Mənuçöhr Mirzənin oğlu Məlik Məhəmməd Mirzə səltənət iddiası ilə bir neçə sərsərini başına yığıb ordudan ayrıldı. Səmərqəndə gəldi, ancaq heç nə əldə edə bilmədi, yalnız özünün və bir neçə günahsız şahzadənin ölümünə səbəb oldu.
SULTAN MAHMUD MİRZƏNİN
SƏMƏRQƏND TAXTINA ÇIXMASI
Sultan Mahmud Mirzə bu xəbəri alan kimi dərhal Səmərqəndə gələrək heç bir əziyyət və zəhmət çəkmədən taxta oturdu.
Aşağı və yüksək təbəqəyə mənsub əsgərin və xalqın çoxu elədiyi bir çox işdən dolayı Sultan Mahmud Mirzəyə nifrət etdilər və qaçıb dağıldılar. Bu işlərdən biri budur: əvvəlcə bəhs edilən Məlik Məhəmməd Mirzə (23 b) onun əmisinin oğlu, özünün də kürəkəni idi. Sultan Mahmud Mirzə onu digər dörd mirzə ilə birlikdə Göy saraya çıxarmışdı. İkisinin həyatını bağışlayıb Məlik Məhəmməd Mirzə ilə digər bir mirzəni asdı. Bunların bəziləri zatən padşah olacaq adamlar deyildi və belə bir iddiaya da heç zaman düşməmişdilər. Düzdür, Məlik Məhəmməd Mirzədə bir az qəbahət vardı, ancaq digərlərinin heç bir suçu və xətası yox idi.
Sultan Mahmud Mirzənin nizam-intizamı və idarəçiliyi çox yaxşı idi. Ədalətli idi. Siyaq elmini [maliyyə-hesab işi] bilirdi. Ancaq zülm və fisqə mail idi. Səmərqəndə girəndə yeni qayda və nizamlar, mükəlləfiyyət və vergilər qoymağa başladı. Əvvəllər kasıblar və dilənçilər Xoca Übeydullah həzrətlərinin adamlarının himayəsinə sığınaraq zülm və təcavüzdən qurtulurdu. İndi isə sığınanlar bir yana, şəxsən onlara qarşı da təcavüz və təzyiq göstərməyə başladılar; hətta bu təcavüz və şiddət Xocanın öz övladlarından da yan keçmədi.
Özü zalım və fasiq olduğu kimi, bəyləri və adamları da zalım və fasiq idi. Hisar xalqı, özəlliklə də Xosrov şaha mənsub olanlar daima içməklə və zina ilə məşğul olurdular. O dərəcədə ki, bir gün Xosrov şahın adamlarından biri bir kişinin arvadını alıb götürmüş və qadının (24 a) əri Xosrov şahın yanına gəlib şikayət edərək ədalət tələb etmişdi. Xosrov şah da ona bu cavabı vermişdi: «Neçə ildir bu qadın səninlə bərabər idi, qoy bir neçə gün də onunla bərabər olsun».
Şəhər əhalisinin, əsnafın və əsgərlərin uşaqları zorla çöhrə1 edilmək qorxusu altında evdən bayıra çıxmazdı. Səmərqənd əhalisi Sultan Əhməd Mirzənin iyirmi-iyirmi beş il sürən səltənəti zamanında bolluq içində və rahat yaşamışdı. İşlərin çoxu Xoca [Übeydullah] həzrətləri tərəfindən doğruluqla və şəriətə uyğun olaraq həll edilirdi. Bu zülm və fəsad üzündən əhalinin canı və könlü rəncidə oldu. Böyük və kiçık, fəqir və miskin hamı lənət və bəddua üçün əl götürüb ağız açdı.
Həzər kon zərdi dər onhayi-rəş,
Ki rüşti dər an aqibət sər künəd.
Bəhəm bər məzan to təvani-dili
Ki ahi-cənahi bəhəm bər zənəd*.
Yaralı könüllərin dərdindən qorx,
Çünki könlünün yarası nəhayət zühur edər;
Əlindən gəldiyi qədər bir könülü incitmə,
Çünki bir ah bir dünyanı alt-üst edər.
Sultan Mahmud Mirzə bu zülm və fəsad üzündən Səmərqənddə beş-altı aydan artıq hökm sürmədi.
FƏRQANƏ - 900 (2 OKTYABR 1494 - 21 SENTYABR 1495)
DOQQUZ YÜZÜNCÜ İLİN HADİSƏLƏRİ
Mənim yanıma [Baburun əmisi] Sultan Mahmud Mirzədən Əbdülqüddüs bəy adlı bir elçi gəldi. Sultan Mahmud Mirzənin böyük oğlu Sultan Məsud Mirzə ilə böyük qardaşı Sultan Əhməd Mirzənin Ağ bəyim [Səlihə Sultan bəyim] adlı ikinci qızının mərasimlə keçirilən toy hədiyyəsini gətirdi. Altın və gümüşdən badam və fıstıqlar düzəltmişdilər.
Bu gələn elçinin Həsən Yaqubla qohumluğu varmış və bəzi şeylər vəd edərək onu [Sultan Mahmud] Mirzənin tərəfinə keçirmək istəyirmiş. (24 b) Həsən Yaqub qeyri-müəyyən cavab verdi, hətta bu işə könlü varmış kimi görünüb elçini yola saldı. Beş-altı ay sonra Həsən Yaqubun rəftarı dəyişdi, ətrafındakılara və digər adamlara qarşı pis münasibət göstərməyə başladı. İşi o dərəcə irərli götürdü ki, məni uzaqlaşdıraraq yerimə [Baburun kiçık qardaşı] Cahangir Mirzəni padşah etmək istədi. Həsən Yaqubun digər əmirlər və sipahilərlə1 də arası yaxşı deyildi. Onun bu fikrini hamı başa düşmüşdü. Xoca [Mövlana] qazı, Qasım Koçin, Əli Dost Tağayi, Uzun Həsən və mənim tərəfimi tutan digər adamlar nənəm İsən Dövlət bəyimin yanında toplaşdılar və onun yaratdığı qarışıqlığa son vermək üçün Həsən Yaqubu vəzifələrindən çıxarmağı qərara aldılar.
Qadınlar arasında fikir və tədbir xüsusunda nənəm İsən Dövlət bəyim kimi bir qadın az tapılardı. Fövqəladə ağıllı və tədbirli idi. İşlərin çoxu onunla məsləhətləşdikdən sonra görülürdü.
Həsən Yaqub ərkdə idi. Anam və nənəm İsən Dövlət bəyim dış kurqanda, bürcdə idi. Qərarın yerinə yetirilməsi üçün ərkə getdim. Həsən Yaqub quş ovuna çıxmışdı, amma vəziyyəti xəbər aldı və geri dönmədən Səmərqənd (25 a) tərəfinə getdi. Onunla birlikdə hərəkət edən bütün adamlar və bəylər yaxalandı. Bunlar arasında Məhəmməd Bakir bəy, Sultan Məhəmməd Duldayın atası Sultan Mahmud Dulday və bir neçə kişi daha vardı, onlardan bəzilərinin Səmərqəndə getməsinə izin verildi. Eşik ixtiyarlığı və Əndicanın idarəsinin Qasım Kuçinə tapşırılması qərara alındı.
Həsən Yaqub Səmərqənd yolunda Kəndi-Badama qədər varmışdı. Bir neçə gün sonra pis niyyətlərlə Axsiyə hərəkət edərək Hukan civarına gəldi. Bunu xəbər alınca bəzi bəylər və igidlər onun üzərinə axınçı olaraq göndərildi. Bu axınçı bəylər də özlərindən əvvəl bir dəstə igidi önçü olaraq göndərdilər. Həsən Yaqub bunu xəbər alınca, gecə önçü olaraq göndərilmiş bu igidlərin üstünə yürüyüb onları ox yağmuruna tutdu. Ancaq qaranlıqda öz adamlarının oxu Həsən Yaqubun kürəyinə saplandı və qaça bilmədən əməlinin cəzasını çəkdi.
Çü bəd kərdi məbaş əmin zi afat
Ki vacib şod təbiətra mükafat.
Pislik edəndə bəladan qurtulacağını sanma,
Çünki təbiətdə qarşılıq vacibdir.
Bu il şübhəli yeməklərdən özümü qorumağa başladım. Bıçaqdan, qaşıqdan masa örtüsünə qədər hər şeyə qarşı tədbirli davranırdım. Gecə namazlarını da daha az (25 b) buraxırdım.
Rəbiülaxır ayında [=30 dekabr 1494-27 yanvar 1495] Sultan Mahmud Mirzə ağır bir xəstəliyə tutularaq altı gün içində vəfat etdi, qırx üç yaşında idi.
SULTAN MAHMUD MİRZƏ
Doğumu və nəsəbi: 857-ci ildə [=1453] doğulmuşdu. Sultan Əbu Səid Mirzənin üçüncü oğlu və Sultan Əhməd Mirzənin doğma qardaşı idi.
Xarici görkəmi: qısa boylu, seyrək saqqallı, şişman və bir az da yöndəmsiz bir adam idi.
Əxlaqı və xasiyyəti: əxlaqı və xasiyyəti yaxşı idi. Namazını boş keçirməzdi. İdarəsi və intizamı fövqəladə dərəcədə yaxşı idi. Maliyyə hesablarını çox əla bilirdi. Vilayətində onun xəbəri olmadan bir dirhəm və ya bir dinar belə sərf edilə bilməzdi. Adamlarının iaşəsi heç bir zaman əskik olmazdı. Məclisi, bəxşişi, ziyafət və süfrəsi fövqəladə yaxşı idi. Hamısı da qaydalı və nizamlı olurdu. Tərtib və düzəni o qədər gözəl təmin eləmişdi ki, nə əsgəri, nə də təbəəsi buna heç bir zaman təcavüz edə bilməzdi.
Əvvəlcə quş ovuyla çox məşğul olurmuş. Sonralar da şahınlə çox ov edirdi. Zülm və fəsada çox düşkün idi, durmadan şərab içir və çoxlu çöhrə saxlayırdı. Hökmü altındakı yerlərdə gözəl və üzü tüksüz bir oğlan olsa, necə olursa-olsun, gətirdib özünə çöhrə edirdi. Bəylərinin oğullarını və oğullarının (26 a) bəylərini, hətta süd qardaşlarını özünə çöhrə eləmişdi. Bu işdə öz süd qardaşının xidmətçisindən də istifadə edirdi. Bu uğursuz adət onun zamanında o qədər yayılmışdı ki, çöhrəsi olmayan adam bəlkə də heç yoxdu. Çöhrə bəsləməyi bir hünər sayır və çöhrəsi olmayanı qınayırdılar. Bu zülm və fəsadın uğursuzluğundan bütün uşaqları gənc yaşda öldülər.
Şeir söyləyir, divan tərtib edirdi, ancaq şeiri çox zəif və dadsızdı. Elə şeir söyləməkdənsə, söyləməmək daha yaxşıdır.
Zəif etiqadlı bir adamdı. Xoca Übeydullah həzrətlərinə ehtiram bəsləmirdi. Ürəksiz və həyasız bir adamdı. Ətrafında bir neçə masqara və üzsüz vardı, divan başında və xalq önündə çirkin və alçaq hərəkətlər edirdilər.
Nitqi aydın deyildi və sözünü dərhal anlamaq qeyri-mümkündü.
Meydan müharibələri: hər ikisi Sultan Hüseyn [Bayqara] Mirzə ilə olmaq üzrə iki meydan müharibəsi elədi. Birincisi Əstərabadda, ikincisi Əndəxud civarında Çikmən deyilən yerdə oldu. İkisində də məğlubiyyətə uğradı. İki kərə də Bədəxşanın cənubunda Kafiristana gedərək savaşdı, ona görə də (26 b) fərmanlarının tuğrasında «Sultan Mahmud Qazi»1 yazırdı.
Torpaqları: [atası] Sultan Əbu Səid Mirzə ona Əstərabadı vermişdi. İraq hadisəsində2 Xorasana gəldi. O zaman Hisar hakimi Qənbər Əli bəy Sultan Əbu Səid Mirzənin əmrilə Hindistan əsgərini alaraq Mirzənin arxasından İraqa getməkdə idi və Xorasana gələndə Sultan Mahmud Mirzəyə qoşuldu. Sultan Hüseyn [Bayqara] Mirzənin yaxınlaşdığını eşidən Xorasan əhalisi hücuma keçərək Sultan Mahmud Mirzəni Xorasandan çıxardı. Sultan Mahmud Mirzə də bu üzdən Səmərqəndə Sultan Əhməd Mirzənin yanına getdi.
Bir neçə ay sonra isə Əhməd Müştaq komandanlığında Seyid Bədr, Xosrov şah və digər bəzi igidlər Sultan Mahmud Mirzə ilə birlikdə qaçaraq Qənbər Əli bəyin yanına Hisara gəldilər. O gündən sonra da Kuhqa və Kuhtən dağlarının cənubundakı Termiz, Çağanyan, Hisar, Xutlan, Qunduz və Bədəxşan kimi vilayətlər Hinduquş dağına qədər Sultan Mahmud Mirzənin idarəsində idi. Böyük qardaşı Sultan Əhməd Mirzə öldükdən sonra onun vilayəti də Mahmud Mirzənin əlinə keçmişdi.
Uşaqları: Sultan Mahmud Mirzənin beş oğlu və on bir qızı vardı. Oğullarının ən böyüyü Sultan Məsud Mirzə idi, anası (27 a) Mir Büzürg Termizinin qızı idi.
İkinci oğlu Baysunqur Mirzənin anası Pəşşə bəyim di.
Üçüncü oğlu Sultan Əli Mirzənin anası Zəhra Bikə ağa adlı özbək bir cariyə idi.
Dördüncü oğlu Sultan Hüseyn Mirzənin anası Mir Büzürgün nəvəsi Xanzadə bəyim idi. O, on üç yaşında, atası həyatda ikən Allahın rəhmətinə qovuşdu.
Sultan Veys Mirzənin anası Yunus xanın qızı və mənim anamın kiçık bacısı olan Sultan Nigar xanımdı.
Bu dörd mirzənin vəqayeləri bu kitabda müvafiq illərin olayları içində nəql ediləcək.
Üç qızı Baysunqur Mirzənin doğma bacısı idi və bunların ən böyüyü Sultan Mahmud Mirzənin əmisi Mənuçöhr Mirzənin oğlu Məlik Məhəmməd Mirzəyə ərə verilmişdi.
Digər beş qızı Mir Büzürgün [Termizi] nəvəsi Xanzadə bəyimdən idi. Böyüyünü Sultan Mahmud Mirzənin ölümündən sonra Əba Bəkr Kaşğariyə (27 b) verdilər.
İkinci qızı Bikə bəyim idi. Sultan Hüseyn [Bayqara] Mirzə Hisarı mühasirə edəndə bu qızı Sultan Əbu Səid Mirzənin qızı Payəndə Sultan bəyimdən olan Heydər Mirzə adlı oğluna almış və sülh bağlayaraq Hisardan çəkilmişdi.
Üçüncü qızı Ağ bəyim idi.
Dördüncü qızı Ay bəyim idi; Sultan Hüseyn [Bayqara] Mirzə Qunduz üzərinə gəldiyi və Ömər Şeyx Mirzənin də kömək üçün Əndican əsgərilə birlikdə oğlu [Baburun kiçık qardaşı] Cahangir Mirzəni göndərdiyi zaman Cahangir Mirzə ilə nişanlanmışdı. [Xosrov şahın kiçık qardaşı] Baqi Çağanyani 910-cu ildə [1504/5] Amu-Dərya sahilində gəlib mənə qoşulanda bu bəyimlər də anaları ilə birlikdə Termizdə idilər və onlar da Baqi Çağanyaninin köçü ilə gəldilər. Biz Gahmərdə çatanda da Ay bəyim Cahangir Mirzə ilə ailə qurdu və ondan yalnızca bir qızı oldu. İndi nənəsi Xanzadə bəyimlə birlikdə Bədəxşan vilayətində yaşayırlar.
Beşinci qızı Zeynəb Sultan bəyim idi. Kabili aldığım zaman anam Qutlu Nigar xanımın israrı ilə onunla evlənmişdim, yaxşı keçinə bilmədik, iki-üç il sonra çiçək xəstəliyindən vəfat etdi.
Qızlarından biri də Məxdumə (Məxdum) Sultan bəyimdir, Sultan Əli Mirzənin doğma böyük bacısıdır, hazırda Bədəxşan vilayətində olur.
Cariyələrindən də iki qızı olmuşdu. Birinin (28 a) adı Rəcəb Sultan, digərinin adı Mühib Sultan xanımdır.
Qadınları: böyük arvadı Mir Büzürg Termizinin qızı olan Xanzadə bəyim idi. Mirzə onu dəlicəsinə sevirdi. Sultan Məsud Mirzənin anasıydı. O öləndə Mirzə çox matəm tutdu.
Bundan sonra Mir Büzürgün nəvəsi və Xanzadə bəyimin əmisi qızını aldı. Ona da Xanzadə bəyim deyirdilər. Beş qızının və bir oğlunun anasıydı.
[Digər arvadı olan] Pəşşə bəyim qaraqoyunlunun baharlı oymağı türkmən bəylərindən Əli Şir (Şükür) bəyin qızıydı. Əvvəlcə baranlı qaraqoyunlularından Cahan Şah Mirzənin oğlu Məhəmməd (Məhəmmədi) Mirzəyə ərə getmişdi. Ağqoyunlu Uzun Həsən Azərbaycanı və İraqı Cahan Şah oğullarının əlindən alanda Əli Şir (Şükür) bəyin oğulları da beş-altı min qaraqoyunlu türkmən ailəsi ilə birlikdə gəlib Sultan Əbu Səid Mirzəyə bağlanmışdılar. Sultan Əbu Səid Mirzənin məğlub olmasından sonra bir müddət də bu vilayətlərdə qaldılar, sonra Sultan Mahmud Mirzə Səmərqənddən Hisara gələndə gedib onun xidmətinə girdilər. Sultan Mahmud Mirzə Pəşşə bəyimi elə o vaxt almışdı, Bu qadın onun bir oğlunun və üç qızının anasıydı.
Digər arvadı olan Sultan Nigar xanımın nəsəbi xanlar sırasında açıqlanmış və ondan bəhs edilmişdir.
Xeyli məşuqəsi (28 b) və cariyəsi də vardı. Ancaq ən mötəbəri özbəklərdən Zöhrə Bikə ağa idi və onu Sultan Əbu Səid Mirzə həyatda ikən gəncliyində almışdı. Bir oğlunun və bir qızının anasıydı.
Digər cariyələri də çoxdu. Onların ikisindən, yuxarıda adı çəkilən iki qızı olmuşdu.
Əmirləri: Xosrov şah türküstanlı qıpçaqlardandı. Gəncliyində tarxan bəylərinə yaxın xidmətlərdə olmuşdu. Bəlkə də çöhrə idi. Sonra Məzid bəy Arğunun xidmətinə girdi, o da ümumən ona iltifat göstərmişdi. İraq məğlubiyyətində Sultan Mahmud Mirzəyə qoşulub yolda gələrkən şücaət göstərdiyi üçün Sultan Mahmud Mirzə də ona iltifat etmişdi. Sonralar fövqəladə böyümüş və Sultan Mahmud Mirzə həyatda ikən əsgəri hardasa beş-altı minə çatmışdı. Bədəxşanı çıxmaqla, Amu-Dəryadan Hindıquş dağına qədər olan vilayətlər bütünlüklə ona aid idi.
Ziyafətləri və cömərdliyi yaxşı idi. Əlində olanı yeməkdən çəkinməzdi. Mala qiymət verib onu əldə etməyi bacardığı kimi bol-bol da sərf edirdi. Sultan Mahmud Mirzədən sonra, onun oğullarının zamanında da çox yüksəlmiş və əsgəri iyirmi minə yaxınlaşmışdı.
Namaz qılması və haram yeməməsi ilə birlikdə batil və fasiq, axmaq, anlayışsız (29 a) və nankor bir adamdı. Beş günlük fani dünya üçün özünün böyütdüyü, vəlinemətinin oğullarından birini kor elədi, digərini isə öldürdü. Allah nəzdində asi və xalqın gözündə rədd edilmiş oldu, qiyamətə qədər lənətlənməyə və nifrətə layiq biri oldu. Bu müvəqqəti dünya üçün belə pis işlər gördü.
Bu qədər abad vilayətə, bu qədər çox və silahlı əsgərə sahib olduğu halda bir toyuğa qarşı belə müharibə eləmədi. Bu kitabda yeri gəldikcə ondan təkrar bəhs ediləcəkdir.
Başqa bir əmiri Məhəmməd Elçi-Buğa: koçindi. Sultan Əbu Səid Mirzənin bir davası zamanı, Bəlx qapısında həzarə müharibəsində, qovğaya qarışmış və yumruq atmışdı. Cəsur bir adamdı. Mirzəyə hər zaman xidmət edirdi və Mirzə də onun fikrinə görə hərəkət edirdi. Sultan Hüseyn [Bayqara] Mirzə Qunduzu mühasirə edəndə, Xosrov şaha paxıllığı üzündən az əsgərlə və zirehsiz olduğu halda bir gecə basqına getdi, ancaq heç bir şey edə bilmədi. O qədər çox əsgərə qarşı nə edə bilərdi ki? Arxasından təqibçi göndərildi, axırda özünü çaya atdı və boğuldu.
Başqa bir əmiri Əyyub [Bəyçik] Sultan Əbu Səid Mirzənin yanında, Xorasan çöhrə bölüyündə xidmət edirdi. Cəsur bir adamdı. [Sultan Mahmud Mirzənin oğlu] Baysunqur Mirzənin bəy-atəkəsiydi. Yeməyi və geyinməsi qəribə idi. Lağlağıydı. Sultan Mahmud Mirzə (29 b) ona bihəya (utanmaz) deyə xitab edirmiş.
Başqa bir əmiri Vəli Xosrov şahın kiçık qardaşıydı. Adamlarına yaxşı baxırdı. [Sultan Mahmud Mirzənin oğulları olan] Sultan Məsud Mirzənin gözünə mil çəkilməsinə və Baysunqur Mirzənin öldürülməsinə səbəb oldu. Hamının qiybətini edirdi. Pis və əxlaqsız, özündən bədgüman, bəd fikirli və alçaq bir adam idi. Özündən başqa heç kimi heç bir işdə bəyənməzdi. Mən Qunduz vilayətindən gələrək Duşi civarında Xosrov şahı adamlarından ayıranda, özünə də getməsi üçün izin verəndə Vəli də özbək təhlükəsindən qaçmaq üçün Əndərab və Siraba gəlmişdi. O civardakı aymaqlara hücum edib yağmaladıqdan sonra bizə qoşulmaq üzrə Kabilə gəldi. Daha sonra Məhəmməd Şeybani xanın yanına getdi və Səmərqənd şəhərində başı kəsildi.
Başqa bir əmiri Şeyx Abdullah Barlas idi. Əba Bəkr Mirzə ilə Sultan Mahmud xanın bibisi olan Şah Sultan Məhəmmədin qızıyla evli idi. Çox dar paltar geyinirdi. Həlim və əsalətli bir adamdı.
Başqa bir əmiri Mahmud Barlas Nundaqlı barləslardandı. Sultan Əbu Səid Mirzənin yanında bəy idi. Sultan Əbu Səid Mirzə İraq vilayətini ələ keçirdikdən sonra [=1468] Kirmanı Mahmud Barlasa vermişdi. [Sultan Mahmud Mirzənin kiçik qardaşlarından və eynı zamanda Baburun əmilərindən biri olan] Əba Bəkr Mirzə (30 a) Məzid bəy Arğun və qaraqoyunlu türkmən bəylərilə birləşərək Sultan Mahmud Mirzənin üzərinə Hisara hücuma keçəndə Sultan Mahmud Mirzə Səmərqəndə böyük qardaşınin yanına getdi [=1469], ancaq Mahmud Barlas Hisarı təslim etməyərək yaxşı müdafiə etdi. Şairdi və divan tərtib etmişdi.
BAYSUNQUR MİRZƏNİN SƏMƏRQƏND TAXTINA ÇIXMASI
Sultan Mahmud Mirzənin ölümündən sonra Xosrov şah bu hadisəni əhalidən gizləyərək xəzinəyə əl uzatdı. Belə bir xəbər heç gizli qalarmı? Dərhal bütün şəhər xalqına yayıldı. Səmərqənd əhalisi üçün o gün böyük bir bayramdı. Əsgər və xalq Xosrov şaha hücum etmək istədi. Əhməd Hacı bəy və tarxan bəyləri qovğanı yatışdıraraq Xosrov şahı şəhərdən çıxarıb Hisara göndərdilər.
Sultan Mahmud Mirzə həyatda ikən Hisarı böyük oğlu Sultan Məsud Mirzəyə, Buxarayı isə Baysunqur Mirzəyə vermiş və oğullarını oralara göndərmişdi. Buna görə də öldüyü zaman heç biri yanında deyildi.
Xosrov şahı çıxardıqdan sonra Səmərqənd və Hisar bəyləri birləşib ortaq qərara gəldilər: adam göndərərək Buxarada olan Baysunqur Mirzəni gətirdib Səmərqənd taxtına oturtdular. Baysunqur Mirzə padşah olanda on səkkiz yaşında idi.
Bu əsnada [Baburun dayısı] Sultan Mahmud xan Sultan Cüneydin, (30 b) Barlasın və digər bəzi Səmərqənd böyüklərinin sözünə uyub əsgərini topladı və Səmərqənd taxtını istəyərək Kənbay civarına gəldi.
Səmərqənddəki Baysunqur Mirzə də çox qüvvətli və təchizatlı qoşunla onun qarşısına çıxdı. Kənbay civarında meydan müharibəsi oldu. Moğol əsgərinin ən mühüm bölümünü idarə edən Heydər Göyəldaş önçü idi və əsgərinin hamısı atdan enərək ox atırdı. Ancaq adlı-sanlı və qeyrətli Səmərqənd və Hisar igidləri qrubu atlarını onların üstünə sürəndə Heydər bəyin komandanlığında olanların hamısı atların ayaqları altında qaldı. Bunlar yenildiyinə görə digərləri də savaşmayaraq yenildilər. Moğolların çoxu tələf oldu və Baysunqur Mirzənin hüzurunda bir çoxunun başı kəsildi. Ölülərin çoxluğundan üç dəfə onun çadırının yerini dəyişdirmək məcburiyyətində qaldılar.
BABURUN İSFƏRANI MÜHASİRƏYƏ ALMASI
Manlıq elindən olan İbrahim Saru kiçıkliyindən bəri atamın xidmətində çalışaraq bəylik rütbəsinə qədər yüksəlmiş, sonra bir qəbahəti üzündən qovulmuşdu. O bu əsnada İsfəra kurqanına girib Baysunqur Mirzə adına xütbə oxudaraq mənə müxalifət etdi.
Şaban ayında [=1495 aprel-may] İbrahim Sarunun fitnəsini dəf etmək niyyətilə (31 a) qoşuna hərəkət əmri verildi. Həmin ayın sonlarında İsfəranı mühasirəyə almağa başladıq. O gün igidlər öz başlarına hərəkət etdilər və oraya çatar-çatmaz kurqanın bayır tərəfində hələ tamamlanmamış bir istehkamı ələ keçirdilər.
Seyid Qasım eşik-ağa o gün hamıdan daha yaxşı hərəkət edərək qılınc çalmaqda başqalarını geridə qoydu. Orada Sultan Əhməd Tənbəl və Məhəmməd Dost Əli Tağayi də qılınc çaldı, ancaq bahadırlıq payəsini1 Seyid Qasım aldı. Bahadırlıq payəsi moğollarda əski bir adətdir. Hər bayram və ziyafətdə daha yaxşı qılınc işlədən adama bahadırlıq payəsi verilir. Şahruxiyyəyə dayım Sultan Mahmud xanı görməyə gedəndə bahadırlıq payəsini yenə Seyid Qasım almışdı.
Müharibənin ilk günündə ata-əkəm Xudaverdi bəyə zəmbərək2 oxu dəyib öldürdü. Zirehsiz savaşdığı üçün bəzi igidlər öldü, bir çoxu da yaralandı, İbrahim Sarunun yanında zəmbərək atan bir adam vardı, fövqəladə dərəcədə yaxşı atırdı. Onun kimi yaxşı zəmbərək atan görünməmişdir. Xalqın çoxunu yaralayan o idi. Kurqanı alandan sonra mənim xidmətimə girdi.
Mühasirə uzanınca üç-dörd yerdə divarlar ucaldılması, lağımlar qazılması (31 b) və qalanın alınması üçün lazımi işlərlə ciddi şəkildə məşğul olmağa dair əmrlər verildi. Mühasirə qırx gün qədər sürdü. Nəhayət, İbrahim Saru aciz qaldı. Xoca Mövlana qazının vasitəçiliyi ilə qulluğu qəbul edərək, şəvval ayında [=1495 iyun] qılınc və oxdanını boynuna asaraq gəlib xidmətimizə girdi və kurqanı təhvil verdi.
BABURUN XOCƏNDİ GERİ ALIB
SULTAN MAHMUD XANLA GÖRÜŞMƏSİ
Xocənd uzun müddətdən bəri Ömər Şeyx Mirzənin idarəsində idi. Ancaq bu xaos zamanı və orada iş başındakıların maymaqlığı üzündən [Ömər Şeyx Mirzənin böyük qardaşı, Baburun ən böyük əmisi] Sultan Əhməd Mirzəyə keçmişdi. Bu qədər yaxınında olduğumuz üçün onun üstünə də yürüdük. Xocənddə Mir Moğulun atası Əbdülvəhhab Şiğavul vardı. Yaxlaşan kimi şəhəri problemsiz təhvil verdi.
Bu zaman Sultan Mahmud xan Şahruxiyyəyə gəlmişdi. Bundan bir müddət öncə Sultan Əhməd Mirzə Əndican civarına gələndə, yuxarıda bəhs edildiyi üzrə, xan da gəlib Axsini mühasirəyə almışdı. «Madam aradakı məsafə bu qədər yaxındır, xan da atamın və böyük qardaşımın yerindədir, gedib ziyarət edərək ehtiram göstərsəm, bu surətlə həm keçmişdəki incikliklər ortadan qalxar, həm də uzaqda və yaxında bunu eşidən və görənlər üçün də yaxşı olar» deyə düşündüm.
Beləcə gedib Şahruxiyyənin kənarında Heydər bəyin [Göyəldaş] saldırdığı bağda onu ziyarət etdim. Bağın ortasına qurulmuş (32 a) böyük bir çadırda oturmuşdu. Çadıra girincə üç dəfə yükündüm. Xan da sayğı göstərərək yerindən qalxdı. Salamlaşıb dönərək təkrar yükündükdən sonra məni yanına çağırdı, çox şəfqət və mehribanlıq göstərdi.
Bir-iki gün sonra Kəndirli keçidi üzərindən Axsi və Əndican tərəfə hərəkət etdim. Axsiyə gəlib atamın məzarını ziyarət etdim. Axsidən cümə namazı vaxtı çıxdım və Bəndi-Salar yolu üzərindən axşam namazıyla yatsı namazı arasında Əndicana gəldim. Bu Bəndi-Salar yolu doqquz ağacdır.
Əndican vilayətinin köçərilərindən olan çuğraq çox iri, beş-altı min ailəlik bir eldir. Fərqanə ilə Kaşğar arasındakı dağlarda yaşayırlar. At və qoyunları çoxdur. O dağlarda öküz yerinə kutas1 bəsləyirlər. Kutasları da çoxdur. Dağları sarp və sınırda olduğu üçün vergi verməyə çox da istəkli görünmürlər. Əsgərin komandasını Qasım bəyə [Koçin] verərək oralardan mal alıb əsgərə bəzi şeylər gətirməsi üçün çuğraqların üstünə göndərdim. İyirmi minə yaxın qoyun, min-min beş yüz də at alıb əsgərə payladı.
Əsgər çuğraq sərəfindən qayıdan kimi Ura-Təpə üzərinə yürüdük. (32 b) Bura bir müddət Ömər Şeyx Mirzənin idarəsində olmuş, Mirzənin öləcəyi il əlindən çıxmışdı. İndi isə orada Baysunqur Mirzə adından onun kiçık qardaşı Sultan Əli Mirzə vardı. Sultan Əli Mirzə gəlişimizi xəbər alınca Pelqar və Məsiha dağlarına çıxmış, Ura-Təpədə ata-əkəsi Şeyx Zünnunu [Arğun] qoymuşdu.
Xocənddən keçib yarı yola gələndə Xəlifə [Nizaməddin Əli Barlas] elçi olaraq Şeyx Zünnunun yanına göndərildi. O axmaq və alçaq adam müsbət bir cavab vermək bir yana, Xəlifəni həbsə ataraq öldürülməsini əmr etdi. Əcəli gəlmədiyi üçün Xəlifə qurtularaq, min cür məşəqqət və əzab çəkərək piyada və çılpaq bir halda iki-üç gün sonra yanımıza gəldi.
Ura-Təpə civarına çatdıq. Qış yaxınlaşdığı üçün əhali çöldəki məhsullarını tamam yığmışdı. Bu üzdən bir neçə gün sonra Əndicana qayıtdıq.
Bizim geri qayıtmağımızın ardından [Sultan Mahmud] xanın adamları Ura-Təpənin üstünə yürüdülər. Ura-Təpəlilər müqavimət göstərə bilmədən şəhəri buraxıb çıxdılar. Xan da Ura-Təpəni [Baburun xalası oğlu] Məhəmməd Hüseyn Gürgana [Duğlat] verdi. Ura-Təpə o gündən etibarən 908-ci ilə [=1502/3] qədər Məhəmməd Hüseyn Gürganın idarəsində qaldı.
FƏRQANƏ - 901 (21 SENTYABR 1495 – 9 SENTYABR 1496)
Dostları ilə paylaş: |