ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə9/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

EVLİLİK VƏ İLK EŞQ
[Baburun əmisi] Sultan Əhməd Mirzənin Ayşə Sultan bəyim adlı qızı­nı atam və əmim sağ ikən mənimlə nişanlamışdılar. Ayşə Sultan şaban ayın­da [=1500 mart] Xocəndə gələndə onunla evlən­dim, ilk zamanlarda ona olan sevgim pis de­yildi. Amma bu ilk evlənməmdi. Həya və xəcalətimdən hər on-on beş və ya iyirmi gündə bir yanına gedirdim. Sonralar bu sevgim də qal­madı, amma utan­mam arttı. Ayda və ya qırx gündə bir anam xanım məni azarlayaraq zorla onun yanına gön­də­rirdi. O sıralarda (75 b) ordu bazarına mənsub bir adamın Baburi adında gö­zəl bir oğlu vardı.

Mən anqa (ona) qərib meyl peyda qıldım,

Bəlkəm anqa özümni zarü şeyda qıldım.

Ondan əvvəl heç kimsəyə qarşı meylli deyildim. Bəlkə sevgi və mə­həbbət haqqında söylənənləri belə dinləməz və o barədə danışmazdım. O zamanlar tək-tük farsca beyt də söylərdim. Bu beyti o zaman söylədim:

Hiç kəs çon məni-xərabü eşqü rüsva məbad,

Hiç məhbubi çü tu birəhmü bipərva məbad.



Heç kim mənim tək xarab, aşiq və rüsva olmasın,

Heç bir məhbub sənin tək rəhmsiz və pərvasız olmasın.

Baburi bəzən yanıma gəlirdi. Lakin mən utandığıımdan üzünə baxa bil­məzdim, harda qala ki, onunla danışıb görüşəydim. Nəşə və həycanımdan gəldiyi üçün tə­şək­kür edə bilməzdim, o ki qala uzaqlaşmasından şikayət edəm. Söhbət təklif edə bi­lə­cək güc nə gəzirdi.

Bir gün bu sevgi və məhəbbət anlarında məiyyətimlə birlikdə küçədən ke­çir­dim; birdən-birə Baburi qarşıma çıxdı. Duyğulanaraq üstümə elə bir hal çökdü ki, az qala əriyəm. Mənim üçün ona doğru baxmaq və ya ona səslən­mək (76 a) müm­kün deyildi. Min cür utanıb sıxılma və əzabla keçdim. Məhəmməd Salihin bu beyti xatirimə gəldi:

Şum şərməndə hər ki, yar xodra dər nəzər benəm,

Rəfiğan soy mən binənd və mən soy digər benəm.

Sevgilimə hər baxanda xəcalətdən utanıram,

Dostlarım mənə baxır, mən başqa tərəfə baxıram.

Bu beyt mənim vəziyyətimə çox uyurdu. Eşqin və məhəbbətin şiddə­tin­dən, gənc­liyin və məcnunluğun qüvvətindən ətrafda, küçədə, bağda və bağ­çada başı açıq və ayayğı yalın gəzirdim. Nə dost-tanışa, nə də yadlara qo­şulur, nə də özüm­dən və ya başqalarından çəkinirdim.

Aşiq olğac bihudü divanə boldum, bilmədim,

Kim, pəri rüxsarələr eşqinə bu ərmiş xəvas.

Bəzən məcnunlar kimi təkbaşıma dağlara və çöllərə gedir, bəzən də bağları və məhəllələri küçə-küçə dolaşırdım. Nə yürümə, nə də oturma ira­də­sinə sahib idim, nə getməyə, nə də qalmağa qərar verə bilirdim.

Nə barurğa qüvvətim bar, nə tururğa taqətim,

Bizni bu halətgə sən qıldın giriftar, ey könül.
SULTAN ƏLİ MİRZƏNİN

TARXANLARLA ARASININ DƏYMƏSİ
Bu il [Baburun əmisinın oğlu] Sultan Əli Mirzə ilə Məhəmməd Məzid Tar­xanın arası dəydi. Səbəbi bu idi: tarxanlarm etibarı və gücü çox artmışdı. Baqi [Tarxan] Buxaranı (76 b) tamamən ələ keçirmişdi və Buxaranın gəli­rin­dən başqa­sına bir təngə belə vermirdi. Məhəmməd Məzid Tarxan da Sə­mər­qəndin tam ha­kimiydi və bütün vilayəti oğullarıyla öz adamlarının idarə­sinə vermişdi. Şəhər­dən nə qədər təxsisat təyin etmişlərsə, bundan başqa heç bir yerdən Sultan Əli Mirzəyə bir fels belə gəlmirdi.

Sultan Əli Mirzə artıq böyümüşdü və bunların belə hərəkətlərinə necə dözə bilərdi. Bir neçə içkisi ilə birlikdə Məhəmməd Məzid Tarxanın həya­tına sui-qəsd təşəbbüsündə bulundu. Məhəmməd Məzid Tarxan bunu xəbər alınca yanında olan tüm adamları və bəyləri ilə birlikdə şəhərdən çıx­dılar. Bunların arasında Sultan Hüseyn Arğun, Pir Əhməd, Uzun Həsənin qardaşı Xoca Hüseyn, Qara Barlas, Sa­lih Məhəmməd ilə digər bəzi bəy və igid­lər də vardı.

O əsnada [moğolların xanı] Sultan Mahmud xan Xan Mirzənin yanına bir çox moğol bəyləri ilə birlikdə Məhəmməd Hüseyn Gürgan Duğlat və Əhməd bəyi verib onu Səmərqənd üzərinə göndərmişdi. Hafız [Məhəmməd] bəy Dulday və oğlu Tahir bəy də Xan Mirzənin bəy-atəkələriydilər. Həsən Nə­birə, Hindu bəy [Koçin] və digər bəzi igidlər isə Hafız bəylə və Tahir bəy­lə olan əlaqələri üzündən Sultan Əli Mirzədən qaçıb (77 a) Xan Mir­zə­nin hüzuruna getmişdilər.

Məhəmməd Məzid Tarxan adamlar göndərib Xan Mirzəni və moğol əs­gərini ça­ğıraraq Şavdar civarına gəldi. Orada Mirzə Xan ilə görüşərək moğol bəyləri ilə danışdı. Moğol bəyləri Məhəmməd Məzid ilə tam anlaşa bilmədilər. Hətta Mə­həmməd Məzid Tarxanı ələ keçirməyi belə düşündülər. Amma o bəylər bunu an­layın­ca bir bəhanə taparaq moğol əsgərindən ayrıl­dı­lar. Onlar gedincə moğol əs­gə­ri də orada dura bilmədi və dönüb Yar-yay­lağa gəldi. O zaman Sultan Əli Mirzə az əsgərlə Səmərqənddən sürətə gələ­rək Xan Mirzə [Sultan Veys Mirzə] ilə moğol əsgərinin üstünə cümənda on­lar vuruşa bilməyərək qaçdılar. Bu, son zamanlarda Sul­tan Əli Mirzənin gör­düyü ən yaxşı iş idi.

Məhəmməd Məzid Tarxan və adamları bu moğollardan və mirzələr­dən əl­lərini üzüncə moğol Əbdülvəhhabı mənim yanıma göndərdi. Əbdül­vəhhab əvvəlcə mənim yanımda olmuş və Əndicanın mühasirəsində Xoca [Möv­lana] qazı ilə bir­likdə yaxşı işlər görmüşdü. Biz isə belə fəna vəziyətdə idik. Onun üçün dərhal sülh bağlayıb Səmərqənd üzərinə yürüməyi qəti şə­kildə qərara almışdıq. Ordunun top­lanacağı yeri bildirmək üçün Mir Moğolu sürətlə Axsiyə Cahangir Mirzənin yanına (77 b) göndərərək Səmərqənd üzə­rinə səfərə hazırlaşdıq. Zilqədə ayında [=1500 may-iyun] Səmərqənd üzəri­nə yürüyüb üçüncü günü Qabaya gəldik.

İkindi namazı vaxtında Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlilin Oş kur­qanını basaraq zəbt etdiyi xəbəri gəldi. Təfsilatı belədir: yuxarıda bəhs edildiyi ki­mi, aramızda sülh bağlananda başlarında Tənbəlin kiçık qar­daşı Xəlil olmaq üzrə əsirlər sərbəst buraxılmış, Tənbəl də Xəlili Ozgənd­dəki köç və qohumlarını çı­xar­maq üçün oraya göndərmişdi. Köçünü çıxar­maq bəhanəsi ilə Özgəndə girən Xəlil bugün-sabah deyə hiylə işlədərək oradan çıxmırdı. Biz səfərə çıxanda Oş mü­da­fi­əsiz qalınca da bunu fürsət bilərək gəlib Oş kurqanını bir basqınla ələ ke­çir­­mişdi.

Bu xəbər bizə gələndə qalıb bunlarla uğraşmağı bir neçə səbəbə görə la­zım bilmədik və Səmərqəndə doğru hərəkətimizə davam etdik. Bu səbəb­lərdən biri bu­dur: bizim sipahilərimizin hamısı öz təchizatlarını tamamla­maq üçün evlərinə get­mişdilər. Biz sülh müqaviləsinə inanmışdıq, bunların bu hiyləsindən və xəya­nə­tindən xəbərsizdik. Bir digər səbəb də Əli Dost (78 a) və Qənbər Əli kimi böyük bəylərimizdən də, bəhs etdiyimiz kimi, neçə dəfə belə hərəkətlər göründüyü üçün onlara da inamımız qalmamışdı. Ayr­ı­ca başlarında Məhəmməd Məzid Tarxan ol­du­ğu halda bütün Səmərqənd bəy­ləri məni çağırmaq üçün Mir Moğolu göndər­mişdilər. Səmərqənd kimi bir paytaxt varkən, niyə Əndican kimi bir yer üçün adam və vaxt itirim ki?

Qabadan Mərginana gəldik. Mərginan Qoç bəyin atası Sultan Əhməd bəyə verilmişdi. Bəzi işlər və əngəllər üzündən o mənimlə birlikdə hərəkət edə bilmə­yərək Mərginanda qalsa da, oğlu Qoç bəy bir neçə qohumuyla bə­ra­­bər mənimlə gəl­di. İsfəra yoluyla hərəkət edərək İsfəraya bağlı Maxan adlı bir kəndə gəldik. Xoş bir təsadüf əsəri olaraq adamlarıyla birlikdə Qasım bəy, Əli Dostla birlikdə bir çox igidi ilə Seyid Qasım [eşik-ağa] da əvvəlcə­dən qərarlaşdırılmış kimi o gecə gəlib bi­zə qoşuldular. Oradan hərəkət edib Dəşti-Həsban üzərindən ötərək Çoban kör­pü­sündən keçib Ura-Təpəyə gəl­dim.

Qənbər Əli isə Tənbələ güvənərək öz vilayəti olan Xocənd­dən qal­xıb hərbi məsələlər haqqında danışmaq üçün Axsiyə gəlir. Gəlincə də Tənbəl onu dərhal bağladıb yanına alaraq (78 b) vilayətlərinin üstünə cu­mur. Türk­cədə bir ata sözü vardır: «İnanma dostuna, saman təpər postuna» (dərinə).

Yolda götürülərkən Qənbər Əli qaçıb piyada olaraq min bir zəhmətlə Ura-Təpəyə gəldi. Biz Ura-Təpədə ikən Şeybani xanın Dəbusi qalasında Baqi Tarxanı məğlub edib Buxara üzərinə yürüdüyü xəbəri gəldi. Ura-Tə­pədən hərəkət edib Bürkə yaylağı yo­luyla Səngzara gəldik. Səngzar valisi kurqanı təslim etdi. Qənbər Əli hər şeyini itirərək gəldiyi üçün onu Səng­zar­da qoyub getdik.

Xan yurduna gəlib düşərgə salanda başlarında Məhəmməd Məzid Tar­­xan olmaqla Səmərqənd bəyləri gəlib sədaqətlərini bildirdilər. Səmər­qən­din zəbti mə­sələsini onlarla müzakirə etdik. Onlar da «[Xoca Übeydul­lahın oğlu] Xoca Yəhya padşaha can­dan bağlıdır, əgər Xocanı öz tərəfimizə çək­sək, Səmərqəndi savaşma­dan və asanlıqla zəbt etmək mümkündür» de­dilər. Bunun üçün bir neçə dəfə Xoca Yəhyaya adamlar göndərərək danı­şıq apa­rıl­dı. Xoca Yəhya bizə qəti söz vermə­məklə birlikdə məyus edəcək söz də söy­ləmədi.

Xan yurdundan qalxıb Dərğəm sahilinə gəldik. Dərğəm sahilindən Xo­ca Mə­həmməd Əli Kitabdar Xoca Yəhyanın yanına göndərildi (79 a) və «Gəlsinlər, şəhə­ri təslim edərik» xəbərini gətirdi. Biz də axşama doğru Dər­ğəmdən qalxıb şəhərə doğru hərəkət etdik.

Amma Sultan Məhəmməd Duldayın atası Sultan Mahmud Dulday ora­dan qaçaraq getmiş və Səmərqənddə olanları bu ittifaqdan agah etmişdi. Xə­bər aldıq­ları üçün nəzərdə tutduğumuz plan baş tutmadı və qayıdıb təkrar Dərğəm sa­hilinə gəldik.

İbrahim Saru Mınqlı inayət etdiyim bəylərimdən idi, Əli Dost [Tağa­yi] onu yaxaladıb sürmüşdü. Mən Yar-yaylağa gəldiyim zaman Yusif bəyin [Seyid Yusif Oğlaqçı] böyük oğlu Məhəmməd Yusif ilə birlikdə gəlib sə­da­qətini bildirdi. Əli Dost sadiq bəylərimizin və içkilərimizin bir uismini özü­nə müxalif ol­duqları üçün sürdürmüş, mallarını yağmalatmış, bəzilərini də yaxalatmışdı. Bunlar da birər-bi­rər gəlib toplandılar.

Əli Dostun mövqeyi sarsılmışdı, çünki Tənbələ qüvənərək mənə və mə­nim tərəfdarlarıma cəfa və əziyyət edirdi. Mən də bu alçaq adamdan heç xoşlanmırdım. Utandığından və qorxusundan yanımda qala bilməyərək get­mək üçün izin istədi. Mən də bunu minnət bilərək izin verdim. Əli Dost və [oğlu] Məhəmməd Dost bu (79 b) izni alan kimi Tənbəlin yanına getdilər.

Tənbəlin yaxınlarından olan bu ata ilə oğuldan bir çox düşmənlik və pislik­lər meydana gəldi. Bir-iki il sonra Əli Dostun əlində çiban çıxaraq və­fat etdi. Məhəmməd Dost isə özbəklərə qoşuldu. Vəziyyəti ümumən pis de­yildi, lakin ora­dan da nankorluq edib qaçaraq Əndican dağının ətəklərinə get­di, düşmənlik və fitnə çıxardı. Axırda özbəklərin əlinə düşdü, onlar da bu­nun gözlərini kor etdilər. Gözlərini «duz tutdu»1 ifadəsinin belə bir mə­na­sı varmış.

Bunların getmələrinə izin verdikdən sonra Guri Barlas da bir neçə igid­lə bir­likdə xəbər bilmək üçün Buxara tərəflərinə göndərilmişdi. Şeybani xanın Buxaranı zəbt edib Səmərqənd üzərinə doğru yürüdüyü xəbəri gəldi. O civarda olmağı uy­ğun görməyərək Keş tərəfinə getdik. Səmərqənd bəy­lə­rinin bir çoxunun köçləri Keşdə idi.
SƏMƏRQƏNDİN ŞEYBANİ XANA TƏSLİM EDİLMƏSİ
Keşə gəlib bir-iki həftə keçirdikdən sonra Sultan Əli Mirzənin Səmər­qəndi Şeybani xana təslim etdiyi xəbərini aldıq. Təfsilatı budur: Sultan Əli Mirzənin anası Zöhrə Bikə ağa cahilliyi və axmaqlığı üzündən Şeybani xa­na gizlicə bir adam göndərərək bu xəbəri çatdırır: «Əgər Şeybani xan (80 a) mənimlə evlənəcək olsa, oğ­lu Səmərqəndi Şeybani xana təslim edəcək; la­kin Şeybani xan da şəhəri aldıqdan sonra atasının vilayətini təkrar Sultan Əli Mirzəyə verəcək».

Əbu Yusif Arğun bundan xəbərdar imiş. Bəlkə ona bu fikri verən elə o xai­nin özü olmuşdur.


FƏRQANƏ - 906 (28 İYUL 1500 - 17 İYUL 1501)


DOQQUZ YÜZ ALTINCI İLİN HADİSƏLƏRİ
Şeybani xan bu qadının vədi üzrə gəlib Baği-Meydana endi. Sultan Əli Mir­zə də bəylərindən və igidlərindən heç kimə xəbər vermədən və heç kimlə məslə­hət­ləş­mədən yaxınlarından bir neçə kiçık zatla birlikdə günorta vaxtı Çarrah qapı­sın­dan çıxıb Baği-Meydana Şeybani xanın yanına getdi. Şeybani xan onu elə də yax­şı qar­şılamadı. Görüşdükdən sonra da özündən aşağı bir tərəfə oturtdu.

Xoca Yəhya Mirzənin şəhərdən çıxdığını duyunca üzüldü. Lakin heç bir çarə tapa bilmədiyi için o da çıxdı. Şeybani xan onu yerindən qalxmadan qarşılayıb bir neçə tənəli söz söylədi. Axırda Xoca Yəhya getmək üçün ye­rindən qal­xanda Şey­ba­ni xan da sayğı göstərərək yerindən qalxdı.

Xoca Əli bayın oğlu Can Əli Ribati-Xocada olurdu. Mirzənin çıxdığı­nı xəbər alınca o da Şeybani xanın hüzuruna gəldi.

Bu uğursuz qadının ağlı qıt olduğu üçün ərə getmək arzusu üzündən oğlu­nun xanimanını (80 b) bərbad elədi. Şeybani xan ona zərrə qədər əhə­miyyət ver­mədi və cariyəsi qədər belə saymadı.

Sultan Əli Mirzə tutduğu işə və şəhərdən çıxmağına çox peşman ol­muşdu. Bəzi yaxınları vəziyyəti başa düşərək Mirzəni qaçır­maq istədilər. La­kin Sultan Əli Mirzə buna razı olmadı. Əcəli gəldiyi üçün qurtula bil­mə­di. O, [Şeybani xanın oğ­lu] Teymur Sultanla birlikdə qalırdı. Dörd-beş gün sonra Külbə çayırında onu öl­dürdülər. Bu beş günlük fani həyat üçün pis ad­la getdi. Qadın sözünə aldanıb özü­nü yaxşı ad sahibləri cərgəsindən çıxardı. Belə bir adamın əhvalatını bundan artıq yazmaq və belə alçaq hərəkətləri bun­dan artıq eşitmək doğru deyildir.

[Şeybani xan] Sultan Əli Mirzəni öldürdükdən sonra Can Əlini də öl­dürüb Mirzə­sının yanına göndərdi. Xoca Yəhyaya etimad etmədiyi üçün də ona iki oğlu Xoca Məhəmməd Zəkəriyyə və Xoca Baqi ilə birlikdə Xorasan tərəfinə getməsinə izin verdi. Sonra da arxalarından bir neçə özbək gedib Xoca-Kardzən civarında Xo­ca həzrət­lərini iki igid oğluyla birlikdə şəhid etdilər. Şeybani xan Xocanın öl­dürül­məsi işində (8l a) əli olmadığını, qatıl­lərin Qənbər Bi ilə Köpək Bi olduğunu söy­ləmişdir. Əgər belədirsə, daha da pis. Bir atalar sözü vardır: «üzrü qəbahətindən bö­yük». Əgər bəylər belə işləri xanlarının və padşahlarının xəbəri olmadan özləri et­məyə başlayır­lar­sa, daha xanlığın və padşahlığın nə etibarı var?

Özbəklər Səmərqəndi aldıqdan sonra biz də Keşdən Hisara doğru get­dik. Məhəmməd Məzid Tarxan başda olmaqla Səmərqənd bəyləri öz köç və ailələri ilə bir­likdə bizimlə hərəkət etdilər. Çağanyanın Çəltu çayırında da­yananda Məhəmməd Məzid Tarxanın başçılıq etdiyi Səmərqənd bəyləri biz­dən ayrılaraq gedib Xosrov şahın xidmətinə girdilər.

Biz şəhər və vilayətdən məhrum idik, gedəcək və qalacaq yerimiz bəl­li deyil­di. Xosrov şahın bizim xanədanımıza qarşı bəzi haqsızlıqlar etmiş ol­ma­sı­na baxma­yaraq çarəsiz, onun vilayəti içindən keçmək məcburiyyətində qaldıq.

Qara-Təkin vilayətindən keçərək kiçık dayım Alaca xanın yanına [Sul­­­tan Əh­məd xan] getmə düşüncəsi ağlımızdan keçmişdi, ancaq nəsib ol­ma­dı.

Kəmruddan yuxarıya doğru yürüyərək Sərv-Tağ təpəsindən aşmağa qərar ver­dik. Nəvəndak civarına çatanda Xosrov şahın adamı doqquz at və doqquz parça qu­maş gətirdi1.

Kəmrud ağzına enərkən Şir Əli (81b) Çöhrə qaçıb Xosrov şahın qar­daşı Və­li­nin yanına getdi. Ertəsi gün isə Qoç bəy ayrılaraq Hisara getdi. Kəm­­rud dərəsindən yuxarıya doğru yürüdük. Dar və uçurumlu yollarda, sarp keçidlərdə bir çox atımız və dəvəmiz qaldı.

Üç-dörd gün sonra Sərv-Tağ keçidinə vardıq. Keçid, amma necə bir keçid! Heç bir yerdə belə yüksək və dar bir keçid görünməmişdir və heç bir vaxt belə dar və uçurumlu yollardan keçilməmişdir. Çox zəhmət və çətin­lik­lə təhlükəli bo­ğazlar və uçurumlardan keçib bu təhlükəli, yüksək və dar ke­çidləri aşaraq axırda Fan ci­varına gəldik.

Fan dağlarının arasında böyük bir göl vardır. Çevrəsi təxminən bir şeri qədər olan gözəl bir göldür və o qədər cazibədardır ki, heç boş qalmaz.

Alınan xəbərlərə görə, Şiraz kurqanını İbrahim Tarxan, Yar-yaylaq kurqanla­rını da Qənbər Əli gücləndirmişdilər. Əbülqasım Kuhbər isə Xoca-Didardaydı. Öz­bəklər Səmərqəndi aldıqdan sonra Xoca-Didarda qala bilmə­yib Yar-yaylağa gəlmiş və daha aşağıda olan kurqanları gücləndirmişdi.

Fanı sağ tərəfdə qoyaraq Kəşdud tərəfinə yürüdük. Fan hakimi cö­mərd­­liyi, əsaləti və əliaçıqlığı ilə məşhur idi. (82 a) Sultan Hüseyn Mirzə Hisar üzərinə gə­ləndə Sultan Məsud Mirzə kiçık qardaşı Baysunqur Mir­zə­nin yanına Səmərqəndə bu yoldan getmişdi. Fan hakimi ona yetmiş-sək­sən at bağışlamış və digər xidmət­lə­rini də buna bənzər şəkildə eləmişdi. Mənə çox pis bir at göndərdi, özü isə gəl­mədi.

Səxavəti ilə məşhur olan kimsələr bizə gəlincə xəsis olur, alicənablığı ilə ta­nın­lan kimsələr alicənablığı unudurdu. Xosrov şah da cömərdlik və əsa­­lətlə mə­ruf və məşhurdu. Bədiüzzaman Mirzəyə nə kimi yardımlar etdi­yini söyləmişdim. Daha sonra Baqi Tarxana və digər bəylərə çox insaniyyət və cömərdlik göstərmişdi. İki dəfə onun vilayətindən keçdik, həmcinsimiz demədi, ən aşağı nökərimizə elədi­yi insaniyyəti bizə göstərmədi, hətta bizi nökər gözündə belə görmədi.

Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq,

Kim ki, ondan yaxşı yox, göz tutma ondan yaxşılıq.

Fanı keçincə Kəşdud kurqanında özbəklərin adamı ola biləcəyini dü­şü­nərək, Kəşdud üzərinə axın etdik. Lakin Kəşdud kurqanı xarab vəziyyətdə idi, indi orada heç kim yaşamırdı. Oradan keçib (82 b) Kuhək çayının sahi­linə gəldik. Yarının qar­şısından Kuhək çayından körpüylə keçdik. Qasım bəyin başçılığı altında bəyləri Ri­bati-Xoca kurqanını basqınla ələ keçirmək üçün göndərdim.

Yandan keçib Şunqarxana dağını aşaraq Yar-yaylağa gəldik. Ribati-Xocaya ge­dən bəylər kur­qana nərdivan qoyan zaman kurqandakılar bilmiş və geri qov­muş­lar. Onlar da kurqanı ala bilmədən dönüb gəldilər.

Qənbər Əli Səngzarda idi, gəlib görüşdü. Əbülqasım Kuhbər və İbra­him Tarxan da yaxşı adam­larını mənimlə görüşməyə göndərib qulluq və sə­daqətlərini bildirdilər. Yar-yaylaq kəndlə­rindən Əsfidək kurqanına gəldik.
BABURUN ANİ BİR HÜCUMLA

SƏMƏRQƏNDİ İKİNCİ DƏFƏ ALMASI
O vaxt Şeybani xan Xoca-Didar civarında otururdu. Üç-dörd min öz­bəyi var­­dı, yerli sipahidən də bir o qədər adam toplanmışdı. Səmərqənd vali­liyini Can Vəfa Mirzəyə vermişdi və o da beş-altı yüz adamla birlikdə Sə­mər­qənd kurqanının içində idi. Həmzə Sultanla Mehdi Sultan isə adam­la­rıyla birlikdə Səmərqənd yaxın­lığındakı Bödənə qoruğuna yerləşmişdilər. Bizim adamlarımız yaxşı-pis iki yüz (83 a) qırx nəfər idi. Bütün bəylə­ri­mizlə danışıb məsləhətləşərək buna qərar ver­dik: «Şeybani xan Səmərqəndi alalı çox olmamışdır, əhali hələ ona, o da əhaliyə kö­nüldən bağlanmamışdır. Bir iş eləmək istəyiriksə, indi eləməliyik. Səmərqənd kur­qanını nərdivanlar qoyub basqınla alsaq, əhali bizimlə olacaq. Başqa nə edə bilər ki? Əgər bizə kömək etməsə belə özbəklər üçün vuruş­maq ehtimalı da yoxdur. Səmər­qəndi ələ keçirdikdən sonra Allah nə dilərsə o, ola­caqdır».

Bu qərara gəldik və günorta namazından sonra Yar-yaylaqdan hərəkət edib bütün gecə yürüyərək gecə yarısı Xan Yurduna çatdıq. O axşam əhali xəbərdar ol­muşdur deyə kurqanın yaxınına getmədik və Xan Yurdundan ge­ri döndük. Dan ağa­randa Ribati-Xocanın bir az aşağısından Kuhək çayını ke­çib təkrar Yar-yay­la­ğa gəldik.

Bir gün Əsfidək kurqanında Dost Nasir, Noyan Göyəldaş, Xanqulu, Kə­­rim­dad, Şeyx Dərviş, Xosrov Göyəldaş və Mirim Nasir kimi içkilərlə bir­likdə otur­muş­duq. Oradan-buradan danışırdıq. «Söyləyin görüm, (83 b) Al­lah rast gə­tirsə, Səmərqəndi nə zaman alarıq?» dedim.

Bəziləri «ilkbahara alarıq» dedi, o zaman sonbahardı. Bəziləri bir ay, bəzi­ləri qırx gün, bəziləri də iyirmi gün sonra dedilər. Noyan Göyəldaş isə «On dörd gündə alarıq» dedi. Allah rast gətirdi və tam on dörd gündə Sə­mər­­qəndi aldıq.

O zaman qəribə bir röya görmüşdüm. Röyamda Xoca Übeydullah həz­rət­lə­­ri gəl­miş və mən də onu qarşılamağa çıxmışım. Xoca gəlib oturdu. Xo­canın önü­nə, deyəsən, bir az diqqətsiz bir şəkildə dəstərxan sərmişdilər və bu üzdən həzrətin könlü bir az incimişdi. Molla Baba mənim tərəfimə baxıb işa­rət edirdi. Mən də ona işarətlə: «Mən neyləyim, qüsur dəstərxanı sərəndə­dir» dedim. Xoca an­ladı və bu üzrümü qəbul etdi. Sonra ayağa qalx­dı, mən də onu uğurlamağa çıx­­dım. O, evin dalanında sağ və ya sol qolumdan tutub məni elə yuxarı qaldırdı ki, bir ayağım yerdən üzüldü. Mənə türkcə «Şeyx məsləhət verdi» dedi. Bir neçə gün içində Səmərqəndi aldım.

Bir-iki gün sonra Əsfidək kurqanından qalxıb Vəsmənd kurqanına gəl­dik. Bir dəfə Səmərqənd civarına gedib varlığımızı göstərərək geri qayıtdı­ğımız hal­da (84 a) təkrar Allaha təvəkkül edib eyni niyyətlə günorta nama­zından sonra Vəs­mənddən qalxıb Səmərqənd üzərinə sürətlə hərəkət etdik. Xoca Əbülməkarim də mənimlə bərabərdi.

Gecə yarısı xiyaban üzərindən Məğək körpüsünə gəlib yaxşı igidlər­dən yet­miş-səksən nəfərlik bir dəstəni irəli göndərdik. Bunlar Qari-aşiqan qarşı­sından nərdivanla yuxarı çıxıb Firuzə darvazasındakıların üstünə cümə­raq darvazanı ələ keçi­rəcək və bizə adam göndərəcəkdilər.

Bu igidlər gedib Qari-aşiqan qarşısından nərdivanla yuxarı çımışlar və heç kim xəbər tutmamışdır. Oradan da Firuzə darvazasına qədər gəlib Fazil Tarxanın üstünə cummuşlar. Fazil Tarxan bəy tarxanlardan olmayıb Türküs­tanın tüccar tar­xanlarından idi. Türküstanda Şeybani xana xidmət edərək etibar görmüşdü. İgidlər Fazil Tarxanı bir neçə adamıyla birlikdə öldürüb qapının kilidini balta ilə qıraraq darvazanı açdılar.

O əsnada mən yetişərək dərhal Firuzə darvazasından içəri girdim. Əbül­qasım Kuhbər özü gəlməmiş, kiçık qardaşı Əhməd Qasımı otuz-qırx qə­dər adamıyla gön­­dər­mişdi. İbrahim Tarxanın adamlarından isə heç biri yox idi. Mən şəhərə gi­rib xanəgahda oturanda yalnızca Əhməd Tarxan adlı kiçık qardaşı (84 b) bir neçə ada­mı ilə birlikdə gəldi.

Şəhər əhalisi hələ yuxuda idi. Dükan sahibləri dükanlarından baxıb tanıya­raq mənə dua edirdilər. Qısa bir müddət sonra şəhər əhalisi vəziyyət­dən xəbərdar oldu. Bizim adamları və şəhər əhalisini qəribə bir sevinc sar­mışdı. Özbəkləri qu­duz köpək­lər kimi küçələrdə daş və zopalarla öldürdülər. Bəlkə də dörd-beş yüzə qədər özbək bu şəkildə öldürüldü.

Şəhərin darğası Can Vəfa Xoca Yəhyanın evlərindən birində otururdu. Oradan çıxıb qaçaraq Şeybani xanın yanına getdi.

Qapıdan girincə birbaşa mədrəsə və xanəgah tərəfə yürüdüm və xanə­ga­hın tağı üstündə oturdum. Sabaha qədər hər tərəfdə qovğa və gurultu da­vam etdi. Xə­bərdar olan bəzi əsnaf və dükan sahibləri sevinc və nəşəylə gəl­dilər, əllərində nə varsa gətirib dua etdilər.

Sabah özbəklərin Ahənin darvazasında iki qapı arasını gücləndirərək vuruş­maqda olduqları xəbəri gəldi. Dərhal ata minib Ahənin darvazasına doğru getdim. Mə­nimlə bir­likdə on-on beş və ya iyirmi qədər adam vardı. Şə­hər yeni ələ keç­mişdi. Alt təbəqədən hər kəs bir şey tapmaq ümidi ilə sa­ğı-solu eşələməklə (85 a) məşğul idi. Mən yetişincəyə qədər özbəkləri Ahə­nin darvazasından çıxarmışdılar.

Şeybani xan bunu eşidib fövqəladə təlaşlı bir şəkildə, günəş doğarkən yüz-yüz əlli qədər adamıyla Ahənin darvazasına gəlib yetişdi. Fürsət qapıya gəlmişdi. Lakin söylədiyim kimi, yanımda çox az adam vardı. Şeybani xan isə heç nə edə bilməyəcəyini görüncə orada durmadı və dərhal geri qayıdıb getdi.

Oradan dönüb ərkdə Bostan Saraya endim. Ağsaqqallar, əşrəf və şə­hərin bö­yükləri gələrək məni görüb təbrik etdilər.

Yüz qırx ilə yaxın bir müddətdir paytaxt Səmərqənd bizim ailədəydi. Yad və düşmən özbəyin biri gəlib onu ələ keçirmişdi. Amma əldən çıxan mülkü Allah tək­rar verdi. Yağmaya uğrayan vilayət təkrar əlimizə keçdi.


SULTAN HÜSEYN MİRZƏNİN HERATI ALMASI

İLƏ BABURUN SƏMƏRQƏNDİ ALMASININ

MÜQAYİSƏ EDİLMƏSİ
Sultan Hüseyn [Bayqara] Mirzə də Heratı bu şəkildə basqınla almışdı. Lakin iş bilənlər gözündə, anlayan və tərəfsiz kimsələrin önündə o işlə bu fəth arasında bö­yük bir fərq olduğu aşikardır.

Birincisi, Sultan Hüseyn Mirzə çox işlər görmüş, çox təcrübə qazan­mış yaşlı bir padşah idi.

İkincisi, onun düşməni on yeddi-on səkkiz yaşında və təcrübəsiz bir uşaq olan Yadigar Məhəm­məd Nasir Mirzə idı. (85 b)

Üçüncüsü, [Sultan Hüseyn Mirzənin əmirlərindən] düşmənin içində olan və vəziyyəti bilən Mir Əli Miraxur Mirzəyə adamlar göndərib onu düş­mənin üstünə qafil olduğu bir anda gətirmişdi.

Dördüncüsü, düşmən kurqanda deyil, Baği-Zağanda idi və Sultan Hü­seyn Mirzə şəhəri alanda Yadigar Məhəmməd Mirzə ilə adamları özlərini iç­kiyə elə ver­mişdilər ki, o gecə Yadigar Məhəm­məd Mirzənin qapısında duran üç adamın üçü də sərxoş imiş.

Beşincisi, Yadigar Məhəmməd Mirzənin bu dərəcə qafil olduğu bir an­da Sul­tan Hüseyn Mirzə gəldi və şəhəri zəbt etdi.

Mən isə Səmərqəndi alanda on doqquz yaşındaydım. Nə çox işlər gör­müş, nə də təcrübə qazan­mışdım.

İkincisi, mənim düşmənim Şeybani xan kimi çox təcrübə sahibi və çox işlər gör­müş, yaşlı bir adamdı.

Üçüncüsü, bizə Səmərqənddən heç kimsə gəlməmişdi. Şəhər əhalisi mənə nə qədər meylli olsa da, Şeybani xanın qorxusundan heç kim bir şey edə bilməzdi.

Dördüncüsü, mənim düşmənim kurqanda idi, kurqan alındı, düşmən də qo­vuldu.

Beşincisi, bir dəfə Səmərqənd üzərinə gəlmişdik və düşmən bundan xə­bər­dar olmuşdu, ikinci dəfə gələndə Allah rast gətirdi və Səmərqənd zəbt edildi.

Bunları söyləməkdən məqsədim başqalarına daş atmaq deyil, (86 a) yuxarıda bəhs e­dildiyi kimi, gerçəkləşən hadisəni anlatmaqdır. Bunları yaz­maqdan məqsədim isə özümü yüksəltmək deyildir. Yuxarıda yazıldığı kimi, doğrusu bu idi.

Bu fəth haqqında şairlər tarixlər söyləmişlər. Onların arasından bir beyt xa­ti­rim­də qalmışdır:

Baz gofte xirəd ki tarixəş

Fəthi-Babur bahadur əst bedan.

Ağıl tarixini yenidən söylədi; bil ki

Onun tarixi budur: «Fəthi-Babur bahadur».1

Səmərqənd alındıqdan sonra Şavdar, Soğd və yaxın tümənlərin kur­qan­ları bir-bir gəlib mənə qatılmağa başladılar. Bəzi kurqanların özbək dar­ğa­ları qorxudan qaçıb getdilər, bəzi kurqanlar özbəkləri qovub bizim idarə­mizə girdilər, bəziləri isə darğaları yaxalayıb kurqanları qapatdılar.

Bu zaman Şeybani xanla özbəklərin köç və ailələri Türküstandan gəl­di. Şey­bani xan özü Xoca-Didar və Əliabad civarında olurdu. Kurqanların bu şəkildə bizə keçdiyini və əhalinin bizi dəstəklədiyini görüncə olduğu yerdən qalxıb Buxara tə­rəfinə getdi.

Allahın inayəti ilə Soğd və Miyanqal kurqanlarının çoxu üç-dörd ay ər­zində tək­rar bizə keçdi. Baqi Tarxan da fürsət taparaq Karşi kur­qanına gir­di. Hüzar və Karşi da özbəklərin ə­lindən çıxdı. Qaragölü isə Mərv­dən Əbül­möhsün (86 b) Mirzənin adamları gəlib aldılar. İşimiz çox yaxşı gedirdi.

Anam, köçüm və uruğlarım mən Əndicandan çıxdıqdan sonra min bir çətinlik və sıxıntı ilə Ura-Təpəyə gəlmişdilər. Adam göndərərək onları da Sə­mərqəndə gə­tirt­dik.

Həmin günlərdə Sultan Əhməd Mirzənin mənimlə evli olan qızı, ilk nigahlı arvadım Ayşə Sultan bəyimin bir qızı dünyaya gəldi. Fəxrünnisa adı verildi. Bu mə­­nim ilk uşa­ğım idi və mən o vaxt on doqquz yaşındaydım. Uşaq bir ay və ya qırx gün içində Allahın rəhmətinə qovuşdu.

Səmərqəndin fəthindən sonra dəfələrlə civardakı xanlara, sultanlara, əmirlərə və sərhəd boyunda yaşayanlara kömək və dəstək tələbi ilə arxa-arxaya elçilər və xə­bərç­ilər gedib gəldi. Bu gələn elçilərin bəziləri təcrübəli olmalarına baxmayaraq di­lək­lərimi ağılsızcasına rədd edirdilər. Bəziləri də bizə qarşı vaxtilə ədəbsizlik və pis hərəkətlər etmişdilər, ona görə qorxduq­ları üçün cavab vermirdilər. Bə­ziləri yardım göndərsələr də buna yardım de­mək olmazdı. Bun­ların hamı­sından növbə ilə bəhs ediləcəkdir.

Səmərqəndi ikinci dəfə alanda Əli Şir [Nəvai] bəy (87 a) hələ həyatda idı. Bir dəfə mənə bir məktubu da gəlmişdi. Mən də arxasına türkcə beyt ya­zıb bir məktub göndərmişdim. Cavab gəlincəyə qədər ayrılıq və qovğa çıx­dı.

Şeybani xan Səmərqəndi alanda Molla Bənnaini öz xidmətinə qəbul etmişdi, öz yanında saxlayırdı. Səmərqəndin fəthindən bir neçə gün sonra buraya gəldi. Qasım bəy ondan şübhələndiyi üçün Şəhrisəbz tərəfinə getmə­sinə izin verdi. Çox fəzilətli bir adam olduğu və heç bir günahı görülmədiyi üçün təkrar Səmərqəndə gətirt­dik. Daim qəsidə və qəzəl yazırdı. Nəva fəs­lin­də bəstələnmiş bir qəzəli mənə ithaf etdi.

Yenə o zamanlarda bir rübai söylədi. Həmin rübai budur:

Nə ğəllə məra k-əzi təvanəm nuşid,

Nə möhmali ğəllə təvanəm puşid,

Anra ki, nə xordənəstü nə puşidan,

Dər elmü hünər koca təvanəd kəşid.


Nə bir bəslənəcək yeyəcəyim var,

Nə də örtünəcək geyəcəyim var.

Yeməyi, paltarı olmayan adam

Elm, hünər üçün necə çalışar?

O zamanlar mən də bir və ya iki beyt söyləyirdim, lakin qəzəl tamam­la­mır­dım. Yalnız türkcə bir rübai söylədim:

İşlər varı könlündəki tək bolğusudur,

Ənamü vəzifə barı buyrulğusudur,

Ol ğəlleyü-mühməl ki, deb ərdin, berdim,

Mühməlgə buyu ğəllədən öy dolğusudur.


İşlərinin hamısı könlünə görə olacaqdır,

Ənam və vəzifə, hamısı gələcəkdir,

O söylədiyin qailə və mühməli sənə verdim,

Mühmələ girəcək evin qailə ilə dolacaqdır.

Molla Bənnai bu rübainin (87 b) sonuncu misrasının qafiyəsini rədif edərək başqa bir qafiyə ilə təkrar bir rübai söylədi:

Mirzəm ki şahi-bərhi-bər bolğusudur,

Aləmdə hünər birlə sər bolğusudur,

Bir mühməl üçün bunca inayət boldu,

Müstəməl əgər desəm nələr bolğusudur.


Mirzəm qurunun və dənizin şahı olacaqdır,

Aləmdə hünəri ilə başı ucalacaqdır,

Bir mühməl üçün bunca inayət olsa,

Müstəməldir, əgər desəm nələr olacaqdır.

O zaman Xoca Əbülbərəkə Firaqi Şəhrisəbzdən Səmərqəndə gəlmişdi. O da «bu qafiyə və rədifdə söyləmək lazımdır» dedi və bu rübaini söylədi:

Bu cövr ki gəldi dövr sorulğusudur,

Sultani-kərəm bu üzrnü qulğusudur,

Tökülgən əgərçı dolmaz, ey saqi,

Tökülgənimiz bu dövrdə dolğusudur.


Dövrün etdiyi cəza ondan sorulacaqdır,

Kərəmli sultan bu üzrü bağışlayacaqdır.

Tökülən əgərçi dolmaz, ey saqi,

Tökülənimiz bu dövrdə dolacaqdır.

Bu qış bizim işimiz çox tərəqqidə, Şeybani xanınkı isə tənəzzüldə idi. Amma bu arada gerçəkləşən bir-iki hadisə işimizi bir az pozdu. Mərvdən gə­lərək Qaragölü alanlar orada dayana bilmədilər və Qaragöl təkrar özbək­lərin əlinə keçdi. Dəbusi qala­sında İbrahim Tarxanın kiçık qardaşı Əhməd Tarxan dururdu. Şeybani xan gə­lib ora­nı mühasirəyə aldı. Biz əsgər toplayıb ha­zırlıq görənə qədər zorla alıb əhali­si­­ni tamamilə qılıncdan keçirdi.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin