UZUN HƏSƏN VƏ ƏHMƏD TƏNBƏLİN
ƏNDİCANI MÜHASİRƏYƏ ALMASI
[Səmərqəndi mühasirə üçün] hərəkətə keçdiyimiz zaman Əndicanda Əli Dost Tağayini, Axsidə isə Uzun Həsəni qoymuşdum. Daha sonra Xoca [Mövlana] qazı da [Əndicana] getmişdi. Səmərqənddən gedən əsgərdən də xeyli igid vardı. Xoca [Mövlana] qazı mühasirənin başlanğıc günlərində mənə olan hörmət və ilgisi dolayısıyla on səkkiz min qoyununu kurqandakı igidlərə və bizimlə olan igidlərin köçlərinə payladı.
Mühasirənin davam etdiyi günlərdə anamdan, Xoca qazıdan və oradakı camaatdan sürəkli olaraq bu məzmunda məktublar gəlirdi: «Bizi elə bir mühasirə etmişlər ki, gəlib qurtarmasanız, axırımız pis olacaq. Səmərqənd Əndicanın qüvvəsiylə alınmışdır. (53 a) Əgər Əndican əldə qalsa və Allah da rast gətirsə, Səmərqəndi ələ keçirmək hər zaman mümkün olar». Bu kimi məktublar bir-birini təqib etdi.
O vaxtlar bir dəfə xəstələnmış və təkrar yaxşılaşmışdım. Lakin özümə baxmadığım üçün xəstəliyim təkrarlandı. Özü də bu dəfə çox fəna xəstələndim və elə oldu ki, dörd gün qədər dilim tutuldu. Ağzıma pambıqla su damızdırırdılar. Mənimlə birlikdə qalan bəylər və igidlər sağalmağımdan ümidlərini kəsərək öz əndişələri ilə uğraşmaya başladılar. Belə bir zamanda bəylər yanlış hərəkət etdilər və elçi sifətilə gəlib fəsad sözlər gətirən Uzun Həsənin adamına məni göstərib sonra da getməsinə izin verdilər. Dörd-beş gün sonra bir az yaxşılaşdım, lakin dilimdə hələ bir ağırlıq qalmışdı. Bir neçə gün sonra tamamən özümə gəldim.
Anamgilin, yəni anam və nənəm İsən Dövlət bəyimin, eləcə də ustadım və pirim olan Xoca Mövlana qazı da belə məktublar yazıb bu qədər israr edincə, insan buna qarşı dura bilərmi? Rəcəb ayının [=1498 mart] şənbə günü Əndicana getmək üzrə Səmərqənddən çıxdıq. Bu dəfə (53 b) Səmərqənd şəhərində yüz gün padşahlıq etmişdim.
Yenə bir şənbə günü Xocəndə çatdım. Kimsə o gün mənə Əndicandan gələn xəbərləri çatdırarkən Əli Dost Tağayinin Əndican qalasını tam yeddi gün öncə, yəni bizim Səmərqənddən çıxdığımız şənbə günü müxaliflərə təslim etdiyini söylədi.
Təfsilat belədir: xəstə yatdığım günlərdə Uzun Həsənin adamına məni göstərmiş, sonra isə getməsinə izin vermişdilər. Müxaliflər də Əndican kurqanının mühasirəsi zamanı gedib «Padşahın dili tutulmuşdur; ağzına pambıqla su damızdırırlar» demiş və bunu Əli Dostun hüzurunda and içərək təkrarlamışlar. Əli Dost o əsnada Xaqan qapısında imiş, bunu eşidincə iradəsi pozulmuş, müxalifləri dəvət edib qarşılıqlı müqavilə ilə qalanı onlara təslim etmişdir. Halbuki kurqanda ərzaq və döyüşçü kifayət qədərdi. Bu, yalnızca o münafiq, nankor və səfil adamın cəsarətsizliyi idi, ona söylənən sözləri bəhanə etmişdi.
Əndicanı aldıqdan sonra mənim Xocəndə gəldiyimi eşidərək Mövlana qazını ərk qapısında və şərəfsiz bir şəkildə asıb şəhid etdilər.
Xoca (54 a) Mövlana qazı əsl adı Abdullah olmasına baxmayaraq bu adla tanınmışdır. Nəsəbi ata tərəfdən Şeyx Bürhanəddin Qılınca, ana tərəfdən isə Sultan İlig Maziyə çatır. Fərqanə vilayətində bu ailədən olanlar imam, şeyxülislam və qazı olaraq gəlmişlər. Xoca qazı isə Xoca Übeydullah həzrətlərinin müridi idi və onu o yetişdirmişdi. Xoca qazının vəli olmasına heç bir şübhəm yoxdur. Çünki onun canına qıyanlardan çox qısa bir müddət içində heç bir əsər və əlamət qalmadı. Onun vəliliyinə bundan daha yaxşı bir dəlil olaraq nə göstərilə bilər ki? Xoca qazı qəribə bir adam idi, əsla qorxmazdı. Onun qədər cəsur adam görünməmişdir. Bu özəllik də bir vəlilik dəlilidir. Başqa biri nə qədər cəsur olsa, da bir az təlaşa və yersiz qorxuya qapıla bilər. Xocada nə təlaş, nə də yersiz qorxular əsla yox idi.
Xocanın ölümündən sonra onun nökər və çakərini, aymaq və adamlarının hamısını ələ keçirib mallarını yağmaladılar.
Əndican qurtarmaq istərkən Səmərqəndi əldən çıxarmışdım və Əndican da əldən getmişdi. Biz «Qafil əz inca randə və əz anca mandə» («Qafil buradan sürülmüş, oradan da məhrum olmuş») deyilənə bənzədik. Bu mənə çox ağır gəldi, çünki padşah olduğumdan bəri adamlarımdan və vilayətdən (54 b) bu cürə ayrılmamışdım. Özümü biləndən bəri bu qədər iztirab və məşəqqət çəkməmişdim.
Xocəndə çatanda bəzi münafiqlər Xəlifəni [Nizaməddin Əli Barlas] mənim yanımda görmək istəmədilər. Məhəmməd Hüseyn Mirzə və bəziləri o qədər cəhd elədilər ki, axırda Xəlifənin Daşkəndə getməsinə izin verdim.
Qasım bəyi də Daşkəndə [Sultan Mahmud] xanın hüzuruna göndərib ondan Əndican üzərinə qoşun çəkməyi xahiş etdim. Xan da qoşun çəkərək Ahəngəran vadisindən gəlib Kəndirli keçidinin dibinə çatan vaxt mən də Xocənddən gəlib xan dayımı gördüm. Kəndirli keçidini aşaraq Axsi tərəfə endik. O tərəfdən müxaliflər də mövcud qüvvələrini toplayıb Axsi üzərinə gəldilər.
Bu arada Bab kurqanındakılar mənim tərəfimi tutaraq kurqanı qapatdılar, lakin xanın bir az ləng tərpənməsi üzündən müxaliflər Bab kurqanını zorlayıb aldılar. Xanın əxlaqı və xasiyyəti yaxşı idi, lakin sipahilik və sərkərdəlik işindən heç başı çıxmırdı. Vəziyyət bu dərəcəyə gəldiyi əsnada ən çoxu bir mənzil daha yürüsəydi müharibə belə etmədən vilayət bizim olacaqdı. Amma xan belə bir zamanda müxaliflərin hiyləli sözlərinə və sülh haqqında nağılına qulaq verib (55 a) Xoca Əbülməkarim ilə birlikdə o zaman xanın eşik ağası və Tənbəlin böyük qardaşı olan Bəy Tilbəni elçi olaraq göndərdi. Müxaliflər də özərini qurtarmaq üçün bir neçə doğru və yalan sözlər söyləyib xana və aradakılara pul və rüşvət qəbul etdirdilər. Xan da beləcə geri döndü.
Bəylər, içkilər və igidlərdən mənimlə qalanların çoxunun köçləri Əndicanda idi. Əndicanı almaqdan ümidlərini kəsdikləri üçün bəylərdən və igidlərdən yeddi-səkkiz yüz adam məndən tamamən ayrıldılar. Ayrılan bəylər Əli Dərviş Bəy, Əli Məzid Koçin, Məhəmməd Bakir bəy, Şeyx Abdullah eşik-ağa və Mirim Lağari idi. Mənimlə birlikdə qalıb qürbəti və möhnəti seçənlər isə təxminən iki yüzdən bir az artıq və üç yüzdən bir az əskikdi. Qalan bəylər Qasım Koçin, Veys Lağari bəy, İbrahim Saru Minqli bəy, Şirim (Mirim) Tağayi və Seydi (Seyid) Qara bəylər; içkilərdən Mirşah Koçin, Seyid Qasım eşik-aga Cəlayir, Qasım Əcəb, Məhəmməd Dost Əli Dost Tağayi, Məhəmməd Əli Mübəşşir (münşi), Xudaverdi Tuğçu Moğol, Yarək Tağayi, Sultanqulu Babaqulu, Mir Veys, Şeyx Veys, (55 b) Yar Əli Bilal, Qasım Miraxur və Heydər riqabdar idi. Bu halət mənə çox ağır gəldi və əlimdə olmadan ağladım.
Oradan Xocəndə gəldim. Mənimlə qalanların bir qisminin köçləri ilə birlikdə anamı və nənəmi də Xocəndə mənim yanıma göndərdilər.
O il ramazanı [=1498 aprel-may] Xocənddə keçirdik. Sonra da Sultan Mahmud xana adam göndərib kömək istəyərək Səmərqənd üzərinə hərəkət etdim. Oğlu Sultan Məhəmməd Xanikə ilə Əhməd bəyi dörd-beş min əsgərlə Səmərqənd üstünə göndərən xanın özü də hərəkət edərək Ura-Təpəyə qədər gəldi. Orada xan ilə görüşdükdən sonra Yar-yaylaq yoluyla Səmərqənd üzərinə hərəkət etdim. Sultan Məhəmməd Sultan və Əhməd bəy isə başqa bir yoldan gələrək Yar-yaylağa məndən əvvəl çatmışdılar. Bürkə yaylağı üzərindən keçərək buranın darğasının mərkəzi Səngzara gəldim. Amma Sultan Məhəmməd Sultan ilə Əhməd bəy Şeybani xanın Şiraza və ətrafına hücum etdiyini eşidib geri dönmüşlər. Bu üzdən mən də Xocəndə qayıtmağa məcbur oldum.
Madam ki səltənət davası və mülk əldə etmək məqsədi vardı, bir-iki dəfə iş uğursuz alındı deyə bundan vaz keçib qarşıdan baxmaq olmazdı. Əndican üzərinə xan ilə birlikdə yürüməyi düşünərək, ondan kömək istəmək üçün Daşkəndə (56 a) getdim. Şah bəyimi və qohumları görməyəli səkkiz il olmuşdu. Bu münasibətlə onları da görmüş oldum. Bir neçə gün sonra yeddi-səkkiz yüzə qədər əsgərlə birlikdə Seyid Məhəmməd Mirzə Duğlat, Əyyüb Bəycik və Can Həsən Barinə bizə kömək etmək tapşırıldı. Bu köməkçi qüvvəni alıb Xocənddə durmadan sürətli bir yürüşlə Kəndi-Badamın sağından keçib Xocənddən on, Kəndi-Badamdan üç ağac məsafədə olan Nəsux kurqanına gəldik. Gecə nərdivan qoyub basqınla kurqanı aldıq.
Qovun mövsümü idi. Nəsuxda İsmail şeyxi deyilən bir qovun növü yetişir ki, qabığı sarı, çəkirdəyi az və mükəmməl bir qovundur. Çəkirdəyi alma çəkirdəyi qədər olur. İçi dörd barmaq qədərdir və qayət ləzzətlidir. O civarda başqa bir yerdə buna bənzər bir qovun yoxdur. Amma ertəsi sabah moğol bəyləri adamlarının az olduğunu və bir kurqanı ələ keçirməklə işin yürüməyəcəyini söylədilər. Gerçəkdən də elə idi. Orada qalıb kurqanı gücləndirmə imkanı olmadığı üçün təkrar Xocəndə gəldik.
XOSROV ŞAH VƏ BAYSUNQUR MİRZƏNİN
HİSARI SULTAN MƏSUD MİRZƏDƏN ALMASI
Bu il Xosrov şahla Baysunqur Mirzə birlikdə qoşun çəkərək Çağanyana gəldilər və oranı hiylə ilə ələ keçirdilər. Sonra da Sultan Məsud Mirzəyə elçi göndərərək (56 b) «Birlikdə Səmərqənd hücum edək, Səmərqəndi ala bilsək, qoy bir mirzə Səmərqənddə, digər mirzə isə Hisarda otursun» deyə təklif etdilər.
Sultan Məsud Mirzənin bəyləri, içkiləri və igidləri arasında məmnuniyyətsizlik vardı. Bunun səbəbi bu idi: Şeyx Abdullah Barlas Baysunqur Mirzənin yanından ayrılaraq Sultan Məsud Mirzənin yanına gedəndə Mirzənin qaynatası olduğu üçün çox böyük inayət görmüşdü. Hisar kiçık bir vilayət olsa da, min tümən fülus1 ülufə təyin edib Xutlan vilayətini ona vermişdi. Xutlan vilayətində Sultan Məsud Mirzənin bir çox bəylərinin və içkilərinin əraziləri vardı. Şeyx Abdullah bunların hamısını əlinə keçirdi, bütün eşik ixtiyarlığını özü və oğulları əllərinə aldılar. İnciyənlər də qaçıb Baysunqur Mirzənin yanına gəlməyə başlamışdı.
Bu hiyləgər təkliflə Sultan Məsud Mirzəni aldadan Xosrov şah və Baysunqur Çağanyandan yürüyərək irəliləyib sübh çağı Hisar kurqanını mühasirəyə aldılar. Sultan Məsud Mirzə kurqanın dış məhəllələrində, atasının tikdirdiyi Dövlət Saray adlı bir sarayda idi. Kurqana girə bilməyərək qaçdı və Şeyx Abdullah Barlas ilə birlikdə Xutlan tərəfinə çəkildi. Yarı yolda Şeyx Abdullah Barlastan ayrılaraq Uyaç keçidindən keçib Sultan Hüseyn Mirzənin yanına getdi. (57 a)
Hisar vilayəti alındıqdan sonra Xosrov şah Baysunqur Mirzəni Hisarda qoyub Xutlanı da kiçık qardaşı Vəliyə verdi. Özü də bir neçə gün sonra mühasirə niyyəti ilə Bəlx üzərinə yürüdü. Hərəkətindən bir az öncə Nəzər Bahadır adlı böyük bir adamını üç-dörd min əsgərlə birlikdə Bəlx civarına göndərmişdi və üç-dörd gün sonra Baysunqur Mirzəni də yanına alaraq Bəlxi mühasirə etdi. Bəlxdə [Sultan Hüseyn Mirzənin oğlu] İbrahim Hüseyn Mirzə və Sultan Hüseyn Mirzənin bəylərindən də xeyli adam vardı.
Xosrov şah kiçık qardaşı Vəlini də xeyli əsgərlə birlikdə Şaburqanı mühasirə edib o tərəfləri yağmalaması üçün göndərmişdi. Amma Vəli Şaburqanı yaxından mühasirə etmədi və əlindəki qüvvələri Zərdək çölündəki əhaliyə axın etməyə göndərdi. Bunlar Zərdək çölünə axın edib yüz mindən artıq qoyun və üç minə yaxın dəvə gətirdilər. Vəli ondan sonra Sançarıq vilayətinə hücum edib bölgəni yağmalayaraq dağdakı bəzi bərkidilmiş yerləri ələ keçirdi, sonra gəlib Bəlxdə böyük qardaşına qoşuldu.
Bəlxi mühasirədə saxlayan Xosrov şah bir gün yuxarıda bəhs edilən Nəzər Bahadır adlı adamını Bəlxin su yollarını kəsmək üçün göndərdi. Amma Sultan Hüseyn [Bayqara] Mirzənin sevimli bəylərindən Tanrıverdi (57 b) Samançı bəy yetmiş-səksən igidlə içəridən çıxıb Nəzər Bahadırla qarşılaşdı və başını kəsib qalaya qayıtdı, fövqəladə cəsuranə hərəkət edərək böyük bir iş gördü.
SULTAN HÜSEYN MİRZƏYƏ QARŞI ÜSYANLAR
Həmin il Sultan Hüseyn Mirzə də Zünnun bəy Arğun və oğlu Şah Şücanın dəf edilməsi üçün qoşun çəkib Büstə getmişdi. Çünki Zünnun bəy Arğun Bədiüzzaman Mirzənin xidmətinə girib ona qızını vermiş və oğlu Şah Şüca ilə fitnə və fəsadla uğraşmağa başlamışdılar. Büstü mühasirə edən Sultan Hüseyn Mirzə qoşuna heç bir yerdən ərzaq təmin edə bilmədi, amma aclıqdan çox sıxıntı çəkməyə başladıqları zaman Büst valisi kurqanı təslim etdi və Büstdəki mövcud ərzala Xorasana qayıda bildi.
Sultan Hüseyn Mirzə kimi böyük bir padşah, bu qədər sursat və təmtəraqla Qunduz, Hisar və Qəndəhar üzərinə bir neçə dəfə qoşun çəkdiyi halda zəbt edə bilmədən geri döndüyü üçün oğulları və bəyləri bundan cəsarət alaraq düşmənçilik yaratmağa və fitnə çıxarmağa başladılar.
O yaz Sultan Hüseyn Mirzə Əstərabada müsəllət olaraq şər işlərlə məşğul olan oğlu Məhəmməd Hüseyn Mirzənin dəf edilməsi üçün Məhəmməd Vəli komandanlığı altında bəzi bəyləri xeyli əsgərlə birlikdə axınçı olaraq göndərmiş və özü də Nişin çayırında qalmışdı. Bədiüzzaman Mirzə ilə Zünnunun [bəy Arğun] oğlu Şah İŞüca] bəy (58 a) qəfildən qoşun çəkərək Sultan Hüseyn Mirzənin üzərinə gəldilər. Bu arada Sultan Məsud Mirzə də Hisarı müdafiə edə bilməyərək təslim etmək məcburiyyətində qalmışdı və Sultan Hüseyn Mirzənin yanına gəlirdi, xoş bir təsadüf əsəri olaraq, tam o gün yetişdi. Eyni zamanda Əstərabada gedən əsgər də gəlib eyni gün Mirzəyə qoşuldu. Qarşı-qarşıya gələndə Bədiüzzaman Mirzə ilə Şah bəy savaşmadan qaçıb getdilər.
Sultan Hüseyn Mirzə Sultan Məsud Mirzəni yaxşı qəbul etdi, onu özünə kürəkən edərək inayət və şəfqət göstərdi. Bu arada Xosrov şahın kiçık qardaşı Baqi Çağanyani də bu hadisədən bir az öncə gəlib Sultan Hüseyn Mirzənin xidmətinə girmişdi. Onun fitnələri üzündən Sultan Məsud Mirzə Xorasanda durmadı, Sultan Hüseyn Mirzədən izin belə almadan bir bəhanə ilə Xosrov şahın yanına getdi.
Xosrov şah Baysunqur Mirzəni də Hisardan çağırıb gətirdi. Bu əsnada Miranşah Mirzə də atası Uluğ bəy Mirzə ilə düşmən olub Həzarəyə girmiş, lakin pis hərəkətləri üzündən orada qala bilməmiş və o da Xosrov şahın yanına gəlmişdi.
Bəzi dargörüşlülər bu şahzadələrin hər üçünü də öldürərək Xosrov şah adına xütbə oxutmaq fikrində idi. Lakin Xosrov şah bunu uyğun görmədi. Bu səfil və nankor adam kiçıkliyindən bəri böyüdüb bəy-atəkəsi olduğu Sultan Məsud (58 b) Mirzəni tutub bu beş günlük dünya üçün -ki, ona vəfa qılmadığı kimi, heç kimə də vəfası olmayacaqdır- gözlərinə mil çəkərək kor elədi.
Bir neçə südqardaşı, arxadaşı və sınanmış adamı Sultan Məsud Mirzəni alıb Səmərqəndə, Sultan Əli Mirzənin yanına götürmək niyyətilə Keşə getdilər. Amma oradakıların da pis niyyətdə olduqlarını gördülər, Keşdən qaçaraq Çarcu keçidindən aşıb Sultan Hüseyn Mirzənin yanına gəldilər.
Belə çirkin hərəkət edənlərə və bu cür işlərlə uğraşanlara qiyamətə qədər yüz min dəfə lənət olsun. Xosrov şahın bu hərəkətindən xəbərdar olanlar ona lənət oxusunlar və bunu duyub da lənət oxumayanlar da lənətə tuş olsunlar.
Xosrov şah bu çirkin hərəkətindən sonra Baysunqur Mirzəni padşah edib Hisara getməsinə izin verdi. Seyid Kamili Miranşah Mirzəyə köməkçi qoşub onu da Bamyan tərəfinə göndərdi.
FƏRQANƏ - 904 (19 AVQUST 1498 – 8 AVQUST 1499)
DOQQUZ YÜZ DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ
Səmərqəndə və Əndicana dəfələrlə yürüş etsək də, bundan heç bir nəticə hasil olmadı. Təkrar Xocəndə qayıtdıq. Xocənd kiçık bir yerdir, yüz-iki yüz əsgəri olan bir adamın vaxtı burada sıxıntı (59 a) içində keçər. Lakin iddiası olan bir adam necə sakit dura bilər?
BABURUN XOCƏNDDƏN PƏŞAĞARA GETMƏSİ
Məhəmməd Hüseyn Gürgan Duğlat Ura-Təpədə idi. Səmərqənd üzərinə yürümək niyyətilə onun yanına adamlar göndərib sözləşdik. Yar-yaylaq kəndlərindən olan Pəşağarı bu qışı orada qalmaq və Səmərqənd vilayətinə mümkün olduğu qədər hücum edə bilmək üçün müvəqqəti olaraq bizə verməsini Məhəmməd Hüseyndən istədik. Bu kənd Xoca həzrətlərinə aid olan kəndlərdən idi, amma bu qarışıqlıqda ona keçmişdi. Məhəmməd Hüseyn Duğlat buna razı oldu.
Xocənddən Pəşağara hərəkət etdim. Zaminə yaxınlaşanda qızdırmaya tutuldum. Buna baxmayaraq Zamindən hərəkət edib sürətlə dağ yolundan Ribati-Xoca üzərinə gəldim. Niyyətim qəfil basqın edərək nərdivanlarla çıxıb Şavdar tüməninin mərkəzi olan Ribati-Xoca kurqanını ələ keçirmək idi. Sübh çağı oraya gəldik. Lakin əhalisi xəbərdar oldu, biz də təkrar dönüb heç bir yerdə dayanmadan birbaş Pəşağara gəldik. Qızdırmalı olduğum halda on üç-on dörd ağac yolu güclə və məşəqqətlə qət etdim.
Bir neçə gün sonra Yar-yaylaq kurqanlarını sözlə və ya zorla ələ keçirmək üçün bir neçə içki bəyləri və igidlərlə birlikdə İbrahim Saru, Veys Lağari və Şirim Tağayini axınçı təyin etdik. O zamanlarda (59 b) Yar-yaylaq Seyid Yusif bəydə idi. Mən Səmərqənddən çıxdığım zaman o orada qalmış və Sultan Əli Mirzə də ona inayət etmiş, nəticədə Seyid Yusif bəy [Oğlaqçı] Yar-yaylaq kurqanlarının ələ keçirilib idarə edilməsi üçün kiçık qardaşını və oğlunu göndərmişdi. Biz yenidən hərəkətə keçəndə Siyal-qutun idarəsini əlində tutan Əhməd Yusif də o kurqanlarda idi. Bizim bəylər və igidlər də gedib bütün qış uğraşaraq bəzi kurqanları sülh yolu ilə, bəzilərini də savaşaraq zəbt etdilər, bəzilərini isə hiylə və bicliklə ələ keçirdilər. O vilayətlərdə moğollar və özbəklər üzündən kurqanı olmayan heç bir kənd yoxdur. O əsnada [Sultan Əli Mirzə] bizim üzümüzdən Seyid Yusif bəy ilə kiçık qardaşından və oğlundan şübhələnərək onların Xorasana getmələrinə izin verdi.
Qış belə təlaş və mücadilə ilə keçdi. Yaz gəlincə barışmaq üçün Xoca Yəhyanı göndərdilər. Özləri isə [Sultan Əli Mirzə] əsgərin təşviqiylə Şiraz və Kabüd civarına gəldi. Bizim mövcud sipahimiz iki yüzdən artıq, üç yüzdən azdı və hər tərəfdə qüvvətli düşmənlər vardı. Əndican üzərinə səfərlərimizdə də tale bizə yar olmadı və Səmərqəndə əl uzatmaqdan da heç bir nəticə çıxmadı. Məcburən sülhə bənzər bir şey bağlandı və Pəşağardan (60 a) geri qayıtdıq.
Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl yarımdır adamlarımız və ailələrimizlə oradaydıq. Bu müddət ərzində oradakı müsəlmanlar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər. Oraya təkrar nə üzlə getmək olar və oraya gedən insan nə edə bilərdi?
Varmağa nə məskən müyəssər,
Durmağa nə dövlət müqərrər.
Axırda belə tərəddüdlər içində Ura-Təpənin cənubundakı yaylalara getdik. Öz halımıza şaşmış bir vəziyyətdə gedəcək və qalacaq bir yer bilmədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim kimi vətənindən sürülərək şaşqın bir halda olan Xoca Əbülməkarim məni görməyə gəldi. Haraya gedəcəyimizi və nə edəcəyimizi soruşdurub mütəəssir oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.
BABURUN MƏRGİNANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ
O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı göründü. Əli Dost Tağayinin Yulçuq adlı adamı imiş və bu xəbərlə göndərilmişdi: «Gərçi mənim tərəfimdən çox böyük günahlar işləndi, lakin ümid etdiyim kimi inayət edib günahlarımı bağışlayaraq (60 b) buraya gəlsə, Mərginanı təslim edərək ona elə bir qulluq və xidmətkarlıq edəcəyəm ki, günahım təmizlənib utancım keçsin».
Bu qədər şaşqın bir halda olduğum əsnada belə bir xəbər gəldiyinə görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal Mərginana doğru hərəkət etdim. Ora ilə Mərginanın arası təxminən iyirmi dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta namazına qədər heç bir yerdə durmadan yürüdük. Günorta namazı vaxtında Xocəndin Tənük-ab adlı kəndinə endik. Atlar dincini alıb yemləndikdən sonra gecə yarısı nağara vaxtında Tənük-abdan hərəkət etdik. O gecə sabaha və ertəsi gün günəş batıncaya qədər və ondan sonra gələn gecə boyunca yol getdik.
Sabahdan bir az əvvəl Mərginandan bir ağac məsafəyə gələndə Veys bəy ilə bir neçə adam tərəddüd edərək dedi: «Əli Dost necə pisliklər etmiş bir adamdır. Arada bir-iki dəfə elçi gedib-gəlmədən, danışıq, əhd və şərt olmadan ona necə etimad edə bilərik?» Gerçəkdən də tərəddüdləri yersiz deyildi. Bir az durduq və vəziyyəti müzakirə etdik. Axırda buna qərar verdik: «Gərçi bu tərəddüdlər yerindədir, lakin (6l a) bunu daha əvvəl düşünmək gərəkdi. Üç gün-üç gecə durub-dincəlmədən iyirmi dörd-iyirmi beş ağac yol yürüdük. Artıq nə adamlarda, nə də atlarda taqət qalmışdır. Buradan necə qayıdaq, qayıtsaq belə hara gedək. Bu qədər gəldikdən sonra gedəcəyimiz yerə varmaq lazımdır. Heç bir şey Tanrının təqdirindən başqa şəkildə ola bilməz». Belə qərar verib qədərimizə razı olaraq yolumuza davam etdik.
Sübh namazı vaxtında Mərginan kurqanının qapısına gəldim. Əli Dost Tağayi qapının arxasında duraraq qapını açmadan əhd istədi. Əhd və şərtdən sonra qapını açıb qapı arasında bağlılığını bildirdi. Əli Dostu gördükdən sonra kurqanın içində uyğun bir yerə endim. Mənimlə birlikdə olanlar böyük-kiçık iki yüz qırx adamdı.
Uzun Həsən və Sultan Əhməd Tənbəl vilayət əhalisinə çox zülm və pis rəftar etmişdilər. Vilayət əhalisinin hamısı məni istəyirdi. Mərginana gəlişimizdən iki-üç gün sonra Qasım bəy, pəşağarlılar, yeni nökər1 olanlar və Əli Dost bəyin adamlarından yüz nəfər Əndicanın cənub tərəfindəki dağ qəbilələrindən (61 b) aşpariyan, turuq-şaran, çəgrək və bütün o civara bu camaatı xoşluqla və ya zorla itaətə gətirmələri üçün göndərildi. İbrahim Saru, Veys Lağari və Seydi Qara da yüz nəfərə yaxın bir qüvvə ilə Xocənd çayını keçərək o tərəfdəki kurqanlarla dağ xalqlarını, nə şəkildə olursa-olsun, bizə tabe etmək üçün Axsi tərəfinə göndərildi.
Bir neçə gün sonra yanlarına [Baburun kiçık qardaşı] Cahangir Mirzəni də alan Uzun Həsən ilə Sultan Əhməd Tənbəl əlindəki sipahiləri və moğolları toplayıb Əndican və Axsinin əsgər ola biləcək adamlarını yığaraq, Mərginanı mühasirə məqsədilə Mərginanın bir şəri şərqində yerləşən Sapan adlı kəndə endilər. Bir-iki gün sonra da qüvvələrini qaydaya salıb Mərginanın məhəllələrinə gəldilər.
Qasım bəy, İbrahim Saru və Veys Lağari komandanlığı altında olan qüvvələr iki tərəfə göndərilmiş olduğu üçün mənim yanımda çox az qüvvə qalmışdı. Buna baxmayaraq igidlər qüvvələrini qaydaya salaraq qarşı çıxdılar və düşməni məhəllələrdən daha irərli buraxmadılar. O gün Xəlil Çöhrə dəstar-piç cəsur hərəkət etdi və çox şücaət göstərdi. Düşmənlər gəlib heç bir şey edə bilmədilər və bir daha (62 a) da kurqana yaxınlaşmadılar.
Qasım bəy Əndicanın güney dağlarına getmişdi. Aşpariyan, turuq-şaran, çəgrək ilə o civarın dağlarında və ovalarında oturan əhali tamamən bizim hakimiyyətimiz altına girdi. [Düşmən tərəfindəki] sipahilər də bir-bir, iki-iki qaçıb bizə qoşulmağa başladılar. İbrahim Saru və Veys Lağarinin başçılığı altıında olanlarsa Axsi tərəfinə gedib çayın qarşı sahilinə keçmişdilər. Bab kurqanı və daha bir-iki kurqan bizə keçdi.
Uzun Həsən ilə Tənbəl zalım, fasiq və kafir adamlardı. Vilayət əhalisi bunlardan çox zülm görmüşdü. Axsinin böyüklərindən olan Həsən Dikcə ilə adamları, oranın bəzi alt təbəqəsi də üsyan edərək şəhərin dış kurqanında olanları ərkə sığınmağa məcbur elədilər, sonra İbrahim Saru, Veys Lagarı, Seydi Qara başçılığı altıında olan qüvvələrimizi Axsinin dış kurqanına çağırdılar.
[Baburun dayısı] Sultan Mahmud (Məhəmməd) xan Heydər Göyəldaşın oğlu Bəndə Əli və bu sıralarda Şeybani xandan qaçıb xanın yanına gəlmiş olan Hacı Qazi Manqıtı barın tümən bəyləri ilə birlikdə bizə köməkçi təyin etmişdi. Onlar da tam bu əsnada gəldilər.
Uzun Həsən bundan xəbər tutub çox dilxor oldu və güvəndiyi (62 b) nökərləri ilə ən yaxşı igidlərini kömək üçün Axsi ərkinə göndərdi. Bunlar səhər vaxtı çay kənarına çatdılar. Bizim əsgərlə moğol əsgəri bunu xəbər alıb bir qisim adamları yalın atla sudan keçirdilər. Köməyəa gələnlər şaşıraraq, gəmini yuxarıya doğru çəkə bilməyib olduğu yerdə buraxdılar. Gəmilər kurqan tərəfinə keçmədən aşağı getdi. Bizim əsgərlə moğol əsgəri hər tərəfdən yalın atla suya girməyə başladı. Gəmidə olanlar vuruşa bilmədi. [Uzun Həsənin adamlarından] Qarluğaç Bəxşi moğolların bəy oğullarından birini çəkib əlindən tutaraq qılıncla öldürdü. Lakin artıq iş işdən keçmişdi. Gəmidəkilərin çoxunun ölümünə onun bu hərəkəti səbəb oldu və suda olanların hamısını yaxalayıb doğradılar. Qarluğaç Bəxşi, Xəlil Divanə və Qazı Qulam Uzun Həsənin seçkin adamlarından idi. Bunlardan yalnız Qazı Qulam qulluq bəhanəsi ilə qurtula bildi. Digər seçkin igidlərindən olan Heydərqulu, Qulikə Kaşğari və bugün mənim yanımda da etibarlı olan Seyid Əli [xan] qurtuldular. Yetmiş-səksən seçkin igiddən yalnızca beş-altısı (63 a) qurtula bildi.
Düşmən bu xəbəri eşidincə Mərginan civarında qala bilməyib nizamsız halda Əndicana doğru köç etdi. Bunlar Əndicanda Uzun Həsənin yeznəsi Nasir bəyi qoymuşdular. Nasir bəy onun adamları arasında ikinci olmasa da, mütləq üçüncü dərəcədə təcrübəli, cəsur bir adam idi. Bu işləri öyrənincə Əndican kurqanını bağladıb artıq onların məğlub olmağa üz tutduqlarını bildirərək mənə adam göndərdi.
Uzun Həsən Əndicana gələndə kurqanın bağlandığını öyrəndi və yeznəsi ilə dil taba bilməyib köçünün olduğu Axsi tərəfə çəkildi. Sultan Əhməd Tənbəl isə öz vilayəti olan Oşa getdi. Cahangir Mirzənin içkilərindən və igidlərindən bir neçəsi Uzun Həsənin yanından qaçdılar və Tənbəl Oşa çatmadan gedib ona qoşuldular.
Dostları ilə paylaş: |