ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə17/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

Moğol bəy: Heratın idarəsi bir müddət ondaydı. Sonra Əstərabadı ver­dilər. Əstərabaddan İraqa qaçıb [Ağqoyunlu Uzun Həsənin oğul] Yaqub bə­yin hüzuruna getdi. Qəribə bir adamdı. Daima qumar oynayırdı.

Seyid Bədr: fövqəladə qüvvətli, lakin çox nazik tövrlü bir adam idi. (173 b) Rəqsdə üsul sahibiydi. Çox gözəl rəqs edirdi. Heç kim onun kimi oy­naya bilməzdi. Hər halda, bu rəqs onun öz icadıydı. Daima Mirzənin mü­lazimətində bulunur, onun daimi arxadaşı və həmsöhbəti olurdu.

İslim Barlas: sadə bir adamdı. Quşçuluğu yaxşı bilirdi. Bəzi işləri gö­zəl görürdü. Otuz-qırx batmanlıq yayı çəkib oxu taxtadan keçirirdi. Qabaq meydanının bir başından at qoşduraraq girir, yayı əlinə alıb gərir və atıb hə­dəfi vururdu. Bir halqanı bir-bir yarım kari uzunluğunda bir ipə, ipin bir ucu­nu da bir ağaca bağlayıb halqa göydə dönərkən, oxu atıb halqanın için­dən keçirirdi. Belə qəribə işləri çoxdu. Daima mülazimət edir və hər söhbətə qoşulurdu.

Sultan Cüneyd Barlas: sonra [Əbu Səid Mirzənin oğlu] Sultan Əh­­­­­məd Mirzənin yanına getmişdi. İndi atasıyla birlikdə Cunəpuru idarə edir.

Şeyx Əbu Səid xan Dərməyan: bir müharibədə Mirzəyə at gətirdiyi üçünmü, yoxsa Mirzənin canına qəsd edən bir düşməni dəf etdiyi üçünmü, bilmirəm, ona bu Dərməyan [Xızır kimi yetişən] ləqəbi verilmişdir.

Behbud bəy: öncələr mühafiz kimi xidmət edirdi. Mirzənin qazax­lıq vaxtlarında (l74 a) xidməti təqdir edildi, ona bir lütf olaraq, damğa və pul­larda adının zərb edilməsinə izin verilmişdi.

Şeyxim bəy: təxəllüsü Süheyli olduğu üçün ona Şeyxim Süheyli de­yirdilər. Şeir söyləyəndə qorxu oyadan söz və təbirlər işlədirdi. Beytlərindən biri bu­dur:

Şəbi-qəm gird badi ahəm əz ca bord gərdunra,

Furi bord əjdəhai seyli eşkəm rübi məskunra.

Qəm gecəsi ahımın girdabı göy üzünü yerindən oynatdı,

Göz yaşımın seli əjdəhası isə rübi-məskunu

(dünyanın insanlarla məskun olan qisminı) uddu.

Bu beyti bir dəfə Mövlana Əbdürrəhman Caminin hüzurunda oxumuş və Mövlananın da «Mirzə, siz şeirmi söyləyirsiniz, yoxsa adammı qorxu­dursu­nuz?» demişdir.

Bir divan tərtib etmişdi. Məsnəviləri də vardır.

Məhəmməd Vəli bəy: yuxarıda söz etdiyim Vəli bəyin oğluydu. Son­ralar Mirzənin yanında böyük bəy olmuşdu. Böyük bəy olduğu halda xid­mətini heç bir za­man tərk etməzdi və gecə-gündüz saraydan ayrılmazdı. O dərəcə ki, yeməyi və şöləni daima sarayda hazırlanırdı. Təbiidir ki, belə mü­lazimət edən adam belə etibar görər. İndi biri bəy olub arxasında da beş-altı koru-keçəli gördümü, onu qapıya mərasimlə gətirmək lazım gəlir. O cür xid­mət indi hardadır? Bu onunla bağlıdır ki, onlar bəlkə də dövlətə layiq de­yillər.

Məhəmməd Vəli bəyin aşı və şöləni yaxşı idi. Adamlarını heç bir fərq qoymadan yaxşı bəsləyirdi. Fəqir və miskinlərə (l74 b) öz əliylə çox ehsan­lar edərdi. Söyüşcül və ağızdan pərtoy bir adamdı.

917-ci ildə (=1511) Səmərqəndi alanda Məhəmməd Vəli bəy ilə Dər­viş Əli Kitabdar mənim yanımdaydılar. O zaman iflic olmuşdu, nə sözündə bir dad vardı, nə də özündə. Belə bir etibara layiq deyildi. Hər halda vəzifə­yə sədaqəti onu bu dərəcəyə yüksəltmişdi.

Baba Əli eşik-ağa: əvvəlcə Əlişir bəy [Nəvai] ona etibar edib bəylik, sonra eşik-ağa də­rəcəsinə yüksəltmişdi. İndi mənim yanımda bəy, yaxınım və içkilərimdən olan Yunus Əli onun oğludur. İrəlidə ondan bəhs ediləcək.

Bədrəddin: əvvəllər Əbu Səid Mirzənin sədri olan Mirək Əbdürrəhi­min ya­nındaydı. Fövqəladə çevik və cəld imiş, yeddi at üstündən birdən sıç­rayırmış. O və Baba Əli yaxşı dost olmuşlar.

Həsən Əli Cəlair: əsl adı Hüseyn Cəlairdir, lakin Həsən Əli adıyla məş­­hurdur. [Əbülqasım] Babur Mirzə etibar göstərib onun atası Əli Cəlairi bəy eləmişdir. Daha sonra Yadigar [Məhəmməd] Mirzə Heratı alanda onun ən böyük adamı Əli Cəlair idi.

Həsən Əli Cəlair Sultan Hüseyn Mirzənin yanında quşbəyi idi. Şair idi, təxəllüsü Tüfeyli idi. Çox gözəl qəsidə söyləyirdi, öz dövründə qəsidədə çox məşhur idi.

917-ci ildə [=1511/2] Səmərqəndi alanda mənim yanıma gəldi və beş- altı il qaldı. Mənim adıma gözəl qəsidələr söylədi. Qorxusuz və israfçı (175 a) bir adam­dı. Çöhrə saxlayıdı. Nərdə və qumara çox düşkün idi.

Xoca Abdullah Mərvari: əvvəlcə sədr idi, sonraları içki, yaxın və bəy ol­muşdu. Çox fəzilətli bir adamdı. Qanunu onun qədər yaxşı çalan adam yox idi, qanunda zəngulə etmək onun icadıdır.

Müxtəlif xətləri yaxşı yazırdı. Ələlxüsus təliqi gözəl yazırdı. İnşası da yaxşı idi. Xoşsöhbət bir adamdı. Şeir söyləyirdi, təxəllüsü Bəyani idi. Şeiri digər qabiliyyətlərinə görə daha aşağı idi, lakin şeiri yaxşı başa düşürdü.

Fasiq və əxlaqsız idi. Əxlaqsızlıq üzündən zöhrəvi xəstəliyə yaxalan­dı, əli-ayağı tutmaz oldu. Bir neçə il min cür əzab-əziyyət çəkdikdən sonra bu fəlakət üzün­dən dünyanı tərk etdi.

Məhəmməd Seyid Urus: Sultan Əbu Səid Mirzə taxta çıxanda onun böyük və mötəbər bəyi olan Urus Arğunun oğludur. O zamanlar yaxşı ox atan igidlər vardı və bunların ən yaxşılarından biri o idi. Yayı sərt idi, oxu uzağa qüvvətli və yaxşı atanlardandı. Əndəxudun idarəsi bir müddət onun əlində idi.

Mir Əli Miraxur: Yadigar Məhəmməd Mirzənin qafil olduğu bir za­manda Sultan Hüseyn Mirzəyə adam göndərərək onun üstünə hücum çəkən adam budur.

Seyid Həsən Oğlaqçı: Seyid Oğlaqçının oğlu və Seyid Yusif bəyin ki­­çık qardaşı idi. Mirzə Fərrux adında məziyyətli və qabiliyyətli bir oğlu (175 b) vardı.

917-ci ildə [=1511] Səmərqəndi alanda yanıma gəlmişdi. Şeiri az, la­kin gözəl söyləyirdi. Üstürlab və heyəti1 yaxşı bilirdi. Söhbəti və rəftarı da yaxşı idi. Sərxoşluğu bir az fənaydı. Qacdevan savaşında öldü.



Tanrıverdi Samançı: sadə, cəsur və qılınc çalmağı bacaran bir bəydi. Yuxarıda da bəhs edildiyi kimi, Bəlx qapısında yaxşı qılınc çalıb Xosrov şahın Nazar Bahadır adlı böyük bir adamını məğlub etdi.

Bunlardan başqa, Mirzənin yanına gəlib etibara nail olan bir neçə türk­­­mən bəyi vardı. İlk gələnlərdən biri Əli xan Bayındırdı.

Sonra Əsəd bəy ilə Təhəmtən bəy vardı. Bunlar qardaş idi. Təhəmtən bə­yin qızını Bədiüzzaman Mirzə almışdı və ondan Məhəmməd Zaman Mir­zə dünyaya gəldi.

Biri də İbrahim Çağataydı.

Biri də Əmir Ömər bəydi. Daha sonra Bədiüzzaman Mirzənin yanın­da ola­caqdı. Cəsur, sadə və yaxşı bir adamdı. Əbülfəth [Türkmən] adlı bir oğ­­lu İraqdan mənim yanıma gəldi, hələ də yanımdadır, fövqəladə süst, cəsa­rətsiz və qavrayışsızdır. Belə bir atadan belə bir oğul!?

Sonradan gələnlər isə Şah İsmayıl İraq və Azərbaycana sahib olanda ora­dan Xorasana gəlmişdilər. Bunlardan biri Əbdülbaqi Mirzəydi. Teymur bəy nəslindən və miranşahilərdəndir. Əvvəllər bunun nəsli o vilayətlərə ge­dib səltənət davasından vaz keçərək (176 a) padşahlara mülazimət edib dai­ma etibar görmüşdülər. Bu Əbdülbaqi Mirzənin əmisi Teymur Osman [Ağ­qoyunlu Uzun Həsənin oğlu] Yaqub bəyin ya­nında böyük və mötəbər bəy imiş. Bir dəfə onu çoxlu əsgərlə Xorasan üzərinə göndərməyi də düşünmüş­dür. Əbdülbaqi Mirzə gələndə Sultan Hüseyn Mirzə çox etibar edib Mə­həm­­məd Sultan Mirzənin anası olan Sultanım bəyimi ona verərək özünə kürəkən eləmişdi.

Sonradan gələnlərdən biri Murad bəy Bayındır idi.

Sədrləri:

Mir Sər-Bərəhnə: Əndican kəndlərindəndir. Deyəsən, həqiqi seyid­lər­­dən deyildir. Fövqəladə xoşsöhbət, şirin sözlü və xoştəb bir adamdı. Xo­ra­sanın alim və şairlərinin arasında onun fikri və sözü mötəbər və keçərliydi. Əmir Həmzə qissə­sinə qarşılıq olaraq, ömrünü zay edərək uzun və uy­dur­ma bir qissə yazmışdır. Bu, təbiətə və ağla uymayan bir işdir.

Kəmaləddin Hüseyn Qazürgehi: gərçi sufi deyildi, lakin mütəsəvvif idi. Əlişir bəyin [Nəvai] yanında belə mütəsəvviflər toplaşıb vəcdə gəlir və səma edirlər­miş. Bunun üsulu hamısındən daha yaxşı imiş. Hər halda etibar görməsinin səbəbi də bu üsulu olmuşdur. Bundan başqa bəhs ediləcək bir mə­ziyyəti yoxdu.

Sultan Hüseyn Mirzə adına yazılmış Məclis ül-üşşaq [Aşiqlər məclisi] adlı bir əsəri var­dır. Fövqəladə zəif, çoxu uydurma, həm də dadsız uydurma (176 b) və ədəb­siz sözlər yaz­mışdır. O dərəcədə ki, bəziləri qorxunc küfr­dür. Mə­sə­lən, bir çox ənbiya və övliyanı məcazi aşiq cərgəsinə mənsub edib hər bi­ri­nə bir mə­şuq və məhbub yapışdırmışdır. Dibaçədə bunun Sultan Hü­seyn Mirzə­nin öz təh­rir və təsnifi olduğu yazılmışdır ki, bu da qəribə və ax­maq bir şeydir. Bəhs etdiyim bu Kəmaləddin Hüseynin şeir və qəzəllərinin ha­mısının başında limühərririhi [mühərriri tərəfindən] yazılmışdır. Həmin Kə­maləddin Hüseynin üzə gülməsi nəticəsində Zünnun bəy Arğun hizəb­rul­lah [Allahın aslanı] ləqəbini almışdır.



Vəzirləri:

Məcdəddin Məhəmməd: [Teymur bəyin oğlu] Şahrux Mirzənin di­van1 rəisi olan Xoca Pir Əhməd Xaninin oğluydu. Əvvəllə Sultan Hüseyn Mirzənin divanında arzu edilən tərtib və nizam yoxdu. İsraf və sovurqanlıq fövqəladə çox idi. Nə xalq rifahda idi, nə də ordu məmnundu. O zamanlarda Məcdəddin Məhəmməd pərvanəçi idi2 və ona «mirək» deyirdilər. Mirzəyə bir az pul lazım olanda və bunu divandakılardan istəyəndə onlar «Pul yox­dur, gəlir də yoxdur» deyə cavab verirlər. Məcdəddin Məhəmməd də orada imiş, təbəssüm edir. Mirzə səbəbini soruşanda Mirzəni bir kənara çəkib kön­lündəki düşüncəni söyləyir və «Mirzə mənə yetki verib məmurların mənim sözümdən çıxma­malarını şərt qoysa, az bir zaman içində vilayətin (177 a) abad, xalqın məmnun, xəzinənin zəngin, ordunun da çox olmasını təmin edə­rəm» deyir.

Mirzə də onun istədiyi kimi əhd və şərt bağlayıb bütün Xorasan üzrə ona yetki verərək bütün mühüm işlərə onu məsul etdi. O da mümkün oldu­ğu qədər qeyrət edib çalışaraq az zamanda ordunu və xalqı razı və məmnun et­di, xəzinəyə çox pul topladı, vilayətləri də abad və şən etdi.

Lakin Əlişir bəyin [Nəvai] ətrafındakı bütün bəylər və məqam sahib­ləri ilə dil tapa bilmədi, bu üzdən də bunların hamısı ona düşmən kəsildilər və yalan bilgilər verərək axırda Məcdəddin Məhəmmədi tutdurub vəzifədən qovdurdular.

Onun yerinə Nizamülmülk divan oldu. Bir müddət sonra Nizamülmül­kü də yaxa­ladıb öldürdülər və yerinə İraqdan Xoca Əfzəli gətirdib divan rəi­si qoydular. Mən Kabilə gələn zaman Xoca Əfzələ bəylik rütbəsi veril­miş­di, həm də divanda möhür basırdı.



Xoca Ata: gərçi yuxarıdakılar qədər sahib-mənsəb divan rəisi de­yil­di, la­kin bü­tün Xorasanda Xoca Atanın rəyi olmadan heç bir önəmli qərar ve­ril­məzdi. Na­mazında və dinində bütün bir adam idi, dövlət işləri ilə də məş­­ğul olurdu.
SULTAN HÜSEYN MİRZƏ DÖNƏMİNİN

ALİM VƏ SƏNƏTKARLARI
Sultan Hüseyn Mirzənin adamları və məiyyəti bəhs edilən bu adamlar idi. Amma Sul­tan Hüseyn (l 77 b) Mirzənin dönəmi qəribə bir zamandı. Xo­rasan və özəlliklə də Herat şəhəri fəzilət əhli və misilsiz adamlarla doluydu. Bir iş üzərində çalışan hər kəs o işi ən yüksək dərəcəyə çıxarmaq qeyrəti və arzusu ilə çalışırdı.

Mövlana Əbdürrəhman Cami bunlardan biri idi, zahir və batin elm­lə­rində o dövrdə o səviyyədə adam yox idi. Şeirləri yaxşı məlumdur. Mol­la­nın özü tərifə möhtac olmayacaq dərəcədə yüksəkdir. Bu naçiz səhifələrdə yalnızca uğur sayaraq onun adından bəhs edilməsi və sahib olduğu özəllik­lərin bir qisminin yazılması düşünüldü.

Şeyxülislam Seyfəddin Əhməd: Mövlana Sadəddin Təftəzaninin nəs­lin­dəndir və bu nəsil o zamandan bəri Xorasan məmləkətində şeyxülislam və­­zifəsini tutmuşdur. Çox alim bir adamdı. Ərəbiyyə və nəqliyyə elmlərini yaxşı bilirdi. Fövqəladə təqva sahibi və dindar bir adamdı. Gərçi şafei məz­həbində idi, lakin digər məzhəblərə də riayət edirdi. Söylədiklərinə görə, yet­­miş ilə yaxın camaatla namazı tərk etməmişdi. Şah İsmayıl Heratı alanda onu şəhid etdi və onların nəslindən heç kim qalmadı.

Mövlana Şeyx Hüseyn: Gərçi Molla Şeyx Hüseynin ortaya çıxması və yüksəlməsi Sultan Əbu Səid Mirzə zamanında olmuşdu, lakin Sultan Hü­seyn Mirzə za­manında da yaşadığı üçün (178 a) ondan burada söz edildi. Hikəmiyyat, əqliyyat və kə­lam elmini yaxşı bilirdi. Az sözdə çox məna ta­pıb sözü yerində işlətmək onun icadıdır. Sultan Əbu Səid Mirzə zamanında ona çox yaxın və iqtidardaydı. Dövlətin bütün önəmli işlərində onun rəyi vardı. Möhtəsib vəzifəsini ondan daha yaxşı bacaran adam yoxdu. Sultan Əbu Səid Mirzənin yaxınlarından olduğu üçün Sultan Hüseyn Mirzə zama­nında belə bir misilsiz adama haqsızlıq etdilər.

Mollazadə Molla Osman: Kabil tümənlərindən olan Ləhugər tüməni­nin Çərx adlı kəndindəndir. Uluğ bəy Mirzə zamanında hələ on dörd yaşın­da dərs dediyi üçün ona molla madərzad («anadan doğma alim») deyirlər­miş. Səmərqənddən gedib Kəbəni təvaf etdikdən sonra Herata gələndə Sul­tan Hüseyn Mirzə buraxmadı və onu ya­nında saxladı. Fövqəladə alim bir adamdı. O zamanda onun qədər alim bir adam yoxdu. Dediklərinə görə, o ic­tihad mərtəbəsinə çatmışdı, lakin ictihad etmirdı. Onun «Bir adam bir şey eşitsə, onu necə unudar» dediyini söyləyirlər. Hafizəsi çox güclü imiş.

Mir Mürtaz: fəlsəfəni və müsbət elmləri yaxşı bilirdi. Fövqəladə çox oruc tutduğu üçün bu ləqəbi almışdır. (178 b) Şahmata çox marağı varmış. O dərəcədə ki, iki oyunçuya birdən təsadüf etsə, biri ilə şahmat oynayır və get­məsin deyə digərinin də ətəyini tutub dururmuş.

Biri də Molla Məsud Şirvani idi.



Əbdülqafur Lar: Mövlana Əbdürrəhman Caminin həm müridi, həm də tələbə­si idi. Mollanın əsərlərinin çoxunu onun öz yanında oxumuşdu. Nə­fahata şərh kimi bir şey yazmışdır. Ülumi-zahiriyəyə fövqəladə vaqif idı. Ülumi-zahiri və ülumi-batinidə dərin biliyi olduğu halda iddiasız və təklifsiz bir adamdı. Molla ismini daşıyan hər kəsin önündə elmi mübahisə açmaq­dan çəkinməzdi. Hər hansı bir yerdə bir dərvişin olduğunu söyləsələr, onun hüzuruna getmədən rahatlıq tapmazdı.

Mən Xorasana gedəndə Molla Əbdülqafur xəstə idi. Mollanın məzarı­nı ziyarət edəndə Əbdülqafuru da ziyarət etmişdim. Mollanın mədrəsəsində idi. Bir neçə gün sonra bu xəstəlikdən vəfat etdi.



Mir Cəmaləddin Mühəddis: hədis elmini Xorasanda onun qədər bi­lən adam yoxdu. Hələ həyatda idi, lakin çox yaşlı idi.

Mir Ətaullah Məşhədi: ərəbiyyat elmini yaxşı bilirdi. Qafiyə haqqın­da farsca gözəl bir risalə yazmışdır. Qüsuru örnək olaraq hər zaman öz beyt­lərini (179 a) verməsi və hər beytdən öncə «çün an ki dər in beyti-bəndə» («bəndənizin bu beytində olduğu kimi») cümləsini yazmağa lüzum görmə­sidir. Qafiyə risaləsi haqqında bəzi müxalifləri çox yerində bir sıra dü­şün­cələr irəli sürmüşər. Bir də poetik fiqurlar haqqında Bədai üs-sənai ad­lı bir risalə yazmışdır.

Qazı İxtiyar: qazılıq vəzifəsini yaxşı icra etdi. Fiqh haqqında farsca gözəl bir risalə yazmışdır. Bir də iqtibas üçün kəlam ayətlərini nəzmlərə gö­rə bir yerə toplamışdır. Mürqabda Mirzələrlə görüşəndə Qazı Ixtiyar Mir Məhəmməd Yusif ilə birlikdə gəlib məni gördü. Söhbət zamanı Baburi xət­tin­dən bəhs edildi. Hərflərin ayrı-ayrı yazılış formalarını istədi, yazdım. O məc­lisdə bunları oxuyub qaydalarını müəyyən edərək bəzi şeylər yazdı.

Mir Məhəmməd Yusif: şeyxülislamın [Qazı İxtiyar] müridi idi. Son­ra şeyxülislam öz yerinə onu təyin etdi. Bəzi məclisdə şeyxülislam Qazı İx­tiyar, bəzi məclisdə də bu önə keçirdi. Sonralar sipahilik və sərdarlıq işiylə çox maraqlandı. Bu iki işdən başqa, onun sözlərindən nə elm məlum olur­du, nə də kəlamından fəhm. Gərçi hər ikisindən də nəsibi və qisməti yoxdu. Nə­ticədə bu dağdağa üzündən malını və canını, xanimanını bərbad etdi. Özü şiə imiş.

Şairlər arasında da ən məşhuru və ən böyüyü (l79 b) Mövlana Əbdür­rəhman Cami idi.

Digər iki şair isə adları və sifətləri Sultan Hüseyn Mirzənin bəyləri və iç­kiləri cərgəsində çəkilən və yazılan Şeyxim Süheyli və Hüseyn Əli Tüfeyli Cəlair idi.

Asəfi: vəzirzadə olduğu üçün Asəfi təxəllüsünü işlətmişdir. Eşqdən və vəcd­dən məhrum olmasına baxmayaraq şeiri rəngsiz və anlamsız deyildi. Özü heç bir za­man qəzəllərini toplamaq arzusunda olmadığını iddia edir, la­kin bu, əzilib-büzülmədir, çünki onun qəzəllərini ya kiçık qardaşı, ya da ya­xın adamlarından biri toplamışdır. Qəzəldən başqa janrlarda da şeirlər söylə­mişdir. Mən Xorasana gedəndə gəlib mənə mülazimət etmişdi.

Bənnai: Heratdandır. Atası ustad Məhəmməd sərbənna [baş memar] olduğu üçün bu təxəllüsü almışdır. Qəzəlində rəng və hal vardır. Bir divan tərtib etmişdir. Məsnəviləri də vardır. Mütəqarib bəhrində meyvələr haqqın­da bir məsnəvisi var, dəyərsizdir və boşuna uğraşmışdır. Xəfif bəhrində bir müxtəsər məsnəvisi var, yenə xəfif bəhrində yazılmış bir az daha bö­yük bir məsnəvisi vardır. Sonralar bu məsnəvisini tamamlamışdı.

Əvvəllər musiqidən xəbərsizmiş və bu üzdən də Əlişir bəy [Nəvai] tə­rəfindən məzəmmət edilirmiş. Bir il Mirzə qışı keçirmək üçün Mərvə gedən­də Əlişir bəy də onunla birlikdə gedir. Bənnai isə Heratda qalır. O qış musi­qi ilə məşğul olur və yaza qədər bəstə yazacaq səviyyəyə çatır. Mirzə Herata (180 a) qayıdanda sövt və nəqş oxuyur; Əlişir bəy çox heyrət edir və bəyə­nir. Musiqidə gözəl bəstələri vardır. Bunlardan biri Noh-rəng [doqquz rəng] adlanır, doqquz rəngin sonu və nəqşin məqamı rastda­dır.

Əlişir bəyə çox qarşı çıxırmış, bu üzdən çox cəfa çəkmişdi. Axırda ora­da qala bil­məyərəq İraq və Azərbaycana [Uzun Həsənin oğlu] Yaqub bə­yin yanına getdi. Yaqub bəyin yanında vəziyyəti fəna deyildi və onun məc­lis arxadaşı olmuşdu. Amma Yaqub bəyin ölümündən sonra o vilayət­lərdə dura bilmə­yə­rək Herata qayıtdı. Yenə də zarafatından və şuxluğundan geri qalmazdı.

Bunlardan biri budur: bir gün şahmat məclisində Əlişir bəy ayağını uzadır və ayağı Bənnainin arxasına toxunur. Əlişir bəy zarafat olaraq belə de­yir: «Əcəb bəla əst, dər Heri əgər pa diraz miquni be puşti şair mirəsəd» (əcəb bəladır, əgər Heratda ayağını uzatsan, mütləq bir şairin arxasına də­yər). Bənnai isə ona belə cavab verir: «Əgər cəm miquni həm bə puşti şair mirəsəd» (əgər ayağını geri çəksən, yenə də bir şairin arxasına dəyər).

Axırda bu zarafatları üzündən Heratdan yenə də Səmərqəndə getdi.

Əlişir bəy bir çox şeylər, həm də yaxşı şeylər icad etmişdi. Bir adam hər hansı bir işdə bir şey meydana gətirsə, onun rəğbət görməsi və məşhur olması üçün ona «Əlişiri» deyərdi və bəziləri zarafatla onu Əlişir bəyə isnad edərdilər. Bir dəfə Əlişir bəy qulağı ağrıdığı üçün başına yaylıq bağlamışdı. Qadınlar kimi yaylığı qıyıq bağlamağa «nazi-Əlişiri» adını verdilər.

Bu cümlədən Bənnai Heratdan gedəndə (180 b) palançıya eşşəyi üçün gö­rünməmiş bir palan düzəltdirir və ona «Əlişiri» adını verir. Sonra bu «pa­lani-Əlişiri» deyə məşhur oldu.

Seyfi Buxari: bir az mollalığı vardı. Oxuduğu kitabların müfəssəl bir si­yahısını göstərərək mollalığını sübut edirdi. Bir divan tərtib etmişdir. Bü­tün sənət ərbabı üçün tərtib etdiyi başqa bir divanı da vardır. Çoxlu deyim söy­ləmişdir, məsnəvisi yoxdur. Necə ki bu qitəsi buna dəlildir:

Məsnəvi gərçi sünnəti-şeir əst,

Mən qəzəl fərzi eyn midanəm,

Pənc beyt ki, dilpəzir bovəd,

Bihtər əz xəmsəteyn midanəm.
Məsnəvi şeirin sünnəti olsa dar,

Mən qəzəli fərzi-eyn bilirəm.

Ürəyə təsir edən beş beyt,

Məncə iki Xəmsədən daha yaxşıdır.

Bir də farsca bir əruz risaləsi vardır ki, bir cəhətdən çox qısa, digər cə­hətdən çox uzundur. Qısadır, çünki lazım olan şeylər yazılmamışdır, uzun­dur, çünki məlum və aşkar sözlər nöqtəsinə və irabına qədər yazılmışdır.

Yaman içən imiş, sərxoşluğu da çox pis imiş. Çox qüvvətli yumruğu varmış.

Abdullah Məsnəvigu: Cam şəhərindəndir və Mollanın [Mövlana Əb­dürrəhman Cami] bacısı oğludur. Təxəllüsı Hatifi idi. Xəmsə müqabil ola­raq məsnəvilər yazmışdır. Həft peykərə qarşılıq olaraq yazdığı məsnəvi­sinə Həft mənzər adını vermişdir. İskəndərnaməyə qarşılıq olaraq Teymur­namə təlif etmişdir. Məsnəvilərinin ən məşhuru Leyla və Məcnundur, lakin lətafəti şöhrəti qədər deyil.

Mir Hüseyn Müəmmai: hər halda heç kim onun qədər müəmma söy­lə­məmişdir. Bütün vaxtını müəmma üçün sərf etmişdir. Qayət təvazökar, id­diasız və zərərsız adammış. (181 a)

Molla Məhəmməd Bədəxşi: İşkəmişdəndir. İşkəmiş Bədəxşana daxil deyil­dir, buna görə də Bədəxşi təxəllüsünü işlətməsi qəribədir. Şeiri bəhs et­diyim bu şairlərin şeirləri qədər deyildir. Müəmma haqqında bir risalə yaz­mışdır. Müəmması da o qədər yaxşı deyildir. Xoşsöhbət bir adamdı. Səmər­qənddə gəlib mənə sədaqətini bildirmişdi.

Yusif Bədii: Fərqanə vilayətindəndir. Qəsidəni pis söyləməzmiş.

Ahi: qəzəli gözəl söyləyirdi. Daha sonra [Sultan Hüseyn Mirzənin oğ­lu] İbn Hüseyn Mirzənin yanında olurdu. Bir divan sahibidir.

Məhəmməd Salih: lətif qəzəlləri vardır, lakin düzgünlüyü lətafəti qə­dər deyil. Türkcə şeirləri də var və fəna deyil. Sonralar Şeybani xanın yanı­na getmiş və o da ona iltifat etmişdi. Şeybani xanın adına türkcə bir məsnəvi yaz­mışdır. Rəməli-müsəddəsi-məhbun vəznində ki, [Caminin] Sübha [poe­masının] vəznidir və çox süst və fürud bir əsərdir. Oxuyan adam Məhəm­məd Salihin şairliyinə inanmaz olur. Yaxşı bir beyti budur:

Oldu Tənbələ vətən Fərqanə,

Qıldı Fərqanəni tənbəlxanə.

Əndican vilayətinə Tənbəlxana də deyirlər. Lakin o məsnəvidə belə bir beyt olduğu məlum deyildir. Şərir, zalım və mərhəmətsiz bir adamdı.



Şah Hüseyn Kami: onun şeirləri də pis deyildir. Qəzəl söyləyirdi və gərək ki, bir divanı vardır.

Hilali: hələ həyatdadır. Qəzəlləri düzgün, rəngli, lakin təsiri azdır. Bir divanı var. Xəfif vəznində (l8l b) Şah dərviş adında bir məsnəvisi də var. Gərçi bəzi beytləri gözəldir, lakin bu məsnəvinin mövusu və quruluşu ol­duq­ca boş və qüsurludur. Ondan əvvəl eşq və aşiqlik haqqında məsnəvi söy­lə­yən şairlər aşiqliyi kişiyə, məşuqluğu isə qadına nisbət etmişlər, lakin Hi­lali dərvişi aşiq, şahı isə onun məşuqu kimi vermişdir. Şahın əfal və əhvalı haqqında söylədiyi beytlərində şahı bir küçə qadını və fahişə etmişdr. Öz məsnəvisinin icabı olaraq bir igidi, üstəlik, şah olan bir igidi küçə qadınları və fahişələr kimi tərif etməsini qəbul etmək əsla mümkün deyil­dir. Hafizəsi çox qüvvətli imiş. Otuz-qırx min beyti əzbər bilirmiş. Deyilənə görə, Xəm­səteyn beytlərinin çoxunu əzbər bilirmiş. Əruz, qafiyə və şeir elminə də va­qifdir.

Əhli: qara camaatdandır. Şeirləri pis deyildir. Bir divanı da var.

Xəttatlardan çox adam vardı. Lakin bunların ən məşhuru nəsx və tə­liqdə Sultan Əli Məşhədi idi. Mirzə və Əlişir bəy [Nəvai] üçün bir çox ki­tab köçürdü. Hər gün Mirzə üçün otuz, Əlişir bəy üçün isə iyirmi beyt ya­zırdı.

Rəssamlardan biri Behzad idi. Rəssamlıq işini fövqəladə incəltdi. La­kin saqqalsızla­rın üzünü pis çəkir, çənəni xeyli böyük verirdi. Saqqallı adamları yaxşı, üzlərini də gözəl çəkirdi.

Şah Müzəffər: çox incə (182 a) rəsm çəkirdi, ələlxüsus saç rəsmlərini çox zərif rəsm edirdi. Çox yaşamadı, tərəqqi etməyə başlayanda vəfat etdi.

Musiqişünaslar arasında qanunu -əvvəllər bəhs etdiyim kimi- heç kim Xoca Ab­dullah Mərvari qədər çalammazdı.



Qul Məhəmməd Udi: gicəki də gözəl çalırdı. Gicəkə üç tel də əla­və et­mişdi. Musiqişinas və saz əhlindən heç kim onun qədər çox və gö­zəl poşrov bəstələməmişdir. Pişrovdan başqa havaları o qədər yaxşı deyildir.

Şeyxi Neyi: udu və gəccəki yaxşı çalırmış. On iki-on üç yaşından bəri də neyi yaxşı çalırmış. Bir dəfə Bədiüzzaman Mirzənin söhbətində bir ha­vanı neylə çox gözəl çalır. Qul Məhəmməd gəccəkdə o havanı çalammaz və «Gəccək qüsurlu bir alətdir» deyir. Şeyxi dərhal Qul Məhəmmədin əlindən gəccəki alıb o havanı həm gözəl, həm də tam çalır. Şeyxi haqqında deyilənə görə, nəğməyə o qədər vaqifmiş ki, hansı nəğməni eşitsə «Filan neyin filan pərdəsi bu ahəngdədir» deyirmiş. Lakin özü çox hava bəstələməmişdir. An­caq bir-iki nəqşin onun olduğunu söyləyirlər.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin